TəDQİqat metodlari



Yüklə 78,8 Kb.
səhifə6/10
tarix23.05.2022
ölçüsü78,8 Kb.
#59063
1   2   3   4   5   6   7   8   9   10
Muhazire-metodlar

Ümumiləşdirmə elə bir metoddur ki, onun vasitəsilə bir neçə obyektin ümumi cəhətləri bir məfhumda birləşdirilir. Məsələn, “udi xalqı”, “ingiloy xalqı” və “xınalıq xalqı” məfhumları “alban xalqları” məfhumunda ümumiləşdirilir. Obyektlərin ümumi cəhətləri onların analiz və müqayisə olunması nəticəsində əldə olunur. Ümumiləşdirmə metodu xüsusi məfhumdan ümumi məfhu­ma doğru yönəlmişdir. Məfhumun ümumiləşdirilməsi bir məntiqi əməliyyat kimi onun həcminin genişlənməsi, məzmunun isə daralması ilə xarakterizə olunur. Bu əməliyyat eyni zamanda məf­hu­mun konkretliyinin azalmasına da səbəb olur. Məsələn, “Azərbaycanın ictimai fikir tarixində dini azadlıq ideyaları” məhfumunun ümumiləşdirməsindən alınan “Azərbaycanın ictimai fikir tarixi”, “İctimai fikir tarixində dini azadlıq ideyaları” və s. məhfumlar məzmun və konkretlik baxımından verilmiş məfhumdan kiçikdir. Lakin buna baxmayaraq yeni alınmış məfhumlar tədqiq olunan obyektin mahiyyətinin aşkarlanması istiqamətində atılan mühüm bir addımdır. Çünki yeni bir məfhumun mahiyyətini müəyyən edərkən atılan ilk addım onun ümumiləşdirməsidir, yəni verilmiş məfhumun həcm baxımından daha geniş məfhumun həcminə daxil edilməsidir. Məsələn, “multikultural təhlükəsizlik” məfhumunu dərk etmək üçün biz ilk növbədə onu ümumiləşdirmə metodu vasitəsilə həcm baxımından daha geniş məfhum olan “təhlükəsizlik” məfhumunun həcminə daxil edirik. Bu isə bizdə “multikultural təhlükəsizlik” məfhumu haqqında müəyyən fikrin yaranmasına səbəb olur.
Ümumiləşdirmə metoduna əks olan metoda məhdudlaşdırma deyilir. Məhdudlaşdırma – ümumi məfhumdan konkret məfhuma keçidə səbəb olan məntiqi əməliyyatdır. Bu keçid verilmiş məfhuma müəyyən əlamətləri əlavə etməklə reallaşır. Məsələn, şəhər – paytaxt – Bakı; xarici siyasət – Azərbaycan Respublikasının xarici siyasəti - Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetləri.

Abstraktdan konkretə keçid metodu


Abstraktdan konkretə keçid metodu elmi dərketmə prosesinin inkişafının ümumi formasıdır. O, elmi idrakın istiqamətini xarak­terizə edərək məhdud, dar məzmunlu bilikdən tam geniş məzmunlu biliyə inkişaf etdiyi göstərir. Nəticədə tədqiq olunan obyekt haqqında hərtərəfli bilik əldə olunur.
Abstraktdan konkretə keçid metodunun əsas məqsədi tədqiq olunan obyektin mahiyyətinin aşkarlanmasıdır.
Abstraktdan konkretə keçid metoduna əsasən, dərketmə prosesi iki nisbətən müstəqil mərhələdən ibarətdir. Birinci mərhə­lədə hissi idrak vasitəsilə bizi əhatə edən gerçəklikdəki konkret obyektdən onun abstrakt təriflərinə keçid baş verir. Tədqiq edilən obyekt fikrən tərkib hissələrə bölünərək müxtəlif məf­humlarda və hökmlərdə əks olunur.
İkinci mərhələdə abstraktdan konkretə keçid reallaşır. Bu mərhələdə tədqiq olunan obyektin mühüm tərəflərini ayrılıqda əks etdirən ümumi və abstrakt təriflərdən obyekti konkret və tam şəkildə əks etdirən təriflərə keçid baş verir.
Hər iki mərhələnin öz “konkreti” vardır. Lakin birinci mər­hə­lə­dəki konkret hissi idrak səviyyəsində olan konkretdirsə, ikinci mər­hələdəki konkret təfəkkür səviyyəsində verilən kon­kret­dir. Bi­rin­ci mərhələdə hissi idrak vasitəsilə obyekt haqqında ilkin məlumat əldə olunur. Bu məlumatda obyektin müxtəlif tərəfləri öz əksini tapır. İkinci mərhələdəki konkret birinci mərhələdəki kon­kre­tə nisbətən daha dolğun və hərtərəfli bilik şəklində özünü büruzə ve­rir.
Məsələn, müəyyən cəmiyyətdə baş verən daxili münaqişənin səbəblərini müəyyən edərkən əvvəlcə idrakın empirik səviyyəsində müşahidə, təsvir, ölçü və digər empirik metodlar vasitəsilə müna­qişənin konkret təzahürləri haqqında məlumat əldə edilir. Bu mərhə­lədə münaqişə iştirakçılarının sayı, tərkibi, onların tələbləri, münaqişənin baş verdiyi vaxt, əhatə etdiyi ərazilər və bu kimi bir çox empirik xarakterli məlumatlar toplanır. Bunun əsasında münaqişənin bir sıra xüsusiyyətləri haqqında müəyyən anlayışlar, hökmlərdə öz əksini tapan biliklər əldə olunur. Bu keçid konkretdən abstrakta keçidi əks etdirir. Sözügedən keçidin əsasında əldə olunan məlumat münaqişə haqqında, onun səbəbləri haqqında müəyyən təsəvvür yaradır. Nəticədə münaqişənin müəyyən tərəflərini əks etdirən anlayışlar, hökmlər, nəzəriyyələr əldə olunur. Sonra isə abstraktdan konkretə keçid zamanı idrakın nəzəri səviyyəsində nəzəri metodlar vasitəsilə təhlil aparılır. Münaqişənin müəyyən tərəflərini əks etdirən anlayışların, hökmlərin, nəzəriyyələrin təhlili nəticəsində tədqiq olunan münaqişə, o cümlədən onun səbəbləri haqqında tam fikir formalaşır.
Beləliklə, abstraktdan konkretə keçid elmi idrak prosesinin mü­hüm bir metodu kimi təfəkkürün gerçəklikdəki konkretdən tə­fək­kürdəki abstrakta, oradan da təfəkkürdəki konkretə keçidi göstərir.
Təsnifat
Təsnifat (latın dilindən tərcümədə - classis- növ, facio- etmək) – obyektlərin qruplara elə bir bölgüsüdür ki, orada hər bir qrupun müəyyən yeri vardır. Obyektlərin qruplara bölgüsü onlara xas olan mühüm fərqləndirici əlamətlər üzrə aparılır.
Təsnifat vasitəsilə məfhumun həcmi açılır. Yəni bu metod vasitəsilə məfhuma daxil olan digər məfhumlar müəyyən edilir. Məsələn: Bütün ədədlər tək və cüt ədədlərə bölünürlər.
Təsnifatın strukturu
Təsnifat 3 hissədən ibarətdir. Həcmi açıqlanan məfhum, təs­ni­fatın əsası və təsnifatın elementləri. Yuxarıdakı misalda (“Bütün ədədlər tək və cüt ədədlərə bölünürlər”) təsnifatın struktur ele­ment­ləri aşağıdakılardır:

Yüklə 78,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin