ANADAN ŞAİR DOĞULAN MÜŞfİQ...
(Mikayıl Müşfiqin əziz xatirəsinə...)
Neft Daşlarında – Geofizikada işlədiyim vaxtlarda hər dəfə Böyük
Zirə (Nargin) adasının yanından sərnişin gəmimiz keçərkən istər-istəməz,
özümdən asılı olmayaraq qəhər məni boğurdu... O ada tərəfə baxa bilm-
irdim. Mənə elə gəlirdi ki, o adada bir zaman dəhşətlər içində haqsızcasına
gülləbaran edilmiş insanların bədbəxt ruhları dolaşır. Sanki bu ruhlar büt-
ün günü bir-birlərinə iblislər əlində qırılmış ömürlərinin şirinliklərindən
bəhs edə-edə, acı qəhqəhələr çəkə-çəkə, oyan-buyana vurnuxa-vurnuxa
sarı tüstü-dumanda bozaran Bakıya sarı boylanırlar... Böyük Zirə adasına
yetişəndə, hətta gəminin göyərtəsində bərkdən səs çıxardan adamlara, üzdə
büruzə verməsəm də ürəyimdə acığım tuturdu, çünki istəyirdim ki, onlar da
mənim kimi Böyük Zirə adasına baxanda orda şəhid olanların əziz xatirəsinə
hörmət əlaməti olaraq bir anlıq da olsa sükuta dalsınlar. Elə zənn edirdim ki,
əgər belə etsək, orada sərgərdan dolaşan ruhlar da toxtaqlıq tapar...
Böyük Zirədə məhv olan insanların çox qismi aylıq qazanc haqqı
üçün gəmidə gedən adi insanlar kimi deyildi. Onların əksəriyyəti milli
mənsubiyyətinə görə, milli dəyərinə görə, xalqın arasından çıxmış sayılıb-
seçilən şəxsiyyətlər idi. Onları zamanın acı fırtınası şeytanların ağız-ağıza
147
verib ulaşdığı bir dövrdə haqsızcasına, imansızcasına tar-mar etdi. Bütün
arzularını, istəklərini heçə-puça endirdi. Evlərini xaraba qoydu, ailələrini zorla
zindanlara atdı, sürgünə yolladı, boş qalmış xanimanlarında bayquşlar uladı...
Bu yaxınlarda televiziya kanallarının birində deyirdilər ki, bəs oranı
turist məskəni etmək istəyirlər. Doğrusu, bu xəbəri eşidəndə çox pis
olmuşdum. Çox zaman şayiələr həqiqətə çevrilir...
Yaxşı olardı ki, hökumətimizin başında duranlar nakam ruhların
qaynaşdığı bu adanı qoruğa çevirsinlər. O ada açıq muzey kimi fəaliyyət
göstərsin. Yerli əhali və ölkəmizə qonaq qismində gələnlər üçün Böyük
Zirə adasıyla tanış olmaq üçün gediş-gəliş gəmiləri fəaliyyət göstərsin. Ən
nəhayət, orada faciəli şəkildə öldürülənlərin ruhuna hörmət əlaməti olaraq
abidə ucaldılsın... Bir çoxumuza məlumdur ki, həmin adada dustaqların
vaxtilə yaşadığı uçuq-sökük daxmalar qalmaqdadır...
Hələ məktəb zamanından şeirlərini sevə-sevə oxuyub birnəfəsə
əzbərlədiyimiz Mikayıl Müşfiq də belə bir bədbəxt tale yaşadı. Bəxtinə
iyirmi doqquz il ömür düşən Müşfiq anadan şair doğulmuşdu. Bunu onun
məhəbbət dolu, eşq dolu şeirlərinin axıcılığı da bizlərə diktə edir. Cəsədləri
Xəzərin qorxulu fırtınalarına yem olan faciə qəhrəmanlarından biri də
yəqin ki, Müşfiqdir... Həyatının baharında, ömrünün bar-bəhər verdiyi za-
manlarda cismi yox edilib, ruhu incidilən Müşfiq!.. Nə idi bu böyük, bu
istedadlı şairimizin günahı, hətta ona qəbir evini də çox gördülər?!
Bu gün müşfiqsevərlər, onun xatirəsini əziz tutanlar Xızı bölgəsinə,
onun doğulduğu ata evinə üz tutmalı olurlar. Ona yadigar məzar da qoy-
mamaq üçün çox güman ki, cismini Xəzərin sularına qərq etdilər!..
Bu yaxınlarda internet portallarında Müşfiqlə bağlı səhifələri aramağa
başladım. Bu böyük şairə saytlarda bir sevgi, bir istək, bir məhəbbət
gördüm. Bəlkə o, birinci şairdir ki, onun haqqında vikipediyadan, viki-
mənbədən tutmuş facebook da daxil olmaqla nə qədər istəyirsən gen-bol
məlumatlar var. Şeirləri internet çatlarında çinar kimi sıralanıb. Ürəyim
qürur hissilə doldu, sağ olsun bu portalları qurub-yaradan və insanlarımızın
istifadəsinə verən kəslər! O kəslər ki, bizim çoxlarımızın bəyənmədiyimiz,
ürəyi Vətən eşqilə yanan qeyrətli, həqiqi mənada qürur doğuracaq gənc
insanlarımızdır. Belə gənclərin şəninə nə qədər qürurverici sözlər desək
azdır. Necə deyərlər, ömürləri ləyaqət çərçivəsində uzun, bəxtləri ağ ol-
sun! Bu gənclər Azərbaycanımız üçün çox böyük işlər görürlər internet
çatlarında. Onların özləri də elə Müşfiq qədər əzizdirlər bizlərə.
148
İnternet nədir? İnternet Yer kürəsini öz cibində gəzdirmək deməkdir.
Dünyada baş verən bütün hadisələrdən gün ərzində xəbərdar olursan, hətta
imkansızlıq ucbatından xarici ölkələrə ayaq basa bilməyən insanlarımız in-
ternet vasitəsilə bütün dünyanı səyahət edə bilir. Keçən əsrin 90-cı illərində
səsimizi içimizdə batıranların öz səsləri bu gün sürətli internet bazarında
dərin quyunun dibindən gəlir.
Beləliklə, mətləbdən qaçmayaq. Yazacağımız mövzunun üzərinə
qayıdaq, hətta vikimənbədə Müşfiqin dillər əzbəri olan “Yenə o bağ
olaydı”, “Oxu tar”, “Maralım”, “Yaşa könül”, “Sənə qurban”, “Küləklər”
kimi eşqi-məhəbbətdən bəhs edən 50-yə yaxın həyati şeirlərilə bahəm
bolşevik ab-havasını tərənnüm edən “28 Aprel”, “Zəfər səsləri”, “Əmək”,
“İrəli” kimi şeirləri də yer alıb. Bəs sovet dövrünün yaranışını böyük bir
şövqlə nəzmə çəkən şairi kimlər ölüm girdabına sürükləmişdi? Hansı qara
əllər iyrənc caynaqlarını onun yaxasına keçirmişdi? Axı o hələ çox gənc
idi, amma gənc olmasına baxmayaraq 70 il, 80 il qələmi kağızlarda ah-
vay edən şairlərin yaza bilmədiklərini o cəmi-cümlətanı iyirmi doqquz
ilin içində yaza bilmişdi. Əgər Allah verən ömrü qoysaydılar yaşamağa
hələ neçə-neçə dastanların, poemaların, şeirlərin müəllifi olacaqdı, amma
qoymadılar. Nəyə görə?.. Ona görə ki, Müşfiq anadan şair doğulmuşdu...
Bunu isə o zamanın dırnaqarası mənəviyyat adamlarının bir çoxu götürə
bilmədi, çünki Müşfiq cilalanmış almaz idi. O öz misra şəfəqlərilə aləmə
nur saçırdı...
Bu nurun işığından gözləri qamaşanlar öz ala-yarımçıq bacarıqlarından
qorxdular. Qorxdular ki, Müşfiq sağ olsa onlar Müşfiqin yanında çox
solğun, üzgün, cılız, aciz görünəcəklər. Elə ona görə də şeirlərilə könülləri
ovsunlayan, ürəkləri riqqətə gətirən şairi susdurdular. Susdurdular ki, bül-
bül kimi cəh-cəh vuran misraları, bəndləri bir də şair qəlbindən doğulmasın.
Onlar təkcə Müşfiqin özünə yox, həyat işığı görməmiş neçə-neçə şeirlərinin
də qətlinə fərman verdilər. Onlar ədəbiyyatımızı, kitab rəfini bəzəyəcək
Müşfiqin doğulmamış əsərlərinə həsrət qoydular. Onlar ən nəhayət,
mənəviyyatımıza zərbə vurdular Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd
Cavad kimi şairləri məhv etməklə... Özləri nə qazandılar, nəyi qazandılar
bilmirəm, amma biz belə mənəviyyat adamlarını itirməklə çox şeyləri
bada verdik. “Kommunist” qəzetinin 20 iyun 1937-ci il tarixli sayında
Ə.Əkbər adlı müəllif “Müsavatçıların tulası Müşfiq” adlı bir məqalə çap
etdirib. Məqalənin kiçik bir parçasını istəkli oxucuların diqqətinə təqdim
149
etmək istəyirəm: – “İkiüzlü Əhməd Cavad, Hüseyn Cavid, Sanılı və
onların ayrılmaz quyruğu olan Mikayıl Müşfiq uzun illər boyu sosializm
quruculuğumuza istər açıq, istərsə də gizli surətdə zidd olmuş və murdar
işlərini davam etdirmişlər”. Adından da göründüyü kimi məqalə başdan-
başa təhqir, böhtan, kinayə ilə doludur. 5 yanvar 1938-ci ildə isə Müşfiqi
güllələyiblər. Bu məqaləni nə erməni, nə rus, nə yəhudi yazıb. Bu məqaləni
adından göründüyü kimi Ə.Əkbər yazıb, necə deyərlər, sapı özümüzdən
olan baltalar... Bu gün də Ə.Əkbərlərin xələfləri mövcuddur, amma dövr o
dövr deyil, ona görə də Ə.Əkbərlər o qədər əl-qol ata bilmirlər...
Aman Allah, çox illər ağlımızın gerçəkliyindən qorxaqlıq boylandı,
içimiz ağrılar içində alışıb yandı. Öz ahımızın fəryadına xəlvəti hıçqırdıq,
bu hıçqırtılar kirpiklər üstündə şəbnəmlər təki parladı gecəbəgündüz...
Biz uzun illər özümüzə gələ bilmədik. Bu gün də hələ yaşlı nəslimiz o
qorxuların xofu altından titrək baxışlarla ətrafa boylanmaqdadır. O
illərin qanlı havasını udanlar, zəhər kimi ciyərlərinə çəkənlər öz küskün
mənləri ilə başa-başa inləməkdədirlər. Elə bu sətirləri yaza-yaza Müşfiqin
ürəyindən qopub qələminə süzülən, ağ vərəqlər üstündə göyərçin tək qa-
nad açan “Yenə o bağ olaydı” şeri qulaqlarımda səslənir:
Dostları ilə paylaş: |