20. Sosial institutlar və onların təsnifatı Fərdlərin cəmiyyətdəki həyatı sosial institutlar vasitəsilə ifadə olunur. İnstitut termini (latınca –institutum, təşkilat), bərqəraretmə mənasını verir. Sosiologiyada instituta insanların fəaliyyətinin bu və ya digər tərəfini tənzim edən, onların rol və statuslarını müəyyən sistem halına salan normaların, qaydaların və simvolların sabit komleksi kimi tərif verilir. A.R.Radkliff-Brauna görə, institut elə standart xararkterli davranış üsullarıdır ki, onların köməyi ilə cəmiyyətin sosial strukturu –sosial münasibətlər şəbəkəsi, müəyyən zaman kəsiyində öz mövcudluğunu qoruyub saxlayır. Məsələn, ailə institutu ərlə arvadın nəslin artırılması ilə bağlı daimi birgə həyatının cəmiyyət tərəfindən qəbul olunmuş formasıdır. Onun tərkibinə ailədaxili qarşılıqlı münasibətlərin normaları, ailə qurmağın qaydaları, tərəflərin öz rolu ilə bağlı öhdəlikləri və hüquqları, habelə həyatın bu sferasında cəmiyyətin təsdiq etdiyi digər simvollar sistemi daxildir.
İctimai institutun yaranması və məhvi prosesini zadəganların şərəf nümunəsi hesab olunan duellərin timsalında aydın görmək olar. Məlum olduğu kimi, duellər XVI-XVIII əsrlədə zadəganlar arasında münasibətləri aydınlaşdırmaq metodu kimi geniş yayılmışdı. Bu şərəf institutu zadəganın öz şərəfini qorumaq və həmin ictimai təbəqənin nümayəndələri arasında münasibətlərin nizmalanması tələbatından yaranmışdı.
Sosial institutların yaranması prosesi “institutlaşma” adlanır. İnstitutlaşma o vaxt baş verir ki, cəmiyyətdəki konkret ictimai tələbatın ümumsosial miqyas kəsb etdiyi başa düşülür və onu reallaşdırmaq üçün xüsusi davranış normaları işlənilib hazırlanır, lazım olan kadrlar yetişdirlir və resurslar müəyyənləşdirilir.
Tanınmış sosioloq Q.Lenski institutlaşma proseslərini doğuran bir neçə əsas sosial tələbatı müəyyən etmişdir: kommunikasiyaya olan tələbat (dil, təhsil, rabitə, nəqliyyat); məhsullar və xidmətlər istehsalına olan tələbat; mövcud nemətlərin bölgüsünə olan tələbat; vətəndaşların təhlükəsizliyinə, onların həyatının və uğurlarının müdafiəsinə olan tələbat; cəmiyyətdə qeyri-bərabərlik sisteminin (ictimai qrupların mövqelərinin və statuslarının müxtəlif meyarlar üzrə yerləşdirilməsi) qorunub saxlanılmasına olan tələbat; cəmiyyət üzvlərinin davranışı üzərində sosial nəzarətin həyata keçirilməsinə (din, əxlaq, hüquq, cəzaçəkmə müəssisələri) olan tələbat.
Sosial institutların əsas rolu müvafiq sosial tələbatın təmin edilməsindən ibarətdir. Onu reallaşdırarkən hər bir institut öz üzvlərinin birgə fəaliyyətini təmin edən aşağıdakı funksiyaları yerinə yetirir: