Məryəm Əlizadə
TEATR: Seyr və sehr
( Milli teatr prosesi problemləri)
Elmi redaktor :
Sənətşünaslıq doktoru, professor
Mahmud Qara oğlu Allahverdiyev
Əlizadə Məryəm
Teatr : seyr və sehr.....
( Milli teatr prosesi problemləri) B.” Elm “nəşriyyatı 1998-251 səh.
Monoqrafiyada Azərbaycan milli teatr prosesi milli sənət təfəkkürü və
teatr düşüncəsi kontekstində təhlil olunur. Müxtəlif milli teatr sənətinin özəl
qaynaqlarını əski və klassik sənət növləri , el-oba oyunları, adət-ənənələrində
görüb onun institutsional( təsisatlı) sənət növü səviyyəsinə-yüksəliş mərhələsini
ayrıca tədqiq edir. Müəllifin diqqəti
nin xüsusilə teatr prosesinin “ uzaq proqnozu”-İdealı və prosesin təzahürü olan
milli teatr poetikasının elmi-nəzəri problemləri və praktiki təcəssümü məsələləri
cəlb edir. Araşdırmalarının elmi qənaətlərinə söykənərək müəllif çağdaş milli
teatr prosesinin vəziyyətini və yeni bazar iqtisadiyyatı mərhələsinə
uyğunlaşdırılma (adaptasiya) təkliflərini irəli sürür.
Monoqrafiyada mütəxəssislər , teatr xadimləri və ümumiyyətlə milli
mədəniyyət və incəsənətimizin problemləriylə maraqlananlara ünvanlanıb və
geniş müzakirə , disput və polemikaya səbəb olmasını istisna etmir.
Zamanın hərəkəti və hərəkətin zamanı
Dünya dramaturgiyasının “ədəbi qəhrəmanı” prins Hamleti acı düşüncələrə
rəks edən məsələlərdən biri dünya kimi qoca və əbədidir: Zaman zəncirbəndinin
qırılması İnsanı tarixi keçmişi qarşısında aciz , bu günkü problemləri önündə
gücsüz və gələcəyinə kor olmasına gətirib çıxaran faciədir.
Məhz bu məqamda insan “ölüm ya olum” sualına dəqiq cavablar axtarmağa
başlayır.
Məhz bu mürəkkəb durumda insanın mənəvi potensialı tarixin sınağına
çəkilir....
Məhz bu sınaqdan üzü açıq çıxan insan ədəbi zamanın hərəkətini anlayıb
inkişafını davam etdirə bilər....
Məhz bundan sonra ədəbi inkişafa qulluq edən mədəniyyət və incəsənət
“insaniləşir” , “həyatiləşir” və insan varlığının yeni suallarına dürlü cavablar
verməyə başlayır....
Ocümlədən, “ olum ya ölüm? “sualına....
O cümlədən ,”teatr nəyə və kimə lazımdır?” sualına....
Nə yazıq ki , Azərbaycan milli teatrının tam hüquqlu vətəndaşı ,ingilis
dahisinin qələmindən boğulmuş Danimarkalı Hamlet öz zamanında üzücü
suallara nikbin cavablar tapmadı.....
Tanınmış teatrşünas və tənqidçi Məryəm Əlizadənin kitabı əqidəmcə tam
zamanında meydana çıxdı:məsələ ondadır ki, milli Azərbaycan teatrı inkişafının
elə mərhələsinə gəlib çıxıb ki, yaşamaq hüququbelə sual altına qoyulur.Təbii ki,
biz teatr xadimləri bu sual qarşısında durarkən deyirik :özümüzü həsr etdiyimiz
teatrı bundan sonra da şübhəsiz yaşadacağıq .Amma son zamanlar , özü də “elmi
əsaslandırılma”ideyaları ilə yoğrulmuş “teatrın ölümü haqqında” təşvişli bəyanatlar
ovqatımız və düşüncəmizə mənfi təsir göstərməyə bilməzdi.Bu üzdəniraq
“bəyanatlarda” teatr sənətimizin milli kökləri danılır, sənət ətfəkkürümüzə yabancı
elan olunur və buna görə də yeni şəraitdə onun ölümə məhkum olması iddia edilir
.Babalı deyənlərin boynuna , amma nə zamanca bu cür”elmi mülahizələrə” sərt və
tutarlı cavab verilməsi də labüd idi.
Məryəm Əlizadənin katabı ilk növbədə ağrılı –acılı , ittihamlarla dolu
“nekroloq”lara –“ölü haqqında söz”lərə sanballı və layiqli cavabdır.Teatr sənətini
canlı proses kimi araşdıran müəllif “canlı haqqında söz”ünü deməyə müvəffəq
oldu....
