TariXİ GÜNLƏr altun kitab



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix24.01.2017
ölçüsü0,71 Mb.
#6292
1   2   3   4   5   6   7   8   9

 

Teatrın vətəni qədim Yunanıstandır. Bu söz də yunan sözüdür, "tamaşa yeri" mənasını verir. 

Yunanıstanda qədim zamanlarda şərabçılıq ilahı (yəni allahı) Dionisin şərəfinə  təntənəli bayramlar 

keçirilirdi. Azad yunanlar şəhər və kəndlərin küçələrində təntənəli gəzintilər təşkil edir, Dionis haqqında 

əfsanələrdən bütöv səhnələr oynayırdılar.  Əvvəllər tamaşalar açıq havada, təpənin  ətəyində göstərilərdi. 

Tamaşaçılar isə yamacda yer tutub otururdular. Təpənin  ətəyində yunanca "skena" adlanan çadır 

qurulurdu. Burada aktyorlar paltarlarını  dəyişirdilər. Sonralar çadır  əvəzinə kiçik bina tikdilər. Tamaşa 

vaxtı burada dekorasiyalar asırdılar. Binanın qarşısında aktyorların və xorun çıxış etməsi üçün meydança 

- orkestra düzəldirdilər. Beləliklə, e.ə. V əsrdə Yunanıstanda teatr binaları tikməyə başladılar. 

Qədim yunanlar teatrı çox sevir, onu "böyüklər üçün məktəb" adlandırırdılar. Tamaşalar yarış 

səciyyəsi daşıyırdı. Aktyorlar tamaşanın məzmununa uyğun maskalar taxırdılar. Parlaq rəngli maskaları 

ən arxa cərgələrdə belə oturanlar yaxşı görürdülər. Aktyorlar səhnədə hündür görünməkdən ötrü qalın 

altlığı olan xüsusi ayaqqabılar geyirdilər. Qadın rollarını da kişilər oynayırdılar. Hər il iki-üç teatr 

tamaşası göstərilir və hər tamaşa üç gün səhərdən axşamadək davam edirdi. 

Qədim yunan əfsanələri teatra olduqca zəngin mövzu verirdi. Əfsanələr  əsasında tragediyalar 

adlanan pyeslər yaranırdı. "Tragediya" sözü yunanca "keçilər mahnısı" deməkdir. Tragediyalarda 

qəhrəmanlar arasında gedən kəskin mübarizə, onların iztirabları, faciəsi, çox vaxt isə ölmələri təsvir 

olunurdu.  İlk tragediyaları "faciənin atası" adlandırılan Esxil yazmışdır. Esxillə bir dövrdə yaşamış digər 

faciə ustası olan Sofokl "Antiqona" tragediyasının müəllifdir. 

Gülməli səhnəciklərdən  şən və  məzəli pyeslər - komediyalar yarandı. "Komediya" yunan sözü 

olub, "şən sakinlərin mahnısı" mənasını verir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək 

götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya tamaşaçıların rəyini nəzərə alaraq 

qələbəni ən yaxşı pyes müəllifinə və ən yaxşı aktyorlara verirdi. Onlar çələnglə və qiymətli hədiyyələrlə 

mükafatlandırılırdılar. Pyes müəllifləri son dərəcə böyük hörmətə malik idilər. Afina teatrında Esxilə  və 

Sofokla heykəl qoymuşdular. Onları "müdriklik dahiləri" adlandırırdılar. Aristofan teatrın rolunu belə 

qiymətləndirirdi: "Müəllimlər oğlanlara ağıl öyrətdikləri kimi, şairlər də böyükləri tərbiyə edirlər". 

Teatr sonralar qədim Romada, Şərq ölkələrində - Çində, Hindistanda, Yaponiyada geniş yayıldı. 

1948-ci ildə teatr ictimaiyyəti rəsmi olaraq YUNESKO-nun himayəsi altında Beynəlxalq Teatr 

İnstitutunda birləşdi. 


 

44 


1 APREL 

 

ÜMUMDÜNYA GÜLÜŞ GÜNÜ 



 

Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük 

Britaniyada 1 apreli "Səfehlər Günü", Fransada isə "Aprel balığı Günü" adlandırırlar. Məsələ burasındadır 

ki,  əvvəllər Fransada yeni il bayramı  məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birlərini 

təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər. Lakin XVI əsrdən etibarən kralın fərmanı ilə yeni 

il dekabrın 31-i - yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı. Lakin "Aprel balığı Günü" də 

unudulmamışdı. Həmin gün fransızların gülüş gününə çevrilmişdi. 

Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də  "İtaətsizlik bayramı" 

keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını 

poza bilər, öz mənfi emosiyalarını "söndürə bilərdilər". Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı 

təyin edər,  şənlənər, lətifələr söyləyərdilər. "Səfehlər Günü"ndə maska geyinmək qayda idi. Çünki belə 

etdikdə daha təhlükəsiz halda "xuliqanlıq etmək" mümkün idi. 

Bizim ölkəmizdə isə bu gün daha çox insanların bir-birlərini aldatması ilə müşayiət olunur. Özü 

də bundan heç kəs incimir. Amma hamı çalışır ki, aprelin 1-i günü aldanmasın. Lakin bu, çox az adamlara 

müyəssər olur. 


 

45 


18 APREL 

 

TARİXİ ABİDƏLƏRİN MÜHAFİZƏSİ GÜNÜ 



 

Bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə 

Beynəlxalq  Şurasının 1983-cü ildə  qəbul edilmiş  qərarı  əsasında qeyd olunur. Məqsəd dünya 

ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. 

Tarixi abidələr - məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, 

günbəzlər, minarələr və  s.  tarixi  keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə 

gərərək bu günümüzə  gəlib çatmışlar. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət 

yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. 

Bu sahədə ölkəmizin bəxti gətirmişdir. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, 

Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatın, 

Yusif ibn Küseyr, Olcaytu Xudabəndə  məqbərələrimiz, Göy məscid,  Şah Abbas məscidi, Gövhərağa 

məscidi, Cümə  məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Həşt behişt,  Şirvanşahlar,  İrəvan 

sərdar sarayı, Şəki xan sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndirlər. 

Hazırda işğal altında olan dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz - Azıx və Tağlar 

mağaraları dünyanın  ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu 

mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində 

"Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirilmişdi. 

Bir çox ölkələrdə tarixi abidələrin qorunması işi çox ciddi təşkil olunmuşdur. Məsələn, Fransada 

hətta arxeoloji qazıntılar aparıldıqdan sonra tarixi yerlərin təbii landşaftı olduğu kimi bərpa olunur. Böyük 

Britaniyanın  şimalında da Roma imperatoru Adrianın dövründə imperiyanın sərhədlərini qorumaq 

məqsədilə çəkilmiş məşhur Adrian sədləri olduğu kimi qorunub saxlanır. 

Sovet hakimiyyəti illərində Azərbaycanda tarixi memarlıq abidələrinə dövlət səviyyəsində laqeyd 

münasibət olmuşdur. Bir çox nadir memarlıq abidələri baxımsızlıq və tamah üzündən sökülüb-dağıdılmış, 

xeyli memarlıq abidələri, maddi-mədəniyyət nümunələri isə erməni saxtakarlığına məruz qalaraq 

özgəninkiləşdirilmişdir. Hazırda erməni işğalı altında olan ərazilərimizdəki memarlıq abidələri üzərində 

də bu cür saxta "əməliyyatlar" aparılmaqdadır. Erməni vandalları  Şuşa  şəhərini işğal edərkən Üzeyir 

bəyin, Natəvanın, Bülbülün tunc heykəllərini belə avtomat atəşinə tutmaqdan çəkinməmişlər. 

Azərbaycan müstəqillik  əldə etdikdən sonra bu məsələyə münasibət kökündən dəyişmişdir. 

Beynəlxalq  İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış "Mədəni irsin 

qorunmasına yardım haqqında" sazişə uyğun olaraq, Bakıda  Şirvanşahlar saray-kompleksində, 

Naxçıvanda Möminə Xatın və Qarabağlar türbələrində, Şəki xanlarının sarayında bərpa və yenidənqurma 

işləri aparılmışdır. 2002-ci ildə Respublikamız Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq mərkəzinə üzv 

qəbul olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və  Qız qalası da 

daxil olmaqla İçərişəhər Dövlət Tarixi-memarlıq kompleksi YUNESKO-nun "Dünya mədəniyyəti irsi" 

siyahısına daxil edilmişdir. 

Tarixi arayış. Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın işğalı altında qalan 

torpaqlarımızda 500-dək tarixi-memarlıq, 100-dən çox arxeoloji abidələr, on minlərlə eksponat olan 22 

muzey, 4 rəsm qalereyası, 46 milyon kitab və əlyazmalar saxlanılan 927 kitabxana, 808 klub, 10 istirahət 

və  mədəniyyət parkı, 85 musiqi və incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı qalmışdır. 

İşğal altında olan ərazilərimizdə xalqımızın keçmişi və bu gününü əks etdirən 1852 mədəniyyət və 

incəsənət abidəsi erməni vandalizminin təcavüzünə  məruz qalmışdır. Nəticədə tariximiz üçün mühüm 

əhəmiyyət kəsb edən, milli özünəməxsusluğu özündə əks etdirən minlərlə tarixi və arxeoloji abidələrimiz 

məhv edilmişdir. 


 

46 


22 APREL 

 

BEYNƏLXALQ YER KÜRƏSİ GÜNÜ 



 

Beynəlxalq Yer Kürəsi Günü əvvəllər "Ağac Günü" adı ilə qeyd olunmuşdur. Bu bayramın 

keçirilmə tarixi XIX əsrin 70-ci illərinə  təsadüf edir. ABŞ-ın Nebraska ştatının sakini Corc Sterlinq 

Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi. Onun özü və ailəsi ilk olaraq 

ağac  əkməyə başlamışdı. Tezliklə bu təşəbbüs geniş  əks-səda doğurmuşdu.  İlk "Ağac Günü"ndə  ştatın 

əhalisi təqribən bir milyon ağac əkmişdi. 

1882-ci ildə Nebraska ştatında Mortonanın  şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq 

ştatın bayramı elan olundu. 1970-ci ildə "Ağac Günü"nün adı  dəyişdirilərək Yer Kürəsi Günü 

adlandırıldı. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini 

ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi. 

Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olundu. 20 milyona yaxın amerikalı 

müxtəlif tədbirlərdə  iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırdı. Həmin vaxtdan 

etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və  sənaye istehsalı üzərində 

ekoloji nəzarətə istiqamətləndi. Məhz XX əsrin 70-ci illərindən etibarən  şirkətlər  ətraf aləmin mühafizə-

sinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başladılar. 

1990-cı ildən başlayaraq Yer Kürəsi Günündə milli parkların salınması,  ətraf mühitin əvvəlki 

vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirildi. Həmin vaxtdan bu bayram beynəlxalq miqyas aldı. 

141 ölkəni (o cümlədən bizim ölkəni) təmsil edən 20 milyondan çox adam bu günü bayram edir. 

XXI  əsrin  əvvəllərində Azərbaycanda da milli parkların  şəbəkəsi genişləndirildi. 2003-cü ildə 

Respublika prezidentinin sərəncamı ilə Bakı  şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonlarını 

əhatə edən  Şirvan Milli Parkı, Ağcabədi və Beyləqan rayonlarını  əhatə edən Ağ-göl Milli Parkı 

yaradılmışdır. 



 

47 


3 MAY 

 

BEYNƏLXALQ SÖZ VƏ  



MƏTBUAT AZADLIĞI GÜNÜ 

 

Kütləvi informasiya vasitələri (KİV) hər bir ölkədə ictimai fikri formalaşdıran bir institutdur. Bu 



baxımdan bəzən "media" adlandırılan KİV cəmiyyətdə böyük təsir gücünə malikdir. Təsadüfi deyil ki, 

medianı bir çox hallarda "dördüncü hakimiyyət" adlandırırlar. Lakin KİV o zaman dördüncü hakimiyyət 

funksiyasını yerinə yetirə bilir ki, o, azad və müstəqil olsun, siyasi və iqtisadi qurumların vassalına 

çevrilməsin. 

Söz və  mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu 

oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-

tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına 

xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar. 

1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər 

azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat 

azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi"ni  

qəbul etdilər. Bununla bağlı BMT Baş  Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və  Mətbuat 

Azadlığı Günü kimi qeyd etməyi qərara almışdır. 

 


 

48 


9 MAY 

 

FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ 



 

XX  əsrdə  bəşəriyyət iki dünya müharibəsi ilə üzləşdi.  İkinci Dünya müharibəsi  əhatə dairəsinə, 

iştirakçı dövlətlərin sayına və müharibənin aparılması metodlarına və vasitələrinə görə birincidən qat-qat 

dəhşətli idi. İtaliyada faşist və Almaniyada nasist diktaturaları  nəinki bu ölkələrin özlərini, habelə bütün 

bəşəriyyəti təhlükə altına qoymuşdu. Qərb demokratiyasının, faşizmin və kommunizmin toqquşmasının 

labüd nəticəsi olaraq bu müharibəyə o vaxt SSRİ-nin tərkibində olan Azərbaycan SSR də qoşulmalı 

olmuşdu. İkinci Dünya müharibəsinin tarix ədəbiyyatında çox vaxt "Vətən müharibəsi" adlanan 1941-1945-ci 

illər dövründə Azərbaycan xalqı istər cəbhədə, istərsə  də arxada misilsiz döyüş  və  əmək rəşadətləri 

göstərmişdi. Qısa müddət  ərzində Respublikada 87 qırıcı  təyyarə batalyonu və 1124 özünümüdafiə 

batalyonları  təşkil olunmuşdu. 600 mindən çox azərbaycanlı  cəbhəyə  səfərbər olunmuşdu. 

Azərbaycanlılardan ibarət 416-cı, 271-ci, 77-ci, və 223-cü Milli diviziyalar təşkil edilmişdi. Bu divizi-

yalar Qafqaz dağlarından Berlinədək  şanlı bir döyüş yolu keçmişdilər. 100-dən çox azərbaycanlı  ən 

yüksək hərbi ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 30 nəfər Şərəf ordeni, 170 min nəfər 

isə müxtəlif orden və medallarla təltif olunmuşdu. Sovet İttifaqı  Qəhrəmanı adına ilk dəfə  İsrafil 

Məmmədov layiq görülmüşdü. Bu ada iki dəfə layiq görülmüş  hərbçimiz isə  Həzi Aslanov olmuşdur. 

Sovet  İttifaqı  Qəhrəmanları Adil Quliyev, Ziya Bünyadov, Gəray  Əsədov, Məlik Məhərrəmov, Mehdi 

Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan  Əliyarbəyov, Hacıbaba Zeynalov və 

başqaları öz qəhrəmanlıqları ilə xalqımızın hərb tarixinə yeni şərəfli sətirlər yazdılar. 

Respublika iqtisadiyyatının hərbi relslər üzərinə keçirilməsi sahəsində böyük işlər görüldü. 

Yüngül və yeyinti sənaye sahələri hərbiləşdirildi. Az vaxt ərzində Bakı şəhəri döyüşən ordunun cəbbəxa-

nasına çevrildi. Böyük çətinliklərə baxmayaraq neftçilərimiz döyüşən ordunu yanacaqla təmin edirdilər. 

Azərbaycan alimi Yusif Məmmədəliyevin başçılıq etdiyi alimlər qrupu yüksək oktanlı təyyarə benzininin 

alınması üsulunu kəşf etdilər. 1941-ci ildə Azərbaycanın neft tarixində rekord miqdarda - 23,5 milyon ton 

neft istehsal olundu. Bu SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə il-

lərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları 

vermişdilər. Sovet ordusunun təyyarə  və tankları demək olar ki, Bakı nefti ilə  işləyirdi. Azərbaycanın 

digər sərvətləri də  cəbhə üçün sərf olunurdu. Qadınlar döyüşçülər üçün yundan corab, əlcək, köynək 

toxuyur, bəzək əşyalarını müdafiə fonduna verirdilər. Kolxozçular ordunu ərzaqla təchiz edirdilər. Taxıl, 

ət, süd, yağ son damlasınadək cəbhənin ehtiyaclarına yönəlmişdi. 

Sovet dövlətinin xalqımıza qarşı etdiyi ən böyük ədalətsizliklərdən biri də Bakıya layiq olduğu 

adın - "Qəhrəman  şəhər" adının verilməməsi idi. Alman nasizmi üzərində  qələbədə misilsiz rol oynamış 

Bakı neftinin roluna belə münasibət  əsrlərdən bəri imperiyaların xalqımıza qarşı  ədalətsizliyinin bariz 

nümunəsi idi. 

Tarixi arayış. İkinci Dünya müharibəsi 1939-1945-ci illəri əhatə etmişdir. Bu müharibə 1939-cu il 

sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başlanmış, 1945-ci il sentyabrın 2-də 

Yaponiyanın təslim olması ilə başa çatmışdır. Bu müharibədə dünyanın 61 dövlətindən 120 milyon adam 

iştirak etmişdir. Müharibədə ideoloji və siyasi yönümündən asılı olmayaraq 50-dən çox dövlət antifaşist 

koalisiyasında birləşmiş, dünyanı faşizm taunundan xilas etmişdir. Faşist bloku (Almaniya, İtaliya, 

Yaponiya, Macarıstan, Bolqarıstan, Rumıniya, Finlandiya) məğlub edilmiş, bu bloka daxil olan ölkələrin 

əksəriyyəti müharibənin gedişində onun tərkibindən çıxaraq, Almaniyaya və Yaponiyaya müharibə elan 

etmişdilər. 

Müharibə  bəşəriyyətə çox böyük itkilər bahasına başa gəldi. Təqribən 50 milyon adam həlak 

olmuşdu. Milyonlarla insan yaralanmış,  şikəst olmuş, itkin düşmüş,  əsir düşərgələrində  işgəncə  və 

zülmlərə məruz qalmışdır. Minlərlə şəhər, kənd, qəsəbə xarabazarlığa çevrilmişdir. Bir daha belə dəhşətli 

müharibəyə yol verməmək üçün bütün dünya öz qüvvələrini səfərbər etmişdir. Ona görə də Almaniyanın 

təslim olması günü - 9 may bütün bəşəriyyət tərəfindən faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. 

 


 

49 


18 MAY 

 

BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ 



 

Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 

1977-ci ildə Beynəlxalq Muzeylər  Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə 

təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün 

Rusiyanın bütün muzeylərində "açıq qapı" elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və 

ekspozisiyalara tamaşa edirlər. 

"Muzey" yunan sözü olub, "muzalar məbədi" deməkdir. Muzalar qədim yunan mifologiyasında 

incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və  mənəvi mədəniyyət abidələrini 

komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və  təbliğ edən elmi müəssisələr bu adla 

adlandırılmışdır. 

Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı  İsgəndəriyyə şəhərində yaradılmışdır. 

Burada 40.000-dən artıq eksponatlar - sikkələr, heykəllər, sarkofaqlar, gil qablar, papiruslar və bir-

birindən gözəl təsviri sənət nümunələri toplanmışdır. Bu eksponatlar qədim misirlilərin həyatı, məişəti, 

mədəniyyəti, eləcə də yunan-roma mədəniyyətləri haqqında zəngin məlumatlar verir. 

İndi dünyada muzeylər çoxdur. Onlardan ən məşhurları Parisdə Luvr muzeyi (Fransa), Londonda 

Viktoriya və Albert muzeyi (Böyük Britaniya), İstanbulda Topqapı muzeyi (Türkiyə) və Sankt-

Peterburqda Ermitajdır (Rusiya). 

Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil. XX əsrin əvvəllərində Bakı ticarət məktəbi 

nəzdində  Sənaye, Xalq məktəblərinin Bakı-Dağıstan müdiriyyəti nəzdində Pedaqoji, Rus texniki 

cəmiyyəti Bakı şöbəsi nəzdində Texniki muzeylər fəaliyyət göstərmişdir. 

İlk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il 

dekabrın 7-də "İstiqlal" muzeyi fəaliyyətə başladı. Muzeyin təsisi ilə əlaqədar "Azərbaycan" qəzeti (1919, 

23 sentyabr) yazırdı: "Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir milli 

muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını "milli muzey" qoymaq fikrində 

idiksə  də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə  "İstiqlal muzesi" olmasını 

əhəmiyyətli görürüz". Muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar - məişət əş-

yaları, silahlar və  əlyazmalar toplanmışdı. Muzeyin təşkili və  fəaliyyəti ilə bağlı bütün xərclər 

Azərbaycan Parlamenti Rəyasət Heyətinin hesabına idi. Aprel işğalından sonra "İstiqlal" muzeyinin 

eksponatları yeni təşkil olunmuş Azərbaycan dövlət muzeyinə verildi. Sonralar eksponatların bir hissəsi 

(o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, "İstiqlal Bəyannaməsi"nin  əsli, Azərbaycan 

Parlamentinin materialları və s.) Moskvadakı İnqilab muzeyinə aparıldı. 

Sovet hakimiyyəti illərində Respublikada muzey şəbəkəsi daha da genişlənmişdi: Nizami adına 

Ədəbiyyat muzeyi, L. Kərimov adına Azərbaycan Xalçası  və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi, 

Azərbaycan Tarixi muzeyi, Xalq Maarifi muzeyi, əksər rayon və  şəhərlərdə tarix, diyarşünaslıq 

muzeyləri, elm və  mədəniyyət xadimlərinin ev muzeyləri və s. bu qəbildəndir.  İftixar hissi ilə qeyd 

olunmalıdır ki, Azərbaycan Xalçası  və  Tətbiqi Sənət Dövlət Muzeyi dünyada yeganə belə muzeydir. Bu 

muzey həm də Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi vardır. 

Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda 

(Kəlbəcər) və  Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir. Məşhur Norveç alimi və 

səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə "səma altında muzey" adlandırmışdır. 



 

50 


1 İYUN 

 

UŞAQLARI BEYNƏLXALQ MÜDAFİƏ GÜNÜ 



 

XX  əsrdə  uşaqlar daha çox təcavüzə, zorakılığa, irqi ayrı-seçkiliyə, deportasiya və soyqırımlara 

məruz qalmış insanlardır. Bu əsrdə baş vermiş iki dünya müharibəsi, lokal müharibələr, dini, irqi və etnik 

zəmində toqquşmalar, aparteid, soyqırımları yüz minlərlə  uşağı valideyn himayəsindən məhrum etmiş, 

onların həyatına son qoymuş, ən adi insan hüquqları kobudcasına pozulmuşdur. İndi də dünyanın bir çox 

ölkələrində  uşaqlar aclıqdan  əziyyət çəkirlər. Uşaq alveri, uşaqların bədən orqanlarının çıxarılaraq 

satılması kimi insanlığa yaraşmayan hərəkətlər hələ  də davam etməkdədir. Erməni faşistləri minlərlə 

azərbaycanlı  uşağını xüsusi amansızlıqla qətlə yetirmiş, onlara qarşı misli görünməmiş zorakılıqlar 

törətmişlər. 

Gələcəyin qurucuları olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən 

məsələlərdir.  İyunun 1-ni Uşaqları Beynəlxalq Müdafiə Günü elan etmək də bu zərurətdən doğmuşdur. 

Beynəlxalq bayramlar içərisində daha çox tarixə malik olanı da məhz bu bayramdır. Həmin günün qeyd 

olunması haqqında qərar Beynəlxalq Demokratik Federasiyanın 1949-cu ilin noyabrında keçirilmiş xüsusi 

sessiyasında qəbul olunmuşdur. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci ilin 1 iyununda 

qeyd olunmuşdur. BMT bu təşəbbüsü bəyənmiş və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəa-

liyyətinin prioritet istiqamətlərindən biri kimi elan etmişdir. 

BMT-nin "Uşaq hüquqları haqqında Konvensiya" adlı  sənədi uşaqların hansı dövlətdə 

yaşamasından asılı olmayaraq, onların hüquqlarını tam əhatə edir. Konvensiyaya qoşulan dövlətlər onun 

müddəaları ilə hüquqi nöqteyi-nəzərdən razılaşdıqlarını  bəyan edirlər, yəni bu müddəalardakı 

göstərişlərin yerinə yetirilməsi öhdəliyini öz üzərilərinə götürürlər. Onlar bu istiqamətdə görülən tədbirlər 

haqqında məlumatı vaxtaşırı olaraq BMT-nin İnsan Hüquqları haqqında Komitəsinə  təqdim edirlər. 

Hazırda Konvensiyaya 189 ölkə qoşulub. Azərbaycan Respublikası bu Konvensiyanı 1992-ci ildə 

ratifikasiya edib. 

Konvensiyanın  əsas fəlsəfi ideyası  uşaq  şəxsiyyətidir. Konvensiyada əsas müddəa uşağın 

maksimum müdafiəsidir. Bununla yanaşı, Konvensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosial-

siyasi həyatında daha fəal və yaradıcı iştirakına imkan verən şəraiti yaratmağa çağırır. 

Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin 

rəngindən, cinsindən, mənşəyindən,  əmlak vəziyyətindən, özlərinin və ya valideynlərinin sağlamlıq 

vəziyyətindən asılı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər. 

Uşağın bütün hüquqları  əhəmiyyətlidir. Bununla belə, bəzi hüquqlar daha vacib hesab edilir. 

Bunlar ilk növbə-də uşağın yaşamaq hüququ, habelə bərabərlik və onun şəxsi rəyinə hörmət hüququdur. 

YUNİSEF-in "XXI əsr üçün gündəlik" - XXI yüzillikdə  ətraf mühit və inkişaf üzrə Qlobal 

Fəaliyyət Proqramında deyilir ki, "Uşaqların gələcəkdə yaşlıların qeyri-kamil dünyasının passiv 

qurbanları rolunu oynamaması üçün onlar öz hüquqlarını bilməli, gələcək üçün öz məqsədlərini başa 

düşməli və buna uyğun hərəkət etməlidirlər". 

Azərbaycan dövləti də bu Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çalışır. Bu 

sahədə  əsas milli sənəd olan "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu qəbul 

olunmuşdur. Hər il iyunun 1-i günü ölkəmizdə  də  Uşaqların Beynəlxalq Müdafiə Günü kimi geniş qeyd 

olunur. 

 


 

51 


5 İYUN 

 

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ GÜNÜ 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin