ALMANLARIN İRANDA FƏALİYYƏTİ
Entelijans Servis bu vəsiqəni əlinə keçirməmişdən çox əvvəl, yəni 1884-cü ildə, D’Arcy kimi İranda Hörmüzün qüdrətini təmsil edən nefti tapmaq üçün A.Holtz adlı bir alman da imtiyaz almışdır. Lakin onun axtarışları bir nəticə verməmişdi. O, da nefti tapa bilməmişdi. Bu tarixdən beş il sonra yenə bir başqa alman, baron Julius D.Reuter də İranda, bütün mədənlərdə neft axtarma və işlətmə imtiyazı almışdı. Baron Julius D.Reuter də bu imtiyaza əsaslanaraq daha geniş şəkildə fəaliyyətə başladı və “İmperial Bank Of Persian”ı qurdu. İki il müddətində İranın hər tərəfində neft axtardı. Lakin onun bütün axtarışları boşa çıxdı. Ümidsizlik içərisində qalan baron Reuter, nəhayət İranda daha çox pulunu zay etməmək üçün öz xahişi və İran hökumətinin də razılığı ilə 1901- ci ildə imzaladığı anlaşmanı ləğv etdi. Bir müddət sonra isə əslində dəmiryol mühəndisi olan Villiam Knot D’Arcy bir təsadüf nəticəsində İranda neftin mövcudiyyətindən xəbərdar oldu və yuxarıda söhbət gedən imtiyazı aldı.
TALEYİN İRANA CIZDIĞI YOL
Tale, İran tarixinə də, İran millətinə də əzablı dövrlər nəsib etmişdir... Entellijans Servis bu vəsiqəni əlinə keçirdikdən sonra İranın taleyində böyük dəyişikliklər oldu. Məmləkət iğtişaşlar, qətllər və anarxiya içinə yuvarlanırdı. Lakin nə etmək olardı ki, İranın taleyi bu idi və neft cahanşümül bir qüdrətə yüksəldiyi anda, İngiltərə Entellijans Servisin əlinə keçmişdir. Əllərindəki bu imtiyaz vəsiqəsi ilə ingilislər dərhal fəaliyyətə başladılar. Artıq İranın hər tərəfində neft axtarılır, tapılır və quyular qazılırdı. İran torpaqlarının dərinliklərindən bu sərvəti çıxartmaq üçün neft buruqları yüksəlirdi və hər gün bunların sayı sürətlə artırdı. Hər gün artmaqda olan neft istehsalı ingilisləri, axtarma və istehsal sahəsində ciddi bir təşkilat yaratmağa vadar edirdi. Bu məqsədlə ilk dəfə 1904-ci ildə “Consensius” adı altında bir təşkilat quruldu. Əslində sindikat adını alan “Consensius” 1909-cu ilə qədər fəaliyyətini davam etdirdi və həqiqətən də İrandakı neft istehsalını tam və məhsuldar bir hala gətirərək 1909-cu ildə işini bitirdiyini “bəyan etdi”. “Consensius”un ləğvi ilə birlikdə İranda iki milyon sterlinq sərmayəli “Anglo-Persian Oyl Co.” quruldu.
Yeni şirkətin qurulması ilə birlikdə hissə paylarının 100%-i İngiltərə Entellijans Servis tərəfindən satın alındı. Bu o deməkdir ki, İran neft sahələri ingilislər tərəfindən inhisara alınırdı. “Anglo-Persian Oyl Co.” İranda fəaliyyətə başladığı vaxtlarda isə Rusiyanın gizli kəşfiyyatı İrandakı fəaliyyətlərini sürətləndirdi. Çünki, İrandakı neft sahələrinə ruslar da ən azı ingilislər qədər maraqlı idilər. Ruslar İran şahlarının razılığı ilə İrana göndərdikləri bir çox mütəxəssislərin sayəsində öz siyasətlərini davam etdirirdilər.
