Socar ti-nin hərbiləşdirilmiş mühafizə qrup və komandalarının şəxsi heyətinin xidməti təlimat mövzuları



Yüklə 100,04 Kb.
səhifə1/8
tarix26.07.2022
ölçüsü100,04 Kb.
#62895
  1   2   3   4   5   6   7   8


SOCAR Tİ-nin hərbiləşdirilmiş mühafizə qrup və komandalarının şəxsi heyətinin xidməti təlimat mövzuları.

Mövzu: 1. Təhlükəsizlik İdarəsinin yaranma tarixi və təyinatı. Təhlükəsizlik İdarəsinin


hərbiləşdirilmiş mühafizə komandalarının əsas vəzifələri.
Məzmun:
SOCAR-ın Təhlükəsizlik İdarəsi (bundan sonra Tİ adlanacaq), Azərbaycan Respublikası Prezidentinin 22.12.2005-ci il tarixli 340 nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturunun təkmilləşdirilməsi haqqında” Fərmanının icrası ilə əlaqədar olaraq SOCAR-ın 23.12.2005-ci il tarixli 132 nömrəli Əmri ilə yaradılmış və təyinatına görə dövlət neft sənayesi sektorunun mühüm dövlət əhəmiyyətli və rejimli obyektlərinin, eləcə də həmin obyektlərin və SOCAR-ın xidmətindən istifadə edən qurumların əmlakının və qeyri-əmlak hüquqlarının xidməti silah və ya xususi mühafizə vasitələri daşımaqla təhlükəsizliyini və hərbiləşdirilmiş mühafizə xidmətini həyata keçirir. Bu xidmətin həyata keçirilməsi məqsədi ilə Tİ-nin tərkibində Hərbiləşdirilmiş Mühafizə Bölmələri (bundan sonra HMB adlanacaq) fəaliyyət göstərir. HMB-lər mühafizə postlarının sayından asılı olaraq “Hərbiləşdirilmiş mühafizə komandası” (bundan sonra HMK adlanacaq) və ya “Əlahiddə mühafizə qrupu” olaraq təşkil olunur. HMK və əlahiddə qruplar Bakı şəhərində və Abşeron yarımadasında və digər neft sənayesi rayonlarında, eləcə də Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasının yurisdiksiyası şamil olunan sularında yerləşən SOCAR-a məxsus obyektlərin təhlükəsizliyinin və hərbiləşdirilmiş mühafizəsinin təmin olunması məqsədlərinə xidmət edir.
Tİ HMK-nin (əlahiddə qrupların) əsas vəzifələri aşağıdakılardır:
-SOCAR-ın müəssisə və təşkilatlarında dövlət mülkiyyətinin mühafizəsini təmin etmək;
-Mühafizə olunan xüsusi strateji əhəmiyyətli və rejimli obyektlərdə buraxılış və obyektdaxili rejimləri həyata keçirmək;
-Öz səlahiyyətləri çərçivəsində mühafizə olunan obyektlərdə cinayət əməllərinin və inzibati xətaların törədilməsinin qarşısının alınmasını təmin etmək;
-SOCAR-ın müəssisə və təşkilatlarında qarovul xidmətinə çevik-operativ rəhbərliyi həyata keçirmək;
-Mühafizə olunan obyektlərin ərazisindəki şəxslərdən müəyyən edilmiş qaydada buraxılış rejimi və obyektdaxili rejim qaydalarına ciddi riayət olunmasını tələb еtmək.

Mövzu: 2. Hərbiləşdirilmiş mühafizə xidmətinin təşkili.


Məzmun:
Hərbiləşdirilmiş mühafizə xidməti HMK (əlahiddə qrupun) tərəfindən həyata keçirilir.
Obyektlərin, onların balansında olan binaların, tikililərin, qurğuların, ərazilərin və akvatoriyaların, nəqliyyat vasitələrinin, yüklərin, pul vəsaitlərinin və sair əmlakın qorunması, eyni zamanda onların daşınması, mühafizəsi, müdafiəsi o cümlədən, obyektlərdə nəzərdə tutulan buraxılış rejimi və obyektdaxili rejim qaydalarını təmin etmək və təxirəsalınmaz məsələləri icra etmək üçün silahlı və ya silahsız bölmə - qarovul təyin olunur.
Qarovulun şəxsi heyəti bilavasitə qarovul rəisinə, HMK (əlahiddə qrup) rəisinə və onları təyin etmiş Tİ-nin rəisinə (Tİ rəisinin işdə olmadığı hallarda müavinlərinə) tabedir. Daxili xidmət qaydalarına əsasən, qarovul təlimatlandırıldıqdan sonra xidmətə daxil olur və xidmətin başa çatması barədə göstəriş olduqdan sonra tabeçilikdən çıxır.
HMK-nın (əlahiddə qrupun) təşkilati strukturu və say tərkibi mühafizə olunan obyektin xüsusiyyətindən, onların mühəndis-texniki mühafizə vasitələri ilə təchiz edilməsindən, mühafizə postlarının sayı və növündən, eyni zamanda obyektlərin etibarlı mühafizəsini təmin edən digər şərtlərdən asılıdır.
Tİ tərkibində fəaliyyət göstərən HMK-lar (əlahiddə qruplar) struktur bölmələr olub, idarəetmə aparatına malik deyillər və bu bölmələrə rəhbərlik birbaşa Tİ-nin rəisinə (işəgötürənə) tabe olan komanda və ya əlahiddə qrup rəisləri tərəfindən həyata keçirilir.
Hərbiləşdirilmiş mühafizə xidməti qarovul növbələri vasitəsi ilə həyata keçirilir. Obyektin mühafizəsi üzrə dörd və daha çox 24 saatlıq (sutkalıq) mühafizə postu təşkil olunduğu hallarda qarovul təyin olunur və obyektin mühafizəsini qarovul hesabı ilə təmin edən hərbiləşdirilmiş bölmə mühafizə komandası adlanır. Qarovullara bilavasitə komanda rəisinə (onun işdə olmadığı hallarda müavininə) tabe olan qarovul rəisləri başçılıq edirlər.
Atıcılar xidməti vəzifələrini müəyyən olunmuş xüsusi geyim formasında aparırlar. Xüsusi tapşırıqların yerinə yetirilməsi zamanı Tİ rəisinin sərəncamı ilə onların mülki geyimdə olmalarına icazə verilir.
Qarovul xidmətinin aparılması döyüş tapşırığı olub xidmətdə olanlardan hazırkı qaydalara ciddi əməl etməklə, yüksək həssaslıq və sayıqlıq, qətiyyət və qırılmaz iradə, təşəbbüskarlıq tələb edir.
Mühafizə olunan obyektin xüsusiyyətindən, MTMV ilə təchiz edilməsindən, mühafizə postlarının sayı və növündən, eyni zamanda obyektin etibarlı mühafizəsini təmin edən digər şərtlərdən asılı olaraq qarovul tərkibi:
- qarovul rəisindən;
- postların və növbələrin sayına uyğun atıcılardan;
- zərurət olduqda isə qarovul rəisinin köməkçisi və nəqliyyat vasitələrinin sürücülərindən ibarətdir.
Post və patrulların gücləndirilməsinə zərurət yarandıqda Tİ rəisinin qərarına əsasən qarovulun tərkibinə ehtiyat qarovul daxil edilir. Mühafizə-əməliyyat şəraitinin dəyişməsi ilə əlaqədar qəflətən yaranan məsələlərin həllini təmin etmək məqsədi ilə yaradılan, tərkibi, yerləşdirilməsi və ondan ayrı-ayrı hallarda istifadə qaydaları Tİ rəisi tərəfindən müəyyənləşdirilən növbətçi dəstə ehtiyat qarovulu adlanır.
-Obyektlərin yerləşdiyi ərazi, istehsalın xarakteri və digər xüsusiyyətlərdən asılı olaraq hərbiləşdirilmiş mühafizə:
-nəzarət-buraxılış (və ya keçid) məntəqələrində;
-müəssisənin texnogen və terror-təxribat baxımından xüsusi ilə vacib sahələrində;
-hasarın perimetri boyunca müxtəlif üsullarla (qüllədən müşahidə, səyyar və qarışıq üsullarla) təşkil olunur.
Obyektlər və maddi dəyərlilərin mühafizəsinin, buraxılış rejimi və obyektdaxili rejim qaydalarının həyata keçirilməsi üçün komandaların tərkibindən qarovullar və qruplar təyin edilir. Qrupun tərkibində hər hansı bir bölmə yaradıla bilməz.
Qarovulların aşağıdakı növləri olur:
-xidmətaparma müddətinə görə - müvəqqəti və daimi;
-xidmətaparma üsuluna görə - daxili, çevik, qarışıq və müşayiət qarovulları.
Müvəqqəti qarovul - yüklərin yüklənməsi-boşaldılması və ya müvəqqəti anbara yığılması, yükün müxtəlif nəqliyyat vasitələri ilə daşınması zamanı müşayiətin təşkil edilməsi üçün mühafizə olunan obyektlərin rəhbərləri ilə birgə Tİ-nin rəisi tərəfindən təyin edilir. Müvəqqəti qarovul iş qrafikinə daxil edilmir.
Daimi qarovul - ona həvalə olunmuş obyektlərin, əmlakın bilavasitə (daimi) mühafizə və müdafiəsi, eləcə də obyektlərdə müəyyən edilmiş buraxılış rejimi və obyektdaxili rejim qaydalarının həyata keçirilməsi üçün təyin edilir və iş qrafiki ilə nəzərdə tutulur.
Daxili qarovul - bir təşkilatın obyektlərinin mühafizəsi və müdafiəsi, eləcə də həmin təşkilatda müəyyən edilmiş buraxılış rejimi və obyektdaxili rejim qaydalarının təmin edilməsi məqsədi ilə təyin edilir.
Çevik (səyyar) qarovul - böyük miqyaslı obyektlərin (neft kəmərləri və elektrik ötürücü xətləri) mühafizəsi və müdafiəsi üçün təyin edilir.
Qarışıq qarovul - idarələrin, binaların, tikililərin və böyük miqyaslı obyektlərin mühafizəsi və müdafiəsi üçün postları və ya patrulları ayrı qarovula ayırmaq məqsədə uyğun olmadıqda təyin edilir.
Müşayiət qarovulu - nəqliyyat vasitələrinin və yüklərin mühafizə və müdafiəsi üçün, həmçinin onların nəql edilməsi zamanı təyin edilir.
Əlaqədar obyektlərin mühafizə olunması üçün Tİ tərəfindən təyin olunmuş qarovulun və əlahiddə qrupun tərkibinə daxil olmayan bir və ya bir neçə atıcıdan ibarət xidməti dəstə əlahiddə (ayrıca) post adlanır.
Obyektlərin - binaların, tikililərin, otaqların, qurğuların, avadanlıqların, maddi dəyərlilərin, nəqliyyat vasitələrinin, əmlakın, eləcə də müxtəlif vəzifələrin yerinə yetirildiyi sahənin mühafizəsi və müdafiəsi üçün ayrılmış yer və ya ərazi post adlanır.
Postlar aşağıdakılara bölünürlər:
-yerləşməsinə görə - daxili və xarici;
-mühafizə üsullarına görə - çevik (səyyar) və stasionar;
-daimi və müvəqqəti.
Daxili post - obyektin perimetrinin daxilində, eləcə də idarələrin, binaların və ofislərin içərisində yerləşdirilir. Xarici post - isə obyektin perimetrindən kənarda müxtəlif vəzifələrin yerinə yetirilməsi üçün təyin edilir.
Daimi post - Sifarişçi təşkilatla bağlanmış müqavilə əsasında obyektlərin, onlara daxil olan binaların, tikililərin, qurğuların, ərazilərin, nəqliyyat vasitələrinin, yüklərin və sair əmlakın daimi qorunması, mühafizəsi və müdafiəsi üçün təyin edilir və postların dislokasiyasında öz əksini tapır.
Müvəqqəti post - istehsalat zərurəti ilə əlaqədar olaraq obyekt ərazisində müvəqqəti saxlanması üçün boşaldılmış yüklərə və ya mal-materiallara, yüklərin anbara yığılmasına və ya boşaldılmasına nəzarət olunması, eləcə də obyektin hər hansı bir ərazisinin müvəqqəti mühafizəsini həyata keçirmək üçün təyin edilir və postların dislokasiyasına daxil edilmir.
Mühafizə olunan obyektin xüsusiyyətlərindən asılı olaraq aşağıdakı növ postlar təyin edilir:
-Sutkalıq - 24 saatlıq;
-İki növbəli - 16 saatlıq (obyektin qeyri iş günlərində sutkalıq mühafizə);
-saatlıq - obyektin iş və ya qeyri iş günündən asılı olmayaraq 16 saatlıq xidmət;
-saatlıq - gündüz və yaxud gecə növbələrində;
- Bir növbəli - 8 saatlıq (yalnız obyektin iş günlərində 8 saatlıq xidmət).
Postlarda atıcıların dəyişdirilməsi qaydaları HMK-nin (əlahiddə qrupun) rəisi tərəfindən müəyyənləşdirilir və təsdiq edilmiş qrafikə əsasən həyata keçirilir.
Obyektlərin bilavasitə mühafizə və müdafiəsi, obyektlərdə müəyyən edilmiş buraxılış rejimi və obyektdaxili rejim qaydalarının təmin edilməsi məqsədi ilə qarovulun tərkibində olan ehtiyat atıcılardan patrul təyin olunur. Patrula rəhbərlik növbədə olan və rəhbərlik qabiliyyətinə malik olan təcrübəli atıcılardan birinə həvalə olunur.
