İSTİLA ETMƏSİ
“The İrak Petroleum” bu sahələrdə neft axtararkən, siyasi reaksiyası çox böyük oldu.
Bütün dünya mətbuatı, əsrarəngiz və əfsanəvi sərvətinin mənbələri bilinməyəcək qədər qaranlıq bir adamdan bəhs etməyə başladılar. Bu qaranlıq işlər çevirən adam Türkiyədə Muğlada doğulmuş, uşaqlıq dövrləri ilə ilk gənclik illərini məmləkətimizdə keçirmiş, sonra da taleyini xarici diyarlarda aramış olan Zaxaryas Vasileos Zaxarovdu. Bu adam, dünyanı müharibəyə sövq edən neft sahibkarlarının və silah istehsalçılarının ortağı idi. Həqiqətən də, o, neft sahibkarlarının ortağı idi mi? Bu suala cavab vermək çox çətindir. Yalnız, bir şey aydın idi ki, o da Deterdinqin əmrində idi. Bu adam əfsanəvi sərvətini neft və silah satışından qazanmışdı. Bu sərvəti ona qazandıranlar, onun yüyənini heç bir vaxt boş buraxmamışlar və daima bir casus kimi istifadə etmişdilər. Beləcə bu səfər də eyni adam təkrar ortaya çıxmışdı.
Dünya neftinə hakim olan “Royyal Datç-Şell Qrup”un rəhbəri Deterdinq Birinci Dünya müharibəsinin sonunda Osmanlı İmperiyasının taleyini diplomatların öhdəsinə buraxsa da Orta Şərqdə özünü yenə də narahat hiss edirdi. İngiltərə-İran Neft Şirkətinin işləri rusların və amerikalıların İranda göstərdikləri fəaliyyətlər nəticəsində idi. Dünyanın gözünü bir başqa hadisəyə döndərməkdən başqa çıxış və qurtuluş yolu olmadığını anlayan Deterdinq daima bu tip qaranlıq işlərdə istifadə etdiyi Vasileos Zaxarovu İrandakı vəziyyəti düzəldəcək tədbirləri görmək üçün hərəkətə keçirdi. Deterdinq eyni zamanda İngiltərənin baş naziri Lloyd Corcu bu iblisanə planına ortaq etdi. Bu plan onlar üçün onsuz da sadə idi və əllərində bu işi gördürə biləcək bir adam var idi. Əsasən xəyalpərəst bir millət olan yunanları bu adam vasitəsi ilə “Böyük Yunanıstan” layihəsini əldə rəhbər tutaraq silahsız bir millət halında Anadoluda yaşayan türklərin üzərinə hücuma sövq edə bilərdi.
Tarix səhnəsinə çıxdığı 1821-ci ildən bu tərəfə “Böyük Yunanıstan” xülyası ilə yaşayan bu ərköyün millətin baş naziri sabiq Osmanlı vətandaşı və Galatasaray Sultanı (Lisesi) məzunu olmuş Venizelos qulaqlarına inanmadı. Venizelos Lloyd Corcun təklifi qarşısında özünü itirdi və İngiltərənin irəliyə sürdüyü bu təklifə sonunu fikirləşmədən “Bəli” dedi.
İngiltərə yunanları Anadoluya sövq edərkən, ona maddi və mənəvi, yəni hər cür yardım göstərəcəyini bildirdi. Ayrıca, Yunanıstana Anadoluda başlayacağı istila hərəkəti üçün tələb olunan bütün hərbi ləvazimatları da verəcəkdi. Venizelos vaxt itirmədən Afinaya döndü və kral Konstantini bu böyük xəyala inandırdı.
İngilislər Yunanıstanı “Anadolu məcarasına” sürükləyərkən iki nöqtəni hədəfinə çatdırmağı qarşılarına məqsəd qoymuşdular: Orta Şərqdəki neft mənfəətlərinin belə bir siyasi və hərbi hərəkətlə təhlükəsizliyini təmin etmək, hər gün bir az daha quduran və ağlagəlməz baş ağrıdan Yunanıstanı, qolu qanadı qırılmış bir quş halına gətirmək.
Zavallı dünya, zavallı mədəni Avropa...
Neft, yenə də günahsız, şərəfli bir millətin torpaqlarını dağıdacaq, yüzminlərlə insanı qətlə yetirəcək, bir məmləkəti başdan-başa xaraba qoyacaqdır...Və mədəni (!) Avropa bütün bu dəhşət qarşısında qulaqları kar, gözləri kor, hadisələrə seyrici qalacaqdır.
Yunan ordusu, ingilislər tərəfindən verilən vəzifəni yerinə yetirdi. Anadoluda yüz minlərlə insanı qətlə yetirdi və işğal etdiyi hər yeri dağıtdı, xaraba qoydu...Bu qorxunc hərəkət əlahəzrət İngiltərə İmperiyasının ser ünvanını mühafizə edən Vasileos Zaxarovun pulu və Deterdinqin nefti ilə edildi. Və beləcə neft istehsalçılarının törətdikləri Anadolu faciəsi Mədəni (!) Avropanın tarixinə, mədəniyyətinə miras olaraq daxil oldu.
Anadoludakı mübarizə çox şiddətli oldu. Türk milləti yeddisindən yetmişinə üsyana qalxdı və tarixin “ərköyün uşağına” tarix boyunca yemədiyi, gələcəkdə də unutması əsla mümkün olmayan qorxunc bir şapalaq vurdu. Yunanıstanın 300 minlik ordusu neft sahibkarlarının və “Mədəni Avropa”nın əlahəzrət dövlətlərinin dəhşətdən açılmış gözləri önündə Anadolunun düzlərində məhv oldu...
Yunan ordusunun məhvinə baxmayaraq, Deterdinq, hədəfə çatmış, İngilis-İran Neft Şirkəti vəziyyətini düzəltmiş, yunan ordusunun beli qırılmış, Vasileos Zaxarovun milyonlarla sterlinqi havaya sovrulmuşdur. Lakin, ingilislərin əsl qazancı Lozannada olmuşdur, yəni onların böyük bir inadla əllərində tutmaq istədikləri və sahib olmaq üçün hər çarəyə baş vurduqları İraqın neft sahələri bu sülh müqaviləsindən sonra əllərində qalmışdı. Osmanlı İmperiyasının torpaqları uğurundakı mübarizə heç cürə bitmək bilmir və bu torpaqlar üzərindəki millətlərin arasındakı çəkişmə hər gün bir az daha artırdı. Türklərlə bağlı olan bu çəkişmələrin və mübarizələrin müxtəlif səhifələri vardır. Bu səhifələr daha çox beynəlxalq konfranslarda müzakirələrə çıxarılır və qərarlar qəbul edilirdi. Bu anlaşmalar içində, xüsusilə, San Remo, Rapallo, Genuya və Lozanna konfransları əhəmiyyətli bir yer tuturdu. Lozanna konfransında cənub sərhədlərimiz havadan asılı vəziyyətdə qalmışdır. Sülh müqaviləsi imzalansa da, cənub sərhədləri təsbit edilməmişdir. İngilislər Lozannada Türkiyəni təmsil edən heyətin siyasətdəki təcrübəsizliyi və bacarıqsızlığı üzündən uğur qazanmışdılar. Türkiyənin cənub sərhədləri Millətlər Cəmiyyətinin qərarından asılı idi. Bunun səbəbi nədir? Nə üçün bu yolla gedilmişdir? O da aşkardır ki, ingilislər İraqla olan müştərək sərhədlərimizin təsbitində nefti daima gözlərinin önündə tutmuşlar və Lozanna sülh konfransı boyunca bəzən hədə, hətta bəzən daha irəli gedərək türk heyətinə göz dağı vermək istəmişlər. İngiltərənin xarici işlər naziri və kürd siyasətçilərinin önündə, cəbhədən yeni çıxmış, siyasətdə təcrübəsiz olan İsmət paşanın rəhbərlik etdiyi nümayəndə heyəti güzəştə getmək məcburiyyətində qalmışdır.
