Məlumdur ki, sosialist kitabxanaşünaslığında və sovet elm təsnifatlarında «Kitabxanaşünaslıq» ictimai elmlər bölməsində öyrənilirdi. Müəllifin dünya kitabxanaşünaslığına əsaslanaraq Kitabxanaşünaslığın humanitar elm olması fikrini irəli sürməsi və əsaslandırması kitabxanaşünaslıq aləmində yenilikdir. Prof. A.Xələfov kitabxanaların tipologiyasını kitabxanaşünaslıq elminin əsas nəzəri problemi kimi qiymətləndirərək ümumiyyətlə kitabxana işi və təsnifat probleminə böyük diqqət yetirmiş, elmlər təsnifatı ilə kitabxana təsnifatının əlaqələrini, onların oxşar və fərqli cəhətlərini elmi araşdırmağa səy göstərmiş, kitabxanaların tiplərə və növlərə bölünməsinin yeni variantını hazırlanmişdir.
Prof. A.Xələfovun kitabxanaların tipləri və növləri haqqında təklif etdiyi yeni variant respublika kitabxana işçilərinin böyük marağına səbəb olmuşdur. Professor A.Xələfov müasir informasiya cəmiyyəti, onun xüsusiyyətləri, informasiya cəmiyyəti və kitabxana işi, informasiya və kitabxana texnologiyası, kitabxanaların kompüterləşdirilməsi, elektron kataloq və elektron kitabxana haqqında çox qiymətli məqalələr və dərsliklər yazılmışdır.
Prof. A.Xələfovla yanaşı olaraq Azərbaycan kitabxanaşünas alimlərindən prof. X.İ.İsmayılov, dosentlərdən R.Ə.Kazımov, E.Y.Əhmədov, M.Ə.Məmmədov, S.Rzayev və s. öz əsər və məqalələrində kitabxanaşünaslığın müasir problemlərinə toxunmuş, Azərbaycan milli kitabxanaşünaslığının müəyyən sahələrini tədqiq etmişlər. Bütün bunlarla yanaşı 2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət və Kütləvi Kommunikasiyaları Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət və Kinomatoqrafiya üzrə Federal Agentliyi və İnformasiya üçün YUNESKO Proqramının Rusiya Komitəsi tərəfindən «Kitabxanalar biliklər aləmində (iki dilli: Azərbaycan-Rusiya Layihəsi)»1 məqalələr məcmuəsinin çap edilməsi kitabxanaşünaslığın, müasir problemlərinin öyrənilməsinə qiymətli hədiyyə olmuşdur. Məqalələr məcmuəsində Azərbaycan və Rusiyanın görkəmli alimlərindən və mütəxəssislərindən Ə.M.Qarayevin, İ.Y.Məmmədəliyevanın, L.M.Məmmədovanın, A.A.Xələfovun, M.Q.Əhmədovun, R.Ə.Kazımovun, A.İ.ƏliyevaKəngərlinin, S.Kondratyevin, T.Məmmədovun, Y.İ.Kuzminin, V.M.Krasilşikovanın, M.Usoçevuon, T.Y.Kuznetsovanın, E.V. Smolinovanın, Y. A.Qrixanovun, İ.B.Mixnovanın, N.İ.Xaxalevanın, M.Y. Opuonkovun, A.V.Liçutinin, İ.P. Tikunovanın müasir kitabxanaşünaslığın, «Kitabxanaşünaslıq fəlsəfəsinin» öyrənilməsi üçün olduqca böyük əhəmiyyət kəsb edən, onun elmi, nəzəri və metodoloji əsaslarının tədqiqinə və istiqamətləndirilməsinə mühüm köməyi olan məqalələri dərc edilmişdir.
Məcmuədə çap edilən məqalələr içərisində informasiya cəmiyyətində kitabxanaçıların yeri və vəzifələri əhatəli şəkildə şərh edilmiş, çox ciddi tövsiyələr hazırlanmışdır. Məcmuədə kitabxanaşünaslığın fəlsəfi problemlərinə, «Kitabxanaşünaslıq fəlsəfəsi»nə dair də çox qiymətli məqalələr vardır. Bu məqalənin görkəmli filosoflar M.S. Opuonkov və A.V.Liçutin tərəfindən yazılması böyük maraq doğurur. Bütün burada göstərilənlərdən məlum olur ki, müasir şəraitdə həm Rusiyada həm də Azərbaycanda cəmiyyətin strukturunda baş verən dəyişiliklər, keçmiş Sovet imperiyasının yerində yaranmış müstəqil dövlətlərdə, o cümlədən müstəqil Azərbaycan Respublikasında kitabxanaşünaslığın elmi-nəzəri və metodoloji problemlərinin öyrənilməsinə, milli kitabxanaşünaslığımızın dünya kitabxanaşünaslığına inteqrasiyasına böyük şərait yaranmışdır. Müasir şəraitdə meydana çıxan yeni problemlər içərisində «İnformasiyanın ümumaçıq olması fəlsəfəsi»nin və «Kitabxanaşünaslıq fəlsəfəsi»nin öyrənilməsinə böyük maraq əmələ gəlmişdir.