“525-ci qəzet”.13.06.2008
313
Böyük ağıl, istedad və zövq sahibi
İnsana hörmət, ehtiram hissi kiminsə təqdimatı və ya məsləhətilə, hətta ən
yaxın ünsiyyətin köməyilə də yaranmır. Həyatda biz bunun əksi ilə daha tez-tez
rastlaşırıq, uzun müddət bir yerdə işləyən adamlar arasındakı hisslər məhəbbətdən
çox uzaq olmaqla, az qala niftərdən xəbər verdiyinə görə, onun izləri dəridəki
çapıq kimi qətiyyən silinmək bilmir, daim özünü büruzə verir. Hörmət bəsləmək,
yaxşı xüsusiyyətləri qiymətləndirmək üçün, əlbəttə ki, ilk növbədə tanışlıq
lazımdır, sonra bu dostluğa çevrildikdə daha artıq möhkəmlik qazanmağa başlayır.
Qiyabi məhəbbət bir qayda olaraq mifik qəhrəmanlara ünvanlanır, axırıncılar real
cizgilər qazanmağa başlayanda səhv etdiyini, aldandığını, xəyalının əsirinə
çevrildiyini anlayırsan. Mifik qəhrəmanı bütləşdirə bilərsən, lakin o heç vaxt sənə
doğma olmayacaq, aradakı böyük məsafə hesabına ona münasibət isə hörmət deyil,
bir növ sitayişdir, bunda isə başlıca rolu ağıl, zəka deyil, hisslər oynayır. Real
insana isə şəxsiyyətinə, əxlaqi dəyərlərinin, prinsiplərinin möhkəmliyinə, onda
olan mərdlik laxtasına görə qiymət verirsən, onun özünəməxsusluğunu,
bütövlüyünü dərk etdikdən sonra bu adama inanmağa, etibar etməyə başlayırsan.
Dələduz, məkrli, insanlara qarşı səmimi yanaşmaq isə sadəlövlükdür, ağılsızcasına
onun aldadıcı, saxta aurasınıən təsiri altına düşməkdən irəli gəlir.Lakin onların bir
xidmətlərini də qeyd etməmək insafsızlıq olardı, iyrənc nümunələri bizə yaxşıları,
ləyaqətliləri sevməyə sövq edir, qaranlıq mühitdə biz işığın həsrətini daha çox
çəkməyə başlayırıq. Ləyaqətli insanlar ətrafa güclü işıq və həraraət şüaları
buraxırlar, harada olmağından asılı olmayaraq, belə adamlara qarşı səndə bir nisgil
hissləri yaranır və onlar keçmiş xatirələri yaddaşında canlandırmaqla, daha
arzulanan insana çevrilirlər.
Axı bizdən nəyi alsalar da, keçmişimizi, o günlərin xatirəsini ala bilmirlər.
Ruhi xəstəlikdən, amneziyadan başqa onları yox etməyə heç kəsin və heç nəyin
qüdrəti çatmır. Çünki bu keçmiş bizim şəxsi tarixçəmizə yapışıb, o dövrün mühiti,
bəyənib bəyənməməyimizdən asılı olmayaraq bizim ruhumuza, canımıza, düşüncə
və həyat tərzimizə hopub. Qədim misirlilərin dinindəki Anubisin tərəzisində o
dünyaya köçənlərin əməllərindəki xeyir və şər çəkilən kimi, biz də yaddaş
tərəzimizə yaxşıları və pisləri qoyur, onlara münasibətdə nə qədər düzgün və ya
səhv hərəkət etdiyimizi anlamaya başlayırıq. İllər keçdikdən sonra aparılan
mühakimə birinci növbədə özümüzə qarşı qurulur,lakin onun bələdçilik edən sapı
bizi yaxşı adamlarla təmasda olduğumuz anlara gətirib çıxardanda, təsəlli tapmağa
başlayırıq ki, xeyr və şər ağacının meyvəsini ilk dəfə dadan əcdadlarımızın yolu ilə
gedərək əzablı da olsa kamilliyə qiymət verməyə bacarmışıq, bu mehrabın
cazibəsindən uzaq qaçmamışıq.
Yaxşı adamlarla, işıqlı şəxsiyyətlərlə təmasda olmaq özü də xoşbəxt
qismətdir və bizim həyatımızı zənginləşdirən cəhətlərin, Şekspir demişkən, yaddaş
cədvəlinə yazılmalıdır. Bəlkə də onlar sayca çox olmayıblar, lakin onların vəzninin
böyüklüyü nəinki digər kəmiyyət çatışmamazlıqlarının əvəzini ödəyib,
keyfiyyətinə görə isə bizim mənəviyyatımıza əyani nümunələri və obrazları ilə çox
314
sayda nəcib əlamətləri daxil edə biliblər.
Ləyaqətli insanlar bizi İncildə münəccimlərin göydə seyr etdikləri ulduz
kimi təkcə öz işığı ilə cəzb etməyib, həm də həqiqəti axtarmağımıza, ona inam
gətirməyimizə yardım göstəriblər. Onlar bu timsallarına görə heç vaxt bizim
könlümüzü tərk etmirlər, onujn bədbinlikdən xilas olub, nikbinlik üstündə
köklənməsinə köməklik göstəriblər.Onların çox da böyük olmayan siyahısına mən
Əli İldırımoğlunu daxil etmək istərdim, daha doğrusu o, özü bu qalereyaya daxil
olmağa hələ 30-35 il əvvəl haqq qazanıb, dövrlər, adətlər, qaydalar dəyişsə də,
dövri sistemdəki elementlər atom çəkisinə görə düzüldüyü kimi, öz mənəvi
cüssəsinə görə cılızlardan seçilməklə, burada kök salmış palıdd kimi qalmaqda
davam edir.
Əli müəllimlə mən ilk dəfə tanış olanda, o, püxtələşmiş jurnalist,respublika
mətbuatının nüfuzlu müəliflərindən biri idi.O vaxt qəzetlər az sayda olsalar da,
böyük siyasi gücə sahib idilər və ictimai rəyin formalaşmasında heç də kiçik rol
oynamırdılar.Mətbuatdakı tənqid, satira təsirsiz qalmırdı və bəzən özünü çox
qüvvətli hesab edən vəzifə və ya nüfuz sahibləri , axırıncılar əsasən öz iqtisadi
imkanlarına bel bağlayırdılar, qəzetdə gedən bir məqalədən az qala güllə yarası
alırdılar, həmin zərbə onları çox şeydən məhrum edib, şəstlə, meydan sulayan
adamlardan səlahiyyət və imkan zəlillərinə çevirirdi. Dünənə qədər böyük təsir
imkanları ilə öyünənlər bir felyeton nəticəsində, qapılarını ayaqları ilə açdıqlartı
kabinetlərin qarşısında özünə güzəşt sədəqəsi uman dilənçilərə çevrilirdilər.
Əli İldırımoğlunun isə qələmi olduqca iti, güclü idi, onun yazıları çox vaxt
sensasiya xarakterli dalğa əmələ gətirir, dərin də iz qoyurdu. Lakin o, özü heç vaxt
sensasiya və onun bəhrəsi sayılacaq ucuz şöhrət dalınca qaçmırdı, sadəcə olaraq
zəhmətkeş əkinçi kimi öz gündəlik işini görürdü, o, cəmiyyət adlanan torpağın
nadanlıq, sui-istifadə, haram qatını şumlayıb, münbitləşdirərək, öz imkanları
daxilində, düzgünlük, halallıq, ədalət toxumu səpməyə və onların cücərtilərini
becərib, boya başa çatdırmağa çalışırdı. O,haqsızlığa qarşı mübarizə aparırdı və o
cəhətdən özünə düşmənlər də qazanırdı. Lakin daim o, haqqın yanında olur, ədalət
uğrunda mübarizə aparırdı, ona görə də oxucuların, başqa sözlə, xalqın böyük
əksəriyyəti onun mövqeyini təqdir edir, ona qarşı qurulan fitnəkarlıqların qarşısını
almaqda sipərə çevrilirdi.
Ən nüfüzlu partiya qazetində işləmək həm də özünə məxsus standartlara,
çərçivəyə uyğunlaşmağı tələb edirdi və onun xüsusi müxbiri bu koordinatları qəbul
etməyə bilməzdi. Lakin jurnalist təkcə mövqeyi ilə deyil, həm də sözdən istifadə
qabiliyyəti, bu xəzinədən necə faydalana bilmək bacarığı ilə seçilir. Əli müəllimin
yazılarında, xüsusən oçeriklərində bədii formaya üstünlük verilməklə, quru
cansıxıcı yazı üslubundan qaçılır, qələmə alınan hadisə ,insan xarakteri bədii
süzgəcdən keçirilir, hansıısa faktı sadəcə təsvir etməklə kifayətlənmir, məhz
ümumiləşdirməyə meyl etmə özünü büruzə verirdi. Yazının bədii tərtibatı, ədəbi
mükəmməlliyi fikir, məna yükünün daha qabarıq və ağır çəkili olmasına şərait
yaradır. Onun məqalələri adamı bədii delikatesə qonaq edirdi, başqalarının aludə
olduğu rəqəm və faiz kakofoniyasına onun yazılarında ümumən rast gəlinmirdi.
Həyatın reallığı onun məqalələrində statistika köləliyindən çıxıb, təmiz hava ilə
315
nəfəs alırdı. Ən ciddi məsələlərə həsr edilmiş yazılarda belə bədiilik öz xidməti
borcunu, mükəlləfiyətini yerinə yetirdiyindən, sözlər kəpənəyə dönüb uçurdu, heç
vaxt özünün də iyrəndiyi tırtıllara çevrilmirdi. Qələmin hər qanad çalması ilə
müəllif elə bil ki, öz ürəyinin buxova salınmış istəklərinin bütün gücünü, enerjisini
çıxarırdı, onları ehtirasda, hisslərdə , sözdə əridirdi. Həm də sözdən sui-istifadəyə
qətiyyən yol vermirdi, başqaları tutarlı, kəskin ifadə xatirinə heç bir əxlaq
meyarına məhəl qoymadıqları halda, o, söz silahı ilə olduqca ehtiyatla davranırdı.
Belə yazıları ilə o, sistemə xidmət etsə də, digər tərəfdən onu əhatə edən
mühitlə sərt ziddiyyətdə olduğunu göstərirdi .Bu yolla o, həm də ciddi görünən
şeylərə güldüyünü nümayiş etdirirdi. Onun yazılarında tam başqa melodiya əks
olunurdu, lakin bu daim iki başlıca dəyərlə harmoniyada olurdu: ümumi xeyiri
dərk etmək, anlamaq və məsuliyyət etikası. Onlar müəllifə ictimai hadisələrə dar
eqoistik məna prizmasından deyil, ümumi , xalqı düşündürən yüksəklikdən
baxmaqda kömək edirdi.
Əli müəllim işinə nə qədər intizamlı yanaşsa da, öz prinsiplərini, yaradıcılıq
kodeksini, bir az da geniş götürsək, ideya səbatlılığını hansısa xırda maraqların
bilavasitə təqibinə məruz qalmasına imkan vermirdi, faktları qərəz mövqeyindən
deyil, xalqın mənafeyini, ədalət nöqteyi- nəzərindən təhlil etməklə, rasional
qaydada təsvir edirdi, bununla da dövrün ziddiyyətlərinə cavab tapmağa çalışırdı.
Bu isə özlüyündə ona layiq olduğu etimadı və hörməti gətirirdi.
Onun yazılarında həqiqi qələm sahiblərinə xas olan gələcəyə bir boylanma
meyli də güclü idi. Bu səbəbdən də o, heç vaxt şəxsi- qərəzlik müstəvisinə
keçmirdi, cəmiyyətə xas olan qüsurları və eybəcərlikləri qamçılamağa cəhd
göstərirdi. Oçerklərində də o vaxt dəbdə olan tərif ifratçılığından qaçırdı, diqqəti
daha çox xalqın əxlaqına və mənəviyyatına töhfə verən cəhətlərin tərənnümünə
yönəldirdi. Şifahi nitqlərdə, qələm əhlinin yazılarında tərif, məddahlıq sel kimi
axdığı bir zamanda Əli İldırımoğlu axının əksinə üzməsə də, ondan kənarda
qalmağa üstünlük verirdi. Onun oçeriklərində saxta əmək qəhrəmanlarının
“rəşadətinə” məftunluğa rast gəlmək mümkün deyildi, cünki onda müşahidə
qabiliyyəti güclü idi və daim ayıqlığını qoruyub saxlayan bir adam kimi ətrafda
nələr baş verdiyini anlayırdı və qulaqbatıran ümumi xora qoşulmamağa səy
göstərirdi.
Bu uzun illərin jurnalistində artıq yazıçı idrakı, ədib dünyabaxışı baş
qaldırırdı. O, özü uzun müddət bu ilham qazanından püskürüb qalxan buxar selini
qapamağa çalışsa da, nəhayət onunn bu səylərinin müqaviməti güclü daxili
həmlələrin artan zərbələrinə davam gətirə bilmədi və keçən əsrin 90-ci illərinin
əvvəllərindən mətbuat talasından, rəqabətin daha güclü olduğu ədəbiyyat meşəsinə
yeni ad daxil oldu, bu ad hamının dünənə qədər uğurlu, həm də bəxti gətirən
jurnalist saydığı Əli İldırımoğluya məxsus idi. İstedadlı adamların əlində bir qayda
olaraq hər şey bu vergini nümayiş etdirmək vasitəsinə çevrilir. Dünənə qədər onun
yazılarında obyektivlik və ədalət aparıcı yer tuturdusa, indi ona nəsr Peqasını
yəhərləmək lazım gəldi.
Lakin o, özünün mahiyyətində də köhnə sənətinə yad gözlə, qeyri- səmimi
baxmadı, həyatının, azı qırx ilini həsr etdiyi jurnalistikaya bağlılığını, sədaqətini
316
bir daha nümayiş etdirmək üçün ilk romanlarından birinin adını da “Zorən
jurnalist” qoydu. Ondan əvvəlki və sonra seriya şəklində gələn əsərlərini, Emil
Zolya çox sayda romanlarını “Ruqon –Makkarlar” adı altında ümumiləşdirdiyi,
yaxud Aleksandır Gertsen “Olmuşlar və düşüncələr” adlandırdığı kimi, yaşlı cavan
yazıçı da bu bədii məhsullarını “Müşahidələrim , özümdən və göz önümdən
keçənlər” kimi uzun da olsa, həqiqətə çox yaxın olan bir adla qələmindən yapdığı
komanın himayəsinə, topluya yığa bilərdi. Bu əsərlərdə çoxlu yadda qalan
obrazlar, xarakterlər var, lakin onların hamısını bir leytmotiv, bir ümumi qəhrəman
birləşdirir, bu da zamandır. Özünün yaşadığı , mövcud olduğu illər, onlara naxış
vuran hadisələr, kəşməkeşlər, ziddiyyətlər, insan təbiətinin əlşatmaz yüksəklikləri
və dibi görünməyən uçurumu andıran eybəcərlikləri, nakəslikləri, namərdlikləri.
Gözlərimiz önündə yazıçı XX əsrin ən azı üçdə birinin, bəlkə də yarısının
mənzərəsini canlandırır. Onu bəxtəvər hesab edənlərə özünün və hörmət bəslədiyi
insanların hansı bədbəxtliklərə sinə gərdiyini, hansı oddan, alovdan, insan
məkrindən yaranan dəhşətli sınaqlardan çıxdığını, bəzən ölüm –dirim mübarizəsinə
atıldığını göstərir. Əsrin bu kaleydoskopunda biz çox şeyləri görürük. Kasıb dağ
kəndində xalqın əlini çörəyə çatdırmaq üçün hər cür əziyətlərə qatlaşan , əkin
sahələrinə su gətirmək üçün kəhriz qazan rəncbərləri də, öz təmiz adını böhtan
ləkəsindən qorumaq üçün sərt şaxtalı qış gecəsində həyatını soyuqdan donmaq ,
yaxud da cavanların dişləri ilə parçalanmaq təhlükəsinə atan cavan müəllimi də,
vəzifəsinə arxalanıb canlı insandan nişan hədəfi kimi istifadə edən əclafları da.
Yazıçı heç də özünü fotoqraf kimi aparmır, faktın, hadisənin dəqiqliyi, ani
mövcudluğu onu o qədər də maraqlandırmır, bu hadisələrin hərəkətverici
qüvvəsinə, motivlərinə nüfuz etməyə səy göstərir, xarakterlərin formalaşmasında
mühitin danılmaz , çox vaxt isə amansız rol oynadığını göstərir. Ona görə də hər
bir insan taleyində biz həm də zamanıın damğasını görürük, hadisələri qoynuna
alan vaxt fenomeninin öz müsbət və ya mənfi təsiri ilə insanları necə dəyişdirdiyini
, çox vaxt xarakterləri formalaşdırarkən mənəviyyatı deformasiyaya uğratdığını,
əzdiyini, eybəcərləşdirdiyini görürük. Ona görə də bu əsərlərdə insanlar və zaman
birgə , Siam ekizləri kimi eyni qan dövranından qidalanan tək ayrılmayan bir
vəhdətdə təsvir olunurlar və müəllif –bələdçi bizi öz dövrünün qaranlıq
labirinrtlərinə baş vurmağa dəvət edir.
Bir sözlə, Əli İldırımoğlunun əsərləri oxucusunu böyük bir səyahətə çıxarır,
zaman maşını bizi geriyə, yaddaşlardan bəklə də silinən illərə qaytarır. XIII əsrdə
böyük italyan səyyahı Marko Polo uzaq Çindən, Xanbalıq şəhərindən, xidmət
etdiyi Xubilay xanın sarayından vətəninə dönərkən Asiyanın və Afrikanın çox
saylı ölkələrində olduğundan, bu məmləkətlərin və onların xalqlarının adətlərini,
qaydalarını, digər etnoqrafik cəhətlərini qələmə almaqla o vaxtkı avropalıya tanış
olmayan dünya barədə böyük bir panorama yaratamışdı. Əli İldırımoğlu böyük
səyahətçidən fərqli olaraq məkan səyahətinə çıxmayıb, onun təsvir etdiyi
hadisələrin hamısı bir ölkədə, onun bir neçə kəndində və şəhərində cərəyan edir, o,
oxucusunu öz qayğına oturdaraq zaman səyahətinə çıxarır, bu qayıq illər,dövrlər
adlanan sularda üzür, insan dünyası adlanan arxipelaqın ayrı-ayrı adaları-
fərdlərinə yan alır.Bu zaman səyyahəti XX əsrin xeyli hissəsini əhatə etdiyindən
317
olduqca zəngindir, rəngarəngdir, hər adanın öz təbii görünüşü , öaz mövqeyi,
nəhayət öz tənhalığı və lazımınca dərk olunmaması var. Səyyah bu ada-fərdləri
tədqiq etmək üçün böyük əziyyətlərə qatlaşır, təkcə zahiri əlamətləri,
cəmmiyətdəki mövqeləri ilə kifayətlənməyib, anatomik tədqiqata keçir.
Anatomiyaya maraqda isə başlıca qayə patologiyanın öyrənilməsi, onu
əmələ gətirən səbəb və şəraitin tədqiqidir. Ona görə də bizim gözlərimiz önündə
böyük bir dövrün və onun taleyinə biganə olmayan insanların geniş mənzərəsi
yaranır, özü də burada heç bir fantasmaqoriya ünsürləri yoxdur, real həyat və onun
bədii təsviri, inikası vardır.
Yazıçı insanlarla yanaşı, bütövlükdə cəmiyəti, quruluşu təhlil etməyə girişir.
O, qələmə aldığı ilk dövrlərdən cəmiyyətdə iltihab prosesi getdiyini, getdikcə bu
fəsadın böyüdüyünü, genişləndiyini hiss edir və nəhayət daxili xəstəliklərin
şiddətlənməsi, xarici impulsların da dağıdıcı təsiri ilə birləşərək quruluşu iflasa
uğradır .İkinci Dünya müharibəsindəki böyük qələbənin döyülməsində başlıca
dəmirçi kimi çıxış edən və ən azı Avropanı faşizim taunundan xilas etməkdə
əvəzsiz rol oynayan bir dövlət 1990-cı illərin əvvəlində süqut edir, xırda hissələrə
parçalanır. Yazıçı bunu bəzi siyasətçilər kimi, XX əsrin ən böyük geostrateji
faciəsi adlandırmasa da, bu böyük canlının məhvinə laqeyd qalmır, bu hadisədən
təəssüfləndiyini də gizlətmir. Bu dövrdə hakimiyyətə gələn yeni qüvvələrin
səriştəsizliyini, ölkədəki sarsıntıların, fəlakətlərin, xaosun başlıca səbəbi hesab
etdiyindən, onları palçıqdan knyazlığa yüksəlmişlər kimi qəbul etməklə, öz
etirazını bu qaydada ifadə edir.Bir qayda olaraq yazıçının münasibət və dəyərlər
şkalası siyasətçilərinkindən fərqli olur, onlar hər bir prosesə daha həssas yanaşır və
bədbəxtliklərin baiskarını tapmağa səy göstərirlər.
Əli İldırımoğlu xalqının, ölkəsinin keçdiyi çətin, mürəkkəb dövrə nəzər
salarkən özünü kənar müşahidəçi kimi aparmır, bir həkim kimi bu xəstəliyin
şiddətlənməsində az dərəcədə də olsa özünün də günahkar olduğunu gizlətmir və
bu münasibətdə də bir mərdlik, cəsarət nümayiş etdirir.
Onun köməkliyi ilə biz özümüzün də gördüyümüz, lakin mahiyyətini dərk
etmədiyimiz təbəddülatları yenidən təhlil etməyə başlayırıq, tam olmasa da bir
qədər təlqin olunan mövqeyə yaxınlaşırıq. Onlara qiymət verməkdə, mürəkkəb
hadisələrin fəlsəfələrindən baş çıxarmaqda oxucu heç vaxt həqiqi yazıçı ilə
rəqabətə girməməlidir, çünki sadə oxucunun hətta silahlanmış gözlə görmədiyini,
həyatı müşahidə etməklə, hərtərəfli dərk etməyə nail olan ədəbiyyat adamı üfüqdə
də seçə bilir, ona əsasən düzgün qiymət verməyi bacarır. Əsərləri ilə tanış olduqca
müəllifin hansı ənginliklərə pərvazlandığının, orada sərt hava cərəyanlarına sinə
gərərək qanad çalmasının şahidi olursan.
Əli müəllim təkcə böyük ağlı, istedadı, zövqü ilə həyatın xalqla birlikdə
döyünən nəbzini tutmaq bacarığı ilə deyil, həm də xoş xasiyyəti, xeyirxah ürəyi ilə
seçilir,məlum olduğu kimi bu isə bizim dövrümüzdə hətta istedaddan da xeyli az
şəkildə özünü büruzə verir. Bu keyfiyyətini onun əsərlərində də müşahidə edirik.
Əli İldırımoğlunun başqalarından fərqləndirən bir cəhəti də onun şöhrət
düşkünü olmamasıdır. Balzak hamının can atdığı şöhrəti, başına gəlinlik duvağı
qoyulmuş əxlaqsız qadın adlandırırıdı və ədəbiyyatın aşağılarında onu küçələrdə
318
donan yazıq fahişələrə bənzədirdi. Bəlkə də bu bir sərt qiymətdir, lakin şöhrətin
özündən çox, onun qazanılma yollarına işıq saldığından məqbul sayılmalıdır.
Bununla əlaqədar məşhuhr yapon yazıçısı Akutaqavanın qələmə aldığı bir hadisə
yada düşür. İki il ayrıldıqdan sonra Lev Nikolayeviç Tolstoyun dəvətilə İvan
Sergeyeviç Turgenev Parisdən Yasnaya Polnaya qonaq gəlir və onlar yaxlndakı
meşəyə ov etməyə gedirlər.Onları iti ilə yanaşı ev sahibinin özünün və kəndli
uşaqları müşaiyət edir. Tolstoy bir meşə cüllütü vurur və it ovu tapıb gətirir.
Bundan bir qədər sonra digər bir quş qıy çəkərək otluqdan qalxıb, bir-birinə
sarınan budaqların arası ilə uçib, axşam qaranlığında gizlənməyə cəhd edir.
Turgenyev tüfəngini qaldırıb, tətiyi çəkir və quşu vurduğunu deyir. Lakin o, özü
də, uşaqlar da, it də nə qədər axtarsalar da, ovu tapa bilmirlər. Tolstoy
şüphələnməyə başlayır ki, yəqin sən onu ödürməmisən, bəlkə də qanadına dəyibsə
də düşüb qaçıb. Turgeney isə öz sözünün üstündə durur ki, vurmuşdum, daş kimi
yerə düşdü. Həmin axşam yataq otağında Turgeney keçmişi yadına saldı, həmişə
tərs bir adam kimi Tolstoyun daim hər kəsin qeyri-səmimi olduğunu güman etməsi
hallarını xatırladı. Bu adam başqalarının etdiyi hər şeyi , məzh meşə cüllütünü
öldürdüyü halda olan kimi, ağ yalan tək qəbul edir.
Səhəri gün tezdən Tostoyun sifətindən yenə də narazılıq yağırdı. Bu vaxt
uşaqlar içəri girib atalarına quşu tapdıqlarını xəbər verdilər və dedilər ki, quş
düşəndə ağcaqayının budağına ilişib, ondan asılı qalmışdı.Tolstoy qonağa
yaxınlaşıb dedi ki, indi mən sakitləşə bilərəm. Mən yalan deyən adam deyiləm, quş
düşsəydi itim hökmən onu tapardı.Turgenev bir qədər utancaq qaydada onun əlini
sıxdı və dedi ki, o da yalan danışan adam deyil, baxın məgər mən bu quşu
öldürməmişəmmi?
Mən bu söhbəti Əli İldırımoğlunun şöhrət miqyası barədə gətirdim. O
istedadlı insan kimi bu şöhrət quşunu vura bilib. Lakin bədbəxtlikdən, mənəvi
cəhətdən qozbel olanlar daim yerə baxırlar, mən fiziki şikəstliyi nəzərdə tutmuram,
bu kimin isə günahı olmayıb, hansısa bədbəxt hadisənin nəticəsidir, onlar şöhrət
çələngini aşağı səthdə, hansısa təltiflərdə, titullarda axtarırlar, oxucunun, xalqın
gözündə böyüyənlərə, yüksələnlərə məhəl qoymurlar, bir sözlə yuxarı boylanmağı
bacarmırlar. Şöhrət adlanan meşə cüllütü vurulubsa, ancaq budaqlara ilişib qalıbsa,
bunun artıq ovçuluq məharətuinə heç bir dəxli yoxdur. Əli İldırımoğlu titullar yükü
altında əzilməsə də, öz oxucularına, öz pərəstişkarlarına malikdir və
rəsmiləşməmiş bu şöhrət çələngi onun istəklərinə bütünlüklə cavab verir. Çünki o
yaxşı bilir ki, uğur, moda, məşhurlaşma şöhrətə gedən yolun yalnız müxtəlif
pillələridir, heç də şöhrətin özü deyildir.
Bir vaxtlar fransız pulu “livr” adlandırdı və bu həm də kitab demək idi. Əli
İldırımoğlu çoxlu kitablar müəllifi olsa da, bundan elə bir pul qazanmayıb. Onun
ən böyük qazancı ömrünün ən kamil dövründə ədəbiyyat qəsrinin nəinki qapsını
döyməsi, hətta onda məskunlaşmaq hüququna yiyələnməsidir. Bu qəsrin
sakinlərinin kim olmasını isə hansısa rəsmi sənəd deyil, oxucu qərarı, oxucu
mühakiməsi müəyyən edir. Şatobrian özünə görə cavan olan Viktor Hüqonu
“ilhamlı uşaq” adlandırmışdı. Əli İldırımoğlunu yaşına baxmayaraq, ilhamlı qoca
adlandırmağa da adamın dili gəlmir, çünki onun ilham pərisi olduqca cavandır,
319
çünki o , gənclik ruhu ilə yaşayıb , yaradır. Zəhmətkeşliyinə, fədakarlığına,
məhsuldarlığına görə isə bədii cəbhənin ən gənc əsgərləri belə ona həsəd apara
bilərlər.Biz onun yaradıcılıq ehtirasının oyanmış vulkan kimi daim belə
püskürməsini arzu edirik. Özü də burada söhbət Abşeronda addımbaşı
rastlaşdığımız, yerin səthini korlayıb, ona cəhənnəm mənzərəsi bəxş edən palçıq
vulkanlıarından deyil, uca dağ vulkanlarından gedir, çünki onların püskürməsi ən
azı hadisə hesab olunur.
“525-ci qəzet”.01.11.2007
Yurd nisgili və ya qocaman ədibin keçirdiyi hisslər
Ə. İ.-yə
Yaşının zirvə ətəyində yaradıcılığı ilə çoxlarını heyran qoyan, çox sayda
roman və povestlərin müəllifi olan qələm dostum axırıncı yazısını mənə
göstərdikdə, bu bəhrənin janrı və süjeti müəyyən qədər təəccübümə səbəb oldu.
Yazı ani bir təəssüratdan yaranan, bunu imperssionist rəssamların və bəstəkarların
üslubu ilə müqayisə etmək olardı, coşqun hisslərin ifadəsinə xidmət edən kiçik
hekayə əslində novella adlandırıla bilərdi. Başlığı da nəsrimizdə rast gəlinməyən,
təbiətimizin çox sayda nümunələri kimi varlığı az qala yaddan çıxan bir quşun
adından götürülmüşdü-“Şanapipik”. Niyə belə ad seçməsi ilə maraqlananda , yazıçı
bildirdi ki, bu günlərdə gözləmədiyi halda bagına bir şanapipik uçub gəlmişdi və
bu hadisə mənə vaxtilə kəndlərimizin üstündən uçub keçən və gözəl səslərı ilə
onlardan aşağıda dayanan varlıqlara salam göndərən durna qatarını seyr etməyi
andıran bir riqqət təsiri bağışladı. Şanapipiyinin kəkili Roma sərkərdələrinin
dəbilqəsinin tac hissəsini yada salırdı, qanadlarının, lələklərinin rəngi isə yoxa
çıxan qövsi-qüzehə bənzəyirdi. Bu quşa baxış və təəccüb onu real həyatdan
ayırmış, nisgilliyini daim sinəsində gəzdirdiyi bir aləmə, dəbdə olan ifadədən
istifadə edilsə , virtual bir mövcuddluğa çəkib aparmışdı. Təəccüb , qəribəlik hissi
adamda qeyri-adi düşüncələr meydana gətirir, onu xatirələr dəniznidə üzən qayığa
oturdub, yaddan çıxan adalara səyahət etməyə vadar edir. Uşaqlığından o, bu quşa
vurulubmuş, onu bir sehr və sirr mənbəyi hesab edirmiş, onunla hər dəfə
rastlaşanda sevincini gizlədə bilmirmiş, elə güman edirmiş ki, ona nəsə məchul,
başqalarından gizli saxlanan xəbər gətirmişdir. Bəlkə də, quş onun həyatından
vaxtsız, oğlunu bircə dəfə fə olsun məktəbə yola salmağa macal tapmadan köçmüş
anasının hüznlü olsa da, bu balaca uşaq üçün müqəddəs bir vəhy xarakteri daşıyan,
son nəfəsini verərkən deyə bilmədiyi, ifadə etməyə gücü çatmadığı bir sözünü,
vəsiyyətini gətirmişdi. Bəlkə də quş ona çatdırmaq istəyir ki, anadan yetim qalmış
oğul böyüdən atan öz dünyasının bütün cəhətlərini sənə həsr etmişdir, inanmaq və
özünün inandırmaq istəyir ki, onun əziyyəti, ən başlıcası, nəhayətsiz valideyn
məhəbbəti hədər getməyəcəkdir, onun uşaq könlünə səpdiyi xeyirxahlıq toxumu
yaşıl zəmiyə çevriləcək ,gələcəkdə elinə, obasına, mənsub olduğu xalqa bir əvəz
payı kimi qayıdacaqdır. O, çox arzu edirdi ki, oğlu atasının təmiz, halal adını,
şərəfini nəinki qoruyub saxlasın, həm də bu balaca kəndin hüdudlarından kənara
320
çıxmaqla, onlara əlavə cazibədarlıq versin.Bu quş atasının könlünə nüfuz etmək
üçün bir açar , bir vasitə rolunu oynayırdı. Lakin o, bu düşüncələrini hamıdan, o
cümlədən atasından və dostlarından gizli saxlayırdı. Bu sirr yalnız onun özünə
məxsus idi, onu açmaq, aşkarlamaq hər şeydən əvvəl özünə xəyanət əlaməti ola
bilərdi.
Dostum hisslərə qapılan adam təsiri bağışalyırdı. Bu fikrimi təsdiq edirmiş
kimi bildirdi ki, uşaqlıq dövründə bu quşun az qala sirr daşıyıcısı, ən mərhəm
adamlar arasında müjdəçi olduğuna inam gətiribmiş , hansısa əcaib təsirdən onu
müqəddəslik haləsinə bürüyürmüş və əvvəllər kimisnə ona elə bu prizmadan
baxmasından da hali deyilmiş. Sonralar dini kitaba maraqları artdıqda, şanapipiyin
peyğəmbərlərin diqqətini cəlb etdiyini öyrənə bilmişdi .İslam dinin ali kitabında
şanapipiyinin Süleyman peyğəmbərin Səba hökmdarı Bəlqisə məktubunu
çatdırmaq kimi vacib bir işə xidmət etdiyi göstərilir. Axı bu ünsiyyət sonralar
onların arasında məhəbbət cığırına yol açmışdı.Ona görə də həmin quş insan adı
olan Hüd-hüd adı altında məşhurlaşmağa başlamışdır. Quranın “ən-Nəml”
surəsinin 22-ci ayəsində deyilir: ”Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə
Səbadan doğru bir xəbər gətirmişəm”.Hüd –hüd Səba əhlinə padşahlıq edən qadın
haqqında məlumat verir və bu xalqın Allaha deyil, Günəşə sitayiş etdiyini bildirir.
Sonra isə Süleyman peyğəmbərin düz yola qayıtmaq barədəki məktubunu Bəlqisə
çatdırır. Bax, beləkilə şanapipik peyğəmbərin tapşırığını yerinə yetirir. Görünür,
rusların şanapipik quşuna verdikləri “udod” sözü də yəqin ki, hüd-hüd ifadəsindən
yaranmışdır. Yazıçı dostum onu da səmimi qaydada bildirdi ki, heç müqəddəs
kitaba bələd olmamışdan, bu qəribə zahiri əlamətlərə malik olan quşun adi varlıq
olmaması qənaətinə gəlmişdim, onda daim hansısa bir qəribəlik, möcüzə əlaməti
tapmağa cəhd göstərmişdim.
Lakin sonralar onun bu quşa olan aludəçiliyi uşaqlıga xas olan digər
xüsusiyyətlər kimi sıradan çıxmış, təxəyüllün poetik çalarlarının yerini reallığın,
gerçəkliyin amansız diqtələri, izləri tutmuşdur. İndi isə gözləmədiyi halda bu quş
onun uşaqlığından uzun bir yol qət edib, uçub bu dövrə və məkana gəlmiş, sehirli
bir möcüzə kimi , həm də onu geriyə, həmin illərə , doğma yurda - vaxtilə özünün
zərurətin hökmü ilə tərk etdiyi, sonralar isə bədbəxtliklər ucbatından qapısı
hamının üzünə bağlı qalan, yolu itirilmiş kəndinə qaytarırdı.Bu quş unudulmuş
xatirələr oyatmaqla, özünə məhrəm saydığı və dünyanın hər yerindən gözəl bildiyi
doğma təbiətin qucağına onu yenidən çatdırmış , ən azı onda bu arzunu şiddətli
qaydada canlandırmış, həmin çağırışa biganə qalmamağa səsləndirmişdir. Xırda bir
quş adamın dünyasında belə gözlənilməz dəyişiklik etməyə, onu sarsıntıya salmağa
qadirdir.
Dostum mənim bu söhbəti lazımınca anlamadığımı hiss edib, elə bil ki,
pünhan saxladığım fikirlərlə razılaşmadığını bildirdi. Gizlətmək istəmirəm, mən
düşünürdüm ki, qocaman qələm sahibi xəyallar aləminin sərgərdarına çevrilmək
təhlükəsi ilə üz-üzə gəlmişdir. Ona görə də öz hisslərini adi sözlərlə izah etmək
qərarına gəldi:
- Bilirsən , bu quş əhvalatı, bu cılız varlığın mənim ruhuma güclü təsir
göstərməsi əslində bir qədər qəribə görünə bilər. Bəlkə də bu düşüncələr təkcə
321
mənə xasdır, ona görə də bunu başqaları mənim tək qəbul etmək istəmir , hətta
belə fikirlərin yaranmasının özünə qeyri- adilik , qəribəlik, daha dəqiq desək,
divanəlik kimi baxırlar. Mən heç kəsi qınamıram ki, niyə məni olduğu kimi dərk
etmir, axı bu idrakdakı qüsurdan hamımız əziyyət çəkirik və ya hər birimiz
başqasının könlünə toxunmaqdan, ona zərbə vurmaqdan çəkinmirik. Yəqin ki, ahıl
yaşımda uşaqlıq hisslərimə qapıldığıma, çox sayda onilliklərin üstündən keçib , baş
vermiş hadisələrin hətta xatirələrdən silindiyi aləmə yenidən səyahət etmək
istəyində olmağıma gülənlər də tapıla bilər, ruhumun haçalanıb məni əlavə
əziyyətlərə düçar etdiyini güman edənlər də ola bilər. Onda etiraf etməliyəm ki,
belə düşüncələr heç də əzabsız ötüşmür, xatirələr süfrəsində şirin neymətlərlə
yanaşı , acı təamları da dadmalı olursan. Bilmirəm nədəndir ki, bu quş da onu ilk
dəfə seyr etdiyim yeri, keçən günləri, doğma yurdu , el-obanı yada saldı. Sənə də
yaxşı məlumdur ki, mən həyatımdan narazı deyiləm, naşükürlüyümə görə Allah
məni cəzalandırardı. Ruhumun fırtınaları ram edib, lövbər saldığı kitablarım öz
oxucu kütləsinə malikdir. Dahilik iddiasında deyiləm , lakin qələmimin
məhsullarının banyan ağacı kimi necə geniş əraziyə yayılıb tutduğunu gördükdə
məmnunluq hissi keçirdiyimi də dana bilmərəm. Ömür- gün yoldaşımla yarım
əsrdən artıq bir müddətdə övladlarımı, sonra da nəvələrimizi böyütmüşük, indi isə
nəticələrimizin nəslimizi davam etdirməsindən qürürlanırıq. Övladlarımın
qayğısından şikayət etməyə də haqqım yoxdur, üstəlik də dövlət öz qayğısını və
diqqətini əsirgəmir. Lakin birdən hansısa bir hiss məni çuğlayır, özünə əsir etməyə
çalışır, elə bil ki, ilahi bir səs məni doğma kəndə, onun çətinliklərlə və ehtiyaclarla
dolu olan yaşayışına qayıtmağa səsləyir. İllər keçdikdən sonra həmin kasıblığın ,
imkansızlığın acıları öz dadını dəyişib şirinləşməyə başlayır və ötən dövr öz
maqnetizmi ilə yenidən səni öz ağuşuna qaytarmaq istəyir. Bu hisslərlə qalib
gəlmək bir yana, onlara duruş gətirmək də olduqca çətindir.
Sonra o, əvvəllərdə olduğu kimi yenə söhbəti öz doğma kəndinin , indiyə
qədər əzizliyini itirməyən atasının , yaxınlarının üzərinə gətirib çıxartdı. Atasını
qəbirə tapşırdığı gündən üç onillikdən artıq bir vaxt keçir. Həyat çayının suları
kimi insanlar ölüm adlanan dənizə axmaqda davam edirlər. Lakin insan öz
əzizinin, doğmasının həyata vida etməsi ilə razılaşmaq istəmir, təskinliyi yalnız
onların qəbrini ziyarət etməkdə tapır.Bu mümkün olmayanda insan öz
müqəddəslərinə asi düşmüş kimi görünür. Əgər ata-ana qəbri üzərinə gedən cığırı
ot basmışdırsa, bu övladların, nəvələrin qəbahətidir, günahıdır, nankorluğudur.
Lakin səbəb özündən asılı deyilsə, məgər bu ruhlar qarşısındakı borcu kiçildə
bilirmi, günahı azaltmaqda bəraət rolunu oynayırmı?
Son on beş ildə bu adam valideynlərinin qəbrini –özünün bu müqqəddəs
saydığı bu ehramı, dağlar qədər uca saydığı sadə sərdabələri ziyarət edə
bilməmişdir. Səbəb isə hamınınkı kimidir. Qarabağın digər gözəl guşələri kimi
onun elinin yaşadığı torpaqlar, doğma kəndi ermənilər tərəfindən işğal
olunmuşdur. Bu bulaqların nəğmə dediyi , ot örtüyünün zəriflik nişanəsi olan
süsənlərin bəzədiyi meşələr, səhər-səhər əkinçiləri salamlayan torağayların şərqisi
yaddan çıxa bilərmi? Yoxsa qantökmə hərisliyi onları elə kor etmişdir ki, onlar
düşmənçiliyi bütöv bir xalqa deyil, təbiət, meşələr, heyvanlar, quşlar üzərinə
322
yaymaqdan da həzz alırlarmı? Təbiət bir qayda olaraq qoynunda dünyaya
gətirdiyi,böyüdüb boya başa çatdırdığı, nəhayət sonda öz qucağında əbədi məskən
verdiyi varlıqlara ana olmağı bacarır. Yadlara, xüsusən ölüm kabusunnu müşaiyət
edənlərə isə təbiət heç vaxt ana münasibəti, doğmalıq göstərə bilməz. Çünki onun
daimi məskunlarının həyatı kimi, onun özünün də məvhinə çalışanlar, ona nəinki
övlad məhəbbəti bəsləyə bilmir, əksinə ona qənim kəsilmək kimi vəhşi istəyindən
bir an da olsun geri çəkilmirlər.
Qocaman yazıçı onu da qeyd etdi ki, ahıl yaşa çatmaq çoxlarının arzusudur,
baxmayaraq ki, deyirlər ki, guya Allah sevdiklərini daha tez öz dərgahına aparır.
İnsan yaşa dolduqca kamilləşir, dünyanın hər üzünü görmək imkanı qazanır. Bircə
qüsuru odur ki, fəal həyatdan nisbətən uzaqlaşmalı olursan və bu, bir çox hallarda
insanda lazımsızliq kompleksinin yaranmasına səbəb olur. Lakin həyata bağlılıq
olduqca böyük gücə malikdir, insan yaşadığı hər gündən cismən olmasa da, ruhən
həzz almaq istəyir və son sap üzülənə qədər heç kəs həyatdan ayrılmaq istəmir.
