T.Ə. CƏFƏRLİ BİR Əsr bir nəSİl budur gəldi bahar fəsli



Yüklə 1,19 Mb.
səhifə12/13
tarix31.01.2017
ölçüsü1,19 Mb.
#7184
1   ...   5   6   7   8   9   10   11   12   13

DAĞLARDA
Dağları duman bürüdükcə, hər şeyin üstünə ağ pərdə çəkilirdi. Görüntü itirdi. Avqust ayının ortalarında duman axşam saat altıdan sonra dağın ətəyindən başlayaraq dağ boyu yuxarıya dırmanır, sanki qaranlıqla görüşə can atırdı. Yay ayları dağlarda səma çox aydın, ulduzlar isə parlaq olur.

Ancaq yay axıra çıxdıqca, axşamlar dağlar dumanlaşır, qaranlıq tez düşür, qayalıqlara nəmişlik gətirir.

Axşam öz hüquqlarını bərpa etdikcə duman mağaranın hər tərəfindən içəri girməyə can atırdı, oranın içini yüngül ağ pərdə örtüyünə bürüyürdü.

Həzrətqulu dumanın hərəkətə keçdiyini görüb, atları yükləməyi əmr verdi. Sonra üzünü Məşədi Fazilə tutdu:

-Məşədi, hazır olmağınız məsləhətdir, bir yarım saata hərəkətə keçəcəyik! - dedi.

Mağarada sönmüş ocağın ətrafında oturmuş Seyid Bikə atların yükləndiyini görüb, özü ayağa qalxdı və Məşədi Fazilə yaxınlaşdı:

-Allah qoysa, deyəsən, tərpənirik! - dedi

-Möhkəm geyinməyin məsləhətdir. Dağlara çən düşür. Səni bura xəstələnməyə gətirməmişəm.

-A kişi, bundan sonra mən xəstələnmərəm. Ürəyim sakit, qəlbim dərdsizdir. Ürəyimin parasını və onun övladlarını gördüm. Təkcə Nərgiz üçün darıxmışam.

Mağaradan hamı piyada çıxdı və qabaqda gedən atların dalınca cığırlarla hərəkətə keçdilər.

Hava qaralmamışdı. Ancaq duman öz hüqülarından bərpa edərək ətrafı bürüyürdü. Bürüdükcə isə göz-gözü görmürdü.

Qarşıda gedənlərdən ancaq bir-iki addım geri qalmaq olardı, çünki irəlidə üç-dörd metrlik məsafəni görmək mümkün idi.

Seyid Bikə dumanın sıxlaşmasından təşvişə düşdü, üzünü onun arxasında gələn Məşədi Fazilə tutdu:

-Duman ayağımızın altını görməyə qoymur, bəs qaranlıqda nə edəcəyik?

-Seyid qızı, arxayın ol, bunların gözlərini bağlasan belə, bu aşırımları rahatlıqla keçərlər.

-Fikrim qalıb, Nərgizin yanında... Namiq əkənin onu istəməsinə necə baxırsan? - deyə Seyid Bikə ərini söhbətə tutdu.

-Seyid qızı, mənim ürəyimdən danışırsan. Əsəd çox yaxşı oğlandır. Gözümün qabağında böyüyüb, öz balam bilirəm. Qızımızın, deyəsən, taleyi bu ailəyə bağlı olacaq...

-Fazil, mən də sən fikirdəyəm. Ancaq kimin cürəti çatar ki, Əşrəfdən qız istəsin. Odur ki, Namiq əkə özündə deyil.

-Mən "Hə" desəm, Əşrəf nə karadır? - deyə Məşədi səsini qaldırdı.

-Ancaq bir balaca tezdir. Hələ Nərgiz on dörd yaşın içindədir.

-Ad edərik, deyərik, gözləsinlər.

-Bir şeydən tam arxayın ola bilərik, qızımızı öz sıramızdan olan adamlara vermişik. Bizim kimi zadəgan nəslindəndir.

-Bu elə bizə bəsdir.

-Əşrəfi mən dilə tutaram. Nərgizi özündən çox istəyir.

-Nərgizi istəməyən var?

-Qız deyil, od parçasıdır. Ağıl dəryasıdır. Nə deyirəm, götürür. Ondan ayrılmaq mənim üçün də ağır olacaq.

-Nə etməli? Bu həyatdır. Övladlar isə köçəri quş. Hərəsi bir yana uçmalıdır. Allahın qoyduğu qanundur. Biz bununla razılaşmalıyıq.

-Qəm yemə, a kişi, bu gün-sabah nəvələrin böyüyəcək, onları da Nərgiz kimi sevəcəksən. Onlar da Nərgiz kimi şirin olacaqlar.

Gecənin qaranlığının necə düşdüyünü heç kim hiss etmədi.

Qaranlığa və dumana baxmayaraq dəstə ehtiyatla bütün maneələri keçdi. Səhər açılar-açılmaz meşədən magistral yolun kənarına çıxdılar.

Bələdçilər onları atdan düşürdərək, özləri atlarla birlikdə meşənin içində qaldılar. Təkcə Həzrətqulu hərdən-bir motor səsi gəldikdə yola yaxınlaşır, diqqətlə nəyisə dinləyib geri dönürdü.

-Bu bizim maşın deyil! - deyirdi. Gələn maşın ötdükdən sonra yenə də sakitliyi pozan səsi tuturdu və diqqətlə dinləyirdi.

İyirmi ildən artıq idi ki, Həzrətqulunun dəstəsi İrana keçib qayıdırdı. Son iyirmi il ərzində onun başına nələr gəlməmişdi. Sərhədçilərlə atışmadan tutmuş, dağ aşırımları, sel aparması və s. Bununla belə o, heç vaxt ehtiyatını əldən verməmişdi. Apardığı adamları sağ salamat mənzillərinə çatdırmışdı.

Həzrətqulunun düzlüyündən, təmizliyindən, halal insan olmasından, onu tanıyanlar ağız dolusu danışardılar.

Yarım saata qədər vaxt ötdü.

-Bəlkə düz gəlməmişik? - deyə, Məşədi Fazil Həzrətquludan soruşdu.

-Birinci dəfədir? Mənim burada tanımadığım kol-kos yoxdur, hər addımımda məni nə gözləyir, hansı çığır hara aparır, bilirəm, bizdən qabaq buradan kimin və nəyin keçdiyini görürəm. Bu mənim sənətimdir! - deyə Həzrətqulu cavab verdi.

Havanın işıqlanması yenidən onları meşəyə çəkilməsinə səbəb oldu.

Yolun kənarında ancaq Həzrətqulu var-gəl edirdi. Birdən dayanaraq diqqətlə nəyi isə dinləməyə başladı. Sonra əli ilə meşədəkilərə əl elədi ki, çıxsınlar.

Uzaqdan heç nə görünmürdü. Yenicə açılmış səhərin saldığı şeh damcıları günəşin şüalarından büllur kimi parlayırdı.

-Həzrətqulu, hələ heç bir maşın səsi gəlmir? Çıxmağa tələsmədik mi?- deyə, Məşədi Fazil soruşdu.

-Məşədi, mən ovçuyam. Mahir ovçuyam. Sizin görmədiyinizi, eşitmədiyinizi mən görürəm və eşidirəm. Beş dəqiqəyə bura maşın gələcək, bu bizim maşındır. İnanmırsan saatına bax. Düz beş dəqiqəyə...

Həzrətqulunun dediyi beş dəqiqənin dördə dəqiqəsi keçdi. Ancaq sakitlik pozulmadı. Daha yarım dəqiqədən sonra meşəni iki yerə yarıb keçən yolun döngəsindən "Sudabekker" göründü.

Düz beşinci dəqiqədə maşın onların yanında dayandı. Maşının kabinəsinin sərnişin oturacağından Namiq əkə düşdü.

-Xoş gəlmisiniz! Həmişə evinizdə-eşiyinizdə! - deyə, Məşədi Fazillə qucaqlaşdı. Sonra üzünü Seyid Bikəyə tutdu:

-Bacımı da xoşbəxt görməyimə şadam!

-Sənə bacın qurban, Namiq əkə! Mən sənin xəcalətindən necə çıxacağam? Cəfəli nəsli sənə borcludur. Onlar isə borclu qalmağı xoşlamırlar.

-Elə isə, borcumuzu qaytarın! - deyə yarı-ciddi şəkildə tələb etdi.

-Biz hazır! - deyə, Məşədi Fazil davam etdi.

-Məşədi, sizin bizə nə borcunuz ola bilər? Bütün nəslim sənin çörəyinlə dolanıb adam olub. Sən bizim çörək ağacımızsan...

-Elə isə nə borc istəyirsən?

-Mən zarafat elədim. İstədiyim isə Nərgizdir.

-Biz razılığımızı verdik. Bakıya Əşrəfgilə elçiliyə gələ bilərsən! Bir şərtlə: gözləməli olacaqsınız.

-Nə qədər istəsəniz, gözləməyə hazırıq.

-On altı, on yeddi yaşı tamam olmayınca, Bakıdan apardı yoxdur.

-Sən nə demisən, hamişə bizim üçün qanun olub, bundan sonra da olacaqdır!

-Onda razılaşdıq! Bakıda gözləyəcəyik.

-Əşrəfdən çəkinirəm axı?

-Mən razılıq verəndən sonra, Əşrəf nə deyə bilər. Biz Cəfərlilərdə atanın sözü qanundur.

-Məşədi, Allah səni ağsaqqallıqdan əskik etməsin!

Bələdçilər bir göz qırpımında atların yüklərini maşına doldurdular. Seyid Bikənin sürücünün yanında oturdular. Məşədi Fazillə Namiq əkə kuzova qalxdılar.

Həzrətqulu onlara vidalaşıb bələdçilərin arxasınca meşənin içində yox oldu. Maşın isə geriyə dönərək, gəldiyi tərəfə istiqamət götürdü.

-Bir saata Aşqabaddayıq! - deyə Namiq əkə üzünü Məşədi Fazilə tutdu.

-Allaha min şükür! Sağ salamat qayıtdıq. Hər şey yaxşı oldu. Təkcə qızımız üçün darımışam.

-Qız da sizin üçün...

***
KRASNOVODSK LİMANI


Məşədi Fazillə Seyid Bikənin Aşqabada gəlişi hər şeyi dəyişdi. Nərgiz qanad açıb uçurdu.

Seyid Bikə ondan əl çəkməyən Nərgizlə İranda gördüklərini bölüşdürür, gətirdiyi şəkilləri ona göstərirdi.

Səhəri günü Nərgiz nənəsindən xahiş elədi ki, şəkilləri ona versin.

Nənə şəkilləri ona uzatdı. Nəvəsinin özü baxacağını zənn etmişdi. Ancaq qız onları götürüb dəstərxan tərəfə getdi. Orda təkcə Əsəd oturmuşdu.

Seyid Bikə evdən çıxıb dəstərxana getmək istəyən Məşədi Fazilin qabağın kəsdi:

-Fazil, dayan! Evə keç!

İşdən xəbərsiz olan Məşədi Fazil Seyid Bikənin bu cür özünü aparmasına təəccübləndi:

-Ay arvad, yenə nə olub? - soruşdu.

-Heç nə soruşma, içəri keç!

Məşədi Fazil dinməzcə içəri keçdi. Ancaq daha heç nə soruşmadı. Arvadının xasiyyətinə yaxşı bələd idi. Bilirdi ki, əgər özü deməsə, ondan heç kim söz çıxara bilməzdi.

Bir neçə dəqiqə o, stolun arxasında oturub, qarşısındakı, qəzetləri varaqladı. Oxumağa həvəsi olmasa da, özünü elə apardı ki, Seyid Bikə onun məşğul olduğunu görsün. Etinasızlığı, həmişə Seyid Bikəni danışmağa vadar edirdi. Bu dəfə də belə oldu.

-Niyə soruşmursan, niyə səni içəri saldım?

-Mən nə bilim? Sən dedin, içəri keç, mən də keçdim.

-Dəstərxanda heç kimi görmədin?

-Heç kimi...

-Nərgizlə Əsəd orada oturub söhbət edirlər. Qızdan çıxmayan iş.

-Bunun nəyi pisdir?

-Mən də deyirəm, nəyi pisdir? Odur ki, səni evə qaytardım. Gənclərə mane olmayasan. Nərgiz səni görsəydi, evə qayıdacaqdı.

-Bircə onların toyunu görəydim!

-İndi mənim də arzum budur. Əşrəfi yola gətirmək mənim boynuma.

Səhəri günü axşam Dəmir yolu vağzalına Məşədi Fazili, Seyid Bikəni və Nərgizi yola salmağa hamı gəlmişdi. Rühsara Nərgizi bağrına basaraq, gözündə ki, yaşı saxlaya bilmirdi.

