Yoxdur haqq-hesabı çəkən, çevirən,
Pəncərə gözlüyü kasıblar üçün…
Dünyanın ləzzəti meşələr, dağlar,
Çiçəkli ormanlar varlılar üçün.
Şeirdə imkanlıların min bir cah-calalla ömür-gün sürdükləri, kasıb
bəndələrin isə adi yaşam haqqını ödəyən qəpik-quruş içində əzildikləri
misralara köçür, dükan görəndə ağzı sulanan binəva insanların əhvalı şair
ürəyini yandırır və qələminin kağız üzərində harayına çevrilir.
Müəllif bacısı qızı şairə Pərvanə Nizaməddinə şeirlə yazdığı “Gətirə
bilsən, gətir” məktubunda bütöv bir elin adət-ənənəsini ustalıqla,
sənətkarlıqla qələmə alır:
Anamın nəfəsindən,
Atamın ər səsindən,
Yaşamaq həvəsindən,
Gətirə bilsən gətir.
96
O bu şeirdə Qazax elində bişirilən yeməklərdən, çəmənlərində, dağ-
larında, yaylaqlarında bitən çiçəklərdən, bulaqlardan, bütöv bir mahalın
adət-ənənələrindən bəhs edir. Bizim tərəflərdə nə qurut hazırlanır, nə də
qatlama bişirirlər. Şairə yazdığı bu mənzum məktub vasitəsilə oxucusunu
söz qatarına mindirib ustalıqla çəkib öz yerlərinə aparır, adət-ənənələri və
mətbəxi ilə onu tanış edir. Bax, poeziyanın uğuru budur. Şairənin “Bir mey-
dan istəyirəm” şeri Qarabağ müharibəsinin veteranı şairə Aida Vüsala ithaf
olunub. Şeirdə bütünlüklə keçmişimizdə və bugünümüzdə qəhrəmanlıq
göstərən qadınlarımızın adı sadalanır. Şeirdə Qarabağ müharibəsində canı
odlar görmüş Salatının, Gültəkinin, Məleykənin, Familənin, Aidanın,
Rüxsarənin, Gülarənin adları yad edilir, şücaətləri dilə gətirilir:
Ey kişi libası geyənlər,
Sözlərini hünərlə deyənlər,
Çağırın Salatını, Gültəkini,
Məleykəni, Familəni, Aidanı,
Cavahiri, Rüxsarəni, Gülaranı,
Ayağımız altından torpaq qaçmayıbsa,
Səmamız haqsızlıqdan uçmayıbsa…
Fəridə Ləmanın “Bir meydan istəyirəm” şeri bütöv bir milləti döyüşə,
vuruşa, qisasa çağırır. Ona görə “söz xəncərdən itidir” deyirlər, sözün
gücü, dizin gücüdür! Bu gücün, bu təpərin alovu adamın ürəyini yandırır,
damarlarını cuşa gətirir. Bax, budur vətənpərvər poeziya. Böyük rus şairi
Nekrasov demişdir: “Şair olmaya bilərsən, ancaq vətəndaş olmaq bor-
cundur”, çünki Vətənin varlığı onun vətəndaşından asılıdır. Müəllifin
“Tamahkar”, “Oyaq olmaq istəmirəm”, “Səni mən ağartdım, ay qara
saçım”, “Ağladan ağladır”, “Vətən dərdi”, “Görməmiş”, “Sevin Vətəni”
kimi şeirləri millətin cəfalarından, üzləşdiyi haqsızlıq və özbaşınalıqlardan
bəhs edir. “Sevgi düşüncələri” şerində şair elə bil bir anlıq da olsa əzablar
içində çırpınan ruhunu dincəldir:
Bir azca yaxın otur,
Bir azca mehriban ol,
Başını qoy çiynimə.
Əllərini ver mənə.
97
Bax gözümün içinə,
Bax qəlbimin suçuna,
Səni sevirəm axı!
Həqiqi məhəbbət ağrı-acılarla cilalansa da onun şirinliyi, sevdalığı
in san ruhunda, şüurunda şahanə bir taxt qurub. Şair sözlə məhəbbətini
ovudur. Söz əslində gözəgörünməz bir varlıqdır, onun dairəsi genişdir,
sonsuzdur. O, bütün dövrləri yerindən silkələməyə qadirdir. Biz bu qa-
dirliyin ucalığını Fəridə Ləman yaradıcılığında görürük. Şair iqtidarda
olan hakimiyyətin uğurlarına göz yummur. Ölkənin birinci xanımı, millət
vəkili Mehriban Əliyevaya həsr etdiyi “Xanım Mehriban” şerinə bəstəkar
Zabitə Məmmədova musiqi də bəstələyib. Kitabın üçüncü fəslində
mərhum prezident Heydər Əliyev haqqında yazdığı “Onu zaman seçib”
poeması da bu qəbildəndir. Bu poema görkəmli bəstəkar Cövdət Hacıyevin
8-ci simfoniyasının şeir mətni kimi də götürülmüşdür. Bu fəsildə həmin
poemanın ingiliscə tərcüməsi də yer alıb. Müəllif xalqın işıqlı gələcəyi
üçün çalışanların zəhmətini poeziyaya gətirir, öz könül prizmasından baxır
və yüksək qiymət verir. Şair kitabın ikinci fəslini nəvəsi Əmirxana həsr
edib. Əmirxanın dünyaya gəlişindən təsirlənib yazdıqları şeirlər elə fidan
balalarımızın hamısına şamildir:
Sən Vətən aşiqi, Torpaq aşiqi,
Səman aydın olsun, həyatın nurlu.
Sən elə böyü ki, elə yaşa ki,
Baxanda hər zaman görüm qürurlu!
Onun “Şirin pay verib”, “Sarıl bu bayrağa”, “Əmirxan çağırır”, “Yazıq
sərçələr”, “Qızılgülümsən”, “Xurcun əhvalatı”, “Bu ki, ayrandır…” kimi bədii
uğurları gül balalarımıza gözəl töhfədir. Üçüncü fəsildə müəllifin Böyük Vətən
Müharibəsinin ağrı-acılarından bəhs edən “Abumüslüm dastanı” polkovnik-
leytenant Abumüslüm Baxşıyevə həsr olunub. Poema uzaq cəbhələrdə canını
güllə qabağına vermiş bir vətən oğlunun keçdiyi həyat yolunun müsibətlərindən
bəhs edir. Fəridə Ləmanın “Anama məktub” kitabının üçüncü fəslində bəşəri
hisslərlə yoğurulmuş “Fələstin” poeması da yer alır.
Bu kiçik poemada müəllif sinəsi dağlı-düyünlü Fələstin xalqının ağrı-
acılarını öz başımıza gətirilmiş müsibətlərlə uzlaşdırır:
98
Azadlıq olmayan yerdə çatışmaz hava,
Olmaz dərdlərə dəva…
Bir zaman əzab köynəyindən doğulmuşuq,
Qan içində boğulmuşuq…
1947-ci ildən fəlakətlər tüstüsündə boğulan fələstin anası bu gün də dərd
içində çapalayır, balaları gülləbaran edilir, haqqı tapdalanır, əzablardan
mütiləşmiş dünya susur. Sonda müəllif Fələstinlə Qarabağın müsibətini
eyniləşdirir. Eyni dairədən qaynaqlanan əli qanlı, başı havalı, pulu çox,
vicdanı yox zülmkarlar şeytanla ünsiyyətdən yorulmur, bulanıq sular du-
rul mur ki, durulmur. Dünyanın hər yerində müsəlman insanın haqqı tapda-
lanır, bəxtinə su calanır, varlığı paralanır, ürəyi yaralanır. Fəridə Ləman da
məhz bu haqsızlıqlara qarşı qələmini itiləyir, cahanı əyri yola yuvarlayan-
larla söz savaşına çıxır.
Yazımın əvvəlki səhifələrində qeyd etdiyim kimi Fəridə Ləman icti-
maiyyətçi bir xanımdır. Ona görə onun dairəsi çox genişdir. Ziyalı təbəqə
ilə daim ünsiyyətdə olan xanım sənətkarın ünvanına çoxlu sayda şeirlər
həsr olunub. Həm məktublar yazılıb, həm də Fəridə Ləman yaradıcılıqla
məşğul olan qadın və kişi sənətkarlarımıza çoxlu sayda şeirlər həsr edib.
Haqq dünyasına qovuşmuş Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi müəl-
lifin yaradıcılığı barədə öz tutarlı fikirlərini bildiriblər. Ədəbiyyat alə-
mində tanınmış qələm sahibləri Fəridə Ləman yaradıcılığını yüksək
qiymətləndirib. Müxtəlif vaxtlarda, müxtəlif mətbu orqanlarında onun
alim, şair, jurnalist-publisist kimi uğurlu fəaliyyətindən könül dolusu söz
açı lıb. Elə “Anama məktub” kitabının dördüncü fəsli də müəllif haqqında
yazılan saysız məktub və məqalələrdən ibarətdir. Alim, jurnalist, şair Fəridə
xanım Ləman nəinki ölkəmizdə, hətta məmləkət xaricində də tanınır. Onun
ölkəmizdən kənarda, qonşu İran və Türkiyədə şeirləri çap olunub və Fəridə
xanım bu ölkələrdə Azərbaycanın bir şair xanımı kimi tanınır, sevilir, onun
qələminə, şəxsiyyətinə hörmət və ehtiramla yanaşılır. Bir sıra ödül və
mükafatların daşıyıcısıdır. Fəridə Ləman Allah adamıdır, müqəddəs Həcc
ziyarətində olub. Mən də Fəridə xanım Ləmanın sənət uğurlarıyla qürur
duyur, ona möhkəm cansağlığı və yaradıcılıq sevincləri diləyirəm.
Səsin daima zirvələrdən eşidilsin, Allahın nəzəri üstündən əskik ol-
masın, Fəridə Ləman…
26-27.07.2010
|