Maddə 5. Təhsil hüququna dövlət təminatı
5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına
təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum
edilməsinə yol vermir.
5.2. Dövlət cinsindən, irqindən,
dilindən, dinindən, siyasi əqidəsindən,
milliyyətindən, sosial vəziyyətindən,
mənşəyindən, sağlamlıq imkanlarından asılı
olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol
verilməməsinə təminat verir.
5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə
qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında,
təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində,
ixtisasların
seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin
edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və
təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar
üçün bərabər imkanlar
yaradılmasını təmin edir.
5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin
edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq
hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində
qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir
dəfə pulsuz təhsil almaq
hüququnu təmin edir.
5.5. Dövlət əmək bazarının tələblərinə uyğun olaraq təhsil müəssisələrinə ixtisaslı
kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin
olunmasına şərait yaradır.
5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini
davam
etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına
şərait yaradır.
5.7. Dövlət milli təhsil ənənələrinin qorunmasına, inkişafına və innovasiyaların
tətbiqinə təminat verir.
5.8. Dövlət xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və
proqramlar həyata keçirir.
Dostları ilə paylaş: