• Düzgünlük (ədəbi normalara əməl edilməsi); • Aydınlıq və sadəlik; • Qısalıq; • Zənginlik və emosionallıq1.195]. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər, bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi,zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarından nümunə götürməlidirlər[2]
1. Nitqin aydınlığı.
Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməmişdir. Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq obyekti haqqında mükəmməl məlumata malik olmasıdır. Natiq haqqında danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək üçün müvafiq dil vasitələri də tapa bilər. Bəhs olunan mövzular, hadisələr, əhvalatlar və s. barədə dərin, həm də ətraflı biliyə malik olan natiqlər daha maraqla dinlənilir, onların şərhində heç bir dolaşıqlıq, zidd fikirlər müşahidə olunmur. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq danışır və yazır, işlədilən hər bir sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun nə dərəcədə yararlı olduğunu aydın təsəvvür edirlər. Düzgün olmayan tələffüz – səslərin öz məxrəcində deyilməməsi, qarışdırılması, bəzən də səslərin, hecaların tələffüzdən düşməsi, məzmuna, məqsədə uyğun intonasiyaya əməl olunmaması və s. də nitqin aydınlığına xələl gətirən səbəblərdir. Normal nitq tempindən yavaş və ya əksinə, iti danışanlara təsadüf etmək çətin deyildir. Iti templə danışarkən sözlər yarımçıq tələffüz olunur.Kütlə qarşısında, auditoriyada çıxış edən nitqinin aydın olması üçün aşağıdakılara əməl etməlidir:
1) Danışılacaq mövzu ətrafında əvvəlcə düşünmək, lazımi material və faktlar toplamaq; 2) Həmin materialı sistemləşdirmək; 3) Mətn yazılıdırsa, dönədönə
oxumaq, oradakı əsas fikri ifadə edən sözləri (məntiqi vurğulu sözləri) aydın və nəzərəçarpacaq dərəcədə tələffüz etməyə nail olmaq; 4) Söz və qrammatik formaları düzgün və aydın tələffüz etmək; 5) Məzmuna uyğun intonasiya seçə bilmək; 6)Mətndə qarşıya çıxa biləcək mənası çətin sözləri (alınma sözləri, terminləri, neologizmləri, köhnəlmiş sözləri və s. izah etmək; 7) İstinad olunan mənbəni (əsər, məqalə, radio və televiziya verilişləri və s.) göstərmək; 8) Fikri, çıxarılan nəticəni misallarla əsaslandırmaq; 9) Auditoriya ilə (eləcə də müsahiblə) əks əlaqəni yaratmaq – sual vermək, cavab almaqla deyilənlərin başa düşüldüyünü,mənimsənildiyini müəyyənləşdirmək, lazım gələrsə əlavə şərh vermək; 10) Dinləyicilərin mənafe uyğunluğu, şəxsi maralarını nəzərə alınmaq.
Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca dictio sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması deməkdir. Aydın və oxunaqlı xətt yazılı nitqin asan anlaşılmasına nə dərəcədə şərait yaradırsa, düzgün diksiya da şifahi nitqin başa düşülməsi, qavranılmasını o dərəcədə təmin edir. Diksiyanın pozulması digər tələblərə əməl olunduqda belə (sözlər mənaya uyğun işlənildikdə, cümlədə söz sırası gözlənildikdə, cümlələrdə fikrə uyğun bağlılıq olduqda və s. hallarda) nitqi anlamağı çətinləşdirir. Bu cür danışıqda sözlər “ağızdan tökülür”, çox zaman sözün axırı, əvvəli aydın deyilmir, səslər qarışdırılır, bitişik şəkildə tələffüz olunur. Məsələn; bizəldi (bizə gəldi), gətdi (gətirdi), gə gedək (gəl gedək), lazım təşkilatlar (lazımi təşkilatlar), çəkişəgələnlər (çəkilişə gələnlər), oagörə (ona görə), sonsamitlə bitən (sonu samitləbitən), ümqrammatik (ümumi qrammatik), sutiyada (studiyada) və s. Bəzən düzgün tələffüz pis diksiya ilə təhrif olunur. Diksiyanın pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını bir qədər çətinləşdirir. Nitqin səs mədəniyyəti dedikdə bura artikulyasiya aparatının düzgün qurulması, səs və sözlərin dürüst tələffüz edilməsi, ünsiyyət şəraitinə görə səsin gücünün tənzimlənməsi, nitq sürətinin gözlənilməsi, intonasiyaya, ifadəliliyə əməl olunması, nitqi eşitmə qabiliyyətinin yaradılması və s. daxildir.
Aydın tələffüzdə danışıq üzvü kimi dişlərin də rolu böyükdür. “Dişlər
ayrılıqda səslərin müxtəlifləşməsi üçün heç bir müstəqil vəzifəyə malik deyildir.
Dişlər yalnız dil və dodaqlara köməkçi olaraq səslərin müxtəlifləşməsində iştirak
edir. Məsələn; s, z səslərinin əmələ gəlməsi üçün dişlər dilə, f, v səslərinin
yaranması üçün dişlər alt damağa kömək edir”[2.]