Bildiyimiz kimi hərəkətin nə əvvəli , nə sonu var: o insan düşüncəsidir ki,
görmək qabiliyyəti ömrü qədər məhduddur.Bir də bəllidir ki, bir şeyi dəqiq və
dolğun anlamaq istəyirsənsə -fikir olsun, hadisə olsun, ya insan –onu hərəkətdə ,
nəhayətsiz zaman içində , tükənməz hərəkətin içində dərk etməyə çalış .Adıbəlli
doktor Faustun faciəsi səhvini təkrar edənlər əvvəl- axır İblis- Mefistofelin
toruna düşəcək : Zamanı burduran həyata , işığa . inkişafa qəsd edilmiş olur!
Məryəm Əlizadənin teatr prosesinə baxım bucağı məhz onun zamanın
üzvi universal hərəkət , idealına yönəlmiş mürəkkəb , enişli- yoxuşlu , böhranlı –
uğurlu yürüş olmasına söykənir.Ulu türk mədəniyyətindən qaynaqlanıb
möhtəşəm İslam mənəviyyatıyla mayalanmış teatr prosesi professional , Avropa
tipli teatrın yaranmasına tarixi səbəb oldu.Bu fikir Məryəm Əlizadə
konsepsiyasının özülüdür və müəllif ardıcıl , əsaslandırılmış və milli
sənətşünaslığımızın elmi bazisinə istinad edən ideyasını sübuta yetirir.
Bədii kitab kimi oxunan bu elmi əsərin balıca nəticəsi teatr prosesinin ,
tarixi hərəkətin zamanını duydurmaq, anlamaqdır : şəxsən məndən ötrü bəlli
səbəblərdən qırılmış zaman zəncirbəndi bərpa olundu və mən teatr sənətimizin
əsil tarixi qaynaqlarını minillik mədəniyyətimizin ən qədim qatlarında gördüm....
....Mücərrəd anlayışların xofu bəzən məsələni aydın görməyə mane olur,
amma məlumdur ki ,hr hansı ideyanın canlı , “insaniləşmiş” təcəssümü olmasa ,
bu ideya əslində əllamə , sxolastik oyundan başqa heç nədir..
Məryəm xanımın kitabını oxuyarkən “ zamanların əlaqəsi “ anlayışı məndən
ötrü obrazlı olaraq”insanların qırılmaz bağlılığı” duyğusuna döndü.Görkəmli alim
, ictimai və dövlət xadimi Cəfər Cəfərovun elmi məktəbinin yetirməsi və
müəlliminin davamçısı M.Əlizadə “ elmi irsiyyət “ ənənsini yaşatdı, yaddaşımda
alimlə ünsiyyətdə , birgə yaradıcılıqda olan günlərimiz , görkəmli rejissorumuz
Tofiq Kazımovun tamaşaları yenidən canlandı......
Mücərrəd anlayışlardan qorxmamalıyıq : teatr aləmində hər mücərrədliyin
arxasında insan durur, sənətkar yaşayır.Bu zaman- məkanda ölüm heç zaman
sevinmir : ömür qısa olduğu halda , sənət əbədidir.........
Bəlli tarixi səbəblərdən bütün başqa sahələrdə olduğu kimi mədəni-
mənəvi tariximizə də parçalanmış halda mövvcuddur.70-il ərzində tariximizi
“inqlabdan əvvəlki və inqlabdan sonrakı” mərhələlərə bölərək bütün müsbət
halları yalnız “ sosialis dövrü “ndə götürürük.İndi bəziləri tələm-tələsik təftiş
əməliyyatını bitmiş hesab edir və yaşadığımız dövrün bütün nəticələrini tam
mənfi adlandıraraq , onu tariximizdən silməyə cəhd edirlər.Bu hal teatr səətində
də müşahidə olunur , amma Məryəm Əlizadə bu meyillərə uymayıb elmi
obyektivliklə teatr prosesinin hərəkətini izləyir.Bu baxımdan meyar aylnız və
yalnız hərəkətin səviyyələridir ki, bu da önəmli sayılır.Bu mövqe həm də ondan
ötrü faydalıdır ki, proses davam edir və yalnız onların vəhdəti inkişaf meyllrini ,
gələcək problemləri dürüst işıqlandıra bilər.....
Unutmamalıyıq ki , tariximizin bütün çağlarına sahib bizik və deməli
məsuliyyətini də biz daşıyırıq.Ən asanı isə “ manqurta” dönüb istədiyimiz tarixi
dövrü unutmaq və məsuliyyətdən boyun qaçırmaqdır.
Bir alim kimi ,bir mədəniyyət və incəsənət təəsübkeşi kimi Məryəm
Əlizadə teatr prosesinin bütün çağlarına görə məsuliyyəti qəbul edir və məhz bu
mənəvi mövqedən məntiqi təhlilini aparır.
...””Teatr nəyə və kimə lazımdır?” sualı vaxtaşırı ictimai düşüncəmizdə
kəskin formada qızğın mübahisələrə səbəb olur.Görünür ki bu hal təbiidir, görünür
ki, bu sual “olum ya ölüm?” məsələsi qədər əbədidir və hər dövrdə öz cavabını
tələb edir.
