3. ideoloji funksiya. Sosiologiya kütlələrin ideya tərbiyəsi, qeyri-elmi baxışlarla mübarizə vəzifələrini də yerinə yetirir. Sosioloji biliklərə yiyələnmək, müxtəlif səviyyəli nəzəriyyələrlə tanış olmaq, konkret faktlar əsasında real vəziyyəti tam təsəvvür etmək insana imkan verir ki, o, ictimai prosesdə öz yerini, mövqeyini daha dürüst başa düşsün, onun fəallığı daha dolğun sosial məna kəsb etsin. Bu bir həqiqətdir ki, sosioloq maksimum obyektiv və dəqiq informasiya almağa maraqlı olsa da, onun tədqiqatlarının nəticələri hər halda siyasi qiymətdən kənarda qalmır. Mövzunun seçilməsi, tədqiqat problemlərinin qoyulması, nəticələrin şərhi hökmən sosioloq alimin sosial-siyasi mövqelərinin təsirinə məruz qalır, onun siyasi maraqlarından və sərvət yönümlərindən az və ya çox dərəcədə asılı olur. Buraya onu da əlavə etmək lazımdır ki, sosioloqun nəticələri və tövsiyələri bu və ya başqa dərəcədə müxtəlif sosial qruplann siyasi mənafelərinə toxunur, müəyyən ideoloji məna kəsb edir. Sosioloqların ideya-siyasi mövqeləri müxtəlif konsepsiyalar arasında gedən mübarizənin mühüm amillərindən biridir.