Özünəxidmət əməyi.
Bütün qruplarda tərbiyəçi-müəllim uşaqlara müxtəlif əmək tapşırıqları verə bilər. Uşaq əməyinin dörd növünə bunlar aiddir: Özünəxidmət (gündəlik və şəxsi məmnuniyyətə yönəldilmiş iş) əməyi; Məişət əməyi (qrup otağı, həyətyanı sahəni sahmana salmaq);Təbiətdə iş (təbiət guşəsi, çiçəklik və bağda iş, bitki və heyvanlara qulluq və s.);Əl əməyi (kağız, parça, təbii materiallar, tullantı materialları və sairədən istifadə).
Əmək fəaliyyəti üç formada aparılır: Təlimatlar (sadə və mürəkkəb, uzun və qısamüddətli, epizodik və sabit) əsasında işlər; Növbətçilik (yemək otağı, dərslər, təbiət guşəsi və s.) vəzifələri əsasında işlər; Kollektiv (ümumi və birgə) əmək.
Sadə əmək bacarıqları nümayiş etdirmək uşaq üçün həyati əhəmiyyət daşıyan özünəxidmət fəaliyyətindən başlanır.
Özünəxidmət əməyi üzrə əsas anlayışlara daxildir:özünəxidmətin tərbiyəvi əhəmiyyətinin uşağın gündəlik şəxsi tələbatının ödənilməsində ifadə olunması; uşağın ilk dəfə insanlarla münasibət yaratması və öz vəzifəsinin dərk edilməsi;özünəxidmətdə uşağın qarşısında konkret məqsəd qoyulması; vərdişlərin formalaşdırılmasının əsas metodik üsulu (hər bir elementar hərəkətin və onun ardıcıllığının yerinə yetirilməsini göstərmək); vərdişlər formalaşdıqca tədricən nümayişdən şifahi izahatlara keçmək; ümumi xatırlatma metodundan istifadə etmək; özünəxidmətin təşkilində pedaqoji tələblərin vahidliyi.
Özünəxidmət dedikdə, bədənin təmizliyi, paltarın səliqəliliyi haqqında müntəzəm qayğı, bunun üçün lazımi işləri görmək, daxili tələbata görə hazırlıq, gigiyenik qaydalara riayət etmək başa düşülür. Məktəbəqədər yaşlı uşaqların həyatında özünəxidmətin tərbiyəvi əhəmiyyəti dəyərləndirilərkən, ilk növbədə onun gündəlik tələbat kimi zəruriliyi ilə şərtləndirmək lazımdır. Uşaq məhz özünəxidmət vasitəsilə özünə qayğı göstərməyin qədrini bilir və yaxın ətrafda olan doğmalarına fəal surətdə diqqətli olmaq bacarığı öyrənir. Uşaq özünəxidmətdə iştirak etdikdə müəyyən fiziki və əqli səy göstərmiş olur. Uşağın fiziki inkişafı onun sağlamlığının əsas göstəricisidir.
Məktəbəqədər yaş dövrü uşağın fiziki, psixofizioloji və şəxsiyyət sahəsində inkişafının keyfiyyətcə dönüş dövrüdür. 3-6 yaşda uşağın fiziki inkişafına daxil olan boyunun, çəkisinin artmasında dəyişiklik baş verir. Uşağın psixi inkişafı üçün özünəxidmət əməyinin motivlərinə uyğun oyun məşğələləri geniş təsir imkanlarına malikdir. Həmin məşğələlər uşaqların hərəkətlərində səmərəliliyi, dinamik dəqiqliyi, diqqətin cəmləşdirilnəsini, yönəldilməsini və reaksiya sürətini nizamlayaraq onda çeviklik tərbiyə edir.
Özünəxidmətdə uşağın qarşısında ona aydın olan, zəruri və konkret məqsədlər qoyulmalıdır. Üçyaşlı uşaq üçün özünəxidmətlə bağlı əməli fəaliyyətin hər biri cəlbedicidir. Bu uşaqlarda müstəqilliyə imkan verir, öz tələbatını ödəyir. Özü tərəfindən həll edilməli problem kimi təzahür edir (ayaqqabını geymək, onun bağlarını düzgün bağlamaq və s.). Digər tərəfdən uşağın iradəsi gərginləşir, onun diqqəti bu proseslərə cəlb edilir.
Orta qrupun uşaqları geyinərkən daha sərbəst olur, öz aralarında söhbətlər edir.
Uşaqlara özünəxidmət vərdişlərinin formalaşdırılması üçün tərbiyəçinin metodik hazırlığı vacibdir. Bunun üçün tərbiyəçi pedaqoji rəhbərliyi həyata keçirərkən bütün uşaqların iştirakını təmin etməli, əmək vəzifələrini tədricən mürəkkəbləşdirməli, özünəxidmət əmək növünün onların (məktəbəqədər yaşlı uşaqların) tərbiyə vasitəsinə çevirməlidir.
Uşaqlara xidmətedici əmək vərdişlərinin aşılanması ilə yanaşı, digər müsbət keyfiyyət və adətlərin (qənaətçilik, səliqəlilik, müstəqillik, əməksevərlik, fəallıq və s.) tərbiyə olunması daim diqqətdə saxlanılmalıdır. Qeyd olunan bu dəyərlərə uşaqları alışdırmaq, praktik fəaliyyətə o vaxta kimi cəlb etmək lazımdır ki, hər biri özünə sərbəst xidmət edə bilsin. Sonrakı mərhələdə tərbiyəçi uşaqların fəaliyyətini təmin etməlidir.
Özünəxidmət əməyi ilə əlaqədar uşaqlarda vərdişlərin formalaşdırılmasının əsas metodik üsulu hər bir elementar hərəkətin və onun ardıcıllığının yerinə yetirilməsini nümayiş etdirməkdən ibarətdir. Məsələn: Tərbiyəçi deyir: Leyla bax, mən necə əl - üzümü yuyacağam, təmiz və səliqə ilə; əvvəlcə qollarımı çirmələyəcəyəm, sonra əllərimi su ilə isladacağam; bax belə... (tərbiyəçi öz hərəkətlərini izahatla nümayiş edir).
Özünəxidmət əməyi zamanı (geyinmə, əl-üz yuma, oyuncaq və materialların yığışdırılması) təlim üsulları dəyişilməməlidir. Özünəxidmət vərdişlərini qazanmaq üçün uşaqların məşq etmələri vacibdir. Uşaqlarda vərdişlər formalaşdıqdan sonra tərbiyəçi tədricən ətraflı olaraq şifahi izahatlara keçir. Tərbiyəçinin vaxtında və yerində verdiyi izahatlar uşaqlarda vərdişlərin möhkəmləndirilməsinə, dəqiq hərəkətlərin qavranılmasına səbəb olur. Tərbiyəçi bu məqsədlə ümumi xatırlama metodundan da geniş istifadə edə bilər. Burada ən başlıca cəhət uşaqların iş nəticələri ilə tərbiyəçinin maraqlanmasıdır. Bunsuz uşaqların düzgün tərbiyəsindən danışmaq olmaz.
Özünəxidmət təşkil edərkən tərbiyəçi gigiyena tələblərinə əməl olunmasını daim izləməlidir. Kiçik qruplarda özünəxidmət vərdişlərini formalaşdırmaq müstəqil yeməyi, əl-üz yumağı, geyinib-soyunmağı uşaqlara öyrətməklə şərtlənir.
Müşahidələr göstərir ki, tərbiyəçilər uşaqlarda özünəxidmət vərdişlərinin aşılanmasında sistemsizliyə yol verirlər.
Təbiətdə əmək.
Uşaqların təbiətdə əməyi onların sağlamlığında, hərəkətlərinin kamilliyində, bacarıq və vərdişlərin formalaşmasında mühüm rol oynayır. Təbiətdə əmək uşaqların əqli və sensor (hiss edən, hisssedici, sezici) inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Torpaq, bitgi və heyvan növlərini öyrənərkən uşaqlar onların elə əlamətləri ilə tanış olurlar ki, bu onlarda müəyyən əmək alətləri ilə işləmək qabiliyyəti və bacarığını yaradır. Məsələn, alaqetmə zamanı mədəni bitkilərin xarici əlamətlərini alaq otlarının xarici əlamətlərindən fərqləndirmək bacarığı və alaqları əl ilə düzgün tutmaq vərdişini yaradır. Təbiətdə əmək uşaqların görüş dairəsini genişləndirir. Uşaqlar onun vasitəsilə torpağın insan həyatındakı zəruri əhəmiyyətini dərk edib ondan istifadə etməyin yollarını öyrənirlər. İş prosesində uşaqlar əyani surətdə canlı orqanizmin nəyə tələbi olduğunu hiss edirlər. Bitkilərin həyatı ilə tanış olarkən uşaqlar öyrənirlər ki, su bitkilərin inkişafı üçün zəruri şərtdir. Beləliklə iş prosesində uşaqlar təbiətin bir sıra qanunlarını öyrənir, onun idarə olunmasında insan əməyinin rolunu dərk edirlər. Təbiətdə əmək uşaqlarda kənd təsərrüfatı işlərinə marağı gücləndirir. Onlar təbiət guşəsindəki güllərə, quşlara, balıqlara qulluq etməklə bitki və heyvanların həyatı ilə yaxından tanış olurlar. Bütün bunlar uşaqlara təbiətin bitki və heyvanat aləmini öyrənməkdə geniş imkan yaradır. Kiçik qrup uşaqlarının imkanları məhdud olduğundan əmək tərbiyəsi onlara anlaşıqlı olan təbiət hadisələri əsasında həyata keçirilir. Üç yaşlı uşaqların əməyi yalnız əyani təsirli təlim zamanı həyata keçirilir. Bu zaman tərbiyəçi uşaqlara planlı təsir göstərir. İş prosesində tərbiyəçi görüləcək işi uşaqlara başa salmalı, əyani göstərməli və praktik nümunələr verməlidir. Uşaqlar təbiət materiallarından istifadə edərkən tərbiyəçi bu materialların mahiyyətini (su, qum, gil, qaynar su, soyuq su və s.) onlara başa salmalıdır. Günəşin parlamasını, qarın əriməsini, soyuq külək, şaxta və s. təbiət hadisələri haqqında da uşaqlarda məlumat olmalıdır. Heyvanların və quşların hərəkətini öyrənən uşaqlar onların təbiətdə yeri haqqında mühakimə yürüdürlər. Beləliklə, uşaqlar praktik hərəkətlərdən idraki hərəkətlər kimi istifadə etməyə başlayırlar. Yaşından asılı olmayaraq işin məqsədi hər bir uşağa aydın olmalıdır. Əmək prosesinə şüurlu münasibət tərbiyə etmək üçün uşaqlara görülən işlərin əhəmiyyətini başa salmaq lazımdır. Məsələn, soğan, noxud və s. bitkilərin toxumlarının əkilməsi üçün əvvəlcə torpaq yumşaldılmalıdır. Alaq otları sahədən təmizlənməlidir ki, onlar bitkilərin inkişafına mane olmasın. Bu yaşda uşaqlar təbiətin canlı aləmi üzərində müşahidəyə də cəlb olunurlar. Qışda uşaqların diqqəti qışlayan quşların davranışına, qar basmış ağac və kollara cəlb olunur. Bağçada uşaqların iştirakı ilə ağacların dibi qarla basdırılır və onlara izah edilir ki, qalın qar qatı ağacın köklərini şaxtadan qoruyur. İstilik düşəndə isə qar əriyir və ağaclar doyunca su içir. Orta qrup uşaqlarında əməyə şüurlu münasibət nisbətən güclü olur. Uşaqlar təbiət hadisələrini müşahidə edərkən tanış əşyaları səciyyəvi əlamətlərinə görə müqayisə etməyi və qruplaşdırmağı öyrənirlər.
Dostları ilə paylaş: |