Təlqin üçün səciyyəvi cəhət ondan ibarətdir ki, bu zaman hər hansı bir adamın bir nəfərə və ya bir neçə adama verdiyi informasiya onlar tərəfindən qeyri-tənqidi surətdə qavranılır.
Təlqin prosesi nə qədər verbal xarakter daşısa da, bu zaman sözlə təsir prosesində paralinqvistik (səsin keyfiyyəti, diapazonu, tonallığı və s.) və ekstalinqvistik (pauza, öskürmək, ağlamaq, gülmək, nitqin tempi və s.) vasitələr mühüm rol oynayır. İnformasiya mübadiləsinin emosional çalarları da mimika, pantomimika və jestikulyasiya ilə yanaşı paralinqvistik və esktralinqvistik vasitələrlə də ifadə olunur. Suqgerandın (təlqin olunanın) informasiya mənbəyinə qeyri-şərtsiz inanması bu cəhətlə bağlıdır.
Təlqin prosesində informasiyanın qeyri-tənqidi qavranılması ilk növbədə inam effekti ilə izah olunmalıdır. Əgər informasiyanın verilməsi prosesində inam effekti yaranmırsa, adamlar başqalarının onlara göstərdikləri təlqinedici təsirlərə müxtəlif yollarla müqavimət göstərirlər. Buna psixologiyada əkssunqestiya deyilir.
Təlqin psixoloji sirayət ilə bağlıdır, lakin müəyyən xüsusiyyətlərinə görə ondan fərqlənir. Burada əsas cəhət ondan ibarətdir ki, psixoloji sirayət zamanı böyük bir insan kütləsi eyni emosional halətlə yaşamağa başlayır. Təlqin isə tək tərəfli prosesdir.
Təqlid prosesində həm koqnitiv, həm də affektiv cəhətləri fərqləndirmək lazımdır. Onlar təqlid şəraitində özünəməxsus etalon rolunu oynayır. İnsan adətən başqa adamda məhz bu etalonlara müvafiq cəhətləri gördükdə, onu təqlid etməyə başlayır. Koqnitiv və affektiv etalonlar bütövlükdə insanın ən qiymətli keyfiyyətlər haqqında təsəvvür və anlayışlarını əks etdirir.
Təqlidin 2 səviyyəsini fərqləndirmək məqsədəuğundur. Birinci səviyyədə o kor-koranə xarakter daşıyır və daha çox zahiri əlamətlərin təqlid olunması kimi özünü göstərir. İkinci səviyyədə isə təqlidin motivləri insanın bilavasitə sərvət meyllərini ifadə etməyə başlayır, təqlid daxili təhriklə şərtlənir.