rəqəmlər – iyirmi, əlli, yüz var idi. Özü də hər pulu – manatı, dolları, funt-sterlinqi və ya
reyxsmarkanı ayrı-ayrı yeşiklərə yığmışdılar. Sabir dedi ki, yəqin bu pullar da köhnəlib.
Tarixlərinə baxdıq. Ən gec buraxılanı 1935 və 1937-ci ilə aid idi, amma üstündə 1901, hətta
1899-cu il yazılanlara da rast gəldik. Dalbadal bir neçə yeşik də açdıq və içindəki pulları pəncərə
əvəzinə qoyulan ensiz deşikdən çölə tulladıq.
Altımıza sərməyə kifayət qədər pul götürəndən sonra zirehli avtomobili tərk etməyə hazırlaşırdıq
ki, birdən mən açdığım yeşikdən pul əvəzinə hər biri ərgin pendir və marqarin paçkası boyda
olan sarı ağır plitələr çıxdı. Hər birinin üstünə bir rəqəm basılmışdı. O saat bildik ki, bu qızıldır.
Sabir dedi ki, avtomobildən də qiymətli tapıntıdır və bu tapıntıya görə hamımızı “Artek”ə
göndərər, mükafatlandıra da bilərlər.
Ona görə də bütün yeşikləri açdıq, ancaq üçündən qızıl çıxdı, qalanları pul yeşikləriydi.
Avtomobildən azca aralı özümüzə yer saldıq. Pul bağlılarını hər kəs öz boynuna görə, ikiqat yerə
düzdü, çantalarımızı da başaltımıza qoyduq. Əvvəlcə, onların içindəki bərk şeylərin hamısını –
fotoaparatları, mineral kolleksiyaları, qalan yeməkləri çıxartdıq.
Kəmalə qolundakı saata baxıb, gecə saat on ikinin yarısı olduğunu desə də, heç kəsin yuxusu
gəlmirdi. Mağarada bir qədər də veylləndik, hamımız şirin xəyallara dalmışdıq: camaat bizim bu
kəşfimizdən xəbər tutanda gör nə həngamə qopacaq! Mağaranı ələk-vələk elədik – bir yerdə,
anbarda divardan bir qapı açılmışdı, ordan içəri girdik, heç demə bura tualet imiş, elə həmin
otaqda sement novçadan su axırdı, bu su divardakı deşikdən tökülürdü, göz yaşı kimi dumduru
və bumbuz. Yəqin bu ya yeraltı bulaq idi, ya da sısqa və kim isə döşəməni oyub onun üçün
sementdən novça düzəltmişdi: uzunluğu beş metr olardı, novça qurtardığı yerdə su şırıltıyla enli
bir çalaya tökülürdü. O çalaya işıq saldıq, ancaq dibini görə bilmədik.
Yerimizə uzandıq, “döşəyimiz” yumşaq olmasa da, o qədər bərk də deyildi. Sabir Kəmalədən
saatı alıb öz yanına qoydu, dedi, səhər tez oyanıb hamımızı durğuzacaq. Belə qərara gəldik ki,
sabah hava yaxşı olsa, ikimiz evə gedər, ikimiz mağarada qalıb keşik çəkərik. Məncə, kimin
burda qalacağını bilmək hamının ürəyindən keçirdi, ancaq nədənsə bu barədə heç kim heç nə
soruşmadı. Yəqin ki, Sabir Əliylə məni burda saxlayıb, özü Kəmaləylə qəsəbəyə gedəcəkdi. Bir
tərəfdən bu çox yaxşı olardı, çünki birdən-birə anamla üz-üzə gəlməkdən qorxurdum, amma
Kəmaləynən Sabir ona hər şeyi danışandan sonra o qədər də qorxusu olmazdı, o biri tərəfdən də
onu sakitləşdirməkdən ötrü istəyirdim mümkün qədər evə tez çatım. Yəqin deyəcəksiniz belə şey
olmaz, bir adam eyni vaxtda iki şeyi birdən istəyə bilməz, ancaq belə şeylər məndə teztez olur və
olanda da bundan heç bir ləzzət almıram.
341
Hamı susmuşdu, deyəsən yuxulayırdıq. Birdən Kəmalə yerindən durdu və “yerini” yığışdırıb
mənim lap böyrümdə döşəməyə düzməyə başladı. Dərhal hamımız qalxıb oturduq. Kəmalə də
dayandı və bizə dedi:
– Nə gözünüzü döyürsünüz, bəlkə biriniz kömək eləyəsiniz, təkbaşına mən bunu heç bir saata da
daşıyıb qurtara bilmərəm.
Sabirnən Əli yerlərindən dik atıldılar və bağlıları ordan daşıyıb böyrümə düzməyə başladılar.
Heç nə soruşmasalar da hiss eləyirəm ki, keyikə-keyikə qalıblar.
Daşıyıb qurtarandan sonra Kəmalə uzandı və dedi:– Bu dəhşətli skeletlər olan yerdə tək heç cür
gözümə yuxu getməz. – Və sonra üzünü mənə tutdu: – Xahiş eləyirəm, sən bir yanı üstə, üzü
mənə sarı yat, əlinin birini də ver mənə, bəlkə bu cür bir az sakitləşəm.
Əlbəttə, mən əlimi ona uzatdım. Uzanmışam, gözlərimi yumsam da, yatmamışam. Kəmalənin
gəlib məhz mənim yanımda yatmasından, əlimi əlinə almasından yaman xoşhallanmışam. O
qədər xoşhallanmışam ki, nəfəsimi çəkməyə belə ürəyim gəlmir.
Fikirləşirəm ki, Kəmalənin bu hərəkəti yəqin Əliynən Sabirin o qədər də ürəyincə olmadı.
Görəsən, niyə onların yox, məhz mənim yanımı seçdi? Başladım bu barədə düşünməyə və o saat
da başladığıma peşman oldum, çünki hər şeyi başa düşdüm. Başa düşdüm ki, Kəmalə Əlinin və
ya Sabirin yanında ona görə yatmaq istəməyib ki, oğlan kimi onlardan utanıb, mənə isə elə-belə,
mən bizim Pakizəyə yanaşdığım kimi yanaşır. Axı mən də anam axşamlar qonşuya gedəndə onu
öz yanımda yatızdırırdım. Düzdür, mən evdə tək qalmaqdan qorxub eləmirdim, ancaq
Pakizəynən yatmaq xoşuma gəlir: yorğanın altına girən kimi, elə xoruldamağa başlayır ki, elə
bilirsən təkcə boğazı yox, təpədən-dırnağa bütün bədəni xoruldayır.
Sonra anam yadıma düşdü.
Onun indi neylədiyini heç ağlıma da sığışdıra bilmirdim. Atam onu səhərəcən gözləməyə razı
sala bilsəydi yaxşı olardı, yoxsa axşam da gəlmədiyimizi görüb, gecəynən düşərgəyə yollanacaq.
Ancaq hər halda ümid eləyirəm, atam onu sakitləşdirəcək. O, ümumiyyətlə anamı yola
gətirməkdə ustadır. Onsuz bəzən çox çətin olur. İndi o nəinki anamı, elə o biri valideynləri də –
yəqin onlar da indi bizə yığışıblar – başa salır ki, bizə heç nə ola bilməz, bəd ayaqda dörd nəfər
az güc deyil, lap azıb-eləsək də, başımıza bir iş gəlməz; bu dağlarda hər on-on beş kilometrdən
bir ya bir kənddir, ya da kurort qəsəbəsi, hələ turist düşərgələrini demirəm, ilin bu çağında onlar
göbələk kimi, hər yana səpələniblər. Sözsüz, anam buna etiraz eləyəcək, deyəcək ki, bizim hələ
güc olmağımıza çox var, biz çox körpəyik. Onda atam hövsələdən çıxacaq, deyəcək ki, bu yaşda
da biz hələ körpəyiksə, vay halımıza, elə körpə olaraq da qalacayıq.
Bu yerdə bütün valideynlər öz uşaqlarını xatırlayacaq, cürbəcür maraqlı əhvalatlar danışmağa
başlayacaqlar. Kaş elə bu cür olaydı.
Kaş anam gecə vaxtı düşərgəyə getmək fikrinə düşməyəydi. Getsə, lap dəli olacaq, çünki orda
öyrənəcək ki, biz tufan başlayandan sonra geri qayıtmışıq. Onda heç atam da onu sakitləşdirə
bilməz.
Axı kimin ağlına gələr ki, biz burda, mağarada özümüz üçün sakitcə uzanmışıq. Çünki bu
mağaradan bircə adamın xəbəri olsaydı, bu qızıllı-pullu avtomobili, silahları burdan çoxdan
aparmış, bu almanları çoxdan basdırmışdılar. Sabah burdan çıxmamış, buavtomobilin mağaraya
girdiyi qapını axtarıb tapmaq lazımdı. Yəqin almanlar bayırdan o qapını elə ört-basdır eləyiblər
ki, onun qapımı, qayamı olduğunu bilməzsən. Ancaq çox qəribədir, necə olub ki, onlar biz girən
342
yarığı bağlamayıblar, bəlkə də heç onu görməyiblər, axı o, çox ensizdir. Bəs görəsən bir-birlərini
niyə qırıblar? Ola bilsin, esesçilər, nəhayət, başa düşüblər ki, kombinezonlu hərbiçi bizim
kəşfiyyatçıdır və onu elə oradaca öldürmək istəyiblər. Bəlkə də o, kəşfiyyatçı-zad deyilmiş, elə
onlar kimi, faşistin biriymiş və bir-birləriynən bu pulların, qızılların üstə atışıblar, axı hardan
biləydilər ki, bir vaxt bu pullar dəyərdən düşəcək.
Hər halda bəxtimiz yaman gətirdi: gör müharibədən sonra bu qədər vaxt keçib, amma bu
günəcən bu mağaranı heç kim tapa bilməyib, biz tapmışıq. Gör neçə ildi bu alman meyitləri
burada kimsəsiz qalıb. İndi, otuz ildən sonra, bura canlı adam gəlib çıxıb.
Hətta bu barədə düşünməyin özü dəhşətlidir. Otuz il! O vaxt atam məndən kiçikmiş, bunlarsa
burda bir-birlərini qırırlarmış. Qəribə dərddi: görən o kombinezonlu zabitin qızı indi
haralardadır? Heç ağlına da gəlməz ki, atasının meyiti otuz ildi Qafqaz dağlarında, bir mağarada
yiyəsiz qalıb. Harda yaşayır-yaşasın, atasının başına nə gəldiyini bilmir. Amma mən bilirəm, bəs
bu qəribə deyil? Hər halda bu almanların kim olduqlarını bilmək maraqlı olardı. Bəlkə elə
çoxdan axtarılan müharibə caniləridirlər? Bu ki, məlum məsələdir, esesçidilərsə, deməli, yalnız
hərbiçi kimi vuruşmayıblar, həm də dinc əhalinin başına olmazın oyunlar açıblar. Günahsız yerə
güllələyiblər. Min cür işgəncə veriblər... Birdən mənim babamı, anamın atasını bunlardan biri
öldürmüş olar, axı onu elə bu tərəflərdə, Şimali Qafqaz ətrafında öldürüblər. Amma məhz kimin
onu öldürdüyünü indən belə heç kim dəqiq öyrənə bilməz. Anam bizə danışmışdı ki, babamı
müharibəyə gedəndən ikicə ay sonra vurublar. Könüllü gedibmiş. Anam həmişə bu barədə yana-
yana danışır, deyir, onu heç vaxt çağırmayacaqdılar, çünki o vaxt neftçiləri cəbhəyə aparmırdılar,
babam isə heç kəs onu çağırmayaçağırmaya, ərizə yazıb özü getdi. Ona görə də yazıq anam
atasız böyüdü. Bir dəfə anam bunları atama danışanda mən eşitdim.
Deyəsən, babamın cəbhəyə könüllü getməsi anamı yaman dilxor eləyib, çünki o, belə də dedi:
onun ölməyi kimin nəyinə lazım idi?
Onun bütün yoldaşları – mədəndə işləməyə qalanlar da, cəbhədən qayıdanlar da indi kefi kök,
damağı çağ yaşayırlar, hələ babamın yaxın dostlarından biri hətta nazir olub, o isə həm özünü
məhv elədi, həm də nənəmin həyatını qara günə caladı. Uşaqlar – anamın özündən başqa iki
bacısı var – bir nənəmin ümidinə qalıb, babam öləndən sonra bərk korluq çəkiblər, çünki
nənəmin heç bir sənəti yox imiş, məcbur olub qənnadı fabrikində işə girib, siftə çeşidləyici,
müharibə qurtarandan sonra fabrik monpası və şirnidən başqa ayrı şirniyyat məhsulları da
istehsal etməyə başlayanda usta vəzifəsinə təyin olunub, çünki nənəmin bişirdiyi paxlavanı,
noğulu və s.
heç kəs bişirə bilməz. Anam dedi, o, çox ağılsız hərəkət eləyib, gərək babam belə bir addım
atmamışdan qabaq öz ailəsi barədə düşünəydi. Babam cəbhəyə gedəndə anamın vur-tut iki yaşı
olub.
O, hər dəfə öz ailələrindən söhbət salanda, mən dərhal başa düşürdüm ki, bütün bunların hamısı
atama görədir. Anam istəyir ki, bu yolla atamı dənizdəki işindən çəkindirsin, quruya qaytarsın.
Bəzən mənə elə gəlir ki, anam elə babama görə atamın, mənim bu cür bərk nigarançılığımızı
çəkir. Hətta evimizdə bir yaxşı hadisə olanda da: kiminsə ad günündə və ya bahalı bir şey –
pianinodan, rəngli televizordan-zaddan alanda da anam özünü saxlamır: hamısı gözəldi, ancaq
təki sağlıq olsun, təki Allah heç kəsin canına qıymasın.
Bu, nənəmin sözləridi, anamın da dilinə düşüb, nənəm hər gün o sözləri öz-özünə mızıldanır, elə
bil ki, namaz qılır. Atam da cavabında dedi ki, Allah rəhmət eləsin, görünür, kişinin ayrı əlacı
olmayıb.
343
Anam təəccübləndi, dedi:
– Ağzımda sənə demirəm ki, mədəndə işləyənləri cəbhəyə aparmırdılar, heç almanlar Moskvaya
yaxınlaşanda da onlara toxunmadılar.
Sən də başlamısan ki, ayrı əlacı olmayıb.
Ancaq dərhal başa düşdüm ki, babamın ayrı əlacı olmayıb deməklə atam tamam başqa şeyi
nəzərdə tutur. Axır vaxtlar deyəsən, anam atamla danışanda bəzən çox şeyi başa düşmür.
– Mən sənin atanı tanımırdım, – atam dedi, – ancaq məncə, o, cəbhəyə ona görə könüllü gedib
ki, özüynən bacarmayıb. Bacarsaydı getməzdi.
– Belə de də, – anamın qanı qaraldı. Bunu o saat hiss elədim. – Deynən ki, müharibə başlayıb-
eləsə, sənin də yadına nə bu uşaq düşəcək, nə də mən.
– Bir də müharibə olmayacaq, – atam gülə-gülə dedi.
– Birdən oldu?
Çox istərdim ki, atam bunun cavabında ona desin ki, heç bir müharibəyə-zada gedən deyil, o ki
qaldı könüllü ola. Təki bir də dalaşmayaydılar. Axı bəlkə doğrudan da heç zaman başlamayacaq
bir müharibənin üstündə yox yerdən dalaşmaq gülünc işdir. Hələ heç məlum deyil, bu müharibə
kimnən olacaq, ancaq bunlar elə indidən bir-birləriynən dalaşmağa hazırdılar. Yaman ümidim
var idi ki, bunu atam özü başa düşəcək və könüllü getməyi qərara alsa da, anama bu barədə heç
nə deməyəcək.
– Bilirsən nə var, – atam dilləndi. – Əslinə qalsa, mən o qədər də nümunəvi vətəndaş deyiləm.
Fəal ictimaiyyətçiliyim də yoxdur, heç olmağını da istəmirəm. Hərçənd ki, heç bir məsələdə öz
fikrimi açıq deməkdən çəkinmirəm. Bircə istehsalat müşavirələrində, o da ki, bizim idarənin işi
ilə bağlı olanda iştirak eləyirəm. Hətta sonuncu dəfə nə vaxt nümayişə çıxdığımı da tamam
unutmuşam...
Bax bunu düz deyir, bayram günləri mən nümayişə çıxmaq üçün məktəbə gedəndə atam həmişə
yatmış olur. Hər dəfə dənizdən qayıdandan sonra iki-üç gün günorta saat on ikiyəcən yerindən
qalxmır.
– Amma Allah eləməsin, əgər müharibə olsa, elə birinci gündən əsgər gedərəm. Çünki insan bu
dünyaya bir dəfə gəlir və bu müddət ərzində buraxdığı ən ağır səhvi də düzəldə bilər. Bircə
bundan başqa. Bu cür səhvi adam ömrü boyu özünə bağışlaya bilməz.
Neynəmək olar, sənin atanın sadəcə olaraq bəxti gətirməyib, tez həlak olub, amma o biri tərəfdən
çox düz iş görüb: əsl kişilik eləyib.
Ən dəhşətli şey də budur: övladların sənin yerinə hamının yanında xəcalətli ola.
Atam tək-tük hallarda anamnan bu cür ciddi danışır, ümumiyyətlə o, çox az danışan adamdır,
amma indi gör necə ciddi, hökmlü, hətta mən deyərdim, təmtəraqlı danışır. O qədər təmtəraqlı
danışır ki, səsinin tonundan ətim ürpəşdi. Sonra anam o biri otağa keçəndə mənə göz vurdu,
ancaq nədənsə bu dəfə həmişəki kimi gülümsəmədi və mənə elə gəldi ki, o bütün bunları həm də
mənim adımdan danışırmış. Sanki ovcunun içi kimi bilir ki, dinib-eləməsəm də onun dedikləri
mənim də ürəyimdəndir.
344
Necə yuxuya getdiyimdən heç xəbərim də olmadı. Oyananda da qəfil oyandım, çünki yuxuda
mənə elə gəldi ki, altımda yer tərpənir.
Deyəsən, bu təkcə mənə elə gəlməmişdi, gözümü açanda gördüm Kəmalə də oyanıb. O, yuxuda
da əlimi buraxmamışdı. Qorxa-qorxa ətrafa boylandı və sonra dedi:
– Oyy, mən hardayam. – Sonra deyəsən, harda olduğu yadına düşdü, çünki özü sakitləşdi. Və bir
daha soruşmadı ki, hardayam.
– Saat neçədir?
Durub Sabirin yatdığı yerə getdim. Çox bərk yatmışdı, ancaq yuxuda nə isə danışırdı. Əli də
oyanmamışdı. Saat üç idi.
– Səhər tez açılsaydı, – Kəmalə pıçıltı ilə dedi və o yan-bu yana boylandı, deyəsən, yenə
skeletlər yadına düşmüşdü. – Yenə ordadılar? – Guya biz yuxuda olanda skeletlər harasa
getməliymiş.
Yanımızdakı şamların ikisi qurtarmaq üzrəydi, onların oduna təzələrini yandırıb yan-yana
düzdüm. Sonra yerimə uzandım, yatmaq istəyirdim, hətta gözlərimi də yumdum, birdən hiss
elədim ki, Kəmalə əlimi axtarır. O, ikiəlli əlimdən yapışıb onu özünə sıxdı və dərindən köks
ötürdü. Hətta əlimdən daha rahat tuta bilsin deyə bir az da mənə sarı qısıldı. Birdən-birə elə
xoşhallandım ki, dünyada hər şey yadımdan çıxdı. O gecə Kəmalə mağarada bir əlimi sinəsinə
sıxıb yuxuya gedəndə sevindiyimdən elə bildim ki, göyün yeddinci qatındayam. Nəfəsinin istisi
ovcumu yalayırdı. Bəlkə o heç məni Pakizə kimi uşaq saymır, bir qırıq da olsa, mənə də oğlan
kimi yanaşır?
Elə yuxuya gethagetdə, alayuxulu yenə də uğultu səsi eşitdim, deyəsən, hardansa, yerin altından
gəlirdi.
Səhər tezdən hamımızı Sabir yuxudan oyatdı. Heç durmağım gəlmirdi, amma neynəyəsən. Sabir
çiynimdən yapışıb məni elə silkələdi ki, yuxum təmiz qaçdı. Saat yeddiydi. Sabir bizə elan elədi
ki, düz saat səkkiz tamamda mağaradan çıxırıq, elə beləcə də dedi:
“Düz saat səkkiz tamamda”. O vaxta kimi isə mağaranın hər yerini yaxşı-yaxşı gəzib
yoxlamalıydıq.
Sabir yekə kişilər kimi, çox ciddi tərzdə hər birimizdən ayrıca soruşdu ki, özümüzü necə hiss
eləyirik, soyuqlayıb-eləməmişik?
Sonra dedi: “Hamımız birdən getməyəcəyik, bir nəfər qalmalıdır, ona görə ki, biz burda
olmayanda heç kəs bura yaxın düşməsin”.
Sabir bizi başa saldı ki, biz burda olmayanda bura gəlib çıxan olsa, onda bu mağarı biz yox, o
tapmış hesab olunacaq. Bizə heç qulaq asan da olmayacaq. Deyəcəklər, burda gecələmisiniz, çox
əcəb, amma bu adam mağaranı tapan kimi, dərhal xəbər verib.
Onda bütün şan-şöhrət bizə yox, özgə adamlara çatacaq.
Kəmalə dedi, bura kim gəlib çıxacaq, neçə ildi gələn olmayıb, indi deyirsən, elə bu bir günün
içində bura bizdən başqa ayrı adamın da yolu düşər? Belə şey ola bilməz.
345
Sabir də ona cavab verdi ki, düzdü, Kəmalə haqlıdır, amma o, bir şeyi unudur. Ağlına gəlmir ki,
indi yəqin bizi axtarırlar və onlar hökmən biz gəldiyimiz cığırla gələcəklər, axı yerli adamların
hamısı bu cığıra yaxşı bələddi. Düzdü, bu cığıra onların yolu az-az düşür, düşəndə də kimdir daş-
qayaya baxan, ancaq indi bizi axtardıqlarına görə, bütün dəlmə-deşikləri bitdə-bitdə gözdən
keçirəcəklər və çox güman ki, ayrı vaxt fikir vermədikləri bu yarığa da girib baxmaq
istəyəcəklər. Öz-özümə fikirləşdim ki, Sabir düz deyir, kiminsə burda iki-üç saat artıq
qalmağından ötrü risk eləməyə dəyməz. Kəmalə soruşdu ki, bəs hansımız burda qalmalıyıq.
Qorxdum ki, birdən Sabir məni burda saxlayar, heç ürəyimdən deyildi bu; əvvələn, ona görə ki,
anam bircə məndən başqa uşaqların hamısının gəldiyini görüb, onlar ağızlarını açanacan, elə
biləcək başıma bir iş gəlib, ya qayadan uçmuşam, ya da çayda boğulmuşam; ikincisi də sözün
düzü, bu skeletlərnən bir yerdə tək qalmaq istəmirdim.
Yenə uşaqlar yanında olanda cəhənnəm, tək qalmaq isə dəhşətdir. Sabir dedi ki, bu barədə də
fikirləşib və belə qərara gəlib ki, mağarada Əli qalacaq.
– Bir buna bax, kişi qərara gəlib, – Əli dedi. – Mən də qərara gəlmişəm ki, sən qalasan. Sən niyə
başqasının əvəzinə qərara gəlirsən?
– Ona görə ki, belə yaxşıdır. Özün fikirləş. Kəmaləni burda qoya bilmərik, qız uşağıdır. – Sonra
başıynan məni göstərdi. – O da qalmağa qorxur. Qalsa, qorxudan dəli olar.
Az qaldı qışqıram ki, mağarada özüm qalaram. Ancaq Sabir hələ danışırdı, o danışanda, gərək
onun sözünü kəsməyəsən. Dedim, qoy qurtarsın, sonra deyərəm.
– Mən özüm də qala bilərəm, ancaq bu düzgün olmaz, çünki bu yolu hamınızdan yaxşı
tanıyıram, bu cığırdan altı dəfə keçmişəm, dörd dəfə keçən il, iki dəfə də bu il, sən isə cəmisi
bircə dəfə, o da keçən il. Yox, əgər qalmağa qorxursansa, bu başqa məsələ, bunu açıq de, onda
heç başqa söz də lazım deyil, bunu üzrlü hesab eləyərik və mən özüm qalaram!
Əli mızıldandı ki, heç nədən qorxub-eləmir, sadəcə olaraq, istəyir ki, hər şey ədalətnən olsun.
Ancaq hamımız bildik ki, qalmağa razıdır.
– Başqa təklifiniz-zadınız yoxdu ki? – Sabir dedi və növbə ilə bir-bir üzümüzə baxdı.
Heç kəs dinmədi, içi mən qarışıq. Fikirləşdim desəm ki, qalmaq istəyirəm, Sabir məni lağa
qoyacaq. Bunusa istəmirdim, özü də Kəmalənin gözü qabağında. Həm də hər dəfə mənə lağ
eləyəndə, elə tikanlı sözlər tapıb deyir ki, eşidənlərin gülməkdən qarnı cırılır.
Əlbəttə, bircə məndən başqa.
– İndi isə axtarışa başlayaq, – Sabir dedi. – O başdan başlayaq.
Mağaranın o başına yollandıq, dünən ora heç baxmamışdıq.
Sabirnən Əli əllərində fənər qabağa düşmüşdülər. Kəmaləynən mən də əlimizdə şam onların
dalınca gedirdik. – Sabir belə əmr eləmişdi.
Əli nə deyir-desin, ancaq afərin Sabirə, onsuz biz təmiz batardıq.
346
Yarığı da o tapdı, axı çovğuna düşüb qalanda, birinci o durub getdi və burda da özünü çox ağıllı
aparır. Hətta bu səhər, dünən söz verdiyi kimi, düz yeddidə oyandı. Xasiyyəti pis olsa da, çox
qoçaq adamdı.
Nəinki mağaranın o başına, heç yarısına da çatmamışdıq, birdənbirə o qədər maraqlı şey tapdıq
ki, nə sevinməyə, nə də təəccüblənməyə macalımız oldu.
Heç inanmaq olmurdu ki, bunların hamısını biz tapmışıq. Belə şey bir dəfə mənim başıma gəlib,
bu il martın 21-də, ad günümdə.
Bir gecənin içində mənə həm durbin, həm velosiped, həm də elektromexaniki konstruksiya
bağışladılar. Çoxdan ürəyim gedirdi bu şeylərdən ötrü. Ancaq heç gözləməzdim ki, hamısını bir
gündə bağışlayacaqlar. Desəydilər də inanmazdım, amma bağışladılar, durbini valideynlərim,
velosipedi nənəm, konstruksiyanı isə Sona xalaynan Vasif dayı gətirmişdi.
Bu gün də hər şey o günkünə bənzəyirdi. Hələ bir az da ondan yaxşıydı. Əvvəlcə divarda qara bir
dəmir qapı gördük. O elə kip örtülmüşdü ki, qorxduq bağlı ola. Sabir qapının dəstəyini burdu,
sonra onu özünə sarı çəkdi, qapı yavaş-yavaş, görünür, yaman ağır şey idi, açıldı. İçəri girib bir
dəhlizə düşdük, orda bir neçə qapı vardı. Birdən mənə elə gəldi ki, biz yerin altında, mağarada
yox, adi bir idarənin dəhlizindəyik. Burda döşəməyə əməlli-başlı parket döşənmiş, divarlara
yağlı boya çəkilmişdi. Bircə fərqi var idi ki, bu dəhlizə açılan qapıların hamısı dəmirdən idi. Mən
hələ istədim işığı da yandırım, düyməni çaqqıldatdım, ancaq tavandakı lampaların biri də
yanmadı. Bir qapının üstünə almanca nə isə yazılmışdı, onu açıb içəri girdik, çox geniş bir
otağıydı, bizim məktəbin direktorunun kabineti boyda. Bir başda üstündə ağır bürünc
mürəkkəbqabı olan iri yazı stolu var idi. Stolun baş tərəfində divardan Hitlerin portreti, üzbəüz
divarda isə böyük bir xəritə asılmışdı. O xəritə bütün Şimali Qafqazı və Xəzər dənizini, hətta
Qara dənizin lap bəri ucu ilə birlikdə bütün Zaqafqaziyanı əhatə edirdi. Üç tərəfdən –
Türkiyədən, dağları kəsərək şimaldan və bir də Xəzər dənizinin cənubundan çəkilən qırmızı ox
işarələri Bakıya tuşlanmışdı. Xəritədəki yazıların hamısı almancaydı. Otaqda bir seyf də var idi,
amma nə qədər elədik, dəstəyini yerindən tərpədə bilmədik. Seyf də xəritə kimi, bütün yan divarı
tutmuşdu və heç adi dəmir seyflərə oxşamırdı, tamam divara hörülmüşdü. Onun lap böyründə isə
dəstəyi qırmızı rənglə boyanmış yekə bir qapayıcı gördük. O, bütövlükdə elə bil şüşə qutunun
içinə salınmışdı. Bu qutudan yuxarıda divara almanca nə isə yazılmışdı. Yazı nida işarəsi ilə
qurtarırdı.
Axırıncı söz də böyük hərflə başlayırdı. Çox qısa olduğundan tez yadımda qaldı: “Tod!” Bu
yazının qalan sözləri isə kiçik hərflə başlayırdı, bircə birinci sözdən başqa və ən qəribəsi də bu
idi ki, həmin şüşə qutunu çox asanca vurub sındırmaq mümkün olduğu halda, onun ağzından Dostları ilə paylaş: |