Hazırda Azərbaycanda kitabxana işinin idarə edilməsi sistemi dörd səviyyədə həyata keçirilir:
1. Ümumdövlət səviyyəsində;
2. Yerli icra hakimiyyəti orqanları səviyyəsində;
3. Yerli özünüidarəetmə orqanları səviyyəsində;
4. Özünüidarəetmə səviyyəsində.
Ölkədə kitabxana işinin ümumdövlət səviyyəsində idarə edilməsi Nazirlər Kabineti, Mədəniyyət Nazirliyi, tabeçiliyində kitabxanalar olan digər nazirliklər, komitələr, ümumdövlət əhəmiyyətli idarə və təşkilatlar tərəfindən həyata keçirilir. Ali icra orqanı sayılan Nazirlər Kabineti kitabxana işinə dair dövlət əhəmiyyətli sənədlər: proqramlar, qərarlar, sərəncamlar təsdiqləyir, kitabxanaların maliyyələşdirilməsini təmin edir. Respublika Nazirlər Kabinetinin strukturunda kitabxana işinin idarəedilməsini həyata keçirən elm və mədəniyyət şöbəsi, eləcə də ölkədə bütün sosial-humanitar sahələri tənzimləyən baş nazirin müavini vəzifəsi vardır. Nazirlər Kabineti ölkə prezidentinin kitabxana işinə dair fərmanlarının həyata keçirilməsi ilə əlaqədar bütün məsələləri həll edir: «Nazirlər Kabineti, həmçinin, Milli Məclisin qəbul etdiyi qanunların tətbiqini və onların işlənməsini təmin edir, qanunların işlənməsinə nəzarət edir. Kitabxana işi prosesinə daxil olan bütün fəaliyyət sahələrinin formalaşması, onların vəzifələrinin müəyyənləşdirilməsi, istiqamətləndirilməsi, kitabxana işi haqqında rəhbər sənədlərin, nizamnamələrin, əsasnamələrin, sərəncamların, qaydaların hazırlanması Nazirlər Kabineti tərəfindən həyata keçirilir». Nəzdində kitabxana şəbəkələri olan nazirliklər Azərbaycanda kitabxana işinin ümumdövlət miqyasında idarə edilməsi prosesində müstəsna rol oynayır. Bunların içərisində öz strukturunda daha çox kitabxana cəmləşdirmiş və ölkənin bütün oxucu təbəqələrinə xidmət göstərən ümumaçıq kitabxanalara idarəetməni təmin edən aparıcı icra hakimiyyəti orqanı Respublika Mədəniyyət Nazirliyidir. Mədəniyyət Nazirliyi ölkədə kitabxana işinə rəhbərlik edən dövlət idarəçiliyinin mərkəzi orqanıdır. Mədəniyyət Nazirliyi ölkədə kitabxana işinə dair dövlət siyasətini əks etdirən qanunvericilik sənədlərinin, müxtəlif konsepsiyaların layihələrini, kitabxanaların maliyyələşdirilməsi, kitabxana-informasiya ehtiyatlarının inkişafı, mühafizəsi və istifadəsi ilə əlaqədar müxtəlif proqramlar və normativ sənədləri hazırlayıb hakimiyyət orqanlarına tədqim edir: kitabxana kadrlarının hazırlanması, yerləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində hökumətə təkliflər verir; kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş tədbirlər həyata keçirir; ölkədə kitabxanaçılığa dair elmi-tədqiqat və metodiki işlərin əlaqələndirilməsini təşkil edir; kitabxana işinə elm və texnikanın mütərəqqi dünya təcrübəsinin son nailiyyətlərinin tətbiqinə dair təşkilati tədbirlər həyata keçirir; cəmiyyətdə avtomatlaşdırılmış kitabxana-informasiya sistemlərinin formalaşması, onların maddi-texniki bazasının və iqtisadi potensialının güclənməsi istiqamətlərində əməli işlər görür. 69 Mədəniyyət Nazirliyi özünün respublikada kitabxana işinin idarə olunmasına ümumdövlət nəzarəti və metodiki mərkəz funksiyaları ilə əlaqədar müvafiq tədbirlər həyata keçirir, kitabxana işinin aktual problemlərinə həsr olunmuş konfranslar, simpoziumlar, treninqlər və s. təşkilati-metodiki tədbirlər təşkil edir.
Mədəniyyət Nazirliyinin idarəetmə və təşkilatimetodiki funksiyaları onun nəzdindəki xüsusi şöbə, Milli Kitabxana və digər ümumdövlət əhəmiyyətli elmi kitabxanalar vasitəsilə həyata keçirilir. Mədəniyyət Nazirliyində kitabxana işinin idarəedilməsi yüksək səviyyədə nazir müavini tərəfindən həyata keçirilir.
Ümumi dövlət əhəmiyyətli kitabxana problemlərinə nazirliyin kollegiya iclaslarında baxılır və müvafiq qərarlar qəbul edilir. Kollegiyanın qərarları kitabxanalar üçün rəsmi sənəd sayılır və həmin qərarların icrası məcburidir.