Qocalığın insana bəxş etdiyi xüsusiyyətlərdən biri onu rahat yatmaqdan
məhrum etməsi, şirin yuxuya, təbiblərin diliilə deyilsə dərin, sağlam yuxuya həsrət
qoymasıdır. Sonra o, dərindən bir ah çəkib, söhbətinə davam etdi:
-Mən olduqca az yatıram. Mürgüləyən kimi də yuxular rahatlıq vermir. Özü
də hər gecə , özü də bir neçə dəfə doğma kəndimi , onun yaddaşlardan çoxdan
silinmiş adamlarını görürəm. Yuxular mənim üçün kəndimi , onun əhalisini
yenidən öyrənmək dərsliyinə , kinofilminə çevrilir. Yuxuda atamı, anamı,
qonşularımızı görürəm. Onların yanında mən yenə də əvvəlki uşaqlığıma
qayıdıram. Qəribədir ki, heç xatirimdə olmayan hadisələr, cizgilər yuxuda reallıq
qazanır, anadan yetim qaldığıma , həlim xasiyyətimə, bəklə də atamın kənddəki
böyük nüfuzuna görə adammlar məni əzizləyir, hətta öz uşaqlarına belə məndən
muğayat olmağı, meşəyə oduna gedəndə, çaydan keçəndə mənə kömək
göstərmələrini tapşırırdılar. Atamın isə nəvazişinə söz ola bilməz. Lakin bu nəvaziş
leysanında mən azacıq narazılıq notlarını hiss etməyə başlayıram. Bu narazılığı da
heç kəsin üstünə yıxmaq istəmir, bircə onu dəfələrlə təkrar edir ki, hamımız
günahkarıq, düşməni tanımamışıq , şirin dilinə uyub sayıqlığımızı itirmişik.
Yuxudan ayılanda atamın səsi qulaqlarımda zəng səsi kimi cingildəməyə başlayır.
Bu dərdə necə dözürsünüz? Yoxsa nələrəsə aldanıb, dərdi yaddan çıxarmısınız?
Axı insan üzərində dünyaya gəldiyi torpağın qədrini bilməlidir, ona görə də ona
anadan da əziz səslənən Vətən adını vermişlər.
Atam bu sözləri mənə ünvanlandırır,başqa heç kəsi nəzərdə tutmur. Pis
əməldə bulunan uşaq saflığı ilə mən də başımı aşağı salıb, onun tənə dadı verən
sözlərinə, məzəmmətinə qulaq asıram. Atamı da qınamıram, axı yuxuda o, yalnız
mənimlə görüşür , öz qayğılarını mənə söyləməyə imkan tapır. Oğlunun onu necə
sevdiyinə,bir sözünə də etiraz etməyəcəyinə o, daim əmin olmaqda qalırdı və bu
inamında yanılmadığını bilirdi. Digər tərəfdən onun sözlərində nəsə qeyri-düzgün
olan bir şeyi tapmaq da mümkün deyildi. Ancaq etiraf etməliyəm ki, bu yuxular
mənim əsəblərimi ərş hündürlüyündəki tarıma çəkir, bir an da olsun mənə rahatlıq
vermir. Belə yuxulardan sonra alabəzək, kəkilli quş onların reallıq ehtimalını bir az
da artırdı. Düşüncələrim reallıqla röya arasında hərəkət edən və fasilə verməyən bir
323
məkikə çevrildi və o, quşa müraciət edirmiş kimi bədaətən gizli sözlərini
təkrarladı:
-Əgər kəndimizə uçub getsən, qəbirstana yollan, üzünü orada yatanlara
tutub mənim adımdan de ki, biz dirilər siz ölülər qarşısında günahkarıq. Xahiş edə
bilmərik ki, günahlarımızı əfv edin. Bircə təvəqqəm odur ki, yuxuda bizi belə sərt
qaydada mühakimə etmətin. Çəkdiyimiz ağrılar özümüzə bəsdir. Nə qədər şən
olsaq da, bu acını unuda bilmirik. Lakin biz ruhdan düşməmişik ,torpaqlarımızın
tezliklə azad olacağı barədəki ümidimiz günü-gündən artır. Bu ümid xülyaya deyil,
ölkəmizin real qüdrətinə, dövlətimizin düzgün siyasətinə əsaslanır. Dirilərin ümidi
ruhlara da sakitlik verməlidir.
Bu sözlərdən sonra o, bir qədər ürək nahiyəsindən ağrısı çəkilən adam kimi
nəfəs almağa başlayıb əlavə etdi:
-Bax “Şanapipik” hekayəsinin buna görə qələmə aldım. Ölülərə bunu hətta
sehrli quşla çatdıra bilməsəm də ,ətrafdakılar qoy mənim mövqeyimlə bir daha
tanış olma imkanı qazansınlar. Mən özlüyümdə hətta haqsız olan hər cür cəzanı
çəkməyə də razılaşardım ki, təki torpaqlarımız azad olsun. Ölkəmizin ərazi
bütövlüyünün bərpası onu belə arzu olunan sonluqla nəticələndirənlərə həqiqi şərəf
gətirməklə, bütün günahkarlara isə ibrət dərsi olmaqla yanaşı, axırıncılara layiq
olmadıqları, lakin çoxdan gözlənilən zəfərin gətirdiyi şadlığın tərkib hissəsi olan
mərhəmətdən meydana gələn bəraət verəcək, bu isə ümumi razılıq mühitinin
yaranmasına , əfvin, alicənablığın böyüklüyünə şərait yaradacaqdır.
“525-ci qəzet”.23.08.2008
Jurnalist sözünün vəzni
Cəmiyyətdə, bizi əhatə edən ictimai mühitdə öz şəxsi məsuliyyət hissini
dərk edən hər bir adam üçün onun ifadə etdiyi fikir, dilə gətirdiyi söz çox vaxt
ittiham üçün imkan verən, cavabdehlik üçün şərait yaradan, yaxud da şərəf gətirən
əməldən heç də az əhəmiyyət daşımır. Xüsusən siyasət prosesində fəaliyyət əksər
hallarda ört-basdır edilib, rəng dəyişikliyinə məruz qaldığından, siyasi davranış
daim əslində göz qabağında olmadığından, özünü bu sahəyə həsr edən adamların
ən adi sözü, bəzən hətta bəsit, cılız fikri belə onun rəsmi mövqeyi və ya bəyanatı
kimi qəbul edilir. Ona görə də sözün çox hallarda daşıdığı fikir, məna yükündən də
ağır olduğu qənaətinə gəlinir. İctimai hadisələrin fövqündə dayanan jurnalistin işi
bu nöqteyi-nəzərdən olduqca mürəkkəb olmaqla yanaşı, bu söz zərgərlərindən
xüsusi dəqiqlik, obyektivlik və optimal ifadə tərzi tapmağı tələb edir. Qədim
romalılar demişkən, axı “yazılan qalır”, onları sonradan silmək, pozmaq olmur.
Söylənmiş fikrə hansısa ruhu oxşayan düzəliş vermək imkanı yoxa çıxır. Yəqin
buna görədir ki, əslində qələm sahibindən ötəri təqsiri bağışlayan, əfv edən mürür-
zaman müddəti mövcud deyildir. Reallığın öz kontekstindən çıxarılmaması və hər
bir jurnalistdən irəlini görmək peyğəmbərliyini tələb etməmək şərti ilə, bu sənət
sahibləri illər keçdikdən sonra belə cəmiyyət qarşısında, ən azı öz vicdanı
324
qarşısında hesabat verməkdə çətinlik çəkməməlidir. Belə perspektivin
mövcudluğunu nəzərə almaqla, onu hər cür qınaq təsadüflərindən birinci növbədə
öz yazısındakı məsuliyyət dərəcəsi qorumalıdır.
Jurnalist ifşa etmək, qeyzli yazı üslubundan istifadə etmək hüququna
malikdir, lakin bu zərbə endirmək anında da ölçü hissi gözlənilməlidir, özü də bu
ifşa obyektinə mərhəmət, mülayim münasibət göstərmək mənasında deyil, söyüşə,
təhqirə, şəxsi ləyaqəti alçaltmağa keçmək həvəsinə qarşı bir immunitetə malik
olmaq qaydasında özünü büruzə verməlidir. Axı ən qatı rəqibə qarşı da mübarizə
halal oyun qaydalarında getməlidir, burada məkrli, iftira yazı vasitə
sayılmamalıdır. Elə idman oyunlarında olduğu kimi, professionallıq defisiti həmişə
qayda pozuntuları ilə kompensasiya edilir. Səriştə, peşəkarlıq əlilliyindən əziyyət
çəkən jurnalist vulqar üsullara əl atır, hədyan ifadələrə geniş meydan verir,
beləliklə heç vaxt yararsız həll yolu hesabına nəcib niyyətə çatmağa müyəssər
olmur. Ləyaqətsiz vasitə ucbatından qarşıya qoyulmuş məqsəd də qərəzlilik
dumanında itib batır. Bu onun peşəkarlıq zəifliyindən xəbər verir. Xüsusən belələri
siyasi sifariş yerinə yetirdikdə, qulluq göstərmək canfəşanlığı hesabına biabırçı
vəziyyətə düşür. Çox vaxt qərəzlə rüsvay etmək istədiyi adamın əvəzinə, qeyri-
iradi olaraq özünü ifşa edir. Daha yaxşı olardı ki, qələm əhli hətta sifariş yerinə
yetirəndə də nökərçilik əhval-ruhiyyəsinin təsiri altına düşməsin. Belə adamlar
canfəşanlıq göstərmək ehtirasına tutulduqda daha nümayişkaranə qaydada öz
qüsurlarını, anadangəlmə ləkələrini açıb göstərirlər.
Qarışqalarda, termitlərdə təşkil olunma quruluşunun xüsusiyyəti ondan
ibarətdir ki, dəstələr kastalara, zümrələrə bölünür. Burada təchizatçılar, döyüşçülər
kastası mövcuddur. Kiçik bir zümrə isə nəsli artıran ana qarışqaya xidmət
göstərməklə məşğul olur. Həmin qarışqalar daha yaxşı xidmət göstərmək naminə o
qədər canfəşanlıq göstərirlər ki, mövcudluqlarının mənasını yalnız dəstənin
kraliçasına xidmət etməkdə görürlər. Buna görə hətta öz qidalanmalarını da
unudaraq, taqətdən düşüb ölürlər. Nökər qarışqa timsalında davranışı özünə rəva
bilənlər heç bir hörmətə layiq olmamalıdır. Qələm əhlinin, sözdən silah kimi
istifadə etmək imkanında olanların samuray xidmətində olması cəmiyyətin ciddi
eyiblərindən xəbər verir.
Rəngkarlıqda rəssam yerinə düşməyən bir yaxmaya yol verdikdə, bu
tablonun qiymətini azaldır, bəzən bütün zəhməti yerə vurur. Qəzetdə, televiziyada
və radioda işləməsindən asılı olmayaraq jurnalist ədəbsiz, hədyan, təhqiramiz bir
ifadə işlətməklə öz hədəfindən daha artıq özünə zərbə vurur, təkcə öz şəxsiyyətini
deyil, həm də təmsil etdiyi kollektivi hörmətdən salır, rəqiblərinin də vura
bilmədiyi yaranı özünə vurur. Daha xoşagəlməz cəhət isə ondan ibarətdir ki, vulqar
üslubla silahlanan jurnalist öz oxucusunu, tamaşaçısını, dinləyicisini, bir qədər
geniş miqyasda götürdükdə bütün cəmiyyəti təhqir edir. Bu məsələdə
televiziyaların yaradıcı kollektivləri daha ehtiyatlı davranmalıdır. Çünki günün hər
bir anında evə qədəm basan qonaq kimi, teleefir çoxsaylı dinləyicisinin diqqətinə
hakim kəsilə bilir. Teleaparıcının öz geniş əhatəli tribuna imkanlarından sui-
istifadə etməsi xüsusilə yolverilməzdir. Çünki onun atdığı daş nəzərdə tutulan
adamla yanaşı, hətta bəzən ondan yan keçib, yüz minlərlə adamın ürəyinə dəyib,
325
heysiyyatına toxunur. Həm də cəmiyyətdəki mənəvi mühitin korlanmasına şərait
yaradır.
Bu fikrə etiraz edənlər yəqin ki, cəbbəxanalarında olan bir arqumenti irəli
sürə bilərlər ki, qərəzli məqalə və telemonoloq daha yüksək maraq doğurur.
Təəssüf ediləcək bu faktı inkar etmək düzgün olmazdı. Marağın mövcudluğu ilə
yanaşı, əksəriyyət qərəzlilik atmosferinin boğucu havasını yaxşı duyur və qərəzli
məhsul buraxan müəlliflərə hörmətdən çox uzaq olan münasibət bəslənilir.
Xoşbəxtlikdən belələrinin fəallığı, çılğıncasına coşması da qorxulu yoluxucu
xəstəliklər kimi xeyli uzun fasilələrdən sonra, ölkə siyasi epidemiyalara
sirayətləndikdə baş verir. Əksər oxucu və dinləyici onları heç də ciddi müəllif,
nüfuzlu söz sahibi kimi qəbul etmir. Əlbəttə, onlar müəyyən dövr üçün ucuz
populyarlıq da qazanırlar. Lakin bu zahiri effektə, mövsümi dəbə əsaslandığından
həmin “şöhrətin” ömrü də bir günlük kəpənəklər kimi qısa müddətli olur.
Mahiyyəti söyüş toplumuna dəyişənlər əslində bumeranq zərbəsinə məruz qalırlar.
KİV-in nisbətən cavan növü olan elektron informasiya vasitələri – televiziya
və radio olduqca böyük və əslində qarşısını almağın qeyri-mümkün olduğu bir
qüvvəyə malikdir. Onların ürəklərə və beyinlərə təsir göstərmək sahəsindəki böyük
qüdrəti ilə yanaşı, axı hiss, ehtiras, ekspressiya bəxş edirlər, səfehlik təlqin etmək,
mənəviyyatı və əxlaqi deqradasiyaya uğratmağa meyl etmək kimi imkanları da
vardır. Onu da qeyd etmək lazımdır ki, bu hal heç də lokal xarakter daşımır, xırda
istisnalarla yanaşı az qala qlobal problemə çevrilir. Ümumilikdə götürdükdə isə
əgər kütləvi informasiya vasitələri ağ yalanı həqiqət kimi, beyni zəhərləyən
ifadələri könülə şəfa verən həb kimi sırımaq həvəsinə düşürsə, bunları həzm
etdirməyə çalışırsa, əslində adamları mədə xorasından da qorxulu və çətin sağalan
mərəzlərə yoluxdururlar. Cəmiyyətin dərdlərini, bəlalarını kənara atıb, hansısa
uydurulmuş bir hədəfə hücum etmək və ya rəqibə xaincəsinə zərbə endirmək,
mətbuatın öz ali məqsədlərinə xilaf çıxmasından, özünün nəcib imkanlarına məhəl
qoymamasından xəbər verir. Belə xoşagəlməz meyllər gücləndikdə KİV az qala
kütləvi qırğın silahı kimi mənfur bir alətə çevrilmək şansı qazanır. Bəzi nüvə
bombaları tikililərə toxunmayıb canlıları məhv etdiyi kimi, bu silah da bədənlərə
xətər toxundurmadan şüura, mənəviyyata sağalmaz yara vurur.
Mətbuat xalqın azadlıq və demokratiya barədəki düşüncələrinə hörmətlə
yanaşmalı, bu ali məqsədi hansısa korporativ maraqlara qurban verməməlidir.
Xalqın ümdə mənafeyinə aid olan nə varsa siyasi əqidəsindən asılı olmayaraq hər
bir mətbuat işçisi onların öncüllüyünü qəbul etməli, xalqın mənafeyinə zidd olan
mövqedən daim uzaq olmalıdır. Cəmiyyət qarşısında öz məsuliyyətini dərk edən
jurnalist hansısa saxta fikri və yanlışlığı xalqın amalı, istəyi şəklində təqdim
etməməlidir. Mətbuat hər şeydən əvvəl proqressə xidmət etməli, cəhalətin,
xurafatın təsiri altına düşməməlidir. Xalqın yaradıcı potensialının daha gur üzə
çıxarıla bilməsi uğrunda gedən mübarizənin ön sıralarında addımlamalıdır. Tarix
mətbuatın öz xalqı qarşısında xidmətləri barədə çox sayda misallar verir. Böyük
fatehlər unudulmadığı kimi, qızğın söz döyüşünün bu qəhrəmanları da öz
cəsarətləri, xalqın xoşbəxt gələcəyi naminə mübarizələrilə dünya xalqlarının
salnaməsini çoxlu ibrətamiz hadisələrlə bəzəmişlər. Qələm əhli ən böyük nüfuz
326
dairələri qarşısında da diz çökməmiş, öz sarsılmaz mövqelərinin haqq işi olduğunu
sübuta yetirə bilmişlər.
1734-1735-ci illərdə Nyu-Yorkda “Zenqer işi” deyilən bir hadisə baş verdi.
Ştatın qubernatoru Kosbi məhkəmə qarşısında müəyyən məbləğ pul barədə iddia
qaldırdı və işi uduzdu. Sonra o, həmin hakimi uzaqlaşdırıb, yenisini təyin etdi.
“New York Weekly Journal” qəzetinin naşiri Con Piter Zenqer bir il əvvəl
buraxmağa başladığı bu qəzetində qubernatoru kəskin tənqid etdi. Böyük
hakimiyyət sahibi olan qubernator guya böhtana görə qəzeti yandırmaq və naşiri
həbs etmək barədə göstəriş verdi. Məhkəmədə naşir qələbə çaldı. Bu hələ
müstəqillik qazanmamış Amerikada mətbuatın azadlığının ilkin və böyük qələbəsi
idi və onun sonralar həqiqətən dördüncü hakimiyyət olmasına geniş yol açdı.
Bu misalın bizim şəraitə uyğun olmadığını təsdiq edənlər də tapıla bilər və
onlar əsas kimi bunu gətirə bilərlər ki, axı bizdə məhkəmələr müstəqil deyil,
böhtan iddiası təsdiq olunmayanda belə qəzetlər təqib edilir, məsuliyyətə cəlb
edilir, cərimələnir. Qəzet naşirlərinin dustaqxanaya salınması, hətta qətlə
yetirilməsi faktı da mövcuddur. Belə dəlilləri gətirənlərə, daha çox isə onlara bu
danışıqlar üçün şərait yaradanlara bir cəhəti xatırlatmaq yaxşı olardı ki, mətbuatın
azadlığı heç də şüar olmayıb, real qaydada həyata keçirilməlidir. Nyu-Yorkdakı
hadisə ilə bizi 270 ilə bərabər bir tarixi məsafə ayırır, axı demokratiyanı bərqərar
etmək üçün, - söz azadlığı isə onun təməl prinsiplərindən biridir, - əsrlər lazım
olduğunu düşünənlər, bu ali prinsipi sadəcə olaraq kabusa çevirmək arzusu ilə
yaşamağa üstünlük verənlərdir. Amerikadakı hadisədən üç onillik sonra İngiltərədə
baş verən hadisə uzun müddət siyasət dəhlizlərini tərk etmədi. İngiltərənin baş
naziri Qrenvillin başçılıq etdiyi hökumət 1763-cü ildə gömrük xidməti, vergi
yığmaq sahəsində bir sıra tədbirlər gördü ki, bunlar daha da sərtləşərək sonra
Amerika ərazisindəki koloniyalara ağır iqtisadi zərbələr vuracaq və olduqca pis
nəticələrə gətirib çıxaracaqdı. Bu vaxt Con Uilkis adlı naşir özünün “North Briton”
qəzetində hökuməti ciddi tənqidə məruz qoydu. Elə bu qəzetdə o, kral II Corca
qarşı, İngiltərənin müharibə qənimətlərinin əldən çıxmasına səbəb olan Paris
müqaviləsini müdafiə etdiyini əsas götürərək, hücum xarakterli məşhur “N 45” adlı
məqaləsini dərc etdi. Həmin yazıda kral saxtakarlıqda ittiham edilirdi. Hökumət
buna kralı müdafiə etməklə cavab verdi, üstəlik Uilkis həbs edildi. Məhkəmə
hökumətin Uilkisə olan hücumlarını qətiyyətlə dəf etdi, lakin parlament də
hökumətin tərəfini saxladıqda, Uilkis Parisə qaçmalı oldu və o, İcmalar Palatasının
üzvlüyündən xaric edildi.
Bir neçə il sonra Uilkis mühacirətdən vətənə döndü və yenə parlamentin
üzvü seçildi. Köhnə böhtana görə yenə onu mühakimə edib cərimələdilər və
dustaqxanaya saldılar. Lakin artıq o, kütlənin bütünə çevrilmişdi və kütlə “Uilkis
və Azadlıq” şüarı altında bunt qaldırdı. Beləliklə, Uilkis böyük siyasi populyarlıq
qazandı və uzun müddət parlamentin üzvü oldu.
Ən başlıcası Uilkis öz cəsarətli yazısı ilə çoxlarına müyəssər olmayan bir iş
görmüşdü. Ölkəni siyasi böhrana cəlb etmişdi. Bəzi tarixçilər bu hadisəni
qiymətləndirərkən, onun İngiltərənin xarici siyasətinə və inteqrasiyanın taleyinə
necə böyük təsir göstərdiyini qeyd edirlər. Bir çoxları güman edir ki, İngiltərə
327
hökumətinin və parlamentinin Uilkis əhvalatına başı ciddi surətdə qarışdığından,
Şimali Amerikadakı koloniyalarda meydana gələn müstəqillik hərəkatına lazımi
qiymət verməyi bacarmadı. Amerikada inqilab baş verdi, istiqlaliyyət uğrunda
uzun müddətli qanlı müharibə getdi və İngiltərə Amerikadakı on üç varlı ştatı
itirməyə məcbur oldu. Dünyada ABŞ adlı yeni dövlət meydana gəldi və iki əsr
keçməmiş o fövqəldövlət ləyaqətinə yiyələndi. Uilkis adi bir qəzetçi olsa da,
İngiltərə imperiyasının parçalanmasında və Yeni Dünyanın taleyində özünəməxsus
rol oynadı.
Digər böyük bir qələm sahibi olan Tomas Peyn çap etdirdiyi “Sağlam
düşüncə” pamfletində Amerikada müstəqilliyi birbaşa elan etmək çağırışı ilə çıxış
etmiş, onun bu müraciəti geniş yayılaraq, böyük əks-səda doğurmuşdu. 47 səhifəlik
yazının çap olunduğu elə həmin 1776-cı ildə Birləşmiş Ştatlarda İstiqlaliyyət
Deklarasiyası elan olundu. Müəllif dövrün tələbini düzgün tutaraq, inqilab
məsələsinin bilavasitə gündəliyə daxil edilməsini təklif etdi və onun zəfərinin
şahidi oldu.
Yaxud, XIX əsrin ortalarında A.İ.Gertsen xaricdə buraxdığı “Kolokol” –
“Zəng” qəzeti isə təhkimçiliyin ləğv olunduğu 1861-ci ilə qədər Rusiyada ciddi
demokratik islahatları – kəndlilərin azad olunmasını, senzuranın və bədən
cəzalarının ləğv edilməsini tələb edirdi. O, qəzetdə Rusiya mütləqiyyətini daim ifşa
edirdi.
Onların şəxsi talelərinə gəldikdə Tomas Peyn ahıl yaşlarında Amerikada
ostrakizmə məruz qaldı, ömrünü kasıblıqda başa vurdu, Gertsen isə vətənindən
uzaqlarda həyatdan vaxtsız köçdü. Lakin onların öz həmvətənləri qarşısında böyük
xidmətləri heç vaxt unudulmadı. Çünki onlar alov törədəcək qığılcımı yandıra
bilmişdilər. Bu qığılcım isə azadlığın, demokratiyanın yoluna işıq saçırdı.
KİV indi daha geniş və daha böyük miqyasda şüurlara təsir göstərmək,
ictimai rəyi formalaşdırmaq imkanına malikdir. Bu, həmin sahədə çalışan hər bir
işçinin çiyinlərinə düşən məsuliyyət yükünü daha da ağırlaşdırır. Jurnalist ağır
zehni və fiziki əməklə məşğul olur, daim axtarışdadır. Bu cəhətdən onun əməyini
geoloqların ağır zəhməti ilə müqayisə etmək olar. Geoloqlar yerin təkinin
məchulluqlarına nüfuz etdikləri kimi, qələm sahibləri də insanların zəkalarına və
könüllərinə müraciət edirlər, öz tədqiqatlarını aparırlar. Ona görə də ölkəmizin bu
günü və sabahının taleyində onların rolunu inkar etmək olmaz. Bu rol o vaxt
böyüyəcəkdir ki, hər bir qələm əhli özünü xalqın işıqlı amallarına həsr etsin, heç
vaxt vətəndaşlıq hissini unutmasın. Deməli, jurnalist silahından istifadə
məsələsində öz ləyaqətini ön plana çəkməlidir. Ləyaqətin aparıcı olduğu işdə heç
şübhəsiz, nəticə də qazanılacaq. Ləyaqətli insanın sözünün vəzninə isə bir qayda
olaraq, heç kəs şübhə ilə yanaşmır. Ləyaqət dedikdə birinci növbədə həqiqət
ilahəsinə sitayiş nəzərdə tutulmalıdır, heç kəsin məğlub edə və ya qəsb edə
bilmədiyi iradə işə salınmalıdır. Qədim Romanın sonuncu imperatoru olmuş,
böyük filosof Mark Avreli insanlara müdrik bir məsləhət vermişdir: “Əgər nəsə
düzgün deyilsə onu etmə, əgər nəsə doğru deyilsə, onu söyləmə”. Bu ağıllı nəsihəti
bilavasitə jurnalistlərə, sözdən ictimai şüura təsir mənbəyi kimi istifadə edənlərin
hamısına ünvanlamaq olar.
328
“525-ci qəzet”. 19.07.2005
Söz mühakiməsi və ya mühakimə sözü
Dostları ilə paylaş: |