Obyekt bir çəpərlidirsə, obyektin mühafizəsi onun daxilində və xaricində və ya daxili hissəsindən çəpər boyu patrul çəkməklə, həmçinin qüllədən nəzarət etməklə aparılır.
Postlara təhkim olunmuş atıcılar obyektin etibarlı mühafizəsini təmin etmək üçün müəyyən edilmiş marşrut üzrə tələb olunan sürətlə piyada və qısa fasilələrlə hərəkət edərək vaxtaşırı ərazinin yoxlanılması və vəziyyət barədə rabitə vasitəsi ilə qarovul rəisinə məruzə etməklə xidmət aparırlar.
Patrul (çevik dəstə) iki və daha çox atıcıdan ibarətdir və üzərinə qoyulmuş öhdəlikləri təyin edilmiş patrul marşrutu üzrə gəzərək həyata keçirir.
Patrul xidməti avtomobildə (AP), motosikletdə (MP), katerdə (KP), velosipeddə (VP) və piyada (PP) həyata keçirilə bilər.
Xidmət aparmaq üçün patrula obyektdən və ərazinin şəraitindən asılı olaraq patrul marşrutu müəyyən edilir. Patrul marşrutu üçün ərazinin görünmə məsafəsi:
-avtomobildə patrul üçün - 6-8 km;
-motosikletdə(velosipeddə) patrul üçün - 3-5 km;
-piyada patrul üçün gündüz vaxtı - 1,5 km, gecə vaxtı - 1 km-ə qədər, MTMV vasitələri ilə təchiz edilmiş obyektlərdə isə gündüz - 2 km, gecə vaxtı - 1,5 km-ə qədər müəyyən edilir.
Yağmurlu hava şəraitində (yağışlı, dumanlı, qarlı, çiskinli) və gərgin operativ şəraitdə böyük miqyaslı obyektlərin güclü və etibarlı mühafizəsi üçün təcrübəli və bir rəhbərə tabe edilmiş bir və ya bir neçə patruldan ibarət çevik patrul (bundan sonra ÇP adlanacaq) qrupları təyin edilə bilər.
ÇP-nin əsas hissəsini xüsusi və texniki mühafizə vasitələri ilə təchiz edilmiş avtomobil patrulu təşkil edir. ÇP-nin tərkibinə müəyyən edilmiş ərazidə piyada patrul xidmətini həyata keçirmək üçün səyyar radiostansiyalarla təmin edilmiş atıcı (atıcılar) daxildir.
Patrul avtomobilləri, motosikletləri və katerləri tabeldə nəzərdə tutulmuş rabitə vasitələri və digər xüsusi texnika ilə təchiz edilirlər. Hər patrul avtomobili, motosikleti və kateri ayrıca sürücü ilə təmin edilir.
Patrul üçün ayrılmış nəqliyyat vasitələrinin təyinatdan kənar istifadə olunması qəti qadağan edilir.
MTMV-nin özbaşına və ya qəfildən işə düşməsi nəticəsində, mühafizə olunan obyektə icazəsiz daxil olmuş şəxslərin yaxalanması üçün daxili və xarici postların gücləndirilməsi məqsədi ilə çevik mühafizə dəstəsi (bundan sonra ÇMD adlanacaq) təyin edilir, həmin dəstə qarovul rəisinin və ya onun köməkçisinin “Qarovul-Silaha” əmri ilə hadisə yerinə gəlir və şəraitdən asılı olaraq hərəkət edir.
ÇMD-nin hadisə yerinə dərhal çatdırılması üçün qarovul xidməti nəqliyyat vasitələri ilə təmin edilir.
Qarovulun şəxsi heyəti xidmət zamanı müvafiq qaydada təsdiq edilmiş xüsusi xidməti geyimdə olmalı, döyüş vəziyyətində olan saz xidməti silah ilə silahlanmalı və xüsusi mühafizə vasitələri ilə təmin olunmalıdır.
Atıcıların daxili və xarici postlarda xidmət apardıqları zaman gördükləri işin xarakterindən asılı olaraq silah ilə təmin edilirlər.
Nəzarət-buraxılış məntəqələrində (bundan sonra NBM adlanacaq) xidmət aparan atıcılar tapança və xüsusi mühafizə vasitələri və ya təkcə xüsusi mühafizə vasitələri ilə təmin olunurlar.
Qarovul xidməti şəraitdən asılı olaraq yivli odlu silah (avtomat, tüfəng və ya tapança) və xüsusi mühafizə vasitələri (qandal, canqoruyucu jilet, rezin dəyənək) ilə silahlana bilər.
