T
elman QULİYEV
MİLLİ-MƏDƏNİ İRS
VƏ DİL AMİLİNƏ KULTUROLOJİ BAXIŞ
(Naxçıvan dialektinin terminoloji
leksikası nümunəsində)
BAKI – 2014
Redaktoru
v
ə ön sözün müəllifi: prof. dr. Ramiz Əskər
Telman Quliyev.
Milli-mədəni irs və dil amilinə kulturoloji baxış.
Bakı, "Ziya", 2014, 216 səh.
Kitabda müasir dövrdə dövlətimizin mədəniyyət siyasəti, zəngin irsimizin tədqiqi və təbliği ilə bağlı bəzi məqamlar, milli varlığımızın qorunmasında və inkişafında dilin rolu araşdırılır, bu sahə Naxçıvan dialektinin terminoloji leksikası nümunəsində nəzərdən keçirilir.
Kitab tələbələr, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN: 978-9952-8142-0-0
©Telman Quliyev, 2014
ÖN SÖZ
Gənclik dostum Telman Quliyev mətbuat aləmində kifayət qədər tanınır. O, uzun illər “Şərq qapısı” qəzetində müxbir və tərcüməçi olmuş, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində məsul vəzifələrdə işləmiş, 80-ci illərin sonlarından kütləvi informasiya vasitələrində sovet imperializminin və onun sadiq nökəri erməni-daşnak faşizminin Azərbaycana qarşı məkrli siyasətinin ifşa olunmasında xüsusi əməyi olmuşdur.
Telman Quliyevin fəaliyyətinin mühüm bir qismi xalqımızın dahi oğlu, ümummilli lideri, ulu öndər Heydər Əliyevin Naxçıvanda işlədiyi mürəkkəb dövrə təsadüf etmişdir. Naxçıvan şəhərindən Naxçıvan MR Ali Məclisinə deputat seçilən Telman müəllim Ali Məclis sessiyaları katibliyinə rəhbərlik etmişdi. O, deputat yoldaşları ilə birlikdə Moskvadan Mixail Qorbaçovun, Bakıdan Ayaz Mütəllibovun təzyiqlərinə qarşı çıxaraq, Heydər Əliyevin siyasi dəst-xəttini müdafiə etmişdir. Jurnalist və deputat kimi dəfələrlə döyüş bölgəsində, cəbhə xəttində olan, bir neçə dəfə Dağlıq Qarabağa yardım aparan Telman müəllim əhali arasında milli vətənpərvərlik hisslərinin yüksəlməsinə çalışmışdır.
Mən, bu kiçik yazımda Telman Quliyevin yalnız çox məhdud dairədə bilinən başqa bir cəhəti haqqında danışmaq istəyirəm. O, tanınmış jurnalist, publisist, ictimai xadim olmaqla yanaşı, həm də istedadlı bir tədqiqatçıdır. Onun mətbuat səhifələrində dərc olunan yazılarına və efirdə səslənən bütün verilişlərinə bir elmi üslub və analitik təhlil xasdır. Hətta onları elmi aparatla təchiz edilməyən elmi əsərlər adlandırmaq mümkündür.
Telman müəllimin yazılarının mühüm bir hissəsini isə doğrudan-doğruya elmi məqalələr təşkil edir. O bunları Bakı Dövlət Universitetində təhsil aldığı 70-ci illərdən başlayaraq qələmə almışdır. Əvvəlcə jurnalistika fakültəsində oxuyan, hərbi xidməti başa vurub qayıtdıqdan sonra isə təhsilini filologiya fakültəsində davam etdirən gənc Telman yay aylarında qəzetçi kimi staj keçərkən və ya filoloq kimi dialektoloji təcrübə müddətində Azərbaycan dialektlərində işlənən, lakin ədəbi dildə olmayan termin səciyyəli bir sıra söz və ifadələri toplamış, onların linqvistik xüsusiyyətlərini araşdırmış və haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, bunlar ədəbi dilimizin lüğət tərkibinə daxil edilməli, terminoloji leksikanı zənginləşdirməlidir.
