31. “Kitabi - Dədə Qorqud”da Qazan xan haqqında boylar “Kitabi-Dədə Qorqud” dastanı 12 boydan ibarətdir. Bu boyların 8-də Qazan bəy iştirak edir. Bu boylar aşağıdakılardır:
1. “Salur Qazanın evinin yağmalandığı” boy;
2. “Baybörənin oğlu Bamsı Beyrək” boyu;
3. “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu” boy;
4. “Basatın Təpəgözü öldürdüyü” boy;
5. “Bəkil oğlu İmran” boyu;
6. “Uşun Qoca oğlu Səgrək” boyu;
7. “Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi” boy;
8. “İç oğuza Daş oğuzun dönük çıxması və Beyrəyin öldüyü” boy.
32. “Kitabi - Dədə Qorqud” dastanlarında ənənəvi qəhrəmanlar Dədə Qorqud oğuznamələrinin hər birinin ayrıca qəhrəmanları vardır. Bununla yanaşı, oğuznamələrin əksəriyyətində iştirak edən ənənəvi personajlar mövcuddur Bu sıraya Bayandur xan və Qazan xandan başqa Alp Aruz, Qazan bəyin qardaşı Qaragünə, Qaragünə oğlu Qarabudaq, Qəflət Qoca oğlu Şir Şəmsəddin, Bamsı Beyrək, Dəli Dondar, Qazlıq Qoca oğlu bəg Yeynəg, Bükdüz Əmən, İlək Qoca oğlu Alp Ərən, Dözən (və ya Toğsun) oğlu Alp Rüstəm, Dönəbilməz Dilək Uran və b. daxildir.
Bununla belə, haqqında oğuznamə olan bəzi oğuznamə qəhrəmanları Dirsə xan oğlu Buğac, Qanlı Qoca oğlu Qanturalı, Uşun Qoca oğlu Səgrək, Aruz Qoca oğlu Basat, Bəkil oğlu Əmran ənənəvi qəhrəmanlar sırasına daxil olmur. V.M.Jirmunski bu hadisəni sözügedən qəhrəmanlar haqqında oğuznamələrin sonrakı dövrlərdə yaranması ilə əlaqələndirir. Həqiqətən də, oğuznamələr birdən-birə yaranmamışdı. Epik yaradıcılıq prosesinin başlanğıcından sönməyə doğru getdiyi zamana qədər oğuznamələr yaranmış və epik dövriyyəyə daxil olmuşdu.
“Kitab” dakı oğuznamələr epik dövriyyədə olan oğuznamələrin az bir qismidir. A.Olearinin Qazan xanın Dağıstan tatarları üzərinə qəza yürüşü və Dədə Qorqudun şəhid olmasından, eləcə də Hafiz Dərviş Əli Cənginin Yetim Kozan ailəsi ilə Bəkdüz Əmən ailəsi arasında qan düşmənçiliyi barədə oğuznamə haqqinda verdiyi məlumat bu fikrin gerçəkliyinə şübhə yeri qoymur. Hər iki müəllifin oğuznamələr haqqında fraqmentar məlumatlarını nəzərdən keçirərkən “Kitab”dakı oğuznamələri yazıya aldıran və ya yazıya alan şəxsin nəinki Azərbaycan, hətta ümumtürk mədəniyyət tarixinə hər hansı başqa bir mədəni hadisə ilə müqayisəyə gəlməyən xidmət göstərmişdir.