«Standard Oyl» isə Meksika Ali Məhkəməsinin neftlə əlaqədar qəbul edəcəyi qərarları tanıyacağını rəsmən elan etdi.
Deterdinqin maliyyələşdirdiyi Fransa, Belçika və Hollandiya neft şirkətləri Meksika neftini almaqdan imtina etdilər.
Heç bir zaman faşist olmamış Cardenas çıxılmaz vəziyyətdə qaldı. O vəziyyətdən çıxmaq üçün Cənubi Amerika məmləkətlərinə neft satmaq istədi, ancaq cəhdləri nəticəsiz qaldı.
Almanlar Meksikada neftin milliləşdirilməsindən əvvəl prezident Cardenasa bir neçə ticarət müqavilələri təklif etmişdilər. Ancaq, onlar bu müqavilələri bağlamağa müvəffəq olmamışdılar. İndi tam zamanı idi. Bu dəfə təkliflər Meksika tərəfindən razılıqla qarşılandı və tezliklə müqavilələr bağlandı. Meksika Almaniyadan dəzgahlar, İtaliyadan tanklar və Yaponiyadan isə bəzi mallar alaraq qarşılığında neft satmağa başladı.
Dr.Şaxt istəyinə nail olmuş, yəni Almaniyaya qan qədər lazım olan nefti əldə etmişdi. O, dərhal mütəxəssislərini və ən bacarıqlı agentlərini Meksikaya göndərdi. Təbii ki, bu mütəxəssis agentlər neft işi ilə məşğul olmaqla bərabər eyni zamanda prezident Cardenasın əleyhinə ola biləcək hərəkətlərin qarşısını almağa da çalışacaqdılar.
Dr.Şaxt neft işini fövqəladə bacarığa malik bir adam olan Helmut Vohltata tapşırmışdı. Bu adam o qədər də məşhur deyildi. Adı dünya mətbuatında ilk dəfə 1938-ci ildə Dr.Şaxtın Rumıniya neftini ələ keçirmək üçün etdiyi təşəbbüslərdə və Almaniya ilə Rumıniya arasında bir müqaviləyə imza atıldığı zaman görünməyə başladı. O bir alman zabiti olaraq Bİrinci Dünya müharibəsində iştirak etmiş, sonradan von Blomberqin rəhbərlik etdiyi Milli Müdafiə Nazirliyində çalışmışdır. Uzun illər burada müəyyən vəzifələri yerinə yetirən Helmut Vohltata Maliyyə Nazirliyində də məsul işlər tapşırılır.
Bu andan etibarən də o alman neft agentlərinin arasında aparıcı yerlərdən birini tutur. O, 1938-ci ildə Rumıniya ilə Almaniya arasında bağlanan müqaviləyə imza atmamışdan əvvəl bir müddət Bürkeşdə neft istehsalı ilə məşğul olan bir varlı şəxsin yanında müşavir vəzifəsində çalışmışdır. O neft sahəsinə aid belə bir mükəmməl biliyi hələ Birinci Dünya müharibəsindən sonra Amerikada yaşadığı illərdə almışdır. Təəssüf ki, neft sahəsi üzrə mütəxəssis olan Helmut Amerikada bu sahədə uğur qazana bilməmiş və bir müddət hələ Berlində yaşadığı vaxtlar dostluq etdiyi bir yəhudi bankirindən aldığı vəsaitlə dolanmışdır. Bir neçə il Amerikada yaşayaraq nefti ən incə təfərrüatına qədər tədqiq edən Helmut 1927-ci ildə Almaniyaya qayıdır. O, 1927-1933-cü illərdə bir və ya iki dəfə Mərkəzi Amerikaya və Meksikaya səyahətlər edir və çoxlu pul qazanır. Səyahətlərinin birində Helmut Amerikada yaşayan alman müəllimə ilə evlənir. Almaniyada Adolf Hitler iqtidara gəldikdən sonra müdafiə naziri olan von Blomberq dərhal Helmut Vohltata məktub yazaraq onu Berlinə dəvət edir.
Məktubu alan Helmut dərhal Berlinə gəlir və Müdafiə Nazirliyi ilə Dr.Şaxtın rəhbərlik etdiyi Maliyyə Nazirliyi arasında əlaqə quran bir vəzifəyə təyin olunur. Qısa bir müddət sonra alman valyuta dəyişmə idarəsinin rəhbərliyi ona tapşırılır. Onun buradakı əsas vəzifələrindən biri də xaricdən idxal edilən xam maddələr üçün ayrılan valyutaya nəzarət etmək idi. Bir müddət sonra ona Almaniyadan qaçan yəhudilərlə əlaqə qurmaq tapşırıldı.
1938-ci ilin sonunda H.Vohltat Amerikaya getmək istədi, ancaq Amerika hökuməti ona viza vermədiyi üçün bu səyahət baş tutmadı.
Sonra o, «Oyl Purchasing Company» şirkətini quraraq Berlin və Hamburqda onun şöbələrini açır. Beləliklə, H.Vohltat neft şirkəti və onun minlərlə agenti sayəsində ABŞ, yəni «Standard Oyl» və Meksikanın neft istehsal edən şirkətləri ilə əlaqələrini davam etdirməyə və gücləndirməyə müvəffəq oldu. Bu tarixdən sonra elə bir vəziyyət yarandı ki, Helmut Vohltat artıq alman hökumətinin və sənayesinin ən böyük neft mütəxəssislərindən biri hesab olunmağa başladı.
Onunla və yaxud onun məsləhət gördüyü hər hansı bir adamı ilə görüşmədən Almaniyaya bir qram neft satmaq mümkün deyildi.
Elə bu vaxtlarda ortaya Devies adlı bir yəhudi çıxdı və Helmut Vohltat ilə bir neçə dəfə görüşdükdən sonra Meksika neftinin 60%-ni Almaniyaya satdı.
Çox sirli bir şəkildə ortaya çıxan yəhudi Deviesin sonradan Deterdinqin adamı olduğu meydana çıxdı. Deterdinq bir tərəfdən Meksikaya «Standard Oyl» ilə embarqo tətbiq edərkən, digər tərəfdən və əl altından bu məmləkətin neftini, yəni öz neftini almanlara satırdı. Deterdinq usta bir siyasətlə 500 milyon sterlinq sərmayə yatırdığı Meksika neftini rahatca və «Standard Oyl» şirkətini özündən narazı salmadan sata bildi. Qəribədir ki, Deterdinq bu oyununu axıra kimi davam etdirə bildi və İkinci Dünya müharibəsinin davam etdiyi vaxtda da alman sualtı gəmilərinə əl altından Meksikadan və Venesueladan neft satacaqdır.
Almanların Meksikaya gəlmələrinə Deterdinq mane olmayır, hətta alman agentlərinin mütəxəssis adı altında bu məmləkətə girmələrinə yardım edirdi. Devies bu iş üçün ən münasib şəxs idi. O, 1938-ci ilin iyul ayında Meksika neftini Almaniyaya satmaq qərarına gələn zaman şirkətinə alman neft mütəxəssislərini işə qəbul etmiş və onları daima tərifləmişdir. Antifaşist bir insan olan Meksika prezidenti Cardenas bunlardan xəbərdar olan zaman çox təsirlənmişdir.
Deviesin yanında olan bu agentlər hər səfəri göndərilən neft partiyaları ilə Almaniyaya gedir, geridə qalanlar isə yenə alman agentlərinin Meksikadakı təşkilatçısı Dr. Herstlettin əmri ilə ölkənin içərilərinə dağılaraq izlərini itirirdilər. Dr. Herstletti Meksikaya bir iqtisadçı olaraq gəlmişdir. Lakin, gördüyü iş iqtisadçılıqla əlaqədar deyildi. O, çevriliş lideri olaraq sürgün olunmuş Nikolas Rodriquesin adamları ilə münasibətlər qurmağa çalışırdı. Bu təmaslar müsbət nəticə verdi və N.Rodriques alman agentləri ilə həyata keçiriləcək bir çevriliş barəsində ediləcək müzakirələri qəbul etdi.
Dr. Herstlettin bu əlaqələri qurmaq və müzakirələrdə iştirak etməyi Hermann Sohvinn adlı bir agentə tapşırdı. Almanlar Meksikada bir çevriliş hazırladıqları zaman Humberto Tirade adlı bir meksikalı da neft şirkətlərinə üz tutaraq ona silah-sursat yardımı edildiyi təqdirdə Cardenası hakimiyyətdən kənarlaşdırıb milləşdirdiyi neft sahələrini onlara qaytaracağını bildirirdi. Ancaq, neft şirkətləri bu təklifi rədd etdilər. Bunun da əsas səbəbi Humberto Tiradoya etimad etməmələri idi.
Almanlar bu təkliflərin rədd edilməsindən sonra 1934-cü ildə Almaniyanın Vyanada səfiri olan zaman Avstriyanın baş naziri Dolfussun öldürülməsi hadisəsinin əsas təşkilatlarından biri kimi tanınan Kurt Heinrich Riethdən istifadə etməyi qərara aldılar. 1941-ci il martın 8-də K.H.Rieth ABŞ-a Almaniyanın xüsusi səfiri təyin olundu. Bir neçə gündən sonra o Meksikadan ABŞ-ın sərhədini keçərək mühacirət idarəsinə gedir «Standard Oyl Of New Yersay Company»nin rəhbəri olan Valter C.Teaqlenin yaxın dostu olduğunu söyləyir. Teaqle onu tanımadığını söylədikdən sonra K.H.Rieth həbs olunaraq ABŞ-dan xaric edilir.
Əgər Deterdinq imkan verməsə idi almanlar Meksikada heç vaxt uğur qazana bilməzdilər.
Almanlar Meksikada çalışırkən Rokfeller də, Deterdinq də öz işlərini görməkdə davam edirdilər. Deterdinq burada daha şanslı idi.
BAKI NEFTİ VƏ MƏHV EDİLƏN
BİR TÜRK DÖVLƏTİ
Birinci Dünya müharibəsi davam edirdi. Osmanlı İmperiyası düşmənlərlə dörd cəbhədə vuruşurdu. Osmanlı İmperiyası Almaniya və Avstriya-Macarıstan İmperiyasının müttəfiqi idi. Osmanlı orduları Qalıçyada, Rumıniyada, Balkan yarımadasında, Qafqazda və Ərəbistanda tarixin bəlkə də ən çətin müharibələrini apardığı bir vaxtda Rusiyada əvvəl Kerenskinin rəhbərliyi altında sosial-demokratlar, sonra Leninin tərəfdarları olan bolşeviklər çar üsul-idarəsini yıxaraq hakimiyyəti ələ keçirmişdilər. Rusiyada proletariatın diktaturasını quran bolşeviklər bir müddət sonra almanlarla Brest-Litovski müqaviləsini bağladılar.
Almanlar Brest-Litovski müqaviləsinin xeyirlərinə olan maddələrinə əsaslanaraq 1918-ci ilin mayında von Kressin komandanlığında 3000 nəfərlik bir hərbi hissəni müttəfiqləri türklərdən xəbərsiz Qara dənizin Poti limanına çıxardaraq şəhəri ələ keçirdilər. Bu hərbi birliyin vəzifəsi türklərdən əvvəl Batumu tutmaq və sonra Bakıya doğru hərəkət etmək idi. Qarşıya belə bir sual çıxır. Bəs almanları müttəfiqləri olan türklərdən xəbərsiz belə bir addım atmalarının səbəbi nə idi? Cavab isə aydındır. Bakı neftini ələ keçirmək! O dövrdə Bakı nefti dünyanın ən mühüm neft sahələrindən biri idi və buranı kim ələ keçirsə idi o da müharibənin taleyini həll etmiş olardı.
Almanlar bu hərəkəti Brest-Litovskidə bağladıqları müqaviləyə uyğun etmişdilər. Almanlarla ruslar arasında razılaşdırılmış müqaviləyə görə Almaniyanın Rusiyanın daxili işlərinə qarışmayacağına cavab olaraq Rusiya da Almaniyanın Qafqazdakı hərəkətlərinə göz yumacaqdır. Hətta almanların Bakı neftini ələ keçirmələrinə də mane olmayacaqdılar.
Rusiya yalnız almanlardan Bakı neftini ələ keçirdikləri zaman onlara da pay verilməsini istəyirdi. Almanlar bu təklifi məmnuniyyətlə qəbul etdilər.
Bakı nefti artıq Osmanlı dövləti ilə Almaniyanın gələcəkdə birgə hərəkət etmələrini şübhə altına qoyurdu.
1917-ci ildən sonra almanlar Qərb cəbhəsində, türklər isə Ərəbistan yarımadasında dalbadal məğlubiyyətə uğradılar. Türkiyə hökuməti müttəfiqlərinin Qafqazdakı hərəkətlərini diqqətlə izləyirdi. Almanlar əvvəl Batumu, sonra isə Bakını işğal etdilər. Artıq almanların bu hərəkətinə dözə bilməyən Yaqub Şevki paşanın sərt ultimatumundan sonra von Kressin komandanlığındakı hərbi hissə hər iki şəhəri tərk etmək məcburiyyətində qaldı.
Almanların Bakıdan çəkilmələrindən istifadə edən ingilislər 1918-ci ilin fevral ayında İranda olan ordusunun bir hissəsini polkovnik Denstervilin komandanlığı altında 40 gəmi ilə Bakı neftini ələ keçirmək üçün hərəkətə keçirdi. Artıq Bakı ingilislər tərəfindən işğal edilmişdi. Ruslar isə nə ingilislərlə, nə də neft istehsal edən beynəlxalq miqyaslı şirkətlərlə məşğul ola biləcək vəziyyətdə deyildi.
Çar üsul-idarəsini yıxan bolşeviklər hakimiyyətə gələrək proletariatın diktaturasını qurduqdan sonra rus aristokratiyasını və ordunun komandanlığını məhv etməyə başladılar. Var-dövlətlərinin, malikanələrinin və hakimiyyətlərinin əllərindən çıxması ilə barışa bilməyən qüvvələr bolşeviklərin yenicə qurduqları ordularına qarşı müqavimət göstərməyə hazırlaşdılar. Deterdinq Rusiyada yaranmış bu vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışdı, yəni Qızıl Orduya qarşı ağqvardiyaçıları hər baxımdan təmin etməyi planlaşdırdı. Deterdinq tərəfindən silah-sursatla, yanacaqla, ərzaqla və pulla təchiz edilən admiral Kolçak, general Denikin və general Vrangel bolşevik hakimiyyətini devirmək üçün əks-hücuma keçdilər. Deterdinq bu üç generalın uğur qazana bilməyəcəyini bilirdi. O, vaxt qazanaraq əsas hissələrinə sahib olduğu Bakı neftini uzun müddət əlində saxlamaq istəyirdi.
Polkovnik Denstervilin komandanlığı altındakı ingilis qoşunu Bakını Deterdinqin arzusuna görə işğal etmişdi. Deterdinq Bakıda yenə də amerikalılardan çevik tərpənmiş və «Standard Oyl»un burada olan neft sahələrini də əlinə keçirə bilmişdi. Bakını işlağ edən ingilis hərbçilərinə verilən təlimata görə şəhərə yox, ən çox neft sahələrinə ciddi nəzarət etmək tapşırılmışdı.
Artıq Birinci Dünya müharibəsi sona çatmış və nəticədə Almaniya ilə müttəfiqləri Osmanlı və Avstriya-Macarıstan İmperiyaları məğlub olmuşdur.
Birinci Dünya müharibəsindən qalib çıxan ingilislər bir tərəfdən sülh müqaviləsi bağlamağa hazırlaşarkən digər tərəfdən də beynəlxalq miqyaslı bir neft konfransı keçirməyi planlaşdırırdılar. İngilislər rusların zəifliyindən istifadə edərək neft məsələsini həll etmək istəyirdilər.
İngilislər bundan başqa qırx ildən bəri dünya neft hakimiyyəti üçün Amerika ilə apardıqları mücadiləni yenə də davam etdirirdilər.
1918-ci il noyabrın 21-də işə başlayan konfransda iştirakçılara verdiyi bir ziyafətdə İngiltərə xarici işlər naziri lord Kerzon belə demişdir: «Neft və neft məhsulları mühüm şeylərdir. Mübaliğəsiz söyləmək olar ki, müttəfiqlər zəfərə neft dalğaları üzərində gəldilər».
Bu sözlər açıq bir həqiqətin ifadəsi idi. lord Kerzonun ağzından çıxan bu sözlər neftin həqiqi dəyərini ortaya qoymuşdu.
Birinci Dünya müharibəsində mexanikləşdirilmiş Fransa ordusunu hərəkətə gətirmək üçün prezident Klemanso Amerika prezidenti Vilsondan 100 min ton benzin verilməsini istəyərkən belə demişdir:
«Müttəfiqlər müharibəni məğlub olmaq istəmirlərsə Fransanın qana olduğu qədər neftə də möhtac olduğunu bilməlidirlər».
Prezident Vilson çətinliklə də olsa Fransanı tələb olunan qədər benzinlə təmin etmişdir.
Neftin əhəmiyyəti haqqında Birinci Dünya müharibəsində alman ordularına böyük qələbələr qazandırmış olan məşhur Hindenburqun hərbi naziri general Lüdendort müharibədən sonra yazaraq nəşr etdirdiyi xatirəsində müharibənin taleyinə neftin təsirini göstərmişdir. General müttəfiqlərin qələbəsini malik olduqları geniş neft mənbələri sayəsində əldə etdiklərini israrla bildirirdi.
İngilislər qədər neftin əhəmiyyətini anlayan və dəyərləndirən hər hansı başqa bir dövlət göstərmək mümkün deyildir və bunun üçün də ingilislər bütün vasitələrdən istifadə edərək bu yağlı maddənin mütləq hakimi olmaq istəyirdilər.
Birinci Dünya müharibəsindən sonra İngiltərə parlamentinin aşağı palatasında neft məsələsi müzakirə edilməyə başladı. Deterdinq aparılan mücadilənin qismən də olsa əhəmiyyəti haqqında aşağı palatanı məlumatlandırmaq istəyirdi. Bu məqsədlə o, palatanın müzakirələrində iştirak etmək və palatanın üzvlərinə izahat vermək üçün «Royyal Datç-Şell Qrup»un məsul şəxslərini parlamentə göndərmişdi. Bunların arasında Eg.Prettymann adlı şəxs xüsusilə fərqlənirdi.
Eq.Prettymann ondan məlumat tələb edən palata üzvlərinə neft haqqında geniş məlumat vermiş və sözləri arasında bunları söyləmişdi: «Mərkəzi Avropa hökumətləri ilə imza olunan müvəqqəti müqavilənin (Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyaları) bütün dünyada istehsal olunan neftin 50%-ni ingilislərə vermiş olduğunu və Böyük Britaniyanın bir neft imperiyası halına gəldiyini təkəbbürlə ərz etmək istəyirəm».
Bəli, bu şəxsin İngiltərə parlamentinin aşağı palatasında iftixarla bildirdiyi kimi Böyük Britaniya İmperiyası artıq neft imperiyası idi.
Siyasi hadisələr ingilislərin, dolayısı ilə Deterdinqin arzu etdiyi şəkildə inkişaf etmiş və yeni dünya xəritəsinin yenidən çəkilməsinə baxmayaraq Rusiyada davam edən vətəndaş müharibəsi səbəbindən bəzi şəkillərə düşmüşdür.
İngilislərin və az da olsa amerikalıların kömək etdikləri Denikin, Kolçak və Vrangelin orduları Qızıl Orduya məğlub olmuşdular. Əslində artıq onlar üçün mübarizəni davam etdirilməsinin elə də əhəmiyyəti qalmamışdır. Çünki, Çar II Nikolay kommunistlər tərəfindən ailəsi ilə birlikdə güllələnmişdi.
Bu qələbədən sonra dərin bir nəfəs alan kommunist Rusiya vətəndaş müharibəsi zamanı çar generallarına yardım etdiyinə görə İngiltərə və Amerikanın Moskvadakı nümayəndələrinə sərt bir nota verdi. Notada ruslar hər iki dövlətdən çar Rusiyasının sərhədlərini əhatə edən ərazilərdən rəsmi və ya qeyri-rəsmi bütün təbəələrini və hərbi qüvvələrini dərhal çıxarmağı tələb edilmişdir. Notada həm də kommunist Rusiyasının əleyhinə mübarizə aparan bütün qüvvələrə yardım etmələrini dayandırmalıdırlar tələbi də vardır.
İngilislər də, amerikalılar da bu notaya cavab olaraq Rusiyanın daxili işlərinə qarışmalarını dayandırdılar və bütün təbəələrini Rusiyadan çıxartdılar. Yalnız polkovnik Denstervilin qoşunlarını Bakıdan çıxarmağı bir müddət təxirə saldılar.
İngilislər sadəcə olaraq Bakıdamı hərbi qüvvə saxlamışdılar? Xeyr. İngilislər müvəqqəti müqavilə bağlanmamışdan əvvəl Rusiyada bolşevik çevrilişi başlar-başlamaz Türküstandakı neft sahələrini da işğal etmişdilər. İngilislər üçün Türküstan bölgəsinin xüsusi əhəmiyyəti vardır. Onlar bolşeviklərə qarşı mübarizə edən rus generallarını da buradan hər cür vasitələrlə təchiz etmişdilər.
İngilislər bolşeviklərə qarşı çıxan çar generallarına bu səbəbdən, yəni neftə sahib olmaq üçün yardım edirdilər və onlar üçün Türküstan da, Bakı da vaz keçilməz bir bölgə idi. Ancaq, hadisələr ingilislərin təxmin etdikləri kimi inkişaf etmədi. Bir müddət sonra onlar Türküstanı və Bakını tərk etməyə məcbur oldular.
İngilislər Rusiyadakı neft bölgələrindən çəkilməklə bərabər bu ərazilər üzərindəki haqlarından vaz keçə bilmirdilər. Onlar iqtidara gəlmiş bolşeviklərlə Rusiyada qalmış neft haqlarını zəmanət altına almaq üçün danışıqlara başladılar və rusların da iştirak edəcəkləri beynəlxalq bir konfrans keçirməyi qərarlaşdırdılar.
İngilislər Bakı və Türküstandan çəkildikləri zaman ingilis şərqşünası və «Tayms» qəzetinin tanınmış müxbirlərindən olan Artur More 1922-ci il iyulun 1-də «Tayms» qəzetində aşağıdakı məzmunlu məqaləni nəşr etdirir: «Atəşkəsdən sonra biz ingilislər bir hissəsi türk və müsəlmanlarla məskun olan Qafqazı işğal etdik. Bizim oralarda, hətta Xəzər dənizinin yaxınlığındakı məşhur və tarixi Mərv şəhərində kifayət sayda hərbi qüvvəmiz vardı. Qısa bir zaman sonra bolşeviklərin təzyiqi nəticəsində oraları tərk etdik. Şübhəsiz ki, biz o ərazilərə Bakıdakı neft ərazilərinə sahib olmaq üçün girmişdik. Ancaq, mənafeyimizi qorumaq üçün bir müharibəyə hələ hazır deyildik».
Bu məqalədə göstərilənlər ilk baxışda doğru idi. Halbuki, iş neftə dayanınca hər şey dəyişirdi. İngilislərin bu yola nə üçün üstünlük verdiklərini irəlidə izah edəcəyik. Ancaq, gerçək olan budur ki, ingilislər neft üçün bir qoruyucu tapmışdılar və «Standard Oyl» şirkətini neft sahələrindən beləcə uzaqlaşdırmışdılar.
Məsələnin həqiqi tərəfi bu olmaqla bərabər, ingilislərin vəziyyətini də nəzəri-diqqətə almaq vacibdir. Onlar müharibədən yenicə çıxdıqları üçün təkrar müharibənin olmasının qəti əleyhinə idilər. İngiltərə hökuməti də, neft istehsalçıları da bu həqiqəti gözəl bilirdilər. Birinci Dünya müharibəsinin başa çatdığı tarixdən, yəni 1918-ci ildən dörd il keçməsinə baxmayaraq ingilislər Anadoluda yenə neft istehsalçılarının oyuncağı olan Lloyd Corcun təşviqi və Zaxarovun pulu ilə bir millətin istiqlalını məhv etmək istəyirdilər. Eyni vaxtlarda ingilislər İraq və Suriyada da fəaliyyətdə idilər. Bütün bu qan qoxan fəaliyyətlərin baş verməsinin əsas səbəbi neft idi.
Elə bu səbəblərdən də ingilislər neft üzündən yeni ixtilafla qarşılaşmamaq üçün Rusiya ilə dil tapmış və neft məsələsini qansız-qadasız həll etmək üçün beynəlxalq miqyaslı bir konfrans keçirilməsini məqsədəuyğun saymışdılar.
Konfransın dünya ictimaiyyətinə elan edilən zahiri tərəfi siyasət olsa da, əsl məqsədi yalnız neft idi.
Həm də Bakı nefti.
Bunun həqiqiliyini isbat edən aşağıdakı xəbər diqqəti cəlb edəndir.
«Rheinicg West faliche Zeitung” qəzetinin Paris xüsusi müxbiri qəzetinə konfransın açılışından altı gün sonra göndərdiyi bir xəbərində:
«Bu günlərdə Parisdə toplanan bir neçə siyasətçi Genuya konfransının siyasi tarixinin Bakı nefti ilə yazılacağı və bu konfransdakı müzakirələrin də «Royal Datç-Şell Qrup» ilə «Standard Oyl» şirkətlərinin mücadiləsi ilə nəticələnəcəyi proqnozunu vermişdilər» deməklə Genuya konfransını əsl məqsədini açıqlayırdı. Bu iki şirkət arasında üzün müddətdən bəri davam edən mübarizə Genuya konfransında da şiddətlə davam etmişdir. Konfransın rəsmən elan edilən məqsədi müharibədən yeni çıxmış və iqtisadi vəziyyəti bərbad olan Avropa dövlətlərini inkişaf etdirmək göstərilmişdirsə də, əsl müzakirələr medalyonun tərs tərəfində olan Bakı nefti imtiyazı məsələsi idi. Ancaq, bu xüsus çox gizli saxlanılırdı.
Həmçinin bu xüsusu təsdiq edən hadisələrdən biri də konfrans davam edən günlərdə Azərbaycan millətçilərinin konfransı təşkil edən dövlətlərə, xüsusilə də İngiltərənin nümayəndə heyətinə göndərdikləri etiraz teleqrafları diqqəti cəlb etməkdədir. Bu etiraz teleqrafları İngiltərənin Baş naziri Lloyd Corc ilə Rusiyanın nümayəndə heyətinin rəhbəri olan xarici işlər komissarı Çiçerini çox əsəbləşdirirdi. Ancaq, əsl narahat olan bolşevik hökumətinin ona verdiyi fövqəladə səlahiyyətlərlə Londonda Deterdinqin adamları ilə neft məsələsini müzakirə edən Rusiyanın İngiltərədəki səfiri Krasin idi.
Millətçi Azərbaycan türklərinin bu etiraz mesajları və teleqrafları ilə tarixi ata-baba yurdlarının müdafiəsinə qalxmışdılar. Neft bu tarixi torpaqlar üzərində yurdlarını qurmuş Azərbaycan türklərinin istiqlal və hürriyyətini yox edirdi. Əvvəllər uzun müddət Moskvanın əsarətində qalmış bu şəhər Birinci Dünya müharibəsindən sonra öz müstəqilliiyni elan etimşdir.
1920-ci il aprelin 28-də bu məmləkət yenidən ruslar tərəfindən işğal edildi.
Cenevrə şəhərində keçirilən bu konfransda Azərbaycan türklərinin yurdlarının müqəddəratı müzakirə edilirdi. Ancaq böyük neft şirkətlərini arxalarında gizləyən dövlətlərin apardıqları bu müzakirələrin əsas məqsədi Azərilərə istiqlal vermək deyil, onun torpaqlarını bölmək idi.
Genuya şəhərinin küçələrində və mehmanxanalarında İngiltərənin Baş naziri Lloyd Corcu, fransız Barthounu, italyan Fektanı, alman Wireti, Rusiyanın xarici işlər naziri Çiçerini, Türkiyə Böyük Millət Məclisinin qurduğu hökumət adından bu konfransda iştirak edən Cəlaləddin Arif bəyi, Gürcüstan nümayəndəsi Çengelini tez-tez görmək olurdı. Bolşevik üsul-idarəsi qurulmuş Azərbaycanın o zamankı bolşevik lideri Nəriman Nərimanov da nümayəndə olaraq konfransda iştirak edirdi.
Konfrans salonundakı müzakirə masasının ətrafında İngiltərənin Baş naziri Lloyd Corcun arxasında «Royal Datç-Şell Qrup»un rəhbəri ser Henry Deterdinq və Amerika dövlətinin nümayəndə heyətinin sədri olan Amerikanın İtaliyadakı səfirinin arxasında isə «Standard Oyl»un ümumi müdiri A.S.Bedford oturmuşdular.
Genuya konfransı hirsli nümayəndələrin, nefti əllərindən qaçırmamaq üçün qəti təlimat almış insanların girişdikləri çətin bir mücadilə içərisində keçdi.
Konfransın çətin müzakirələrinə yol açan iclaslarındakı abu-havanın nə səbəbdən olduğunu anlamaq üçün bir az geriyə nəzər salmaq lazımdır.
Hələ Birinci Dünya müharibəsinin başlamasından əvvəl ingilislər Bakı neftinin çox hissəsinə sahib olmuşdular. «Royal Datç-Şell Qrup»un rəhbəri ser Henry Deterdinqin doymaq bilməyən iştahası əlini Bakı neftinə uzatmasına da səbəb oldu. O, bu iş üçün Avropanın bir neçə ölkəsinin bank sisteminə nəzarət edən Rotşildi hərəkətə gətirdi. Rotşild tezliklə Bakı neftinin mühüm hissəsini satın aldı. Halbuki bu hissə əslində Deterdinqin idi. Buna baxmayaraq Rotşild 1912-ci ilə qədər Bakı neftindəki hissələrini əlində saxladı və sonra «Royal Datç-Şell Qrup» şirkətinin adına keçirdi. Əslində Deterdinq bu hissə sənədlərini alsa da Rotşildi yenə də özünün ortağı hüququnda saxlamışdır. Beləliklə Bakı neftinin bir hissəsinə sahib olan Deterdinq sonra rus şirkətlərindən Koninlijkenə məxsus payı da əlinə keçirdi.
Birinci Dünya müharibəsindən sonra polkovnik Denstervilin qoşunu Bakını işğal etdiyi vaxt bolşeviklərdən ürkmüş olan neft sənayeçiləri əllərindəki hissələri dəyər-dəyməzinə Deterdinqin adamlarına satmağa başladılar. Tezliklə Bakıda Mantaşevin və Liyanosovun şirkətlərinə məxsus hissələri əlinə keçirən Deterdinq sadəcə olaraq «Şell» şirkətinin imkanlarından istifadə edərək Şimali Qafqazdakı Nikopol-Morinpol neft ərazilərini də satın aldı. Beləliklə, Qafqaz neftinin 90%-i Deterdinqin əlinə keçdi. Bütün bunlardan sonra Deterdinq neftin Batuma çatdırılması istiqamətində fəaliyyətə başladı. Onun fikrinə görə neft çıxarılan ərazilərdə Pipe-Line təsisatı qurulacaq və onun vasitəsilə neft Pipe-Line xətti ilə Batuma çatdırılacaqdır.
Dostları ilə paylaş: |