46.Vizuallaşdırmanın mahiyyəti
İkinci fəsildə yalnız kontrollerin quruluşu, konfiqurasiyası və proqramlaşdırılması məsələlərinə baxılmışdır. Texnoloji prosesin gedişinə nəzarət, onun işinə bu və ya digər dərəcədə müdaxilə etmək isə həmin səviyyədə mümkün deyil və ya əlavə texniki vəsaitlərdən istifadə etmək lazımdır. Bu isə kontrollerin tətbiqinin effektini azaldır. Qeyd etmək lazımdır ki, lokal cihazlarla idarə edilən texnoloji proseslərdə bu məsələlər böyük sahələrdən ibarət operator otaqlarında panellərdə yerləşmiş göstərən, özüyazan cihazlar və idarəedici vəsaitlər vasitəsilə yerinə yetirilir.
Kontrollerli idarəetmə sistemlərində isə texnoloji prosesin gedişinə nəzarət və idarəetmə məqsədilə müdaxilələr virtual vizuallaşdırma (görüntüləmə) vəsaitlərinin köməyi ilə həyata keçirilir. Vizuallaşdırma vəsaitləri əsasən ekranı olan operator panellərindən ibarətdir. Xüsusi hallarda idarəetmə şəbəkəsinə qoşulmuş kompüter displeylərindən də istifadə etmək olar. Belə vəsaitlərlə təchiz edilmiş operator otaqları dəfələrlə kiçik sahədə, hətta, bəzən operator paneli idarə edilən prosesin ərazisində qoyulmuş dayaqda yerləşir.
Texnoloji prosesə nəzarət və onun idarə edilməsinə müdaxilə vizuallaşdırma vəsaitlərinin ekranında idarə edilən texnoloji prosesin sxemi və həmin sxemin münasib yerlərində nəzarət olunan parametrlərin ədədi qiymətini və ya zamana görə dəyişməsini göstərən, müdaxilə etməni təmin edən virtual cihazların vasitəsilə həyata keçirilir.
Müxtəlif vizuallaşdırma sistemləri mövcuddur: WinCC Flexible, SCADA, LabVIEW SCADA, TİA və s. Bu systemlərin hər birinin özünə məxsus xüsusiyyətləri vardır. Bu fəsildə WinCC Flexible vizuallaşdırma sistemi öyrənilir. Sistemin imkanları kifayət qədər genişdir. Vəsaitdə vizuallaşdırmanın ümumi prinsipləri, daha çox rast gəlinən idarəetmə işlərinin vizuallaşdırılma qaydaları öyrənilir.
Dostları ilə paylaş: |