Yivli silahın, hərbi sursatın və xüsusi mühafizə vasitələrinin qeydiyyatı, qorunması, tətbiqinə və istifadəsinə nəzarət, “Yivli silahın, hərbi sursatın və xüsusi vasitələrin əldə olunması, daşınması, qorunması, qeydiyyatı və istifadəsi” qaydaları haqqında Təlimata müvafiq olaraq Tİ-nin Silah-sursat şöbəsi tərəfindən həyata keçirilir.
Qarovulun döyüş güllələri ilə təmin olunma miqdarı hər avtomata və tapançaya iki dolu sandıq müəyyən edilir.
Xüsusi əhəmiyyətli obyektlərdə və fövqəladə hallar zamanı qarovulun gücləndirilməsi üçün hər bir silah növü döyüş sursatı ilə təmin olunur və döyüş sursatlarının normalarının təyin edilməsi müvafiq qaydada həyata keçirilir.
Patrullara və postlara çıxan atıcılar (həmin postların mühafizəsi silah vasitəsi ilə həyat keçirilirsə) hücumların dəf edilməsi üçün silahla posta çıxmazdan əvvəl təmin olunurlar.
Silahın doldurulub-boşaldılması qarovul rəisinin və ya onun köməkçisinin əmri ilə, onların nəzarəti altında qarovul otağındakı və ya onun yaxınlığındakı xüsusi vasitələrlə və güllə tutan qurğu ilə təchiz edilmiş və işıqlandırılmış yerdə, nəqliyyat vasitəli postlarda növbənin dəyişməsi zamanı isə qarovul rəisinin təlimatında nəzərdə tutulmuş yerlərdə aparılır. Doldurulub-boşaldılma zamanı silahın lüləsi ətraf şəxslərdən kənara tuşlanmalıdır. Qarovul otağı yaşayış və xidməti məntəqələrin yaxınlığında yerləşdiyi zaman silahın doldurulub-boşadılması qarovul otağındakı güllə tutan qurğu ilə təchiz edilmiş yerdə həyata keçirilir.
Silahın boşaldılması və yoxlanılması qarovul otağına gəldikdə dərhal və qarovul rəisinin təlimatında göstərilən yerlərə daxil olduqda həyata keçirilir.
Döyüş sursatının, silahın və xüsusi mühafizə vasitələrinin mövcudluğu və vəziyyəti ayda bir dəfədən az olmamaq şərti ilə HMK-nin rəisi (əlahiddə qrup) tərəfindən yoxlanılır.
Yoxlamanın nəticəsi barədə qeydlər silah və döyüş sursatlarının uçotu kitabında və postlar üzrə cədvəldə aparılır.
Şəxsi heyətin say tərkibindən asılı olaraq HMK aşağıdakı qaydada təşkil olunur:
-1-ci dərəcəli bölmə - 80 nəfərdən çox;
-2-ci dərəcəli bölmə - 16 - 80 nəfər;
-əlahiddə (ayrıca) qrup - 16 nəfərədək.
Komandanın şəxsi heyəti tutduqları vəzifədən asılı olaraq orta və kiçik rəis, eləcə də sıravi tərkibə bölünür, xidməti vəzifələrin yerinə yetirilməsi zamanı müəyyən edilmiş qaydada fərqlənmə nişanları vurulmuş paqonlarla təchiz olunan xidməti geyim paltarları geyinirlər.
Atıcıların 12 saatlıq iş qrafikinə əsasən postda hərəkət etmək və postda xidmət aparma vaxtı ümumilikdə 8 saatdan az və 10 saat 30 dəqiqədən çox olmayan müddətində müəyyən edilir.
Atıcıların fasiləsiz postlarda olma müddəti iqlim və hava şəraiti nəzərə alınmaqla, aşağıda qeyd olunanlardan artıq olmamaq şərti ilə müəyyən edilir:
-daxili postlarda - 4 saat (müstəsna hallarda ayrı-ayrı atıcılar 6 saat xidmət apara bilərlər);
-xarici postlarda - 2 saat.
Tİ rəisinin qərarına əsasən dəyişilmədən 4 saatdan artıq xidmət aparan atıcılara, xidmət zamanı oturmağa icazə verilə bilər.
Havanın hərarəti -14°C-dən aşağı (isti sığınacaq olmadıqda) və ya + 41°C-dən yuxarı olduqda, doymuş və doymamış karbohidrogenlərin miqdarı mədən ərazilərində qapalı iş sahələrində 300 mq/m3, açıq iş sahələrində - atmosfer havasında isə 5 mq/m3 artıq olduqda, təbii radioaktiv fonun yol verilən normalardan 8-12 mkRs artıq olduqda, postda xidmət aparan atıcılar 1-2 saatdan bir dəyişdirilməlidir.