Ruslar başqa və mühüm bir üstünlüyə də sahib idilər.Bu üstünlük İran ordusunu yenidən qurmaq məqsədi ilə mühüm miqdarda rus zabitinin İran ordusunu əllərinə keçirmiş olmaları idi. Ruslar bunları nəzərə alaraq ingilislərdən daha üstün bir durumda olduqlarını və İranda istədiklərini əllərinə keçirə biləcəklərini zənn edirdilər. Bax elə bu üstünlüklərinə güvənərək, mübarizəni qazanmaq üçün, açıq və gizli bütün vasitələri hərəkətə gətirdilər. Rusların bu fəaliyyəti qısa zamanda səmərə verdi. İranın hər tərəfində ingilislər əleyhinə nümayişlər başladı. Hökumət bu nümayişləri sanki dəstəkləyirdi. Əvvəllər nümayiş halında başlayan hərəkat sonralar bir üsyana çevrildi. Hökumət artıq vəziyyətə nəzarət edə bilmirdi. Bəli... İranda baş vermiş üsyan neft üzündən, neft ətrafında ruslarla ingilislər arasında cərəyan edən ölçüyəgəlməz bir mücadilədən doğmuşdur. İran, başdan başa üsyana bürünmüşdür...
Etiraf etmək lazımdır ki, Rusiyanin gizli kəşfiyyat orqanı İranda ingilislər əleyhinə başladığı hərəkatda ilk planına müvəffəq oldu. Müzəffərəddin şahın yerinə İran taxtına oturan Məhəmmədəli şah, ingilislərə verilən imtiyazların ləğv edildiyini elan etdi. Məhəmmədəli şahın bu əmri ingilislərin İrandakı bütün iqtisadi mənafelərinin sonu demək idi. Belə bir son isə, hər baxımdan ingilis siyasətinə zidd idi. İngilislərin yarım əsrdən bəri təqib etdikləri bu siyasət üzünü XX əsrin əvvəllərindən bəri neft istiqamətinə çevirmişdi. Bu səbəbdən də, Tehrandakı ingilis səfiri, hökumətdən aldığı bir tapşırıqla şah ilə görüşdü. Səfirin bu ziyarəti bəlkə də İran tarixində heç vaxt rast gəlinməyəcək sərt bir görüş oldu. İngilislər İranı rəsmən tehdit etdilər. Lakin arxasını ruslara söykəyən Məhəmmədəli şah, ingilislərin bu hədələrinə qulaq asmadı. İngilislərin girişdikləri bütün diplomatik təşəbbüslər nəticəsiz qaldı. Beləcə qiyamət o vaxt qopdu. Buna görə də İngiltərə İrandakı neft mənafelərini qorumaq üçün sərt tədbirlərə əl atdı.
Bir ingilis donanması Bəsrə körfəzində dayandı və Abadan sahilində lövbər atdı. İngilislər qərarlı olduqlarını hər hərəkətləri ilə sübut edirdilər. Donanmadan quruya əsgər çıxartdılar və bütün strateji nöqtələri işğal etdilər. Silahlı qüvvələr bütün neft sahələrini nəzarət altına almaq məqsədi ilə Xuzistan əyalətinin içərilərinə doğru hərəkət etməyə başladılar və İranın da bir qismini faktiki olaraq işğal etdilər. Artıq danışıqlar aparmaq yersiz idi. İş zorakarlığa qalmışdır. Donanmalar, ordular və hər növ gizli, açıq xidmətlər neft üçün hərəkətə gətirilmişdir...
Zavallı İran! Torpaqlarının dərinliklərində tapılan, özünün qiymətləndirə bilmədiyi kirli və pis qoxulu bir maye üzündən, Avropanın iki nəhəng imperiyasınin mücadilə meydanına çevrilir və torpaqları iki dövlət tərəfindən istila edilirdi. Bu hərəkət həqiqi bir zorakılıq idi. Yenə də bu zorakılığa dövlətlərarası neft mübarizəsi səbəb olurdu.
İngilis əsgərlərinin İranın bir qismini istila etmələri üzündən ruslar da, İran ilə Rusiya arasında 1907-ci il avqustun 31-də imzalanmış anlaşmaya əsasən şimaldan cənuba doğru İran torpaqlarını işğal etməyə başladılar. İran ilə Rusiya arasındakı bu anlaşmaya görə, İran bir başqa dövlət tərəfindən işğal edilərsə və ya təcavüzə uğrayarsa, Rusiya İran torpaqlarına daxil ola bilərdi. İndi ruslar da bu anlaşmaya əsaslanaraq İranın ingilislər tərəfindən işğal edilməyən bütün şimal hissəsini nəzarətləri altına keçirdilər.
İran bir neçə gün içərisində şimaldan ruslar, cənubdan da bütün neft sahələri daxil olmaqla ingilislər tərəfindən istila edilərək bölündü. Şübhəsiz bu bölmə hərəkəti, İrana çox baha başa gəldi. Ruslar zəbt etdikləri yerlərdən asanlıqla çıxmaq niyyətində deyildilər.
İranın bu fəlakəti haqqında ingilis professorlarından Braun bunları yazırdı:
“1909-cu ilin iyun ayında tabeliyindəki İran kazak alayı ilə Tehrana gedən polkovnik Lyaxov bu şəhərdə qorxunc bir talan və təxribat yaratmışdır.” Bu sözlərdən sonra Braun əlavə etmişdir:
“Tehran, polxonik Lyaxovun zabitlərinin dəmir dabanlı ayaqqabıları altında darmadağın olmuşdur.”
1909-cu il iğtişaşı İran tarixində müstəsna və qorxunc bir yer tutmaqdadır. Çünki bu iğtişaş, İran tarixində ilk neft iğtişaşı idi və İranda törətdiyi ağır təxribat üzündən məmləkətə çox baha başa gəlmişdir. Beləcə İran, ilk neft qurbanlarını bu iğtişaş vasitəsiylə verirdi.
Tarixdən öyrənirik ki, bu iğtişaşdan sonra da İranda neft üçün insanlar öləcək və iğtişaşlar bir-birini əvəz edəcək, taxtlar yıxılacaq, əsrlərdən bəri davam edən sülalələr yox olacaq, sürgün ediləcək və bunların yerinə ingilislərin arzusuna uyğun siyasət yürüdüləcək, yeni xanəndanın ailələri meydana gətiriləcəkdir.
İranın iki böyük dövlət arasında bölünməsi və işğalı uzunnüddət davam etmədi. Dünyanın iki nəhəng imperiyası, yenə öz mənafeləri üçün aralarında razılığa gəlmək məcburiyətində qaldılar və İrandan qoşunlarını çıxartdılar.
İngilislər ilə ruslar arasında başlayan diplomatik danışıqlar nəticəsində ingilislər əllərində saxladıqları və İran şahı Məhəmmədəli şah tərəfindən onlara verilən bütün imtiyazları təkrar əldə etdilər, ruslar isə Şimalı İranda bir neçə imtiyazlar və mənfəətlərlə təmin olundular. Beləliklə, İran bu ilk bölünmədən, Şimalı İranda ruslara verdiyi kiçik bir ərazi parçası ilə birlikdə bəxş etdiyi yeni bir neçə imtiyazlar müqabilində xilas ola bilmişdir.
Rusiyanın gizli kəşfiyyat orqanı rus diplomatiyasına İranda mükəmməl bir mənfəət təmin etmiş və həqiqətən də ciddi bir işi bacarmışdır. İngilislər isə, arzu etdikləri neft sahələrinə təkrar qovuşmuşdular.
Sidney Reyi (yəhudi Roznblum) Ingiltərə Entellijans Servisinə və İngilis Dəniz Birinci Lordluğuna hədiyyə etdiyi İran neft sahələrinin vəsiqəsini əlinə keçirdiyi tarixdən sonra, Orta Şərqin neft sahələrində və xüsusilə Osmanlı İmperiyasının torpaqlarında geniş fəaliyyət göstərmişdir. 1911-ci ildə Rusiya və Rumıniyada vəzifə başına keçirdilən bu iblis zəkalı adam, 1921-ci ilə qədər Rusiyada çalışdığı və bu tarixdə yuxarıda da bildirdiyimiz kimi Leninə Petroqradda bir sui-qəsd hazırladığı üçün yaxalanıb güllələnə qədər müxtəlif tapşırıqları həyata keçirmişdir. Ancaq, Sidney Reyi Rusiyaya getməmişdən əvvəl, Rumıniyada ingilislərin mübarizə apardığı ruslar və almanlarla çətin bir döyüşə girərək müəyyən işlər görə bilmişdir. O, bu məsələni ingilislərin xeyrinə həll etdikdən sonra da Rusiyaya gedir və orada məsləkini də, həyatını da sona çatdırır.
RUMINİYADA NEFT SAHƏLƏRİ
XX əsrin əvvəllərindən etibarən Avropa qitəsinin neft sahələrinə sahib olan məmləkətlərdən Avstriyada, Macarıstanda, Polşada, Çexoslavakiyada və Rumıniyada alman-ingilis-rus-amerikan və fransız sərmayəçiləri ilə bərabər gizli kəşfiyyat orqanları da mübarizəyə başladılar. Lakin Fransa ilə Amerika bu mübarizəyə girmiş olmalarına baxmayaraq, əsas mübarizə İngiltərə-Almaniya-Rusiya üçlüyü ətrafında cərəyan etmişdir. Dünyanın o zaman böyük dövlətləri olan bu üç dövlət arasındakı mübarizənin ilk raundunu ingilislər və almanlar qazanaraq Rusiyanı aradan götürdülər. Ordularının əzəməti və hər keçən gün qüdrətı artan donanması sayəsində Almaniya 1890-cı ildən etibarən hər yerdə və hər sahədə ingilislərlə rəqabət aparırdılar. Lakin Rumıniyaya nisbətən çox zəif neft ehtiyatlarına malik olan digər Avropa dövlətlərindəki mübarizəni tərk edən almanlar, bütün qüvvələrini Avropanın, hətta dünyanın sayılan neft ehtiyatlarına sahib olan Rumıniyaya yönəltdilər. Təbii ki, bu mübarizə tərzi pərdə arxasında qalırdı və mübarizə banklar və gizli casuslar vasitəsiylə aparılırdı.
Hər iki böyük dövləti Rumıniyada qarşı-qarşıya gətirən ünsür, hər səfərində olduğu kimi yenə də neft sahibkarları idilər. Almanlar bu mübarizəyə “Deutsche Orient Bank”ın maliyyələşdirdiyi “Union Petrolifere Europenne” neft şirkəti ilə girdilər. Almanlara qarşı ingilislər isə, “Royyal Datç-Şell Qrup” ilə mübarizəyə qatıldılar. Beləcə Deterdinq Rumıniyada da səhnəyə çıxdı.
Almanların qurduğu “Union Petrolifere Europenne” şirkəti, “Deutsch Orient Bank”ın da dəstəyi ilə Rumıniyada qısa zamanda müvəffəqiyyəti təmin etdi. Almanlar bu uğurlarında Rumıniya kralının əslən german olmasından geniş şəkildə istifadə etmişlər və ingilislərin bəzən sərt, bəzən yumşaq, lakin daima hədəfə çatan siyasətlərinə baxmayaraq, keçici də olsa bir müvəffəqiyyət təmin etdilər. Bu müvəffəqiyyət Rumıniya neft sahələrində almanların aldıqları imtiyazla təzahür etmiş oldu.
“Deutsch Orient Bank” Rumıniyada ingilis casuslarının və Deterdinqin adamlarının bütün səylərinə baxmayaraq, fövqəladə qiymətli bir casus olduqları aldıqları nəticə ilə özlərini doğrultmuş üç şəxsə borcludur. Bu üç adam, xüsusilə Balkan yarımadasında alman iqtisadi mənfəətlərinin təminatı üçün çalışan France, Preuser və Erasmusdu. Bu üç qüdrətli casusun böyük səylərinin nəticəsidir ki, almanlar uzun illər Rumıniyanın neft sahələrindən istifadə etdikləri kimi Balkan siyasətində də müvafiq bir yol təqib etmək imkanlarını əldə edə bilmişlər.
Lakin ingilislər də bu mübarizədə boş durmamışlar. Başda Sidney Reyi olmaqla Entellijans Servisin və Deterdinqin özü casus ordusunun ən seçilmiş üzvlərini səfərbər etdilər. Bu casusların gördükləri işləri dəyərləndirən Deterdinq də İngiltərə hökumətinin geniş yardımı ilə Rumıniya neft sahələrində imtiyaz sahibi oldu. İngilislərin Rumıniya neft sahələrinə girdikləri və imtiyaz aldıqlarını görüncə, “Deutsch Orient Bank” bir tərəfdən, alman ordusunu bir əjdaha kimi rumın hökumətinin qarşısına dikən alman hökuməti də digər tərəfdən etdikləri müştərək təzyiq sonunda ingilisləri 1907-1918 illər arasındakı 11 illik dövr içərisində demək olar ki, tamamilə Rumıniyadan uzaqlaşdırmağa nail oldular.
Almaniya, dünya hakimiyyəti yolunda hər hansı bir qaçılımaz hadisəni qəbul etmiş və mübarizələrinin mərkəzini bu fikir üzərində qurmuşdur. Gələcəkdə baş verə biləcək hərbdə neftin qiymətini qətiyətlə təqdir və təsbit də etmişdir. Əsasən alman zavodları hərb ləvazimatları emal edərkən, gələcəkdə baş verəcək hərbdə neft ilə işləyəcək təyyarə və yeni silah növü olan tankları da gizli silah olaraq istehsal edirdilər. Tanklar da, təyyarələr də neft ilə işlədiklərinə görə, alman sərkərdələri üçün neft vaz keçilməz bir maddə olurdu. Almanların Rumıniyada və Orta Şərqdə apardıqları mübarizənin əsas səbəbi də bu idi. Bu baxımdan da almanlar ingilislərin Rumıniyaya girmələrini əsla xoş qarşılamamış və onları rumın neft sahələrindən heç olmasa bir müddət uzaqlaşdırmağa müvəffəq olmuşdular.
1907-ci ildə Rumıniyada məğlub olacaqlarını anlayan ingilislər həmin ildə Rusiya-İngiltərə-Fransa arasında bir anlaşma aktına təşəbbüs göstərmişdir. Sonradan Birinci Dünya müharibəsinin qalib dövlətləri olacaq bu ittifaqa “İtilaf-ı Müsəlləs” (Üçlər İttifaqı) adı veriləcək və Almaniya məğlub ediləcəkdir. Beləliklə, Rumıniya və Orta Şərqdə ingilis-rus-alman-fransız neft mücadiləsi bir dünya müharibəsinin ilk toxumlarını atır.
İngiltərə, “İtilaf-ı Müsəlləs”i qurduqdan sonra, Almaniyaya qarşı daha ciddi və təsirli bir siyasət tətbiq etməyə başladı.
Alman imperatoru Vilhelm İngiltərənin təhrik və israrı ilə imzalanan “İtilaf-ı Müsəlləs”in Almaniyaya qarşı bir ittifaq olduğunu yaxşı bilirdi. İngilisləri olduqca yaxından tanıdığı üçün də qəfil ovlanmaq istəmir və mütamadi olaraq silahlanırdı. Bu silahlanma isə alman ordularını yenilməz bir qüdrət halına gətirir və hər keçən gün bu qüdrət artırdı. Vilhelm, alman diplomatiyasını “İtilaf-ı Müsəlləs” üzərinə hərəkətə keçirdi və bu ittifaqa qarşı bir ittifaq olan “İttifaq-ı Müsəlləs”i qurdu. “İttifaqı-Müsəlləs” (Üçlü İttifaq) Almaniya-Avstriya-Macarıstan İmperiyası və İtalya arasında qurulmuşdur.
Dünya bu iki ittifaqın bir-biriləri ilə rəqabət aparmaları nəticəsində sürətlə bir müharibəyə doğru gedirdi. Alman imperatoru Vilhelm bu nəticəni hamıdan dəqiq olaraq müşahidə edir, bunun üçün də bütün imkanlarını səfərbər edərək qəfil hücuma məruz qalmamaq üçün müharibəyə hazırlaşırdı.
Bu hazırlıq, qaçınılması imkansız bir dünya müharibəsində alman ordu və donanmasının hərəkət gücünü artırmağa yönəlmişdi. Əlbəttə ki, bu hərəkətin gücünü artırmaq üçün də neftə ehtiyac olduğunu Almaniya çox gözəl bilirdi. Bu səbəblə almanlar, Rumıniya neft sahələrini ələ keçirdikdən sonra dönüşlü bir fəaliyyətə başladılar. Vaxt itirmədən qazıntılara başladılar və dörd yerdə neft tapdılar. Quyular yaxşı neft verirdi. Onlar neft tapdıqları sahələri istehsalı artırmaq üçün dörd ayrı məntəqəyə ayırdılar. Birinci məntəqə Prahova idi. Bu məntəqənin başlıca neft sahələri də Ploeşti, Bustenavi, Camina, Baiconi, Moreni və Tintea idi.
İkinci məntəqə Dambovitsza idi. Bu məntəqənin başlıca neft sahəsi Tarqorista idi.
Üçüncü məntəqə Buzao idi. Əsas neft sahəsi Policiori ilə Sarata idi.
Dördüncü məntəqəni təşkil edən Bucau isə başlıca olaraq iki neft sahəsinə ayrılmışdır. Bu neft sahələri də Semes ilə Moinesti idi.
Almanlar Rumıniyanın neft sahələrini beləcə dörd məntəqəyə ayırdıqdan sonra dərhal və ən geniş şəkildə istehsala başladılar. Almanların Rumıniya neft sahələrindəki parolu bu idi: “Çox... daha çox neft istehsal etmək... Durmadan, dincəlmədən çalışmaq və qüdrətli alman hərb mexanizminin hərəkət qabiliyyətini artırmaq...”
Ancaq belə bir çalışma sonunda qorxunc alman mexanizmini hərəkətə gətirərək alman dövlətinin təsbit etdiyi dünya hakimiyyəti siyasətinin həyata keçmə şansını artırdı. 1910-cu ilə qədər həqiqətən bu sürətlə çalışan almanlar, mütamadi olaraq dünya hərbi üçün böyük tədarüklər gördülər. Birinci Dünya müharibəsi başlamazdan əvvəl Rumıniya neft sahələri üzərindəki hissələr bu şəkildə təsbit edilmişdir: Almaniya 120 milyon rumın pulu ilə başda, onu 95 milyon ley ilə İngiltərə təqib edirdi. Digər hissələr isə bu şəkildə bölünmüşdülər: Hollandiya 60 milyon ley, Fransa 30 milyon ley, Amerika Birləşmiş Ştatları 25 milyon ley, Rumıniya 17 milyon ley, Belçika 15 milyon ley, İtaliya 6 milyon ley və Avstraliya 5 milyon ley.
Rumıniya neft sahələri üzərindəki hissələr Birinci Dünya müharibəsinin başlanğıcına qədər eyni ilə mühafizə edilmişdir. O tarixdən sonra və Türkiyənin Birinci Dünya müharibəsində iştirakı ilə Rumıniyanın işğalına qədər Rumıniya neft sahələrinin rumınlar işlətdilər. Ancaq üzdə belə görünməsinə baxmayaraq ingilislər Rumıniya hökuməti ilə gizlicə anlaşaraq Rumıniya neft sahələrinə müttəfiqlərindən xəbərsiz sahib olmuşlar.
Birinci Dünya müharibəsi Almaniya və müttəfiqləri olan Osmanlı İmperiyası və Avstriya-Macarıstan İmperiyasının məğlubiyyəti ilə başa çatdıqdan sonra, Rumıniyanın neft sahələri də yeni bir statusa malik oldu.
Hissələr ortaya çıxdığı zaman, bütün dünya müharibəsi dövründə ingilislərin, dünyanın digər tərəflərində olduğu kimi, Rumıniya neft sahələrinə də hakim olduğu həqiqəti ortaya çıxmış oldu.
Birinci Dünya müharibəsi sonunda imza edilən və Almaniyanın məğlubiyyətini ortaya qoyan “Versal müqaviləsi”, bütün Avropa və Orta Şərq neft sahələrində olduğu kimi Rumıniyadan da “Deutsche Orient Bank”ın fəaliyyətini dayandırdı və bu bankın Rumıniya neft sahələri üzərindəki hissələrini də ingilislərə verdi. Həqiqətən də 1928-ci ildə nəşr edilən rəsmi statistika məlumatlarına görə, Rumıniya neft sahələri üzərindəki xarici hissələrin mənzərəsi aşağıdakı kimi idi:
1 milyard 250 milyon ley ilə İngiltərə başta, 670 milyon ley ilə Fransa və Rumıniya ikinci yerdə idilər. Təqribən 380 milyon ley ilə Hollandiya, 120 milyon ley ilə İtalya, 80 milyon ley ilə Amerika, 20 milyon ley ilə Belçika hissə sahibi olurdu.
Diqqət edilərsə, Birinci Dünya müharibəsinin başlanğıcında Rumıniya neft sahələrində ən çox hissə payları olan dövlət Almaniya idi. Bu neft sahələrinə yatırtdığı sərmayə isə 120 milyon ley idi. Halbuki, Birinci Dünya müharibəsindən sonra elan edilən hissələr birinciyə nisbətən tam 10 dəfə artmışdır. Bu artımın isə neftin Birinci Dünya müharibəsində yenidən icad edilən və neftlə işləyən vasitələrin böyük bir sürətlə artmasından meydana gəldiyi açıq-aydındır. Ordular artıq təyyarə, tank və mazutla işləyən nəhəng hərb gəmilərinə sahib idilər. Ayrıca hərbi qazanmaq üçün istifadə edilən texniki vasitələr bu sahədə ağlasığmaz dərəcədə irəlilədilər. Avtomobillər hər kəsə sərfəli bir vasitədir və bütün bu vasitələr, şəhərlərin elektriklərini təmin edən generatorlar və qovşaqlar neftlə işləyirdi. Həqiqətən də neft bugünkü qədər çox sahədə istifadə olunmurdu. Lakin Birinci Dünya müharibəsi nefti cahanşümül bir qüdrət olaraq ortaya çıxartmışdır. Rumıniyada ingilis neft sahibkarlarının bitmək bilməyən hikkələri və ingilis diplomatiyasının da yardımı ilə əldə edilən bu nəticə böyük olmaqla birlikdə ingilisləri əsla qane etmirdi. Çünki Birinci Dünya müharibəsinin qalibi, dövrünün ən qüdrətli ordusuna sahib olan Fransa Rumıniyada ingilisləri məmun etməyən bir hissəyə sahib olmuşdur. İngilislər bu hissəni sanki istəmədən zorla vermişdilər. Çünki Fransa bu hissəni əldə etməkdə israrlı idi. Lakin Fransa istər zor gücünə, istərsə də başqa yollarla olsun, özünə lazım olan nefti hələlik əldə etmişdir.
Artıq insanlara iztirab verən hərb bitmiş, sülh imzalanmışdır. Hər kəs Rumıniyadakı neft sahələrindən payını almış, hüzur qazanmışdır. Hər kəs razı idi. Hamı yeni bir dünya düzəni qurmaq istəyi arzusu ilə təhlükəsizliyə qovuşmuşdur. Lakin əslində insanlıq üçün rahatlıq israrla aranan və əsla tapılmayan bir şey idi. Həqiqətən də hərb bitmişdir. Lakin insanlar rahatlıq tapmışdılarmı? Hadisələr göstərirdi ki, rahatlıq insanlıq üçün ilğımdan başqa bir şey deyildir. Dövlətləri idarə edənlər rahat və hüzur içərisində yaşayacaqlarına, millətlərinin irəliləməsi üçün çalışma imkanlarını əldə etdiklərinə inandıqları bu dövrdə, işlər yenidən qızışdı. Sülh aktı ilə birlikdə İngiltərə Entellijans Servisin və Deterdinqin casusları birgə fəaliyyətə başladılar. Əslində belə bir ayrı-seckilik etmək də doğru deyildir. Çünki bu mübarizədə bütün bir casus ordusu yalnız nefti ingilislərə vermək üçün çalışmışı.
Rumıniyada fəaliyyətə keçən casus ordusu, bu məmləkətdə gələcəkdə törədiləcək bir neçə yeni hadisələrin planını hazırladı. Onlar müxtəlif kanallardan hərəkətə keçərək rumın mətbuatını ələ keçirdilər və ondan sonra da neftin milliləşdirilməsi fikri ətrafında geniş şəkildə təbliğat apardılar. Aparılan təbliğat nəticəsində xalq mətbuatın bu fikri ətrafında toplandı. Deterdinq istədiyi nəticəni əldə etmişdi. Xalq hazır idi və milliləşdirmə fikrini mənimsəmişdir. Geridə, rumın hökumətinə bunu elan etdirmək qalırdı. Deterdinq, heç bir məsələni təsadüflərin ixtiyarına buraxan bir adam deyildir. O Ruminyadakı fəaliyyətini planlaşdırarkən əlbəttə rumın hökumətini də nəzərə almaya bilməzdi. Bu xüsusi təmin etmək üçün böyük səylər sərf etməyə lüzum qalmadı. Rumın hökuməti onların istədiyini etməyə hazır idi. Beləcə ingilislər, istədikləri hədəfə çatdılar.
1921-ci ildə rumın hökuməti yeni bir neft qanunu çıxartdı. Bu qanuna görə, Rumıniyada neft imtiyazı və işlətmə haqqı alacaq olan şirkətlərin sərmayələrinin ən azı 60%-i Rumıniya sərmayəsi olacaqdır.
İngilislərin Rumıniyada uzun illərdən bəri çalışan şirkətləri vardır. Ayrıca ingilislər rumınlarla da ortaq iş qurmuşdular. Bu qanunun çıxdığı gün, Rumıniyada neft imtiyazı almış olan dövlətlərin mərkəzlərində bir bomba təsiri yaradarkən, Londonda sakitlik hökm sürürdü. Fransızlar, hollandiyalılar və digərləri bu qanunu sərt bir şəkildə protest etdilər. Təbii ki, ingilis hökuməti də buna qoşuldu. Onsuz da protest etməsə də, digər hissədar dövlətlərin nəzəri-diqqətini cəlb edəcəyini bilirdi. Buna imkan verməmək üçün də bu protestlərə daha əvvəl başladı. Lakin bütün bu protestləri Rumıniya hökuməti eşitmir, sanki qulaqları tıxanmışdır. Verdiyi mənasız cavablarla, bu protestlərə əhəmiyyət vermədiyini və öz hüdudları daxilində istədiyi kimi hərəkət edə biləcəyini elan etdi.
Bu qanunu protestə etməyən və qanunun çıxarıldığı vaxt hər hansı bir təzyiq göstərməyən tək bir insan, tək müəssisə, Rumıniya neft sahələrinin yarıdan çoxuna sahib olan “Royyal Datç-Şell Qrup” ilə bu qrupun İdarə Heyətinin sədri Deterdinq idi. O, bütün bu təlaşlı çıxışlara, dövlətlərin etirazlarına seyirçi qalmış və sadəcə gülmüşdür. Deterdinq insanların nələrdən xoşlandığını, onları yola gətirmənin necə mümkün olduğunu, hansı vasitələrlə müraciət ediləcəyini hər kəsdən daha yaxşı bilirdi. Latın Amerikasında Amerika Birləşmiş Ştatlarının beynəlxalq miqyaslı böyük neft tresti “Standard Oyl”ı bitərəfləşdirmək üçün tətbiq etdiyi üsul və metodlar ona bu sahədə çox geniş təcrübələr qazandırmışdı. İndi isə, o təcrübələrdən istifadə etmənin tam zamanı idi. O da bunu etdi. Rumıniyada yeni neft qanununun qəbulu ilə birlikdə kisənin ağzını açdı. Rumıniya neft sahələrindəki hakimiyyətini davam etdirmək üçün kimlərə və haralara nələr verdiyi bilinməz, lakin ingilis qızıllarının da cazibəsi təsirsiz qala bilməzdi. Həqiqətən də digər dövlətlərə tətbiq edilən qanun, Rumıniyadakı ingilis-rumın iş adamlarının ortaq fəaliyyət göstərmələri səbəbindən Deterdinqin başında durduğu trestə tətbiq edilmədi.
Beləcə bu tarixdən etibarən, Deterdinqin yük qatarları və gəmiləri Orta Avropanın və Aralıq dənizinin ətrafında yerləşən məmləkətlərin hər tərəfinə neft daşımağa başladılar. Nəticədə Steau Romen nefti bütün Avropa bazarlarına hakim oldu.
Dostları ilə paylaş: |