Mənlik şüuru. Termin iki sözdən - «mənlik» və «şüur» sözlərindən ibarətdir. Bu termin daxilində «şüur» sözünün evristik mənası vardır: bu ondan ibarətdir ki, «mənlik şüuru» şüurun mühüm xarakteristikalarından birini təşkil edir. Lakin şüurun digər struktur xüsusiyyətlərindən fərqli olaraq onun özünəməxsus cəhətləri də vardır. Bu cəhətlər «mənlik» sözündə ifadə olunmuşdur. «Mənlik şüurunda» şüurun bütün xüsusiyyətləri insanın «məni» vasitəsilə ifadə olunur və şəxsiyyət hadisəsinə çevrilir. Bu o deməkdir ki, mənlik şüurunda eyni vaxtda həm «mən»ə (subyektə), həm də «qeyri-mən»ə (obyektə) mənsub olan cəhətlər əks olunur. Məsələn, uşaq öz əlini dişlədikdə ağrı hiss edir, anasının, qardaşının və ya kuklasının əlini dişlədikdə isə ağrı hiss etmir. O, öz əli ilə anasının, qardaşının, kuklasnın əlini fərqləndirməyə başlayır.
Mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir. Mənlik şüuru dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fıkir və hisslərinə şüurlu münasibəti nəzərdə tutulur. Onun əsas əlamətləri aşağıdakılardan ibarətdir: insan özünü bütün ətraf aləmdən, yəni «mən»ini, «qeyri-mən»dən ayırır, özünün fıziki, psixi və mənəvi keyfıyyətlərini qiymətləndirir və dərk edir, psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməyə başlayır.
Mənlik şüurunun strukturunda aşağıdakı üç cəhəti xüsusilə fərqləndirmək lazımdır:
1. «Mən obraz» - insanın özü haqqında təsəvvürləri (buna başqa sözlə, psixoloji avtoportret də deyilir).
2. Özünüqiymətləndirmə - insanın özünün özü haqqındakı təsəvvürlərinin adekvat surətdə qiymətləndirilməsi.
3. Potensial davranış reaksiyaları- insanın «Mən obrazı» və özünə verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür etməsi.
Mən-obrazın əsasını insanın özü haqqında bilikləri təşkil edir. Lakin bu biliklər insan üçün heç də adi xarakter daşımır. Onlar insanın özünə münasibətini ifadə edir. Mən-obrazın psixoloji baxımdan əhəmiyyəti də məhz bundan ibarətdir.
Mən-obraz mürəkkəb hadisədir. İnsanda eyni vaxtda dörd «Mən-obraz» «Fiziki-mən», «real mən», «ideal mən» və «sosial mən» mövcuddur.
«Fiziki-Mən » - insanın fiziki məziyyətlərini əks etdirir, və sosial-psixoloji avtoportretin əsas komponentlərindən biri kimi əhəmiyyətlidir.
Fiziki-mən cinsi identifikasiyanın əsasını təşkil edir. Onun formalaşması «bədənin sxemi» haqqında təsəvvürlərin əmələ gəlməsi ilə bilavasitə bağlıdır.
«Real-Mən». İnsan indiki anda özünü necə təsəvvür edir? O, əslində necə adamdır? «Real mən»in məzmununu həmin suallar təşkil edir. Bu zaman insan özünə öz gözüylə baxır. O, özünün «real-mən»i ilə fəxr edə bilər; insanın özü haqqındakı bu obrazı başqa adamlardan gizlətməsi də mümkündür. Bəzi hallarda isə «real-mən» ətrafdakı adamların insana verdikləri qiymətlərə uyğun gəlmir.
«İdeal-Mən». İnsan özünü necə görmək istəyir? Hansı keyfiyyətlərə yiyələnməyə çalışır? «İdeal mən»in məzmununu bu suallara əsasən səciyyələndirmək olar. Adından göründüyü kimi, «ideal mən» insanın özü haqqında idealları ilə bağlıdır. Onun psixoloji baxımdan mənası da, birinci növbədə, bundan ibarətdir: insan öz «ideal mən»ini həyata keçirmək üçün yollar axtarır və bu sahədə böyük səy göstərir. İnsan özünütərbiyə ilə məşğul olarkən adətən özünün «ideal mən»indən çıxış edir.
İnsanm şəxsi keyfiyyətləri çoxdur. Bunların hamısı onun «ideal mən»ində əks olunmur. Hər bir insanın yüksək qiymətləndirdiyi müəyyən keyfiyyətlər vardır. «İdeal mən»də məhz bu keyfiyyətlər əks olunur. Təsadüfü deyildir ki, insan özünütərbiyə ilə məşğul olarkən də özündə hər hansı bir keyfiyyəti deyil, məhz yüksək qiymətləndirdikləri keyfıyyətlərin formalaşmasına xüsusi diqqət yetirir.
«Sosial-Mən». İnsan həmişə özünə başqalarının gözüylə baxır. Başqa adamlar onu necə görürlər? O, özünü başqa adamlara necə göstərmək istəyir? Necə hərəkət etsə, başqa adamlar onu yaxşı adam və ya mütəxəssis (müəllim, çilingər, həkim və s.) kimi tanıyarlar? Bu üç sual yaşından asılı olmayaraq insan üçün böyük əhəmiyyətə malikdir. Axı, bizim hər birimiz insanların içərisində yaşayırıq və istər-istəməz özümüzə onların gözüylə baxmalıyıq. İnsanların qarşılıqlı sosial təsiri prosesində «sosial mən»in əhəmiyyəti də məhz bundadır.
İnsan başqa adamlarla ünsiyyətə girərkən adətən özünün «sosial mən»indən çıxış edir; o, həmişə özünü başqa adamlara yaxşı tərəfdən göstərməyə çalışır, özünün «pis əməllərini» belə müxtəlif yollarla pərdələyir; psixoloji «maskalardan» da bu məqsədlə istifadə edirlər.