Atıcıların iş vaxtı nəzərdə tutulan aylıq normadan artıq işləməsi, yalnız post cədvəlində öz əksini tapmaqla və əmək qanunvericiliyinin müddəalarına əsasən tənzimlənir.
Təlimat alaraq işə çıxmaq üçün qarovulun şəxsi heyəti iş yerinə 30 dəqiqə əvvəl gəlməlidir. Bu müddət iş saatlarının aylıq normasına daxil edilmir.
Qida qəbulu üçün mühafizənin şəxsi heyətinə:
-12 saatlıq iş qrafikinə əsasən - 1 saat 30 dəqiqə (növbə ərzində 2 dəfə);
-24 saatlıq iş qrafikinə əsasən - 3 saat (növbə ərzində 3 dəfə) vaxt ayrılır.
Qarovulun şəxsi heyəti tərəfindən mühafizə olunan əraziyə, binalara, otaqlara, anbarlara, xüsusi texnikanın və nəqliyyat vasitələrinin saxlandığı dayanacaqlara, eləcə də xüsusi rejim təyin edilmiş istehsalat sahələrinə (sex, emalatxana) daxil olmağa icazə obyekt rəhbərliyi və ya ona səlahiyyəti olan şəxslər (həmin şəxslər obyekt rəhbəri tərəfindən təyin edilir və təsdiqlənmiş siyahı mühafizə xidmətinə təqdim olunur) tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmiş daimi və ya birdəfəlik buraxılış vərəqələri əsasında həyat keçirilir.
Binaları, otaqları, anbarları və xüsusi rejim təyin edilmiş istehsalat sahələrini (sex, emalatxana) açmağa və dayanacaqda saxlanılan xüsusi və ya digər texnikanı qarovuldan almağa gələn şəxslər obyekt rəhbərliyi tərəfindən təyin olunur.
Qarovul otağında - mühafizə olunan binaları, otaqları və xüsusi rejim təyin edilmiş istehsalat sahələrini (sex, emalatxana) açmağa səlahiyyəti çatan və ya oraya buraxılmasına icazəsi olan səlahiyyətli şəxslərin siyahısı və imzalarının əsli, buraxılış vərəqələrinin və vəsiqələrinin, möhürlərin və plombların nümunələri (həkk olunan izlər) olmalıdır.
Obyektlərin etibarlı mühafizəsini və qarovulun şəxsi heyətinin sayının azaldılması məqsədi ilə Mühəndis texniki mühafizə vasitələrindən (bundan sonra MTMV adlanacaq) istifadə edilir. Onlara daxildir:
-obyektdaxili və perimetr boyu aşkarlama vasitələri;
-texniki qarşısını alma və təsiretmə vasitələri;
-MTMV-nin siqnallarını qəbuletmə aparatları;
-kabelli və ya radio şəbəkəli siqnalizasiya.
Obyektlərinin etibarlı mühafizəsinə aşağıdakı qaydada, MTMV istifadəsi ilə nail olunur:
-MTMV-nin növünün düzgün seçimi və onların mühəndis-texniki sədlər ilə kompleks şəkildə istifadəsi;
-MTMV-nin quraşdırılmasının gizli (gözlə görünməyən) şəkildə həyata keçirilməsi;
-yüksək səviyyədə quraşdırılması, onların vəziyyətinə mütəmadi olaraq baxış keçirilməsi və nəzarət edilməsi;
-MTMV-nin qəfildən işə düşməsi zamanı qarovulun şəxsi heyətinin sayıq və vaxtında hərəkət etməsi.
-MTMV siqnallarını qəbul edən cihazlar, yanğın siqnalizasiyası qarovul rəisinin otağında və ya bu məqsədlər üçün ayrılmış idarəetmə pultu olan otaqlarda quraşdırılır.
MTMV siqnallarını qəbul edən cihazlar, yanğın siqnalizasiyası qarovulxanada qarovul rəisinin otağında və ya bu məqsədlər üçün ayrılmış idarəetmə pultu olan otaqlarda quraşdırılır.
MTMV-nin fasiləsiz işləməsini təmin etmək üçün əlavə olaraq sərbəst qidalandırma mənbəyi quraşdırılır.
Obyektlər yanğın siqnalizasiyası ilə müəyyən edilmiş norma və siyahıya uyğun olaraq təchiz edilirlər.
Obyektdə yanğının qarşısını alan və xilasedici dəstə olduqda yanğını qəbul edən cihaz həmin dəstənin otağında quraşdırılır.
MTMV və ya natamam MTMV ilə təchiz edilmiş obyektlərin mühafizə və müdafiəsi ehtiyatda olan atıcıların postlara çıxarılması, ÇMD-nin patrulluq etməsi və ya qarışıq qrupların vasitəsi ilə təmin edilir.

Mövzu: 3. Mühafizənin təşkilində istinad edilən rəhbər və xidməti sənədlər


Məzmun:
Azərbaycan Respublikasının qanunvericilik aktları, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları, ARDNŞ-nin əmr və sərəncamları, Tİ rəisinin əmrləri, ARDNŞ tabeliyindəki müəssisə və təşkilatlarda buraxılış rejimi və obyektdaxili rejim qaydaları haqqında “Nümunəvi Təlimat”, sifarişçi təşkilatın Tİ ilə razılaşdıraraq təsdiq etdiyi buraxılış rejimi və obyektdaxili rejim qaydaları, hazırda qüvvədə olan “Qaydalar Toplusu”.
HMK və əlahiddə qruplarda aşağıdakı xidməti sənədlər olmalıdır:
-Tİ-nin “QaydalarToplusu”nun təsdiq edilmiş surəti;
-vəzifə və peşə təlimatları;
-“SOCAR tabeliyindəki müəssisə və təşkilatlarda buraxılış rejimi və obyektdaxili rejim qaydaları haqqında Nümunəvi Təlimat”;
-Tİ-nin rəhbərliyi ilə obyekt rəhbərliyinin əvvəlcədən razılaşdırılmış əmri əsasında mühafizə olunan obyektdə mövcud buraxılış rejimi və obyektdaxili rejim qaydaları (qarovulda, NBM və postlarda surəti saxlanılır);
-qarovulun tərkibini, postların sayını, nömrəsini, atıcıların xüsusi vəzifələrini və hər postda silahın tətbiqi qaydalarını müəyyən edən post tabeli. Post tabeli HMK-nin (əlahiddə qrup) rəisi tərəfindən işlənib hazırlanır, obyekt rəhbərliyi ilə razılaşdırıldıqdan sonra Tİ MTKD-nin rəisi tərəfindən təsdiq edilir;
-postların və obyektlərin mühafizəsinin gücləndirilməsi vasitələrinin yerləşdirilməsinə dair plan-sxem;
-mühafizə olunan obyektin xüsusi şəraitdə xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmış mühafizə planı;
-qarovulların xidmətinin yoxlanılması cədvəlləri də əlavə olunmaqla HMK-nin aylıq iş planı;
-xidməti silahların, xüsusi vasitələrin və döyüş sursatlarının uçotu kitabı;
-qarovulların xidməti üzrə sənədlərinin ikinci nüsxələri;
-əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimat jurnalı;
-post cədvəli;
-buraxılış vərəqələrinin nümunələri, möhür və plombların iz və əksləri;
-mühafizə və yanğınsöndürmə üzrə texniki vasitələrin vəziyyətinin qeydiyyat jurnalı;
-xüsusi xidmətlərin telefon nömrələrinin siyahısı;
-qarovul tərəfindən saxlanılan şəxslərin qeydiyyatı kitabı;
-aylıq iş qrafiki (Tİ tərəfindən təsdiqlənmiş);
-qarovul rəisləri tərəfindən XNŞ-yə verilən məlumatların qeydiyyat jurnalı;
-maddi dəyərlilərin çıxarılması-gətirilməsi üzrə sənədlərin qeydiyyatı kitabları və anbarların təhvil-təsliminin qeydiyyat jurnalı;
-HMK-nin (əlahiddə qrup) aylıq, illik işinin təhlili və fəaliyyəti haqqında hesabat sənədləri saxlanılan qovluq.
Fövqəladə hallarda obyektin mühafizəsi planına dair sənədlərdə aşağıdakı məsələlər öz əksini tapır:
-qarovulun (əlahiddə qrupun) bütün tərkibinin və ya bir hissəsinin obyektə çağırıldığı şərait;
-şəxsi heyətin siyahısı, onun həyəcan siqnalı ilə xəbərdar edilməsi, toplanması qaydaları və vasitələri (telefon nömrələri, ev ünvanları, siqnalizasiya və s.), həyəcan siqnalına əsasən toplanacaqları yerlər;
-gücləndirilmiş şəraitdə obyektin mühafizəsinə cəlb edilən qarovulun heyəti və say tərkibi, harada və hansı müddətə əlavə postların yerləşməsi, postlarda xidmət vaxtı, buraxılış rejimi və obyektdaxili rejim qaydaları, ayrı-ayrı hallarda obyektlərin mühafizəsi üçün cəlb ediləcək obyektin əməkdaşlarının siyahısı, şəxsi heyət tərəfindən xidmətin yerinə yetirilməsinə nəzarətin təşkili;
-qarovulun (əlahiddə qrupun) şəxsi heyətinin fəaliyyəti;
-obyektin mühafizəsinin daxili işlərin orqanları və qonşu obyektlərin mühafizə bölmələri ilə qarşılıqlı fəaliyyətinin təşkili.
Fövqəladə hallarda obyektin mühafizə planı Tİ tərəfindən işlənib hazırlanır, obyekt rəhbərliyi ilə razılaşdırıldıqdan sonra Tİ-nin rəisi və ya onun müavini tərəfindən təsdiq edilir.
Fövqəladə hallar üçün obyektin mühafizəsi üzrə qarovulun (əlahiddə postun) sərəncamında aşağıdakı sənədlər olmalıdır:
-bu “Qaydalar Toplusu”;
-post tabelləri;
-obyektin mühafizəsinə dair plan-sxem;
-xüsusi şəraitdə obyektin mühafizəsi planı;
-post cədvəli;
-postların gücləndirilməsi sxemi;
-qarovul rəisinin və onun köməkçisinin, atıcının və mühafizənin həyata keçirilməsinə cəlb edilmiş digər şəxslərin xüsusi vəzifələri;
-mühafizənin gücləndirilməsi üçün nəzərdə tutulmuş texniki vasitələrin vəziyyətinin qeydiyyatı jurnalı;
-əmlakın siyahısı;
-obyektin rəhbərliyi tərəfindən hazırlanaraq Tİ-nin rəhbərliyi ilə razılaşdırılmış buraxılış rejimi və obyektdaxili rejim qaydaları haqqında əmr;
-qarovul tərəfindən saxlanılan şəxslərin qeydiyyatı kitabı;
-xidməti silahların, xüsusi vasitələrin və döyüş sursatlarının uçotu kitabı;
-xüsusi məhsulun daşınması zamanı onun mühafizəsinə dair obyektin rəhbərliyi tərəfindən işlənilib hazırlanmış və Tİ ilə razılaşdırılmış təlimat;
-HMK (əlahiddə qrupun) şəxsi heyətinin təhlükəsizlik texnikasına dair təlimatı.
Fövqəladə hallarda obyektin mühafizə planı və plan-sxemi, təlimatlar qovluğa tikilməli və nömrələnməli, siyahıya alınmalı, qaytanlanmalı və surğuc ilə möhürlənməlidir. Bu qovluq qarovul rəisinin otağında seyfdə saxlanılır.
Mövzu: 4. Buraxılış rejimi.Buraxlış rejimi təmin edilərkən nəzərə alınmalı olan məqamlar.
Məzmun:
Buraxılış rejimi obyekt ərazisinə nəzarətsiz giriş-çıxışı, həmçinin maddi dəyərlilərin qanunsuz çıxarılıb-gətirilməsini istisna edən qayda və tədbirlərin məcmusudur.
Buraxılış rejimi obyektlərin xüsusiyyətləri nəzərə alınmaqla işlənib hazırlanmış və Tİ ilə razılaşdırılmaqla müvafiq obyekt rəhbəri tərəfindən təsdiq edilmiş “Buraxılış rejimi və obyekdaxili rejim qaydaları” ilə tənzimlənir.
Buraxılış rejiminin müəyyənləşdirilməsi zamanı aşağıda göstərilən əsas məqamlar nəzərə alınmalıdır:
-piyadaların mühafizə olunan obyekt ərazisinə buraxılış qaydaları;
-maddi dəyərlilərin obyektə gətirilmə və oradan çıxarılma qaydaları;
-buraxılış vərəqələrini imzalamağa səlahiyyəti olan vəzifəli şəxslərin müəyyən edilməsi, həmin şəxslərin siyahısının (vəzifəsi və imzalarının nümunələri göstərilməklə) mühafizəni həyata keçirən mühafizə komandasına (əlahiddə qrupa) təqdim olunması. Siyahıda dəyişikliklər olarsa, mühafizə xidmətinə dərhal xəbər verilməlidir.
-obyekt ərazisinə şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı üçün NBM-in nəzərdə tutulması;
-yanğınlar, təbii fəlakətlər və digər fövqəladə hallar üçün açarı NBM-də saxlanılmaqla qıfılla bağlanaraq möhürlənmiş əlavə keçidlərin nəzərdə tutulması. Bu keçidlərin vaxtında açılmasına görə qarovul rəisi cavabdehdir.

Yüklə 100,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin