İkinci Dünya müharibəsindən sonra bəşəriyyət bir daha yəqin etdi ki, insanı təbiətdən ayrı dərk
etmək olmaz. Təbiət anadır, insan isə onun övladıdır. Övlad anasının qədrini bilməlidir. İnsanlığın əsas
göstəricilərindən biri onu yaradıb bəsləyənə hörmətdir. Təbiətin qədrini bilmək, qayğısına qalmaq -
insanlığın göstəricisidir. Belə bir bənzətmə var: "təbiət gözəl qadındır, insan isə onun qulaqlarından
asılmış qiymətli sırğadır; sırğa qadına çox əziyyət verərsə, qadın onları açıb ata bilər". Ona görə müasir
insanlar biosferi qoruyub saxlamaq üçün qlobal miqyaslı tədbirlər hazırlayıb həyata keçirməyə çalışırlar.
Bu tədbirlər bəşəriyyəti bütövlükdə əhatə edir, hər kəs dünya və gələcək nəsillər qarşısında məsuliyyət
daşıyır.
Bunları nəzərə alan BMT Baş Məclisi 1972-ci il dekabrın 15-də iyunun 5-ni Ətraf Mühitin
Mühafizəsi Günü elan etmişdir. Bu qərarda məqsəd ictimaiyyətin diqqətini ətraf mühiti qorumaq və
yaxşılaşdırmaq sahəsində təxirəsalınmaz tədbirlərin keçirilməsinə yönəltməkdir. Həmin günün seçilməsi
onunla əlaqədardır ki, 1972-ci il iyunun 5-də Stokholmda BMT-nin Ətraf mühitin mühafizəsi prob-
lemlərinə dair konfransı açılmış və burada BMT-nin Ətraf mühit haqqında Proqramı qəbul edilmişdi.
Hər bir insan özünün fəaliyyəti prosesində bu və ya digər formada təbiətlə və ətraf mühitlə
təmasda olur. Bu baxımdan hər kəs istər məişətdə, istərsə də istirahət zamanı ətraf mühitin qorunmasına
qayğı ilə yanaşmalıdır. Ətraf mühiti qorumaq vəzifəsi ilk növbədə əmək fəaliyyəti nəticəsində təbiətdən
istifadə edən və ətraf mühitə təsir edə bilən hər bir şəxsin üzərinə düşür.
Hər kəsin ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq vəzifəsi həm hüquqi, həm də əxlaqi
dəyərlərlə ölçülür. Həyat fəaliyyəti ətraf mühitlə və təbiətlə bağlı olan hər kəs bu sahədə mövcud
qanunvericiliyin bütün tələblərinə əməl etməlidir. Ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq
cəmiyyətin hər bir üzvünün mənəvi borcudur. Ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial
əsasları "Ətraf mühitin mühafizəsi haqqında" 1999-cu il 8 iyun tarixli Azərbaycan Respublikasının
qanunu ilə müəyyən edilir. Ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin
təmin edilməsi, təbii-ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınması,
bioloji müxtəlifliyin qorunub saxlanması və təbiətdən istifadənin səmərəli təşkili Azərbaycan dövlətinin
ekologiya sahəsində qarşıya qoyduğu əsas vəzifələrdir.
52
26 İYUN
NARKOMANİYAYA VƏ NARKOBİZNESƏ QARŞI
BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ
Narkomaniya "ağ ölümdür", həyatdan üz çevirməkdir. "Narkomaniya" və "ölüm" sözləri bu gün
insanların təsəvvüründə sinonim sözlərə çevrilib.
Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş
yayılmışdır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox
olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları,
xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.
Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaşxaş, tiryək, marixuana, heroin,
kokain və s.-dir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana
gəlmişdir. Bunlar xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir. Narkotiklərdən
asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz
ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir.
Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu
şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən
narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri
heroin və kokaini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkər diabeti tez
inkişaf edir. Əgər "xalis mal", yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güc-
lü təsirindən o saat ölmək olar. Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş beyin zədələnə və
bununla da yaşaya-yaşaya şikəstlik əmələ gələ bilər. Belə halda adam düşünmək, hərəkət etmək, reaksiya
vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu
vəziyyət illərlə davam edə bilər.
Narkotik maddələrlə ticarət böyük gəlir gətirir. Milyard dollarlarla qazanc əldə edən cinayətkarlar
üçün bacardıqca daha çox adamı "iynəyə oturtmaq", daha çox gəncləri və uşaqları narkomaniyaya sövq
etmək sərfəli işdir. Bir az "yüngül" narkotiklərdən başlayan insan tez bir zamanda çox təsiredici
narkotiklərə alışır və müalicəsi mümkün olmayan xəstəliyə mübtəla olur.
Nəyə görə müasir dünyamızda narkomaniya bu qədər geniş yayıla bilmişdir? 1960-cı illərdə
"gənclik inqilabı" adlanan dövrdə gənc sənət adamları arasında narkotik maddələrin qəbulu dəbə düşmüş,
bu, hətta özünəməxsus həyat tərzinə çevrilmişdi. Onlar bunu ictimaiyyətdən gizlətmir, bəzən sənət
uğurlarını narkotik maddənin qəbulu ilə əlaqələndirirdilər. Bu sənətçilərin pərəstişkarları onların həyat
tərzini təqlid edərək narkotik maddə qəbul edirdilər. Bu nəsildən olan bir çoxları belə məst olmaqla gün-
lərini, həyatlarını başa vururdular. Tanınmış adamların arasında da narkomaniyanın qurbanları olmuşdur.
O illərdən xeyli vaxt keçmişdir. Lakin narkomaniya ilə məşğul olanlar narkotiklərin insanı ağır
problemlərdən xilas etməsi, həyatı daha rəngarəng, maraqlı etməsi haqqındakı xülyaları yaymaqda davam
edirlər.
Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr
"Narkotiksiz gələcək naminə" milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq mühafizə
orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu
kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır.
Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT
iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.
53
1 OKTYABR
BEYNƏLXALQ AHILLAR GÜNÜ
Yaşadığımız cəmiyyət hamı üçündür. Gənclər, orta nəslin nümayəndələri, hətta ahıllar da
cəmiyyətdə gedən inkişaf proseslərində iştirak etməlidirlər. Yaşlıların həyat təcrübəsindən, bilik və
bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək
baxımından çox zəruridir. Cəmiyyətdə yaşayıb ondan kənarda qalmaq olmaz. Ahılların məşğulluğu,
onların inkişaf prosesinə cəlb edilməsi, həm də sosial-iqtisadi durumun yaxşılaşması deməkdir.
BMT-nin inkişaf proqramında son illər ərzində ahıllar problemi geniş yer tutur. 2002-ci ilin
aprelində İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya məclisinin
keçirilməsi də buna misaldır.
Bu Ümumdünya tədbirində belə bir fikir səsləndi ki, yaşlılar da cəmiyyətin bərabərhüquqlu
vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Adı-sanı, nəcib əməlləri ilə tanınan,
bəlkə də heç tanınmayan, lakin ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar,
həqiqətən, hörmətə layiqdirlər.
İnsanın qocalıq dövründə heç nəyə qadir olmadığını söyləmək səhv olardı. Lap qədim
zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli, müdrik adamlar hesab olunurlar. Onlara cavanlar da,
böyüklər də hörmətlə yanaşır, fikirləri ilə hesablaşırlar. Qocaların sərvəti onların həyat təcrübəsidir.
Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür. Böyük Britaniyanın baş
naziri U. Çörçill, Almaniyanın federal kansleri K. Adenauer, Fransanın prezidenti Şarl de Qoll, Çin isla-
hatçılığının atası Den Syaopin və nəhayət, ümummilli liderimiz Heydər Əliyev kimi yaşa dolmuş
görkəmli siyasətçi və dövlət xadimləri öz ölkələrini müvəffəqiyyətlə idarə etmişlər. Bu fakt bir daha sübut
edir ki, yaşlı, ahıl insanların təcrübəsi əvəzolunmazdır.
BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin
Qətnamənin prinsiplərinə uğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul
edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur.
Bu məsələyə Respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyunun 22-də "Ahıllara sosial
xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına
çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi
və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.
1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü"
kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış
olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə
birlikdə əməli tədbirlər görməkdən ibarətdir.
Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, Respublikamızın şəhər və
rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon
ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq
bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər. Həmin
tədbirlərdə Respublika üzrə 10 minlərlə ahıl və əlil vətəndaş bayram süfrələrinə dəvət olunur, onlara
ərzaq paylanır, maddi yardım göstərilir.
54
5 OKTYABR
MÜƏLLİM GÜNÜ
Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə
bayramlarını keçirirlər. Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi
anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab
oxumağı öyrədən müəllim tutur.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin
dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Müəllimlər şagirdlərin dərin və
hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və
bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına,
əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü,
nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda
dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin
yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş
kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim
haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri
haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə
müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması
qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz
müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə
öyrətmiş və öyrədir".
55
24 OKTYABR
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI GÜNÜ
Birinci Dünya müharibəsi (1914-1918) 15 milyon insanın həyatına son qoydu. Müharibənin
bütün dəhşətlərini görmüş Avropa xalqları birgə bəyanat qəbul etdilər: "Müharibə olmasın!" Birinci
Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal sülh konfransında (1914) sülhü müdafiə etmək
naminə beynəlxalq birliyin yaradılması ideyası irəli sürüldü. Bu ideyanın müəllifi ABŞ prezidenti Vudro
Vilson idi. Bu təklif konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılandı və Millətlər Cəmiyyəti adlanan
beynəlxalq təşkilat yaradıldı. Bu təşkilat elə yarandığı ilk gündən çətinliklərlə qarşılaşdı. ABŞ Senatı
Vilsonun Millətlər Cəmiyyətinə daxil olmaq barədə təklifini rədd etdi. SSRİ yalnız 193-cü ildə bu
təşkilata daxil oldu, lakin tezliklə - 1939-cu ildə Finlandiya ilə müharibədə təqsirləndirilərək oradan
qovuldu.
Millətlər Cəmiyyəti 1927-ci ildə arbitraj və təhlükəsizlik üzrə xüsusi komissiya yaratdı. Həmin
dövrdə Millətlər Cəmiyyətinin üzvü olan bütün ölkələr yeni müharibənin alovlanmasına yol verməmək
üçün təntənəli şəkildə and içdilər. Ancaq andın mətni son dərəcə qeyri-müəyyən idi: dünyada heç bir ölkə
başqa ölkəyə hücum edib müharibəyə başlaya bilməzdi. Tələb belə idi: bütün müharibələr müdafiə
xarakteri daşımalı idi. Buna baxmayaraq 1939-cu ildə Almaniya Çexoslovakiya və Polşaya soxuldu.
Bununla da İkinci Dünya müharibəsi başlandı. Bu, Millətlər Cəmiyyətinin dağılması demək idi.
İkinci Dünya müharibəsi (1939-1945) başa çatanda dünya xalqları bir daha qətiyyətlə dedilər:
"Müharibə olmasın!" Bu dəfə müharibə 60 milyon insanın həyatına son qoymuşdu. Əbədi sülhü bərqərar
edib möhkəmləndirən yeni beynəlxalq birliyin yaradılması zərurəti meydana çıxdı.
Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, eləcə
də dövlətlər arasında dinc əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə müstəqil dövlətlərin könüllü
birləşməsi nəticəsində təşkil edilmiş beynəlxalq təşkilatdır. BMT-nin Nizamnaməsi 1945-ci ilin aprelində
ABŞ-ın San-Fransisko şəhərində keçirilən konfransda 50 dövlətin nümayəndəsi tərəfindən imzalanmış və
həmin ilin 24 oktyabrında qüvvəyə minmişdir. Odur ki, 24 oktyabr beynəlxalq aləmdə BMT Günü kimi
qeyd olunur.
Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət BMT-nin Təhlükəsizlik
Şurasının üzərinə qoyulmuşdur. Burada qərar qəbul olunması zamanı TŞ-nın beş daimi üzv dövlətinin -
ABŞ, Böyük Britaniya, Fransa, SSRİ (indi Rusiya) və Çinin səs birliyi prinsipləri mövcuddur. Bu o
deməkdir ki, bu dövlətlərdən hər biri öz mandatına uyğun gəlməyən qərara veto qoymaq hüququna
malikdir. Bu ölkələrin daimi üzv seçilməsi BMT yarandığı vaxtda dünyada mövcud olan siyasi vəziyyətlə
bağlı idi. BMT-nin Təhlükəsizlik Şurasından əlavə, əsas orqanları bunlardır: Baş Məclis, İqtisadi və
İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və BMT Baş katibinin başçılıq etdiyi Katiblik.
BMT sistemində 15 ixtisaslaşdırılmış təsisat da vardır. BMT-nin iqamətgahı Nyu-Yorkda yerləşir.
Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunmuşdur. 2000-ci ildə
BMT üzvlərinin sayı 189-a çatmışdı.
BMT yarandığı vaxtdan bəri onun yeddi baş katibi olmuşdur: Treqvi Li (Norveç), Daq
Hammarskold (İsveç), U Tan (Birma), Kurt Valdhaym (Avstriya), Havyer Peres de Kuel (Peru), Butros-
Butros Qali (Misir), Kofi Annan (Qana). BMT-də rəsmi olaraq ingilis, ərəb, çin, fransız, rus və ispan
dilləri işlənir.
BMT yarandığı dövrdə hazırda onun üzvü olan ölkələrin üçdə biri müstəmləkə idi. BMT-nin ən
çox əhalisi olan üzvü Çin dövlətidir: 1 milyard 300 milyon nəfər. Ən az əhalisi olan üzvü isə Tudaludur:
10000 nəfər. Ərazisindən və əhalisinin sayından asılı olmayaraq hər bir ölkə BMT-nin Baş Məclisində bir
səslə təmsil olunur.
BMT-nin münaqişə zonalarında yerləşdirmək üçün müxtəlif ölkələrin hərbçilərindən təşkil
olunmuş və "mavi dəbilqəlilər" adlanan sülhməramlı qoşun kontingenti də vardır. Ermənistan ordusunun
torpaqlarımızı işğal etməsi məsələsi dörd dəfə BMT-də müzakirə olunmuş, bu işğalı pisləyən və işğal
olunmuş əraziləri qeyd-şərtsiz tərk etməyi tələb edən 822, 853, 874 və 884 №-li qətnamələr qəbul
edilmişdir. Təəssüf ki, BMT-nin bu qətnamələri indiyədək yerinə yetirilməmiş qalıb. Beynəlxalq birliyin
sanksiyalarına məruz qalmayan təcavüzkar isə bu qətnamələri yerinə yetirməkdən imtina edir.
56
14 NOYABR
ÜMUMDÜNYA DİABET GÜNÜ
14 noyabr - Ümumdünya Diabet Gününün təsis olunması həkim Frederik Bantiçin adı ilə bağlıdır.
O, 1921-ci ilin oktyabrında öz tələbəsi Çarlz Bestlə birlikdə ilk dəfə şəkərli diabet xəstəliyinin müalicəsi
üçün insulin preparatını kəşf etmişdir. 14 noyabr bu böyük alimin doğum günüdür. Məhz onun şərəfinə
Beynəlxalq Diabet Federasiyasının (İDF) və Ümumdünya Səhiyyə Təşkilatının (WNO) qərarına əsasən
14 noyabr 1991-ci ildən etibarən Ümumdünya Diabet Günü kimi qeyd olunur.
Bu tarixi günün beynəlxalq səviyyədə qeyd olunması diabet xəstəliyinin problem və qayğılarını
üzə çıxarır. Hazırda dünyada 194 milyon nəfər şəkərli diabetli xəstə var. Hər on ildə bu say 2 dəfə artır.
2005-ci ilədək Azərbaycanda 60000 nəfərə yaxın şəkərli diabetli xəstə rəsmi olaraq qeydə alınıb. Bir o
qədər də insanın qeydiyyatda olmaması güman edilir. Şəkərli diabet təkcə tibbi problem deyil, o həmçinin
sosial, iqtisadi, psixoloji və hüquqi problemlərin də meydana çıxmasına səbəb olur.
Bu problemlərin hər birinin vaxtında həlli minlərlə insanın yararlı insan kimi həyata, cəmiyyətə
qaytarılması, neçə-neçə sınıq qəlbin sevinməsi deməkdir. Şəkərli diabetlə xəstə insanlara hamı və hər kəs
həm mənəvi, həm də maddi dəstək olmalı, onların problemlərinə qayğı ilə yanaşılmalıdır.
Ölkəmizdə bu xəstəliyə qarşı mübarizə üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilir. 2005-ci
il iyun ayının 7-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəkərli diabet üzrə Dövlət
Proqramı"nı təsdiq etməsi də buna misaldır. Azərbaycan Diabet Liqası isə diabetlə xəstə olan uşaqlar və
gənclər üçün "Yantus" yay düşərgəsi yaratmışdır. Şəkərli diabet xəstəliyinin müalicəsində analoqu
olmayan yüksək keyfiyyətli, Həyat üçün son dərəcə vacib olan "Yantus" preparatının adı ilə adlanan bu
düşərgədə insulinlə müalicə geniş tətbiq olunacaqdır. "Yantus" insulininin əvvəlki insulindən fərqi onun
sutkada bir dəfə vurulması, yüksək keyfiyyətdə olması və qanda şəkərin miqdarını normada saxlamasıdır.
Belə yay düşərgələri şəkərli diabetlə xəstə olan gənc insanların həyat fəaliyyətini yüksəltmək,
cəmiyyətə inteqrasiyasına kömək etmək və gələcəkdə diabetin xroniki fəsadlarının nəticəsi kimi əmək
qabiliyyətini itirməsinin, əlil insana çevrilməsinin qarşısını almaq məqsədilə təşkil olunur. Burada şəkərli
diabetlə xəstə olan gənc insan öz xəstəliyi haqqında yeni məlumatlar alır, özünənəzarət qaydalarını
öyrənir, təlim dərsləri keçir. Təlim almış gənc öz biliklərini praktik olaraq tətbiq edir, valideyn
himayəsindən kənar, sərbəst həyat vərdişləri qazanır. Diabetli uşaqların ailələrinin qısa bir müddət
ərzində olsa da, diabetli xəstələrin əziyyətindən, stressindən azad olmasına imkan yaranır.
57
1 DEKABR
QİÇS-ə QARŞI BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ
QİÇS - qazanılmış immunçatışmazlığı sindromu deməkdir.
Hazırda müdhiş miqyas almış QİÇS (ingiliscə AİDS, rusca SPİD) epidemiyası insan həyatı üçün
təhlükə törədən bəlaya çevrilib. Bu qlobal problem cəmiyyətin bütün təbəqələrini - milləti, icmanı, ailəni,
hər bir fərdi əhatə edir və bütün dünya üzrə sosial-iqtisadi inkişafı sarsıdır. Bu xəstəliyə yoluxmuş şəxs
orta hesabla 5-10 il ərzində sağlam görünür və hətta bəzi hallarda orqanizmində bu virusun kök
salmasından heç özünün də xəbəri olmur. QİÇS o zaman inkişaf etməyə başlayır ki, immun çatışmazlığı
immun sisteminin mühüm toxumalarının böyük bir hissəsinə yayılmaqla inkişaf edir. Bu zaman inkişaf
sistemi o qədər zəifləyir ki, artıq orqanizmin müxtəlif yoluxucu və şiş xəstəliklərindən müdafiə imkanı
tamamilə tükənir. BMT-nin QİÇS ilə Mübarizə Proqramının və Ümumdünya Səhiyyə Təşkilatının 2004-cü
ilin sonunda apardığı təxmini hesablamalara görə dünyada insanın immunçatışmazlıq virusu (İİV) ilə
yaşayan insanların sayı təqribən 42 milyona çatmışdır. QİÇS-dən ölənlərin sayı 24 milyonu keçmişdir.
QİÇS infeksiyası keçmiş Sovet məkanında da, xüsusilə Ukrayna, Rusiya, Belarus və Moldovada böyük
sürətlə yayılmaqdadır. Çox təəssüf ki, bu sağalmaz xəstəliyə ölkəmizdə az da olsa (təqribən 850 nəfər)
adam yoluxmuşdur.
QİÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla
münasibətlərdə ehtiyatlı olmaqdır. Hələ 20 il əvvəl biz QİÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi
baxırdıq. Amma bugünkü reallıq başqadır. Ona görə də bu sahədə insanları maarifləndirmək üçün
tədbirlər görülür. Məktəblərin 6-cı sinfindən "Özünü QİÇS-dən qoru" devizi altında xüsusi məşğələlər
təşkil olunur. Beynəlxalq qurumlar da bunun qarşısını almağa kömək edir. Alimlər "XXI əsrin vəbası"
adlandırdıqları bu virusa qarşı bütün dünyada müharibə elan etmişlər. QİÇS epidemiyasını "zəmanəmizin
inkişaf yolunda ən təhlükəli problem" adlandırılan BMT Baş Katibi Kofi Annan bütün hökumətləri bu
məsələnin həlli zəminində daha güclü və əlaqələndirilmiş bir hərəkat üzrə qlobal işlər görməyə çağırır.
Azərbaycan hökuməti də bu dəhşətli xəstəliyin qarşısının alınmasında böyük əhəmiyyət verir.
1996-cı ildə Azərbaycan Parlamenti "İnsanın immunçatışmazlıq virusunun törətdiyi xəstəliyin (AİDS)
yayılmasının qarşısının alınması" haqqında Qanun qəbul etmişdir.
Dünyanı bu müdhiş xəstəliyə qarşı mübarizə aparmağa sövq etmək üçün BMT-nin xüsusi qərarı
ilə 1 dekabr QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü elan edilmişdir.
58
3 DEKABR
ÜMUMDÜNYA ƏLİLLƏR GÜNÜ
İnsanların hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaşı, əlillər və şikəstlər də
vardır. Əlillik və şikəstlik müxtəlif yollarla yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat, istehsalat
qəzaları, xəstəliklər nəticəsində qazanılmış əlillik və şikəstlik vardır.
Əlillik eyib sayılmamalıdır, çünki bu insanlar fiziki cəhətdən tam olmasalar da, onlarda da nəcib
ürək, saf insani keyfiyyətlər, yüksək bilik, bacarıq və intellektual qabiliyyətlər vardır.
İndi dünyada xeyli əlil var. Təkcə Azərbaycanda onların sayı 360 minə çatır. Əlbəttə, onların bir
hissəsi XX əsrin ən dəhşətli fəlakəti sayılan İkinci Dünya müharibəsinin, Birinci Qarabağ müharibəsinin,
erməni soyqırımının və terrorunun nəticəsidir. Əlillər əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox
sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə möhtacdırlar. Bu insanlar hətta maddi cəhətdən
təmin olunsalar belə, isti münasibət, doğmalardan və yadlardan qayğı, mərhəmət və diqqət umurlar.
Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət
əhəmiyyətli proqramlar həyata keçirilmişdir. Əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur,
müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər.
Beynəlxalq aləm də əlillərə qayğı və diqqəti artırıb. Onların hüquqlarının qorunması sahəsində bir
sıra tədbirlər həyata keçirilib. Onlardan ən mühümü BMT tərəfindən 1983-1992-ci illərdə həyata
keçirilmiş Əlillər Onilliyidir. 1992-ci il oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş
Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında
Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi
olan bütün insanların hüquqlarını qorumaqdır.
59
10 DEKABR
İNSAN HÜQUQLARI GÜNÜ
Dostları ilə paylaş: |