Müqayisə- idrak prosesinin ən geniş yayılmış və universal metodlarından biridir. Məlum aforizmdə deyilir: “Hər şey müqayisədə dərk olunur”. Müqayisə obyektlər arasında oxşar və fərqli cəhətləri müəyyən etmək məqsədilə onların tutuşdurulmasına yönələn metoddur. Bu metod cism və hadisələrin mahiyyətinin müəyyən edilməsində mühüm rol oynayır. Müqayisə nəticəsində iki və daha çox obyektə xas olan ümumi əlamət müəyyən edilir. Bu isə elmi araşdırmanın mühüm şərtlərindən biridir. Müqayisə elmi biliyin mühüm mərhələsi olan ümumiləşdirmənin vacib şərtidir. Bundan başqa müqayisə analogiya üzrə əqli nəticələrdə də əhəmiyyətli rol oynayır.
Digər tədqiqat metodları kimi müqayisə də səmərəli olmaq üçün müəyyən tələblərə cavab verməlidir. Belə tələblərdən ikisini göstərmək olar:
1.Müqayisə bir metod kimi aralarında müəyyən oxşar əlamət olan obyektlərə tətbiq oluna bilər;
2. Cism və hadisələr arasında müqayisə onların mühüm əlamətləri üzrə aparılır.
Elmi araşdırmada müqayisə metodu vasitəsilə cism və hadisələr haqqında məlumatı iki müxtəlif yolla əldə etmək olar:
1. Məlumat müqayisə metodunun tətbiqinin bilavasitə nəticəsi kimi çıxış edə bilər;
2. Bəzən məlumat, yeni bilik müqayisə nəticəsində əldə olunan ilkin məlumatın sonrakı təhlilindən alınır. Bu, əsasən analogiyaya əsaslanan əqli nəticə vasitəsilə reallaşır.
Məlum olduğu kimi, analogiya elə bir əqli nəticədir ki, onun vasitəsilə obyektlərin bir cəhətə görə oxşarlıqlarının əsasında onların digər cəhətlərə görə də oxşarlıqları haqqında fikir söylənilir. Analogiyaya əsaslanan əqli nəticə vasitəsilə iki obyekt və onların əlamətləri arasındakı müəyyən oxşarlığın əsasında bir obyektə mənsub olan əlamətin digər obyektdə də olmasına dair nəticə alınır. Başqa sözlə desək, burada müqayisə metodunun köməyi ilə bilavasitə əldə olunan nəticədən əlavə yeni bilikdə qazanılır. Məsələn, müqayisə metodu vasitəsilə tədqiqatçı A və B cismləri arasında bir sıra mühüm oxşar əlamətlərin olmasını aşkar etdikdən sonra analogiyaya əsaslanan əqli nəticə vasitəsilə A-da olan daha bir əlamətin B-də də olması haqqında fikir irəli sürür. Lakin əldə olunan nəticə ehtimali xarakter daşıyır. Yəni bu nəticə səhv də ola bilər. Buna görə də çalışmaq lazımdır ki, həqiqi biliyin əldə edilməsi ehtimalı mümkün qədər çox olsun. Bunun üçün isə aşağıdakı qaydalara riayət etmək lazımdır:
1.Müqayisə edilən cism və hadisələrdə nə qədər çox oxşar əlamət aşkar olunsa, analogiyaya əsaslanan əqli nəticə vasitəsilə əldə olunan nəticənin həqiqiliyi bir o qədər çox olar;
2. Müqayisə nəticəsində aşkar olunan oxşar əlamətlərin obyektlərin mühüm əlamətləri olması əldə olunan nəticənin həqiqiliyini artırır.
3. Bir obyektdən digər obyektə keçirilən əlamət ikincinin mahiyyətinə zidd olmamalıdır. Müqayisə olunan obyektlər arasındakı oxşar əlamətlərlə yanaşı onlar arasındakı müxtəliflik də nəzərə alınmalıdır.
Ölçü
Ölçü- xüsusi texniki vasitələrdən və ölçü vahidlərindən istifadə etməklə obyektin kəmiyyət tərəflərinin müəyyən edilməsi metodur. Bu metod vasitəsilə obyektlərin kəmiyyəti ilə onların xüsusiyyətləri arasında qarşılıqlı münasibət müəyyən edilir.
Ölçü müqayisə metodu ilə bağlıdır. Hər bir müqayisənin aparılması ölçüyə əsaslanır. Buna görə də ölçü müqayisənin əsasını təşkil edir. Lakin müqayisədən fərqli olaraq ölçü daha dəqiq dərketmə prosesidir. Ölçü ətraf mühit haqqında daha dəqiq məlumat verir. Ölçünün keyfiyyətinin, onun elmi dəyərinin ən vacib göstəricisi dəqiqlikdir. Bu göstərici alimin çalışqanlığından, onun tətbiq etdiyi metodlardan və ölçü alətlərindən asılıdır.
Ölçü metodu bütün elmlər sahəsində, o cümlədən ictimai elmlər sahəsində geniş tətbiq olunur. Məsələn, politologiya elmində bu metod vasitəsilə dövlət qeydiyyatından keçmiş bu və ya digər dini icmanın nümayəndələrinin ölkədə keçirilən Prezident, parlament və bələdiyyə seçkilərində iştirakının səviyyəsini hesablamaqla biz icmanın siyasi fəallığını müəyyən edə bilərik.
Eksperiment (latın dilindən tərcümədə- təcrübə)- empirik tədqiqatın elə bir metodudur ki, o, bu və ya digər müddəanın həqiqiliyini yoxlamaq məqsədilə müşahidə situasiyası yaradaraq nəzarət və idarə olunan şəraitdə əşya və hadisələri tədqiq edir. Eksperiment müşahidə, ölçü və tədqiq olunan obyektlərə fiziki təsirdən ibarətdir. Müşahidədən fərqli olaraq eksperiment zamanı tədqiq edilən şərait əvvəlcədən mövcud olmur. O, xüsusi məqsədlə yaradılır. Digər empirik tədqiqat metodlarından fərqli olaraq eksperiment tədqiq olunan obyektin gedişatına müdaxilə etməyi nəzərdə tutur. Eksperiment zəruri şərtlərin yaradılmasına maneçilik törədən bütün təsirlərin və faktorların aradan götürülməsini, müvafiq texniki qurğularla müşahidənin və ölçünün aparılmasını ehtiva edir. Başqa sözlə desək, eksperiment obyekti dərk etmək məqsədilə həmin obyektə və ya onu əhatə edən mühitə bilavasitə fiziki təsiri nəzərdə tutan dərketmə metodudur.
Bir tədqiqat metodu kimi eksperiment aşağıdakı elementlərdən ibarətdir:
Eksperimentin məqsədi;
Eksperimentlər məqsədləri baxımından bir-birindən fərqlənir. Bəzi eksperimentlər məqsədinə görə axtarış xarakterli olur. Belə eksperimentlərin məqsədi tədqiq olunan obyektlər haqqında müəyyən faktların aşkar olunmasından və yaxud onlar arasında qanunauyğunluqların müəyyən edilməsindən ibarətdir. Digər qrup eksperimentlər məqsədinə görə yoxlayıcı xarakter daşıyır. Belə eksperimentlərin məqsədləri tədqiq olunan obyektlər və yaxud onların əlamətləri haqqında müəyyən fərziyyənin həqiqi olub-olmamasını sübut etməkdir. Sözsüz ki, bu iki qrup eksperiment arasında qeyd olunan fərq nisbi xarakter daşıyır. Məsələn, eksperiment zamanı bu və ya digər obyekt haqqında müəyyən fərziyyənin həqiqiliyinin yoxlanılması nəticəsində sözügedən obyekt haqqında yeni faktın aşkar olunması mümkündür. Nəticədə yoxlayıcı xarakterli eksperiment axtarış xarakterli olur. Eynilə axtarış məqsədilə aparılan eksperiment müəyyən fərziyyənin təsdiqi və ya təkzibi ilə nəticələnə bilər. Buna görə də eksperimentlərin məqsəd baxımından bölgüsü şərtidir.
Elmi idrakın tədqiqat metodu olan eksperimentin xüsusiyyəti ondadır ki, burada məqsədyönlü şəkildə süni situasiya yaradılır. Belə bir situasiyanın yaradılmasında zərurət isə obyektin daha dərindən öyrənilməsidir. Tədqiqatçı məqsədyönlü şəkildə yaratdığı situasiyaya müdaxilə edərək faktorlarla manipulyasiya edir və tədqiq olunan obyektin davranışında baş verən müvafiq dəyişiklikləri qeydə alır.
Eksperimentdə istifadə olunan faktorlar dəyişən faktorlar adlanır. Dəyişən faktorların iki növü vardır: asılı olmayan və asılı olan. Asılı olmayan dəyişən tədqiqatçı tərəfindən dəyişikliyə məruz qalan dəyişəndir. Tədqiqatçı asılı olmayan dəyişəni apardığı araşdırmanın məqsədinə uyğun olaraq manipulyasiya etməklə bu dəyişənin digər dəyişənə təsirini müəyyən edir. Asılı olmayan dəyişənin təsiri nəticəsində müəyyən dəyişikliyə uğrayan dəyişənə isə asılı olan dəyişən deyilir. Beləliklə, eksperiment elə bir tədqiqat metodudur ki, onun vasitəsilə tədqiqatçı bir qrup dəyişən faktorların (asılı olmayan dəyişən) digər qrup dəyişən faktorlara (asılı olan dəyişən) təsirini öyrənir. Asılı olan dəyişəndə baş verən dəyişikliklər tədqiqatçı tərəfindən ölçülərək asılı olmayan dəyişənin nəticələri kimi təqdim edilir. Məsələn, üç XI sinfi olan konkret bir orta məktəbdə eksperiment kimi məktəb rəhbərliyi tərəfindən XI-a sinfinin şagirdləri üçün onların seçdikləri istiqamətlərə uyğun olaraq hazırlıq kursları təşkil edilir və hər ayın sonunda test imtahanları keçirilir. XI-b və XI-c siniflərinin şagirdləri bu eksperimentdən kənarda qalır. Ali məktəblərə qəbul imtahanının nəticəsində XI-a sinfinin şagirdləri digər siniflərin şagirdlərindən daha çox bal toplayırlar. Bu eksperimentdə məktəbdə hazırlıq kursları təşkil olunmasının və hər ayın sonunda test imtahanlarının keçirilməsinin (asılı olmayan dəyişən) şagirdlərin ali məktəblərə qəbul olunmasına (asılı olan dəyişən) müsbət təsiri müəyyən edilir.
Eksperimentin iki növü vardır: laboratoriya eksperimenti və təbii eksperiment. Laboratoriya eksperimenti tədqiqatçı tərəfindən yaradılmış şəraitdə baş verir. Bir qayda olaraq tədqiqatçı təsir edən faktorlara nəzarət edir. Laboratoriya eksperimentində eksperimentin təmizliyi yüksək səviyyədə olur. Buna görə də bu eksperiment dəyişənlərin asılılığı haqqında dəqiq məlumat verir. Lakin laboratoriya eksperimentinin böyük bir çatışmazlığı vardır. Laboratoriya şəraitinin gerçəklikdə yaradılması olduqca çətindir. Bu isə laboratoriya eksperimentində əldə edilən nəticələrin real həyata şamil olunmasını şübhə altında qoyur.
Eksperiment elmi idrakın metodları arasında aparıcı rol oynayır və bir çox hallarda elmi biliyin həqiqiliyinin meyarı funksiyasını yerinə yetirir. Eksperiment vasitəsilə biliyin həqiqi olub-olmaması müəyyən edilir. Onun bu rolu özünü xüsusilə təbiət elmlərində göstərir. Lakin eksperimentin sözügedən funksiyası ictimai elmlərdə də öz ifadəsini tapır. İctimai elmlər sahəsində müxtəlif eksperimentlər vasitəsilə cəmiyyətdəki hadisələr arasında səbəb-nəticə əlaqələri müəyyən edilir və yaxud tədqiq olunan hadisələrə müəyyən əlamətin xas olub-olmaması yoxlanılır.