2) Təsərrüfat-məişət əməyi. Təsərrüfat-məişət əməyi məktəbəqədər yaşlı uşaqların həyatında başqa əmək növlərinə nisbətən daha geniş yer tutur. Təsərrüfat-məişət əməyi əsasən ictimai xarakter daşıyır. Məktəbəqədər yaşlı uşaqlar təxminən iki yaşından etibarən sadə təsərrüfat-məişət əməyinə cəlb olunurlar. Bu zaman əmək tapşırıqlarının yerinə yetirilməsində uşaqlarda ahəngdar əmək hərəkətlərinin, işgüzarlıq münasibətlərinin düzgün inkişafı nəzərdə tutulmalıdır. Uşaq bağçasında təsərrüfat-məişət əməyi öz məzmununa görə müxtəlifdir. Buraya uşaq bağçasının həyətyanı sahəsində, gəzinti və idman meydançasında soyunma, yuyunma, yataq və məşğələ otaqlarında səliqə-səhman yaratmaq işləri daxildir. Kiçik qrupda uşaqlar yaşlıların məişət əməyi üzrə işini, yəni dayənin qab-qacaq yumasını, aşpazın yemək hazırlamasını, ananın paltar yumasını və ütüləməsini, xadimənin cığırları süpürməsini diqqətlə müşahidə edirlər. Ailə şəraitində ailə üçün görülən işlərə məişət əməyi deyilir. Onlar tədricən belə əmək növlərinə cəlb olunurlar. Məsələn, tərbiyəçinin xahişi ilə balacalar oyuncaqları meydançaya çıxarır, məşğələlər üçün lazım olan materialları gətirib-aparır, döşəmədən kağızları, yaxud sahədən yarpaqları yığır və s. Bütün bunlar uşaqlarda məişət əməyi üzrə bacarıqları formalaşdırır, onları gələcəkdə daha mürəkkəb əmək fəaliyyətinə hazırlayır. Kiçik qrup uşaqlarına hərəkəti necə yerinə yetirməyi təkcə göstərmək və izah etmək azdır. Onlara fəaliyyət zamanı kömək etmək də lazımdır. Belə ki, çalışmaq lazımdır ki, bu və ya digər hərəkət uşaqlarda tədricən vərdiş halına keçsin, böyüklərin köməyinə bir o qədər də ehtiyac qalmasın. Uşaq üçün normal iş şəraiti yaratmaq özünün gücü çatan işi ona icra etdirmək daha səmərəlidir. Tərbiyəçi uşağın qarşısında konkret məqsəd qoymalı (dəsmalı asmaq, dayəyə kömək etmək, həyətdən yarpaqları yığmaq və s.) və onun əmək fəaliyyətini istiqamətləndirməlidir. Orta qrupda təsərrüfat-məişət əməyi özünəməxsus əhəmiyyət kəsb edir. Bu yaşda uşaqlar ilin axırına yaxın qayda-qanuna müstəqil riayət edir, otağın və iş yerinin yığışdırılmasında iştirak edirlər. Tərbiyəçi uşaqları müntəzəm surətdə əməyə cəlb edir, işdə ardıcıllığa, görülmüş işin tərbiyəvi əhəmiyyətini dərk etməyə xüsusi fikir verir. Böyük qrupda uşaqların təsərrüfat-məişət əməyinin məzmunu daha da genişlənir. Belə ki, nahardan sonra stolun üstünün yığışdırılmasında dayəyə kömək edir, məşğələnin sonunda material və vasitələri yerinə qoyur, yapışdırma və rəsm zamanı istifadə olunan fırça, stəkan və əskiləri yuyur, işdən sonra stolları silir, hər həftə qrup otağının yığışdırılmasında iştirak edirlər. Uşaqlar dayə ilə balıncların üzünü keçirir, döşək ağılarını salır və bu işləri görməklə onlar özlərini böyüklərin əsl köməkçisi hesab edirlər. Bu fəaliyyət zamanı əlbir işi elə qurmaq lazımdır ki, uşaqlar hər bir tapşırığın sadəcə olaraq passiv icraçısı olmasınlar, həm dayənin simasında işin təşkilatçısını, həm də onun qrupdakı uşaqlara, xüsusən də ən balacalara olan diqqətini görə bilsinlər
4) Uşaq şəxsiyyətinin formalaşmasında əl əməyinin müstəsna əhəmiyyəti vardır. Müxtəlif materiallardan uşaqların oyuncaq və əşyalar düzəltməsi məktəbəqədər yaşlı uşaqların, xüsusən də böyük qrup uşaqlarının əmək tərbiyəsinin mühüm cəhətlərindən biridir. Əl əməyinin məzmununda quraşdırma əıməliyyatı mühüm yer tutur. Bu əmək növü zamanı uşaqlar əşyalar haqqında təsəvvürlərini genişləndirir, texnika haqqında müəyyən məlumata malik olurlar. Belə iş prosesində uşaqlar ən sadə texniki qurğularla tanış olur, oyuncaq alətləri ilə iş vərdişlərini mənimsəyir, əmək materiallarına, əşya və alətlərə ehtiyatla yanaşmağı öyrənirlər. Uşaqlara aydın olur ki, qalın kağızdan kəsmə və yapışdırma yolu ilə müxtəlif əşyalar düzəltməık olar. Ağacı isə mişarlamaq, yonmaq, kəsmək, deşmək və birləşdirmək olar. Əl əməyi məşğələlərində təbiət materiallarları ilə iş də mühüm əhəmiyyət kəsb edir. Belə ki, uşaqlar yarpaqlar, palıd qozaları, şam, qoz ağaclarının qabıqları ilə aparılan iş zamanı həmin təbiət materiallarının rəngi, forması, möhkəmliyi ilə də tanış olurlar. Bu zaman uşaq öz işinin mövzusu haqqında fikirləşir, əşyaları müqayisə edir, özünəməxsus xəyali surətlər yaradır. Onlar hansı materialdan, harada və necə istifadə etməyi öyrənirlər. Əl əməyi zamanı uşaqlar müxtəlif materiallardan oyuncaqlar düzəldirlər. Uşaqlara fırfıra oyuncağını düzəltmək üçün 4-5 sm uzunluğunda ucu şiş çubuq və qalın kartondan kəsilmiş, ortası deşilmiş dairələr verilir. Tərbiyəçi uşaqlara bu iki hissəni necə birləşdirməyi göstərir. Uşaqlar öz hazırladıqları fırfıranı stolun üstündə və yaxud döşəmədə fırladaraq məmnuniyyətlə oynadırlar. Eləcə də uşaqlar qutulardan, şam, küknar, palıd qozalarından, küləş və qarğıdalı saçağından müxtəlif oyuncaqlar hazırlaya bilərlər. Uşaqlara əmək tapşırığı verərkən tərbiyəçi birinci növbədə tapşırığın məzmununu, onun fərdi və ya kollektiv formasını nəzərə almalı, bütün formaların həyata keçirilməsində pedaqoji rəhbərliyə geniş yer verməlidir. Beləliklə, demək olar ki, məktəbəqədər yaşlı uşaqların əmək növləri özünəməxsus müxtəlifliyə malikdir və bu müxtəliflik onların əmək fəaliyyətinin növlərində əks olunur