4. Sosiologiyanın obyekti və predmeti. Cəmiyyət haqqında elm olan sosiologiyanın ümumi tədqiqat obyekti cəmiyyətdir. Metodoloji baxımdan sosioloji idrakın obyekt və predmetinin eyniləşdirilməsi düzgün olmazdı. Təəssüf ki, bəzi tədqiqatlarda belə eyniləşdirməyə yol verilir ki, bu da sosiologiyanın müstəqil elm statusuna ziyan gətirir. Məsələn, ABŞ-da uzun müddət sosial psixologiya və sosiologiya adekvat qəbul edilmişdir. Daha doğrusu, bu ölkədə sosiologiyanın sosial psixologiyadan ayrılması gec baş vermişdir.
Sözsüz ki, obyekt eyni olsa da, hər bir elmin idraki predmeti fərqli olur. Bu baxımdan bütün ictimai elmlərin tədqiqat obyekti olan cəmiyyətin elə spesifik tərəfləri vardır ki, məhz bu sosiologiyanın predmeti kimi çıxış edir. Hər elmin özünəməxsus predmeti vardır. Başqa sözlə, obyektə aid olan müxtəlif qanunauyğunluqlar, səciyyələr, təzahürlər, əlamətlər, xüsusiyyətlər və s. Müvafiq elmin tədqiqat predmetinə çevrilməklə öyrənilir. Elmin predmeti obyektiv reallığın nəzəri abstraktlaşdırılması nəticəsində müəyyənləşir. Tədqiq edilən obyektin fəaliyyət və inkişaf qanunauyğunluqlarının konkret elmin mövqeyindən araşdırılması predmetin düzgün müəyyənləşməsinə imkan verir.
Yanaşma müxtəlifliyi səbəbindən sosiologiyanın obyekti və predmetinin müxtəlif səpkidə izahları mövcuddur. Sosiologiyanın obyekti və predmetinin müəyyənləşdirilməsi ilə bağlı fikirlərin, yanaşmaların, mövqeylərin palitrasını belə təsvir etmək olar;
Sosiologiya cəmiyyət həyatını bütöv sistem, orqanizm kimi öyrənən spesifik, müstəqil elmdir;
Sosiologiyanın tədqiqat obyekti cəmiyyətdə baş verən sosial əlaqələrin və münasibətlərin məcmusudur;
Sosiologiya elminin predmetinin müəyyənləşdirilməsində sosial qanunauyğunluqların düzgün öyrənilməsi həlledici rol oynayır. Daha doğrusu, sosial əlaqə və münasibətlərin daşıyıcısı (subyekti) kimi çıxış edən sosial qrupların, siniflərin və digər sosial birliklərin fəaliyyəti və inkişafını əks etdirən sosial qanunauyğunluqlar sosiologiyanın predmetinə çevrilir. Qeyd etmək lazımıdır ki, sosial münasibətlərin məcmusu həm də cəmiyyətin sosial sahəsini formalaşdırır.
Beləliklə, sosiologiyanın predmetini sosial münasibətlər, yəni insanların, sosial qrupların bir-birinə münasibətləri, onların həyat fəaliyyəti, şəraiti və amilləri ilə, cəmiyyətdəki mövqe və rolları ilə şərtləndirilmiş münasibətləri təşkil edir. Bu əlaqə və münasibətlərin məcmusu sosial sistem kimi sosioloji idrakın öbyektinə çevrilir. Bu baxımdan sosiologiyanın elm kimi vəzifəsi sosial sistemləri öyrənməklə yanaşı, bunlara aid olan əlaqə və münasibətləri tədqiq etmək, onları məqsədyönlü tənzimləmək üçün onlaırn müxtəlif sosial sistemlərdəki fəaliyyət mexanizmi və təzahür formaları haqqında biliklər toplamaqdır.