Dərsin ideya-siyasi, elmi-nəzəri və əməli səviyyəsini yüksəltmək üçün
lazım gələn ən mühüm tələblərdən biri məhz dərsin həyatla əlaqələndirilməsinin
təmin edilməsidir. Dərsə verilən tələblərdən bəhs edərkən bu mühüm tələbi unudub
keçmək yolverilməzdir. Hər şeydən əvvəl onu qeyd edək ki, bu tələbə riayət
edilmədən verilən dərs, öz təhsil-tərbiyə əhəmiyyətini məhdudlaşdırır, şagirdlərdə
maraq oyatmır, hətta formalizmin kök salması üçün geniş meydan açır, ancaq
bilmək xatirinə öyrənmək əhvali-ruhiyyəsi doğurur. Ona görə də şagirdlərə
müxtəlif fənlər üzrə öyrəndikləri biliklərin həyatla necə əlaqədar olduğunu dərk
etdirmək, şübhəsiz dərsin yüksək keyfiyyətdə keçirilməsinə xidmət edir.
Hər bir dərs imkan dairəsində ölkənin, dünyanın müasir ictimai, siyasi və
iqtisadi problemləri, baş verən hadisələri, elmin və texnikanın ən yeni nailiyyətləri,
sənaye və kənd təsərrüfatı istehsalatı ilə əlaqələndirilməlidir. Unuda bilmərik ki,
şagirdləri həyata, əməyə hazırlamaq məsələsi (vəzifəsi), hər şeydən əvvəl, onları
respublikanın ictimai-iqtisadi və mədəni həyatı ilə tanış etmək yolu ilə yerinə
yetirilə bilər. Dərsin həyatla əlaqəsi dedikdə, bunu hər dərsin süni surətdə bu və ya
başqa həyatı hadisə ilə bağlanması kimi düşünmək olmaz. Dərsin həyatla əlaqəsi,
təcrübənin göstərdiyi kimi, müxtəlif formada və müxtəlif yollarla həyata keçirilə
bilər. Hər şeydən əvvəl, bu texnikanın, sənayenin, kənd təsərrüfatının tərəqqisində,
insan cəmiyyətinin, insanın özünün, onun zehni və fiziki qüvvələrinin,
dünyagörüşünün inkişafında, bu və ya digər başqa elmi nəzəriyyənin, bu və ya
başqa elmi qanunun, elm və texniki ixtiranın oynadığı rolu şagirdlərə dərk
etdirməkdən ibarətdir. Şagirdləri fənlər üzrə təlim prosesində başa salmaq lazımdır
ki, insan elmə istinad edərək xariqələr yaradır, eyni zamanda insanın ictimai
təcrübəsi ilə ümumiləşdirilir, elm və texnika insan əməyini yüngülləşdirir, onu
daha çox məhsuldar edir. Lakin bütün bu anlayışlar şagirdlərə doqmatik şəkildə,
bir və ya iki dərsdə deyil, müxtəlif fənlər üzrə verilən dərslər sistemində tədriclə,
müxtəlif formalarda aşılanr.
Təlim prosesi dərsdə ona istiqamətləndirilməlidir ki, Azərbaycan vətəndaşının
daşımalı olduğu ideyalar şagirdlərdə inama, əqidəyə, ideoloji mübarizə silahına
çevrilsin. Bu məqsədlə təlim prosesi elə qurulmalıdır ki, şagirdlər bu ideyaları
formal deyil, daxilən, dərindən dərk etsinlər, o ideyalarla yaşasınlar, emosional
əhvali-ruhiyyəni duya bilsinlər. Məhz buna görədir ki, təlimdə emosionallıq, emo-
siyanın rolu inkaredilməzdir. Əlbəttə, bu yeni məsələ deyildir. Təlim prosesində,
şagirdlərdə müsbət və ya mənfi emosiyaların oyadılmasının zəruriliyini inkar edən
yoxdur, lakin əməli cəhətdən onu çox zaman həyata keçirmək qayğısına
qalmayanlar da az deyildir. Buna görə də dərslərin təşkili və gedişində cansıxıcılıq,
biganəlik halları az olmur. Təəssüflə demək lazımdır ki, hələ heç də bütün müəl-
limlər və məktəb rəhbərləri dərk etməmişlər ki, dərs vermək məharəti təkcə biliyi
dürüst şərh etməkdə deyildir, həm də şagirdlərdə böyük və dərin maraq
oyatmaqdadır: bu isə sinifdə əhvali-ruhiyyə yüksək olduğu zaman mümkündür.
Məhz buna görə də biz dərsin yüksək elmi-siyasi səviyyəsindən danışarkən və bu
kimi digər məsələlərə toxunarkən, təlim və emosionallığın, hisslərin dərsdə ehtiza-
za gətirilməsindən yan keçə bilmərik. Əksinə, onu xüsusi olaraq nəzərə almalıyıq.
Məlumdur ki, şagirdlərə bilik öyrənməyə, elmin sirlərinə bələd olmağa maraq
hissi, didaktik vəzifənin yerinə yetirilməsindən asılı olaraq sevinc və ya kədər,
rəğbət və ya nifrət, iftixar və ya biganəlik hissi oyatmadan onlara verilən elmi biliklər
möhkəm olmaz, uşaqların mənəvi aləmini zənginləşdirmək mümkün olmaz.
Qabaqcıl məllimlərin təcrübəsi açıq göstərir ki, dərsin emosional təsir
qüvvəsindən hər bir fənnin təlimi prosesində istifadə etmək mümkündür. Fənnin
tədrisi ustası olan hər bir müəllim dərslərində elə misallar və ya faktlar gətirə bilər
ki, şagirdlərdə ya şadlıq, ya da məyusluq, ya fərəh, hüsn-rəğbət, iftixar, ya da
nifrət, qəzəb, ikrah və s. hissləri doğursun. Belə priyomların isə tərbiyəvi təsir gücü
inkaredilməzdir.
Mühüm məsələlərdən biri də dərsdə təlim prosesinin intensivl-
əşdirilməsidir. Bu da yeni məsələ deyildir. Təlim prosesini intensivləşdirmək,
məlum olduğu üzrə böyük və mürəkkəb məsələdir. Burada ancaq bir cəhətə-təlim
prosesinin dərsdə intensivləşdirilməsi məsələsinə toxunmaq istərdik. Təlim
metodlarının, həmçinin dərsin təkmilləşdirilməsi, müxtəlif təlim texnologiyalarının
tətbiqi də bu məsələni açmağı təkidlə tələb edir.
Təlim priyomlarının mürəkkəbliyi, həmçinin dərsdə müstəqil işlərin təşkili,
problemli şərhin və digər bu kimi axtarış metodlarının tətbiqi, aydındır ki, çox vaxt
tələb edir. Dərslərin müddətini və ya dərs ilini uzatmağa isə imkan yoxdur. Əsas
çıxış yolu bu məqsədlə dərsdə təlim prosesini intensivləşdirməkdən ibarətdir. Dərsi
intensivləşdirmənin mahiyyəti isə vaxt ölçüsü vahidini dəyişdirmədən görülən
işlərin miqdarını, keyfiyyətə xələl gətirmədən artırmaqdır. Bunun üçün dərsin hər
dəqiqəsindən səmərəli istifadə etmək, bir dəqiqənin belə boş keçməsinə yol
verməmək, hər şagirdin dərsin əvvəlindən axırınadək gərgin işləməsini təmin
etmək lazımdır. Dərsin intensivləşdirilməsi xüsusi priyomla deyil, dərsin hər
mərhələsində, priyomlar sistemindən istifadə etməklə yerinə yetirilə bilər.
Dərsdə bütün şagirdlərin məhsuldar təlim işi ilə əhatə edilməsi, onların
dərketmə fəaliyyətinin aktivləşdirilməsi çox vacib məsələlərdəndir. Şagirdlərin
hər birinin dərsdə gərgin işləməsini təmin etmək hər şeydən əvvəl, onların idrak
fəaliyyətini aktivləşdirmək dərsin təkmilləşdirilməsinə əsas tələblərdən biri hesab
edilir. Bu da təsadüfi deyildir, çünki şagirdlərin idrak fəaliyyətini təlim prosesində
aktivləşdirmək elə bir mühüm tələbdir ki, ona istinad edərək onların hazırlıq
səviyyəsini əsaslı surətdə yüksəltmək mümkündür. Dərsdə şagirdləri fəallaşdırmaq
tələbi pedaqogika tarixində yeni məsələ deyildir. Zəmanələrinin görkəmli
pedaqoqları görməyə bilməzdilər ki, pedaqoji prosesin keyfiyyətini yüksəltmək üçün
müəllimin yeni dərsi məharətlə şərh etməsi ilə yanaşı, şagirdlərin dərsdə fəal iştirakı,
onların zehni, əqli cəhətdən fəallıq göstərmələri də mühüm şərtdir. Buna görə də
onlar dərsin “şablonlaşdırılması”nı, sönük və maraqsız keçirilməsini müxtəlif
şəkildə tənqid etmiş, belə dərslərin şagirdlərdə zehni inkişafı ləngitdiyini açıb
göstərmişlər. K.D.Uşinski təkidlə tələb edirdi ki, şagirdlər dərsdə, mümkün qədər fə-
al və müstəqil işləsinlər, müəllim isə onların bu cür işləmələrinə rəhbərlik etməklə
material versin. Məhz bu münasibətlə o, şagirdlərə “öyrənməyi öyrətmək lazımdır”-
deyirdi, yəni onları elə işlətmək lazımdır ki, yeni anlayışları müstəqil olaraq
asanlıqla dərk etməyi öyrənsinlər. Bu baxımdan o, təlim prosesində müqayisəyə xü-
susi yer verməyi tələb edir və göstərirdi: “Tərbiyəçi imkan daxilində lap əvvəlcədən
uşağı elə öyrətməlidir ki, o, başqası tərəfindən (şifahi və ya kitab vasitəsilə) ona şərh
edilən biliyi düşünmədən mənimsəməsin, əksinə, öyrəndiyi bilikləri öyrənmiş
olduqları ilə müqayisə etsin, tutuşdursun”. O zamanlar məlum səbəblərdən bu
qabaqcıl fikirlərin məktəblərə daxil edilməsinə mane olurdular. Sevindirici haldır ki,
dərsdə şagirdlərin fəallaşdırılması ilə bağlı qabaqcıl iş təcrübəsi Azərbaycan məktəb-
lərində özünə yer almaqdadır.
Şagirdlərin idrak fəaliyyətinin gücləndirilməsi probleminin mahiyyətinə
gəldikdə isə deməliyik ki, bu heç də xüsusi bir priyomla başa gələn iş deyildir. Bu,
şagirdlərin təlim prosesində bütün zehni qüvvələrini aktivliklə işlətməsini, yeni
bilikləri mənimsəməyə dərin maraq gösərməsini, təlim prosesində müstəqil hərəkət
etməyə çalışmasını, qarşıya çıxan çətinlikləri yox etməyə səy göstərməsini tələb
edən mühüm didaktik prinsipdir. Məhz buna görə də dərsə verilən bu tələbin yerinə
yetirilməsi kompleks surətdə bir sıra pedaqoji tələblər nəticəsində, o cümlədən, həm
təlim metodlarının səmərəli tətbiqi, həm də təlim texnologiyalarının məzmuna və
sinifə görə düzgün müəyyənləşdirilməsi, həm fənlərarası əlaqəni, xüsusilə şagird-
lərin müstəqil fəaliyyətinin təşkil olunması və s. yolu ilə həyata keçirilə bilər.
Yeri gəlmişkən, qeyd edək ki, məktəblilərin tədris məşğələlərinə marağının
azalması kimi qorxulu meyil yarananda (bu XX əsrin 70-ci illərinə təsadüf
etmişdir) müəllimlər şagirdlərin əqli əməkdən üz döndərməsinin qarşısını müxtəlif
üsullarla almağa cəhd göstərdilər. Kütləvi praktikada bu problemə diqqət
yetirilərək qeyri-standart dərslər təşkil edildi. Məqsəd şagirdlərdə tədris əməyinə
maraq oyatmaq və o marağı saxlamaq idi. Qeyri-standart dərslər standart strukturu
olmayan impovizə edilmiş tədris məşğələləridir.
Təbii ki, qeyri-standart dərslər öz məqsədinə, təşkilinə, keçirilmə
metodikasına görə qeyri-adi dərslərdir, onlar ciddi strukturu, müəyyən iş rejimi
olan gündəlik tədris məşğələlərinə nisbətən şagirdlərin daha çox xoşuna gəlir. Ona
görə də, müəllimlər belə qeyri-standart dərslərdən də istifadə etməlidirlər. Amma
qeyri-standart dərsləri başlıca iş formasına çevirmək olmaz. Dərslər-işgüzar oyun-
lar, dərslər-mətbuat konfransı, yarış dərsləri, məsləhət dərsləri, kompyuter dərsləri,
qarşılıqlı təlim dərsləri, yaradıcılıq dərsləri, dərslər-oyunlar, fantaziya dərsləri,
dərslər-konsertlər, məqbul dərsləri, dialoq dərslər, dərslər-rollu oyunlar, dərs-
seminarlar, inteqral dərslər, “məhkəmə” dərsləri və s. bu kimi qeyri-standart
formalara aludəçilik etmək olmaz. Çox vaxt apardığına, ciddi əqli əmək sərf edil-
mədiyinə və yüksək nəticə qazanmadığına görə onları sistem halında tətbiq etmək
məqsədəuyğun deyildir.
Təlim prosesinin təşkilinin digər formaları (köməkçi formaları) sırasına
dərnəklər,
praktikumlar,
seminarlar,
konfranslar,
məsləhətlər,
fakültativ
məşğələlər, tədris ekskursiyaları, şagirdlərin müstəqil işləri (evdə) və s. aiddir. Bu
formalar şərti olaraq köməkçi formalar adlanır, ola bilər ki, onlardan bəziləri
məsələn, seminarlar, evdə müstəqil işlər, fakültativ məşğələlər, ekskursiyalar
müəyyən vaxt təlimin təşkilinin əsas forması statusunda çıxış etsin.
Qeyd etmək lazımdır ki, şagirdlərin evdə müstəqil işi məktəbdənkənar əsas və
stabil məşğələ növlərindəndir. Bu iş növü təlim prosesinin tərkib hissəsidir. Onun
başlıca məqsədi şagirdlərin dərslərdə aldıqları bilik və bacarıqları genişləndirmək,
dərinləşdirmək, unutmanın qarşısını almaq və həm də onların fərdi meyillərini,
istedad və qabiliyyətlərini inkişaf etdirməkdir.
Müstəqil ev işi tədris proqramlarının tələblərini, həmçinin məktəblilərin
maraq və tələbatlarını, onların inkişaf səviyyəsini nəzərə almaqla qurulur.
Sinifdənxaric müstəqil iş şagirdlərin müstəqilliyinə, şüurluluğuna, fəallığına istinad
edir. Düzgün təşkil edilmiş sinifdənxaric fəaliyyət şagirdlərin inkişafında sinifdəki
fəal işdən heç də az əhəmiyyət kəsb etmir.
Ə.X.Paşayev, F.A.Rüstəmov yazırlar ki, şagirdlərin evdə müstəqil işi
aşağıdakı təlim funskiyalarını yerinə yetirir:
1) dərsdə əldə olunmuş bilik və bacarıqları möhkəmlətmək;
2) sinifdə keçirilmiş tədris materialını genişləndirmək və dərinləşdirmək;
3) çalışmaları müstəqil yerinə yetirmək üçün bacarıq və vərdişləri
formalaşdırmaq;
4) proqram materialı çərçivəsində fərdi tapşırıqları yerinə yetirmək yolu ilə
təfəkkürün müstəqilliyini inkişaf etdirmək;
5) fərdi müşahidələr və təcrübələr aparmaq, dərslərdə yeni mövzuları
öyrənmək üçün material toplamaq və tədris vasitələri hazırlamaq (təbiət
nümunələri, şəkillər, üllüstrasiyalar, qəzet və jurnallardan kəsilib götürülmüş və
statistik materiallar əsasında).
Fənn dərnəkləri öz istiqamətinə, məzmununa, iş metodlarına, keçirilmə
vaxtına görə müxtəlifdir. Praktika təsdiq edir ki, fənn dərnəkləri şagirdərin maraq
və meyillərinin inkişafında olduqca əlverişli rol oynayır. Təlimə müsbət münasibət
inkişafa da müsbət təsir edir. Dərnəklər həyatla əlaqənin möhkəmləndirilməsinə,
fənlərarası əlaqənin inkişafına kömək edir. Şagirdlərin fənn dərnəklərində iştirakı
tədris prosesini fəallaşdırır, təlimin keyfiyyətini yüksəldir.
Ekskursiyalar tədris işinin qədim formalarındandır. Könüllü keçirilən tərbiyə
xarakterli ekskursiyalardan fərqli olaraq, təlim ekskursiyaları tədris proqramlarında
öz əksini tapır. Ekskursiyanın hər bir mərhələsinin vəzifəsindən asılı olaraq,
müəllim şagirdləri kollektiv, qrup və fərdi tpşırıqlar üzərində işlədir.
Ekskursiyaların təşkili forması məqsəd, obyektin xüsusiyyətləri, şagirdlərin idrak
qabiliyyətini səmərəli idarə etmək imkanları, həmçinin şagirdlərin təhlükəsizliyini
və sağlamlığını müdafiə etmək istəyi ilə şərtlənir.
Fakültativlər və seçmə kurslar tədris planı üzrə məktəblilərin, onların
valideynlərinin arzu və maraqlarını nəzərə almaqla işlənib hazırlanır. Fakültativlərin
və seçmə kurslar siyahısı tərtib edilərkən təkcə şagirdlərin arzularına deyil, həm
ictimai tələbatlara və məktəbin imkanlarına əsaslanılır. Şagirdlərin praktik fəaliyyətə
hazırlanması zamanı konkret şərait və vəzifələr nəzərə alınır. Fakültativ və seçmə
məşğələlər ümumtəhsil fənləri ilə sıx əlaqədə keçirilməlidir.
Məsləhətlər şagirdlərə tədris materialına yiyələnmək işində qarşıya çıxan
çətinlikləri aradan qaldırmağa kömək edir. Məsləhətlər prosesində müəllim
şagirdlərin fəaliyyətini elə istiqamətləndirir ki, onlar bu və ya digər məsələni düzgün
başa düşsün, mürəkkəb tapşırıqların və öyrənilən hadisələrin mahiyyətini açmağı
öyrənsinlər. Məsləhətlər şagirdlərin biliklərindəki mövcud çatışmazlıqları üzə çıxar-
mağa, onların diqqətini dərindən öyrənilməsi vacib olan məsələlərə yönəltməyə
imkan verir. Düzgün təşkil edilmiş məsləhət şagirdlərdə özünənəzarət, öz biliklərinə
tənqidi münasibət tərbiyə edir, yaxşı oxumağa, təhsil səviyyəsini düzgün müəyyən
etməyə kömək edir.
14.3.1. Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması
Dərs müəllimin ğıl vəhissinin sehrində yaranır.Əsl müəllim özünün biliyini və
istedadını ilhamla dərsə həsr edir.Müasir məktəbə,sözün əsl mənasında, yaradıcı
müəllim lazımdır.Dərsə hazırlaşarkən müəllimin yaradıcılığının səviyyəsi onda
məhz pedaqoji təxəyyülün inkişaf səviyyəsi ilə müəyyən olunur. Müəllimin
didaktik qabiliyyətləri öz gücünü dərsdə göstərir, lakin dərsə hazırlaşanda da,
dərsliyi araşdıranda da o, məhz öz istedadının qüdrətinə güvənir.
Tədris işində müəllim həlledici tərəfdir (təşkiledici əsas iki komponentdən
biridir). Dərsə verilən tələb kimi müəllimin fəaliyyətin müvəffəqiyyəti üçün də
müəyyən şərtlər mövcuddur. Mühüm şərtlərdən biri müəllimin dərsə hazırlığıdır.
Bunu pedaqoqlar xüsusi vurğulayırlar.
Müəllim dərsə hazırlaşarkən təlimin başlıca funksiyalarının – təhsil, tərbiyə
və inkişaf funksiyalarının necə yerinə yetirəcəyi diqqət mərkəzində durmalııdr. Bu
məqsədlə o, əvvəla, həmin dərsdə öyrədəcəyi əsas bilikləri, ideyanı, qanunu, qay-
danı, anlayışı dəqiqləşdirir, aşılayacağı tədris və idrak bacarıqlarını müəyyənləş-
dirir; ikincisi, dərs zamanı hansı əxlaqi, mənəvi estetik və s. keyfiyyətlərin
formalaşmasına təkan verəcəyini aydınlaşdırır; üçüncüsü dərsin məzmununu təşkil
edən bilik və bacarıqlar vasitəsi ilə hansı psixiloji funksiyaları – diqqəti, təxəyyülü,
iradəni və s. inkişaf etdirəcəyini konkretləşdirir.
Dərsin hər mərhələsində müəllim necə hərəkət edəcəyini və şagirdlərin nə ilə
məşğul olacağını planlaşdırılır. Qarşıdakı başlıca didaktik məqsəd və vəzifələrdən
asılı olaraq təlim metodlarının seçilməsi də müəllimin dərsə hazırlığına aiddir.
Hansı əyani və texniki vasitələrdən, hansı mənbələrdən, sorğu kitablarından, lüğət-
lərdən və s. dərsdə istifadə edəcəyini müəllim qabaqcadan düşünür.
Müəllimin dərsə hazırlığı, müxtəlif formaya – geniş metodik işləmə, təfsilatlı
plan və ya cədvəl formasına düşə bilər.
Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması nöqteyi-nəzərindən
B.A. Əhmədovun fikirləri tövsiyə kimi qəbul oluna bilər. O, yazır ki, müəllim
dərsə hazırlaşarkən aşağıdakıları əsas götürməlidir: 1) proqramın tələblərini; 2)
şagirdlərin real səviyyəsini; 3) məqsədi; 4) materialın məzmununu; 5) vasitə və
metodları və s. Dərsin planlaşdırılmasında isə aşağıdakılar diqqət mərkəzində sax-
lanmalıdır:
1.Mövzunun proqramda necə verilməsi, proqramın ən çox nəyi tələb etdiyinin
diqqətlə öyrənilməsi;
2. Öyrəniləcək mövzu ilə əlaqədar yeni elmi -metodik ədəbiyyatın nəzərdən
keçirilməsi, öyrənilməsi.
3. Sinfin bütün şagirdlərini, eləcə də hər bir şagirdi göz önünə gətirmək,
materialı əvvəlcədən onların real səviyyəsinə uyğunlaşdırmaq, müvafiq iş
priyomları müəyyənləşdirmək zəruridir;
4. Dərsin konkret məqsədini aşkar etmək, dərsin sonunda “Nəyə nail
olmalıyam?” sualına cavab vermək lazımdır.
5. Həmin məqsədə çatmaq üçün şagirdləri hansı iş növü üzərində işlətmək
lazım gəldiyini aydınlaşdırmaq;
6. Şagirdin səviyyəsi, məqsəd, əldə olunan vasitələr sistemi ilə müəllimin öz
imkanları arasındakı əlaqə müəyyən edilməlidir;
7. Qeyd olunanlar əsasında dərsin kompozisiyası yaradılmalı və dərsin planı
yazılmalıdır;
8. Dərs xəyalən icra edilməlidir və vaxt müəyyənləşdirilməlidir.
Müəllimin dərsə hazırlaşmasının və dərsin planlaşdırıl-masının proqram
materialı ilə bağlılığını xüsusi qeyd edərək B.A.Əhmədov göstərir ki, məktəbdə
proqram materialı iki şəkildə planlaşdırılır: perspektiv, cari. Perspektiv
planlaşdırma da iki yerə bölünür: İllik və tematik. Cari planlaşdırma tematik plana
əsaslanır və hər bir konkret dərs üçün tələb olunur. Bu, dərsin məqsədlərini,
mərhələlərini, müstəqil işləri və s. əks etdirir .
Y. Talıbov, Ə.Ağayev, İ.İsayev, A. Eminov da müəllimin dərsə hazırlaşması
məsələsinə xüsusi əhəmiyyət vermişlər. M.M.Mehdizadə yazırdi ki, ”...belə bir
həqiqəti sübut etməyə ehtiyac yoxdur ki, dərsin elmi-nəzəri və metodik səviyyəsi,
onun təlim və tərbiyə səmərəsinin yüksəldilməsi xeyli dərəcədə müəllimin
bütövlükdə öz fənnini tədris etməyə ümumi hazırlığının necə olmasından və xüsu-
sən növbəti dərsə hazırlaşmasından asılıdır”.
Şübhə yoxdur ki, dərsə hazırlıq, dərsin planının tərtibi ilə başa çatır. Bu dərsin
mütləq komponentidir, bunsuz müəllim dərsdə qarışıqlıq yaranması, bununla da
məşğələlərin səmərəliliyinin azalması təhlükəsi qarşısında qalır.
Dərsin planlaşdırılması ilə bağlı V.A.Onişşuk göstəriri ki, dərs planının
keyfiyyəti onda dərsin bütün ünsürlərinin əks olunmasından asılıdır. Y.K.Babanski
optimallaşdırma prinsiplərinə uyğun təlimin planlaşdırılması və təşkilinin
ardıcıllığını təqdim etmişdir. Onun təqdimatı belədir:
1. Təhsil, tərbiyə, intellektual, iradi və emosional inkişaf vəzifələrinin
planlaşdırılması;
2. Hər bir sinfin xüsusiyyətlərinin nəzərə alınması ilə təlim vəzifələrinin
konkretləşdirilməsi;
3. Təlim materiallarının məzmununda başlıcanın dəqiq ayrılması;
4. Sorğu, yeninin öyrənilməsi, çalışmalar və s. ardıcıllığının şüurlu şəkildə
seçilməsi;
5. Təlimin vasitə, metodlarının verilmiş şəraitdə daha yaxşı uzlaşmasının
seçilməsi. Dərsin gedişində təlim metodlarına xüsusi təshihin verilməsi;
6. Təlimin təşkilinin əsaslandırılmış formasının seçilməsi. Daha hazırlıqlı və
zəif mənimsəməyə malik şagirdlərə fərdi yanaşma.
7. Təlimin əsaslandırılmış tempinin seçilməsi. Fəaliyyətdə olan normalara
uyğun ev tapşırığının həcminin müəyyənləşdirilməsi. Digər müəllimlərlə ev
tapşırığı həcminin koordinasiya edilməsi;
8. Təlim üçün yüksək səviyyəli şərait və imkanlara çalışmaq;
9. Təhsilvermə, tərbiyə və inkişaf planı ilə təlimin nəticələrinin təhlili. Ev
tapşırığına şagirdin vaxt itkisinin rasionallığının nəzərə alınması.
Praktikada bir çox müəllimlər ağırlıq mərkəzini ayrı-ayrı dərslərə hazırlıq
üzərində yerləşdirir, tədris ili və tədris mövzusu üzrə hazırlığa isə kifayət qədər
diqqət vermirlər. Bizim fikrimizcə, tematik planlaşma ilə dərslər üzrə planlaşma
(cari planlaşma) qarşı-qarşıya qoyula bilməz.Tematik planlaşma zəruridir, bunsuz
dərslər üzrə planlaşma lazımi nəticəni verə bilməz. Eyni zamanda tematik planlaş-
maya nisbətən dərslər üzrə planlaşma zaman və məkana görə daha konkret məna
daşıyır.
Müasir dərsə hazırlıqda müəllimlərin çətinliyi aşağıdakı istiqamətlərdə
özünü göstərir: birinci çətinlik dərslərin təşkilinin elə axtarışı ilə bağlıdır ki,
burada həm tədris materialının bütün şagirdlər tərəfindən mənimsənilməsi, həm də
müstəqil idrak fəaliyyətlərinin və əqli inkişafının təmin olunması diqqət
mərkəzində saxlanılsın (bu isə təlim materialının hazırlanması və uyğun təlim me-
todlarının seçilməsi ilə bağlıdır); ikinci çətinlik problem situasiyasının yaradılma-
sı, burada priyom və metodların, problem sualların, didaktik materialın
tapılmasından ibarətdir; üçüncü çətinlik, təlim probleminin müstəqil həlli üçün
vaxta qənaət və dərsin tempinin yüksəldilməsi üçün texniki vasitələrin kompleks
tətbiqinin vacibliyi ilə bağlıdır; dördüncü çətinlik, mövzuya şagirdlərin marağının
oyanması, təlim motivlərinin formalaşması, onların emosional-iradi münasibətləri-
nin artırılması zəruriliyi ilə əlaqədardır.
Pedoqoji ədəbiyyatda problemli dərslərin planlaşdırlması və hazırlıq
sisteminin qurulmasına aid olan mülahizələr də vardır. T.V. Kudryatsevin bu
barədə fikri müəyyən qədər maraq doğurur. O, dərsə hazırlığın aşağıdakı sxemini
təklif etmişdir: a) materialın məzmununun təhlili; b) həmin əsasa görə problemili
vəziyyətin tipinin seçilməsi; c) problemin tipi və dərsin struktur mərhələləri ilə
bağlı təlim materialının konstruksiya olunması; ç) dərsin konkret gedişinin
qabaqcadan düşünülməsi.
T.V. Kudryatsevin sxeminin problemli dərsə verilən bir sıra tələblərə uyğun
olduğunu inkar etmək olmaz. Ancaq o, dərsə hazırlığın məzmunu, təlim
materialıının təhlili mərhələlərini, təlim materiallarının məzmunu üzərində
müəllimin konkret iş priyomlarını tam açmır; bu sxem yalnız məntiqi-psixoloji alt
strukturun bəzi elementlərini əhatə edir. Ona görə də, o, problemli dərsə hazırlığın
tələblərinə tamamilə kifayətləndirici ola bilmir.
Dərsin planlaşdırılması və hazırlıq sisteminin işlənilməsi üçün M.A.
Danilovun nəticələri daha ciddi əhəmiyyət kəsb edir. O, aşağıdakı şərtlərin
gözlənilməsini zəruri hesab edir:
- əvvəlki məşğələlərin nəticələrini nəzərə almaq;
- əvvəlki və hazırki dərslər arasında əlaqəni müəyyənləşdirmək;
- dərsin məqsədini müəyyənləşdirmək;
- şagirdlər üçün idrak məsələlərini formalaşdırmaq;
- müstəqil işin hər bir bilik mənbəyi ilə təchiz edilməsi;
- dərs materialının həcmini müəyyənləşdirmək;
- öyrənməyə maraqları müəyyənləşdirməkdən ötrü metodika düşünmək;
- yazılı və şifahi çalışmaları seçmək;
- oyun materiallarını seçmək;
- informasiya materiallarını seçmək;
- müəllimin özünün nə etməli olduğunu, şagirdin nə edəcəyini
müəyyənləşdirmək;
- tapşırıqların icrası zamanı uşaqların rastlaşdığı çətinlikləri görmək;
- ilk dəqiqələrdən şagirdlərin işə necə qoşulmasını düşünmək;
- ev tapşırıqlarının həcmini müəyyənləşdirmək;
- biliklərin qeydə alınma formalarını əvvəlcədən görmək;
- didaktik təchizatı hazırlamaq.
N.Q.Dayri M.A.Danilovun mülahizələrini dəqiqləşdirmək yolunda müvəffəq
addım ataraq dərs planı tərtibinin belə bir sxemini təklif etmişdir: 1) əldə olunacaq
nəticələri müəyyənləşdirmək; a) bilikləri; b) təfəkkürün inkişafı; c) tərbiyə; 2)
müəllim və şagirdlərin fəaliyyəti priyomalarını müəyyənləşdirmək; 3) yeni
materialın öyrənilməsi (müəllim-şagird); 4) ev tapşırığı (müəllim-şagird).
Lakin təəssüf ki, N.Q. Dayri problemli təlim anlayışında əsasən biliklərin
problemli şərhini nəzərdə tutur, o, şagirdlərin idrak imkanlarını kifayət dərəcədə
qiymətləndirmir.
Müasir dərsin, ümumiyyətlə, problemli, inkişafetdirici təlimin təşkilinin
birinci və başlıca şərti yüksək ixtisaslı mütəxəssis – müəllim pedaqoqun
mövcudluğudur. Təlimin təşkili pedaqoqdan yeni səviyyədə sistematik yaradıcı iş
tələb edir. Şagirdin psixi vəziyyətinin müəyyən edilməsi, onun təlimə hazırlıq
dərəcəsi, problemli vəziyyətin yaradılması, şagirdlərin müstəqil idrak fəaliyyətinin
stimullaşdırılması, bu fəaliyyətin idarə olunması və s. bütün bunlar pedoqoji
intuisiya, çevik əql, metodik ustalıq, həm də başlıcası, tədrisin elmi təşkili
vərdişlərini tələb edir.
Tədrisə müəllimin hazırlığı başlıca olaraq aşağıdakılarla müəyyən edilir: a)
müəllimin dünyagörüşü, onun elmi-siyasi hazırlığı; b) müəllimin ziyalılıq
səviyyəsi; c) uşaqlarla müəllimin humanist münasibəti; ç) müəllimin peşə hazırlığı;
d) müəllimin şəxsi keyfiyyətləri.
Pedaqoji tətqiqatlar sübut edir ki, dərsin qurulması və hazırlanmasının
özünəməxsus məntiqi vardır və təlim məşğələsinin planlaşdırılmasının iki
altsistemi mövcuddur:
1) təlim materialının elmi-metodik təhlili, şagirdlərin öyrənməyə qabillik
dərəcəsi, psixo-pedoqoji hazırlığı, məşğələnin keçirilməsinin vasitə və şəraiti
əsasında onun hazırlanmasının altsistemi. Bu altsistem dərsin strukturu və müasir
təlim-tərbiyə prosesinə tələblərlə şərtlənir.
2) təqvim-illik, tematik və dərs üzrə planlaşmanı özünə daxil edən məşğələnin
planlaşdırılmasının altsistemi.
Dərslərin daha çox effektivliyini məşğələnin hazırlanmasının elə sistemi
təmin edir ki, o, təlim materialının özünün məzmununun hərtərəfli təhlilinə
əsaslanmış olsun. Həm tematik, həm də dərs üzrə planlaşma aşağıdakı hazırlıq
sisteminin gözlənilməsini zəruri edir: 1) təlim materallarının komponenti (anlayış)
üzrə təhlili; 2) psixoloji təhlili; 3) məntiqi təhlili; 4) təlim materiallarının tərbiyəvi
əhəmiyyətinin təhlili; 5) didaktik təhlil.
Bu barədə də maraqlı baxışlar yox deyildir. Məsələn, M.İ.Maxmutovun
fikrincə, tematik planlaşdırılmanın sxemi beş bölmədən ibarətdir, onların hər biri
bir sıra elementlərə malikdir (ümumiyyətlə, dərslər sistemi üçün zəruridir), lakin
müxtəlif tip dərslərdə müxtəlif məzmuna malikdir. Tematik planın bölmələrinin
məzmunu belədir:
I. Mövzunun adı və ya dərslər sistemi proqramdan götürülür.
1. Dərslərin məqsədi və yaxud mövzunun didaktik məqsədi, hansı ki,
planlaşdırılan mövzunun məzmunundan irəli gəlir. Bu tematik planda ümumi
şəkildə ifadə oluna bilir;
2. Dərsin tipləri. Təlim materialının məzmununa və dərslərin məqsədinə
uyğun şəkildə bir və ya bir neçə növ göstərilir;
3. Təlimin metodları. Tematik planda yalnız ümumi metodlar göstərilir.
II. Aktuallaşdırma. Planın bu bölməsini iş prosesinin özü müəyyən edir:
1) Əvvəlcədən öyrənilmiş hansı anlayışlar aktuallaşdırılmalıdır;
2) Hansı tip müstəqil işlərin yerinə yetirilməsi əvvəlki bilikləri aktuallaşdırar
və əvvəl mənimsənilmişləri dərinləşdirər.
III. Yeni anlayış və fəaliyyət üsullarının formalaşdırılması. Bu bölmədə
göstərilir:
1) Bu mövzuya daxil olan yeni anlayışlar (və ya əvvəl daxil edilmiş
anlayışların məchul əlamətləri);
2) Şagirdlərin nəzərdə tutulan bilik, bacarıq və vərdişlərinin dərslər sistemində
və ev məşğələsində artımı;
3) Bir və ya bir neçə dərslərin əsas problemi formulə edilir. (və ya yalnız
araşdırılır).
IV. Tətbiqetmə. Teamtik planın bu bölməsinin məzmunuda göstərilir:
1) Keçmiş dərslərdə öyrənilmiş materiala daxil edilən şagirdlərin müstəqil iş
tipləri;
2) Biliklər və dünyagörüşü sisteminin formalaşdırılması üçün zəruri
fənlərarası əlaqə.
V. Ev tapşırığı. Tapşırığa daxildir:
1) Dərslikdən və digər informasiya mənbələrindən təkrar üçün material;
2) Növbəti məşğələyə hazırlıq üçün müstəqil iş tipləri.
Amma, zənnimizcə, M.İ. Maxmutovun məqbul hesab etdiyi bu tematik planın
sxeminin də tamamlanmasına ehtiyac vardır. Unutmaq olmaz ki, insanın fəaliyyəti
digər bioloji varlıqlardan fərqli olaraq dərk olunmuş məqsədlərlə tənzim olunur.
Təlim prosesində şagirdin qarşısına qoyulan vəzifələr onun idrak tələbat və motiv-
lərinin təminolunma obyektinə çevrildikdə, başqa sözlə, qarşıya qoyulmuş
vəzifənin şagirdin dərk olunmuş məqsədinə çevrilməsi zamanı onun fəallığı
mümkün olur. Qarşıya qoyulmuş vəzifənin icrası üçün keçmişdə əldə olunmuşlar
arasından zərurilərin müəyyənləşdirilməsi və seçilməsi istiqamətində bərpaedici
fəaliyyətə şagird qoşulur. Odur ki, dərslər sisteminin nəticəsinə çevrilməli olan
məqsədin şagirdin tələbat və motivlərinin təminolunma obyektinə çevrilməsi üçün
müvafiq iş sistemini planlaşdırmaq vacibdir.
Yeni anlayış və fəaliyyət üsullarının mənimsənilməsi üzrə işin plan-
laşdırılmasında şagirdlərin analitik və evristik fəaliyyətlərinin münasibətini
müəyyən etmək qaçılmazdır. Bunun üçün təlim prosesinin altsistemlərinin
uzlaşmasının optimal sistemini (məqsəd, təlim materialının məzmunu, vasitələr,
şagirdlərin potensial imkanları, müəllimin hazırlığı və s. əsaslanmaqla) seçmək
lazımdır.
Yaxşı idarəetmə üçün əks-əlaqənin təmin olunması, qiymətləndirmə və
tənzimetmə dərsdə nəzərdə tutulan bütün bölmələri əhatə etməlidir. Odur ki,
planlaşdırmada qiymətləndirmə və uçot məsələsi diqqət mərkəzində
saxlanılmalıdır. Bizcə, tətbiq bölməsində M. İ. Maxmutovun irəli sürdüyü qeydlər
ümumi xarakter daşıyır, ona görə də bunun praktik mahiyyəti kölgədə qalır.
Tematik planlaşmadan fərqli olaraq dərs üzrə plan bölmələrinin miqdarına,
onların elementlərinə, ardıcıllığına və bu elementlərin məzmununa görə fərqlənə
bilir. Hər bir planın müəllimin fərdi iş stilindən, şagirdlərin yaş və öyrənməyə
qabilliyindən asılı olaraq öz xüsusiyyətləri vardır. Müasir dərsin hazırlanması
zamanı müəllim zəruri olaraq şagirdlərin tədris idrak fəaliyyətlərini planlaşdırır,
yeni biliklərin mənimsənilməsi zamanı əqli fəaliyyət priyomlarını nəzərə alır,
şagirdlərin fəaliyyətlərini, idarəetmə üzrə öz fəaliyyətini planlaşdırır (bu onun
gözlənilməz hallarla qarşılaşmalı olacağını istisna etmir). Böyük şagird
kollektivinin fəaliyyətini idarəetmə forması kimi müxtəlif gözlənilməz halların
müvəffəqiyyətlə aradan götürülməsi müəllimin çevik reaksiyavermə qabiliyyəti və
erudisiyası ilə bağlıdır.
Dərs üzrə planın bölmələrinin məzmununa aşağıdakılar daxildir:
I. Dərsin mövzusu (adətən, dəyişiklik edilmədən tematik plandan götürülür).
1. Dərsin məqsədi (proqram materialının məzmunu əsasında müəyyən edilir).
2. Dərsin tipi (tematik planda göstərilən kimi olur, müəllim tərəfindən alttip
kimi dəqiqləşdirilir).
3. Təlim metodları dəqiqləşdirilir, öyrənmə və öyrətmə metodları göstərilir.
4. Təlimin vasitələri. (Təlimin metodları və dərsin növlərinə uyğun vasitələr
planlaşdırılır).
Dostları ilə paylaş: |