TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


Skiflərin  hegemonluğu.  Azərbaycan  ərazisində  Skif  çarlığı



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix26.02.2017
ölçüsü3,9 Mb.
#9663
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

Skiflərin  hegemonluğu.  Azərbaycan  ərazisində  Skif  çarlığı.  Qədim  Şərq 

qaynaqları şəhadət verir ki. e.ə. VII əsrin 70-ci illərində meydana gəlmiş Skif çarlığı 

bir neçə on il ərzində Ön Asiyanın hərbi-siyasi həyatında çox mühüm amil olmuşdur. 

Qaynaqlar  skiflərin  Aşşur  dövlətinə  yaxın  vilayətlərdəki,  xüsusən  Manna  və 

Madadakı fəaliyyətindən bəhs etməklə bərabər, İşkuz (skiflər) ölkəsinin çarı Partatua 


185 

 

haqqında  da  məlumat  verir;  İşkuz  ölkəsi  Aşşurun  diplomatik  fəaliyyət  meydanının 



hüdudları  daxilində  idi,  yəni  Kür  çayının  orta  axarı    ilə    Urmiya  gölü    ətrafındakı   

Manna ərazisi arasında yerləşən vilayətləri əhatə edirdi. E.ə. VI əsrdə Aşgenaz (Skif) 

çarlığının  adının  Urartu,  Manna  və  Mada  ilə  bir  sırada  çəkilməsi  də  e.ə.  VII  əsrin 

təxminən  ikinci  yarısında  Ön  Asiya  vilayətlərində  hegemonluğu  müəyyən  müddət 

(Herodotdan gələn "28 il" rəqəmi, güman edildiyinə görə, şişirdilmiş rəqəmdir) əlinə 

keçirmiş  (bunu  arxeoloji  material  da  təsdiq  edir)  skiflərin  gücünə  və  qüdrətinə 

sübutdur. 

E.ə.  VI  əsrin  hələ  90-cı  illərində  Skif  çarlığı  çox  zəhmli  bir  qüvvə  sayılırdı. 

Həmin  əsrin  ancaq  80-ci  illərində  "şimalın  (yəni  skif  -  məsul  red.)  hökmdarları" 

haqqında həlak olmuş bir xalqdan danışılan kimi danışılır. 



186 

 

Skif çarlığının tarixi müqəddəratı irandilli mühacirlərin böyük kütlələrinin Ön 



Asiya  vilayətlərinə  gəlməsi  və  bu  regionda  coşqun  fəaliyyət    göstərməsi      ilə  

bilavasitə    bağlıdır.      Adətən    skiflər  adlandırılan  bu  tayfalar  içərisində  skiflərdən 

başqa saklar da var idi. 

Aşşur  mətnlərində  skiflərin  adı  ilk  dəfə  e.ə.  680-ci  il  ilə  674-cü  il    arasında, 

çox ehtimal ki, e.ə. 674-cü ilin ortalarında çəkilir. 

Ola  bilsin  ki,  e.ə.  674-cü  (?)  ilin  ortalarında  skif  qoşunları  artıq  mannalılar 

ölkəsinin  vilayətlərində  "yaşayırlar"  (qədim  mətni  belə  də

 

tərcümə  etmək  olar: 

"olurlar", "sakindirlər" və i.a. - məsul red.).  

Yazılı qaynaqların  məlumatından belə  bir nəticə  çıxarmaq  olar  ki,  skiflər Ön 

Asiyaya kimmerlərin ardınca gəlmişlər və Herodotun bu hadisələr haqqında dedikləri 

- yalnız skiflərin kimmerləri təqib etməsindən başqa - həqiqətə yaxın idi. 

Bu  vaxtdan  başlayaraq  Aşşur  kitabələri  skifləri  ən  əvvəl  Manna  və  qismən 

Mada ilə əlaqələndirir. E.ə. VII əsrin artıq 70-ci illərində İşpakay (lspakaja, Ispaka'ä) 

başda olmaqla skiflər mannalıların müttəfiqi kimi çıxış edirlər. 

Deməli,  təxminən  e.ə.  VII  əsrin  70-ci  illərinin  axırlarında  Skif  çarlığı  artıq 

mövcud idi. Özü də onu Manna-Mada torpaqlarının bilavasitə yaxınlığında, ola bilsin, 

Kürdən  (Sakasena  rayonunda)  başlanan  və  Arazdan  cənubda,  ta  Şimali  Manna 

vilayətinədək uzanan zolaqda axtarmaq lazımdır. Aşşur mətnlərinin sübut etdiyi kimi, 

miqrasiyanın ən erkən, ilk axınları məhz buraya yönəlmişdi.  

Skif  tayfalarının  Qafqaza  və  Ön  Asiyaya,  o  cümlədən  də  Azərbaycana  axını 

kütləvi  köç  deyildi,  çox  ehtimal  ki,  hərbi  basqınlar  idi.  İşğal  edilmiş  vilayətlərin 

müxtəlif  hissələrində  köçkünlər  düşərgələr  salır,  buradan  onların  çox  böyük  atlı 

dəstələri  bəzən  uzaq  rayonlara  da  reydlər  edirdilər.  Azərbaycanda  skiflər  o  qədər  də 

çox deyildi. Azərbaycan əhalisinin əsas kütləsi aborigenlərdən ibarət idi.  

Skif  başçısı  İşpakay  Aşşur  mətnlərində  sadəcə  "işkuzlu",  yəni  "skif 

"adlandırılır.  Təxminən  eyni  rayonlarda  fəaliyyət  göstərən  Partatua  isə  ən  tezi  e.ə. 

673-cü  ilə  aid  olan  Aşşur  sənədində  artıq  "İşkuz  (ölkəsinin)  çarı",  yəni  "Skif 

çarlığının" çarı adlandırılmışdır.  

Azərbaycanda  "Skif  çarlığı"nın  tarixində  qaranlıq  nöqtələr  az  deyildir. 

Məsələn,  bilmirik  ki,  İşpakay  Partatuanın  sələfi  idi,  yoxsa  "onlar  iki  (düşmən)  skif 

koalisiyasının  başçıları  idilər?  Lakin  İşpakayın  skifləri,  şübhəsiz,  mannalıların  və 

görünür,  həm  də  madalıların  müttəfiqləri  idilər  və  bu  skif  sərkərdəsi  təxminən  e.ə. 

673-cü  ilin  axırlarında  həlak  olmuşdur.  Bu  da  ağlabatandır  ki,  İşkuz  ölkəsinin  çarı 

Partatua (onun hökmranlığı e.ə. 675-645-ci illərə aid edilir) lap əvvəldən aşşurlularla 

danışıqlara  başlamış  və  Assarxaddonun  qızını  almaq  üçün  elçi  göndərmişdi.  Bu 

vaxtdan  "Skif  çarlığı"  Aşşurun  sədaqətli  müttəfiqi  olmuşdur.  Bəlkə  də  yalnız  bu 

ittifaq  sayəsində  madalıların,  skiflərin  (İşpaka  başda  olmaqla,  Partatuanın 

əleyhdarlarının), kimmerlərin və  mannalıların  koalisiyası  Aşşur üzərində  tam qələbə 


187 

 

çala  bilməmişdi.  Partatuanın  skifləri  Neynəva  dövlətini  labüd  məhvdən  xilas 



etmişdilər. 

E.ə. VII əsrin 70-ci illəri, qismən də 60-cı illəri Azərbaycanda "Skif çarlığı"nın 

təşəkkül  dövrü  sayıla  bilər,  lakin  bu  "çarlıq"  spesifik  köçəri  dövlətinin  əlamətlərinə 

malik olsa da, onu dövlət qurumu hesab etmək çətindir. 

Adətən  Prototinin  (Aşşur  qaynaqlarında  Partatua)  oğlu  Madinin  adı  ilə 

əlaqələndirilən  dövrdə  skiflərin  Ön  Asiyadakı  fəaliyyətində  qaranlıq  nöqtələr  az 

deyildir. 

Herodota görə, skiflərin Ön Asiyaya ilk gəlişi Prototinin adı ilə yox, Madinin 

adı  ilə  bağlıdır  və  guya  məhz  Kiaksar  Aşşur  ilə  müharibə  apardığı  vaxt  Madi 

kimmeriləri  təqib  eləyə-eləyə  Madaya  girmişdir.  Herodotun  verdiyi  məlumata  görə, 

skiflər Madaya, (daha doğrusu, Şimali Azərbaycan vilayətlərinə) Dərbənd keçidindən 

soxulmuşlar  ("skiflər...  düz  yoldan  burulub,  xeyli  uzun  olan  yuxarı  yolla  getmişlər, 

Qafqaz  dağları  sağda  qalmışdır").  Herodot  yazır:  "Bu  yerdə  midiyalılar  skiflərlə 

vuruşmuşlar.  Midiyalılar  basılmış  və  öz  hökmranlığını  itirmiş,  skiflər  isə  bütün 

Asiyaya yiyələnmişlər. Skiflər buradan Misir üzərinə getmiş və öz yollarında hər şeyi 

viran etmişlər. Misir çarı Psametix skifləri Fələstin Suriyasında qarşılamış, hədiyyələr 

və yalvar-yaxarla onları ayaq saxlamağa razı salmışdır... 

Skiflər Asiyada iyirmi səkkiz il hökm sürmüş, israfçılıq və savaşqanlıqları ilə 

hər şeyi tam bərbad hala salmışdılar. Çünki onlar hər bir [xalqdan] müəyyən edilmiş 

bacı  toplamaqla  kifayətlənməyib,    ölkəni    gəzərək,    əllərinə    nə    keçirdisə,    qarət  

edirdilər... " [I, 104-105]. 

Burada  təsvir  edilən  vəziyyət  vaxt  etibarilə  e.ə.  VII  əsrin  50-ci  illərinə  deyil, 

sonuna daha çox uyğun gəlir, çünki skif hökmranlığınn "bütün Asiyaya" yayılması və 

skiflərin  butün  Asiyada  "savaşqanlıq"  etməsi,  Herodotdan  asılı  olmayan  mənbələrə 

görə, məhz göstərilən dövrdə baş vermişdir. 

Qələmə  aldıqları  hadisələrin  müasirləri  və  şahidləri  olan  Bibliya  müəllifləri 

yazırlar  ki,  Ön  Asiyanın  müxtəlif  vilayətlərinin  sakinləri  "uzaq  yerdən,  dünyanın 

qurtaracağından",  "şimaldan",  "Şimal  torpaqlarından"  olan  xalqın,  "qüvvəli"  və 

"qədim",  lakin  həyasız"  xalqın  basqını  gözlənəndə  qorxuya  düşür  və  dəhşətə 

gəlirdilər,  o  xalqın  ki,  "sənin  nə  taxılından,  nə  şərabından,  nə  zeytun  yağından,  nə 

dana-buzovundan,  nə  də  qoyun-quzundan  sənə  heç  nə  saxlamayacaq,  nəhayət,  sənin 

özünün  də  axırına  çıxacaqdır"  [Deut.,  28,  49],  "ümidini  bağladığın 

möhkəmləndirilmiş şəhərlərini qılıncdan keçirəcəkdir" [J e r e m., 5, 18]. "Şimaldan" 

olan xalqın skiflərlə eyniliyinə şəkk-şübhə ola bilməz. Maraqlıdır ki, Mada çarlığını 

darmadağın  etmiş  skiflərin  Urartuya,  Aşşura,  Suriyaya,  Fələstinə    və  hətta  Misirə 

basqınlar  etdikləri    haqqında  yazılı  mənbələrin  məlumatı  adları  çəkilən  vilayətlərdə 

skiflərin  məhz  e.ə.  VII  əsrin  sonunda  -  VI  əsrin  əvvəllərində  coşqun  fəaliyyət 

göstərdiklərinə şəhadət verən arxeoloji materiallarla da təsdiq olunur.  



188 

 

Beləliklə, skiflər Ön Asiyaya e.ə. VII əsrin 30-20-ci illərində yox, təqribən 80-



70-ci illərində soxulmuşdular. Aşşurbanipalın kitabəsində "Sak və Qutium (ölkəsinin) 

çarı"  adlandırılmış  "Ummanmanda  çarı"  Tuqdamme  ilə  eyniləşdirilən  kimmer 

Laqdamisi  Kiçik  Asiyada,  Strabonun  dediyinə  görə  [I,  III,  21],  darmadağın  etmiş 

Madinin qaynar fəaliyyət dövrü VII əsrin 40-20-ci illərinə təsadüf edir. Herodotda isə 

bu dövr ümumiyyətlə öz əksini tapmamış, olsa-olsa onun yalnız axırı, yəni talanlardan 

sonra  "bütün  Asiyada"  skiflərin  28  illik  hökmranlığının  başlanması  verilmişdir. 

Herodotun skiflər tərəfindən Mada şahlığının darmadağın edilməsi və onların Asiyada 

hökmranlığının  başlanması  barəsindəki  məlumatı  etiraz  doğurmur.  Lakin  Herodotun 

dediyi  Madinin  skifləri  "Avropadan  kimmeriləri  sıxışdırıb  çıxaran"  və  guya  onları 

təqib edə-edə Ön Asiyaya soxulan bir qüvvə ola bilməzdi. Vaxtilə (VII əsrin 80-70-ci 

illərində)  Ön  Asiyaya  soxulan    skiflər  isə,  təbii    ki,    Kiaksarın  "hökmranlığı 

dövründəki  (625-585-ci  illər)  madalıları  darmadağın  edə  və  "bütün  Asiyada  öz 

hökmranlığını"  yarada  bilməzdilər,  bu,  görünür,  VII  əsrin  30-20-ci  illərində  ola 

bilərdi. 

Görünür,  Herodotun  istifadə  etdiyi  mənbədə  Madinin  yox,  atası  Prototinin 

Asiyaya soxulmasından xəbər verilirdi; məlum olduğu kimi, Prototi Asiyaya VII əsrin 

80-70-ci illərində gəlmişdi. Herodot ata ilə oğlu dolaşıq salmış, atanın işlərini oğulun 

ayağına  yazmış,  beləliklə,  təqribən  yarıməsrlik  hadisələri  sıxıb  cəmi  bir  neçə  il 

çərçivəsinə  yerləşdirmişdi.  Madinin  hökmranlıq  etdiyi  faciəli  hadisələrlə  dolu  dövr 

Herodotun əsərində yoxdur. Madi heç də Ön Asiyaya soxulmamışdı (bunu onun atası 

etmişdi).  Əslində  soxulmağa  ehtiyac  da  yox  idi,  çünki  hələ  Partatua  vaxtlarından 

Asiyada  "Skif  çarlığı"  vardı  və  Madi  öz  atasından  sonra,  güman  ki,  VII  əsrin  40-cı 

illərinin ortalarından "Skif çarlığı"nın qanuni sahibi idi. 

Belə güman etmək də çətindir ki, VII əsrin 30-20-ci illərində skiflərin hansısa 

yeni böyük kütlələri Qara dəniz sahillərindən Ön  Asiyaya soxulmuş və  guya "bütün 

Asiyada  öz  hökmranlığını"  yaratmışdır.  Asiya  üzərində  öz  hegemonluğunu  bərqərar 

edən skiflər, şübhəsiz, Madinin skifləri idi; hələ VII əsrin 40-cı illərində onlar Manna 

və  ya  Mada  skiflərini  öz  hakimiyyəti  altına  alan  kimmer  çarı  Tuqdammeni  (tituluna 

görə Sak və Qutium [ölkəsinin] çarını) Kiçik Asiyada darmadağın etmişdilər. Deməli, 

Herodotun  və  bəzi  tədqiqatçıların  dediklərinin  əksinə  olaraq,  Madi  skifləri  30-20-ci 

illərdə Asiyaya gələ bilməzdilər. 

Bəzi  məlumatlara  görə,  VII  əsrin  50-40-cı  illəri  Ön  Asiyaya  gəlmiş  ayrı-ayrı 

köçəri qrupları arasında, həmçinin  köçərilərlə Şərqin köhnə dövlətləri - Aşşur, Urartu 

və başqaları arasında ağır mübarizə dövrü idi. 

Atası kimi, Madi də Aşşurun müttəfiqi idi. Skif Madi 640-cı ilə yaxın kimmer 

Tuqdammeyə  qələbə  çalmış  və  bu  qələbə  nəticəsində  VII  əsrin  30-20-ci  illərində 

Asiyada  tam  ixtiyar  sahibi  olmuşdu.  Bəzilərinin  güman  etdiyinə  görə,  "Skif  çarlığı" 

Zaqafqaziyadan  və  İrandan  ta  Kappadokiyayadək,  çox  böyük  bir  ərazini  əhatə  edən 



189 

 

böyük  dövlətə  çevrilmişdi.  Məhz  bu  skiflər  VII  əsrin  30-20-ci  illərində  Ön  Asiya 



ölkələrini  bir  neçə  il  dəhşətə  salaraq,  "bütün  Asiyaya  hakim"  olmuşdular.  Bundan 

əvvəl madalılar darmadağın edilmişdi. 

Ön Asiyada skiflərin hegemonluğunun neçə il davam etdiyini demək çətindir. 

Herodot  söyləyir  ki,  Asiyada  skiflərin  hakirniyyəti  28  il  çəkmişdir,  lakin  bununla 

razılaşmaq olmaz, çünki onda belə hesab etmək lazım gələr ki, görkəmli sərkərdə və 

dövlət  xadimi,  ―Asiya  üzərində  hökmranlığın  banisi"  [Esxil]  Kiaksarın  hakimiyyət 

dövrünün dörddə üç hissəsi skiflərin hökmranlığı dövrü (625-598-ci illər) ilə bir vaxta 

düşür; bu isə mümkün deyildir, heç olmazsa ona görə ki, "Kedd xronikası"na əsasən, 

"madalılar artıq e.ə. 615-ci ildə Aşşura qarşı müharibəyə başlamışdılar. Ontar Arrapxa 

əyalətinə soxulmuş, 614-cü ildə isə Aşşur dövlətinin paytaxtı Neynəvaya hücum edib 

onun ətraf qəsəbəsi olan Tarbisuya yiyələnmiş, sonra Aşşur şəhərinə yaxınlaşmışdılar. 

Şəhər alınmış və qarət edilmişdi. 612-ci ildə madalılar babillərlə, ola bilsin, skiflərlə 

və  hakimiyyətləri  altında  olan  (?)  digər  xalqlarla  (müttəfiqlərlə  -  ?)  birlikdə  Aşşur 

dövlətinin  paytaxtı,  "aslanlar  yatağı"  Neynəvanı  tutmuş,  qarət  etmiş,  dağıtmış  və 

yandırmışdılar.  Madalılar  Neynəvanın  darmadağın  olunmasında  həlledici  rol 

oynamışlar. 

Madalılar məğlubiyyətə uğrayandan bir neçə il sonra, ola bilsin, e.ə. VII əsrin 

20-ci  illərinin  sonunda  -  10-cu  illərinin  əvvəlində  skiflərin  hakimiyyətindən  xilas 

oldular. Lakin Bibliya müəlliflərinin məlumatına görə, şimal köçəriləri daha bir neçə 

il Ön Asiya xalqlarını dəhşətə gətirməkdə davam etdilər. 

Ön Asiyada "Skif çarlığı"nın, demək olar, tam hökmranlığına, ehtimal ki, e.ə. 

VII əsrin 20-ci illərinin axırında və ya 10-cu illərinin əvvəlində son qoyuldu. Asiyada 

yeni  qüvvə  meydana  gəldi.  Bu  qüvvə  madalılar  idi.  Onlar  köçərilərə  nəinki 

müqavimət  göstərə  bildilər,  həm  də  tezliklə  köçərilərin  hakimiyyətinə  tamamilə  son 

qoydular və hətta "Skif çarlığı"nın ərazisinə yiyələndilər. 

Madalıların  Aşşur  üzərində  qələbəsi  Madanı  Qədim  Şərqin  böyük  dövlətinə 

çevirdi.  Ola  bilsin,  e.ə.  VII  əsrin  sonunda  və  ya  VI  əsrin  əvvəlində  madalılar 

Mannanı, Urartıınu və "Skif çarlığf'nı özlərinə 'abe etdilər. 

Qədim Şərq mənbələrində "Skif çarlığı" haqqında son məlumatlardan biri e.ə. 

594-cu ilə aiddir. 

Görünür,  590-cı  ilə  yaxın  Mada  ilə  Lidiya  arasında,  skiflərin  ucbatından, 

müharibə başlananda Kiaksar tərəfindən "Skif çarlığı" ləğv edilmişdi. 

Çarlıq ləğv olunmuşdu, lakin skif əhali qrupları - "skiflər", "ortokoribantlar" və 

"sakasenlər" Azərbaycan ərazisində yaşamaqda davam edirdilər. Onlar, məsələn, e.ə. 

IV  əsrin  sonunda  Makedoniyalı  Aleksandrın  qoşıınlarına  qarşı  farsların 

müharibəsində madalıların müttəfiqləri kimi iştirak edirdilər [Arrian,   III, 8. 4; açıq-

aşkar yazır: "... kadusilər də, albanlar da, sakasenlər də midiyalılarla birləşmişdilər"]. 


190 

 

Arrian III Daranın məğlubiyyətindən sonra ona kömək etməli olan hansısa skiflərdən 



söz açır [III, 19, 3]. 

Azı  5-6  yüzillik  ərzində  skiflər  Azərbaycanda  fəaliyyət  göstərən  bir  qüvvə 

olmuşdular. 

Skiflərin  bir  hissəsi  Qara  dənizin  şimal  sahillərindəki  vilayətlərə  qayıtmış, 

buraya  Ön  Asiya  mədəniyyətinin,  xüsusən  incəsənətdə  "heyvani  üslub"  deyilən 

üslubun bir çox ünsürlərini gətirmişdilər. 

Azərbaycan  ərazisində  skiflər  sayca  aborigenlərə  nisbətən  kiçik  bir  təbəqə 

təşkil edirdilər. 

Skiflər xüsusən hərbi iş sahəsində Azərbaycanın yerli əhalisinin mədəniyyətinə 

müəyyən təsir göstərmişdilər. Aborigenlər onlardan at belindən ox atmaq taktikasını 

öyrənirdilər.  Herodot  yazır  ki,  madalılar  öz  oğullarını  atıcılıq  təlimi  keçmək  üçün 

skiflərin yanında şagirdliyə qoyurdular [I, 73]. 

"Skif çarlığı" Azərbaycan zonasında nisbətən sabit əraziyə malik idi. Bu çarlıq 

azı 80 il yaşadı.  Onun öz  hakim sülaləsi vardı.  Çarlar bu sülalənin  nümayəndələrini 

özlərinə  bərabər  tutur  və  onlarla  hesablaşırdılar.  Madinin  hakimiyyəti  zamanında 

"Skif  çarlığı"  böyük  imperiyaya  çevrilmiş,  Asiyada  isə  skif  hegemonluğu  dövrü 

başlanmışdı.  Azərbaycan  tarixində  skiflərin  rolu  və  əhəmiyyəti  böyükdür...  Skif 

tayfaları  Qara  dəniz  sahili  Skifiyasının  tarixinə  də  böyük  töhfə  vermişlər;  onlar 

Azərbaycandan  və  qonşu  vilayətlərdən  buraya  skif  mədəniyyətinin  tərkib  hissəsinə 

çevrilmiş  Ön  Asiya  sivilizasiyasının  bir  çox  realiyalarını,  o  cümlədən  "heyvan 

üslubu" gətirmişlər. 


191 

 

X   FƏSİL 



 

CƏNUBĠ AZƏRBAYCANIN MĠDĠYALILAR 

(MADALILAR) TƏRƏFĠNDƏN ĠġĞALI. 

MANNA ÇARLIĞININ SÜQUTU 

 

Eə. VII əsrin ortalarına doğru aşşurlular tərəfindən məğlubiyyətə uğradıldıqdan 



sonra  Manna  böyük  dövlət  kimi  öz  mövqeyini  itirdi.  Manna  kimmerlər,  skiflər  və 

madalılarla mövcud olan ittifaqı sayəsində xeyli dərəcədə gücə və qüdrətə malik idi. 

Lakin əsrin 70-ci illərinin sonlarına doğru skiflərin bir qisminin xəyanəti nəticəsində 

bu  ittifaq  dağıldı.  Partatua  başda  olmaqla  aşşurluların  tərəfinə  keçmiş  skiflərin  bir 

qismi Asarxaddona mannalılara zərbə endirməkdə yardım etdi. İşpakay başda olmaqla 

skiflərin  digər  qismi  isə  mannalılarla  ittifaq  münasibətlərini  davam  etdirdi.  Aşşur 

hökmdarı  "Mannalılar  ölkəsi  əhalisini  pərən-pərən  saldım...,  mannalıları  xilas 

etməmiş  skif,  (onların)  müttəfiqi  İşpakanın  qoşunlarını  silahla  qırdım"  -  deyə 

öyünürdü. 

Artıq Aşşurbanipalın hakimiyyəti dövründə (668-627-ci illər), təqribən 660-cı 

ildə  aşşurlular  Mannanı  çox  ağır  məğlubiyyətə  uğratdılar,  onu  əski  qüvvəsindən  qəti 

şəkildə məhrum etdilər. Manna Nenəva hakimlərinin vassalı səviyyəsinə endirildi və 

o  öz  süqutuna  qədər  Nenəva  hakimlərinə  sadiq  qaldı.  Bu  hal  ona  səbəb  oldu  ki, 

madalılar indi əski müttəfiqləri olmuş mannalılara rəqib kimi yanaşmağa başladılar. 

Mada çarlığı artıq VII əsrin ortalarında kifayət dərəcədə böyük qüvvə idi. Əgər 

Herodota  inansaq,  Mada  hökmdarı  Fraorta  (bəzi  tadqiqatçılar  onu  Kaştariti  ilə 

eyniləşdirirlər) Aşşura hücum etdi. Lakin Herodotun yazdığı kimi, aşşurlular o dövrdə 

hələ  də  "yaxşı  vəziyyətdə  idilər".  Həqiqətən  də  əsrin  50-ci  illərinin  böhranından 

uğurla çıxmış Aşşur dövləti Misir ərazisini itirməsinə baxmayaraq, "hələ də ən böyük 

dövlət  idi  və  Şərqdə  Zaqros  dağlarından  başlayaraq  qərbdə  Suriya-Finikiya 

torpaqlarınadək  olan  böyük  əraziyə  sahib  idi.  Aşşur  hökmdarını  hələ  də  uğur  və 

qələbə  təntənəsi  müşayiət  edirdi.  Hökmdarın  qardaşı  -  Babil  hakimi  əzilmiş,  üç 

müharibədə  Aşşurun  əski  rəqibi  olan  Elam  məğlubiyyətə  uğradılmış,  Manna  və 

kimmerlər darmadağın olunmuş, Lidiya və Urartu alçaldılmışdı. 

Lakin  skif  hökmranlığından azad olmuş Mada  tezliklə  Ön  Asiyanın  ən güclü 

dövlətinə çevrildi. 

Uvaxşatranın  (Kiaksarın,  625-584-cü  illər)  simasında  Mada  taxtına  çox 

qabiliyyətli  şəxsiyyətin  çıxdığı  şübhəsiz  idi.  Tamamilə  əlverişli  olmayan  şəraitdə 

hakimiyyətə  gəlmiş  Kiaksar  dərhal  Mada  qoşununun  yenidən  təşkil  edilməsi  ilə 

məşğul oldu və Mada tarixində ilk nizami ordunu yaratdı. 

VII  əsrin  30-20-ci  illərində  beynəlxalq  şərait  Aşşur  dövlətinin  mənafelərinin 

əksinə  olaraq  əhəmiyyətli  dərəcədə  dəyişdi.  Vəziyyət  getdikcə  gərginləşirdi.  Xaldey 



192 

 

Babilinin  hökmdarı  Nabupalasar  yaranmış  şəraitdən  istifadə  etmək  qərarına  gəldi. 



Xaldeylər şimal  istiqamətində irəliləməyə başladılar. 

616-cı  ildə  Nabupalasar  aşşurluları  güclü  məğlubiyyətə  uğratdı.  "Kedd 

xronikası"nda  deyilir  ki,  Nabupalasar  "asşurlulardan  böyük  qənimət  ələ  keçirdi, 

onların köməyinə gəlmiş mannalılar və əyanları ələ keçirildilər"... 

Madalılar  xaldeylərin  təbii  müttəfiqləri  oldular.  616-cı  ildə  Kiaksar  Aşşura 

qarşı açıq çıxış edərək Arrapxa vilayətini, sonra isə Aşşur şəhərini ələ keçirdi. Aşşur 

şəhəri  amansızcasına  əsasınadək  dağıdıldı.  İki  müttəfiq  -  Nabupalasar  və  Kiaksar 

Aşşurun  xarabalıqlarında  görüşdülər  və  "Kedd  xronikası‖nda  deyildiyi  kimi,  öz 

aralarında "dostluq və ittifaq bağladılar". 

Tezliklə  müttəfiqlər  qəti  tədbirlərə  keçdilər  və  612-ci  ildə  Nenəvanı  ələ 

keçirərək  onu  "təpələrə  və  xarabalıqlara  çevirdilər".  Peyğəmbər  Naum  şəhərin  qəti 

hücuma məruz qalmasının, ələ keçirilməsinin, talan olunmasının və dəhşətli taleyinin 

sarsıdıcı  mənzərəsini  vermişdir.  "Ulu  şəhər",  "üçgünlük  piyada  gedişlə  qət  olunan 

şəhər"...süquta  uğradı.  "Şirlər  yatağı"  olan  "azğın"    Nenəvanın  məhv  olması 

münasibətilə xalqların sevinci həqiqətən sonsuz idi. 

610-cu ildə  müttəfiqlər Xarranı  ələ keçirdilər, 605-ci ildə isə xaldeylər Misir-

Aşşur qoşunlarının son istinad məntəqəsi olan Karxemışa sahib oldular. Uzun zaman 

ərzində Qədim Şərqin xalqlarını qarət və məhv etmiş hərbi-quldarlıq dövləti dağıdıldı. 

Aşşur üzərində qazanılmış qələbənin nəticəsində Mada Ön Asiyanın böyük dövlətinə 

çevrildi. 

E.ə. VIII əsrin sonunda - VI əsrin başlanğıcında  madalılar Mannanı, Urartunu 

və  Skif  çarlığını  özlərinə  tabe  etdilər.  Lakin  həmin  siyasi  qurumlar  müəyyən  zaman 

ərzində özünü idarə edir, madalıların "kiçik" müttəfiqləri vəziyyətində çıxış edirdilər. 

Onlar  90-cı  illərin  sonlarınadək  bu  rolu  oynamaqda  davam  etdilər.  Manna  sonuncu 

dəfə 593-cü ildə peyğəmbər Yeremiya tərəfindən xatırlanmışdır. 

Lidiya  ilə  müharibə  ərəfəsində  (e.ə.  590-cı  ildə)  adları  çəkilmiş  üç  siyasi 

qurumun  özünüidarəsinə  son  qoyuldu  və  Mada  Cənubi  Azərbaycanın,  Urartunun  və 

Skif çarlığının torpaqlarının tam hakimiyyətə malik olan sahibinə çevrildi. 

Mannanın  işğalı  Mada  dövlətinin  bütün  iqtisadiyyatının  yüksəlişində  mühüm 

əhəmiyyətə malik idi. İnkişaf etmiş kənd təsərrüfatına, sənətkarlığa və şəhər həyatına 

malik  olan  Mannanın  ələ  keçirilməsi  madalılar  üçün  nisbətən  qabaqcıl  quldarlıq 

münasibətlərinə  uyğunlaşmaq  və  bağlanmaq  prosesində  mühüm  əhəmiyyət  kəsb 

edirdi.  Hətta  tabe  olunmuş,  fəth  edilmiş  Manna  Mada  imperiyasının  mədəni-iqtisadi 

mərkəzi olaraq qalırdı. 

Mada işğalı Mannanın özü üçün yalnız bir neçə əsr ərzində yerli dövlətçiliyin 

mövcudluğuna  son qoyulması ilə  deyil,  həm də  ölkənin etnik görkəminin dəyişməsi 

ilə  həlledici  rola  malik  idi.  Bu  zamandan  başlayaraq  intensiv  etnik  proseslərin 

nəticəsində yerli tayfalar tədricən Mada dilinin ləhcələrini qəbul edərək madalaşmağa



193 

 

"madalılar" adlanmağa başladılar, Madanın bir hissəsinə çevrilmiş Mannanın özü isə 



"Mada" və yaxud "Kiçik Mada" adlanmağa başladı.  


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin