AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİ KİMİ Fənnin əsaslandırılması.Azərbaycan dilinin praktik öyrənilməsi üçün zəruri fonetik, leksik, qrammatik xüsusiyyətlərin, dil və nitq vahidlərinin məna və intonasiyasının mənimsənilməsi, şüurlu və ifadəli oxuya, nitqin müxtəlif forma və tiplərinə dair bacarıqların, dövlət dili kimi Azərbaycan dilinə hörmət və məhəbbət hissinin formalaşdırılması təmin olunur.
Ümumi nəticələr
Şagird:
dinlədiyi mətnin məzmununa münasibət bildirir;
mətni şüurlu və ifadəli oxuyur;
ünsiyyət prosesində dil vahidlərindən, nitqin müxtəlif formalarından məqsədyönlü istifadə edir, müstəqil surətdə mətnlər qurur;
öz fikirlərini ardıcıl və aydın ifadə edir;
praktik fəaliyyətində Azərbaycan dili üzrə nitq vərdişlərinə yiyələnməsini, bu dilə hörmət və məhəbbət bəsləməsini nümayiş etdirir;
nitq bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif mənbələrdən istifadə edir, öz ana dilinə və əksinə tərcümələr edir.