Nəhayət, lord Kerzonun istədiyi olmuş və Türkiyənin cənub sərhədlərinin təsbiti işi Millətlər Cəmiyyətinin üç nəfərlik bir nümayəndə heyətinə həvalə edilmişdir. Türk heyəti tərəfindən Cavad paşanın iştirak etdiyi bu heyətin uzun çalışmaları və müşahidələri ingilislərin İraq fövqəladə komissarının haqsız təzyiqlərinə baxmayaraq nəticəsiz qalmadı. Hazırlanmış hesabatın son hissəsində yazılmış “Türk hökuməti hüquqi haqlarından vaz keçmədikcə Mosul və ətraf torpaqları heç bir dövlətə verilə bilməz” sözlərinə baxmayaraq, Mosul sancağı nefti ilə birlikdə türk millətinin əlindən çıxmış, türk dövlətinin sərhədləri xaricinə atılmışdır. Beləliklə, Mosulda yaşayan türklər ana vətənlərindən uzaq düşmüşdülər.
Mosulun neft sahələrinin türk millətinin əlindən çıxmasında ən mühüm rolu oynayan səbəblərdən biri də səltənətin ləğvindən və xanədanın türk dövləti sərhədləri xaricinə sürgün olunmasından sonra, xüsusi ilə bu xanədana aid olan Mosulun neft sahələrini tələb edəcək bir müəssisənin mövcud olmaması idi. Səltənətin ləğvinə qərar verən və Ali Osman xanədanını sərhəddən xaricə sürgün edən hökumət, bu ailəni vətəndaşlıqdan çıxartmasaydı, şübhəsiz nəticə belə olmayacaqdır və Mosul nefti məsələsi zamanın ixtiyarına buraxıla bilərdi.
Səudİyyə ƏrəbİstanınIN
neft sahələrİ
İngilislər İranda tarixdə misli görülməmiş bir imtiyaz əldə etdikdən sonra, “Neft imperiyaları”nın sərhədlərini genişləndirmək üçün daha ciddi fəaliyyətə başladılar. İngilis neft imperiyasını quran Deterdinq Osmanlı İmperiyası sərhədləri içərisində mövcud olan nefti də ələ keçirmək istəyir və bu məqsədlə Orta Şərqin bütün neft sahələrini ingilislərin inhisarına almaq üçün mübarizə edirdi. Deterdinq ingilis imperiyasının bütün siyasi xadimlərini, bütün qüvvələrini öz casuslarının yanında səfərbər etmişdi. Osmanlı İmperiyası sərhədləri içərisində qorxunc bir mübarizənin, neft uğrunda mübarizənin başlaması mütləq idi...
Bu mübarizəni, açıq və ya gizli diplomatiyasını səfərbər edən İngiltərə ilə Deterdinqin casusları birlikdə XX əsrin ən böyük hökmdarı və siyasi xadimi Sultan II Əbdülhəmid xana qarşı başlayacaqlar.
Bu iki nəhəng qüvvə, Sultan II Əbdülhəmid xanın önündə məğlub olacaq və səltənətdə istədikləri müvəffəqiyyəti əldə etməyəcəkdilər. Sultan II Əbdülhəmid xan mübarizənin öz inhisarında olan neft mücadiləsi olduğu mövzusunda qəti bir qənaətə gəlmiş, Osmanlı İmperiyası sərhədləri içərisində olduğu kimi, imperiyanın sərhədləri xaricində də bir-birləri ilə şiddətli mübarizələr aparan İngiltərə ilə Almaniyanın bu mübarizəsindən istifadə etmiş və ölkəsini hər cür təhlükədən uzaq tutmuşdu. Sultan II Əbdülhəmid xan bu mübarizədən əsrin ilk və ən mükəmməl casus təşkilatından istifadə etməklə müvəffəqiyyətlə çıxa bilmişdir. Tarixçilərimizin “Xəfiyyə odusu” adını verdikləri, lakin əslində dövlətin daxili və xarici təhlükəsizliyini mühafizə edərək, dünyanın dörd bir tərəfinə yayılmış, içərisində xarici səfirlər, hətta xarici hökumət adamlarının da olduğu 2500 kadrla düşmənlərlə mübarizə imkanını tapa bilmiş və bu mübarizədən də üz ağlığı ilə çıxmışdı. Nə yazıqlar ki, ittihatçılar 24 iyul (1908) çevrilişindən sonra hər sahədə olduğu kimi bu sahədə də bir növ xəyanət kimi düşünülən addımlarını ataraq dünyanın ən mükəmməl bir casus təşkilatını “Xəfiyyə” adı altında lənətləyib dağıtmışdılar.
VƏHHABİ ÜSYANLARI
Neft mücadiləsinin ağırlıq mərkəzini Ərəbistan yarımadası təşkil etməkdə idi. Xüsusilə Hicaz və Yəmən bu mücadilənin əsası hesab olunurdu. Ancaq, əsl məqsəd Mosul neftini ələ keçirmək idi.
Hicaz-Küveyt-Omman-Qatar və digər yerlərdəki neft yataqları bu mücadilənin aparıldığı tarixdə hələ məlum deyildi. Ancaq, ingilislər mücadiləni Hicazdan başlamaqla Osmanlı İmperiyasının diqqətini bu əraziyə cəlb etmək siyasətini yürütdülər. Onlar bununla Mosul və ətrafını hələlik boş buraxmaqla çirkin siyasətlərini vəhhabiləri Osmanlı İmperiyasına qarşı üsyan qaldırmalarına yönəltmişdilər. İngilislər bu üsyanları reallaşdırmaq üçün Sidney Reyi (yaxud Roznblum) ilə Filbi adlı iki mütəxəssisi Əbdüləziz ibn Səudun yanında yerləşdirdilər. Vəhhabilərin lideri Əbdüləziz ibn Səudun yanında vəzifə tutan bu iki şəxs eyni zamanda İngiltərə Entellijans Servisinin də ən təcrübəli əməkdaşları idilər.
Sidney Reyi 1901-ci ildə D’Arcyin əlindən İran nefti imtiyazı sənədini aldıqdan sonra 1902-ci ildən etibarən Ərəbistan yarımadasında çalışmağa başladı.
Sultan II Əbdülhəmid xan Əbdüləziz ibn Səudun yavaş-yavaş gücləndiyini görür və onun gələcəkdə Osmanlı İmperiyası üçün problem yarada biləcəyini də hiss edirdi. O həqiqətən də təxminlərində yanılmadı. Əbdüləziz ibn Səudun sonrakı hərəkətləri bunu açıq-aydın göstərdi. Sultan II Əbdülhəmid xan ingilislərin planlarını əvvəlcədən duyduğu üçün Hicaz və Yəməndə müəyyən islahat keçirmək üçün layihələr hazırladı. Ancaq, Əbdüləziz ibn Səudun rəhbərliyi altında baş verən üsyan bu islahatın gerçəkləşməsinə imkan vermədi. Üsyançıların xərclədikləri pul ingilis qızılı və işlətdikləri silah da yenə ingilis istehsalı idi.
Sultan II Əbdülhəmid xan dərhal bu üsyanı yatırtmaq üçün müəyyən tədbir gördü. Almanların inşa etdikləri Bağdad dəmir yolu ilə İraq və Bəsrə üzərində nüfuzunu daha da gücləndirən sultan cənuba, yəni Yəmənə tərəf hərəkət etdi və Küveyt şeyxi Mübarək İbnüssabah ilə anlaşaraq onu öz tərəfinə çəkə bildi. Bundan sonra Əbdüləziz ibn Səudin qaldırdığı üsyan asanlıqla yatırıldı.
Nəcid şəhəri artıq bir fitnə-fəsad yuvası olmuşdu. İngilislərin təcrübəli cəsusları əllərində Deterdinqin qızılları tayfa başçıları və şeyxlər arasında vurnuxaraq onları Osmanlı İmperiyasına qarşı üsyana təhrik edirdilər. Ancaq, Əbdüləziz ibn Səud Osmanlı ordusundan yediyi zərbədən sonra Sultan II Əbdülhəmid xana boyun əyməyə məcbur olur. Digər şeyxlər və tayfa rəislərinin böyük bir hissəsi türklərin tərəfində idi.
Məkkə şərifi Hüseyn Sultan II Əbdülhəmid xanın sağ qolu hesab olunurdu. Məkkə şərifinə verilən paşalıq adı və göndərilən hədiyyələr onu qane etdiyindən həmişə Osmanlı dövlətinin tərəfində olmuşdur. Sultan II Əbdülhəmid xan ingilislərin ona qarşı işlətdikləri taktikadan istifadə edərək onları məğlub etməyi bacardı.
Şərif Hüseyn Osmanlı dövlətinə sədaqətini sübut etmək üçün Araifi qəbiləsini Əbdüləziz ibn Səudə qarşı yönəltdi. Sultan II Əbdülhəmid xan incə zəkası və uzaqgörənliyi ilə ərəbi ərəbə qarşı qoymağa nail oldu. Bu siyasət onun taxta oturduğu gündən bəri istifadə etdiyi bir üsul idi. Araifilər ilə vəhhabilər arasında cərəyan edən mücadilələr zamanı Araifilər Əbdüləziz ibn Səudun qardaşını tutub şərif Hüseynə təslim etdilər. Əbdüləziz ibn Səud vəziyyətdən xilas olmaq üçün Osmanlı dövlətini tanımaq və ildə müəyyən miqdarda vergi vermək şərti ilə qardaşını geri alaraq mücadilədən çəkildi.
Deterdinq və ortaqları İngiltərə Dəniz Birinci Lordluğu və Entelijans Servis ilk təşəbbüslərində ağır zərbə ilə qarşılaşdılar. Ancaq, bu məğlubiyyətlə barışa bilməyən ingilislər yeni mücadilə metoduna baş vurdular. Onlar vəhhabilər ilə Məkkə şərifi Hüseynin arasında uzun illər davam edən qorxunc bir müharibə törətdilər. Bu müharibə şərif Hüseynin müəmmalı ölmündən sonra onun oğlanları ilə Əbdüləziz ibn Səud arasında da davam etdi.
Bu mücadilələr sadəcə olaraq neft üçün aparılırdı. İstiqlal, azadlıq boş sözdən başqa bir şey deyildi. Həmçinin, Birinci Dünya müharibəsindən sonra yaranmış dövlətlər istiqlallarına deyil, sadəcə olaraq zəngin neft sahələrinə sahib oldular. İstiqlal onlar üçün artıq bir xülyadır. Dünən də belə idi, bu gün də belədir.
Əbdüləziz ibn Səudin 1902-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdığı üsyan yatırıldıqdan sonra 1908-ci ilə, yəni Sultan II Əbdülhəmid xanın taxtdan salınmasına qədər həm vəhhabilər, həm də ingilislər heç bir təşəbbüsə əl atmadılar.
Entelijans Servis tərəfindən Əbdüləziz ibn Səudun yanına mışavir olaraq göndərilən məşhur ingilis neft cəsusu Filbi vəhhabilərin başçısına gücünü artırmağı məsləhət gördü.
Amma, Filbi döyüşçülərin sayının çoxaldılması ilə hər hansı bir nəticənin alınmasına o qədər də inanmırdı. O, bu qüvvələri dəmir kimi bir əlin altında birləşdirməyi və toplamağı məqsədə uyğun hesab edirdi. Əbdüləziz ibn Səud də bu fikri bəyənmişdi. Onlar vaxt itirmədən fəaliyyətə başladılar. Ancaq, işlər onların düşündükləri kimi o qədər də asan getmirdi. Bədəvi həyatı yaşamağa alışmış ərəblər qanun və nizam tanımırdılar. Halbuki, yeni qüvvələrin bir qanun və nizam altına alınmaları vacib idi. Filbi bunun da yolunu tapdı. Dini təəssübə əsaslanan bir siyasət yürütdü.
Filbi və Əbdüləziz ibn Səud düz on il çalışdılar və istədikləri qüvvəni meydana gətirdilər. İhvan adı altında 1912-ci ilin yayında rəsmən qurulmuş olan silahlı qüvvənin ümumi qərargahı Aravyada yerləşirdi. İngilis zabitlərinin təlim və tərbiyəsi ilə formalaşmış bu silahlı qüvvə 1913-cü ildə qəflətən hücuma keçərək Xassanı işğal etdilər. Əbdüləziz ibn Səud Osmanlı dövlətinə qarşı yenidən baş qaldırmışdı. Əbdüləziz ibn Səud artıq Hindistandakı ingilis cəsusları və ingilis qüvvələri ilə əlaqə yaratmışdı. Deterdinq 10 illik mücadilədən sonra arzusuna çatmışdı. Hicazın qapıları onun üzünə tamamilə açılmışdı. İngilislər artıq vəhhabilərin torpaqlarında və Əbdüləzizin hakim olduğu ərazilərdə sərbəst hərəkət edə bilirdilər. İngilis cəsusları Əbdüləziz ibn Səudu daima türklərə, Məkkə şərifi Hüseynə və türklərin yaxın dostu olaraq tanınan Əli Rəşidə qarşı üsyana təhrik edirdilər. Bu təhriklər nəticəsində Birinci Dünya müharibəsinin ilk günlərində Əbdüləziz ibn Səud ingilislərlə müqavilə bağlamağa hazırlaşırdı. Bu anlaşmaya görə ingilislər onun istiqlalını tanıyacaq və Deterlinq hər ay ona 5000 ingilis lirəsi verəcəkdi. Beləliklə, bu anlaşmaya görə Əbdüləziz ibn Səud ingilislərin maaşlı qulluqçusu olurdu.
Ancaq, Əbdüləziz ibn Səud bu anlaşmaya baxmayaraq, həmin ilin may ayında Osmanlı dövləti ilə də danışıqlar apararaq sabah-ud-dövlə fəxri adı altında Nəcit qaymaqamı təyin edilir. Yəni artıq vəhhabilərin başçısı Osmanlı dövləti adından Nəcitdə müəyyən nüfuz sahibi olurdu. Ancaq, Osmanlı İmperiyası Birinci Dünya müharibəsinə girdikdən sonra Osmanlı hökuməti Əbdüləziz ibn Səudə etimad göstərməyərək onun qan düşməni olan Əli Rəşidi dəstəkləməyə başladı. Bunu görən Əbdüləziz ibn Səud yavaş-yavaş ingilislərə meyl etməyə başladı və 1915-ci ildə Britaniya İmperiyası ilə müqavilə bağlayaraq onun himayəsinə girdi.
1915-ci ilin dekabr ayında imzalanan bu müqavilə ilə İngiltərə Osmanlı İmperiyası sərhədləri daxilində yerləşən Ərəbistan yarımadasının mərkəzində güclü bir dosta sahib olurdu. Əbdüləziz ibn Səud 1916-cı ildə ingilislər tərəfindən Osmanlı dövləti əleyhinə müharibəyə girdi. Bu vuruşma eyni zamanda Osmanl dövlətinin mənfəətlərini və bölgənin asayişini qorumağa cavabdeh olan düşməni Əli Rəşidə qarşı idi. Əli Rəşid isə Osmanlı dövlətinin tərəfdarı olaraq qalırdı.
Cərrahda Əli Rəşid ilə Əbdüləziz ibn Səudin qüvvələri arasında gedən döyüşlərdə Əbdüləziz ibn Səudin ingilislərin yardımı ilə yaratdığı İhvan döyüşçüləri ağır məğlubiyyətə uğradılar. Bunu görən Deterdinq və cəsusları dərhal Məkkə şərifi Hüseynlə danışıqlar aparmağa cəhd etdilər və tezliklə buna nail oldular.
İngilislər neftdən qazandıqları milyonları gələcəkdə əldə edə biləcəkləri yeni neft sahələri üçün Məkkə şərifi Hüseynin xəzinəsinə yönəltdilər. Artıq bu dövrlərdə dünyanın məşhur neft cəsuslarından Lavrens Ərəbistan yarımadasında fəaliyyətə başlamışdı. İngilis neft kralları Ərəbistanda fəaliyyət göstərən cəsuslarının köməyi ilə yavaş-yavaş şimala, İraqın neftli ərazilərinə doğru irəliləməyə başladılar. Onlar bu ərazilərdə yaşayan şeyxlərə küllü miqdarda var-dövlət bağışlayaraq onların ehtiyaclarını təmin edirdilər. Lavrensin əlində güclü bir vasitə var idi. Bu vasitə Məkkə şərifi Hüseynin böyük oğlu əmir Feysəl idi. 1916-cı ildə gələcəkdə Suriya və İraq kralı olaraq Lavrens tərəfindən Londona təqdimatı verilən zaman Əbdüləziz İbn Səud əmir Feysələ qarşı çıxdı. Əbdüləziz ibn Səud ingilislərlə mövcud olan müqaviləyə baxmayaraq Osmanlı dövləti ilə danışıqlar aparmağa çalışdı. Amma, Camal paşadan rədd cavabı alınca təkrar ingilislərə, dolayısı ilə ser Deterdinqə əl uzatmaqdan da çəkinmədi. İngilislərdən hər cür yardım alan və atasının hörmətinə görə ərəb şeyxləri üzərində böyük nüfuza malik olan əmir Feysəl bir dövlət qurmaq xəyalı ilə Osmanlı dövlətinə qarşı müharibə elan etdi. Bu mücadilədə ona yardımçı olan ünsürlər ingilislər tərəfindən əvvəlcədən təlimatlandırılmışdılar. İstər İstanbul, istərsə də Beyrut, Şam və Misirdə qurulmuş olan müxtəlif cəmiyyətlər ərəb istiqlalı üçün iş görə biləcək mütəxəssislər hazırlamışdılar. Bu ünsürlər Birinci Dünya müharibəsi dövründə Osmanlı ordusunu daxildən sarsıtmaq üçün hər cür cəsusluq fəaliyyəti göstərmişdilər. Bu cəmiyyətlərdən, xüsusilə «İlel Mərkəziyyə»yə mənsub olanlar daha çox fərqlənmişdilər. Məkkə şərifi əmir Hüseynin böyük oğlu əmir Feysəl bu təşkilatdan daha çox istifadə edərək Osmanlı ordusunu arxadan vurmağa çalışdı. Ona bu işdə ən böyük köməyi gələcək İraq dövlətinin baş naziri vəzifəsini tutan Nuri Səid paşa etmişdir. Əmir Feysəlin ən yaxın adamı olan bu şəxs türk ordusunda yüzbaşı rütbəsində qulluq edərkən «İlel Mərkəziyyə»nin həyata keçirmək istədiyi istiqlal hərəkatı təşəbbüsünün üstü açıldıqdan sonra Camal paşanın hərbi tribunalının yağlı kəndirindən canını ancaq ingilislərə sığınmaqla qurtara bilmişdi.
Əmir Feysəlin bu müvəffəqiyyətləri Əbdüləziz İbn Səudu çox narahat etməyə başladı. Tale əmir Feysələ gələcək taxtını hazırlayırdı. Əslində əmir Feysəlin adının hər tərəfdə duyulması sadəcə bir təsadüfə, yəni döyüşlərə Məkkə şərifi Hüseynin geniş nüfuza sahib olduğu torpaqlar üzərində cərəyan etməsindən irəli gəlirdi. Artıq əmir Feysəl ilə Əbdüləziz ibn Səudun arasında toqquşmanın baş verəcəyi qaçınılmaz idi. İngilislər baş verə biləcək təhlükənin qarşısını almaq üçün müəyyən tədbirlər görməyə çalışdılar. Entelijans Servisin ən təcrübəli əməkdaşları bu ixtilafı bitərəfləşdirmək üçün səfərbər olundular. Bunlar Lavrens, Qertrud Bell, Sidney Reyi və Filbi idi. Əbdüləziz ibn Səudu Filbi yola gətirəcək, Qertrud Bell isə ərəb şeyxləri arasında çalışacaq, Sidney Reyi ilə Lavrens isə iki ərəb şeyxi arasındakı mücadiləni dayandırmaq üçün əmir Feysələ təsir edəcəkdilər.
Cəsuslar onlara verilən tapşırıqları yerinə yetirdilər və iki əmiri barışdırdılar. Beləliklə, ingilislər özləri üçün təhlükə hesab etdikləri bu anlaşılmazlığı bitərəfləşdirməyə nail oldular. Hər iki ərəb əmiri arasında bağlanmış müqaviləyə görə Əbdüləziz ibn Səud Ərəbistan yarımadasının Nəcid-Riyad-Nəcəf ərazisinə, əmir Feysəl isə Suriya və İraq torpaqlarına sahib olacaqdır. Bundan başqa, gələcəkdə yaradılacaq iki dövlətin torpaqları arasında qalan sahədə əmir Feysəlin qardaşı üçün İordaniya adlı kiçik bir dövlət də qurulacaqdır.
Buradan belə nəticə çıxartmaq olar ki, ingilislər yeni-yeni planlar tərtib etmişdilər. Hələ Birinci Dünya müharibəsi başa çatmamışdan əvvəl Ərəbistan yarımadasının gələcək xəritəsi cızılmış və burada üç yeni krallığın yaradılması nəzərdə tutulmuşdu.
Yuxarıda göstərdiyimiz müqavilə ilə Əbdüləziz ibn Səud onun üçün təyin edilmiş olan sərhədlər daxilində və ətrafındakı ərəb əmir və şeyxləri ilə sərhədlərini dəqiqləşdirmək üçün müzakirələr aparırdı. Bu danışıqlardan heç bir nəticə əldə edə bilməyən Əbdüləziz ibn Səud onu daima hədələmiş türkpərəst Əli Rəşidin üzərinə hücum etməyi qərara aldı. Əslində müharibə bitmişdi. Dövlətlər İngiltərənin himayəsi altında Ərəbistanda rəsmən təşəkkül etmişdi. Əbdüləziz ibn Səud Əli Rəşidi bitərəfləşdirdikdən sonra İngiltərənin himayəsi altında olan İordaniya torpaqlarına doğru irəliləməyə başladı. Yenicə qurulmuş bu kiçik dövlətin istiqlalı təhlükə altında idi. Elə bu səbəbdən də ingilislər vəhhabilərin başçısı Əbdüləziz ibn Səudə təcavüzü dayandırmaq üçün xəbərdarlıq etdilər. Lakin, bu çöl bədəvisi xəbərdarlığa o qədər də əhəmiyyət vermədi. İngilislər onun xəbərdarlığa heç əhəmiyyət verməməsini görüb vəhhabi ordusunu təyyarələrdən bombaladılar. İngilislər bu hərəkətləri ilə əmir Feysəli açıqca müdafiə edirdilər. İngilislər tərəfindən vəhhabi ordusunun hücumu dayandırıldıqdan sonra 1922-ci ildə tərəflər arasında bağlanan bir müqavilə ilə İraq-İordaniya və Hicazın sərhədləri qəti olaraq təsbit edildi. Beləliklə, bu məntəqədəki anlaşılmazlıq ortadan qaldırıldı.
Əbdüləziz ibn Səud bu müqavilədən dörd il sonra, 1926-cı ildə ingilislərin himayəsi altında özünü Hicaz və Nəcid kralı elan etdi.
Bu zaman Türkiyədə milli-mücadilə baş vermiş və nəticədə yeni bir rejim qurulmuşdu. Yəni respublika elan edilmiş və xilafət idarə-üsulu ləğv olunmuşdu. Xilafətin ləğv olunmasından sonra Məkkə şərifi Hüseyn ərəblər arasında konfrans çağrılması təklifini irəli sürdı və ləğv edilmiş xilafətin bərpasını tələb etməyə başladı. Əbdüləziz ibn Səud onun bu iddiasını qəti olaraq rədd etdi. Beləliklə, ingilislərin yeni qurduqları bu dövlətlər Türkiyədə ləğv edilmiş xilafəti mənimsəmək üzündən bir-birlərinə düşmən kəsildilər. İngilislər Ərəbistan yarımadasında baş verə biləcək toqquşmaların onların mənafelərinə zidd olmasını söyləsələr də Əbdüləziz ibn Səud bu məsələdə müxalifətdə qalmaqda davam etməkdə idi.
Vəziyyəti belə görən ingilislər Əbdüləziz ibn Səudu sıxışdırmaq məqsədi ilə bu günə qədər hər ay ona ödədikləri 5000 sterlinqin verilməsini dayandırdılar. Hadisələrin bu istiqamətdə davam etdiyi bir vaxtda «Standard Oyl» tərəfindən Suriyada geoloji axtarışlar aparan və neft axtaran Crain burada amerikalıların lehinə, fransızların isə əleyhinə təbliğat aparmağa başlamışdı. Crain Suriyada fəaliyyət göstərdiyi zaman arxeoloq Tvitchell də Qırmızı dəniz sahillərində tədqaqatlar apararaq qədim mədəniyyət əsərləri axtarırdı. O, bu axtarışları zamanı burada neft nişanələrinə rast gəldi. Bütün hərəkətləri ingilis cəsusları tərəfindən addım-addım izlənən Tvitchell neft tapdığını Londondakı Arxeologiya Cəmiyyətinə bildirdiyi zaman yer yerindən oynadı. Bundan sonra İngiltərənin neft mütəxəssisləri bu ərazini diqqətlə axtarmağa başladılar. Tvitchellin təsadüfən tapdığı neft Qırmızı dəniz sahillərini neft mücadiləsinin mərkəzinə çevirdi. Bu andan etibarən ingilis və Amerika sərmayəsi Səudiyyə Ərəbistanına axmağa başladı.
Dostları ilə paylaş: |