2. Sosiologiyanın müstəqil elm kimi meydana gəlməsi və formalaşmasını zəruri edən zəminlər. “Sosiologiya”nın müstəqil bir elm kimi formalaşması dövrünə qədər cəmiyyətin fəaliyyəti və inkişafını öyrənən elmlər qədim Şərqin və Qərbin mütəfəkkirlərinin ümumfəlsəfi baxışlarının (konsepsiyalarının) tərkib hissəsi kimi çıxış edirdi. Ümumfəlsəfi təlimlərin tərkib hissəsi olmaqla sosiologiya cəmiyyətin inkişafının bütün sahələrini, o cümlədən, dövlətçilik problemlərini, siyasəti, hüququ, iqtisadiyyatı, mənəviyyatı, incəsənəti, dini və s. əhatə edirdi. Sonralar bu sahələri öyrənən müstəqil elmlər yarandı.
Qeyd olunduğu kimi, sosiologiyanın müstəqil elm kimi meydana gəlməsi XIX əsrin I yarısına təsadüf edir. Sosiologiyanın məhz bu dövrdə meydana gəlməsinin bir sıra obyektiv əsasları vardır. Sosiologiyanın meydana gəlməsini zəruri edən ilkin zəminlər sırasında bunları qeyd etmək olar;
- Qərbin nisbətən inkişaf etmiş ölkələrində cəmiyyət elə inkişaf səviyyəsinə çatmışdır ki, burada baş verən hadisələri, prosesləri mövcud ictimai elmlərin (cəmiyyətşünaslığın) ənənəvi metodları, üsulları, yanaşmaları ilə izah etmək əlverişli deyildir;
- Cəmiyyət ictimai subyektlərin, ünsürlərin mexaniki toplusu kimi yox, üzvi, sinkretik qanunauyğunluqlar əsasında formalaşan bütöv bir sistem kimi fəaliyyət göstərirdi;
- Cəmiyyətin quruluşunu ideal, utopik (virtual) mövqedən yox, real ictimai-iqtisadi münasibətlərin məcmusu kimi öyrənmək daha məqsədəuyğun idi;
- Cəmiyyətin quruluşu, fəaliyyəti və inkişaf meylləri cəmiyyətşünaslığın, fəlsəfi dünyagörüşün mücərrəd, ənənəvi metodları ilə deyil, reallığı üzə çıxardan empirik, statistik üsullarla, vasitələrlə öyrənilməli idi və s.
Deyilənlərlə yanaşı etnoqrafik, empirik tədqiqatların inkişafı, elmlərin diferensiasiyasının genişlənməsi cəmiyyətin öyrənilməsində iqtisadi, hüquqi demoqrafik və s. Yanaşmalarla yanaşı sosial aspektin də meydana gəlməsini tələb edirdi. Belə yanaşmanı gerçəkləşdirən fransız mütəfəkkiri O.Kont özünün fəlsəfi baxışlarına uyğun olaraq “sosiologiya” dedikdə, cəmiyyət həyatına aid olanların hamısını bura daxil edirdi ki, bu da sosiologiyanın ictimaiyyət anlayışı ilə eyniləşdirilməsi demək idi.
Qeyd etmək lazımdır ki, hələ XVII əsrdə meydana gələn “sosial fizika” nəzəriyyələri cəmiyyətə bütöv sistem kimi yanaşsa da, onu təbiətin bir hissəsi hesab edirdi. Daha doğrusu, cəmiyyətşünaslıq metodoloji baxımdan təbiətşünaslığın tərkib hissəsinə çevrilirdi. Lakin O.Kont “sosial fizika” ideyasını daha da təkmilləşdirməklə əsaslandırırdı ki, “sosial fizika”, yaxud “sosiologiya” cəmiyyət hadisələrinin fiziki hadisələrə şamil edilməsini nəzərdə tutmur.