Namiq əkə qızın alnından öpdü. Qatara onlarla birgə təkcə Əsəd mindi. O, qonaqları Krasnovodskdan yola salıb Məribə, oradan isə Səmərqəndə qayıtmalı idi. Məşədi Fazil ona oradakı sexlərlə bağlı tapşırıqlar vermişdi.

Qatar yola düşən kimi hamı kupeyə keçdi, ancaq Əsəd qapının ağzında dayandı.

-Sən niyə qapıda durmusan? - deyə Seyid Bikə soruşdu.

Əsəd cavab vermədi.

-İçəri keç, yoxsa qızımı sənə vermərəm! - deyə, Seyid Bikə zarafatla üzünü Nərgiz tərəfə tutdu. Qız utandığından çuğundura döndü.

Əsəd Nərgizi pis vəziyyətə saldığını anladı. İçəri keçdi. Məşədi Fazil Seyid Bikəyə baxıb gülümsündü.

-Bax, bu başqa məsələ! Özünü evindəki kimi hiss et.

Kupedə Əsədin gözləri uzun müddət yerdən qalxmadı. Başını qaldırıb bir kəlmə də danışmadı, heç kimin üzünə baxa bilmirdi. Dinməzcə oturub, pəncərədən təbiəti seyr edirdi. Bu sakitlik bir neçə dəqiqə davam etdi.

-Fazil, siz koridora çıxın, Nərgiz yerinizi salsın. Səhər tezdən Krasnovodskaya çatacağıq, yatmaq lazımdır. - deyə Seyid Bikə onları kupedən çıxartdı.

Kupeyə girəndə Nərgiz də, Seyid Bikədə öz yerlərinə uzanmışdılar. Məşədi Fazillə ilə birlikdə hər ikisi yuxarı polkaya qalxdılar.

Qatarın təkərləri ilə relslərin yaratdığı monoton musiqi gözlərinə yuxu gətirdi. Kupeyə tam sakitlik çökdü.

Səhər sübhdən Krasnovodskya çatdılar. Vokzaldan düz limana gəldilər.

Seyid Pikə ərinə uşaqların ac olduqlarına işarə etdi.

Odur ki, körpüyə çatar çatmaz Məşədi Fazil onları restorana apardı. Yemək içmək sifariş verdikdən sonra, üzünü Seyid Bikəyə tutdu:

-Krasnovodskda xoşa gələn bir şey varsa, o da bu restorandır, bir də burdan dənizə açılan mənzərə.

Doğrudan da, körpünün on-on beş metrliyində olan restoranın balkonunun sağ tərəfindən Xəzərə uzanan burun cazibədar mənzərə yaradırdı. Sanki dənizin onun vasitəsi ilə qarşısı tutulmuş, coşqun dalğaların qabağı alınmışdı. Belə ki, istər küləkli, istərsə küləksiz havalarda körfəzdəki dalğalar sakitcə sahilə toxunub geriyə qayıdırdılar.

Burunun arxa tərəfi isə çox küləkli və tozanaqlı olurdu. Külək əsərkən toz havaya qalxır, insanların gözlərini doldurur, qabağı görməyə mane olurdu.

Sakit günlərdə isə bu yerlərin misli-bərabəri yox idi. Körfəzin sahilləri adamla dolur, dənizin suları onlar üçün dalğaların yaratdığı əbədi nəğməsini oxuyurdu.

Nərgizlə Əsədin balkona çəkilmişdilər. Seyid Bikə onlara mane olmadı. Restoranın zalından onlara tamaşa edərək ər-arvad çay içirdilər, ürəklərində isə sevinc vardı: "Balaları necə xoşbəxt idilər. "

Zadəgan tərbiyəsi görmüş ər-arvad cavanlar tərəfə baxmağın gədalıq olduğunu bilsələr də, hərdən birdən balkon tərəfə boylanırdılar.

-Ay arvad, hara baxırsan, ayıb deyil?

-Fazil, ürəyim onların yanında qalıb, Nərgiz ərköyün qızdır, Əsəd utancaq oğlan, birdə gördün Nərgiz aləmi bir-birinə qatıb.

-Ürəyini sıxma, heç nə olmayacaq. Onların bir-birilə rəftarına bax.

-Deyəsən, biz deyən olacaq!

-Əlbəttə, biz deyən olacaq. Odur ki, uşaqları utandırma. Otur çayını iç!

Əsəd Nərgizin əlindən tutub sahil boyu gəzişməyə başladılar. O, qıza körfəzi əhatə edən burunu göstərirdi:

-Bilirsən, bu burnun arxasanda nə qədər ova getmişik. Orda çoxlu ceyran, cüyür olur. Elə qəşəngdirlər. Adam vurmaq istəmir.

-Mən ceyran görmüşəm. Bakıda zooparkda.

-Zoopark nədir?

-Bizim dildə "heyvanxana".

-Buralarda yoxdur.

-Bakıya gələndə gedərik.

-Bilirsən, biz tezliklə gələcəyik. Nə fikirdəsən?

-Mənim fikrim pis deyil.

-Deyəsən başa düşmədin.

-Niyə ki, çox yaxşı başa düşdüm.

Əsəd bu cavabdan sonra daha danışmaq istəmədi. Dərinə getməkdən qorxdu. Nərgizin hər sözə çox ciddi fikir verdiyini hiss etmişdi. Onunla danışarkən çox ehtiyatlı olmaq lazım idi. Mənasız sözlərdən zəhləsi gedirdi. Yaşından çox bilirdi.

-Dalğaların üzərində uçan quşlara bax! Nə qədərdir? -deyə, Nərgizin səsi Əsədi fikirdən ayırdı.

-Qağayılardır. Balığa gəlirlər. Dəniz sakit olanda ova çıxırlar.

-Bakıda da qağayılar var, ancaq bunlar bizimkilərdən fərqlənirlər.

-Ola bilsin. hər sahilin öz quşları var.

-Marqlıdır...

Yenə də hər ikisi susdu. Elə sakitlik idi ki, uzaqdakı qağayıların və dalğaların səsi eşidilirdi. Limandan aralı olduqlarından gəminin necə körpüyə yan aldığını görmədilər.

-Nərgiz, mənə sən heç nə demədin? - deyə Əsəd ona müraciət etdi.

-Mən nə deməliyəm? Hər şey aydındır.

-Bizimkilər gəlsinlər ya gəlməsinlər.

-Elə məsələləri mən həll etmirəm. Baba nə deyibsə, onu edin!

Əsəd Məşədi Fazilin nə dediyini bilmirdi, Seyid Bikə isə Nərgizə eşitdirmişdi. Namiq əkə isə oğluna deməyə macal tapmamışdı. Qızın cavabı odur ki, Əsədi pərişan etdi.

-Niyə susdun? Rəngin-rufun da qaçıb.

-Sən məni dilxor etdin.

-Niyə?


-Heç nə demədin.

-Mən nə lazımdır, onu dedim, qalanını Namiq əkədən öyrənərsən.

-Nəyi?

-Ondan soruşarsan! - deyə, Nərgiz Əsədin işdən xəbərsiz olduğunu görüb, onunla zarafat etməyə başladı.



Radio "pasadkanı" elan etdi. Sərnişinlər bir-birinin ardınca trapla gəmiyə qalxmağa başladılar. Seyid Bikə ətrafa boylandı. Nərgizlə Əsədi axtardı.

Onlar uzaqda daşların üstündə oturub dənizə tamaşa edirdilər. Əsəd Seyid Bikənin əl etdiyini gördü.

-Nərgiz, nənə bizi çağırır. Getmək lazımdır.

Qız könülsüz ayağa qalxdı. Birdən anladı ki, Əsəddən ayrılır. Üzündəki gülüş yoxa çıxdı. Başını aşağı salıb nənəsi tərəfə irəlilədi. Babasının da onları gözlədiyini gördü.

-Mənim balam, biz ayrılmalıyıq. Getmək vaxtıdır. -deyə Məşədi Fazil Əsədin alnından öpdü.

-Kürəkən, gəl səni bir bağrıma basım! - deyə, Seyid Bikə zarafata keçdi. Əsəd bu sözlərdən yerindəcə dondu qaldı.

-Yoxsa qızımı istəmirsən? - deyə, Seyid Bikə yenidən soruşdu. Bu səfər Nərgiz qıpqırmızı qızardı.

Əsəd dinməzcə Seyid Bikəyə yaxınlaşdı. O, da Məşədi Fazil kimi onun alnından öpdü.

-İndi isə qızımla sağollaş! - deyə, Seyid Bikə Məşədi Fazilin qoluna girdi, şahyana addımlarla hər ikisi trapla gəmiyə qalxmağa başladılar. Trapın ortasına çatanda, geriyə boylandı:

-Tez olun! - dedi.

Nərgiz əllərini Əsədə uzatdı:

-Sağlıqla qal, Əsəd! Mənə məktub yazarsan, adresi bilirsən.

-Sənə yaxşı yol arzulayıram. Tezliklə Bakıya gələcəyəm. Səni görməyə...

Nərgiz trapla göyərtəyə qalxdı. Qızın gözləri yaşarmışdı.

Nəvəsinin nə hala düşdüyü Seyid Bikənin gözündən qaçmadı. Ona yaxınlaşmadı. Məşdi Fazillə kayutaya keçdi. Qız isə gəminin çəpərinə söykənib gözünün yaşını axıdırdı.

Fit çalınan kimi gəmi yerindən götürüldü. Körpüdən uzaqlaşmağa başladı.

Əsəd gəmidən çıxan ağ tüstünün arasından ona əl edən Nərgizi güclə görürdü.

Əsəd gəmi üfüqlərə qərq olana qədər körpüdə dayandı. Ancaq Nərgizdən fərqli olaraq ürəyi sakit idi. Baş vermiş hadisələr indi ona çatırdı.

***

BAKI GÖZƏL ŞƏHƏR, MEHRİBAN DİYAR

Körpüyə yan almış gəminin trapından sərnişinlər bir-birinin ardınca düşməkdə idilər. Səhərin günəşi göz qamaşdırırdı.

Bakıda sakit, küləksiz yay havası idi. Külək sahilə dənizdən neft qovub gətirdiyindən dalğaların səsi eşidilmirdi. Onlar körfəzin üzərinə çəkilmiş neft pərdəsinin içində itirdilər.

Gəmi sanki qara suların içinə girmişdi. Sərnişinlərin burnuna Bakı sahillərinə xas olan kəskin neft iyi dəyirdi.

Məşədi Fazil trapdan aşağı düşdükcə haradan maşın tapacağını düşünürdü.

Bakıda maşın tapmaq çətin idi. Nə edəcəyini bilmirdi. Ancaq qarşılayanların arasından Volodyanın səsini eşitdi:

-Дядя Фазил, мы здесь! Подойдите k ограде!

Gözləyənlər içəri keçməsin deyə, körpüdə çəpər qoymuşdular. Məşədi Fazil çəpərə yanaşdı.

-Ты окуда узнал, что мы прибудем?- soruşdu

-Mы телеграмму получили от Асада.

-Вот умница! Хорошо, помоги тете!

Seyid Bikə Volodyanın üzündən öpdü. Nataşanın hal əhvalını soruşdu, sonra Nərgizin əlindəki balaca çаmаdanı ona ötürdü.

Nosilşiklər Məşədi Fazilin gətirdiyi yükü "Pobedanın" baqajnikinə yüklədilər. Keçib maşına oturdular.

-Володя, как там наши?

-Дядь Фазил все в порядке. Все дома, кроме Алисаттара.

-Где он?


-Вчера проводили его в Анзали, в загранпоездку.

-Он что? Работу поменял?

-Вф нет! Наоборот, повысили. Теперь в качестве старшего переводчика Каспара будет работать.Хорошие деньги будет получать. Нас будет угощать "Kişmiş arağı ".

Разия боьше всех радуется. Ee сестра в Иране. Aлисаттар сможет ее найти.

-Ну, родной, у тебя вместо слов мед течет из уста.

-Я такой!

Həyətə girər-girməz Seyid Bikə ilk növbədə Tahiri soruşdu.

-Ana, yatır.- deyə Raziyə cavab verdi.

-Onun üçün yaman darıxmışıq.

-Tahirdən xəbəriniz yoxdur. Gözün açır: "Nənə niyə gəlmədi?" - deyir. Uşağın üzü gülmür.

-İndi gülər! - deyə, Seyid Bikə gəlinin üzündən öpdü.

-Nərgiz hanı?

-Bu dəqiqə gələr, babasıla küçədədir. Volodyanın çamadanları içəri daşımasını gözləyirlər. Nataşadan nə xəbər var?

-Nataşa xala axşam bizə gələcəkdir.

-Bəs Əlisəttargil necədir?

-Əlisəttar dünən İrana yola düşdü. Şeydagildə bir azdan burdadırlar. Adam göndərmişəm çağırsınlar.

Nərgiz içəri girən kimi anasının boynundan sarıldı O üzündən, bu üzündən doyunca öpdü.

-Qaqaş hanı? - soruşdu.

-İçəridədir, yatır. Səs salma.

-Bəs papa?

-Abbas dayıla bazara gediblər, indi gələrlər.

Həyətə Seyid Bikənin qayıtma xəbəri bir an içində yayıldı. Arvadlar sarı samovarı darta-darta həyətin ortasına gətirdilər. Raziyə kömək edib içinə su tökdülər. Hamı bilirdi ki, bu gün həyətdə yenə də yeyib içmək olacaqdır.

-A qızlar, həyətin ortasındakı stolun üstündəki süfrəni dəyişdirin! Stullarınızı da onun ətrafına düzün! - deyə, onlara qoşulmuş Seyid Bikə göstəriş verdi.

-Bikə xala, tez deyil? Kişilərimiz hələ işdən gəlməyib! - deyə həyətin sakini Narınc bildirdi.

-Ay qız, kişilər üçün sonra süfrə açarsınız! İndi özümüzçündür. Sizinçün darıxmışam.

Seyid Bikənin səsi yatmış Tahirin qulağına çatan kimi, uşaq çarpayısından yerə endi. Qapını açıb eyvana çıxdı:

-Nənə, Nənə. Nənə!-deyə eyvandan həyətə boylandı.

Nəvəsinin səsini eşidən nənə eyvana qaçdı.

-Mənim balam, yavaş yıxılarsan. Bu dəqiqə gəlirəm.

Bir anın içində Seyid Bikə eyvana qalxdı. Balacanı bağrına basdı.

-Sən gəlmisən, nənə? - deyə uşaq onun üzündən öpürdü.

-Gəlmişəm, mənim balam! Mənim gülüm!

-Sən daha getməyəcəksən?

-Daha heç zaman.

-Birdən getdin?

-Getsəm, səni də aparacağam.

-İndi isə otur boynuma, içəri girək. Sənə soyuq dəyər!-deyə, uşağı qaldırıb boynuna oturtdu və evə apardı.

Seyid Bikə Tahirin başına Aşqabaddan gətirdiyi araqçını qoydu, zərparçadan tikilmiş uşaq köynəyini geyindirdi, əlindən tutub həyətə çıxdı.

-Bu özbək balası kimdir? - deyə, Narıc zarafat etdi

-Necə ona yaraşır? Elə bil özbək balasıdır.

Tahir isə başını qaldırıb Narıncın üzünə dik baxırdı. Hərdən birdən nənəsinin ətəyindən çəkib, həyətin ortasındakı stolu göstərirdi.

-Nənə, stolun üstündə nədir?

-Cərco yemişdir. Namiq əkə sənin üçün göndərib.

-Nənə, sağ ol demək lazımdır? Kimə deyim?

-Mənə desən, bəs edər. Çatdıraram Namiq əkəyə.

-Onda ona «Sağ ol!» deyərsən. Bəs mənim bacım hanı?

-İndi geyinib düşər. Sən yatmışdın, odur ki, gəldiyini görməmisən.

-Nənə, mən sənin üçün, baba üçün, bir də Nərgiz üçün çox darıxırdım.

-Daha darıxmayacaqsan. Biz hamımız gəlmişik.

Seyid Bikə stolun arxasına keçdi. Həyətin qadınları qızları bir-bir gəlib onun üzündən öpdülər. O, isə onların arasında Nərgizi axtarirdı. Onu görmədi.

-Mənim balam, qaç bacını çağır! - deyə, üzünü Tahirə tutdu.

-Nərgiz, Nərgiz, nənən çağırır! -deyə, Tahir qışqıra-qışqıra eyvana dırmandı.

Tahirin hay-küyünə çıxan, Nərgiz onu bağrına basdı:

-Mənim qaqaşım, mənim şəkərim! Mənsiz darıxmısan?

-Nərgiz, səni nənə çağırır. Sonra danışarıq! - deyə, Tahir ciddiləşdi.

-Ay nə, nə lazımdır? - deyə, eyvandan nənəsini harayladı.

-Ay qız, iki yemiş bu həyətdə kimə çatar. Qırx yeddi uşaq var. Hələ arvadları demirəm. Ordan bir dördünü də gətir.

Sonra üzünü Narınca tutdu:

-Narınc, get ona kömək elə. Gücü çatmaz.

Narınc stoldan uzaqlaşan kimi, Seyid Bikə əlindəki ləzgi bıçaqıyla Cərco yemişini doğramağa başladı.

-Əvvəl uşaqlara paylayaq, sonra özümüz yeyərik. Nə qədər ərləriniz gəlməyib, bir balaca dincəlin! Gələndən sonra imkanınız olmayacaq.

Nərgizlə Narıncın gətirdiyi yemişləri də doğramağa başladı. Həyətin uşaqlarının hərəsinin əlinə bir böyük dilim verərək, yola salırdı. Axırıncı balaca payını alan kimi, üzünü qadınlara tutdu:

-İndi növbə bizimdir. Keçin, süfrə arxasına özümüzə qulluq edək.

-Bikə xala, çayımız da hazırdır.

-Ay qız, çayı neynəyirsən? Bunun bir dilimi yanqını yatıracaq. Çay, qoy, kişilərə qalsın!

İşdən qayıdan kişilər qadınların çarhovuzun yanındakı stolun ətrafında oturduqları görüb, onlara salam verib, başlarını aşağı salıb, evlərinə keçirdilər.

Həyat yoldaşlarını çağırmırdılar. Samovarın tüstüsü ondan xəbər verirdi ki, həyətdə məclis olacaq, sadəcə olaraq dözmək lazımdır. Axşamları şən keçəcəkdir.

Yuxarı məhəllələrin həyətlərini evlərini qıfılı olmazdı. Qapını külək çırpmasın deyə, dəmir məftildən düzəldilmiş qırmaqla bağlayardılar. Həyətdə baş verən nə vardısa, hamının idi. Toydursa toyları idi, yasdırsa yasları. Haralığı, milliyyəti heç kimi maraqlandırmırdı.

Buranın yazılmamış qayda-qanunları tabe olmaq lazım idi. Bu qaydalara uyğunlaşmayanlar yuxarı məhəllələrdə yaşaya bilməzdilər.

Həyətin qapısı açıldı. Nataşanı qapıdan içəri ötürən Volodya heç eyvana da qalxmadı.

- Батушки, какой пир? И это устраивает моя любимая подружка, а меня не зовет.- deyə Nataşa Seyid Bikəylə qucaqlaşdı.

-Я знала, что ты придешь. Твой «пай» наверху..-deyə Seyid Bikə cavab verdi

-Ты углшай меня со стола. То, что в твоме доме об этом потом.

-Nataşa xala, buyurun stolun arxasına, bizə qoşulun! -deyə Narınc onu stola dəvət etdi.

-Bu dəqiqə qızım! Qoy, Seyid Bikədən payımı alım.

-Ты не беспокойся, я привез для тебя хорошие подарки.

-Тогда давай поднимимся, покажи! -dedi, qulağına isə pıçıldadı ki, gəl cavanlara mаne olmayaq.

Onlar eyvana qalxıb, balaca mizin arxasında oturdular. Raziyə eyvana boşqabın içində dilim-dilim doğranmış yemişlə çıxdı. Əlindəkiləri mizin üstünə qoydu.

-Мне бы такой невестки!

-Не беспокойся, в скором времени и у тебя будет. Я сама выберу для Володи.

-Сделаешь доброе дело.

-Сделаю, вот увидешь!

Həyətə Əşrəflə Эyyub daxil oldular. Həyətin ortasında qadınları görüb tez eyvana qalxdılar:

-Tet Nataşka, konfet davay! - deyə Əşrəf onu qucaqladı. Uşaqlıqda olduğu kimi yanağını yanağına sıxdı.

-A balam, canımı çıxartma!

-Onda konfet ver!

Nataşa Əşrəfin üzündən öpdü. Əşrəf ciddiləşdi. Əyyub da keçib xalasını üzündən öpdü.

-Xoş gəlmisən, Nataşa xala! -dedi.

-Əşrəf, görürsən, Əyyub necə mədəni oğlandır?!

-Nataşa xala, ona sən dərs demisən. Mən isə Sovetski küçəsində oxumuşam. “Belıy qorod”nan, dağlı məhəlləsinin fərqi olmalıdır da.


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin