3. O.Kontun sosiologiyanın meydana gəlməsi və təşəkkülündə rolu. “Sosiologiya” terminini elmə ilk dəfə fransız filosofu və sosioloqu Oqyust Kont (1798-1857) daxil etmişdir.
O.Kont öz təlimini ilk dövrlərdə “Sosial fizika” adlandırırdı. Sonralar Belçikalı alim A.Ketlenin (1796-1874) də bu termindən istifadə etdiyini nəzərə alan Kont öz təlimini “Sosiologiya” adlandırmağa başlayır.
Qeyd etmək lazımdır ki, hələ XVII əsrdə meydana gələn “sosial fizika” nəzəriyyələri cəmiyyətə bütöv sistem kimi yanaşsa da, onu təbiətin bir hissəsi hesab edirdi. Daha doğrusu, cəmiyyətşünaslıq metodoloji baxımdan təbiətşünaslığın tərkib hissəsinə çevrilirdi. Lakin O.Kont “sosial fizika” ideyasını daha da təkmilləşdirməklə əsaslandırırdı ki, “sosial fizika”, yaxud “sosiologiya” cəmiyyət hadisələrinin fiziki hadisələrə şamil edilməsini nəzərdə tutmur.
Vaxtilə O.Kont belə hesab edirdi ki, sosiologiya insan zəkasının və psixikasının ictimai həyatın təsiri ilə necə təkmilləşdiyini öyrənən yeganə elmdir. Sosiologiya ictimai həyat faktlarını, proseslərini müşahidə etmək, təsvir etmək və sistemləşdirmək vəzifələrini yerinə yetirməlidir.
XIX əsrin sonlarına qədər O.Kontun nöqteyi-nəzəri, daha doğrusu, sosiologiyanın cəmiyyətşünaslıqla eyni olan elm kimi nəzərdən keçirilməsi mövcud ədəbiyyatda üstünlük təşkil etmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərindən cəmiyyət məsələlərinə həsr olunmuş tədqiqatlarda sosial aspekt xüsusi olaraq ayırd edilir, onun iqtisadi, hüquqi və s. Aspektlər sırasında özünəməxsus cəhətlərinə daha çox diqqət yetirilir. Bununla sosiologiyanın predmeti xeyli məhdudlaşdırılır və o yalnız ictimai inkişafın sosial problemlərinin öyrənilməsinə aid edilir.
O.Kontun əsas xidməti bundadır ki, o cəmiyyətə bütöv sosial orqanizm kimi baxırdı. Onun fikrincə, cəmiyyət ona daxil olan bütün subyektlərin (şəxsiyyət, təbəqə, sinif) fəaliyyəti və inkişafını müəyyən edir. “Pozitiv siyasət sistemi” adlı əsərində sosial tərəqqi ideyasını əsaslandıraraq O.Kont yazırdı: “Sivilizasiyanın gedişində bəşəriyyət fiziki, əxlaqi, əqli və siyasi cəhətlərdən fasiləsiz olaraq inkişaf edir”.