Başqalarına sözü ilə deyil,bütün həyatı ilə ləyaqət moizəsi təlqin edən
R. A-ya
Ötən ili yola salarkən ölkədə də, paytaxtda da sevinc notları, fərəh nişanələri
daha çox gözə çarpırdı. Yeni il axşamı Bakı sakinlərinin xeyli hissəsi izdihamlı
şənliyin bilavasitə iştirakçısı, demək olar ki, hamısı isə müşahidəçisi oldu. Şəhərin
səmasını o qədər də öyrəşmədiymiz və uzun dəqiqələr ərzində davam edən
atəşfəşanlıq al-əlvan rəngə boyadıqca, memarlıq incilərinin büründüyü qövsi-
qüzeh örtüyü, küçələrin bəzəyi və ağacların budaqlarından sallanan miniatür lampa
salxımları bərq vurduqca, adamlara elə bil ki, əlavə nikbinlik hissələri bəxş edirdi,
gələcəyə inamı möhkəmləndirirdi, könüllərdə közərən ümid odunu alovlandırırdı.
Axı romantik duyğu adamı həyatda ümidsizlikdən, bədbinliyin əsarətindən xilas
etməyə qadir olur.
Həmin şənliklər ərəfəsində ölkə prezidentinin fərmanı ilə müxtəlif müddətə
azadlıqdan məhrum edilmiş bir qrup jurnalist əfv edildi, onlar dustaqxana
kameralarını və baraklarını tərk edib, azadlığa, həm də öz ailələrinə və uşaqlarına,
dostlarına və yaxınlarına qovuşdular. Siyahının bütöv olmaması müəyyən təəssüf
hissləri doğursa da, əksəriyyət bu humanist addımı alqışladı, məhbəsdən
qurtulanların sevincinə şərik çıxdı.
Onu da qeyd etmək lazım gəlir ki, bütövlükdə jurnalistlərə, xüsusən də,
cəzaya məhkum edilmişlərə münasibət heç də birmənalı deyildir. Çünki son illərdə
meydana gələn qəzetlərin, elektron kütləvi informasiya vasitələrinin bolluğu
onların məhsullarının keyfiyyət göstəricilərinin yaxşılaşması ilə müşayiət
olunmadı, əksinə, mətbuatdan və televiziya efirindən mənəvi terror məqsədilə
istifadə etmək ənənəsi özünü daha böyük hədyanlıqla biruzə verdi. Bədnam «reket
jurnalistləri» məfhumu altında gizlədilən qatı söz terrorunun birbaşa nümunələri və
hədələri geniş ayaq açmağa başladı, bu üzdəniraq yolu arqumentə çevirmək həvəsi
böyüdü.
Lakin cəmiyyətin də mətbuata münasibətini normal saymaq olmaz, çünki
bəzi hallarda öz qüsurlarının səbəbini özündə axtarmaq, onun batsillalarrından
xilas olmaq qayğısına qalmaq əvəzinə, bütün günahları rəy sahiblərində, qələm
əhlində görmək kimi hamar güman edilən, ancaq qeyri-məhsuldar olan bir yol
tutulur. Yəqin ki, güzgünün parlaqlığına nail olmaq cəmiyyəti cilalamaqdan daha
asan hesab olunur. Güzgünü ləkə basanda onun əksetdirmə qabiliyyəti xeyli
zəifləyir.
Təəssüf ki, bir sıra hallarda qəzetlər daha çox sensasiya arxasınca qaçaraq,
öz məzmun və oxunaqlılıq xüsusiyyətlərini itirməyə dözür. Bəziləri isə kin, nifrət
ruporuna çevrilməklə, əslində, xeyirə, ədalətə, haqqa xidmət kimi borcu unudub,
şərə qulluq göstərməyə girişir, ədavət yaymaq imkanını reallaşdırmaqdan həzz alır.
Kin toxumlarını səpmək, buna əkinçilik, bağbanlıq etmək isə heç də xeyirxah bir iş
329
deyildir. Obyektiv, əsaslandırılmış, tutarlı tənqid bir çox hallarda təhqir, iyrənc
söyüş, böhtan və iftira ilə əvəz edilir. Ona görə də şiddətlənən qərəz qasırğasında
qüsurların sağlam tənqidi, quldurların, yaramazların, tör-töküntülərin həqiqi ifşası
itib batır, ümumi hiddət dumanı onları diqqətdən yayındırır. Belə mühit istedadlı
jurnalistlərin böyük zəhmətini də yerə vurur, onların söz əlkimyaçılığı, əziyyəti
ucuz ərintilərə qarışaraq udulur. Bu məsələdə adi ölçü hissi gözlənilmədiyindən
nəyin ciddi, nəyin şaiyə səviyyəsində olduğunu ayırd etmək mümkün olmur.
Ağlabatmayan proqnozlar baş alıb gedir, elə təsəvvür yaranır ki, ölkədə heç kəs
yaradıcı işlə məşğul olmur, oğurluğa, harama meyl aparıcı rol oynayır,
hakimiyyətin bütün pillələrində, cəmiyyətin əksər təbəqələri arasında ölüm-dirim
savaşı gedir. Beləliklə, inkar, bütün təzahürləri qara rəngdə görmək hakim
mövqeləri qəsb edir. İş ona gəlib çatıb ki, parazitlərlə mübarizəyə də əks
mövqedən yanaşmağa girişirilir. Hakimiyyət isə dövlət, xalq mülkiyyətini çapıb-
talayan, rüşvətxorlar ordusuna generallıq edən iki-üç vəzifə sahibini
səlahiyyətlərdən məhrum edib, zərərsizləşdirdikdə bəzi qəzetlər bu çılpaq
korrupsiya krallarına az qala qəhrəman libası tikməklə məşğul olur, onların hədd
bilməyən tamahkarlığının dəlil-sübutlarını qəbul etməkdən imtina edir, əvəzində
asket həyat tərzi sürmələri barədəki saxta rəyi adamların şüurlarına təlqin etmək
istəyir. Xalqın qanını sormaqdan uzaqlaşdırılmaq üçün qəfəslərə salınan qurdlar bir
andaca öz şəklini dəyişib, quzu dərisində təsvir edilir. Hamıya uyaxşı məlum olan
real xüsusiyyətləri silinib, yerində onlara gildən ən təmiz və halal insan heykəli
tökülür, ancaq ona azacıq əl dəydikdə bu saxta abidə ovxalanıb bir andaca sıradan
çıxır.
Belə əllaməliklər sözə, yazıya hörməti, inamı azaldır, əcayib standartların
mövcudluğunu yada salır. Bunlar nadir nümunələr olsa da, mətbuatın adına və
şərəfinə kölgə salmamış qalmır. İtirilən nüfuz isə bir də bərpa olunmur, ingilislərin
ifadəsincə desək, bu, dənizin onda həlak olanları nə vaxtsa geri qaytarması
ehtimalına daha çox bənzəyir.
Bəla burasındadır ki, ədalətli, obyektiv tənqidə də bir çox hallarda məhəl
qoyulmur. Bəzi vəzifə sahibləri bundan istifadə edib, istənilən tənqidə qarşı
gülləkeçməz zirehə yiyələnirlər. Məmur özbaşınalığı barədə olan məlumatlara
müvafiq səviyyədə reaksiya verilmədiyindən, mənsəb sahiblərində özünə
güvənmə, öz toxunulmazlığına inam yaranır, nəticədə isə hərəkətləri və onların
nəticələri üçün hökmən məsuliyyət daşımalı olduqları barədəki düşüncə əriyib
yoxa çıxmağa başlayır. Belə arzuolunmaz metamorfozalar qanunların maniəsiz
fəaliyyətinə əngəllər yaradır, cəzasızlıq mühitinin formalaşmasına, anarxiyapərəst
meyllərə yol açır. Real tənqid qulaqardına vurulur, ağır səhv şəklində təmiz suyun
bulandırılması kimi qiymətləndirilir. Cəhalətin, xurafatın ifşası bəzən insanların
dini inanclarına hücum kimi qəbul edilir. Ehtiraslar coşanda isə düzgün qərar
vermək xeyli çətinləşir. Bütün bunlar yazının ədəb-ərkan çərçivəsində olması üçün
jurnalistin məsuliyyətini azaltmamalıdır. İnvektivadan istifadə həvəsi milli
mentalitetə, dini hisslərə məhəl qoymamağa gətirib çıxarmamalıdır. Dini rəmzlərə
xırda bir hörmətsizlik dindarlar tərəfindən öz ruhlarının təhqiri kimi
qiymətləndirilir. Unutmamaq lazım gəlir ki, söz azadlığı heç də hər cür hədyanlığa
330
yol açılması demək deyildir.
Hansısa bir məqaləyə görə, onun müəllifini və ya naşirini anafemaya vermək
cəhdi də məqbul sayılmamalıdır. Cinayət tərkibi olan işə görə mühakiməni yalnız
məhkəmə apara bilər, məhkəmə hökmü yoxdursa, heç kəsi cinayətkar elan etmək
olmaz, bu təqsirsizlik prezumpsiyası deyilən hüquqi prinsipidir. Digər tərəfdən,
kütlənin tələbi ilə adamların cəzalandırılması, ölümə məhkum edilməsi tarixə
məlumdur və bu təcrübə olduqca ağır nəticələrə gətirib çıxarmışdır. Orta əsrlər
Avropasını bürüyən «ifritə ovu» tədbirlərini yada salmaq kifayətdir. Yaxud katolik
kilsəsi küfrə qarşı mübarizə bayrağı altında çox sayda günahsız insanların, böyük
zəka sahiblərinin qətlinə fərman verirdi. XV əsrin sonunda İspaniyanın baş
inkvizitoru Torkvemada qısa müddət ərzində adamları kafirlikdə ittiham etmək
yolu ilə on min nəfər insanın həyatına son qoymuşdu. Bu ondan əvvəlki əsrdə
taunun- «qara ölümün» iri bir Avropa şəhərinə vurduğu ziyana bərabərdir. SSRİ-
dəki 1930-cu illərdə baş alıb gedən məlum repressiya daşqınında siyasi səbəblər
əsas götürülməklə həbs edilənlərin böyük əksəriyyətinə mitinqlərdə, zəhmətkeş
yığıncaqlarında ölüm hökmü tələbi irəli sürülürdü, məhkəmə təhqiqatı olmadan
onlara «xalq düşməni» damğası vurulurdu. Milyonlarla insanın boynu bu yolla
vurulurdu. Bunu yalnız meşədə kütləvi ağac qırılması ilə müqayisə etmək olar.
Çox yaxşı haldır ki, bizdə hisslərin coşması dalğası nadir hallarda baş verir
və lokal xarakter daşıyır, onun qızışdırılmasına yol verilmədiyindən tez yatır. Belə
olmasaydı, onda ölkədə «kafir ovuna» da yaxınlaşmaq olardı. Heç şübhəsiz, həm
xaricdə, həm də ölkənin daxilində hadisələrin bu məhvərə düşməsinə, belə
xoşagəlməz yolla inkişafına can atan qüvvələr vardır və onlar dindar insanların
səmimi hisslərini istismar etmək və bundan bolluca faydalanmaq fürsətini əldən
verməzdilər.
Söz azadlığı demokratiyanın fundamental prinsiplərindən biridir və bu
dayaqların qorunmasına beynəlxalq təşkilatlar böyük qayğı göstərirlər. Söz
azadlığı adlanan əsəb uclarının qıcıqlanması demokratiyanın sağlamlığının
qaydasında olmadığının göstəricisidir. Sözü mühakimə etmək isə olduqca
arzuolunmaz, həm də bir qədər müşkül məsələdir. Çünki ədəbi söz, yazı müəyyən
fikir ifadə etsə də, başqa mənaya da yozula bilir, bütöv kontekstlərdən çıxarıldıqda,
onu tam fərqli səmtə də yönəltmək mümkün olur. Ona görə də bu məsələdə qərar
vermək, vahid, həm də düzgün nəticəyə gəlmək olduqca çətindir. Bu səbəbdən
hakimlər həmin qəbildən olan işlərə baxanda ekspertlər dəvət edir, ancaq onların
özləri də ümumi mövqeyə gələ bilmir, həmrəylik nümayiş etdirməkdən uzaq
olurlar. Cinayət yalnız əməldə özünü büruzə verir, sözdə, ideyada, əgər bu
insanlığa qarşı çağırış deyilsə, birbaşa cinayət elementi olmur. Bircə onu yada
salmaq lazımdır ki, tarix boyu milyonlarla insanın başı kəsilsə də, həyatına xitam
verilsə də, heç bir ideyanın boynunu vurmaq mümkün olmamışdır. Bu olduqca
yaxşı haldır, lakin zərərli xərclərdən də xali deyildir. Çünki hətta ən mənfur
ideyalar belə birdəfəlik olaraq tarixin arxivinə verilmir, asanlıqla unudulmur,
müəyyən vaxt keçirdikdən sonra münbit şərait yaranan tək alaq otu kimi
cücərməyə, adamların şüuruna nüfuz etməyə başlayır.
Jurnalistin əqli əməyinin məhsulu yalnız sözdür, məqalədir, yazıdır. Söz
331
onun həm hücum silahı, həm də yeri gəldikdə rəğbət bəslədiyi mövqeyi müdafiə
etmək üçün yeganə vasitəsidir. Bəziləri hücuma atıldıqda, sonradan müdafiə
olunmaq ehtimalını bütünlüklə unudur, sonra isə öz ağılsız dəlisovluğuna görə
cavab verməli olur. Qələm sahibi öz sərəncamında olan vasitədən xeyir, insanlıq,
düzgünlük naminə, şərə, cəmiyyətə sirayət edən bəlalara qarşı məharətlə və
səmərəli qaydada istifadə etməyi bacarmalıdır. Həqiqətə sitayiş və xidmət etmək
əvəzinə jurnalist bu silahdan sui-istifadəyə yol verdikdə, gec-tez bumeranq kimi bu
zərbə qayıdıb onun özünə dəyəcəkdir. Lakin bu tələb heç də qələm sahibini dar bir
çərçivəyə, qəfəsə salmaq niyyətinə, onun üçün mövzu gettosu yaratmaq məqsədinə
çevrilməməlidir. İnsan üçün təbiətin bəxş etdiyi ən böyük nemət və mükafat olan
sözdən, özü də kütləvi, açıq bəyan edilən sözdən xırda hisslər naminə, məkrli
niyyətlər üçün və qisas silahı kimi istifadə edilməməlidir. İnsanlara nifrət təlqin
etmək, irqi, milli ədavəti qızışdırmaq qanunlar tərəfindən qadağan edilmişdir. Ona
görə də heç bir qələm sahibi bu ixtiyar həddini keçməyə həvəs göstərmir, çünki bu
sərhəd pozulduqda, artıq qanun qarşısında cavab vermək lazım gəlir.
Elə dəyərlər, elə simvollar vardır ki, onlar kiminsə iradəsindən asılı
olmayaraq az qala müqəddəslik toxunulmazlığına yiyələnmişlər. Onlara qarşı
sözdə, yazıda azacıq hörmətsizlik, sayğısızlıq halı bu müqəddəsliyə sitayiş edənlər
tərəfindən təhqir kimi qarşılanır və onların qəzəbini hansısa frazeoloji təhlil yolu
ilə izahla soyutmaq mümkün olmur, yatırtmaq isə olduqca çətinləşir. Təəssüf ki,
cəhalət, xurafat keşikçiləri də öz təmbəkilərini uydurduqları ehkamlar folqasına
büküb, onun tüstüsü ilə beyinləri dumanlandırmağa cəhd göstərirlər. Ona görə də
cəhalət əlamətləri qamçılananda, onlar dinə aid olan məsələlərdən bütünlüklə
təcrid edilməli, bu yolla dinə yad olan ünsürləri, onun sitayiş və ibadət
toxunulmazlığından özlərinə müdafiə vasitəsi kimi istifadə etmələrinin qarşısı
qabaqcadan alınmalıdır. Yaxşı məlumdur ki, cəhalət fədailəri dini bayraq altına
sığındıqda bu, ciddi fəsadlar əmələ gətirir.
İslam dini az sayda olan mühüm dünyəvi dinlərdən biridir, onun ehkamları
əsrlərin sınağından çıxmış, insanları qardaşlığa səsləmiş, qəlbə və şüura təsir etmək
sahəsindəki nadir gücünə görə dünya əhalisinin hər altıncısının inancına, imanına
çevrilmiş, bütün qitələrə yayılmışdır. İslam həm də möhtəşəm bir mədəniyyətdir.
Bu böyük abidəni inkar etmək, şübhə altına almaq ağılsızlıqdır. İslam dininə qarşı
hücumlar əks nəticə ilə üzləşməli, onun dayaqlarının daha da möhkəmlənməsinə
səbəb olmuşdur. Din, ona ruhən sığınan hər bir adamın könlünün olduqca zərif
simidir, ən intim duyğudur, bu hisslə olduqca ehtiyatla davranmaq tələb olunur.
Cəhalətə, mövhumata atılan güllələrin, qəlpələrin islam dini adlanan nəhəng
dağa hansısa ziyan vuracağını güman etməyin özü sadəlövhlükdür. Əslində
xurafata qarşı mübarizə dinin yüksəkliyi və təmizliyi uğrunda aparılan hərəkatın
tərkib hissəsidir. İslamla xurafatı birləşdirmək, onların bir- birinə nüfuz etməsini,
birinin digərini qidalandırmasını güman etmək isə bu dini hörmətdən salmaq
istəyindən başqa bir şey deyildir. Ona görə də cəhalətin ifşasına həsr edilən
yazılarda onunla din arasında hansısa təmənnalı məqsədlər naminə qurulan
körpülər yandırılmalı, geriliyin, avamlığın, yaramaz qaydaların rudimentləri dini
ibadətlərdən bütünlüklə təcrid edilməlidr.
332
Jurnalist qüsurlara, çatışmazlıqlara qarşı mübarizə apardıqda onun
daşıyıcıları əleyhinə də öz süngüsünü işlətməli olur və cavab kimi həmin adamların
düşmənçiliyi ilə üzləşir. Bu düşmənçilikdə vasitələrin seçilməsinə o qədər də
əhəmiyyət verilmir, qələm sahibini sıradan çıxarmaq üçün bəzən iyrənc üsullar da
yarayır. Jurnalistlərə qarşı səlib yürüşü elan etmək həvəsində olanlara bu məfhumu
ilk dəfə tarixə bəxş edənlərin acı taleyini yada salmaq lazım gəlir.
XI əsrin sonunda başlanan səlib yürüşləri xristian dininin bayrağı və
bilavasitə rəhbərliyi altında aparılsa da, əslində İusus Xristin təbliğ etdiyi əxlaq
prinsiplərinə tam zidd olmaqla yanaşı Qərbin sonralar genişlənən və gur inkişaf
edən biabırçı müstəmləkəçilik siyasətinin başlanğıc nöqtəsi rolunu oynadı. Bu
yürüşləri təşkil edənlər və onların başçıları bədnam ad və Herostrat şöhrəti
qazanmaqdan başqa heç nəyə nail olmadılar. Yəqin ki, tarixi səlibçiliyi təqlid
etmək istəyənləri da buna bənzər bir sonluq gözləyir. Jurnalistikanın son üç əsrlik
tarixinə nəzər salsaq görərik ki, qələm əhli nə qədər təqiblərə, cəzalara məruz qalsa
da, nəticə etibarilə qələbə, özü də tam və geniş miqyaslı zəfər onların tərəfində
olmuşdur. Bu mənada mətbuatı feniks quşuna bənzətmək olar, onu yandırmaq
eşqinə düşənlər arzularının tam əksi olan bir möcüzənin şahidi olmuşlar – bu
küldən o yenə dirilib, qanad açmağa bacarmışdır.
Bunu nəzərə alaraq, tarixə müraciət etmək, bəzi faktları yada salmaq pis
olmazdı.
1734-1735-ci illərdə Nyu-Yorkda Zenqer işi deyilən bir hadisə baş vermişdi.
Bu adam « New York weekly Journal» həftəlik qəzetinin naşiri idi. Həmin qəzetdə
qubernatora hücumlar edilir və o, kəskin tənqidə məruz qalırdı. Qubernator bu
həmlələrdən qəzəblənib, böhtana görə qəzeti yandırmaq və naşiri həbs etmək
göstərişini verdi. Məhkəmədə Zenqeri güclü vəkil müdafiə edirdi və iş ittiham
olunan naşirin tam qələbəsi ilə nəticələndi. İttiham isə ondan ibarət idi ki, bu
hücumlar guya «Alihəzrət idarəçiliynin (həmin dövrdə bu əyalət başqaları kimi
Böyük Britaniya imperiyasının müstəmləkəsi idi və ona görə də mətndə kral
hakimiyyəti nəzərdə tutulurdu) xarakterini alçaldır və burada yaşayan adamları
yoldan çıxarmaq, iğtişaş yaratmaq məqsədini güdür». Məhkəmə təkcə bu ittihamı
bütünlüklə rədd etmədi, həm də qərarına qeyri-adi bir maddəni də əlavə etdi. Bu
maddəyə görə mətbuatda böhtana icazə verildi. Jüri hesab etmişdi ki, bu hər bir
adamın koloniyanın qubernatorluğu haqqında həqiqət kimi fikirləşdiyi hər bir şeyi
demək hüququdur. Bu daha çox indi geniş işlədilən «diffamasiya» anlayışına
uyğun bir qərar idi, başqa sözlə mətbuatda kimisə biabır edən həqiqi və ya saxta
məlumatların çap edilməsi hüququnu nəzərdə tuturdu. Bizdəki bəzi müəlliflər isə
hələ qanunla icazə verilməmiş diffamasiyadan da uzağa gedərək, daha çox şantaj
üslubuna üstünlük verirlər. Bu isə müəyyən məqsədlər naminə həqiqi və ya saxta
ləkələyici məlumatları elan etmək yolu ilə adamları qorxuzmaq, hədələmək
vasitəsidir. Bu fransız sözü xeyli dillərə keçsə də, onun ingilis dilindəki sinonimii
olan «blackmail» hərfi mənada olmasa da, məna tutumuna görə bizdəki
«qarayaxma» anlayışına daha yaxındır, birbaşa bu niyyətin məkrliliyini açıb
göstərir.
Ölkəmizdə hələ də diffamasiya barədə hüquqi akt olmadığından uydurma
333
vasitələrlə adamları biabır etmək, şəxsiyyətin ləyaqətini alçaltmaq metodu sayılan
böhtan bilavasitə cinayət əməli hesab olunur və onun müəllifi qanunla
cəzalandırılır. Ona münasibətdən asılı olmayaraq qanunun sərtliyi öz varlığını
yaddan çıxarmağa qoymur, onun ruhuna və hərfinə qeyd-şərtsiz riayət etmək
zərurəti yaranır. Qədim yunan filosoflarından biri iddia edirdi ki, qanun bizə korluq
bəxş edir. Korluq deyəndə, yəqin onu nəzərdə tuturdu ki, qanun hadisələrə qiymət
verdikdə bizim görmə, baxış bucağımızı daraldır, onlara yalnız özünün tələb etdiyi
kiçik prizmadan yanaşmağı tələb edir.
Jurnalist şərə, qüsurlara, anaxronizmə, cəmiyyətin məsamələrinə nüfuz edən
bəlalara qarşı biganə qalmamalıdır. Lakin onun bu mövqeyi şəxsi ədavət, kin,
qəzəb müstəvisinə keçməməlidir. Bu barədə jurnalist üçün lakonik deviz böyük
tarixçi Tatsitin sözlərində öz əksini tapmışdır : «Sine ira et studio» - «Qəzəbsiz və
qərəzsiz». Yəni qabaqcadan hasil olan yalnış qənaətə əsaslanmamaq, əvvəlcədən
səhv istiqamətlənmiş rəyə uymamaq. Lakin bu o demək deyildir ki, həmin müddəa
qələm əhlini ətalətə, eybəcərliklərə qarşı biganəliyə, ümumən, laqeydliyə səsləyir,
«mənim komam kənardadır» prinsipi ilə yaşamağı təlqin edir. İti söz, qüsurları
qamçılayan məqalə cəmiyyəti mürgüləməyə qoymur, adamları qüsurlara qarşı
həssas olmağa, dözməməyə çağırır. Sokrat deyirdi ki, mozalan sancması ilə atları
qaçmağa məcbur etməklə, onları kökəlməyə, tənbəlləşməyə qoymur. O, afinalıları
da belə harınlaşmaqdan uzaqlaşdırmaq üçün sözlə onların sancdırılmasını
məqsədəuyğun hesab edirdi. Jurnalistlər də məhz belə nəcib məqsədlərə xidmət
edən əsgərlər hesab edilməlidir. Axı qüsurların tənqidi onların böyüməsinin,
metastaz verməsinin və daha ağır fəsadlara yol açmasının qarşısını alır, bu
baxımdan ictimai söz, qələm məhsulu olduqca faydalı bir fəaliyyət növündən xəbər
verir, ən azı mənəvi saflaşma prosesində onun fəal iştirakını danılmaz edir.
Nöqsanların tənqidi heç də onlardan vəcdə gəlmək, ilham almaq, onların
daimi mövcudluğunu arzulamaq deyildir. Jurnalisti heç vaxt vampir keyfiyyətləri
cəzb etməməlidir, cəmiyyətin bədəni üçün zəlinin olması isə vacibdir, çünki o pis
qanı, qan irinini sorub, təmizləməklə, orqanizmin sağalmasına kömək edir.
Vampir, qaniçən , qansoran isə lap qədimdən indiyədək mənfur əməlin təcəssümü
kimi nəzərdə tutulur.
Jurnalist öz istəyindən asılı olub-olmayaraq yazılarında həm də öz
şəxsiyyətini, fərdi düşüncələrini, daxili aləmini əks etdirir. Yazıda, məqalədə
nəzərə çarpan kin, nifrət çox hallarda zəiflikdən, gücsüzlükdən, natamamlıqdan
xəbər verir. Müəllif hücum edəndə özünü rıtsar qiyafəsində gördüyü halda,
iddialarını, ittihamlarını müdafiə etmək anı gələndə bu zahiri igidlikdən əsər-
əlamət də qalmır. Ona görə də bir çox hallarda irəli sürülən fikirlərin, ideyaların
bütövlüyünə, davamlılığına, sarsılmazlığına şübhələr yaranmağa başlayır. Xətaya
yol verildikdən sonra suda boğulan adam kimi çabalamaq, əsassız olaraq kömək,
aman diləmək fayda vermir. Böyük natiq Tsitoseron Milonun məhkəməsində vəkil
kimi iştirak edərkən buradakı məşhur nitqində müdafiə etdiyi şəxsin özünü necə
ləyaqətlə apardığını, güzəşt barədə xahişi dilə gətirməkdən uzaq olduğunu
vurğulayaraq, məhz belə mərdanə davranışına görə ona mərhəmətlə yanaşmasını
israr edir və belə bir müqayisəni yada salır ki, döyüşdə uduzan qladiator nəzərləri,
334
yalvarışı ilə adamlardan aman dilədikdə, bir qayda olaraq tamaşaçılar ona rəhm
etmək istəmir və barmaqların işarəsi ilə ölümünə razı olduqlarını bildirdikləri
halda, məğlubiyyətdən sonrakı ölüm ərəfəsində belə, öz ləyaqətini qoruyub
saxlayan, mərhəmət ummayan qladiatorun sağ qalması hökmünü verirlər. İnsanın
sifətini, bəzən həyatını da heç də yalvarış, aman diləmək deyil, ləyaqət, mərdlik
müdafiə edir. Səhvin etirafının özü də ləyaqətə şübhə yaratmır.
Ölkənin müxalifət mətbuatının gündəliyindən düşməyən və təqdir
olunmalı ən aktual mövzulardan biri korrupsiya və ona qarşı mübarizə məsələsidir.
Korrupsiya, rüşvətxorluq dəhşətli bəladır və onların zərərsizləşdirilməsi, bu
gidranın çox saydakı başlarının kəsilməsi sahəsində hər bir kəsin və ya institutun
xidməti, töhfəsi ümumi rəğbət mükafatını almalıdır. Hər bir korrupsiyalaşmış
məmurun ifşasına xalqın, dövlətin mənafeyi baxımından yanaşılmalı, onların
haqqında rəy formaladıralanda kastalar məsələsi ortaya atılmamalıdır, ona qələm
vasitəsilə Qay Yuli Sezarın tətbiq etdiyi qalxanlardan qurulan «tısbağa» müdafiə
çanağı düzəldilməməlidir. Dəlillər bu zirehi bir andaca deşib, sıradan çıxara bilir.
Korrupsiyaya nifrət edən qələm əhli başqalarını atəşə tutmaqla yanaşı öz
ləyaqətinin ləkələnməməsi qayğısına da qalmalıdır. Jurnalistin şantaj yolu ilə əldə
olunmuş haram vəsaitdən pay umması faktları az da olsa mövcuddursa, bu biabırçı
hal hesab olunmalıdır. Belə hadisə təkcə dələduzluq, qanunsuz yolla pul qoparmaq
cəhdi olmayıb, həm də «ovladığı» rüşvətxora jurnalistin sirdaş, həmkar olmasıdır.
Tarixdə ilk dəfə türklər atın yəhərinə iki üzəngi qoymağı icad etdilər, bu atı sürətlə
çapanda ayaqları üzəngiyə möhkəm söykəyib, düşmənə sərrast ox atmağa imkan
verirdi. Türk süvarisinə bu ixtira böyük üstünlük verirdi, bundan əvvəl isə çinlilər
bir üzəngidən istifadəni tətbiq etmişdilər. Jurnalist də döyüş səhnəsindəki oxatan
süvariyə bənzəyir, çünki köçəri xalqlar kimi o da rahatlıq bilmir, onun da atəşinin
hədəfə dəyməsi üçün qərəzsizlik və təmannasızlıq adlanan üzəngilərə, dayaq
nöqtəsinə ehtiyacı vardır. Əks halda, jurnalistin özününmüdafiəsi çətinləşəcək,
təhqir və böhtan timsalındakı «axilles dabanı» söz azadlığından yaranan qalanın
divarlarının uçmasına səbəb olacaqdır.
Qəzet oxucuya ona məlum olan və olmayan hadisələr, insanlar barədə
məlumatlar təqdim etməklə, onun biliyi ilə yanaşı bütünlükdə dünyagörüşünü də
zənginləşdirir. Xarici aləmlə oxucu arasında əlaqə yaradan körpü rolunu oynayır,
burada oxucu kütləsinin zövqü, onu yaxşılaşdırmaq ehtiyacı da nəzərə alınmaqla,
əsas götürülməlidir. Onun səhifələrinin əksər yerini, əlbəttə ki, yeni
xəbərlər,məlumatlar, ölkədə və dünyada baş verən mühüm hadisələr tutmalıdır.
Mətbuat təbliğat ruporu olmaqdan uzaqlaşıb, daha çox informasiya daşıyıcısı
olmalıdır. Elə «qəzet» sözü də XVI əsrdə Venetsiyada çap olunan məlumatları
almaq üçün verilən «gazzetta» adlı xırda pulun adından götürülmüşdür. Bu
məlumatların təzə olmasını isə fransız dilindəki «journal» (jurnal) sözü daha yaxşı
ifadə edir, həmin anlayışın kökü «gün» mənasını verir və ifadə isə «gündəlik»
sözünə bənzər tələffüz olunur. Fars dilində də qəzet “ruznamə” adlanır, bu da “gün
xəbəri” mənasını verir. Oxucunu hər gün yeniləşən, təzələnən məlumat daha çox
cəlb edir, iki-üç gündən sonra qəzet istehlaka yaramayan məhsula çevrilir, bir
qayda olaraq, tarixi tədqiq edənlərdən başqa heç kəsi köhnə qəzet maraqlandırmır.
335
Gündəlik məlumatın prioritetliyi qəzetin mövzu rəngarəngliyinə xələl
gətirməməlidir. Burada mövzuların çeşidinə sərt bölgü qoymaq da təşəbbüsü
buxovlamaq effekti verir. Məlumatlar seçimində toxunulmaz hədlərin mövcudluğu
da fayda vermir. Viktoriya epoxası İngiltərəsinin puritan əxlaqı qaydalarını təqlid
etmək də ağılsızlıq olardı. İngilislər o vaxtlar bunu əsas götürərək qadınlar və
kişilər üçün kitabları çeşidləyib ayrıca düzdülər ki, onları oxumaqda səhvə yol
verilməsin, çünki guya bu əxlaqa ciddi ziyan vura bilər. Digər tərəfdən vay o günə
ki, çap məhsullarında tənqid qadağaya məruz qala, tərif isə bezdirci mantra
səviyyəsinə qaldırıla. Ölkəmiz təkamül qaydasında demokratik islahatlara
uğradıqca, yəqin ki, belə təhlükə birdəfəlik yoxa çıxacaqdır.
Qəzet oxucu zövqünün müxtəlifliyini nəzərə alaraq bol ziyafət süfrəsi kimi
olmalıdır, axı burada geniş çeşiddə olan xörəklər, qəyanaltılar qonaqların tələbatını
ödəməyə və zövqünə uyğun gəlməyə xidmət edir. Süfrəyə heç kəs üfunət yayan
xörək qoymur. Yəqin ki, cənubi-şərqi Asiyada olduqca faydalı meyvə hesab edilən,
kəsildikdə və yeyildikdə olduqca pis qoxu verən duryanı heç kəs ümumi məclisdə
yemir, ona olan iştahını yalnız tək olanda söndürür, kəsilib satılanda da örtülü
qabda olur. Qəzet redaktorları da belə süfrə mədəniyyətini əsas götürsələr heç də
səhv etməzlər. Peyin torpağı münbitləşdirmək üçün olduqca qiymətli vasitədir,
lakin onun öz təyinatından kənar istifadə edilməsi yolverilməzdir. Oxucu
müəllifdən qələm ifrazı deyil, qələm məhsulunu gözləyir, özünə hörmət edən
jurnalist bu müddəanı yaddan çıxarmamalıdır.
Hər bir qələm əhlində seyr etdiyi və qələmə aldığı hadisələri
ümumiləşdirmək meyli güclüdür, çünki bu yazının təsir dalğasını genişləndirir.
Lakin ümumiləşdirmə də ümumiləşdirmədən fərqlidir. Hansısa terror təşkilatının,
istər onun hərbi, istərsə də siyasi qanadının cinayətkar fəaliyyətini bütöv bir
millətin, xalqın adına şamil etmək heç də məqbul sayılmamalıdır. Bu məsələdə
Türkiyənin təcrübəsi ibrətamizdir. Burada PKK terrorunu, kürd separatçılarının
cəhdlərini bütövlükdə millətin adına yazılmasına, milli ədavət yaradılmasına imkan
verilmir, bu dövlətin həm terrora, həm də separatizmin eybəcərliklərinə qarşı
uğurlu mübarizə aparmaq səylərini nəinki zəiflətmir, əksinə onun səmərəsini daha
da yüksəldir. Bu problemdən daha iri ziddiyyətlər yaranmasının mümkünlüyü
bütünlüklə yoxa çıxır. Türkiyə respukblikası vətəndaşlarının vətənpərvərlik
potensialı, ölkənin iqtisadi və hərbi qüdrəti PKK terrorçularını zərərsizləşdirməyə,
əsasən sıradan çıxarmağa imkan verir. Dünya da Türkiyə dövlətinin apardığı
mübarizənin haqlı xarakter daşıdığı qənaətinə gələrək, onu müdafiə edir.
Bizdə isə bəzən mafiyanın, klanların ifşası, onalara qarşı ittihamlar öz
mahiyyətin itirərək, hansısa milli hissləri hədəf seçir. Milli mənsubluğun belə
şişirdilməsi az qala adamların DNK müayinəsindən keçirilməsi kimi ağılsız
tələblərə gəlib çıxır. Bundan isə mafiya öz faydası, özünə əlavə tərəfdarlar yığmaq
üçün istifadə etməyə çalışır. Axı kiməsə öz milli adət-ənənələrini unutdurmaq
cəhdi nə vaxt yaxşı nəticə verib? Bu məsələdə ifrata varmaqdan yalnız ziyan
görmək olar. XX əsrin birinci yarısında Əlcəzairdə fransız müstəmləkəçilərinə
yaranmaq üçün dərs kitablarında yazırdılar ki, «bizim əcdadlarımız qallardır». Belə
münasibət öz acı nəticəsini göstərməkdə gecikmədi.
336
Hər şey öz adı ilə adlanmalıdır. Mafiya, klanlar layiq olduqları payı almalı,
terrorçulara dəstək verənlər, maddi yardım göstərənlər konkret ifşa edilməli, qanun
qarşısında cavab verməlidirlər. Bu mübarizə pərdəsi altında vətəndaşların
konstitutsiya hüquqlarının pozulmasına yol vermək olmaz. Milli, irqi
mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş özünün toxunulmaz
hüquqlarından maniəsiz istifadə etmək imkanına malik olmalıdır. Bir qrup mafioza
görə bütöv millət barədə şübhə toxumu səpmək ölkədəki vətəndaş həmrəyliyinə
ziyan vurur, ayrı-seçkilik, bir-birinə yadlaşma kimi arzuolunmaz prosesə əlavə
intensivlik verir. Mafiya, klan ədədi əmtəədir, onu ovlamaq üçün bütün meşəni
yandırmaq zərurəti böyük ağıldan xəbər vermir. Bu məsələyə münasibətdə qədim
Romanın nəcib imperatorlarından biri olan Trayanın qanunlara etdiyi bir
düzəlişdən istifadə etmək daha düzgün olardı: «Yaxşı hal odur ki, qoy cinayət
törətmiş günahkar cəzasız qalsın, nəinki günahsız olan cəzalansın.»
Kiminsə, milli mənsubluğuna görə əsassız olaraq ittiham edilməsi
yolverilməzdir. Çünki hətta ibrət dərsi vermək üçün olan hər bir cəzanın özündə də
ədalətsizlik payı vardır və bu ayrı-ayrı adamlar üçün bəla verən cəhət isə ondan
ibarət olur ki, əvəzi guya ictimai fayda ilə ödənilir. İstənilən cəza ayrı-ayrı fərdlər
üçün ağrı və mərhumiyyət bəxş edir, cəza ədalətsiz olduqda isə onun vurduğu yara
daha dərin olur, ictimai rifahın yaxşılaşması belə, həmin əziyyətləri unutdurmağa
qadir olmur.
Söz yarası güllə yarası qədər dağıdıcı, bəzən məhvedici olmasa da, heç də
onun qədər tez və asanlıqla sağalmır. Evdə tüfəng saxlandıqda uşaqların onunla
ehtiyatsız davranması təhlükəsi olan kimi, sözdən naşılıqla istifadə etmənin də
başqalarının əsəbinə, əhval-ruhiyyəsinə zəhər qatmaq qorxusu vardır. Dodaqdan
çıxan söz, qələm ucundan süzülən hərflərdən əmələ gələn ifadə uçan quşa
bənzəyir, sərbəstlik, azadlıq mühitini sevir. Lakin hər bir azadlığı qoruyan, həm də
onun üçün daşınan məsuliyyət hissidir. Bu məsuliyyət quşun qanadları üçün dayaq
rolunu oynayan hava ilə müqayisə oluna bilər. Havasızlıqda isə nəinki uçuş, hətta
quşun mövcudluğu da sual altında olur.
Bu yazıdakı müddəalar, çıxarılan nəticələr kimlərinsə narazılığına səbəb ola
bilər, müəllifi mentor tonu ilə danışmaqda ittiham edənlər də tapılar. Səmimi etraf
edim ki, kiməsə yol göstərmək həvəsindən və meylindən uzağam, sadəcə olaraq öz
mülahizələrimi, rəylərimi bildirməyə səy göstərdim. Ən tutarlı cavabı isə faşist
hərbi canilərini mühakimə edən Nyurnberq tribunalında şahid kimi çıxış edən
Ermitajın direktoru olan məşhur tarixçi akademikin sözləri ilə vermək istərdim. O,
böyük incəsənət məbədi və memarlıq abidəsi olan Ermitajın havadan aramsız
olaraq bombardman edilməsini, bunun vəhşilik, vandalizm nümunəsi olmasını
dilinə gətirdikdə, həmin dövrün Almaniyasında Hitlerdən sonra ikinci şəxs sayılan,
imperiya aviasiya naziri olmuş German Gerinq tarixçi alimi isteza qaydasında
naşılıqda ittiham etdikdə, belə cavab almışdı:
- Mən bu sahədə mütəxəssis deyiləm. Ancaq onu bilirəm ki, yaxınlıqdakı
hərbi obyektlərə bir dənə də olsun bomba düşmədiyi halda Ermitajda isə biz çox
vaxt bütün günü yandırıcı bombaları söndürməyə sərf edirdik. Hərbi obyektlərlə
muzey kompleksi arasında məsafə çox kiçik idi. Belə məsafədə, bu ölçülərə qiymət
337
verməkdə mən özümü aviasiya mütəxəssisi hesab edirəm.
İxtisasca jurnalist olmasam da, əslində, indiki naşirlərin və baş redaktorların
böyük əksərəyyətinin bu ixtisasla heç bir əlaqəsi yoxdur,- mən öz rəyimi bildirmək
hüququndan istifadə edirəmsə, bu heç kəsi narahat etməməlidir. Jurnalistlərlə
məhkəmə zalında üzləşməyə cəhd edənlərə də yalnız bu qaydada fikir mübadiləsi
aparmağı məsləhət görərdim.
Məsələnin digər cəhəti isə qanun müdafiəçilərinin mövqeyindən,
münasibətindən asılıdır. Onlar söz sahiblərinə qarşı mərhəmətlilik nümayiş
etdirsələr, bu qanunun hətta sərt münasibətlərini də xeyli yumşaltmış olar.
Prokurorlar jurnalistlər əleyhinə olan məhkəmə proseslərində ittihamla çıxış etmək
əvəzinə, «prokuror» sözünün latın dilindəki mənasından irəli gələn «qayğı
göstərməni» qanunun həyata keçirilməsinə olduğu kimi, onun digər mənası olan
«təmin etməni» isə söz azadlığı hüququna şamil etsəydilər, vəziyyət daha ürək
açan olardı. O ki, qaldı hakimlərə, onlar öz vəzifə borclarını yerinə yetirirlər, lakin
belə bir stereotip rəy geniş yayılmışdır ki, məhkəmələr yalnız sifarişlə işləyir.
Hakimləri kütləvi şəkildə qanunu pozmaqda günahlandırmaq ən azı insafsılıqdır,
bir az dəqiq deyilsə, sərsəm təxəyyülün məhsuludur. Hətta sifariş qəbul edən
hakim də, birbaşa qanuna xəyanət yolunu tutmur, səriştəsiz adamlardan fərqli
olaraq o, qanunun sərtliyini yaxşı bilir və yaddan çıxarmır ki, hökmdə qəsdən
buraxdığı səhv və ədalətsizlik bir gün onun özünü yaxalaya bilər. Hökmün
ədalətliliyinə görə hakimin məsuliyyət daşıması bundan hələ otuz səkkiz əsr əvvəl
işıq üzü görmüş Hammurabi kodeksində öz əksini tapmışdı.
Hakimləri yalnız avam adamlar naşılıqda təqsirləndirə bilər, onlar daim
sayıqlıqlarını qoruyub saxlayırlar. Bu, keçən əsrin ortalarında Şərqi Afrikada baş
vermiş bir ibrətamiz hadisəni yada salır. 1959-cu ildə may-may üsyanı vaxtı
ingilislər masailəri ələ alıb, onlara göstəriş verdilər ki, gedib yaxınlıqdakı
kikuyyilərin silahını götürüb gəlsinlər. Onlar tapşırığı yerinə yetirməkdən
qayıtdıqda, kəsilmiş insan əlləri ilə dolu zənbilləri məğrur-məğrur göstərdilər.
İngiliscə «silah» mənasını verən «arms» sözünü onlar bunun başqa mənası olan
«əllər» kimi başa düşmüşdülər və əmri hərfi mənada səhv icra etməmişdilər.
Hakimlər isə qanundan hərtərəfli və yaxşı baş çıxardıqlarından, hökmü
formalaşdırdıqda bəzən qanunlarla müəyyən hədlərdə sərbəst davranmağı da
bacarırlar.
Nəhayət, jurnalistin həbs edilməsi, dustaqxanaya salınması faktına
münasibətimi soruşsalar, mən hökmən mənfi cavab verərdim. Axı günahsız insana
dustaqxana həyatının özü də işgəncədir, fikirə, ideyaya görə cəzanı isə bu qəbildən
saymaq lazımdır. Lakin həmin mülahizəmə bir şərti də əlavə edərdim ki, jurnalist
adını daşıyan adam cinayət törətməsin, qanundan kənar əməldə bulunmasın. Sözün
mühakiməsininin geniş yayılması yaxşıdır, nəinki hansısa söz sahibinin
mühakiməyə cəlb edilməsi. Bu arzuya bir diləyi də əlavə etmək lazım gəlir ki,
hamımız qanunlara hörmətlə yanaşaq, riayət edək, bu təkcə bütövlükdə
dövlətimizin deyil, həm də ən başlıcası hər birimizin təhlükəsizliyinə təminat
yaradacaqdır. Qanunsuzluq mühitində, yalan səltənətində yaşamağa üstünlük
verənlər cəmiyyətin uca mərtəbələrində məskunlaşsalar da, üçüncü minilliyin hər
338
bir nemətindən bədxərcliklə istifadə etsələr də,əslində mənəviyyat nöqteyi-
nəzərindən mağara dünyasının həyat və düşüncə tərzinə yaxınlaşırlar, bu isə
tarixdən əvvəlki qaranlığa qayıtmağa can atmaq cəhdi kimi qiymətləndirilməli və
güzəştə gedilmədən məhkum edilməlidir.
“525-ci qəzet”.18,19.01.2008
Onunla vidaldaşsaq da birdəfəlik «əlvida» demədik
Ölkəmizin ədəbiyyat aləmi, özü bunu hiss edib-etməməyindən asılı
olmayaraq güclü bir yaradıcı insanını itirdi, sayı o qədər də çox olmayan parlaq
ulduzlardan biri də qeybə çəkildi.
Tanınmış yazıçı Sabir Azəri son əsərini bitirməmiş həyatdan getdi. Onun
ölümü təkcə yaxınları, dostları, tanışları üçün deyil, vaxtilə cərgələri heç də az
olmayan oxucular ordusu üçün böyük itkidir. O, heç vaxt yüksək yer tutmaq
iddiasında olmamışdı, ambisiyalardan xali idi. Lakin ona layiq olduğu yeri verməyi
də bədxərclik hesab edənlər var idi. Özünə qarşı belə biganəliyə cavab kimi son
illərdə o, ədəbi mühitdən uzaqlaşmışdı, dostlarının əhatəsi nəzərə alınmasa, bir növ
guşənişin həyatı yaşayırdı. Həmkarları ilə az hallarda görüşən bu adam adi
həssaslığın yoxluğu ucbatından yuvasından perikdirilmiş quşa bənzəyirdi.
Yaradıcılıq uğurlarına göz yumanlar onu ədəbi fərqləndirmə vasitələrindən
məhrum etsələr də, əsərlərini oxucu laqeydliyi kimi ağır hökmə məhkum etməyi
bacarmırdılar.
Sabir Azəri belə münasibətdən elə də qeyzlənmirdi, anlayırdı ki, yaradıcılığı
ilə ümumi axına qoşula bilmir. Bir tərəfdən bu onun müstəqilliyinin nişanəsi idisə,
digər tərəfdən onun zəhmətinin qiymətləndirilməməsi kimi ağır bir cəza idi. O,
yaxşı başa düşürdü ki, hər dövr öz qaydaları ilə yaşayır, kimlərisə əzizlədiyinə görə
başqaları üçün ağuşunu qapalı saxlayır. Bəla orasındadır ki, çox vaxt bədii
yaradıcılıq bağını alın tərilə əkib becərənlər ikincilərin sırasına daxil olmaqla, layiq
olmadıqları və müəyyən ölçüdə mövcud olan izqoy həyatı sürməli olurlar. Saxta iri
pyedestallar üzərinə qaldırılanlar hər cür nəvazişlə əhalə edildikləri halda, oxucu
zövqünü dadlı nemətlərlə sevindirənlər bunun bircə atomu iləı də qarşılaşmırlar.
Dağ çiçəklərinin gözəllyinə qiymət verilmədiyi bir vaxtda, qanqal çiçəyinə xüsusi
pərəstiş olunması təlqin edilir. Axırıncını özünə milli rəmz seçmiş şotlandları da,
bu sahədə ötüb keçmək istəyirik.
Sabir Azərini laqeydlik deyil, heç həyatın ən ağır sınaqları belə sındıra
bilməmişdi. Hələ gəncliyində özünü bütöv şəxsiyyət kimi təsdiqləməyi bacarmışdı.
Öz məsləkinə görə SSRİ rəhbərliyinə həcv xarakterli etirazını bildirdiyinə görə
universitet tələbəsi DTK-nın ağır həmləsinə məruz qalaraq zindanlara atılmışdı.
Lakin dustaxqana həyatı da onun mənəvi dünyasını uçurmağa müvəffəq
olmamışdı, o, ruhən güclü olaraq qalmışdı.
Jurnalist təhsili alsa da, öz ixtisasına uyğun olaraq ədəbi mətbuatda çalışsa
339
da, çox tezliklə qələmini nəsr janrında sınamağa başlamış və qısa müddətdə
müəyyən populyarlıq qazanmışdı.
Ötən əsrin 70-80-ci illərində onun çox sayda roman, povest və hekayələri
işıq üzü görmüşdü. Respublikada təşəkkül tapan kənd nəsrinin tanınmış
müəlliflərindən birinə çevrilmişdi. Kənd nəsri sosialist kəndini tərənnüm edən
bayağı əsərlərdən tam fərqli olmaqla, kənd adamının psixoloji aləmini tədqiq
etmək vəzifəsini seçmişdi, patriatxallığın təbliğ edilməsindən də uzaq idi. Bu
əsərlər Vergilinin «Bukolika»sındakı çoban nəğmələrinə də bənzəmirdi, kənd
problemlərinə dərin nüfuz etmək vasitəsi idi.
Sabir Azəri hələ də üzərində elan olunmamış tabu saxlanılan bəy obrazını ilk
dəfə milli ədəbiyyata yenidən gətirərək, əslində, sonralar dəbə düşən bu qayda
üçün yol açmışdı. Lakin zaman hətta həyat tərzini dəyişdirməyə məcbur olmuş
bəyə qarşı da öz amansızlığından əl çəkmir. Romanda yazıçı həm də dövrün
mürəkkəb ziddiyyətlərini tam çılpaqlığı ilə açıb göstərməyi bacarır. Zamanın bu
zümrə barədə verdiyi hökm axıra qədər yerinə yetirilməli idi.
Sabir Azərinin əsrələrində fövqəltəbii qabiliyyətlərə malik olan qəhrəmanlar
yoxdur, o, əksinə sadə, bir qədər də özünü təsdiq edə bilməyən, bədbəxt insanların
taleyini qələmə almağı sevirdi. Cəmiyyətin inkar edib həyatın dibinə atdığı
insanların nəcib xüsusiyyətlərini təsvir etməklə, onları az qala canlı bütlərə çevirən
dahiləri təqlid etmədən, o, real həyatda qarşılaşdığı insanların daxili aləmini
öyrənməyə, açıqlamağa can atırdı. Belələri onları əhatə edib, boğan dar barama
qılafından xilas olma yollarını arayıb axtarır və haray çəkirdilər ki, yol dalana
dirənmişdir, bu divar uçurulmasa irəliyə doğru bir addım da atmaq mümkün
olmayacaqdır. Şekspir dühasının məhsulu olan Hamlet «Bu səltənətdə nəsə
çürümüşdür» deyirdisə, Sabir Azərinin fağır qəhrəmanı real sosializmin
bütövlükdə çürümədə olduğunu anlamağa başlayır.
Onu fərqləndirən cəhətlərdən biri təkcə yaradıcılığında deyil, həyatda da
müqəddəs saydığı dəyərlərə sitayiş etməsi idi. Millətinə, xalqına ürəkdən bağlı
olan bir insan idi. Vətənə sədaqəti, bağlılığı anaya olan münasibətdən də üstün
hesab edirdi, axı uşaqla ananı birləşdirən göbəkbağı kəsildiyi halda, insanı Vətənlə
birləşdirən həqiqi və ülvi hissləri kəsmək mümkün deyildir.
Bir ovçu kimi də respublikanın ərazisinə yaxşı bələd olduğundan o, təbiət
vurğunu idi, ölkəmizin faunası barədə onun biliyinə, müşahidələrinə yalnız qibtə
etmək olardı. Böyük rus yazıçısı A.P.Çexovun sözlərini təkrar edərək deyirdi ki,
«Vətənin havası da ən sağlam havadır». Təbiət hadisələrini elə vurğunluqla
danışırdı ki, onun nitqindəki həqiqət uydurmalardan belə möcüzəli görünürdü.
Onun ovçu hekayələri isə bu janrın ən uğurlu nümunələri hesab edilə bilər.
Ümumiyyətlə isə, o, sözçülükdən uzaq adam idi, yazıçı əməyini sözün bir aləti
hesab etsə də, bu materiala olduqca qənaətlə yanaşırdı. Bəzilərinin yaradıcılığında
indi dəbə düşmüş və mantra kimi səslənən çoxsaylı isimlərin, sifətlərin, feillərin
təkrarından yaranan və ədəbi hədik dadı verən yazıları heç cür bəyənmirdi.
O, həm də ləyaqətli vətəndaş idi. Millətin taleyinə aid olan məsələlər onun
üçün sakral əhəmiyyət daşıyırdı. Tufanlardan qorxmayan bu insan vətəndaşlıq
mövqeyini hər şeydən uca tuturdu, onu korporativ mənafelərə qurban vermək
340
istəyənlərlə heç cür razılaşmırdı.
Sabir Azəri bizi cismən tək etsə də, əsərləri ilə, şəxsiyyəti barədəki şirin
xatirələri ilə bizim aramızda qalmaqda davam edir. Horatsinin sözləri ilə desək, o,
sağlığında «öz əli ilə özünə heykəl qoymuşdu» və bu heykəli uçurub dağıtmağa
böyük zaman məsafəsi lazım gələcəkdir. Ona görə də bu nəcib insanı son
mənzilinə yola salarkən ona bütünlüklə «əlvida» demirik, axı onun sakitlik
bilməyən ruhu bizdən uzaqlaşmayacaqdır, sehrli işığı ilə onu tanıyanların qəlbini
nurlandıracaqdır. Lakin onun epitafiyasında yəqin ki, özü və həyatı kimi sadə olan
sözlər yazılacaqdır, axı böyüklüyün özü də patetikaya ehtiyac duymur.
“525-ci qəzet”.04.02.2010
İstedadlar ətraf mühitin qayğısına möhtacdır
F.K.-ya
Vaxtaşırı ünsiyyətdə olduğum yazıçı dostumun məişət qayğıları barədə elə
bir ciddi narazılığı olmasa da, son dövrlərdə o, ədəbiyyata marağın azalmasını,
oxucu qıtlığının, yaradıcılıq aləminin dünya sobasından çıxmış qiymətli məhsullara
belə, laqeyd münasibət göstərilməsini özünün ən böyük dərdi kimi, az qala şəxsi
faciəsi kimi qəbul edir. Onun özünün yaxın tarixi keçmişimizi təsvir edən dəyərli
nəsr əsərlərində xalq dilindən istifadəni bəzi naşı opponentlərin arxaizm əlamətləri
hesab etməsi də fədakar qələm sahibini ağrıtmamış qalmırdı. Ürək ağrısı ilə onu da
qeyd edirdi ki, indi çoxları kitab almağa ağılsızlıq kimi baxır, bəziləri isə
müəlliflərin onlara verdikləri kitabları şkafa düzməklə, onu adi və əslində yararsız
bir bəzək əşyasına çevirirlər. Hətta elələri də var ki, hədiyyə kimi verilmiş
kitabların qarajda saxlanılmasına üstünlük verir ki, otaqlarının səliqə-səhmanına
xələl gəlməsin. Bunları sadalayandan sonra İncildən yaxşı tanış olan bir misalı
çəkdi və əlavə etdi ki, əlbəttə, incilər onun qiymətini bilənlərə çatmalıdır, bəziləri
onların ayaqlar altına səpildiyini görəndə özünü fərqli qaydada aparmağı da
bacarmır. Ömründə bir kitab belə oxumayan, mədəniyyətlə heç bir əlaqəsi olmayan
guya mədəni adamların əsər haqqında tənqidi fikir yürütməsi, öz biabırçı cəhalətini
zəka nişanəsi kimi qələmə verməsi də onu çox incidir.
Bəzən onun sözlərini ifrata varmaq kimi qəbul etsəm də, bu dünyagörmüş
ziyalı insanın qətiyyən yanılmadığına, narazılığında yalnız reallığı əks etdirdiyinə
yəqinlik tapdım. Onu sakitləşdirmək üçün bir dəfə bu cəhəti də qabartdım ki, axı
indi çox adam guya qələmə sarılmışdır, öz şücaətləri barədə nəinki kitab, hətta iri
foliantlar yazmağa girişmişdir. İndi müəllifin özü haqqındakı 700-800 səhifəlik
nəsr janrında yazılmış mədhiyyələri nadir hadisə olmayıb, əslində dəb əlamətinə
çevrilmişdir. Belə «yazıçıların» mahiyyətini açıb göstərmək üçün Ezopun
təmsillərindən birini misal çəkdim. Təmsildə deyilir ki, bir dəfə dolaşa qartalın
qoyun sürüsünə hücum çəkib, caynağında kiçik bir quzunu havaya qaldırıb
apardığını gördü. O da belə ov etmək eşqinə düşdü, götür-qoy edəndə, quzu
əvəzinə iri qoçu götürməyi qət etdi və öz planını həyata keçirmək üçün sürüdəki ən
341
iri qoçun üstünə şığıyıb, caynaqlarını onun yununa ilişdirsə də, onu qaldıra
bilmədi. Bu dəfə artıq özünü xilas etməyə çalışsa da, caynaqları yunda
dolaşdığından, qoçun böyründən başı aşağı asılı qaldı. Çoban bunu görüb, onu
yundan ayırdı və ayaqlarını bağlayıb axşam evinə apardı. Uşaqları bu quşun adını
soruşduqda, çoban dedi ki, quş özünü qartal hesab etsə də, dolaşadır. İndi
qartalların sayı çox azalsa da, dolaşa sürüsü çoxalıb və onların hər biri özünü ən azı
qartal hesab edir.
Yazıçı dostum bu fikirlə tamamilə razı olduğunu bildirdi ki, hər halda dən
ilə dəlicə buğdanı ayırd etmək o qədər də çətin deyildir. Qurbağa özünü nə qədər
şişirtsə də, heç kəs onu başqa adla adlandırmır. Onu da qeyd etdi ki, dolaşalara
maneə yaratmaq üçün qartalların qədri bilinməlidir, onlara qayğı göstərilməlidir.
Təbiətin bir sirli cəhətindən misal çəkərək bildirdi ki, karbon qazı olmasa bitki
aləmi yaşaya bilməz, tezliklə solar, məhv olar. Qəribədir, istedad sahibləri də
belədir, onlar da öz yaradıcılıqları üçün insan nəfəsinə (axı bu da əslində karbon
qazıdır), adi qayğıya möhtacdır. Bircə şərtlə ki, bu zəhərli olmasın, harınlıqdan
əmələ gələn üfunətli nəfəs kimi havanı tamam korlamasın, istedadın təzahürlərini,
guya ona qiymət verən özünün gözünü örtən laqeydlik dumanından seyt etməsin.
Allah istedad sahiblərini belə cahil zərgərlərdən, naşı bilicilərdən qorusun.
Yazıçının özünün böyük dərdi kimi qaldırdığı həmin məsələ başqa bir hadisə
ilə əlaqədar tam təsdiqini tapdı. Bu dəfə təkcə laqeydlik deyil, tam başqa bir
münasibətin, istedad sahibinə qarşı şıltaq, bəlkə də təhqiramiz tələbkarlığın,
amansızlığa bərabər olan düşüncə tərzinin şahidi oldum. Elə bil ki, bu adama
inkviziya məhkəməsi qurulmuşdu, guya onu sevənlər həyatdakı hansısa bir
addımına görə ona az qala autodafe tələb edirdilər. Bu adam mühakimənin
şərtlərini qəbul etsə də özünü müdafiə üçün nəyə əl atırdısa, bu ən azı qalın karlıq
divarına dəyib, geri qayıdırdı. Heç kəs bu adamı anlamaq istəmirdi, hamı xəyalən
axan qandan dadmaq üçün bu ovun üstünə atılmışdı.
İnkvizisiya qarşısında dayanan isə bir qladiator mərdliyi ilə müqavimət
göstərsə də, hücum edənlər öz nizəsini, qılıncını onun başında sınamaq istəməklə,
rəhmdillik nə olduğunu anlamadan uzaq olduqlarını nümayiş etdirirdilər. Belə
amansızlıq yəqin ki, kənardan buna qulaq asanları da hiddətləndirməyə biliməzdi.
Söhbət bir məşhur müğənni qadının «Azadlıq» radiosuna verdiyi müsahibədən
gedir. Bu günlərdə təsadüfən İnternetdə həmin müsahibənin mətnini oxudum,
çoxlarına təsir göstərən təəccüb və etiraz hissi məni də bürüdü.
Özlüyündə müsahibə maraqlı idi, müəyyən mənada müğənni xanımın etiraf
çalarları ilə dolu idi. Aparıcı öz peşə prinsipinə uyğun olaraq dolaşıq, bəzən də
məkrli suallar verirdi, hətta gözlənilən cavabı əvvəlcədən çətinlik quyusuna
salmaqla verilişin dramatizmini yüksəltməyə çalışırdı. Əslində bunda elə bir
qəbahət də yoxdur. Dinləyicilərin sualları isə amansızlığı ilə seçilirdi, elə bil ki,
onların bir hissəsi bu qadından özlərinə də səbəbi məlum olmayan bir intiqam
almaq istəyirdilər.
Söhbət heç də müğənninin yarım əsrdən çox bir tarixə malik olan sənət
həyatından, uğurlarından və ya uğursuzluqlarından getmirdi. Əsas diqqət ona
yönəldilmişdi ki, müğənni əgər bir neçə il bundan əvvəl fəal siyasi mübarizənin
342
iştirakçısı idisə, niyə indi bu savaşını davam etdirmir, nəyə görə bəzi məsələlərdə
artıq iqtidara izah olunmayan loyallıq göstərir. Guya siyasətdə qalıb qalmamasını
da bu dinləyicilərdən soruşmalı imiş, onların iradəsinə baş əyməli imiş. Müğənni
isə indiki mövqeyini əsasən Qarabağ probleminin həllinə münasibətdə dövlət
rəhbərliyinin yenilməz mövqeyi və siyasəti ilə onun öz düşüncələrinin bütünlüklə
üst-üstə düşməsi ilə əlaqələndirsə də, nədənsə dinləyicilər bu səmimi etirafa da
məhəl qoymamaqla öz hədyanlıqlarından qalmırdılar. Belə çıxırdı ki, bu qadın
sənətilə bütünlüklə vidalaşmalı, birinci növbədə öz peşəsi üçün bəhrəsiz olan
mübarizə ilə məşğul olmalı, onlar isə məşhur «mənim komam kənardadır» prinsipi
ilə hərəkət edərək əvvəlkitək, bu «özgəsinin şücaətindən» həzz almaqda davam
edəcəklər. Heç kəs demək istəmirdi ki, bəlkə sənin vaxtilə siyasətə gəlişinin özü
səhv addım idi, çünki əsas zərbə sənin istedad aləminin zəmisinə dəyirdi, onu biçib
yerə sərirdi.
Axı yüksək sənət baxımından, onsuz da hüdudsuz olmayan yaradıcılıq
dövrünün, çox xırda bəhrələr istisna olunmaqla, iki onilliyə yaxın olan çox
qiymətli bir hissəsini bu qadın itirməli olmuşdu. İndi o, özünü bütünlüklə sənətə
həsr etmək istəyəndə, yəqin ki, bu məsələdə nəcib məsləhətlər də öz xeyirxah işini
görmüşdü, onun bu addımını yalnız alqışlamaq lazımdır. Sənət dünyasını tərk
etmək onu çox sayda bəlalarla üzləşdirmişdi.
Onun ecazkar səsi, ifa tərzi də, vurduğu intonasiyalar da, həzin zümzüməsi,
məhrəmanə pıçıltıları ilə yanaşı dağ selinin nərəsi kimi hayqırtısı da milli vokal
sənətində bənzəri olmayan bir hadisə idi. Mahnı ifasına çox sayda yenilikər
gətirmişdi. Oxuduqlarını faciə rənginə boyaya bilmişdi. Səsinin tembri, vurğu
çalarları könülləri riqqətə gətirən elegeya yağışı əmələ gətirirdi, bizim ruhumuz
onun nəcib damcılarından islanırdı. Onun səsindəki yüksək qəm, kədər cərəyanı
xüsusən adamı tam başqa aləmə çəkib aparırdı, insanlıq dərəcəsinin, səmimiyyətin,
nisgilin qiymətini azaltmamağa çağırırdı. Əlbəttə, hamının tapdaq etdiyi hamar
yoldan, ümumi məhvərdən uzaqlaşdığına görə onun sənətini bəyənməyənər,
ümumiyyətlə onun həyat tərzinə ağız büzənlər də var idi. Ancaq qatı bədxahlar da
başa düşürdü ki, ifa etdiyi mahnılar bəlkə də əbədi olaraq onun inhisarında
qalacaqdır, çunki heç kəs onları elə sehrli, cazibədar qaydada oxuya bilməyəcəkdir.
Axı ən uğurlu reproduksiya da məşhur tabloların orijinalına yaxınlaşa bilmir. Belə
bir həqiqət mövcuddur ki, yalnız yerin təkindəki çox yüksək hərarətdə və olçüyə
sığmayan təzyiqdə adicə kömür almaza çevrilir. Onun sənətinə də məhz belə
hərarət və təzyiq məxsus idi.
İnsan boğazı tayı-bərabəri olmayan, ən kamil musiqi aləti hesab edilərsə, bu
müğənninin boğazını təbiət elə bil ki, məlum olmayan bir materialdan
düzəltmişdir. Həm də onu da qeyd etmək lazımdır ki, bu musiqi aləti muzey
eksponatına çevrilib, üstünü toz basmadı, onda gözəl incilər yaratmaq üçün bu
qadın böyük əziyyətlərə qatlaşmaqdan, daim öz Eldoradasını axtarmaqdan
usanmadı. Ona görə də ümumi axından ayrı düşdü və bəstəkarlar bu bülbülün cəh-
cəhinə uyğun gələn, yalnız onun üçün nəzərdə tutulan mahnılar yazmağa
başladılar. O, bu yolda tək addımlamalı oldu, minnətdar pərəstişkarlar ordusuna
malik olmaqla yanaşı, onu daim müşayiət edən kinayəli baxışların zəhərini də
343
dadmaq məcburiyyətində qaldı. Gənc Puşkin haqqında bir ağıllı adam demişdi ki:
«Qoyunlar sürüdə ömür sürür, şir isə tək gəzir». Qoyunlar şiri sevmirlər, daim
onun məhvini arzulayırlar. Nə etmək olar, bu da təbiətin qanunudur.
Mübarizə onu nə qədər cəlb etsə də, sənətə bağlılığı hədd tanımırdı, hətta
fasilə mərhələsi sayılan illər də onun musiqiyə olan sədaqətini azalda, daxili
yanğısını söndürə bilmədi. Lakin itki də kiçik deyildi, ən başlıcası sənətinin
püxtələşdiyi bir dövrdə öz doğma təbiətindən azacıq da olsa uzaqlaşmaq onun
reallaşmamış neçə-neçə uğurlarına qənim kəsildi, həqiqi sənət adamı üçün isə bu
ən ağır cəza idi. Yaradıcılıq məkanını tərk etmək onu yuvasından perik düşmüş
quşa bənzətdi. Bu boşluq vaxtı bir çox hallarda onu xırdalıqlarla məşğul olmağa
sövq etdi, intriqalar, çəkişmələr tələsinə düşməkdən də hifz edə bilmədi.
Bu gün həmin müğənni bəlkə də həyatında ən düzgün olan qərarlardan daha
birini də qəbul etmək kimi ağıllı iş görmüşdür. Onu azdıran məşğuliyyət
sferalarından uzaqlaşıb özünü bütünlüklə sənətə həsr etmək yolunu seçmişdir. Əks
məsləhət verənlər, canfəşanlıq edən radio dinləyiciləri kimi onu yəqin ki,
qınayacaqlar. Lakin bu məsləhətlər onu əlavə uçuruma aparmaq məqsədindən
başqa heç bir nəcib yol göstərməyəcəkdir. Bəzən yaxın dost da ağılsız məsləhəti ilə
adamı çətinliklər girdabına salır. Anarxizmin görkəmli nəzəriyyəçisi olan Bakunin
bəstəkar dostu Vaqnerə elə ciddi təsir göstərmişdi ki, bu məşhur opera
kompozitoru onun məsləhətlərindən ilham alaraq özünün «Allahların alatoranlığı»
əsərində terrorçu fantaziyasının finalını – od tutub yanan planeti göstərmişdi.
Müğənninin sənətini də tarixin arxivinə atmaq istəyənlər nə arzuladıqlarından asılı
olmayaraq, bu sənətə bir dəfəlik tabut düzəltməkdən başqa bir məqsədi güdmürlər.
Çünki yaradıcılığında baş verəcək yeni fasilə onun sənət dünyasına çalınan
rekviyemin son akkordları olacaqdır. Musiqi planetinin sakini öz doğma məkanını
tərk edirsə, ürəyini itirmiş olur, bunu siyasətə daxil olmaq üçün üçün edirsə başını
da itirir.
Həqiqi istedad sahibləri, əsl sənət adamları başqalarından fərqlənirlər,
onların könlü zərif, kövrək olur. Onlar üzərində eksperiment aparmağın özü
haqsızlıqdır. Onlar yaradıcılıq ilahəsinə, sənətə sitayiş və qulluq edirlərsə, özlərini
əlçatmazlıq zirvəsinə yüksəldirlər. Onlara daş atmaq da, hətta bu barədə
düşünməyin özü də günahdır. İstedadlar xalqın sərvətidir, bütün millətə, bəlkə də
milli sərhədləri aşdıqda bütün bəşəriyyətə məxsusldurlar. Höte Şekspirin Hamletini
billur vazaya bənzədirdi və qeyd edirdi ki, belə qaba gül qoyulmalıdır, onda palıd
əkilsə, kökləri bu zərif cisimi sındırıb çilik-çilik edəcəkdir. İstedad sahiblərinin
hamısı belə zərif duyğulu Hamletlərdir, onları qorumaq, hifz etmək lazımdır, yoxsa
biruzə verdiyimiz laqeydlik və qısqanclıq öz müdhiş atmosferi ilə onları Şekspirin
bədbəxt qəhrəmanı kimi məhv edə bilər. Axı onların sənəti tək özlərinə məxsus
deyildir, bizə ünvanlandığından, həm də bizimkidir. Gəlin bu qiymətli sərvətin
qədrini bilək, onlara bədxərcliklə yanaşmayaq, hətta xüsusi məhəbbət izhar
etiməsək də, onların könüllərini yaralamayaraq, bu vaxt həm də hər şeydən əvvəl
bəşər övladı, insan olduğumuzu da unutmayaq.
“525-ci qəzet”.15.05.2010
|