§4. ƏDƏBĠYYAT
Azərbaycan ədəbiyyatı müharibədən sonrakı dövrdə də ictimai-siyasi
həyatla sıx əlaqədə inkişaf edirdi.
Azərbaycan Yazıçılar İttifaqının bilavasitə ədəbi prosesə fəal müdaxiləsi
gücləndi. Təşkilatın qurultay və plenumlarında, xüsusi müşavirələrində nəsr,
poeziya və dramaturgiyanın yaradıcılıq problemlərinə həsr olunmuş müzakirələr
keçirilirdi.
Poeziya, xüsusilə siyasi lirika fəal mövqe qazanmışdı. S.Vurğun, S.Rüstəm,
R.Rza, M.Rahim, O.Sarıvəlli, M.Dilbazi, Ə.Cəmil, N.Rəfibəyli və başqaları
müasirlərinin daxili aləmini əks etdirən lirik və epik əsərlər yazdılar. S.Vurğunun
"Muğan" və "Zəncinin arzuları", R.Rzanın "Lenin", M.Rahimin "Leninqrad
göylərində", S.Rüstəmin "Qafurun qəlbi" kimi poemaları yazıldı.
Azərbaycan romanının da mövzu dairəsi genişləndi, müasir həyata və tarixi
keçmişə həsr edilmiş yeni əsərlər oxuculara çatdırıldı. Müharibə zamanı
Sevastopol şəhəri müdafiəsinin iştirakçısı olan Ə.Əbülhəsən qələbədən sonra
"Müharibə" romanının birinci hissəsini çap etdirdi. S.Rəhimov müharibə
ərəfəsində başladığı "Saçlı" romanını bitirdi. M.Hüseynin "Abşeron",
M.Süleymanovun "Yerin sirri", Mir Cəlalın "Yaşıdlarım", Ə.Vəliyevin "Gülşən"
əsərləri nəşr edildi.
Xalq tarixinin mühüm səhifələrinə, azadlıq uğrunda mübarizə mövzusuna
maraq gücləndi. M.S.Ordubadinin "Dumanlı Təbriz" epopeyasının son hissəsi çap
olundu, "Qılınc və qələm" oxuculara təqdim edildi. M.Hüseyn "Komissar"
povestini tamamladı, S.Rəhman isə "Nina" romanını yazdı.
Dramaturgiya sahəsində də müasirliyə maraq gücləndi. İ.Əfəndiyevin
"Bahar suları", İ.Qasımovun "Xəzər üzərində şəfəq" C.Məcnunbəyovun "Böyük
məhəbbət", S.Rəhmanın "Aydınlıq"' Ə.Məmmədxanlının "Şərqin səhəri" əsərləri
oxucularda böyük maraq oyatdı.
Müharibədən sonrakı ilk illərdə Azərbaycan ədəbiyyatı əsasən uğurla
inkişaf etmiş, nəsrdə, poeziyada və dramaturgiyada əhəmiyyətli əsərlər
yaradılmışdı. Bununla belə həmin illərdə dəbdə olan konfliktsizlik "nəzəriyyəsi"
sənətin inkişafına, onun həyatla əlaqəsinin möhkəmlənməsinə ciddi əngəl törətmiş,
133
bir sıra istedadlı sənətkarları ziddiyyətlərin mahiyyətinə nüfuz etməkdən,
nöqsanları üzə çıxarmaq təşəbbüslərindən uzaqlaşdırmışdı.
1947-ci ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının
800 illiyi İttifaqın mədəni mərkəzlərində təntənə ilə qeyd olundu. Yubiley
münasibətilə 1946-cı ildə Gəncədə böyük şairin məqbərə-abidəsi açıldı. SSRİ
Yazıçılar İttifaqı ilə Azərbaycan Yazıçılar İttifaqının dahi şairin yubileyinə həsr
edilmiş təntənəli plenumu keçirildi.
48
1956-cı ildə S.Vurğunun anadan olmasının 50 illiyi yüksək ehtiramla qeyd
olundu. Azorbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə birinci olaraq
S.Vurğuna "Xalq şairi" adı verildi.
50-ci illərdə respublikamızın mədəni həyatında mühüm hadisələrdən biri
böyük Azərbaycan şairi Məhəmməd Füzulinin vəfatının 400 illiyinin (1958-ci il)
qeyd edilməsi oldu. Bakıda şairin yubiley tədbirlərində bütün respublikaların
nümayəndələri, həmçinin İran, Türkiyə, Əfqanıstan, İraq və başqa ölkələrdən
gəlmiş xarici qonaqlar iştirak etdilər. Dekabrın 9-da Moskvada, İttifaqlar Evində
şairə həsr olunmuş gecə keçirildi. Füzulinin 400 illiyi Sovet İttifaqında xalqların
klassik mədəni irsinin məhəbbətlə qorunmasının və təbliğ edilməsinin parlaq
nümayişinə çevrildi.
1968-ci ildə Molla Ponah Vaqifin 250 illik yubileyi geniş qeyd olundu.
1962-ci ildən başlayaraq hər ilin may ayında M.Ə.Sabir poeziyası günləri
keçirilməsi ənənəsi yarandı.
50-ci illərdə zəngin həyat materialına və sənətin tarixi təcrübəsinə
arxalanan yazıçılar yeni ədəbi nailiyyətlər qazandılar. S.Vurğunun "Aygün"
poemasında əməyin qüdrəti və şəxsiyyətin fərdi duyğuları bədii təhlil predmetinə
çevrilir.
Bu illərdə epik təsvirlərə xüsusi maraq göstərən Azərbaycan nəsri
S.Rəhmanın "Böyük günlər", M.Cəlalın "Yolumuz hayanadır", Ə. Sadığın
"Mingəçevir", Ə.Vəliyevin "Çiçəkli", M.Hüseynin "Səhər", İ.Qasımov və
H.Seyidbəylinin "Uzaq sahillərdə", S Rəhimovun "Ağbulaq dağlarında" romanları
ilə zənginləşdi. Əlbəttə, bu əsərlərdə müəllifləri məşğul edən problemlər eyni
dərəcədə ictimai əhəmiyyətə malik olmadığı kimi, onların bir qismi sənətkarlıq
baxımından da zəif idi.
Stalinin vəfatından sonra cəmiyyətdə baş vermiş ictimai prosesləri dərindən
öyrənib, onları yüksək qiymətləndirən bir çox yazıçılar yeni, aktual əsərlərlə çıxış
etdilər. M.İbrahimovun "Böyük dayaq", İ.Şıxlının "Ayrılan yollar", İ.Hüseynovun
"Yanar ürək", B.Bayramovun "Yarpaqlar", İ.Əfəndiyevin "Söyüdlü arx",
Ə.Əbülhəsənin "Tamaşa qarının nəvələri", H.Seyidbəylinin "Telefonçu qız"
əsərlərində, şairlərin poema və silsilə şeirlərində, habelə Ə.Məmmədxanlının
"Şirvan gözəli" komediyasında yadda qalan bədii obrazlar yaradıldı. Bu əsərlərin
134
əksəriyyətində nöqsanlara, cəmiyyətin inkişafına maneə olan əngəllərə, məişətdə
və psixologiyada özünü göstərən əyintilərə, meşşanlığa qarşı kəskin tənqidi
münasibət vardı.
Azərbaycan dramaturgiyası müasirliyə dönüşü daha da gücləndirməklə,
bədii kamillik kəsb etdi. Ə.Məmmədxanlının "Od içində", İ.Əfəndiyevin
"Atayevlər ailəsi", R.Rzanın "Qardaşlar", İ.Qasımov və H.Seyidbəylinin "Dəniz
cəsurları sevir", İ.Səfərlinin "Göz həkimi" əsərlərində bir sıra bitkin ədəbi surətlər
yaradıldı. Əldə edilmiş müvəffəqiyyətlərə baxmayaraq, dramaturgiya yaradıcılığı
pyeslərin məzmununa, həm də bədii formasına görə açıq-aydın geri qalırdı.
Müharibədən sonra SSRİ və dünya xalqları ədəbiyyatlarının ən gözəl
nümunələrinin Azərbaycan dilinə tərcüməsi dövlət əhəmiyyəti kəsb edən mədəni
tədbirlərdən idi. Klassik və müasir Azərbaycan sənətkarlarının ədəbi irsinin rus
dilinə tərcüməsi də genişləndi. 50-ci illərdən başlayaraq, qarşılıqlı tərcümə dövlət
əhəmiyyətinə
malik
vüsət
aldı.
Azərbaycan
oxucuları
A.Radişşev,
N.S.Dobrolyubov, İ.A.Qonçarov, V.Latsis, İ.Çavçavadze, A.İ.Gertsen, M.Saltıkov-
Şedrin, K.Fedin, A.Tvardovski, A.Tolstoy, O.Balzak, C.London, D.Fenimor-Kuper
və başqa sənətkarların əsərlərini öz dillərində oxumaq imkanı qazandılar.
60-cı illərdə "Yeni nəsr" ədəbi məktəbi meydana gəldi. Bu məktəb yeni
estetik və siyasi qayəsi, əxlaqi problematikası ilə fərqlənirdi. Onun qəhrəmanları
əvvəlki stereotip qəhrəmanlara oxşamayan, mühitində yad görünən "qəribə
adamlar" idi. Cəmiyyətdəki dərin barışmaz ziddiyyətləri, insan hüquqlarının
tapdalanmasını, qanunsuzluğun baş alıb getməsini, bəşəri və milli dəyərlərin
deformasiyasını, saxtakarlığı və başqa eybəcərlikləri mövcud idarəçilik sisteminin
labüd nəticəsi kimi təqdim edən əsərlər yaranmışdı. Cəmiyyətdə, ailədə, nəsillər
arasında olan ziddiyyətlərin müxtəlif aşkarlıq formaları və əsas səbəbləri
S.Rəhmanın "Yalan", İ.Hüseynovun "Yanar ürək", "Doğma və yad adamlar",
Anarın "Molla Nəsrəddin-66", Elçinin "Ağ dəvə", "Sos" əsərlərində, Ə.Əylisli,
S.Əhmədov, Rüstəm və Maqsud İbrahimbəyovların roman və povestlərində
məharətlə açıqlanırdı.
Getdikcə açıq-aşkar dərinləşən ictimai-sosial ədalətsizliyin tənqidi üçün
yaradıcı ziyalılar rəmzlərdən, alleqoriyalardan, eyhamlardan, başqa xalqların və
tarixi dövrlərin mövzularından geniş istifadə edirdilər. Rəsul Rzanın rənglər
silsiləsi bu baxımdan çox səciyyəvi idi. Xəlil Rza təqiblərə məruz qalsa da, sözünü
cəsarətlə və açıq deyirdi.
Xalqın zəngin qaynaqları olan mənəvi aləmi öz poetik əksini Rəsul Rzanın,
Osman Sarıvəllinin, Bəxtiyar Vahabzadənin, Mirvarid Dilbazinin, Əhməd Cəmilin,
Nəbi Xəzrinin, Hüseyn Arifin, Əliağa Kürçaylı, İslam Səfərli, Qasım
Qasımzadənin və başqalarının əsərlərində ustalıqla tapmışdı. Vahidin qəzəlləri
geniş yayılmışdı.
135
Milli şüurun oyanmasında Cənub mövzusunda əsərlərin xüsusi əhəmiyyəti
vardı. Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı silsilə şeirlər böyük poetik
və siyasi təsir gücünə malik idi.
M.İbrahimovun "Gələcək gün", "Pərvanə", P.Makulunun "Səttarxan"
romanları maraqla qarşılanmışdı. Balaş Azəroğlunun, Əli Tudənin, Söhrab Tahirin,
Mədinə Gülgünün, Həkimə Büllurinin əsərlərində parçalanmış vətən, ayrılıq,
həsrət mövzuları əsas yer tuturdu.
Xaricdə yaşayan azərbaycanlı yazıçıların yaradıcılığı da Azərbaycan
ədəbiyyatının zənginləşməsinə töhfə idi. Ümbülbanu Mirzə (Banin) 1945-ci ildə
Parisdə çap olunmuş "Qafqaz günləri" romanı ilə istedadlı yazıçı kimi tanınmışdı.
Onun sonrakı illərdə nəşr olunmuş "Paris günləri", "Sonra", "Yad Fransa", "Son
ümidin harayı" və s. əsərləri də maraqla qarşılanmışdı.
Dostları ilə paylaş: |