Bəzi misallara müraciət edək. Məsələn, biz bostan və tərəvəz məhsulları ilə addımbaşı qarşılaşırıq və onların ədəbi dildəki adlarını bilirik: paxla, lobya, noxud, kələm, pomidor, xiyar, tərxun, keşniş, nanə və s. Bəzən dükanda-bazarda bu sözləri də eşidirik: maş, gülbəsər. Əslində, bunlar da termindir, maş faraş lobya, gülbəsər erkən xiyar deməkdir. Yaxud heyvandarlıq sahəsində hamının bildiyi buzov, dana, düyə, inək, buğa və öküz sözləri ilə yanaşı qısırəmən və cöngə terminləri var ki, bunlardan qısırəmən bir yaşdan iki yaşa qədər dişi heyvanı, cöngə isə iki yaşdan böyük erkək heyvanı ifadə edir.
Yaşa görə keçi növlərində sıravi oxucu oğlaq, çəpiş, dıbır/dübür, təkə və erkəci/ərkəci bilir. Əslində isə burada qidik (altı aydan bir yaşa qədər), küvər (bir yaşdan böyük dişi keçi), sibir (üşyaşar erkək keçi), seyiz (dördyaşar erkək keçi), xar (üçyaşar axtalanmış erkək keçi) növləri də var ki, onların adları yalnız bu sahədə işləyən adamlara məlumdur.
Telman müəllim xalq təsərrüfatının müxtəlif sahələrinə dair yüzlərcə bu tipli sözləri xalq arasından toplamış, elmi şəkildə təsnif etmiş və sistemləşdirmişdir. Bu sözləri oxuduqda adam dialekt və şivələrimizin son dərəcə zəngin xəzinə olduğu qənaətinə gəlir. Müxtəlif əlamətlərinə görə qoyun növləri bu baxımdan çox maraq kəsb edir. Orada almaz qoyun – balasını əmməyə qoymayan qoyun; qol qoyunu – çoban yatanda onu oyatması üçün öz qoluna bağladığı qoyun; yava qoyun – özü sağına gələn qoyun; səmə qoyun – sürüdən geriyə qalan qoyun; sülək qoyun – sürüdən ayrılıb yem üstünə qaçan qoyun; fizək qoyun – yad quzunu əmizdirən qoyun kimi növləri görürük.
Tədqiqatçı əsasən Naxçıvanda işlədilən ot, çiçək və ağac adlarını, dərman bitkilərinin adlarını, xəstəlik adlarını, vəhşi heyvan, quş və həşərat adlarını, məişət leksikası, toxuculuq, inşaat, arıçılıq, toy və yas mərasiminə aid sözləri toplamış və yeri gəldikcə onların başqa bölgələrimizdə istifadə olunan adlarla, bəzən də qardaş türk dillərindəki ekvivalentləri ilə müqayisə etmişdir. Bunlar etnoqrafik baxımdan son dərəcə maraqlı materiallardır.
Telman müəllimin bu sahədəki araşdırmaları onun bəzi məqalələrində, kurs işlərində və diplom işində öz əksini tapmış, Bakı Dövlət Universitetində ona dərs deyən müəllimlərin diqqətini cəlb etmişdir. Onlar bu işi dissertasiya mövzusu kimi götürməyi məsləhət görmüşlər. Təəssüf ki, o, ardıcıl olaraq elmi işlə məşğul olmamışdır.
Telman Quliyev bu sahədəki axtarışlarını sonralar da davam etdirmiş və külli miqdarda faktiki material yığmışdır. Dostlarının təkidinə baxmayaraq topladığı bu materialın bazasında dissertasiya yazmaq fikrini vaxtın ötdüyü bəhanəsi ilə yaxın qoymamışdır. Yalnız mənim israrlı xahişim qarşısında bunları heç olmasa bir kitab halında nəşr etməyə razılıq vermişdir. Bu zaman məsələyə milli-mədəni irsimizin tədqiqi və təbliğində dilin roluna kulturoloji baxış mövqeyindən yanaşmış, müasir dövrdə dövlətimizin mədəniyyət siyasəti, mədəni irsin tədqiqi məsələləri, milli-mədəni varlığımızın mühafizəsində dil amili, dilin kulturoloji mahiyyəti, bu sahədə folklorun əhəmiyyəti və toplanması ilə bağlı bəzi məqamları da gözdən keçirmiş, öz tədqiqatını daha da dolğunlaşdırmış, monoqrafik bir səviyyəyə çatdırmışdır.
Əziz oxucu! Əlinizdəki bu dəyərli tədqiqat işi həcmcə çox böyük olmasa da, məzmunca çox maraqlıdır. Oxuduqca bunu görəcək və ürəyinizdə onun müəllifinə təşəkkür edəcəksiniz.
Prof. Dr. Ramiz ƏSKƏR
Bakı Dövlət Universitetinin
Türk xalqları ədəbiyyatı kafedrasının
müdiri, Azərbaycanın əməkdar jurnalisti
MİLLİ-MƏDƏNİ İRS SAHƏSİNDƏ
DÖVLƏT MƏDƏNİYYƏT
SİYASƏTİ
Bəşər mədəniyyəti tarixi təcrübəsi sübut edir ki, xalq insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan mədəni irsin, milli-mənəvi dəyərlərin yaradıcısıdır. Bu mənada elə təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras da məhz bu dəyərlərdir. Lakin hər bir tarixi mərhələdə bu kulturoloji problemə münasibət eyni olmamışdır. Bu gün mədəni dünyanın modern baxışlarında da zamanın tələblərindən irəli gələn amillər müşahidə edilməkdədir. Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət özünü göstərir ki, Azərbaycan Respublikası da bu prosesdə fəal iştirak etməkdədir. Artıq bu, danılmaz bir faktdır ki, Azərbaycanda milli və bəşəri dəyərlərin sintezi, dünya təcrübəsi yönündə həyata keçirilən islahatlar dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmağa şərait yaradır. Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlar da yalnız tarixi-mədəni irsimizin tədqiqi yolu ilə elmi mahiyyət kəsb edə bilər.
Azərbaycan Respublikası demokratik bir mədəniyyət siyasəti xətti tutduğuna və müasir dünya mədəniyyətinə inteqrasiya olunduğuna görə, mədəniyyətimizin özündə böyük bir dəyişiklik etmədən, yəni mühafizə edilməsi zəruri olan milli-mənəvi dəyərlərimizə xələl gətirmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq məcburiyyətində olduğumuzu qəbul etməliyik. Bu gün istəsək də, istəməsək də qloballaşma hərəkatından, mədəni inteqrasiya prosesindən kənarda qala bilmərik. Bu prosesin müsbət cəhətlərinin cəmiyyətimizin mədəni tərəqqisinə xidmət etdiyini danmamaq şərtilə, neqativ təzahürlərinin qarşısını almaq barədə də düşünməliyik [92, s.135].
Mədəniyyət siyasəti sahəsində qazanılan nailiyyətlər sübut edir ki, Azərbaycanın dövlət müstəqilliyi getdikcə möhkəmləndirilir və respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi daha da sürətlə inkişaf etdirilir. Dövlətçiliyin təməlinin, milli varlığın özülünün, əsasının mədəniyyətə bağlı olduğunu aydın dərk edən ümummilli lider Heydər Əliyev 13 avqust 2001-ci il tarixli bəyanatında söyləmişdir: “Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.
Təbii ki, sovet hakimiyyəti illərindəki nailiyyətlərimizi də danmaq olmaz. O dövrdə də uğurlarımız olmuşdu, xalqımız savadlanmış, onun mədəni səviyyəsi yüksəlmiş, Azərbaycanın böyük elmi yaranmış, respublikamızın milli mədəniyyəti sahəsində bir sıra uğurlar əldə edilmişdir. Lakin bunlar kommunist ideologiyasının rəhbər və istiqamətverici rolunu tanımaq şərtilə əldə edilmişdi. Çünki başqa cür düşünmək belə olmazdı. Milli-mənəvi dəyərlər, soy-kökə qayıdışla bağlı hər hansı müstəqil ideyalarla çıxış etmək sadəcə olaraq qadağan idi [15, s.293-294].
Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının elan edilməsi (18 oktyabr 1991-ci il) ilə Azərbaycan yenidən itirilmiş istiqlaliyyətini özünə qaytarsa da, istər daxili, istərsə də xarici siyasətində əsl müstəqilliyə nail ola bilmədiyi kimi, dövlət səviyyəsində maddi və mənəvi dəyərlərin qorunması və yaşadılması üçün də əslində heç bir iş görülmürdü. Azərbaycanın başının üstünü yenidən öz müstəqilliyini itirmək təhlükəsi aldı. Belə bir ağır şəraitdə xalqın təkidi və tələbi ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə bütün bu neqativ hallara son qoyaraq hər cür separatçılıq meyllərini aradan qaldırdı, ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, iqtisadiyyatı fəlakətli vəziyyətdən qurtarmaq üçün islahatlar proqramını işləyib hazırladı və həyata keçirməyə başladı. Mədəniyyət sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirildi, elm və təhsilə qayğı artırıldı.
Digər məsələlərdə olduğu kimi, mədəni irs və milli-mənəvi dəyərlər məsələsinə münasibətdə də Heydər Əliyevin mövqeyi aydın və qəti oldu: “Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirlərini həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir” [15, s. 295-296].
Heydər Əliyev gənc nəslin milli ruhda tərbiyə olunması məsələsini əsas vəzifələrdən biri kimi irəli sürmüşdür. Dövlət başçısı bu məsələdən bəhs edərkən belə deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz” [15, s.295-296]. Maraqlıdır ki, Heydər Əliyev tariximizdən bəhs edərkən onu mənəviyyatımızla sıx əlaqədə görür və göstərir ki, bütün mərhələlərdə xalqımızın tarixinin əsasını təşkil edən yüksək mənəviyyat olmuşdur və tarixi keçmişimizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran da, bizim üçün nümunə edən də onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır.
Bu gün Azərbaycanın dünya birliyinə inteqrasiyası sahəsində və Avropa Şurasındakı uğurları göz qabağındadır. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan İlham Əliyevin bu mötəbər beynəlxalq məclisdəki parlaq çıxışları, onun başçılıq etdiyi deputat qrupunun erməni millətçiləri üzərindəki qələbələri hər bir Vətən övladında haqlı qürur hissi doğurur. Bununla yanaşı, İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının büro üzvü seçilməsi və vitse-prezidenti kimi yüksək vəzifəyə layiq görülməsi Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artdığını sübut edən daha bir parlaq faktdır.
Ümumdünya tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin layiqli varisi İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan, habelə bütün dünyanın 50 milyonluq azərbaycanlıları dirçəliş yolundadır. Azərbaycan xalqı yaxın gələcəkdə Böyük Azərbaycanın intibahını gözləyir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti olmaqla bərabər, həm də dünya azərbaycanlılarının yeni lideridir. Azərbaycanın prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir.
İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur. Onun həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
İlham Əliyev Heydər Əliyevin Azərbaycan xalqının mədəni irsinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları (12 yanvar 2004-cü il), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqı, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir.
Heydər Əliyev tərəfindən müəyyənləşdirilən mədəniyyət konsepsiyasının İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan Respublikasının mədəniyyət siyasətinin mütərəqqi və təminatlı perspektivlərindən xəbər verməkdədir. Bu, özünü Naxçıvanın tarixi-mədəni irsinə münasibətdə də göstərməkdədir ki, bu da təbii sayılmalıdır. Çünki Naxçıvan ərazisi ilk insan məskənlərindən biridir. Qədim daş dövründən başlayaraq insanlar bu ərazidə yaşamış, zəngin mədəniyyət yaratmışlar. Bu diyarda Azərbaycan xalqının tarixi, elmi və mədəni irsi formalaşmışdır. Bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarı əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi statusunu qoruyub saxlamışdır.
Hər bir xalqın qədimliyini sübut edən onun mədəniyyətidir, tarixi abidələridir. Bu cəhətdən Naxçıvan ərazisi xüsusilə diqqəti cəlb edir. Naxçıvan torpağı antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Bu qədim diyarda hər addımda ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, qayaüstü rəsmlərə, daş qoç heykəllərə, türbələrə – bir sözlə, nadir maddi-mədəniyyət nümunələrinə rast gəlmək mümkündür. Naxçıvandakı Qazma, Əshabi-Kəhf və Kilit mağaraları daş dövrü mədəniyyətinin qalıqlarını yaşatmaqdadır. III minilliyin sonu – II minilliyin əvvəllərində Naxçıvan ərazisində Oğlanqala, Çalxanqala, Govurqala kimi qala şəhər məntəqələri yaranmışdır. Gəmiqaya qayaüstü rəsmləri e.ə.IV-I minillikdə xalqımızın bədii təfəkkürünü, adət-ənənələrini, estetik-fəlsəfi baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli təsvirlər qalereyasıdır. Dahi memar Əcəmi Naxçıvani XII əsrdə Naxçıvanda elmin tükənməz imkanlarını nümayiş etdirərək xalqımıza Yusif Küseyir oğlu və Möminə xatın türbələri kimi möhtəşəm sənət nümunələri qoyub getmişdir. Orta əsrlərdə və sonrakı dövrlərdə Naxçıvan diyarında yüzlərlə belə abidələr ucaldılmışdır. Bunu nəzərə alan ulu öndərimiz Heydər Əliyev qeyd etmişdir ki, “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır” [79, s.2].
Naxçıvanın tarixi-mədəni irsinə xüsusi qayğı ilə yanaşan Heydər Əliyev öz çıxışlarında həmişə vurğulayırdı ki, Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, 5000 illik tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunların hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir. Naxçıvan Azərbaycanın Dədə Qorqud mərkəzlərindən biridir və “Kitabi-Dədə Qorqud”un çox izlərinin Naxçıvanda olması Naxçıvanın Azərbaycanın nə qədər qədim və zəngin diyarı olduğunu bir daha göstərir. Naxçıvanın xüsusiyyətlərindən biri də burada milli ruhun, milli şüurun, azərbaycançılığın çox yüksək səviyyədə olmasıdır [118].
Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Naxçıvanın mədəniyyət müəssisələri şəbəkəsi daima diqqət mərkəzində saxlanılmışdır. Öncə yaradılan mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsini də məhz bu qayğının nəticəsi kimi qeyd etmək vacibdir. Bu prosesdə muzeylərin etnoqrafik və folklor materiallarının qorunmasında və həmçinin tədqiq edilməsində xüsusi rol oynaması göz önündədir. Fəxrlə demək olar ki, 1968-ci ildə dövlət statusu almış Naxçıvan Dövlət Tarix Muzeyində hal-hazırda 41 mindən artıq eksponat saxlanılır. Qeyd etmək lazımdır ki, bu muzey 1924-cü ildə tarix-etnoqrafiya muzeyi kimi yaradılsa da, 1968-ci ilə qədər tarix-ölkəşünaslıq muzeyi adlandırılmışdır. Burada Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif milli geyimlər, tətbiqi sənət nümunələri, xalça məmulatları, maddi mədəniyyət və qədim numizmatika materialları, eyni zamanda məişət əşyaları, qiymətli metallardan hazırlanmış zinət, rəssamlıq əsərləri və s. nümayiş etdirilir. Muzeydə elmi-tədqiqat işlərinin aparılması, stasionar və səyyar sərgilərin təşkili, anım mərasimləri, müxtəlif görüşlər, elmi-nəzəri və təcrübi konfranslar, dəyirmi masa və s. maarifləndirici tədbirlərin həyata keçirilməsi də çox diqqətəlayiq hal kimi qiymətləndirilir.
Orta əsrlərdə yaşamış və dövrünün məşhur memarlarından sayılan Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən Möminə Xatın, Yusif Küseyir oğlu türbəsinin və bundan başqa müəllifi olduğu digər memarlıq abidələrinin şəkilli materiallarının, qazıntılar zamanı aşkar olunmuş gümüş və mis pulların, bir sözlə, xalqımızın mədəniyyətini, tarıxını özündə əks etdirən bir sıra dəyərli abidələrin sərgiyə çıxarılması da böyük məna kəsb edir.
Onu da deyək ki, bu muzey Muxtar Respublikada tək deyil. Eyni zamanda onunla yanaşı 6 regional tarix-diyarşünaslıq muzeyi də fəaliyyət göstərir. Bütün muzeylərin vətənimizin tarix və mədəniyyətini əks etdirərək milli və tarixi yaddaşın qorunmasında və formalaşmasında müstəsna rolu vardır.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən ümummilli lider Naxçıvan haqqında da çox dəyərli fikirlər söyləmişdir. O, Naxçıvana duyduğu sonsuz sevgini belə ifadə etmişdir: “Müqəddəs Naxçıvan torpağı mənim üçün əziz bir yerdir. Mən bu torpağın qarşısında baş əyirəm. Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur. Naxçıvan qədim diyardır. Arxeoloji tapıntıların təhlilinə görə demək olar ki, Azərbaycanın ən qədim diyarlarından biri Naxçıvandır” [118].
Son illərdə Naxçıvan Muxtar Respublikasında istər sosial-iqtisadi, istərsə də siyasət və mədəniyyət sahəsində gedən sürətli inkişaf göz qabağındadır. Bütün Respublikamızda olduğu kimi, Naxçıvanın da belə çiçəklənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həmçinin, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun adı xüsusilə vurğulanmalıdır. Çünki məhz yuxarıda adı çəkilən şəxsiyyətlərin böyük zəhməti və bacarığı sayəsində abadlıq və quruculuq işləri yüksək vüsət almışdır.
Naxçıvanın hərtərəfli öyrənilməsinə, tarixi-memarlıq abidələrinin bərpa və restavrasiyasına ciddi əhəmiyyət verilir. Naxçıvan MR Ali Məclisi sədrinin rəhbərliyi ilə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” (1996) beynəlxalq simpoziumu Naxçıvan diyarının tarixinin xalqın milli mənafeyi baxımından, obyektiv şəkildə araşdırılmasında mühüm rol oynamışdır. Son 10 ildə Naxçıvanın tarixi, mədəniyyəti, toponimikası, biomüxtəlifliyi və təbii ehtiyatlarının öyrənilməsi, azərbaycanlıların soyqırımı və deportasiyası tarixi, maarifçilik hərəkatının inkişafı və b. məsələlərlə bağlı onlarla konfrans və simpozium keçirilmişdir. Naxçıvan mövzusunda, onun tarixi, mədəniyyəti, abidələri, folkloru ilə əlaqədar çoxsaylı kitab və monoqrafiya çap olunmuşdur. İki cildlik “Naxçıvan ensiklopediyası” və “Naxçıvan: tarixi və abidələri” kitabları əhəmiyyətlilik dərəcələrinə görə diqqəti xüsusilə cəlb edir. Naxçıvan diyarının tarixinin, mədəniyyətinin, arxeologiyasının, etnoqrafiya və folklorunun öyrənilməsi, Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması, Naxçıvanda “Dədə Qorqud” meydanının salınması, Nuh peyğəmbərin məzarüstü türbəsinin bərpa edilməsi haqqında və sair bu kimi vacib məsələlərlə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müxtəlif fərman və sərəncamları olmuşdur [79, s. 3].
Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında mühüm hadisə olan Naxçıvan Ensiklopediyası xalqımızın ümummilli lideri Heydər Əliyevin “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” 1999-cu il 12 fevral tarixli sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti nəzdində yaradılmış Naxçıvan ensiklopediyası qurumu tərəfindən hazırlanmış və 2002-ci ildə nəşr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında” 2004-cü il 9 fevral tarixli sərəncamı ilə müəyyən edilmiş tədbirlər planına uyğun olaraq Naxçıvan Ensiklopediyasının təkrar nəşr edilməsi qərara alınmışdır. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan Ensiklopediyasının təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşri hazırlanmışdır. Naxçıvan Ensiklopediyası Muxtar Respublikanın təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşrdir. Burada Muxtar Respublikaya həsr olunmuş kompleks məqalədən əlavə, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr verilmişdir [77, s.5].