Məryəm Əlizadənin kitabını oxuyub teatr prosesini zamanın hərəkəti , teatr
sənətinin məhsulu olan tamaşanı isə hərəkətin zamanı kimi qavrayandan sonra
cürət edib sualı dəyişdirərdim:
“ Teatra nə və kim lazımdır?”- məncə məsələnin bu cür qoyuluşu daha
faydalı olar.
....Alimlər üçün , sənətçilər üçün , tamaşaçılar üçün faydalı olar...
....Dövlət üçün , cəmiyyət üçün , millət üçün faydalı olar....
....Bəlkə də bu maraqlı , aktual , tutarlı və mübahisəli kitabı yazan Məryəm
Əlizadə üçün də...
Çünki zaman öz hərəkətindədir və bu hərəkət zamanı yaranan suallara cavab
axtarmaq ziyalılarımızın əbədi borc və vəzifələridir.
HƏSƏNAĞA TURABOV
Xalq artisti , Dövlət mükafatları
laureatı,
ATXİ-nin prezidenti ,
Akademik Milli Teatrın bədii rəhbəri
Ön söz
Prosesin uzaq proqnozu
Mən istəyirəm ki , gözəllər, bütün gözəlliklər
uzaq uzaq , çox uzaq bir üfüqdə əylənsin
.Uzaq və incə təbəssümləri ilə şamu səhər,
həyatə nuri səfa sərpərək çiçəklənsin.
Hüseyn Cavid
Milli teatrımızın tarixi keçmişi , onun çağdaş durumu , inkişaf səmtləri və yaxın-
uzaq gələcəyi haqqında düşünməyə və fikir yürütməyə , təbii ki , hamının haqqı
var.Vətəndaş cəmiyyətinin başlıca şərti olan pluralizm ictimai varlığımızın hər
hansı fakt və hadisəni açıq , geniş və müxtəlif mövqelərdən müzakir etmək üçün
olduqca səmərəli şərait yaradır.Aydın məsələdir ki, fikir, üsul , metodlar
müxtəlifliyi araşdırılan predmeti daha mürəkkəb , çoxaspektli görməyə imkan
yaradaraq bir fikrin, bir doktrinanın inhisarını dağıdır, əsl elmi qənaətlərə
gəlmək üçün münbit zəmin hazırlayır.
Bununla yanaşı yeni dövrün düşüncəsi mürəkkəb, ictimai şüur və
varlığımızda baş verə hər hansı proseslərə son dərəcədə həssas olan araşdırma
predmeti haqqında müzakirə və mübahisələrdə ilkin meyarların daha dəqiqi
təqdimatını və əsaslandırılmasını tələb edir.
Bu tələb boş yerdə yaranmayıb.Son illərin köklü tarixi hadisələri
humanitar düşüncəmizi bir sıra təxirəsalınmaz problemlərin həlli önündə qoydu
ki, bunlardan bəlkə də ən ümdəsi nümunəvi tariximizin gerçək mənzərəsini
bərpa etmək zərurətidir.
Tarix elə gətirib ki, Azərbaycan mədəniyyət və incəsənətin yaranma ,
inkişaf mərhələləri , problem və kəşfləri , uğur və uğursuzluqları bir qayda olaraq
yadellilər tərəfindən işıqlandırılıb, ya da ki, son tarixi dövrdə olduğu kimi ,
müdaxilə edilmiş ideoloji konsepsiyaların diktəsi altında araşdırılıb.Aydın
məsələdir ki, hər iki halda əldə olunan qənaətlər sözün dəqiq mənasında elmi
sayıla bilməz , çünki bu cür “ tədqiqatçıların” məqsədi heç vaxt obyektiv mənzərə
yaratmaq deyildi, əksinə çoxəsirli mədəniyyətimizi müvafiq nəzəriyyələrin sərt
çərçivələrinə salmaqla “mədəniyyət təəssübkeşlərimiz” həqiqəti özlərinin
xeyrinə əyib, tariximizi saxtalaşdırmaqla məşğul olublar.
İctimai həyatımızın bütün sahələrində olduğu kimi , mədəniyyət və
incəsənətimizdə də köklü dəyişikliklər baş verir və təbii ki, sənətşünaslığımız bu
mürəkkəb prosesdən kənarda deyil.
Xüsusilə qeyd etmək lazımdır ki, yalnız ideoloji basqı ucbatından
sənətşünaslığımız Azərbaycan sovet mədəniyyəti və incəsənətində gedən
prosesləri obyektiv işıqlandırmaqdan məhrum idi.Amma demək olar ki,
bütövlükdə sənətşünaslığımız bu və ya digər dərəcədə prosesləri izləyir , araşdırır
və qeyri-rəsmi formada onları dəyərləndirməyə müvəffəq olurdu.Bu qeyd yalnız
sənətşünaslığımıza bəraət qazandırmaqdan ötrü etmirik :son 20-30 il ərzində baş
verən hadisələr elə qabarıq və anlaşımlı idi ki, onları görməmək mümkün
deyildi.Başqa məsələ ki, informasiya qıtlığı və ideoloji nəzarət şəraitində doğru
nəticələrə gəlmək olduqca çətin bir iş idi, odur ki, sənətşünaslığımızda ümumi
bədii yaradıcı prosesin istiqaməti və irəlidəki problemləri haqqında rəy və fikir
birliyi yox idi.
Buna
baxmayaraq
mədəniyyətimizin
tarixi,
ayrı –ayrı sahələri
araşdırılırdı.Ona görə də yeni dövr başlananda yeni problemləri tam yeni
rakursdan təhlil etmək üçün sənətşünaslığımızın təməli bazası var idi və məhz
buna əsaslanıb müxtəlif bədii –yaradıcı sahələrin müstəqil analizi başlanmışdı.
Məlum olduğu kimi institussional mədəniyyətimizin ən zəngin və parlaq
tərkib hissəsi musiqidir.”Azərbaycan musiqi elminin bədii kökləri və qədim
tarixi vardır.(qabartma mənimdir-M.Ə.).Azərbaycan müstəqilliyini və
suverenliyini qazandıqdan sonra onun öz köklərinə qayıtması , həm tarixinə ,
mədəniyyətinə , həm də musiqisinə müraciət etməsi , onun araşdırılması , tədqiq
edilməsi işi fəallaşmış , daha labüd və aktual olmuşdu.Musiqi elmimizin
“sütunları” Səfiəddin Urməvi 9XII əsr), Əbdülqədir Marağai( XIII- XIV əsrlər),
Mir Möhsün Nəvvab (XIX əsr) və Üzeyir Hacıbəyovun elmi əsərlərini yeni dövr
düşüncəsinin prizmasından araşdıran sənətşünas Zemfira Hacıbəyova qədərki
musiqi elmimizin yolunu izlədikdə belə nəticəyə gəlirik ki, “ Azərbaycan xalq
musiqisinin əsasları” əsəri yeni dövrdə , yeni mərhələdə . müasir musiqişünaslıq
baxımından orta əsr risalələrində qoyulan bir sıra problemləri davam etdirir,
açıqlayır...... orta əsr risalələrində qoyulan problemlərlə səsləşir , onların sanki
təbii davamı olur.”
Göründüyü kimi Azərbaycan xalq musiqisi “nəzəri boşluqda “inkişaf
etməyib , tam hüquqla deyə bilərik ki, bizim yeddi əsrlik musiqi elmimiz və
musiqimizin konseptual poetikası mövcuddur.
Bildiyimiz kimi, arxeologiya elmi ən obyektiv elmlərdən biridir: onun elmi
tədqiqat metodunun əsasını maddi fakt təşkil edir və hər hansı nəzəri təxmin ,
fərziyyə son dərəcə dəqiq üsullarla təsdiq ya rədd olunur.Azərbayan arxeologiya
elmi tutarlı elmi dəlillərlə sübut etmişdir ki,”...Azərbaycan ərazisi bəşər
mədəniyyətinin ilk mərkəzlərindən biridir. Burada tarixinin ( qabartma mənimdir-
M.Ə) bütün mərhələləri təmsil olunmuşdu”.Ən qədim çağlardan başlayaraq
intensiv yaşayışın nəticəsi olan şəhərsalma mədəniyyətinin araşdırılması
arxeoloq Rəşid Göyüşovun fikrincə “...arxeoloji cəhətdən öyrənilməsi ,
ümumiyyətlə , Zaqafqaziyada şəhərsalma işinin inkişaf tarixini izləməyə imkan
verir “.Əlavə edək ki, arxeologiya elmimiz bu imkandan yetərincə faydalanıb...
Arxeoloqun qənaətləriylə Azərbaycan memarlıq elminin nümayəndəsinin
nəticələri səs –səsə verir : “Müxtəlif təbii iqlimi və sosial iqtisadi şərait şəhərlərin
memarlıq –planlaşdırma individuallığını da təyin etdi, bu isə şəhərsalmanın
çoxsaylı özünəməxsus kompozisiya üsullarını yaratdı.” Görkəmli memar – alim
Ş.S.Fətullayevin əsaslı monoqrafiyası Azərbaycan milli memarlıq düşüncəsinin
özəlliklərini açıqlayaraq elmi dəqiqliklə inkişaf səmtlərini da proqnozlaşdırmağa
nail olur.Burada qeyd edək ki, araşdırma predmetimiz olan teatr sənətinin
instutsional dövrü musiqimiz qədər qədim deyil və təsəvvüflə etiraf etməliyik ki,
bu günə qədər teatr sənətimizin dəqiq elmi-tarixi konsepsiyası yaradılmayıb
.Həqiqət xatirinə deməliyik ki, bu o qədər də asan məsələ deyil.Musiqidən fərqli
olaraq teatr siyasi ictimai rejimdən daha çox asılıdır və yalnız müstəqillik əldə
olunduqdan sonra gerçək teatr tarixindən söz aça bildik...
Paradoksal haldır, amma açıq söz demək imkanını əldə edən kimi bir
çoxları Azərbaycan milli teatrının ölümü haqqında bəyanatlarla çıxış etməyə
başladı, ən yumşaq konstotasiya isə teatrın “ can verməsindən” xəbər
verirdi.Obyektivlik naminə demək lazımdır ki, bu cür bəyanatlar əssasız deyildi,
amma eyni məsuliyyətlə mədəniyyət və incəsənətimizin bütün sahələrində
müşahidə olunan gərgin və ağır vəziyyətdən danışmaq olardı....
Yaşadığımız keçid dövrünün bəlkə də obyektiv halı olan emosionallıqdan
qurtulub teatr sahəsində real problem və onların həlli yollarına nəzər salmaq
çağdaş ictimai varlığımızın aktual tələbidir.
Müxtəlif səpkili mübahisələrin polemik tokkuşmalarında ictimai-siyasi
proseslərin əksi kimi bir çox tutarlı səbəblər göstərildi ki, məhz onların
nəticəsində teatr sənəti birdən birə öz mötəbər , hörmətli ictimai statusunu itirib,
milli düşüncənin magistral yolunun kənarında qaldı.Göstərilən səbəblərin
sırasında iqtisadi , siyasi , etnopsixoloji , kulturoloji şərtlər əsas yer tuturdu,
amma bizdən ötrü məsələ daha dərin qatlara vardığından başlıca səbəb və ona
bağlı ilkin meyar kölgədə qaldı.
Bu məsələ hər hansı konseptual poatika üçün köklü göstərici olan , teatr
prosesi üçün isə həm də onun yaşarlılığını təmin edən öz idealına uyğun olması
problemidir.Görkəmli rus mədəniyyət araşdırıcısı , türk etnopsixologiyasının
tədqiqatçısı L.N.Qumilyovun fikrincə İdeal hər hansı etnosun , soyun , xalqın
mənəvi durumu və tarixi inkişaf yollarını təmin və təyin edən “uzaq proqnozdur”(
İdeal yalnız fərdi qatda deyil , populyasiya səviyyəsində də psixoloji dominantanı
formalaşdıran uzaq proqnoz, arzulanan məqsəddir)
Bu fundamental məsələniaçıqlamaq monoqrafiyamızın başlıca məqsədidir
və sonrakı fəsillərdə göstərməyə çalışacağıq.Məqsədimiz Azərbaycan milli teatr
prosesinin tarixi inkişafı gedişatında teatr poetikasının parametrlərini təyin etmək
olduğundan bütün əməliyyatlarımızı bu səmtə aparacığıq və burada yenə də
L.N.Qumilyovun çox səmərəli qeydini yada salmaq istəyirik.L.N.Qumilyov yazır :
“Mədəniyyətə olduqca güclü təsir göstərən amilidir, yaddaş amilidir-keçmiş
mədəniyyətlərin yaddaşıdır, yəni –yeni mədəniyyətin tərkibində yenidən
yaradılan mədəniyyət sistemi üçün sübstrat, ilkin element olan rudimentlərin
mövcudluğudur”
Azərbaycan teatrşünaslığında belə hesab olunur ki, mədəniyyətimizdə teatr
və dramaturgiyanın yaranması M.F.Axundovun altı komediyasının meydana
gəlməsiylə bağlıdır.Müəyyən mənada doğru olan bu fikir tetrşünaslığımızın təməli
anlayışına dönərək, tədqiqatçıları teatr prosesinin tarixini məhz bu aspektdən
araşdırmağa vadar edib.Bu fikri dəqiq anlamaqdan ötrü əslində üç anlayışı bir-
birindən ayırmalıyıq :
Teatr düşüncəsi ideyası, hansı ki kökləri əsrlərin dərinliklərinə gedib çıxır.
MƏDƏNİYYƏTİMİZDƏ AVROPA TEATR MODELİNİN AKTUALİZƏ,
GERÇƏLƏŞMƏ FAKTI , hansı ki, onun mədəni əhəmiyyəti çox böyükdür.
Ədəbi əsası olan professional teatrın
Tarixi
Birinci və ikinci bəndlərə toxunmadan, üçüncülüyə bağlılıqda qeyd edək ki,
hazır və aprobassiyadan keçmiş Avropa teatr formalarını əxz edən Azərbaycan
milli professional teatrı Şərq mədəniyyətinin dəyərlərini özünə ideal seçdi.Məlum
səbəblərdən sovet teatrşünaslığı bu mətləbi tamamilə inkar edirdi: əks təqdirdə
ənənəvi Şərq mədəniyyətinin üzvi tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin
məğz etibarı ilə İslam mədəniyyətindən qaynaqlanması və azərbaycan
incəsənətinin estetik formalarda İslam dünyagörüşünün ideoloji , mənəvi , sokral(
ilahi) və humanist anlayışlarını əks etdirməsi fikri qəbul olunmalı idi.
Əsas məqsədimiz teatr prosesində yaranan poetika səciyyələrini bərpa
etmək olduğundan ötərki məsələlərə toxunmayacağıq.Sovet ideologiyasının
bədii düşüncəmizə vurduğu başlıca zərbə böyük idi : bəsitləşdirmə prosesi rəsmən
elan olunmasa da rejim tərəfindən ardıcıl olaraq həyata keçirilirdi.Sovet ədəbi
prosesində bu əməliyyat nisbətən ağır gedirdi, çünki fərdi yaradıcılığı nəzarət
altında saxlamaq çətin məsələdir.kino və teatr sənətləri isə bu mərhələdə nəzarət
altında saxlanıla bilirdi , sərt senzura təqibinə məruz qalırdı.Ədəbiyyatşünas və
yazıçı Viktor Jerofeyev bu prosesin nəticələri haqqında belə yazır :” ədəbiyyatın (
ümumiyyətlə mədəniyyətin) sahmanlanması cəmiyyətimizə dəhşətli ziyan verdi ,
bu ziyanın əsl ölçülərini müəyyənləşdirmək çətindir.Kontuziyadan zədələnən
cəmiyyət mürəkkəb əxlaqi və ekzistensional problemlərdə oriyentasiyanı
itirmişdi – onun insani potensialı kəskin surətdə azalmış , aşağı düşmüşdü.Eyni
zamanda oxucularını bədii həllərinin aydınlığı və sadəliyi ilə bihuş edən
ədəbiyyat doğuldu və bu ədəbiyyat gerçəkliklə heç bir əlaqəsi olmayan həyatın
böyük sadəliyi haqqındakı çox təhlükəli bir mifə dönməkdə idi...”
Eyni sözləri Sovet teatrı haqqında da demək olar və azərbaycan teatrı da
burada istisna deyil.Təbii ki, marksist – leninçi estetikanın sərt çərçivələri içində
fəaliyyət göstərən Azərbaycan sənət və teatrşünaslığı dərin və ənənəvi
mədəniyyət tarixi ilə bağlılıqda tədqiqat apara bilməzdi.Bu haqda bizdə çox
yazılar yazılıb, çox mübahisələr olub – hamısını təkrarlamağa təbii ki , lüzum
yoxdur.Məhz yeni dövrün çılğın polemikasında “ teatrın ölümü “ haqqında
hallanan tezis düşüncəmizi əsas məsələlərdən sapındırdı.Amma buradaca qeyd
etmək lazımdır ki, məhz 1989-cu ildən ictimai varlıq və şüurumuzda olduğu kimi
, teatr sferasında olduğu kimi , teatr sferasında olduqca dərin proseslər
başlandı.Bu proseslər uzun müdəətli olduğundan bu gün hər hansı nəticədən
danışmaq tezdir, amma bu nəticənin başlıca səciyyəsini göstərmək olar : artıq
teatr prosesi yalnız özünəməxsus qanunlar əsasında inkişaf etmək imkan və
hüququnu qazandı.Teatr elmi də inkişafın bu yeni mərhələsində ideoloji
qəliblərdən imtina edərək teatr düşüncəsinin bütün qatlarını yalnız elmi
meyarlarlarla araşdırıb milli teatr prosesinin obyektiv mənzərəsini yaradaraq
konseptual poetikasını işləyib hazırlamağa başlaya bilər.
Poetika haqqında təlim teatr düşüncəsinin , teatr yaradıcılığının təyinini ,
struktur tipləri və janrların müəyyən edilməsini nəzərdə tutur. Zaman –məkan
növü olan teatr ədəbiyyatşünaslıq anlayışlarınndan da faydalanaraq yaradıcı
prosesin qanun və qaydalarını , teatr obrazlarının strukturlarını , müxtəlif bədii-
estetik qurğuların formalaşma şərtlərini tədqiq edir , inkişaf konsepsiyasını
təqdim edir.Beləliklə ,poetika sferasında müxtəlif araşdırma metodları birləşir ,
çünki teatr prosesinin məhsulu olan teatr poetikası genezisinə görə sintetik sənət
növü olan teatrın inkişafını və mahiyyətini tarixi inkişafın qanunauyğunluqlarıyla
bağlılıqda öyrənir.Monoqrafiyamızın məqsədlərindən biri də məhz Azərbaycan
milli teatr düşüncəsini müstəqil və estetik hadisə kimi Dünya teatr prosesinin
üzvi hissəsi olaraq araşdırmaqdır. Mövqeyimizin yeniliyi də məhz bundadır :
proseslə bağlı bu və ya digər məsələni daha aydın aşıqlamaq üçün biz təsviri,
struktur, tarixi-estetik , müqayisəli və tipoloji araşdırma metodlarından istifadə
etmişik.
....Azərbaycan milli teatr prosesinin çağdaş durumu böhran xarakterli
proseslə səciyyələnir.Teatrşünaslığımız . sənətşünaslığımız teatr düşüncələrini
müvəqqəti olaraq düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün əlindən gələn
yardımı göstərməlidir.Bu işdə görkəmli teatr reformatoru , rejissor və nəzəriyyəçi
V.E.Meyerxold “ məsləhəti “ yerinə düşər: “ Əgər bu günün teatrı ölmürsə ,
deməli damarlarında hansısa həyatverici işlər mövcuddur.Əgər sağalmasına
ümid yoxdur onu : əgər yaşamaq gücü varsa , onu dirilt.”
Bu gün teatr sənətinin ölümündən, dağılmasından deyil, süni , həyat gücü
olmayan teatr sisteminin , ideologiyasının və nəzəriyyəsinin dağılmasından
söhbət gedə bilər.Hələ 70-80-ci illərdə başlamış bu proses öz növbəsində tam
yeni prosesə təkan verdi : bu proses-öz İdealına uyğun olan və Dünya teatr
inkişafının tələblərinə cavab verən milli teatrın yeni tarixi – mərhələdə
dirçəlmə prosesidir.Bu prosesin ilk təzahürlərinin 80-cı illərin teatr hadisələrinə
sezmək olurdu.90-cı illərin teatr poetikası onu gücləndirdi və müşahidələrimizə
görə əsrin sonunacan bu proses aparıcı olacaq.
Azərbaycan milli teatrının dirçəlməsi labüddür, çünki onun genetik
kökləri birbaşa institussional sənət növünə bağlı deyil.Monoqrafiyamızda sübut
etməyə çalışacağıq ki, teatr düşüncəsi , teatr ideyası , “ oyun fenomeni” –yəni
bütövlükdə teatr prosesi milli düşüncəmizin əzəli yaradıcı ənənəsinə
bağlıdır.Üzdə olan sübut ondan ibarətdir ki, “ Bəşər mədəniyyətinin ilk
mərkəzlərindən biri” olan Azərbaycan ərazisində üzvi proseslərin getməsi və
ibtidai formalardan ali-sənət növləri səviyyəsinə yüksəlişi tarixi zərurətlə
təmin olunub.Əks təqdirdə Azərbaycan mədəniyyətinin inkişaf prosesini dünya
sənətşünaslıq elmindəolmayan, hansısa tam yeni bir üslub və metodlarla
araşdırmaları Musiqi, tətbiqi sənət folklor və başqa ənənəvi sənət növləinin
inkişaf tarixi bizə əsas verir ki, teatr düşüncəsindən qaynaqlanan teatr prosesini
də ənənəvi sənət növlərinin inkişaf tarixi bizə əsas verir ki, tear düşüncəsindən
qaynaqlanan teatr prosesini də ənənəvi milli mədəniyyətimizin tərkib hissəsi
kimi dərk edək.
Burada da xüsusi qeyd edək ki, hər hansı prosesdən söz açarkən onun
dinamikası hadisələrin diskret ( sayrışan ) xarakteri nəzərə alınmalıdır. Bu
mənada hər hansı analiz ilk növbədə prosesin müəyyən edilmiş mərhələlərini
müəyyən kontekstən ayırıb bir növ “ dondurulmuş “ halda aparıla
bilər.Mərhələləri müəyyən etmək prinsipi sərbəst də ola bilər.Xronoloji şərtlərə
bağlı da ola bilər , ümumi mədəniyyətin qəbul edilmiş , sistemləşdirilmiş tarixi
inkişaf kontekstində də uyğun ola bilər.Monoqrafiyamızda biz hər üç prinsipdən
faydalanmışıq , amma bəlli səbəblərdən üstünlük üçüncüsünə verilib.Bu həm də
ona görə səmərəlidir ki, araşdırdığımız predmet zaman-məkanın ( tarixin)
məhdudlaşdırılmış parametrində baş verib tamamlanmış bir hal , hadisə, fakt
deyil : proses dedikdə biz onun gələcəyini , inkişaf istiqamətlərini və qarşımıza
çıxacaq problemləri də nəzərə almalıyıq .Təbii ki, heç kim prosesin konkret
təcəssümlərini proqnoz edə bilməz və əslində lazım da deyil.Amma keçmiş
səhvlərimizi xatırlayıb teatr prosesinin başlıca meyillərini açıqlayası olsaq, bir
çox böhran situasiyalarından salamat çıxmaqdan ötrü zəmin yarada bilmərik.
Burada təzad yoxdur : bəli, teatr prosesi bütün proseslər kimi üzvi və sərbəst
tendesiyalara malikdir ,amma bu tendesiyaları institusional mədəniyyətin şərt
və qanunauyğunluqlarıyla uzlaşdırmaq mümkündür.Dünya və Avropa teatr
prosesinin tarixi buna bariz nümunədir.
Teatr prosesinə üzvi hərəkət kimi yanaşanda onun bütün təzadlarını ,
böhranlarını , tənəzzül meyillərini , durğunluq məqamlarını və başqa mənfi
hallarını prosesin obyektiv halları kimi dəyərləndirməliyik.Hər hansı hərəkətin
göstəriciləri vahid sistem içində cəm olduğu kimi , bizim sənətşünaslıq sistemində
də sadaladığımız hallar prosesin vəhdətləri kimi qəbul olunur.Bu mənada bu və
ya digər böhran situasiyası növbəti sıçrayış üçün təməl, durğunluq ( staqnassiya)
isə kəmiyyətin keyfiyyətə keçid mərhələsi kimi anlaşıla bilər.
Teatr prosesində obyektiv və subyektiv amillərin ierarxiyası məsələsi də
birmənalı deyil : tarix göstərir ki, bəzən obyektiv şərtlər olmayan situasiyalarda
subyektiv xarakterli hadisə prosesin gedişatına güclü təkan verə bilər. Bu “
hadisə”də dediyimiz şərt istedadlı , bəzən dahi şəxsin mövcud olmasıyla bağlı
olanda , proses bütövlükdə o şəxsiyyətin subyektiv , özəl inkişafına tabe ola
bilər ki, Azərbaycan milli mədəniyyətində Füzulidən Üzeyir Hacıbəyova qədər
bu tipli “ hadisələr “ kifayət qədərdir...
Milli teatr düşüncəsinin “ oyun fenomeni”ndən qaynaqlanan milli teatr
prosesini instutsional mədəniyyətdə inkişafı yeni dövrdə siyasi –ictimai , sosial
–iqtisadi və başqa köklü proseslərə bağlı olduğundan araşdırma zamanı teatr
prosesinin ictimai göstəriciləri istər- istəməz ön plana çıxmalı olur.Amma bu
heç də onun müstəqil təbiətin deformasiyaya sürükləmir : mədəniyyət öz-
özlüyündə ictimai proseslərin çərçivəsində mövcud olmasına baxmayaraq ,
ictimai varlıq və şüura güclü təsir göstərən fenomenidir.
Yuxarıda biz anlayışları bir –birindən ayırmaq iddiasını irəli sürmüşük,
indi isə məntiqlə ziddiyyətə girmədən qeyd etmək istəyirik ki, yalnız səmərəli
sintezdən sonra teatr düşüncəmiz yeni keyfiyyətdə məhsuldar proseslərə təkan
verə biləcək : fikrimizcə bu sintez İdealın mütəhərrik çərçivələri daxilində baş
verməlidir.” Uzaq proqnoz “u yaxınlaşdırmaq , əməllərdə gerçəkləşdirmək
cəhdlərinin nəticəsində nəsildən –nəsilə , həm də genetik yollarla ötürülən teatr
düşüncəsi öz köklərinə qayıdışdan faydalanıb peşəkar teatr prosesinin inkişaf
tarixində yeni səhifə açmağa müyəssər olacaq.
Məlum olduğu kimi, hər hansı prosesin eniş və yüksəliş nöqtələri hələ
prosesi bütövlükdə xarakterizə etmir. Eyni sözləri prosesi izləyən , araşdıran
nəzəri açıqlamasını veerən elmi əsərlər haqqında da demək olar. Belə ki, bizim
monoqrafiyanın yazılması teatr prosesinin yeni mərhələyə can atdığı dövrdə
təsadüf etdi.Biz əmink ki, milli düşüncəmizin bir çox sahələrində olduğu kimi ,
teatr düşüncəsində də tam yeni keyfiyyətli dəyərlər , meyarlar , konsepsiyalar
yaranacaqdır. Biz əminik ki, xalqımızın insani , yaradıcı potensialı üzə çıxacaq ,
mədəniyyətimizi zənginləşdirəcəkdir.
Bu monoqrafiyanın qənaətləri inkişaf prosesinə az da olsa təsir göstərərsə
və daha dolğun , hərtərəfli , fundamental nəzəriyyənin yaranmasına faydalı olarsa ,
öhdəmizə düşən vəzifəni yerinə yetirmiş olarıq.
BİRİNCİ FƏSİL
AZƏRBAYCAN MİLLİ TEATR PROSESİNİN GENEZİSİ :
AZƏRBAYCAN MİLLİ SƏNƏT TƏFƏKKÜRÜNDƏ TEATR DÜŞÜNCƏSİ.
Dostları ilə paylaş: |