1948-ci il dekabrın 10-da BMT Baş Məclisi "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə"
qəbul etdi. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli
olduqları normaları müəyyən etmək idi. "Bəyannamə"ni qısa bir müddətdə dünya ölkələrinin böyük
əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzalamışdılar.
"İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" müxtəlif sosial-iqtisadi quruluşlu dövlətlərin
insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanlarını nümayiş etdirmiş mühüm beynəlxalq
sənəddir. O, dünya dövlətlərinin konstitusiya və qanunlarına da öz müsbət təsirini göstərir.
Dünya xalqları "Bəyannamə"nin müddəalarından öz hüquqları, sülh, demokratiya və tərəqqi
uğrunda mübarizədə istifadə edirlər.
"Soyuq müharibə" illərində sosialist bloku və Qərb demokratiyası arasında qarşıdurma
güclənmişdi. Mübarizə aparan ölkələr insan hüquqları və azadlıqları barədə müxtəlif mövqelərdə
dururdular. Qərb demokratiyaları insanın mülki və siyasi hüquqlarının (söz, fikir azadlığı, siyasi
plüralizm, ölkədən sərbəst getmək və yenidən qayıtmaq və s.) zəruriliyini təkidlə irəli sürür, sosialist
ölkələri isə iqtisadi və sosial hüquqların vacibliyini qabardırdılar. 1966-cı ildə, təxminən 20 il davam edən
qızğın müzakirələrdən sonra iki sənəd - Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və İqtisadi,
Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Pakt qəbul edildi.
Dünya ictimaiyyəti tərəfindən tanınan yeni növ insan hüquqlarının siyahısı ilbəil artır. Bu gün
dünya artıq insanın ekoloji hüququnu tanımaqdadır, gələcək nəsillərin ləyaqətlə və layiqincə yaşamaq
hüququ müzakirə edilir. Bu günə qədər insan hüquqları üzrə yeni-yeni sənədlər hazırlanır və qəbul edilir.
Müasir dünyada insan hüquqları daha geniş bir anlayışdır və aşağıdakıları əhatə edir:
- Hər bir ayrı-seçkilikdən azadlıq, o cümlədən irqi, cinsi, milli, yaxud dini ayrı-seçkilikdən
azadlıq;
- Qorxudan azadlıq: şəxsi təhlükəsizlik üçün qorxudan, səbəbsiz azadlıqdan məhrum edilməkdən,
işgəncə və digər zorakılıqlardan azadlıq;
- Fikir və söz azadlığı, qərar qəbul etmə prosesində iştirak və birliklər yaratmaq hüququ;
- Yoxsulluqdan azadlıq, layiqli həyat sürmək hüququ;
- İnsan potensialının inkişafı və onu həyata keçirmək üçün azadlıq;
- Ədalətsizlikdən və qanun pozuntusu ilə rastlaşmaqdan azadlıq;
- İstismar olunmadan layiqli işləmək hüququ.
İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə
bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi
tövsiyə etmişdir.
60
3. BUNLARI UNUTMAQ OLMAZ
25-26 FEVRAL
XOCALI SOYQIRIMI
Erməni hərbi qüvvələri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli və
qanlı faciəsini - Xocalı soyqırımını törətdilər. Bu, İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli
qırğınlardan sonra müasir dövrdə erməni separatçı-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin
və Rusiyanın 366-cı motoatıcı polkunun əsgərlərinin törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır.
Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən olan Xocalı şəhəri hələ 1991-ci ilin oktyabr
ayından hər tərəfdən düşmən əhatəsində idi. Oktyabrın 30-da avtomobil yolları bağlandıqdan sonra
şəhərlə əlaqə saxlamaq yalnız vertolyotla mümkün idi. Sonuncu mülki vertolyot 1992-ci il yanvarın 28-də
Xocalıya gələ bilmişdi, lakin Şuşa şəhəri üzərində 40 nəfərlik mülki vertolyotun vurulmasından sonra
hava yolları da bağlanmışdı. 1992-ci il yanvarın 2-dən şəhərin elektrik enerjisi də kəsilmişdi. Xocalı
əhalinin və onun müdafiəçilərinin iradəsi və dözümü sayəsində yaşaya bilirdi.
Şəhər əsasən atıcı silahlarla silahlanmış yerli könüllü dəstələr, milis və Milli Ordunun birləşmiş
qüvvələri tərəfindən müdafiə olunurdu. Fevralın ikinci yarısında Xocalı erməni hərbi birləşmələrinin
blokadasına alınaraq müntəzəm şəkildə hər gün artilleriya və ağır hərbi texnikadan atəşə tutulurdu.
Xocalıya hücum edən ermənilər Xankəndindəki 366-cı rus alayının hərbi texnikası ilə
silahlanmışdılar. Bu hücum 1992-ci il fevralın 25-i axşam başlandı. Şəhər iki saat tank və BTR-lərdən,
eləcə də "Alazan" tipli raketlərdən açılan güclü atəşə tutuldu. Xocalı üç tərəfdən mühasirəyə alındığı
üçün, əhali yalnız Əsgəran İstiqamətində irəliləyib xilas olmağa can atırdı. Lakin tezliklə aydın oldu ki,
bu, bir tələdir. Naxçıvanik kəndi yaxınlığında ermənilər əliyalın, silahsız əhalini fasiləsiz atəşə tutdular.
Şaxtalı havada meşələri qət edərək taqətdən düşmüş insanların - uşaqların, qadınların, qocaların çoxu
məhz Əsgəran-Naxçıvanik yolunda erməni qaniçənlərin törətdiyi vəhşiliklərin qurbanı oldular. Ermənilər
bu faciədən sonra belə, vertolyotlar vasitəsilə ağ xalat və maskalarda meşələri gəzərək insanları əsir
götürməkdən çəkinməmişdilər. O vaxtkı Azərbaycan hökuməti isə faciəni xalqdan gizlətməyə çalışmışdı.
Fevralın 28-də Milli Qəhrəman Çingiz Mustafayevin başçılıq etdiyi yerli jurnalistlərdən ibarət
qrup vertolyotla azərbaycanlıların məhv edildiyi əraziyə gəlmişdilər. Hər tərəf avtomat güllələri və
süngülərlə qətlə yetirilmiş qoca, uşaq və qadın meyitləri ilə dolu idi. Ermənilərin fasiləsiz atəşləri yalnız
dörd cəsədi götürməyə imkan vermişdi. Martın 1-də xarici və yerli jurnalistlərdən ibarət qrup buraya
gəldikdən sonra faciənin miqyası daha aydın görünmüşdür. Bir çox meyitlərin bədənləri süngü ilə deşik-
deşik edilmiş, başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, burun və qulaqları kəsilmişdi. Bu dəhşətli
mənzərə əslində erməni faşizminin bütün dünyaya bir xəbərdarlığı idi. Təəssüf ki, hələ də bu
xəbərdarlıqdan nəticə çıxarmayan, erməni terrorizminin bəşəriyyətin gələcəyi üçün necə bir bəla
olduğunu başa düşməyənlər vardır.
Xocalı soyqırımının dəhşətli mənzərəsi belədir: 613 nəfər öldürülmüşdür (63 nəfər uşaq, 106
nəfər qadın, 70 nəfər qoca); 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq valideyninin hər ikisini itirmişdir;
130 uşaq valideynlərdən birini itirmişdir; 487 nəfər yaralanmışdır; 1275 nəfər əsir düşmüşdür; 150 nəfər
itkin düşmüşdür; dövlətə və mülki vətəndaşlara 5 mlrd. manat (1992-ci il qiymətləri ilə) ziyan dəymişdir.
Sonradan erməni quldurları etiraf edirdilər ki, Xocalı Əsgəranla Xankəndini birləşdirən dəhliz
rolu oynadığı, həm də azərbaycanlıların nəzarətində olan hava limanı burada yerləşdiyi üçün bu qırğını
törətmişlər.
Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər
il xalqımız fevralın 26-da saat 17:00-da Xocalı şəhidlərinin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad
edir. Hazırda Xocalı əhalisi 48 .rayonda qaçqın vəziyyətdə yaşayır. Onlar Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həlli, öz vətənlərinə dönmək ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə və
beynəlxalq təşkilatlara öz hüquqlarının və ədalətin bərpası üçün çoxsaylı müraciətlər edir, Xocalı fa-
ciəsini ermənilər tərəfindən etnik təmizləmə, Azərbaycan türklərinə qarşı terror aktı kimi ittiham edirlər.
Bəşəriyyət XX əsrdə bir çox müdhiş soyqırımı və etnik təmizləmə cinayətlərinin şahidi olmuşdur.
Xocalı onların içərisində daha dəhşətlisidir. Xocalı soyqırımının təşkilatçıları və icraçıları bəşəriyyətə
qarşı ən ağır cinayətlər törətmiş canilər kimi beynəlxalq qanunlar əsasında mühakimə olunmalıdırlar.
61
31 MART
AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ
Azərbaycan xalqı 1918-ci ilin mart-aprel aylarında dinc əhalinin qanlı soyqırımı hadisələrini heç
vaxt unutmayacaq. 1918-ci ilin mart hadisələrinin təşkilatçısı və icraçıları erməni millətçiləri,
Daşnaksutyun partiyası və onun terrorçu birləşmələri, eləcə də əksəriyyəti erməni və slavyan millətlərin
nümayəndələrindən təşkil olunmuş Bakı Kommunasının bolşevikləri idilər. Mart soyqırımını qabaqcadan
planlaşdıran bolşevik-daşnak güruhu belə bir şayiə yaymışdı ki, guya Bakıda müsəlmanlar Osmanlı
sultanının himayəsi ilə silahlı üsyan hazırlayırlar. Odur ki, Bakıda yaşayan ermənilər 1918-ci ilin
əvvəlində Cənubi Qafqaz cəbhəsindən çıxarılmış rus əsgərlərinin silah və sursatları ilə təchiz olunurdular.
Müxtəlif cəbhələrdən bolşeviklərin razılığı ilə bir neçə min erməni əsgəri də gətirilib Bakıda
yerləşdirilmişdi. Vəziyyətin ağırlığını hiss edən müsəlman siyasi xadimləri qanlı qırğının qarşısını ala
bilmək üçün qüvvələri səfərbər edə bilmədilər. Hələ mart hadisələrindən yarım il əvvəl Bakı Sovetinə
keçirilmiş seçkilərdə "Müsavat" partiyası bolşeviklərdən iki dəfə çox səs qazanmağa müvəffəq olmuşdu.
Bu, bolşevikləri çox narahat edirdi və onlar müstəqil milli dövlətin yaradılmasına imkan vermək
istəmirdilər. Buna görə də soyqırımı təşkilatçılarının əsas məqsədi get-gedə siyasi nüfuzu artmaqda olan
"Müsavat" partiyasını məhv etmək, Azərbaycanın müstəqilliyi ideyalarına, milli-demokratik qüvvələrə
ağır zərbə vurmaq idi.
Milli qırğına başlamaq üçün bəhanə isə martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət olan
"Evelina" gəmisinin bolşevik-daşnaklar tərəfindən tərksilah edilməsi oldu. Azərbaycanlılar yaşayan
məhəllələrin əhalisi buna qarşı ciddi etiraz edərək, müsadirə olunmuş silahların geri qaytarılmasını tələb
etdilər. "Hümmət" təşkilatının vasitəçiliyi ilə alınmış silahların geri qaytarılması barədə razılığa nail
olunsa da, son anda bolşevik-daşnak hökuməti vədinə əməl etmədi. Bu vaxt ermənilər belə bir şayiə
yaydılar ki, guya azərbaycanlı zabitlər Muğanda yaşayan rus əhalisini məhv etmək barədə əmr vermişlər.
Bu təxribata rus millətindən olan Xəzər donanması matrosları, habelə eser və menşeviklərin bir hissəsi də
uymuşdular.
Martın 30-da qırğının həyata keçirilməsinə rəhbərlik etmək üçün başda bolşevik-daşnak Şaumyan
olmaqla Bakı Soveti yanında İnqilabi Müdafiə Komitəsi yaradıldı. Həmin gün saat 17:00-da döyüşlər
başlandı. Qırğın ərəfəsində öz bitərəfliyini elan etmiş Daşnaksutyun partiyası və Erməni Milli Şurası Bakı
Sovetini müdafiə etdi. Soyqırıma Bakının erməni mənşəli əhalisi də qoşuldu. Eserlər və kadetlər də
bolşeviklərin tərəfinə keçdilər. Mart hadisələri mahiyyət etibarilə əsil soyqırımı idi. Xəzər hərbi
donanmasının topları müsəlmanlar yaşayan məhəllələri şiddətli top atəşinə tutdular. Martın 31-də erməni
başkəsənləri "Kərpicxana", "Məmmədli" və "Zibilli dərə" məhəllələrində yaşayan azərbaycanlıları
tamamilə məhv etdilər. Heç kimin qaçmasına yol verməmək üçün bolşeviklər "müsavatçıları məhv
etmək" pərdəsi altında Bakı limanını ələ keçirmiş, İçərişəhəri mühasirəyə almışdılar. Aprelin 1-də erməni
əsgərləri buraya daxil olaraq dəhşətli qırğınlar törətdilər. Erməni-bolşevik vandalları "Kaspi" mətbəəsini,
"Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini
top atəşi ilə deşik-deşik etmişdilər. Üç gün ərzində təkcə Bakıda 12000-dən çox azərbaycanlı qətlə
yetirilmişdi.
Erməni-bolşeviklər bununla kifayətlənmədilər. Qanlı qırğınlar Andronikin, Hamazaspın, Haykın,
Dronun, Njdenin, Lalayansın, Əmirovun başçılıq etdiyi quldur-terrorçu erməni dəstələri tərəfindən
Azərbaycanın ətraf qəzalarında da davam edirdi. Şaumyan tərəfindən səlahiyyət verilmiş Hamazaspın
başçılıq etdiyi erməni silahlı dəstələri Quba qəzasının 122 kəndini dağıtmış, yandırmış, təxminən 2000
nəfəri vəhşicəsinə qətlə yetirmişdi. Bundan sonra terrorçular Xaçmaz, Göyçay, Ağdaş, Kürdəmir, Cavad,
Salyan və Lənkəran qəzalarında talanlar və qırğınlar törətmişdilər. Atarbekovun və Lalayansın erməni
hərbi hissələri Şamaxı qəzasında 8000 nəfəri qətlə yetirmişdi ki, onların da 1653 nəfəri qadın, 965 nəfəri
uşaq olmuşdur. Lalayansın göstərişi ilə kəndlərin birində qadınlar məscidə doldurularaq diri-diri
yandırılmışdılar. Burada cəmi 58 kənd yandırılmışdı. Kürdəmirdə quldurlar 56 ev və 2 məscid binasını
yandırmışdılar. Mikoyanın başçılıq etdiyi dəstələr isə sonradan Şamaxıya soxularaq burada 20 kəndi
dağıtmışdılar. Baloğlan kəndində isə 535 nəfər (250 kişi, 150 qadın, 135 uşaq) öldürülmüş, 69 nəfər
yaralanmışdı. Navahı kəndində 1050 nəfər öldürülmüş və yaralanmışdı.
Qanlı soyqırımı İrəvan, Göyçə, Cavanşir, Zəngəzur qəzalarının müsəlman kəndlərində, Naxçıvan
və Qazaxda da davam etdirilmişdi. İrəvan, Göyçə və Qazaxda 200, Qarabağ və Zəngəzurda 75 kənd
yandırılmışdı.
Belə kədərli rəqəmləri daha çox sadalamaq mümkündür. Soyqırımı 1918-ci il sentyabrın
ortalarınadək davam etmişdi. Bu soyqırımda 600 minə yaxın azərbaycanlı vəhşi erməni millətçiliyinin
qurbanı olmuşdu.
62
Erməni başkəsəni S. Şaumyan 1918-ci il aprelin 18-də bolşevik cəlladlarının başçısı V. Leninə
yazdığı məktubunda daşnakların milli qırğında iştirakının bolşeviklər tərəfindən qəsdən təşkil olunduğunu
etiraf etmişdi. Bu faciə Bakı Sovetinin antiazərbaycan siyasətini xalqa nümayiş etdirdi. Azərbaycanda
sovetləşmə ideyasına güclü zərbə vuruldu. Azərbaycan xalqı arasında milli birlik və müstəqil dövlətçilik
ideyalarını gücləndirdi. Yalnız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və qardaş Osmanlı dövləti-
nin Qafqaz İslam Ordusunun köməyə gəlməsi nəticəsində bu qanlı faciələrə son qoyuldu.
AXC hökuməti mart soyqırımı hadisələrini təhqiq etmək üçün Təhqiqat Komissiyası yaratmışdı.
Lakin Cümhuriyyətin süqutu bu işi başa çatdırmağa imkan vermədi. Azərbaycanda bolşevik diktaturası
qurulduqdan sonra bu qanlı hadisələr tarixin arxivinə göndərilmiş, onun əsil mahiyyəti təhrif olunmuş,
soyqırımı qurbanlarının dəfn olunduğu Çəmbərəkənd qəbiristanlığı isə Dağüstü park adı ilə gəzinti və
əyləncə yerinə çevrilmişdi. Yalnız Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra soyqırımı hadisəsi
haqqında real tarixi faktlar ictimaiyyətə açıqlandı. Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə mart soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verildi,
beynəlxalq ictimaiyyətin diqqəti bu antihumanist, ümumbəşəri cinayətə cəlb olundu. Həmin fərmanla 31
mart azərbaycanlıların soyqırımı günü elan olunmuşdur.
63
3 APREL
KƏLBƏCƏRİN İŞĞALI
1993-cü ilin mart ayında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun işğalına dair planlarını
həyata keçirməyə başladılar. Bu işdə o vaxt hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və
məsuliyyətsizliyi, "sapı özümüzdən olan baltalar"ın xəyanətkarlığı da erməni quldurlarına yardımçı oldu.
Əvvəlcə Ağdərə-Kəlbəcər yolu ələ keçirildi. Martın 27-də isə erməni silahlı birləşmələri üç istiqamətdən
Kəlbəcər üzərinə hücuma başladılar. Hücumdan əvvəl, Kəlbəcərə gedən yollar müəmmalı şəkildə mi-
nalardan təmizlənmiş, 3 min nəfərlik hərbi qüvvə rayon ərazisindən çıxarılmışdı.
Kəlbəcərlilərin respublika rəhbərliyinə təkid, yalvarış və xahişlərlə dolu müraciətləri isə nəticəsiz
qaldı. Vəd olunan kömək göndərilmədi. İşğalın reallığını hiss edən silahsız və köməksiz əhali ev-eşiyini,
var-dövlətini qoyub qaçmağa məcbur oldu. İnsanlar qarda-boranda yeganə işlək yol olan Murov yolu ilə
Gəncə istiqamətində yollandılar. Bu yolda nə qədər insan çovğuna, şaxtaya düşüb məhv oldu, əl-ayaq-
larını şaxta vurdu. Kəlbəcər aprel ayının 3-də işğal olundu. Düşmən məqsədinə çatdı. Olduqca əlverişli
hərbi-strateji əhəmiyyətli bir ərazi ələ keçirildi. Daxili xəyanətkarların əli ilə əsrlər boyu düşmənə sinə
gərmiş, qalalı, səngərli Kəlbəcər torpağı yağı tapdağı altda qaldı.
BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcərin işğalını pisləyən, erməni
işğalçılarından dərhal həmin ərazini tərk etməyi tələb edən 822 №-li qətnamə qəbul etsə də, bu mühüm
sənəd hələ də yerinə yetirilməmişdir. İndi respublikanın bütün rayonlarında köçkün həyatı yaşayan
kəlbəcərliləri yalnız bir şey düşündürür: tezliklə doğma yurda qayıtmaq, düşmənin xarabazarlığa çevirdiyi
bu cənnət diyarı yenidən öz əvvəlki görkəminə qaytarmaq.
64
8 MAY
ŞUŞANIN İŞĞALI GÜNÜ
17-18 MAY
LAÇININ İŞĞALI GÜNÜ
Xocalı soyqırımını törədən ermənilər cəzasız qaldıqlarından öz vəhşi hərəkətlərini davam
etdirirdilər. Növbəti hədəf Şuşa və Laçın idi. Bu şəhərlər də siyasi oyunların, çəkişmələrin, xəyanətin
qurbanı oldu.
Şuşaya ermənilərin hücumu gözlənildiyindən yaranmış vəziyyət 1992-ci ilin martında Respublika
Müdafiə Şurasının iclasında müzakirə olunmuşdu. Lakin əməli iş, demək olar ki, görülmürdü. Şəhər uzun
müddət idi ki, mühasirədə idi. Lazımi silah və sursatla təmin olunmurdu. Rusiyanın 336-cı polkunun 180
hərbi mütəxəssisinin 90 ağır hərbi texnika ilə ermənilər tərəfinə keçməsi faktı da məlum idi. Şuşanın
müdafiəsində isə cəmi 24 ağır texnika dururdu. Düşünülmüş müdafiə planı yox idi. Xarici qüvvələrin
əlində oyuncağa çevrilmiş müdafiə naziri R. Qazıyev burada vahid komandanlıq yaradılmasına mane
olur, bununla da hərbi-siyasi vəziyyəti daha da gərginləşdirirdi. Hücum ərəfəsində xeyli döyüşçü
qısamüddətli ezamiyyətə buraxılmışdı. Şəhərdə cəmi 500 döyüşçü qalmışdı. Belə bir şəraitdə Şuşaya
gedən yollardakı minalar zərərsizləşdirildi. Mayın 8-də səhər saat 5-də şəhər ətrafında olan postların
əksəriyyəti artıq tutulmuşdu. Ön mövqedə duran əsgərlər düşmənə qarşı qəhrəmanlıqla vuruşurdular.
Səhərə yaxın düşmənin üç tankı şəhərə daxil olsa da, onlardan biri vuruldu, digərləri isə geri qayıtdı. Qa-
yabaşı adlanan yerdə mövqe tutmuş müdafiə batalyonunun əsgərləri son nəfəsədək vuruşdular. 40 nəfər
şəhid oldu. Mühasirəyə düşmüş 38 nəfər döyüşçü düşmən əlinə keçməmək üçün özünü öldürdü. Digər
müdafiə dəstələri axşama qədər müqavimət göstərdilər. Qüvvələr tükəndi və axşama yaxın Şuşa süqut
etdi.
Bakıda hakimiyyət uğrunda siyasi oyunların getməsindən istifadə edən düşmən mayın 18-də
Laçın rayonunu da işğal etdi. Beləliklə, Dağlıq Qarabağı Ermənistandan ayıran dəhliz açıldı. Bu isə
Azərbaycanın yeni ərazilərinin işğal olunması üçün zəmin yaratdı.
65
23 İYUL
AĞDAM RAYONUNUN İŞĞAL GÜNÜ
1993-cü ilin iyununda düşmən Azərbaycanda baş vermiş siyasi böhrandan istifadə edərək yeni
hücum əməliyyatına başladı. Ermənistanın işğalçı qüvvələri bu böhrandan istifadə edərək Ağdam
rayonunun Qarqarçayı, Saybalı kəndinə qədər ərazisini işğal etdi.
Cəbhə yerli özünümüdafiə batalyonlarının ümidinə qalmışdı. Düşmən sürətlə irəliləyirdi.
Malıbəyli kəndində güclü döyüşlər gedirdi. "Fred" ləqəbli Asif Məhərrəmovun müdafiə batalyonlarının
döyüşçüləri iyunun 22-23-də bütün günü və gecəni düşmənlə əlbəyaxa döyüşdülər. Lakin kömək
gəlmədiyi üçün geri çəkildilər. İyulun 23-də 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri süqut etdi. Yağı
düşmən evlərə od vurur, mədəniyyət abidələrini dağıdır, insanların əmlaklarını qarət edir, şəhəri tərk edə
bilməyən dinc əhaliyə amansız divan tuturdu. Ağdam rayonunun 1094 kv. km-lik ərazisi hakimiyyət
uğrunda gedən siyasi didişmələrin, təxribat və xəyanətlərin qurbanı oldu.
BMT Təhlükəsizlik Şurası 1993-cü il iyulun 29-da Ağdamın işğalını pisləyən və işğalçı ordunun
işğal etdiyi əraziləri qeyd-şərtsiz olaraq tərk etməsini tələb edən 853 №-li qətnamə qəbul etdi. Lakin
beynəlxalq birliyin təcavüzkara qarşı sərt tədbirlər görməməsi səbəbindən həmin qətnamə bu günə qədər
yerinə yetirilməmişdir.
66
23-25 AVQUST
FÜZULİ VƏ CƏBRAYIL RAYONLARININ İŞĞALI GÜNÜ
31 AVQUST
QUBADLININ İŞĞALI GÜNÜ
27 OKTYABR
ZƏNGİLANIN İŞĞALI GÜNÜ
Ağdam rayonunun işğalı, ölkə daxilində separatçı qüvvələrin fəallığı, ordunun həddən artıq
siyasiləşərək müxtəlif partiyaların və siyasi qrupların mənafeyinə xidmət etməsi Füzuli, Cəbrayıl, Qubadlı
və Zəngilan rayonlarının da düşmən əlinə keçməsini sürətləndirdi. Xüsusilə Əlikram Hümmətovun
qondarma "Talış-Muğan Respublikası" elan edərək, özünə sadiq silahlı qüvvələri cəbhə xəttindən
çıxarması, Azərbaycan dövlətinə qarşı qiyam qaldırması bu işdə mühüm rol oynadı. Vahid hərbi
əməliyyat planına malik olmayan Azərbaycan ordusu xarici qüvvələr tərəfindən gücləndirilmiş
Ermənistan ordusunun hücumlarına tab gətirmədi. Bu işdə cəbhə bölgələrində müxtəlif siyasi qüvvələrin
təxribatçı hərəkətləri də az rol oynamadı. Avqustun 23-də Füzuli, 25-də Cəbrayıl, 31-də Qubadlı rayonları
işğal olundu. Hər tərəfdən düşmən mühasirəsində olan Zəngilan rayonunu da xilas etmək mümkün
olmadı. Nəticədə oktyabrın 27-də Zəngilan rayonu da düşmən əlinə keçdi. Amansız düşmənlə üz-üzə
müdafiəsiz vəziyyətdə qalmış əhali öz doğma ev-eşiyini tərk etməyə məcbur oldu. Bu rayonların
müdafiəsi zamanı xalqımızın yüzlərlə igid oğlu qəhrəmanlıqla şəhid oldu.
Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və tor-
paqlarının ermənilər tərəfindən işğal olunduğunu BMT də təsdiq etdi. BMT Təhlükəsizlik Şurası 1993-cü
il oktyabrın 14-də Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının, noyabrın 12-də isə Zəngilan rayonunun
işğalını pisləyən və həmin ərazilərin tərk edilməsini tələb edən 874 və 884 №-li qətnamələr qəbul etdi.
Lakin əvvəlki qətnamələr kimi, bu qətnamələr də yerinə yetirilmədi.
Tarixi arayış
Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin
səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də
televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun
nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu.
Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı.
Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli
rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca
Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli,
Susuzluq, Qasımbinəsi, Yanaşaqbinə, Yanaşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də
Dostları ilə paylaş: |