Milyonlarla insan hər gün radio və televizorun köməyi ilə dünyanın müxtəlif yerlərində baş
vermiş mühüm hadisələrdən xəbər tutur. Səs və görüntülər uzaq məsafələrə xüsusi cihazlar və peyk
antenaları vasitəsilə ötürülür.
1895-ci ildə rus fiziki A. S. Popov radioqəbuledici və radioötürücü aparatı icad etmişdir.
Avropada isə radionun kəşfi çox vaxt italyan alimi Qulyelmo Markoniyə aid edilir. O vaxtdan radio zəruri
rabitə vasitəsinə çevrilmişdir.
Televizorun (yunanca "tele" - uzaqlıq, latınca "vizor" - görmə sözlərindəndir) ixtirası isə bir qədər
sonraya - XX əsrin 20-30-cu illərinə təsadüf edir. 1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir
Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira etdi. 30-cu illərin ortalarından
televiziya verilişlərinin yayımı başlandı. İlk televiziya verilişi 1936-cı ildə Londonda olmuşdur. 1939-cu
ildə ABŞ mühəndisləri A. Roze və X. Yoms tərəfindən televiziya ötürücü trubkası (optikon) ixtira edildi.
Avropada yalnız 50-ci illərdə televiziya geniş yayılmağa başladı.
Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio qurğusu 1924-cü
ildə quraşdırılmışdır. 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 26-
da ilk radio verilişi efirə çıxmışdır. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil
edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı.
Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxmışdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı da artmışdır.
Hazırda ölkədə dövlət radio və televiziyası ilə yanaşı ANS, Lider, Speys, Azad Azərbaycan, Bürc FM
kimi özəl televiziya və radio kanalları müxtəlif məzmunlu verilişlər yayırlar.
2005-ci il avqustun 31-də İctimai Televiziyanın yayıma başlaması Azərbaycan teleməkanını daha
da genişləndirmişdir.
Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd
olunur.
28
12 NOYABR
KONSTİTUSİYA GÜNÜ
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu -
Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli
konstitusiyasıdır.
"Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin ali hüquqi qüvvəyə malik
olan əsas qanunlar məcəlləsi belə adlanır. Demokratik dövlət olan ABŞ-da nümayəndəli demokratiyanın
yaranması hökumətin qərar qəbul etmək üçün istinad edə biləcəyi müəyyən qaydaların olmasına zərurət
yaratdı. Nəticədə dünyada ilk dəfə olaraq dövlət quruculuğunu, hakimiyyət strukturlarını, eləcə də qərar
qəbul etmə qaydalarını müəyyənləşdirən ali qanun - Konstitusiya yaradıldı.
Müasir dövlətlərin çoxunun konstitusiyası var. Konstitusiyası olmayan dövlətlərdə isə idarəetmə
adət-ənənələrə, dini qaydalara əsaslanır. Bir qayda olaraq, konstitusiyalar uzun müddətə qəbul edilir və
nadir hallarda dəyişdirilir. Belə dəyişikliklər, adətən, müharibələr, inqilablar və ya ölkənin siyasi
kursunun kəskin surətdə dəyişilməsi nəticəsində baş verir. Məsələn, Almaniya Federativ Respublikasının,
İtaliya və Yaponiyanın konstitusiyaları bu ölkələrin II Dünya müharibəsində məğlubiyyətindən sonra
yenidən qəbul edilib. ABŞ Konstitusiyası isə, əksinə, 200 ildən çoxdur ki, fəaliyyət göstərir. Böyük
Britaniyada isə məsələ başqa cürdür. Burada konstitusiya tipli ali qanun yoxdur. Ölkənin idarə olunması
çoxəsrlik tarixi olan ənənələrin və ayrı-ayrı qanunların əsasında həyata keçirilir.
Azərbaycan Xalq Cümhuriyyəti Konstitusiya qəbul etməsə də, Milli Şurada qəbul edilmiş
İstiqlaliyyət Bəyannaməsi onu əvəz edirdi. Aprel işğalından sonra Azərbaycanın ictimai və dövlət
quruluşunda mövcud olmuş qaydalar dəyişdirildi və sovet rejiminin formalaşmasına başlandı. Sovetləşmə
başa çatdıqdan sonra 1921-ci il mayın 19-da Bakıda keçirilən Azərbaycan SSR-in Birinci Sovetlər
qurultayı Azərbaycan SSR-in birinci Konstitusiyasını qəbul etdi. Əsasən RSFSR Konstitusiyasının təkrarı
olan bu Konstitusiya xalqa geniş hüquqlar vəd etsə də, formal səciyyə daşıyırdı. Çünki Sovetlərin
fəaliyyətinə bütün mərhələlərdə Moskvadan Rusiya Kommunist Partiyası tərəfindən istiqamətləndirilən
Azərbaycan Kommunist Partiyası rəhbərlik edirdi. Üstəlik ölkədə fəaliyyət göstərən bütün siyasi
partiyalar qadağan olunmuş, bununla da Kommunist Partiyasının diktaturası yaranmışdı. Sovetlər bu
partiyanın itaətkar alətinə çevrilmişdi.
Beləliklə, bolşeviklərin qanlı qırğınlarla müşayiət olunan zorakı tədbirləri nəticəsində Şimali
Azərbaycanda guya Konstitusiyaya əsaslanan hakimiyyət orqanları formalaşdırıldı. Sovet sosialist
demokratiyası bərqərar oldu. Əslində isə, AXC və onun parlamenti ilə müqayisədə yeni yaradılan
demokratiya formal və yalançı demokratiya idi.
1937-ci il martın 14-də IX fövqəladə Azərbaycan Sovetlər qurultayı Azərbaycan SSR-in ikinci
Konstitusiyasını təsdiq etdi. Bu Konstitusiya 1936-cı ildə qəbul edilmiş SSRİ Konstitusiyasının təkrarı
idi.
Azərbaycan SSR-in sonuncu Konstitusiyası 1978-ci il aprelin 21-də qəbul edildi. Bu
Konstitusiyanın 73-cü maddəsinə görə Azərbaycan SSR-in dövlət dili Azərbaycan dili idi. Bu, o dövr
üçün çox cəsarətli addım idi, çünki SSRİ-nin milli siyasətinin şovinist zəmində qurulduğu bir dövrdə
respublikanın ali qanununa belə bir maddənin daxil edilməsi Sovet milli siyasətinin tələblərinə uyğun de-
yildi. Bu çətin vəzifənin öhdəsindən o zamanlar Azərbaycana rəhbərlik edən Heydər Əliyev gəldi.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı" qəbul edildi. Bu sənədə görə Azərbaycan Respublikası Azərbaycan Xalq
Cümhuriyyətinin varisi elan olunurdu. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin
Azərbaycana aid hissəsinin imzalandığı andan etibarsız olduğu göstərilirdi.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini hazırlamaq üçün Prezident
Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılmışdı. Yeni Konstitusiya 1995-ci il
noyabrın 27-də qüvvəyə minmişdir.
Yeni Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi
zəmin yaratdı. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq,
cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların
aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin
formalaşmasını təmin etmək və s. kimi nailiyyətlər təsbit olunmuşdu.
Artıq zaman Əsas Qanunumuzun nə qədər güclü, kamil və həyati sənəd olduğunu təsdiqləmiş və
o, demokratik sənəd kimi özünü doğrultmuşdur. Bu möhkəm bünövrə üzərində ucalan dövlətçiliyimiz öz
demokratik mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalanmış, xalqımız öz həqiqətlərini dünyaya
bəyan etmək imkanı qazanmışdır. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı
29
olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
Konstitusiyanın 158 maddəsindən 48-i insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir.
Konstitusiyanın 24-cü maddəsinin 1-ci hissəsində deyilir: "hər kəsin doğulduğu andan
toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır". Azadlıq - digərlərinə zərər
yetirməyən hər şeyi etmək imkanıdır. Azadlığın sərhədləri yalnız qanunla müəyyənləşdirilə bilər. Qanun
insan hüquqlarını istənilən pozuntudan qorumağa yönəldilmişdir. İnsan hüquqlarının və əsas
azadlıqlarının beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq təmin edilməsi Azərbaycan
Respublikasında dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər
Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsası-
nı təşkil etmişdir.
Milli Konstitusiyamızın qəbul edilməsindən sonrakı dövr ərzində Milli Məclis tərəfindən ölkə
həyatının bütün sahələrini əhatə edən, dünya standartlarına cavab verən bir sıra qanunlar qəbul edilmişdir.
Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, Avropa Şurasına üzv qəbul
olmuşdur.
Baş vermiş bu dəyişikliklərdən, demokratik dəyərlərin inkişafına yönəldilmiş bir sıra
islahatlardan irəli gələn hüquqi tənzimləmə öz əksini Konstitusiyada tapmalı idi. Bununla əlaqədar olaraq,
Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanına əsasən 2002-ci il avqustun 24-də Azərbaycan
Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum keçirildi. Xalqın iradəsinin
nəticəsi olaraq Konstitusiyada 24 dəyişiklik və əlavə edildi. Bunlar insan hüquqları və azadlıqları,
Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə, seçki sistemi, hakimiyyət bölgüsü və s.
bağlı dəyişiklik və əlavələrdir.
30
17 NOYABR
MİLLİ DİRÇƏLİŞ GÜNÜ
17 noyabr dövlətimiz və xalqımız tərəfindən "Milli Dirçəliş Günü" kimi bayram edilir. 1988-ci il
noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə
əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin
Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan
bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir
yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.
XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş verən ictimai-siyasi proseslər
nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yaranmışdı. Ermənistanda və
Dağlıq Qarabağda azəri türklərinə qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi.
Təpədən-dırnağadək silahlanmış erməni quldurları əliyalın, dinc əhalini müdhiş bir amansızlıqla qətlə
yetirirdilər. Qaniçən vəhşilər heç kimə: qocalara, körpələrə hətta hamilə qadınlara belə aman vermirdilər.
Vəzifə kreslosunu qoruyub saxlamaq naminə Moskva qarşısında yaltaqlanan və acizlik göstərən o
zamankı kommunist rəhbərliyi xalqın və vətənin həqiqi mənafeyi keşiyində dura bilmirdi.
Bütün bu ədalətsizliklərlə və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı
17 noyabrda ayağa qalxdı. Həmin günlərdə "Meydan hərəkatı" adını almış bu hərəkatla Sovet
müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru
bir dönüş başlandı.
Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldı.
Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini
Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı. Xalq hərəkatı bütün əzəməti ilə göz qabağında idi.
Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər.
Komendant saatı tətbiq olundu. Lakin xalq geri çəkilmədi. Sovet rejimindən Ermənistanda və Dağlıq
Qarabağda erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin
etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış "Meydan hərəkatı" tezliklə
Azərbaycanın müstəqilliyinə çağıran şüarlara keçdi. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli, ay-ulduzlu bayraqları dalğalandı.
Lakin qüvvələr hələ qeyri-bərabər idi. İmperiya daxildən laxlasa da, hərbi iqtidardan düşməmişdi.
Qüvvələri gələcək azadlıq mübarizəsi üçün qoruyub saxlamaq lazım gəlirdi. Dekabrın 4-dən 5-nə keçən
gecə Sovet ordusu "Meydan hərəkatı"nı yatırmağa nail oldu. Minlərlə azadlıqsevər insanlar həbs edilərək
zindanlara salındı. Lakin xalqın mübarizə əzmini qırmaq mümkün deyildi. Azərbaycanın müstəqilliyinə
doğru uzanan yol 17 noyabrdan - Azadlıq meydanından başlanırdı. Az sonra tarix öz sözünü dedi.
Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc
günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.
31
31 DEKABR
DÜNYA AZƏRBAYCANLILARININ
HƏMRƏYLİYİ GÜNÜ
XX əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar bir çox
xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi. İctimai həyatın
demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar
Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni,
iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın
etirazı başlandı. Beləliklə, "Sərhəd hərəkatı" adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də
azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.
1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri
qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın davamı kimi milli birlik və həmrəylik
yolunda atılan mühüm addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik
günü kimi qeyd edilməsi zəruriyyəti irəli sürüldü. Bütün bunları nəzərə alaraq ümummilli liderimiz
Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr
tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı.
Naxçıvan MR Ali Məclisinin bu qərarını əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin
Milli Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan
azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin.
Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini daha da gücləndirdi. Hazırda
YUNESKO-nun məlumatına görə, dünyada 40 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 29 milyonu
Cənubi Azərbaycanın, 3 milyonu Türkiyənin, 2 milyondan artığı Rusiyanın, 1,5 milyonu ABŞ-ın, 500
mini Ukraynanın, 300 mini Almaniyanın, 180 mini Fransanın, 175 mini Kanadanın, 350 mini Hindistan
və Pakistanın, 700 mini İraqın, 430 mini Əfqanıstanın payına düşür.
XX əsrin əvvəllərindən təşəkkül tapan və fəaliyyətini son dövrlərdə xeyli gücləndirən Azərbaycan
diasporu yeni bir inkişaf mərhələsindədir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində
formalaşan özəkləri, birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan
həqiqətlərinin tanınması və təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş
istifadə edir. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr
olunur, xüsusi radio və televiziya verilişləri hazırlanır. Dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların
100-dən artıq ictimai, milli və mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir.
Müstəqillik qazanıldıqdan sonra əldə olunan nailiyyətlər sayəsində bütün dünya
azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar
açılmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamına müvafiq olaraq 2001-ci il noyabrın 10-da
Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Qurultayda 36 ölkədən gəlmiş 1105
nümayəndə, 906 qonaq iştirak edirdi. Qurultayda Azərbaycan Respublikası Prezidentinin söylədiyi
proqram səciyyəli nitqinin aparıcı xəttini belə bir tezis təşkil edirdi: "Biz azərbaycançılığın dövlət
rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən
gələni əsirgəməməliyik".
Qurultay göstərdi ki, qüdrətli Azərbaycana gedən yol bütün azərbaycanlıların milli birliyindən
keçir. Qurultay dünyanın müxtəlif qütblərinə səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi vəzifəsinin
həyata keçirilməsi istiqamətində atılmış ilk ciddi və qəti bir addım idi. Qurultay Azərbaycanın
Avroatlantika məkanına inteqrasiyasına kömək edəcək diasporumuzun inkişafında həlledici əhəmiyyətə
malik qərarlar qəbul etdi.
Türk dünyasının böyük lideri Heydər Əliyev minillik tariximizdə dünya azərbaycanlılarını ilk
dəfə bir araya gətirən böyük dövlət xadimi oldu. Azərbaycan dövləti Dünya azərbaycanlılarının I qurul-
tayının tarixi qərarlarının əməli surətdə həyata keçirilməsi üçün bir sıra işlər gördü. O cümlədən, 2002-ci
il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı.
32
20 YANVAR
ÜMUMXALQ HÜZN GÜNÜ
1990-cı ilin yanvarında Azərbaycan təlatümlü günlərini yaşayırdı. Separatçı-terrorçu ermənilər
getdikcə azğınlaşırdılar. Sovet dövləti isə bunlara göz yumur, Azərbaycan torpaqlarının işğalına,
azərbaycanlılara divan tutulmasına aşkar və gizli yolla himayədarlıq edirdi.
Azərbaycan xalqı artıq dərk edirdi ki, SSRİ dövləti ona heç bir kömək göstərməyəcək. Nicat yolu
imperiya boyunduruğunu atmaqda və müstəqillik əldə etməkdədir. İmperiya isə azadlıq əldə etmək
istəyən xalqa divan tutmağa hazırlaşırdı. Azərbaycanda xalqdan uzaq rəhbərlər Moskvanın göstərişi ilə
hərəkət etdiklərindən xalqın etimadını tamamilə itirmişdilər.
Xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün imperiya
başçıları müdhiş bir qırğın planı hazırlamışdılar. M. Qorbaçovun başçılıq etdiyi Sovet rəhbərliyi SSRİ-nin
dağılmasının qarşısını almaq, azadlığını tələb edən başqa xalqlara da "dərs vermək" üçün SSRİ ərazisində
azadlıq hərəkatının ən güclü mərkəzi olan Bakını qan içində boğmaq qərarına gəlmişdi. Odur ki, Bakı
ətrafına ən müasir silahlar və texnika ilə təchiz olunmuş müxtəlif qoşun hissələri gətirilmişdi. 1990-cı il
yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan "Bakı şəhərində fövqəladə
vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Xalqı qəflətən yaxalamaq, ona divan tutmaq, qırğın
törətmək məqsədilə qoşunlardan istifadə etmək niyyəti, aman verilməyəcəyi, fövqəladə vəziyyətin elan
olunduğu vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyət, komendant saatı vaxtının əvvəlcədən elan edilməsi
Moskvanın qanlı planlarını poza bilərdi.
"Bakı əməliyyatı"na SSRİ Müdafiə Naziri D. Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonunun
qoşunları, başqa yerlərdən gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant hücuma keçdi. Ağır hərbi
texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda
adamları avtomat silahdan güclü atəşə tuturdular. Adamların gizlənməsi üçün bir sıra yerlərdə elektrik
stansiyalarının işçiləri küçə fənərlərini söndürmüşdülər. Lakin qaçıb müxtəlif sığınacaqlarda gizlənən
adamlar döyüş texnikasındakı projektorların köməyi ilə tapılır, atəşə tutulurdular. Şəhərin küçələri
yüzlərlə ölmüş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu.
Hərbçilər təsadüfən yoldan keçənləri, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala
salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Onlar tibb
müəssisələrini dövrəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara
köməyə getməsinə mane olurdular.
Bakıda və Respublikanın digər yaşayış məntəqələrində sovet ordusunun təcavüzü nəticəsində 131
nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər
həbs olunmuş, 4 nəfər itkin düşmüşdü. Şəhər təsərrüfatına və əhalinin mülkiyyətinə külli miqdarda ziyan
dəymişdi.
Cəlladlar bizim şəhidlik şərəfimizdən xəbərdar deyildilər. Əliyalın, lakin sinəsində Azərbaycan
sevgisi yaşayan yüzlərlə oğul və qızlarımız - 13 yaşlı İlqardan tutmuş, 73 yaşlı Vəfadar kişiyə kimi neçə-
neçə insanımız şəhid oldu. Həmin gün düşmən gülləsinə tuş olan İlhamla bu ölümü qəbul etməyib özünə
qəsd edən Fərizənin dastanı dillərə düşdü.
Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək təşkil olunmuş yığıncaqda çıxış etdi, xalqla birgə olduğunu bildirdi, 20 yanvar
faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və
respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi
çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Təklənən, əli heç nəyə çatmayan xalqın qəlbində ümid
çırağı yandı. Xalq doğma oğlunun - Heydər Əliyev kimi dünya siyasətinin nüfuzlu şəxsiyyətinin onunla
olduğunu görüb ürəkləndi.
Fövqəladə vəziyyət olmasına baxmayaraq, Bakı yanvarın 22-də azadlıq şəhidləri ilə vidalaşdı.
Şəhər matəm libası geyinmişdi. Respublikada üç gün matəm elan olunmuşdu. "Azadlıq" meydanında
böyük matəm mitinqi keçirildi. Bu, azadlıq yolunda müqəddəs şəhidlərə ehtiramın, habelə Moskvanın
qanlı əməllərinə qarşı etirazın ifadəsi idi. Şəhidlər şəhərin ən uca yerində dəfn edildi. İndi həmin yer
Şəhidlər xiyabanı adlanır. 20 yanvar şəhidlərinin və 31 mart soyqırımı qurbanlarının müqəddəs ruhları
bir-birinə qovuşdu. Həmin vaxtdan etibarən xalqımız 20 yanvarı Ümumxalq Hüzn Günü kimi böyük
ehtiramla qeyd edir.
İmperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədi. Bu böyük faciə
Azərbaycan xalqını daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı.
33
29 YANVAR
GÖMRÜK İŞÇİLƏRİ GÜNÜ
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən az sonra - 1992-ci il yanvarın 29-da müstəqil
gömrük sisteminin əsası qoyuldu.
Gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət atributlarından biridir. Gömrük
sistemi həm də ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ölkənin ən mühüm
strateji sərvətlərinin aparılmasının qarşısını alır.
Azərbaycanda gömrük sisteminin təşkili tarixi çox qədimdir. Tarix boyu mövcud olmuş bütün
Azərbaycan dövlətlərində gömrük xidməti ilə məşğul olan xüsusi təsisatlar fəaliyyət göstərmişlər. Lakin
gömrük sisteminin elmi-hüquqi əsaslarla təşkili ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə
olmuşdur. Azərbaycan ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə
hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və Şıxlı kəndlərində, Poylu dəmir
yolu stansiyasında ilk gömrük postları yaradılmışdı. Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə
başlamasını təmin edən sənədi 1918-ci il avqustun 10-da qəbul etmişdi.
Azərbaycan parlamentinin 1918-ci il 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla
mübarizə, ölkənin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədilə Azərbaycanın sərhədlərində 99
gömrük postu yaradılmışdı və burada 992 gömrük işçisi keşik çəkirdi.
Aprel işğalı digər sahələrdə olduğu kimi, gömrük sistemində də işlərin başa çatdırılmasına imkan
vermədi. SSRİ dövründə Azərbaycanda gömrük sistemi mövcud olmamışdır. Bu iş yalnız ittifaq orqanları
tərəfindən həyata keçirilirdi.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə 29 yanvar gömrük işçilərinin
peşə bayramı günü elan olunmuşdur.
34
10 MART
MİLLİ TEATR GÜNÜ
Dostları ilə paylaş: |