Naxçıvan Muxtar Respublikasının tarixinə aid məqalələrə nəzər salsaq, bu ərazidə baş verən mühüm hadisələrin, müharibələr və onları sona çatdıran müqavilələrin, arxeoloji mədəniyyətlərin ensiklopedik prinsiplərə uyğun gəlməsindən bəhs edildiyini görürük. Bu ensiklopediyadakı yazılar Naxçıvanın bütün Yaxın Şərqdə yüksək sivilizasiyanın ilkin ocaqlarından olduğunu bir daha sübut edir. Naxçıvan Ensiklopediyasında həmçinin xalqımıza başucalığı gətirən, respublikamızı bütün dünyaya tanıdan bir sıra görkəmli dövlət, siyasi və ictimai xadimlərin, tanınmış alimlərin, şair və yazıçıların, müxtəlif sahələrdə uğur qazanmış digər şəxsiyyətlərin də tərcümeyi-halı, yaradıcılığı və s. haqqında məqalələr verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamından sonra Azərbaycan MEA Naxçıvan Bölməsində işçi qrupu yaradılmış və ərazidə olan tarix və mədəniyyət abidələri tədqiq edilmiş, hər bir abidəyə pasport yazılmışdır [79, s.4].
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2002-ci il tarixli (№ 1003) sərəncamı Naxçıvan Muxtar Respublikasında elmi tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şərait yaratdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi haqqında” 2008-ci il 19 mart tarixli sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”na əsasən çap olunmuş “Naxçıvan abidələri ensiklopediyası” dil, folklor, tarixi-etnoqrafik materiallarla zəngin bir mənbədir. Bu ensiklopediya bir daha təsdiqlədi ki, Naxçıvan ərazisində dünya miqyaslı tarixi-memarlıq abidələri mövcuddur və onlar bu gün də qorunur. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini özündə əks etdirən abidələrdir... Azərbaycanın siyasi, iqtisadi və elmi-mədəni həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində hazırlanmış “Naxçıvan abidələri ensiklopediyası”nda Naxçıvan Muxtar Respublikası ərazisində olan dünya və ölkə əhəmiyyətli tarixi, arxeoloji, mədəniyyət, memarlıq, təbiət abidələrindən, körpü, qala, ziyarətgah və yaşayış yerlərindən bəhs edilir [79, s.4].
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan mədəniyyət, ədəbiyyat, tarixi-mədəni irs və milli-mənəvi dəyərlər haqqında bir sıra qanunları təsdiqləmiş, fərmanlar vermiş, sərəncamlar imzalamışdır. Onun 2 oktyabr 2006-cı ildə imzaladığı “YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə “YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il 17 oktyabr tarixli Konvensiyası” təsdiq edilmişdir [84, s.156].
Həmçinin möhtərəm Prezidentimizin 29 yanvar 2004-cü il tarixli Fərmanı ilə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanunu”nun icrası təmin edilmişdir.
Ümumiyyətlə, Azərbaycanın dövlət rəhbərlərinin – ümummilli liderimiz Heydər Əliyevin və İlham Əliyevin mədəniyyət sahəsində imzaladıqları qanun, fərman və sərəncamlar da sübut etməkdədir ki, respublikamızın tutduğu yol mədəni dünyaya inteqrasiya yoludur və beynəlxalq mədəniyyət təşkilatlarının kulturoloji layihələrinə qoşulmaq yoludur.
Bu mənada dünya elmi-nəzəri fikrində kulturoloji problemlərlə bağlı bir sıra mübahisəli məsələlər olsa da, insanın mədəniyyətin məhsulu olması və bəşəriyyətin qlobal problemlərdən xilasında mədəniyyətin müstəsna roluna dair mütəxəssislər arasında da ciddi bir fikir ayrılığı yoxdur. Ümumilikdə isə, bəşəriyyətin kulturoloji irsinin öyrənilməsi, mühafizəsi və təbliği məsələləri mədəni dünyanı getdikcə daha çox düşündürməkdədir. Son illərdə bu sahədə bir sıra ciddi beynəlxalq layihələr həyata keçirilmiş, konvensiyalar qəbul edilmişdir. Məsələn, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransı 3-21 oktyabr 2005-ci il tarixində Paris şəhərində keçirilən 33-cü sessiyasında mədəni müxtəlifliyin bəşəriyyətin fərqləndirici xüsusiyyəti olduğunu təsdiqləyərək, “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” konvensiya qəbul etmişdir [25]. 2004-cü il noyabrın 17-19-da Avropanın siyasi, iqtisadi, mədəni həyatının, vətəndaş cəmiyyətinin nümayəndələri, dövlət rəsmiləri “Avropa üçün ruh” adlı üç günlük konfransda ciddi qərarlar qəbul etmişlər. 2006-cı ildə keçirilən II Berlin konfransında “Mədəniyyətin Avropada birlik və rifah üçün intensiv istifadəsi” təşəbbüsü irəli sürülmüşdür. Avropa Komissiyasının prezidenti X.M.Barrozu Berlində 2006-cı ildə keçirilən konfransın memorandumunda vurğulamışdır ki, “Avropa Birliyi öz inkişafında elə mərhələni qət etmişdir ki, artıq mədəniyyət faktoruna biganə qala bilməz. Birliyimizin gələcəyi üçün mədəniyyəti hərəkətverici qüvvə kimi inkişaf etdirməliyik. Avropanı birləşdirən inteqrasiya proseslərinə yalnız zahiri, maddi irəliləyiş deyil, həm də mədəni, mənəvi tərəqqini, keyfiyyət yüksəlişini təmin etmək üçün ruh, qəlb gərəkdir. Gələcək üçün Avropanın mədəni enerjisi səfərbər edilməlidir. Bunsuz sabitliyə nail olmaq qeyri-mümkündür”. Həmçinin, Avropa Komissiyasının prezidenti bu konfransda 2008-ci ilin “Mədəniyyətlərarası dialoq ili” olacağını bəyan etmişdi [3, s. 22-24].
Bu çərçivədə Azərbaycanda da mədəniyyətə dair bir sıra mühüm beynəlxalq tədbirlər keçirilmiş və 2008-ci ildən Bakı Prosesi başlamışdır. 2008-ci il dekabr ayının 2-3-də Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda Bakıda keçirilmiş konfransının, 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı seçilməsi münasibətilə təşkil edilmiş tədbirlərin, 2010-cu ildə Bakıda Dünya Dinləri Liderlərinin Zirvə Görüşünün, 2011-ci il aprelin 7-9-da Bakıda keçirilmiş Beynəlxalq Forumun, 10 oktyabr 2011-ci ildə Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilmiş Beynəlxalq Humanitar Forumun nəticələri, artıq bir neçə ildir ənənəvi hal almış Qəbələ Beynəlxalq Musiqi Festivalı və nəhayət Azərbaycan Respublikası Prezidentinin 2011-ci il noyabr ayının 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalaması da mədəniyyət fenomeninin bəşəriyyətin gələcəyi üçün nə qədər bir əhəmiyyətli faktor olduğunu təsdiqlədi. Habelə “Muğam”, “Aşıq sənəti”, “Xalça sənəti” və “Novruz bayramı” kimi milli dəyərlərin YUNESKO tərəfindən dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi və Mədəniyyət və Turizm Nazirliyinin ənənəvi olaraq Milli Kulturoloqların Forumunu keçirməsi, eləcə də digər layihə və tədbirlər, elmi konfrans və simpoziumlar milli-mədəni irsin tədqiqinə və kulturoloji istiqamətli elmi araşdırmalara stimul verməkdədir [91, s.3-4].
Dostları ilə paylaş: |