Trumenin bu bəyanatı verdiyi günlərdə isə Orta Şərq və Balkan yarımadasında hadisələr gərgin bir vəziyyətdə idi. Ruslar Trumenin bəyanatını verdiyi və müttəfiqləri ilə münasibətlərini korlamaq niyyətində olmadıqlarını söylədikləri gün Bolqaristanı da bu işlərə qoşmuşdular. Hələ Bolqaristanda səfərbəylik də həyata keçirilmişdir. Rusların İkinci Dünya müharibəsinin qəhrəmanlarından marşal Konev isə Çexoslovakiyaya getmişdir. Rumıniyanın neft sahələrində müəyyən tədbirlər görülmüşdür. Bunlardan başqa rus orduları Balkan yarımadasında və İranla olan sərhədində geniş manevrlər etmişdir.
Hadisələrin inkişafının belə bir vəziyyətində Türkiyə sülhün qorunması yolunda hər cür tədbirlərə əl atırdı. Ankarada Türkiyənin xarici işlər naziri, professor Fuad Köprülü təcili olaraq Türkiyənin Roma, London və Vaşinqtondakı səfirlərini vətənə dəvət etmiş və dünyada baş verən hadisələri bir daha gözdən keçirmişdilər. Bundan başqa 1951-ci il mayın 10-da Türkiyə höküməti prezidentin rəhbərliyi altında toplanmış və vəziyyət müzakirə edilmişdir. Mətbuata verilən məlumat aşağıldakı məzmunda olmuşdur: «1951-ci il mayın 10-da prezidentin rəhbərliyi altında keçirilən toplantıda 1951-ci il aprelin 28-dən bəri dünyada baş vermiş hadisələr nəzərdən keçirilmişdir».
Türkiyə İran nefti ətrafında yaranmış siyasi şərait qarşısında vəziyyətini açıqlayarkən, ruslar İranda hərəkətə keçmişdilər. Bu səfər rusların hədəfi amerikalılardı. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı mətbuatda çap olunduğu gün İranda amerikalılar əleyhinə geniş nümayişlər başlanmışdı. Xalq Tudə Partiyasının və Fədai İslam Cəmiyyətinin təhrikləri ilə Amerika səfirliyinin üzərinə hücuma keçsələr də polis onları güclə dayandıra bilmişdi.
Hadisələrin belə cərəyan etdiyini görən Amerika səfiri O’Qrady Müsəddiqdən amerikalıların əleyhinə keçirilən nümayişlər haqqında izahat tələb etmişdir.
Tehranda amerikalılar əleyhinə keçirilən nümayişlər rusların Trumenə cavabları idi. Ümumiyyətlə rusların gördüyü tədbirlər dünyada bərqərar olmuş sülhə qarşı təhlükə yaradırdı. Azad dünya ölkələri rusların siyasətlərinə qarşı əks tədbirlər görmək məcburiyyətində qalmışdılar. Bu tədbirlər çərçivəsində Türkiyənin strateji vəziyyəti də nəzərə alınmışdır.
1951-ci il mayın 12-də azad dünya ölkələrinin nümayəndələri Strasburqda bir toplantı keçirərək Orta Şərqdə yaranmış gərgin bir dövrdə Türkiyənin Qərbin təhlükəsizlik sisteminə daxil edilməsini israrla tələb etdilər.
Amerika isə İran nefti ixtilafında dövlət olaraq ortaq bir yol tutur və İran - İngiltərə arasındakı böhranın sülh yolu ilə həll edilməsini istəyirdi.
İngilislər əsasən bu sülh yolunu sınaqdan çıxartsalar da heç bir nəticə əldə edə bilməmişdilər. İranın baş naziri Hüseyn Ala istefa etdikdən bir gün əvvəl «Anglo Persian» (Anglo İranian) şirkətinin neft istehsalından əldə ediləcək gəliri İran dövləti ilə yarı bölmək barədə İrana etdiyi təklifi yeni baş nazir Müsəddiq rədd etmiş və neftin milliləşdirilməsi fikrini ortaya atmışdır. Məsələ artıq bir İran-İngiltərə məsələsi olmaqdan çıxmışdır. Məsələnin əsas məğzi Rusiya ilə «Standard Oly»un birlikdə İngiltərəyə qarşı çıxmaları idi. Ancaq etiraf etmək lazımdır ki, hökumət olaraq Amerika İngiltərə ilə bərabər idi.
Amerika İran-İngiltərə ixtilafının sülh yolu ilə nizamlanmasına dair təşəbbüslər göstərərkən ABŞ-ın xarici işlər naziri Dean Asheson “ABŞ hər iki tərəflə daima məsləhətləşmələr aparmaqdadır və hər iki tərəfə də təmkinli olmalarını, ifrata varıb hər hansı birtərəfli tədbirlər görməmələrini israrla tövsiyə etmişdir» məzmunlu bir bəyanat verir.
Amerikanın və İngiltərənin bütün təşəbbüslərinə, xüsusilə də İngiltərənin neftdən gələn gəlirin yarısını vermək təklifini İran tərəfə bildirsə də Müsəddiqin antiingilis siyasəti üzündən ölkədə hadisələr gündən-günə pisləşirdi. Rusiyanın təhriki ilə İngiltərə və Amerikanın əleyhinə nümayişlər davam edirdi.
Hadisələrin belə cərəyan etdiyini görən İngiltərə İrana «Hər iki tərəfi təmin edə biləcək müzakirələrin nəticələrinə İngiltərə ümidlə baxmaqdadır. Yeni bir anlaşmanın şərtlərini təsbit etmək üçün İngiltərə hökuməti Tehrana dərhal bir nümayəndə heyəti göndərməyə hazırdır. İran hökumətinin müzakirələrdən müəyyən bəhanələrlə boyun qaçırarsa yaranacaq böhranlı vəziyyətin məsuliyyəti İranın üzərinə düşəcəkdir. Bu isə hər iki tərəfin də arzuladığı sülh prosesinə ciddi zərbə vuracaqdır» məzmunlu sərt bir nota verdi.
Bu nota İrana bir xəbərdarlıq idi. Ruslar İranda istədikləri adamı – Müsəddiqi iqtidara gətirmişdilər və onu müdafiə etməyə qərarlı idilər.
İngiltərənin notası Tehrana verildiyi günün sabahısı Rusiyanın silahlı qüvvələri İran sərhədində manevr etməyə başladılar. Rusların bu hərəkəti Müsəddiqi ingilislərin hədə-qorxusuna o qədər də əhəmiyyət verməməyə sövq etdi. Ruslar bu manevrləri ilə ingilislərə xəbərdarlıq etmək istəyirdilər ki, əgər ingilis hərbi qüvvələri və donanmaları hərəkətə keçərlərsə qarşılarında rus ordusunu görəcəkdilər.
Müsəddiq İngiltərənin bu notasını da digərləri kimi rədd etdi.
Rədd cavabı alan İngiltərə son dəfə Türkiyənin vasitəçiliyini tələb etdi və İran ilə müzakirə yollarını axtardı. Türkiyə hökuməti ingilislərin bu təklifini məmnuniyyətlə qəbul etdi. Türkiyənin xarici işlər naziri, professor Fuad Köprülü İranın Türkiyədəki səfiri ilə görüşdü. İranın səfiri hökumətindən aldığı təlimata uyğun olaraq İran neftinin milliləşdirilməsinə dair hökumətinin qəti qərarını Türkiyənin xarici işlər nazirinə bildirdi. Türkiyə hökuməti neft üzündən İran ilə İngiltərə arasındakı ixtilafın həllində çiyinlərinə tarixi bir vəzifə almışdı. Fuad Köprülü İran səfirindən aldığı rədd cavabından sonra dərhal İngiltərə ilə əlaqə yaratdı. Türk hökuməti məsələnin sülh yolu ilə həll edilməsinə çalışdı və İngiltərəyə İran neftinin milliləşdirilməsini bəzi şərtlər daxilində qəbul etməsini israrla tövsiyə etdi.
Türkiyənin İngiltərəyə etdiyi tövsiyə müsbət nəticə verdi və İngiltərə neftin milliləşdirilməsinin bəzi şərtlər daxilində qəbul edə biləcəyini xarici işlər naziri Herbert Morrisonun bu bəyanatı ilə dünyaya elan etmişdi. İngiltərə xarici işlər naziri 1951-ci il mayın 28-də İngiltərənin İran neftinin bəzi şərtlər daxilində milliləşdirilməsini qəbul etdiyini və İran ilə müzakirələrə hazır olduğunu bildirdi.
Türkiyənin vasitəçiliyi ilə İngiltərənin qəbul etdiyi şərtli milliləşdirmə təklifi Müsəddiq tərəfindən də müsbət qarşılanmışdı. Çünki bu təklif şəxsən özü tərəfindən Ankaradakı səfirə çatdırılmış, İran səfiri də Türkiyənin xarici işlər naziri, professor Fuad Köprülü ilə görüşündə Müsəddiqin arzusunu ona bildirmişdi.
Türkiyənin Orta Şərqdə sülhü qorumaq üçün girişdiyi fəaliyyətin nəticəsində İran-İngiltərə müzakirələrinin başlanmasına az qalmış bir vaxtda ruslar vəziyyəti yenidən gərginləşdirdilər.
Ruslar Müsəddiq ilə ingilislər arasındakı böhranın Türkiyənin vasitəçiliyi ilə həll olunmağa başlandığını görüncə İrandakı cəsuslarının və konsulluqlarda çalışan məmurlarının vasitəsilə xalqı Müsəddiq hökumətinin əleyhinə qaldırmağa başladılar. Rus agentləri bir tərəfdən xalqı qızışdırır, digər tərəfdən də Tudə Partiyası ilə Fədai İslam Cəmiyyətini də bu işə cəlb etməyə çalışırdılar.
Rəsmi rus konsulluq məmurlarının xalq arasındakı təhrik fəaliyyətlərinə misal olaraq Təbrizdəki rus konsulluğunu göstərə bilərik. Konsulluğun məmurları hadisələrə o qədər açıq qarışmışdıdar ki, polis onlardan dörd nəfəri həbs etməyə məcbur olmuşdur. Onlar dövlətlərarası hüquq qaydalarını pozmaqda və xalqı mövcud rejimə qarşı üsyana təşviq etməkdə ittiham olunurdular.
Təbrizdəki rus konsulluğunun dörd nəfər əməkdaşının Müsəddiq hökuməti tərəfindən həbs olunmaları İranda olduğu qədər London, Vaşinqton, Paris, Roma və Ankarada da bir bomba partlayışı təsiri yaratdı. İran hökuməti bu adamların həbsində haqlı idi. Bir müddətdən sonra həbs olunanlar azad edildilər və arzuolunmaz şəxslər olaraq ölkədən çıxarıldılar.
Müsəddiqin hərəkəti ruslar üçün gözlənilməyən bir zərbə idi. Rusiyanın İrandakı səfiri dərhal Müsəddiq ilə görüşdü və onun konsulluq işçilərinə qarşı tətbiq edilən qərarına qarşı etiraz etdi. Müsəddiq səfirin etirazına məhəl qoymadan dörd konsulluq işçisini İrandan çıxartdırdı.
Neft böhranı hələ yerində sayırdı. Nə Türkiyənin vasitəçiliyi, nə İngiltərənin bəzi şətlər altında milliləşdirməni qəbul edəcəyinə dair təklifi, nə də Amerikanın sülhü qorumaq üçün etdiyi müraciəti Müsəddiqi yumşaltmağa kifayət etmədi.
Müsəddiqin bu müxalifətinə və böhranı davam etdirmək yolundakı ağlasığmaz dirənməsinə baxmayaraq, Qərb dövlətləri, xüsusilə də ingilislərlə Türkiyənin dövlət rəsmiləri onun yumşalacağına ümid edirdilər. Elə bu ümid Qərb dövlətlərinin rəhbərlərini hər carəyə baş vurmağa və neft ixtilafını həll etmək yolunda son ana qədər səbr etməyə məcbur etdi.
Bu xüsusdakı ilk təşəbbüsü şəxsən ABŞ prezidenti Trumen etdi. O, 1951-ci il iyunun 1-də şəxsən qələmə aldığı iki müraciəti İngiltərənin Baş naziri Klement Atleeyə və İranın Baş naziri Müsəddiqə göndərdi.
Trumen bu müraciətində hər iki dövlətə də təmkinlik tövsiyə edir, İngiltərə-İran arasındakı neft ixtilafını həll etmək xüsusunda Amerikanın əlindən gələn hər şeyi etməyə hazır olduğunu bildirir və gələcəkdə müharibəyə səbəb olacaq hərəkətlərdən çəkinməyi tövsiyə edirdi. Trumen müraciətində belə deyirdi: «İran-İngiltərə neft böhranı hər an partlaya biləcək vəziyyətdədir».
Trumenin müraciətinə baxmayaraq tərəflər hər hansı bir razılığa gələ bilməmişdilər. Bu baxımdan 1951-ci ilin iyun ayı İranda böyük hadisələrin davam etdiyi aydır.
İranlılar Müsəddiqin israrı ilə nə ingilis, nə də amerikan təkliflərini qəbul etmək istəmirdilər. İran ilk gündən bəri neft ixtilafında öz mövqeyini saxlayır və neft ixtilafının həllində İngiltərəni deyil, ancaq «Anglo Persian»ı tərəf kimi qəbul etdiyini 1951-ci il iyunun 2-də bir daha dünyaya edan etdi.
Ruslar Təbriz konsulluğunun əməkdaşlarının həbs olunmalarından sonra Müsəddiqə etimad edə bilməyəcəklərini anlamışdılar. Bu səbəbdən də İran sərhədinə yığdığı silahlı qüvvələrin sayını artırmağa başladı. Əgər İran hökuməti ingilislərdən və ya hər hansı Qərbi Avropa dövlətlərinin birindən gələ biləcək təklifləri qəbul edərlərsə Rusiya dərhal İranı işğal etməkdə qərarlı idi.
İngiltərə ilə İran arasındakı hər cür münasibət tamamilə dayanmışdı. Müsəddiq isə «Anglo Persian» şirkətini sıxışdırır və milliləşdirmə qanununu tətbiq edəcəyini bildirirdi. 1951-ci il iyunun 3-də İranda bütün dünyanı təəccübləndirən bir hadisə baş verdi. Yəni mütəxəssislərin təxminən milyard yarım ingilis funt-sterlinqi miqdarında dəyərləndirdikləri Abadan neftayırma zavodlarının sahibi olan «Anglo Persian», İngiltərə Entelijans Servis ilə İngiltərə Dəniz Birinci Lordluğunun mülkü olan İran nefti ilə bu məmləkətdəki bütün müəssisələrini milliləşdirmə qanununa uyğun olaraq İrana verilməsinə dair qərar qəbul edildi.
İran hökuməti «Anglo Persian» ilə olan bütün münasibətlərini kəsməyə qəti olaraq qərarlı idi. Bu səbəblə ingilislərin arzusu ilə İranın Paris səfirliyində fəxri ticarət attaşesi vəzifəsinə təyin edilmiş məşhur neft krallarından 5%-li təxəllüsü ilə tanınan Kalust Gülbekyanın səlahiyyətlərinə də xitam verildi.
İran artıq məmləkətində çıxan neftə tamamilə sahib olmuşdu. Hamını belə bir sual düşündürürdü: Neft ələ keçirilmişdi, ancaq istehsal olunan neft haraya satılacaqdır? Müsəddiqin rəhbərliyi altında İran hökumətinin iyunun əvvəllərində keçirilmiş bir iclasında neftin Yaxın Şərq ölkələri ilə Avropa bazarlarına ixrac etməyi qərara alındı. Müsəddiqin dünya bazarlarına neft satmaq qərarı elan edilmişdi və heç bir zaman sona çatmamış olan neft ixtilafına yeni bir səhifə əlavə edilmişdir.
Müsəddiqin neft satmaq qərarı İngiltərə tərəfindən güclü əks reaksiya ilə qarşılandı və İran neftinin istehsalçısı olan «Anglo Persian» İran hökumətinə bir memorandum təqdim etdi. Şirkət bu memorandumunda əgər İran zorla mənimsədiyi ərazilərdən istehsal edilən nefti satmağa təşəbbüs edərlərsə, satacağı neftdən gələn gəlirin 75%-nin ona aid olduğunu bildirir. Müsəddiq hərəkətlərində qərarlı idi, yəni ingilislərə heç bir güzəşt etməyəcəkdi. O, «Anglo Persian» şirkətinin bu son müraciətini də rədd etdi.
«Anglo Persian» şirkətinin son təklifi İranın baş naziri Müsəddiqə çatdırıldığı günün sabahası Rusiyanın İrandakı səfiri İran Sadxikov Müsəddiqi evində ziyarət edir və hər cəhətdən Rusiyanın onun arxasında duracağını bildirir.
Tudə Partyiası başda olmaqla bütün kommunist təşkilatları ingilislərin və amerikalıların əleyhinə nümayişlər təşkil etməkdə idi. Bu ölkə inqilablar və çevrilişlər qitəsi kimi tanınan Cənubi Amerikaya bənzəyirdi. Cənubi Amerikada baş verənlər dünyanı o qədər də maraqlandırmırdı. Ancaq İran belə deyildi. İran Orta Şərqdə ən təhlükəli və böhranlı bir nöqtədə yerləşirdi. Bu məmləkətdəki inqilab və ya qarşıqlıqlar dünyanın nəzəri-diqqətini həmişə cəlb etmişdir. Bu baxımdan da İrandakı hadisələrin əhəmiyyəti çox böyük idi.
1951-ci il iyunun 16-da İsfahanda kommunistlər tərəfindən güclü bir nümayiş keçirildi. Nümayişdə əsasən Müsəddiqin və Qərb ölkələrinin əleyhinə sərt təhqiramiz şüarlar səsləndi. Bu nümayişlərin birində Amerikanın İsfahanda olan konsulluğunun vitse-konsulu bir kommunist tərəfindən bıçaqlanaraq öldürüldü. Bütün axtarış cəhdlərinə baxmayaraq qatili tutmaq mümkün olmadı.
Bu mənfur cinayətdən sonra Tehranda şayələr gəzməyə başladı. Müsəddiq dərhal hökumətin iclasını keçirdi və ciddi tədbirlər görülməsi qərara alındı. Vitse-konsulun öldürülməsindən sonra Amerikanın İrandakı səfiri O’Qrady dərhal Müsəddiqlə görüşdü və sərt bir ultimatum verdi. O, İrandakı Amerika diplomatları ilə təbəələrinin həyatlarının qarantiya altına alınmasını, qatilin həbs edilib cəzalandırılmasını və bu cinayətə görə Amerikaya təzminat verilməsini tələb etmişdi. Səfir İranda olan Amerika diplomatlarının həyatlarının qarantiya altına alınmasını istərkən rəsmi bir qarantiya sənədi də tələb edirdi.
Müsəddiq bu mənfur cinayətdən sonra çox çətin vəziyyətə düşmüşdü. İran hökuməti Amerika notasını dərhal ertəsi gün cavablandırdı. Cavabda Amerikaya təminat verilir, hökumət olaraq İsfahan vitse-konsulunun qatilinin ən qısa zamanda yaxalanması üçün tədbirlər görüləcəyi bildirildi.
Ancaq Müsəddiq Amerika notasında tələb edilən qarantiya sənədini vermirdi.
İyunun 17-də Tehrandakı ingilis səfiri Francis Sepperd şahdan onu qəbul etməsini istədi. Səfir görüş zamanı neftin milliləşdirilməsini tanımayacaqlarını bir daha bildirir və Müsəddiqdən şikayət edir.
İngiltərə səfiri ilə şah arasında keçirilən görüşün getdiyi bir vaxtda Amerikanın xarici işlər naziri Dean Achesonin bir təklifini ABŞ-ın İrandakı səfiri O’Qrady Müsəddiqə təqdim edir.
Amerika hökumət olaraq bir dəfə daha İngiltərənin yanında olduğunu təsdiq edir və İrandan ingilislərin Hüseyn Alaya etdikləri 50% hissə təklifini bir daha gözdən keçirməsini istəyirdi.
Dean Acheson ayrıca olaraq İran hökuməti tərəfindən İngiltərəyə verilən notanın mətninin də dəyişdirilməsini tələb edirdi.
İngiltərə ilə Amerikanın İrana qarşı yürütdükləri siyasətə cavab olaraq ruslar da Rusiya-İran sərhədində hərbi manevrlərini daha da genişləndirməyə başladılar. Onlar bu hərəkətləri ilə Müsəddiqi müdafiə etdiklərini açıq göstərirdilər. Ruslar İran daxilində pərdə arxasında qalaraq Tudə Partiyasının və Fədai İslam Cəmiyyətinin əli ilə ingilislərin və amerikalıların əleyhinə nümayişləri və mitinqləri də qızışdırmaqda davam edirdilər. Artıq nümayişlər kulminasiya nöqtəsinə çatmış və xalq Tehrandakı «Anglo İranian» (Persian) şirkətinin mərkəzi ofisini də dağıdaraq talan etmişdilər.
1951-ci il iyunun 16-da amerikan diplomatının qətlə yetirilməsindən sonra indii də «Anglo İranian» şirkətinin mərkəzi ofisinin dağıdılması və talan edilməsi Qərb diplomatlarını daha da hirsləndirməyə başlamışdı.
Müsəddiq öz arzusu ilə başlanan nümayişləri dayandıra bilmir və çətin vəziyyətə düşürdü. O, bu dəfə vəziyyətdən çıxmaq üçün «Anglo İranian» şirkətinin mərkəzi ofisinin dağıdılmasında və talan edilməsində şəxsən ingilislərin əli olduğunu ortaya atdı. Müsəddiq bu işin başında şirkətin rəhbəri Eric Drakenin durduğunu bildirdi.
Artıq İngiltərə Müsəddiqin bu hərəkətinə dözə bilməyib İran hökumətinə sərt bir nota verdi. Notada Müsəddiqin Eric Drakeyə qarşı irəli sürülən ittiham rədd edilir və dağıdılaraq talan olunmuş mərkəzi ofisə görə də təzminat verilməsi istənilirdi.
Müsəddiq bu dəfə də verilən notaya o qədər də əhəmiyyət vermədi və rus səfiri İvan Sadxikovla görüşləri davam etdirməyə başladı.
Amerika İrana yenə müraciət etmək qərarına gəlir və xarici işlər naziri Dean Acheson hadisələrin gələcəkdə fəlakətlərlə nəticələnəcəyini bildirərkən London hökuməti də sərt tədbirlər görməyin vaxtı çatdığını elan edir.
İngiltərə Abadanda olan ingilis tankerlərinin limandan dərhal ayrılmaları qərarını verdi. Elə həmin gün Dəniz Birinci Lordu tərəfindən şəxsən verilən bir əmrlə 8 min tonluq «Mauritius» adlı ingilis kreyseri Abadana gələrək və limandan iki yüz metrə qədər məsafədə lövbər saldı. Donanmalar neft üçün hər vaxt olduğu kimi yenə hərəkətə keçirilmişdi və onlara nefti himayə vəzifəsi verilmişdi.
İngiltərədə sanki hər şey durmuşdu. Bu dövləti idarə edənlərin heç birisi imperiyanı öz əlləri ilə çökdürmək istəmirdilər. İqtidarda olan İşçi Partiyası bəlkə qurulduğu tarixdən bu yana belə təhlükəli bir vəziyyətlə qarşılaşmamışdı. Baş nazir Klement Atlee məmləkəti düşdüyü vəziyyətdən xilas etmək üçün ciddi tədbirlər görməyi qərara aldı və dərhal hərəkətə keçdi. O, İkinci Dünya müharibəsi zamanı baş nazirin müavini postunu tutduğu illəri xatırladı və dərhal Çörçilli hökumətin iyunun 26-da nəzərdə tutulmuş iclasına dəvət etdi. Onun bu hərəkəti ingilislər tərəfindən müsbət qarşılanmışdı.
U.Çörçillin də iştirak etdiyi iclas iyunun 26-da başladı və saatlarla davam etdi. Əsas müzakirə mövzusu İran nefti idi.
U.Çörçill bu zaman Atleenin verdiyi izahatı səbrlə dinlədi və sonra məsələnin imperiyanın xeyrinə ən yaxşı formada necə həll edilə biləcəyinə dair fikirlərini bildirdi. U.Çörçillin də iştirak etdiyi bu iclasın gedişində nələr müzakirə edilməsinə dair hər hansı bir məlumat çap edilmədi, ancaq keçirilməsi barədə qısa bəyanat verildi.
İngiltərə fövqəladə günlər yaşayırdı. İmperiyanın bütün müəssisələri səfərbər edilmişdi. İngiltərə bir imperiya qüdrəti ilə ayağa qalxaraq İranın üzərinə yürüyürdü.
U.Çörçillin hökumətin iclasında iştirakı dünyada fövqəladə hadisələrin başlanğıcı olaraq qəbul edilmişdi. Dünya mətbuatı ingilis hökumətinin bu fövqəladə iclası haqqında geniş miqyaslı məqalələr çap etdirməyə başladı. Hər kəs İngiltərənin hər an hərəkətə keçəcəyinə inanmağa başladı. Ancaq bir şəxs – Deterdinq bu yürüşü istəmirdi. O, dovşanı araba ilə tutmaq niyyətində idi. Bunun üçün də zamana ehtiyacı vardı. Deyə bilərik ki, İngiltərə heç bir zaman açıq və ya gizli qüvvələrini belə bir nöqtəyə səfərbər etməmişdir. Orta Şərq məmləkətlərində yüzlərlə agent səfərbər edilmişdi. Çünki, neft əldən çıxmışdı.
İran hökumətinin başında duran Müsəddiq isə hələ israr edir və heç cür yola gəlmirdi.
İngiltərə neft ixtilafını son dəfə Haaqada yerləşən Beynəlxalq Məhkəmədə həll etmək qərarına gəldi. İngiltərənin Haaqa Beynəlxalq Məhkəməsinə müraciəti İranın baş naziri Müsəddiqi özündən çıxartdı.
Rusiyanın beynəlxalq məsələlərdə mövqeyi məlum idi. Rusiya bütün millətlərarası məsələlərdə həmişəki kimi Qərb dövlətlərinə inanmamaqda davam edirdi.
Bu səbəblə İngiltərənin Haaqa Beynəlxalq Məhkəməsinə müraciət etməsini də müsbət qarşılamamışdı. Rusiyanın təhriki ilə Müsəddiq İngiltərənin bu qərarının əleyhinə fəaliyyətə başladı.
İranın xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatına müraciət edərək İranın Haaqa Beynəlxalq Məhkəməsini tanımadığını rəsmən bildirdi.
İranın xarici işlər naziri Kazeminin bu bəyanatı siyasi tarixdə nadir hallarda rast gəlinən bir hadisə idi. Beynəlxalq Məhkəmənin tanınmaması nə demək idi? Bu tip qərarlar bu günə qədər Qərb dövlətlərinin diplomatları tərəfindən bəyənilmir və siyasi ənənələrə də uyğun gəlmirdi. Belə qərarlar İkinci Dünya müharibəsindən sonra sadəcə Dəmir pərdənin arxasında olan məmləkətlərdən, dolayısılə Rusiyadan meydana çıxmışdır. Həmçinin İranın son qərarında da Rusiyanın birinci dərəcədə rol oynadığı hər kəsə məlumdur.
BMT-nin Baş katibi Tryqvi Lee İranın rəsmi müraciətini aldığı vaxt hər hansı bir reaksiya göstərmişdirmi? Xeyr. Çünki, o, rusların bu tip müraciətlərinə alışmışdı. Ona görə də hər hansı bir hərəkət edə bilmədi. Çünki Haaqa Beynəlxalq Məhkəməsi nə Rusiyanıvn, nə də İranın təşəbbüsü ilə yaranmamışdı. Bu təşkilat bütün dünya dövlətlərinin qarantiyası altında idi.
Kazeminin bəyanatı İranın nefti ətrafında qopmuş olan fırtınanı bir az da artırdı.
Amerika prezidenti Trumen yenə də məsələyə təcili olaraq reaksiya verdi və şəxsi nümayəndəsi olan Averell Harrimanı Therana göndərdi. Harriman neft istehsalçısı idi. Trumen özündən asılı olmayaraq bu dəfə «Standard Oyl» şirkətinin arzusuna uyğun hərəkət etməyə məcbur olmuşdur.
Averell Harriman Tehrana qədəm qoyar-qoymaz qorxunc bir mənzərə ilə qarşılaşdı. Yəni Tudə Partiyası ilə Fədai İslam Cəmiyyəti onun gəldiyini öyrənmiş və xalqı küçələrə çıxardaraq etiraz nümayişi təşkil etmişdilər. Bu zaman Amerikanın əleyhinə sərt ittihamlar irəli sürülürdü.
İran polisinin və ordusunun gördüyü çox güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq Harrimanın Tehrana gəlməsini istəməyənlərlə təhlükəsizlik qüvvələri arasında qanlı toqquşma oldu. Bu hadisədə 10 nəfər öldü və 200 yaralandı.
Averell Harrimanın gəlişi ilə əlaqəli qanlı nümayişlər durmadan davam edir və Tehranın küçələri qana bulanırdı.
Hadisələrin nəzarətdən çıxdığını görən baş nazir Müsəddiq fövqəladə vəziyyət elan etmək məcburiyyətində qaldı.
Averell Harriman ilə Müsəddiq arasında uzun sürən müzakirələr nəticəsiz başa çatdı. Müsəddiq amerikalı nümayəndənin bütün təkliflərini cavabsız qoymuşdu. Müzakirələrin gedişində Müsəddiq daima ingilislərdən şikayət etdi.
Müzakirələr getdiyi vaxtda Amerika baş verəcək bir rus müdaxiləsinə qarşı tədbirlər də gördü. Artıq iki amerikan donanması Türkiyənin İstanbul və İzmir limanlarında lövbər salmışdı. İstanbulda yerləşən donanma yeddi gəmidən ibarət idi və ona admiral B.D.Qardner komandanlıq edirdi. İkinci donanmada isə doqquz gəmi var idi.
Hər iki donanmanın rəhbərliyinin verdiyi bəyanatlarda dost müttəfiq Türkiyəyə heç bir pis niyyətlə gəlmədiklərini söylədilər. Ancaq iki güclü donanmanın eyni vaxtda Türkiyəyə gəlməsi heç də adi bir hadisə deyildi.
Orta Şərq qaynayırdı. Rusiyanın bu hadisələrin gərginləşməsində xüsusi rolu var idi. O, İran və Türkiyə sərhədləri boyunca qoşunlarının sayını getdikcə artırırdı. Türkiyə də, İran da Qərb dövlətləri ittifaqı sisteminə daxil idilər. Ona görə də hər iki dövlətin sərhədlərində baş verən hadisələr Qərb dövlətlərini çox narahat edirdi. Türkiyə limanlarında lövbər salmış Amerika donanması eyni zamanda «Standard Oyl» şirkətinin mənfəətlərini güdürdü. Çünki «Standard Oyl» şirkəti İngiltərə ilə aralarında bağlanan 10 illik müşaviləyə baxmayaraq «Royyal Datç –Şell Qrup»un bir hissəsi olan İran neft ərazisinə girmək niyyətində idi.
Türkiyə İngiltərə-İran neft ixtilafında vasitəçi rolunu oynadığına görə Rusiya ona diş qıcamaqda davam edirdi. İki amerika donanması Orta Şərqdə işlər belə qarışdığı bir anda gələrək İstanbul və İzmirdə lövbər salmışdır. Türkiyənin vasitəçilik təşəbbüsü Rusiyanın xoşuna gəlmirdi. Donanmalar bu səfər yalnız neft istehsalçılarının mənfəətlərini qorumaq üçün hərəkət etmirdilər. Onların bu səfərdəki hərəkətləri Qərbin təhlükəsizlik sisteminə qoşulmuş, Orta Şərqdə güclü ordusu ilə söz sahibi olan Türkiyəyə yardım etmək üçün etmişdilər.
İki amerika donanmasının Türkiyəyə gəldiyi bir vaxtda Aralıq dənizindəki ingilis donanması təyyarədaşıyan gəmilər, sualtı qayıqlar və esmineslərlə gücləndirilməyə başlanmışdı. Bu gözlənilən müharibəyə hazırlıq demək idi. Neft istehsalçıları bir müharibənin qaçınılmazlığını ortaya qoymuşdular və baş verə biləcək müharibə üçün də lazımı hazırlıqlarını vaxt keçirmədən görmüşdülər. Aralıq dənizi qüdrətli donanmaların qərargahı halına gəlmişdi. İndi bütün gözlər İranda neft böhranını yaradan və durmadan körükləyən Rusiyaya dikilmişdi. İran üzündən meydana gələn bütün bu hazırlıqlar dünyada bərqərar olmuş sülhü xilas etmək və Rusiyanın dünyanı fəlakətə gətirə biləcək addımlar atmaması üçün görülmüşdü. Neft yenə də dünyanı baş verə biləcək Üçüncü Dünya müharibəsinin kənarına qədər gətirmişdi.
Bu vahiməli vəziyyətə baxmayaraq ingilislər də, amerikalılar da İran ilə bir anlaşmaya nail olmaq üçün bütün güclərini səfərbər etmişdilər.
Tehranda heç bir nəticə əldə edə bilməyən Averell Harriman təcili Londona getdi və orada bir neçə gün qalaraq İngiltərənin o zamankı siyasətini yürüdənlərlə görüşdü. İngiltərədəki görüşlərini başa vuran Averell Harriman yenidən Tehrana qayıtdı və Müsəddiq ilə müzakirələrə yenidən başladı.
Onu da qeyd etmək lazımdır ki, Averell Harrimanın London səfəri İngiltərə parlamentinin aşağı palatasında qızğın müzakirə olunmuşdur. Burada lord Hailshamın çıxışı diqqəti daha çox cəlb edir. O, Amerikanın İran nefti uğrundakı siyasətini tənqid edərək «Amerikalılar bizim dostumuzdur, ancaq ingilis mənfəətlərinin harada olduğunu yaxşı təyin edə bilməmişdir. Əgər amerikalılar İngiltərə İmperiyasını böhranı həll edə bilmədiyini sanırlarsa, yenidən düşünmələri lazımdır» fikrini irəli sürmüşdür.
Lord Hailshamın aşağı palatadakı bu bəyanatı «Standard Oyl» ilə «Royyal Datç-Şell Qrup» neft trestlərinin arasında cərəyan edən və 1948-ci ildə 10 illiyə bağlanmış müqaviləyə görə müvəqqəti dayandırılmış mücadilənin yenidən qızışacağını göstərirdi. Deterdinq, lord Hailshamın dili ilə Amerikaya da, «Standard Oyl»a da meydan oxuyurdu. Artıq getdikcə ingilislərlə amerikanlalıran araları açılırdı. Bu çəkişməni izləyən azad millətlər gələcəkdə yarana biləcək təhlükəli hadisələrdən vahimələnirdilər.
Etiraf etmək lazımdır ki, ingilis lordunun aşağı palatadakı çıxışında həqiqətə uyğunluq da vardır. Həqiqətən də amerikalılar İngiltərənin mənfəətlərinin haradan başlayıb, harada qurtaracağını görmək istəmirdilər. İran nefti ixtilafında Trumenin şəxsi nümayəndəsi kimi hərəkət edən və əslində bir neft istehsalında xüsusi yeri olan Averell Harriman bunun tipik misalı idi. O, açıqdan-açığa İngiltərə-İran münasibətlərində yaranmış böhranda İranın tərəfini tuturdu. Thornburqun dediyinə görə Averell Harriman İngiltərəni İran nefti uğrunda yürütdüyü siyasətində həddindən çox qabağa getməkdə günahlandırırdı. Averell Harrimanın Amerikanın neft istehsalçılarından biri olduğunu düşünürüksə, onun İngiltərənin rəsmi şəxslərinə söylədiyi və mətbuat orqanlarına verdiyi müsahibələrini də normal qarşılamağa məcburuq.
İngilislər Amerika prezidentinin nümayəndəsinin həddini aşdığını hiss etdikdən sonra onun vasitəçiliyinə məhəl qoymamağı qərara aldılar və Tehran ilə şəxsən özləri müzakirələr aparmağa çalışdılar. İngiltərənin müzakirələri yenidən bərpa etmək təklifi Türkiyənin də vasitəçiliyi ilə Müsəddiq tərəfindən qəbul edildi. Bu müzakirələr Averell Harrimanın hələ Tehrandan ayrılmasından qabaq başlamışdı. Yəni İngiltərədən lord Stokesin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana gələndə Averell Harriman hələ Theranda idi. İngilislər amerikalıları bu işdən tamamilə uzaqlaşdırmaq istəyirdilər. İngilislər Tehrana gəldikləri günün sabahısı Müsəddiqlə müzakirələrə başlasalar da, heç bir nəticə əldə edə bilmədilər. Artıq ingilislərin ümidi qırılmışdı. Müsəddiqin Rusiyanın dediyi ilə oturub-durduğu məlum idi. Bunu ingilislər ən xırda təfərrüatına qədər bilirdilər. İngilislər ümidsiz halda Londona dönməyə məcbur oldular.
İngiltərənin nümayəndə heyətinin apardığı müzakirələrin nəticələrini bilmək üçün Tehranda qalmış Averell Harriman da ingilislərin Tehranı tərk etdiyi günün səhəri, yəni 1951-ci il avqustun 24-də vətəninə yola düşdü.
İngiltərənin nümayəndə heyəti Londona qayıtdıqdan sonra Müsəddiq ingilis səfirinə uğursuzluqla nəticələnmiş müzakirələri yenidən başlamaq təklifi ilə müraciət etdi.
İngiltərənin baş naziri Klement Atlee İranın bu təklifini aldığı zaman hökumət adından İrana «İran ilə müzakirələr təxirə salınmamışdır. Ancaq tamamilə kəsilmişdir» cavabını vermişdir.
1951-ci il sentyabrın 6-da İngiltərənin İrana verdiyi cavab dünyada heyrətlə qarşılandı. Bütün dünya bilirdi ki, ingilislər neft ixtilafının yeni-yeni problemlərə səbəb olmamasını istəmişdilər. İş indi Haaqa Beynəlxalq Məhkəməsinə qalmışdı.
İngiltərə hökumətinin İrana verdiyi cavab notasından iki gün sonra, yəni 1951-ci il sentyabrın 8-də bütün dünyanı heyrətə salan bir bəyanat mətbuat orqanlarının səhifələrini bəzədi və radiolarda səsləndi. Bu bəyanat Baş nazir Klement Atleenindi. O, dünyanı bürüyəcək yeni müharibədən bəhs edirdi. Bəyanatda xüsusilə Rusiya və Amerikaya da xəbərdarlıq edilirdi.
Dostları ilə paylaş: |