Azərbaycan Dilinin Mənəvi Mühafizəçisi və Dövlət Şərəfli Qoruyucusu
Azərbaycan dili zaman-zaman tənə və təhqirlərlə, planlı assimilyasiya hücumları ilə, qəsd və repressiyalarla da üzləşdi. Ədəbiyyatımız, mədəniyyətimiz bu bədnam basqılara, mənəvi repressiyalara, assimilyasiya hücumlarına qarşı həmişə etiraz səsini qaldırdı. Bu yerdə dahi Səməd Vurğunun “Yandırılan kitablar” şeirindən misralar yada düşür:
Sənmi türkə xər deyirsən, mənim şeir dilimə?!
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!
Dahilərə süd vermişdir Azərbaycan gözəli!
Tarix boyu Azərbaycanın dahi oğulları Azərbaycan dilinin keşiyində, müdafiəsində mətanətlə dayandı, onun təəssübünü çəkdi, şərəfini, şöhrətini, halal haqqını, hüquqlarını hünərlə qorudu. Bu baxımdan, Azərbaycan dilinə Heydər Əliyev sevgisi bütün dövrlərə, bütün zamanlara örnək ola bilər.
Azərbaycan dilinə yüz illərin, min illərin Qorqud və Füzulilər sevgisini, qayğısını Heydər Əliyev şərəflə, müdrik uzaqgörənliklə davam və inkişaf etdirdi.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı Azərbaycan dilinə dövlət qayğısının, Heydər Əliyev sevgisinin bariz nümunəsi, daha bir təsdiqidir. Bu, doğma ana dilinin qədim tarixinə, çətin və şərəfli inkişaf yollarına, misilsiz uğurlarına dərindən bələd olan dahi dövlət xadiminin bütün dünya azərbaycanlılarına örnək, nümunə ola biləcək dəyişməz mövqeyidir.
Bütün bunlara, çoxsaylı uğurlarımıza görədir ki, dövlətimiz getdikcə öz böyük tarixinə, güclü mədəniyyətinə, doğma dilinə daha çox qovuşur, bu özünəqayıdışla ruhən daha da ucalır, mətinləşir, məğlubedilməz olur. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanında deyilir: “... Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Bu vətəndaşlıq borcunun necə, hansı miqyasda həyata keçirilməsinin ən gözəl nümunəsini Ümummilli liderimiz Heydər Əliyev göstərib və bu gün də göstərməkdədir.
Bu gün də Yeni Azərbaycan Partiyası Heydər Əliyev kimi banisi, dahi öndəri ilə güclüdür, qalib və qüdrətlidir. Heydər Əliyevin böyük Azərbaycan sevgisi ilə, saf, sağlam tarixi köklərə əsaslanan azərbaycançılıq ideyaları ilə silahlanan Yeni Azərbaycan Partiyası milli-mənəvi dəyərlərimizə, tarix və mədəniyyətimizə, xüsusilə dilimizə elmi-praktik münasibəti ilə də digər kiçik partiyalardan seçilir, yüksəkdə durur. Respublikamızın dövlət dilinə, doğma Azərbaycan dilinə həqiqi övlad, əsl vətəndaş münasibəti, dilimizin tarixi və çağdaş maraqlarını layiqincə qorumaq, onu daim inkişaf etdirmək xətti Yeni Azərbaycan Partiyasının strateji hədəflərindən biridir. Hamıya çox yaxşı məlumdur ki, bu strateji xəttin istiqamətvericisi, elmi-nəzəri və praktik nizamlayıcısı dahi dövlət xadimi Heydər Əliyevdir. Yeni əlifbaya - latın qrafikalı yeni Azərbaycan əlifbasına keçidi özünəməxsus elmi-nəzəri təmkinlə, cəsarətli prinsipiallıqla reallaşdıran, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi işi ilə bağlı xüsusi Fərman imzalayan və bunu daim nəzarətdə saxlayan Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinin ən böyük müdafiəçisi olub.
Dostları ilə paylaş: |