“525-ci qəzet”.19-20.01.2007
İngiltərə: təəssüratlar və düşüncələr
71
Ada dövləti olan Böyük Britaniya təkcə öz tarixi keçmişi ilə deyil, həyat
tərzi, özünəməxsus qaydaları ilə sehrli, bir qədər də müəmmalı bir ölkə təsiri
bağışlayır. İki min il əvvəl (b.e.ə.55-ci ildə) Roma sərkərdəsi Yuli Sezar buraya
hücum edərək, ölkənin cənubunu işğal etmişdi. O vaxta qədər isə ada işğallardan
yayına bilmişdi. XVII əsrdə dəniz dövlətinə çevrilmiş İngiltərə ayrı-ayrı qitələrə
ayaq açmağa başladı, müxtəlif yollarla əsasən koloniyalar yaratmaq və iqtisadi
asılılığa salmaq vasitəsi
ilə müstəmləkələrə malik olub, böyük imperiya yaratdı. Artıq XIX əsrdə
Böyük Britaniya imperiyası insan yaşayan bütün qitələrdə öz müstəmləkələrinə
sahib idi, bu kraliça Viktoriyaya, vaxtilə İspaniya imperiyası barədə deyilən
“Mənim imperiyam üzərində günəş batmır” sözlərini təkrar etmək hüququnu
verirdi. İndi də ingilis dilli xalqlar Şimali Amerikanın nəhayətsiz sərvtələrinə
nəzarət edirlər. Bunlarla yanaşı İngiltərə dünyanın sürətli tərəqqisinə yol açan
Sənaye inqilabının beşiyi olmaqla bəşəriyyət üçün əvəzolunmaz xidmət
göstərmişdir.
Bu ölkə ilə qiyabi tanışlıq nə qədər uzun çəksə də, hətta dərin xarakter daşısa
da, əyani ünsiyyət daha çox şey vəd edirdi. Maraqlandığın bir diyarı və xalqı
yaxından müşahidə etmək, onların müxtəlif cəhətləri ilə təmasda olmaq heç də
adicə həvəs adlandırıla bilməzdi. Təyyarə Londonun Qatvik hava limanına
yaxınlaşdıqda aşağıda yamyaşıl çəmənliklər, əkin tarlaları gözə dəyir. Şair Cerard
Hopkinskin vaxtilə yazdığı “Şirin, xüsusi nəzərə çarpan kənd mənzərəsi”in həqiqət
olduğuna yəqinlik tapırsan. Sonralar addımbaşı müşahidə etdiyimiz və
xoşladığımız bu mənzərə ingilis ədəbiyyatında və peyzaj rəssamlığında layiqli
yerini tutmuşdur.
Təyyarə meydanında qarşılamağa çıxmış iyirmi beş il əvvəl ailələrimizin
qonşuluq etdiyi, hazırda Londonda yaşayan İlqarla və bir qədər əvvəl tələbə
uşaqları ilə görüşə gəlmiş Milli Məclisin bir neçə çağırış deputatı olan yerlimlə
mehriban görüşürük. Gənc və köhnə dostumun idman maşınına bənzər
“Mersedes”ində paytaxta yola düşürük. Yolların hamarlığı, güzgü səthi kimi
düzlüyü o qədər də təəccübləndirmir, mən hətta ekvatorial Afrikada belə rahat və
səliqəli magistralları görmüşəm. London ətrafında isə yol şəbəkəsi olduqca
mürəkkəbdir. Çünki ölkənin paytaxtı milli nəqliyyat sisteminin bəbəyidir. Elə bil
ki, İngiltərədə bütün yollar Londona aparır, başlıca dəmiryol şəbəkəsi də burada
birləşir, həm də bu şəhər iri və kommesiya nöqteyi-nəzərindən ən mühüm su
nəqliyyatının mərkəzidir. Ona görə paytaxt ətrafında yolların bir-birini kəsib
keçməsinə, müasir viadukların çoxluğuna heyrətlənmək lazım gəlmir. Lakin bu
mürəkkəbliyə çox sayda nişanlar asanlıqla baş çıxarmaq xüsusiyyəti ilə yanaşı
başgicəlləndirici çətinliyə bir sadəlilik verir.
Sonrakı müşahidələrim də bir daha təsdiq etdi ki, deyəsən aramlı həyat
tərzinə alışmış İngiltərədə və Şotlandiyada heç kəs sürətlə hərəkət etmək barədə
düşünmür, cıdırdakı at qaçışına göstərdikləri həvəsdən fərqli olaraq avtomobil
derbisini o qədər də sevmirlər, idarə etdikləri nəqliyyatı sakit, mən deyərdim ki,
ifrat ehtiyatlılıqla sürürlər. Elə bil ki, maşın sürətlə getmir, yavaş-yavaş üzür,
72
deyəsən hər bir sürücü sükan arxasına əyləşməmişdən əvvəl hirsini, qəzəbini,
nəhayət, dəlisovluğunu tərk etdiyi yerdə qoyur, heç vaxt nə sürət və nə də əylənc
vurmaqda biruzə vermir, öz təmkinini və soyuqqanlılığını qoruyub saxlamağı
bacarır. Orada sürücülərin bir-birini, ya piyadanı söyməsi kraliçaya qarşı qiyam
qaldırmaq kimi ağlabatmayan bir hadisə olardı.
Yollardakı, şəhərlərin küçələrindəki hərəkət qaydaları bu barədə
yanılmadığını bir daha təsdiqləyir. İndicə daxil olduğumuz iri metropoliyada
küçələr o qədər də geniş deyildir, səkilər xeyli genişdir, lakin burada tıxaclara
olduqca az rast gəlirsən, yalnız şəhərə girəndə və oradan çıxanda, xüsusən iş günü
başa çatdıqda bu nizamsızlığın ifadəsi kimi irəliləmə sürətinin bir qədər azaldığını
görürsən. Digər təəccübləndirici bir cəhəti isə küçələrdə, yollarda iri minik
maşınlarına nadir hallarda rast gəlməkdir. İngilislər kiçik, yığcam maşınlara
üstünlük verirlər. Kiçik maşınların mühhəriki nisbətən az işlənmiş qaz buraxır, onu
hərəkət vaxtı döndərmək də xeyli asandır, həmçinin böyük olmaması tıxaclara
gətirib çıxarmamağa köməklik edir, küçədə saxlayanda da az yer tələb edir və
yavaş hərəkət etdikdə onun qorxulu təhlükə törətməsi ehtimalı da azalır.
Adətən bir şəhərə və ya mənzərəyə qiymət verərkən onları başqaları ilə
müqayisə edirsən. Dünyanın bir çox gözəl şəhərlərini görən adamda isə bu
müqayisəni obyektiv aparmaq imkanı yaranır. Çoxları güman edir ki, burada
Parisin müstəsna gözəlliyini, Romanın tarixi abidələr bolluğunu, Nyu-Yorkun
qüdrət zirvələrini, Pekindəki qədimliliklə müasirliyin vəhdətini, Madriddəki
keçmişini hələ qatılığını itirməmiş kölgəsini görməyəcəkdir. Mübaliğəyə yol
vermədən demək olar ki, Parisin gözəlliyini, Romanın abidə zənginliyini, Nyu-
Yorkun möhtəşəmliyini, Pekinin təzadları yoluna qoyan səmərəli həll üslubunu,
Madridin keçmişi yaşatmağa qayısının göz oxşayan nümunələrinin hamısını
Londonda seyr etmək mümkündür. Bu şəhərin tarixi Roma işğalı dövründən
başlanır. Londonun mərkəzi daha yığcam və daha zəngin olması ilə fərqlənir.
Şəhərin arxitekturasında xaricin təsiri danılmazdır, lakin əcnəbi üslublar da ingilis
aspektini qəbul etmişlər və bu görkəmdə təzahür edirlər. Memar Kristofer Renin
inşa etdiyi tikililərdə isə Avropa Renessansının təsiri özünü daha güclü qaydada
biruzə verir.
Londonun ən məşhur meydanı Trafalqar-skverdir. Bu meydanı fərqləndirən
cəhət orada bağın olmaması və daim adamlarla dolu olmasıdır. Burada 1805-ci ilin
oktyabrındakı Trafalqar döyüşünün qəhrəmanı olmuş Horatsio Nelsonun heykəli
ucalır. Heykəlin durduğu qələbə sütununun hündürlüyü 55 metrdən çoxdur.
Heykəlin ətrafında iki fəvvarə, qara daş şirlər, canlı göyərçinlər vardır. Seçilmiş
hərbçilərin xatirə heykəlləri admiralın abidəsini əhatə edir. Fransa və ispan
donanması üzərində qələbə günü admiral Nelson flaqman gəmisinin göyərtəsində
gəzişərkən yaxınlıqdakı fransız gəmisindən snayperin atdığı güllə onu ölümcül
yaralamış, az sonra o, həyatla vidalaşmışdı. Admiral Nelsonun ledi Hamiltonla
sevgisi də onun hərb şücaəti kimi şöhrət tapmışdı və bu ehitarslı məhəbbətdən
yeganə qızları yadigar qalmışdı. Abidənin əhatəsindəki daş dövrədə onun
döyüşdən əvvəl gəmilərinə göndərdiyi sözlər nəşr olunmuşdur: “England expects
that every man will do his duty» - «İngiltərə gözləyir ki, hər kəs öz borcunu yerinə
73
yetirəcəkdir». Skverin (meydanın) şimal hissəsində Milli Qalereyanın sütunlu
binası yerləşir. Nelsonun abidəsindən cənubda isə kral I Çarlzın heykəli ucalır. Bir
qədər cənubda isə baş nazirin iqamətgahı olan Dauninq-strit, 10 yerləşir. Bu
evlərdən ibarət gödək küçədə, baş nazirin iqamətgahının yanında hökumət binaları
sıralanır.
Parlament skver isə Britaniyanın iki mühüm binasına, Parlamentin
palatalarına və Vestminister abbatlığına aparır. İngiltərə Parlamenti 1265-ci ildən
fəaliyyətə başlamışdır, parlamentizmin tarixində və inkişafında xüsusi yer tutur.
Turistlər üçün maraqlı olan yerlərdən biri isə hazırda kraliçanın yaşadığı Bukingem
sarayıdır. Bu saray XVIII əsrin əvvəlində Bukingem hersoqu tərəfindən tikdirilmiş,
altmış il sonra kral III Corc tərəfindən satın alınmışdır. İlk dəfə kraliça Viktoriya
Bukingem sarayını monarxların London iqamətgahına çevirmişdir.
Trafalqar-skverdə dolaşdıqdan sonra Milli Qalereyanı ziyarət etməmək
bağışlanmaz günah sayıla bilərdi. Britaniyada olan rəsm əsərlərinin ən böyük
kolleksiyası məhz burada nümayiş etdirilir. Qalereyada Renessas rəssamlarının
əsərləri geniş yer tutur. Bu muzey italyan, ispan, holland, fransız və ingilis
rəssamlarının bir sıra inciləri ilə öyünə bilər. Buradakı tablolar təkcə unikal və
bütün dünyada məşhur olmaları ilə deyil, həm də onların düşünülmüş ardıcıllıqla
təqdim edilməsi ilə seçilir. Burada müxtəlif milli rəngkarlıq məktəblərinin tarixi
inkişafı haqqında geniş məlumat almaq mümkündür.
Sandro Bottiçellinin «Venera və Mars», Rafaelin «Asideya madonnası»,
Mikelancelonun «Xristin dəfn edilməsi», Leonardo da Vinçinin «Madonna
kahada» əsərləri bu İntibah titanlarının yaradıcılığı ilə yenidən tanış olmaq imkanı
yaradır. Muzeydə Titsianın dini mövzudakı tabloları nümayiş etdirilir. Flamand
rəssamı Paul Rubensin «Parisin məhkəməsi» tablosu mübahisə edən üç ilahə
barədəki qədim mifin təsvirindən daha çox qadın bədəni gözəlliyinin tərənnümünə
həsr edilmişdir. İspan Dieqo Velaskesin «Venera güzgü qarşısında» tablosu da
canlı fərdi obraz yaratmaqla qadın bədəninin cazibədarlığını nümayiş etdirir. Lakin
burada naturalizmdən əsər-əlamət yoxdur, yüksək sənət poeziyası vardır. Holland
Rembrandtın «Qocalıqda avtoportret» əsəri məşhur rəssamın çəkdiyi əzabları, onu
daxili aləmini göz önünə gətirir, şəxsiyyətin mənəvi yüksəlişini əks etdirir. İspan
rəssamı El Qrekonun «Alverçilərin məbəddən qovulması» tablosu isə İncil
əhvalatlarına həsr edilmişdir. Burada İisus Xristin fiqurası ön plana çəkildiyindən
daha cazibədar görünür. İngilis rəssamlığı isə Uilyam Hoqartın, Tomas
Qeynsboronun, Con Konsteblin əsərləri ilə, əsasən axırıncıların peyzaj tabloları ilə
təqdim olunur. Alman rəssamı Kiçik Hans Holbeyn ömrünün son onilliyini
İngiltərədə yaşayıb-yaratdığından onun yaradıcılığına xüsusi məhəbbətlə yanaşılır.
Muzeydə onun məşhur «Elçilər» («Səfirlər») əsəri nümayiş etdirilir.
Bu əsərlərin bir çoxu reproduksiyalardan artıq yaddaşlara hopmuşdu. Lakin
onlarla orijinalda yenidən görüş isə adama böyük sevinc bəxş edir. Eks-deputat
lövhələrdəki məlumatları diqqətlə oxuyub, tablolarda təsvir olunanlara daha
dərindən nüfuz etməyə cəhd göstərirdi və yorğunluğumuza baxmayaraq həqiqətən
bu incilərdən ifadə oluna bilməyən bir həzz aldıq.
Muzeylə tanışlıqdan sonra biz onun Londonda təhsil alan dörd oğlunun
74
yaşadığı şəhərin ucqarında yerləşən evə yollandıq. Onlar iki mərtəbəli beş otaqlı
evdə yaşayırlar, daha doğrusu evi kirayə götürmüşlər. Evin arxada artırma rolunu
oynayan kiçik meydançası, aşağıda isə çəmənlikdən və ağaclardan ibarət olan
həyəti vardır.
Tələbə qardaşlar səhər yeməyini və şamı yay vaxtı mətbəxin davamı rolunu
oynayan bu üstü açıq hollda təmiz havada yeyirlər. Onlar universitetdə oxumaqla
yanaşı işləyirlər, özlərinin qazancı hesabına kirayə pulunu verir, təhsil, qida
xərclərini ödəyirlər. Ortancıl qardaş beynəlxalq kommersiya üzrə mütəxəssisdir,
daxili kommersiya şəbəkəsində işləyir və iki bankdan işləmək barədə təklif
almışdır. Böyük qardaş həkim sertifikatı və lisenziyası almışdır, dildən dörd
imtahan verdikdən sonra şəhərdəki klinikalardan birində işləyəcəkdir. Üçüncü
qardaş mühafizə xidmətində çalışır və vaxtaşırı Uimbldon stadionunda keçirilən
mühüm futbol oyunlarına pulsuz baxmaq imkanı qazanır. Kiçik qardaş isə
kompyüterlərin sirlərinə yiyələnmək niyyətindədir. Həkim olan qardaş hədiyyə
kimi mənə Londonda maraqla oxunan yazıçı kimi tanınmış Robert Harrisin yeni
«Imperium» kitabını bağışladı və Tsitseronun həyatından bəhs edən bu əsər həm də
onun zövqü barədə təsəvvürümü bir qədər də möhkəmləndirdi.
Bizi isə daha çox maraqlandıran ingilislərin düşüncə və həyat tərzlərinə
bələd olmaq idi və belə imkanları əldən vermək istəmirdik. İngilislərin ən yaxşı
xüsusiyyətlərindən biri soruşulan hər şeyə səbirlə cavab vermələri, sualı cavabdan
əvvəl dəqiqləşdirmələri, şəhəri yaxşı tanımayan adama hər cür köməklik
göstərməyə daim hazır olmalarıdır. Onlara müraciət edildikdə öz niyyətlərini elə
bil ki, unudub, könüllü xidmət göstərməyi özlərinin borcu kimi ön plana çəkirlər.
Avropada adamların bir-birinə qarşı nəzakətli və həssas davranmaları adi haldır.
Ancaq xahiş edən adama lazım olduğundan artıq köməlik göstərmək əziyyətinə
qatlaşmaq xüsusiyyəti ilə ilk dəfə İsveçrədə rastlaşmışdım. İndi isə bunun daha
qabarıq nümunələrini addımbaşı İngiltərədə görürdüm. Metroda tanış olduğumuz
ingilis nəinki xəritədə axtardığımız ünvan barədə bizə geniş izahat verdi, sonra isə
əlavə etdi ki, elə özü də həmin stansiyaya gedir, orada da öz yolundan ayrılıb,
axtardığımız yerə qədər bizi müşayiət etdi. Bu əziyyətinə razı olmasaq da,
londonlulara xas olan qonaqpərvərliyi nümayiş etdirməkdən o, daxilən həzz alırdı.
Başqa bir vaxt isə biz şəhərin sakini olan bir hindli ilə tanış olduq. O,
Hindistanın Qucarat ştatından idi, orada yaşayan parsları da, onların ən zəngin
nümayəndəsi olan milyarder Tatanı da tanıdığını bildirdi, Mahatma Qandinin
həmyerlisi olduğu ilə fəxr etdiyini də yada salmağı unutmadı. O, qırx ildən çoxdur
ki, Londonda yaşayır və tikintidə dülgər işləyir. Doğma ştatından olan qızla ailə
qurmuş, hinduizm dininə məxsus olan nişanələri və ibadətləri qoruyub saxlamışdır.
Alnındakı qırmızı süni xal da onun dini mənsubiyyətindən xəbər verirdi. Yeni
vətənindəki milli, irqi münasibətlərə marağımızı hiss etdikdə, o, səmimi qaydada
bildirdi ki, burada yaşadığı uzun müddət ərzində irqçilik təzahürlərinə rast
gəlməmişdir. Mənfi münasibətin nümayişi üçün isə onun dərisinin rəngi və digər
antropoloji xüsusiyyətləri yaxşı nişangah rolunu oynaya bilərdi. İngiltərədəki qibtə
edilən qaydalardan biri muzeylərə pulsuz, sərbəst şəkildə daxil olmaq imkanıdır.
Muzeylər supermarketlər kimi olduqca təmiz saxlanılır, döşəmədə toz və hansısa
75
çirk ləkəsi görmək mümkün deyildir. Fərqləndirici digər bir cəhət də sərt
qadağaların olmamasıdır. Dünyanın əksər muzeylərində addımbaşı iradlarla
rastlaşmaq təhlükəsi olduğu halda, burada gələnlərə xəbərdarlıq edilməsi yəqin ki,
istisna hal sayıla bilər.
Britaniya muzeyi dünyanın ən məşhur arxeoloji və etnoqrafik muzeyi sayıla
blər. Buradakı eksponatlar müstəsna tarixi və elmi dəyərə malikdirlər. Muzeydə
Akropol məbədlərindən gətirilmiş çox sayda barelyef nümunələri ilə tanış olmaq
imkanı qazanırsan. Bu mərmərdə yonulmuş insan və at təsvirləri qədim yunan
heykəltəraşlığının olduqca yüksək səviyyəsini nümayiş etdirir. Özü də onlar statik
qaydada deyil, hərəkətdə, ekspressiyada verilmişdir, onu yaradanların anatomiyaya
da yaxşı bələd oludqları qənaətinə gəlirsən. Bu eksponatlar Yunanıstan Osmanlı
imperiyası əsarətində olarkən ingilislər tərəfindən ələ keçirilib, vətənlərinə
gətirilmiş, sonralar isə muzeyin mülkiyyətinə verilmişdir. Antik dünyaya məhəbbət
bəsləyən bu adamlar həmin hərəkətləri ilə bəşəriyyətin öyündüyü bu mədəni
sərvətlərin qorunub saxlanmasına bəlkə də əslində əvəzsiz xidmət göstərmişlər.
Yunanlar nə qədər narazılıq etsələr, gileylənsələr də, hətta tarixi keçmişlərinin
yadigarlarını qəsb edən saydıqları bu adamlara minnətdar olmalıdırlar ki, onlar bu
nadir nümunələrin qarət edilməsinin, itib-batmasının, hansısa varlı bir adamın şəxsi
kolleksiyasında gizlədilməsinin qarşısını bəlkə də qanunsuz hesab edilən
hərəkətləri ilə almağı bacarmışlar. Yunanlar Parfenon məbədindən götürülmüş,
Fidinin yaratdığı ilahə Afinanın qızıl heykəlinin daim xiffətini çəkirlər və bu
məsələdə də ingilisləri təqsirləndirirlər.
Britaniya
muzeyinin
ən maraqlı eksponatlarından biri Assuriya
heykəltəraşlığının monumental abidələri olan daşdan yonulmuş, insan – həm kişi,
həm qadın başı olan nəhəng, qanadlı şir heykəlləridir. Assuriya incəsənəti
miladdan əvvəlki dövrün 1500-cü ilindən 612-ci ilinə qədər olan doqquz əsri əhatə
edir. Muzeydəki əsərlər həmin sənətin ən muhüm nümunələri olmaqla vaxtilə giriş
qapılarının keşiyini çəkir, həm də barelyerlər kimi divarları bəzəyirdi. Əvvəllər isə
bu fiqurlardan rəsm əsərlərində döyüş və ov səhnələrini təsvir etmək üçün istifadə
edilirdi. İri həcmli bu heykəltəraşlıq nümunələri möhtəşəmlikləri ilə fərqlənirlər.
Bir çox muzeylərdə qədim Misirin sfinksləri nümayiş etdirilsə də, qanadlı şir
fiqurları bu muzeyin eksponatlarına müstəsnalıq xüsusiyyətləri bəxş edir. Bu
böyük məbədlə tanış olmaq üçün günlərlə vaxt sərf etmək lazımdır, tələsik
müşahidə isə maraq yanğısını lazımınca söndürə bilmir.
Yeganə pullu muzey isə madam Tyusso muzeyidir. Buradakı mum fiqurlara
tamaşa etmək istəyi yəqin ki, adamlarda böyük şəxsiyyətlərə virtual qaydada olsa
da yaxınlaşmaq istəyindən irəli gəlir. Ona görə də muzeyə girmək arzusunda
olanların küçədə dayanan növbəsi azalmaq bilmir.
Digər məşhur yer isə yazıçı Konan Doylun təxəyyülündən yaranan Şerlok
Holmsun Beyker-stritdəki ev muzeyidir. Bura ilə daha çox ruslar maraqlanırlar.
Axı bir vaxtlar xəfiyyə Şerlok Holmsun macəraları SSRİ məkanında sevilə-sevilə
oxunurdu və bu marağı həmçinin kinofilmində dünyada onun ən uğurlu obrazını
yaratmış artist Vasili Livanovun oyunu xeyli yüksəltmişdi.
Londonu oludqca yaxşı qulluq edilən iri və gözəl parklar şəhəri adlandırmaq
76
olar. Ən iri park sayılan Hard-park da, Qrin-park da, Recent-park da çəmənlikləri,
dendroloji ağacları və kolları, xüsusən gül-çiçəkləri ilə gözü oxşayır. Gül-çiçəklər
xüsusi qayğı, harmoniyanı nəzərə almaqla seçilir, bəzi çiçəklər dibçəklərdə olsa da,
elə ustalıqla düzülür ki, elə bil torpaqdan baş qaldırır. Marbl tağının şimalında
yerləşən Recent -parkdakı çiçək ləklərinin hər biri gözəlliyinə, rəngarəngliyinə
görə dahi rəssamın fırçasından çıxış tablonu yada salır. Bura vaxtilə kral VIII
Henrinin ov qoruğu imiş. Yəqin ki, görkəmli fransız rəssamı, impressionizmin
banisi Klod Mone bu parkların mövcudluğu müqabilində öz tablolarını yaratmaq
üçün həyətində natura rolunu oynayan gül-çiçək ləkləri düzəltmək əziyyətinə
qatlaşmağı lazım bilməzdi.
Londonda parklar bir-birinin yaxınlığında, biri digərinin tamamlamaq
qaydasında yerləşir. Hayd-park yaxınlığındakı Kensiqton bağlarında Londonun ən
əlamətdar abidələrindən biri olan Albert memorialı yerləşir. Bu hündür qızıl
suyuna çəkilmiş abidəni aşağı qatda təsvir olunan 175 adam heykəli əhatə edir.
Abidə kraliça Viktoriyanın sevimli əri və müdrik insan olan Albertin 1861-ci ildəki
ölümünün on illiyi münasibətilə ucaldılmışdır. Albert sonuncu məktubunu
Vətəndaş müharibəsinə cəlb edilmiş Birləşmiş Ştatlara göndərmişdi. Bu vaxt
ingilislərin «Trent» gəmisində yoxlama aparılarkən Konfederatın elçiləri tanınmış
və bu Şimalda böyük hay-küyə, İngiltərəyə qarşı müharibəyə başlamaq
çağırışlarının meydana gəlməsinə səbəb olmuşdu. Yalnız prezident Abraham
Linkolnun ehtiyatlılığı və Albertin onun mövqeyinə dəstək verməsi iki ölkə
arasında silahlı münaqişə başlanmasının qarşısını almışdı. Albertin ölümü
Viktoriyanı olduqca mütəəssir etmişdi və əziz ərinin itkisinə görə kraliça uzun
müddət tənhalığa qapılmışdı.
Parkdan kənarda, memorialın qarşı tərəfində yeddi min nəfərlik tamaşaçı
yeri olan, ellipsoid formalı və qübbəli Royal Albert Hollun binası ucalır. Burada
çox sayda kollec və muzey yerləşir.
Ümumiyyətlə, Londonu həm də heykəllər şəhəri adlandırmaq olar, lakin
buradakılar fiqurları SSRİ-də qoyulan heykəllərdən fərqli olaraq iri həcmlərdən,
böyük kütləli olmaqdan mitinq jestlərindən xalidir. Onlarda insanlar özlərinə xas
olan adi pozalarda təsvir olunurlar. Mərkəzdə ucaldılan ser Uinston Çörçillin - bu
görkəmli dövlət xadimi və XX əsrin Demosfeni sayılacaq bir natiqin heykəlində
patetika əlamətləri yoxdur. Elə bil ki, bu iri gövdəli adam çəliyinə söykənərək
İkinci dünya müharibəsi vaxtı faşistlərin aviasiya bombardmanlarının dağıtdığı
binalara baxmaq üçün gəldiyi kimi, indi də fikirli-fikirli yavaş addımlarla küçədə
gəzir.
İngilisin gözündə dahi də, qəhrəman da hər şeydən əvvəl insandır, onun ən
uğurlu ifadəsi də başlıca təyinatının vəsfinə tapılır. Burada real şəxsiyyətləri
mifləşdirməyə yol verilmir, onun böyüklüyü nümayiş etdirilərkən uğursuzluqları,
şəxsi xarakterində olan çatışmazlıqlar ört-basdır edilmir, çünki nöqsanlar
ləyaqətlərin inkarına xidmət etmir, əksinə onların fonunda fövqəltəbii
xüsusiyyətlər daha qabarıq nəzərə çarpır. Bu fikri kraliça I Elizabetin, dahi
Şekspirin tərcümeyi hallarında gizlədilməyən detallar parlaq qaydada sübut edir.
Bu xalq öz tarixinə olduqca məhəbbətlə, həm də onu qoruyub hifz etməkdən
77
irəli gələn obyektivliklə, qərəzsizliklə yanaşır. İngilislər çox sayda tarixi
şəxsiyyətlərinə öz ehtiramlarını onların xatirəsini tirajlaşdırmaqda görmürlər.
Lakin burada da azacıq istisna halları vardır, bunu sağlığında «Virgin» - «Bakirə»
ləqəbi daşıyan kraliça I Elizabet və dövlətin tarixində ən uzun müddətdə 63 il
ərzində tax-tacda olmuş Viktoriya təşkil edir.
Bu iki tarixi şəxsiyyət küçələrin, meydanların, qatarların adlarında yaşayırlar
və onlar artıq daha çox rəmz rolunu oynayırlar. Onların müqayisələrə sığmayan
əməlləri bu xatirələrə ölməzlik bəxş etmişdir. I Elizabet xalqı 1588-ci ildə
İspanların Məğlubedilməz armadası üzərində əvvəllər müşkül görünən qələbəyə
səsləmiş, döyüşçüləri ruhlandırmaq üçün özü onların yanına gəlib, alovlu nitq
söyləmişdi. Nəticədə, təbiətin də köməyi ilə ispan donanmasının darmadağın
edilməsi İngiltərəni mühüm dəniz dövlətinə çevirmiş, onun qüdrətini və nüfuzunu
xeyli yüksəltmişdi. İngiltərə əmin-amanlıq və çiçəklənmə dövrünə qədəm
qoymuşdu. Bu gələcək böyük imperiyanın yaranması üçün okeanların qapısını ona
açmış və ölkəyə nəhayətsiz imkanlar vermişdi. I Elizabet xalq arasında çox
populyar idi. Bu kraliçanın hökmranlığı illəri İngiltərənin «qızıl dövrü» adlanır, bu
dövrdə ədəbiyyat, teatr görünməmiş yüksək səviyyəyə qalxmışdı. Şekspirin
pyesləri antik dövrün teatrını da zənginləşdirərdi, heç şübhəsiz, dahi dramaturqlar
olan Esxil, Sofokl və Evripid özləri uyduqları panteonda bu orta əsrlər dühasına
layiq olduğu yeri verərdilər.
Kraliça Viktoriya da yaşadığı epoxaya öz adını vermişdir. O, sadəcə
imperatriça deyildi. Napoleon dövründə memarlıqdakı və tətbiqi sənətdəki üsluba
«amper – imperiya» adı verildiyi kimi, onun hökmranlığı dövründə bir qrup
mədəniyyət xadimi yeni üslubun tərəfdarları kimi özlərini «viktoriyaçılar»
adlandırırdılar. Bakirə kraliçadan fərqli olaraq Viktoriya böyük siyasət qayğılarına
baxmayaraq sevimli ərinə sədaqətli arvad olaraq qalırdı, dörd oğul və beş qız
doğmuşdu. 42 yaşında dul qalanda onun doqquz uşağı var idi. Onun dövründə həm
də monarxiyanın nüfuzu xeyli artmışdı.
İngilislərin öz tarixlərinə sevgisi heç də baş vermiş hadisələri süni şəkildə
boyamaq, onlara ifrat parlaqlıq vermək kimi ağılsız hədlərə gəlib çatmır, onun
solğun səhifələrinə bəraət vermək, haqq qazandırmaq meyillərinə məhəl
qoymurlar. İngilis tarixçiləri öz xalqının və ölkəsinin salnaməsinə saxta qədimlilik
vermək, bu yeri tarixin beşiyi adlandırmaq kimi şirnikləndirici aldanışdan çox-çox
uzaqdırlar. Onlar nə Qay Yuli Sezarın «Qall müharibəsi haqqında qeydlər»
kitabında adada yaşayan uzaq əcdadlarının primitiv, yayımvəhşi həyat tərzi
keçirməsi barədəki mülahizələrini inkar etmək və onlara düzəliş vermək fikrinə
düşmürlər, nə də Kamelot hökmdarı və özlərinin iftixar mənbəyi olan kral Arturun
tarixi deyil, yarımmifik şəxs olduğunu etiraf etməkdən yayınmırlar. Əksinə, onu da
qeyd edirlər ki, qədim Roma minillik dəqiq tarixə malik olduğu, qələmə alınmış
görkəmli şəxsiyyətlər və hadisələr bu tarixin səhiflərini bol-bol bəzədiyi halda,
ingilislər belə bir vaxtda meydana gələn və VI əsrə aid edilən qəhrəmanın
mövcudluğunua böyük şübhə altında yanaşmağa məcburdurlar. Onlar olduqca
düzgün hərəkət edirlər, çünki tarix üzərinə vurulan boya bir qədər sonra parçalanıb,
yoxa çıxır. Tarixi saxta tədqiqatlar, maddi dəlillər, uydurulmuş artefaktların
78
köməyi ilə saxtalaşdırmaq yoluna düşənlər tezliklə özlərinin aldandıqları qənaətinə
gəlməli olurlar. Bəzi xalqlardakı bu iyrənc adət onların xeyrinə yox, əslində
ziyanına işləyir. Saxta tarix hökmən özü-özünü ifşa etməli olur.
İngilis öz ədəbi dilini də minilliklərin arxasına aparıb çıxarmır, bu xalqın öz
mənşəyi qarışıq olduğu kimi, dili də poliqlotdur, müxtəlif mənbələrdən
götürülmüşdür. V və VI əsrlərdə burada məskunlaşan anqlo-saksonların dili müasir
ingilis söz tərkibində üstünlük təşkil edir. İngilis dili yalnız 1362-ci ildə yenidən
bərpa edilərək rəsmi dil elan olunmuşdur. Dilin yayılması ilə xarakterik ingilis
həyat tərzi də üstün gəlməyə başladı. Qədim xalq olsa da italyanların ədəbi dili də
XIII əsrdə meydana gəlmişdir. Dante Aliqyerinin məşhur «İlahi komediya»sı da bu
dildə yazılmışdı.
XIV əsrdə yaşamış Cefri Çoser isə ingilis xalqının ilk böyük şairi hesab
olunur.
Onlar İngiltərədə ilk mərkəzləşmiş dövlətin əsasını 1066-cı ildə qoyan
normandiyalı I Uilyamın, Uilyam Fatehin olduğunu, İngiltərə taxt-tacında
şotlandların, hollandın, almanların olduğunu tarixi mənsubluğu şübhə doğurmayan
bir fakt kimi qələmə alırlar. Hannover sülaləsindən olan bəzi Böyük Britaniya
kralları hökmranlıqlarının ilkin dövründə heç ingilis dilində danışa bilmirdilər.
Vaxtilə kral I Eduard ingilis dilində danışa bilməmək cəhətindən hiyləgərliklə
istifadə edərək, ingilis ağalığı ilə razılaşmayan uelsliləri aldatmışdı. O, narazı
uelslilərə demişdi ki, Uelsdə doğulan və ingiliscə danışa bilməyən bir şəxsi sizə
hökmdar təyin edəcəyəm. Bu onun dünən burada doğulmuş, gələcək kral II Eduard
olacaq doğma oğlu idi. Vədin mahiyyətindən baş çıxarmayan uelslillər əvvəlcə
sevinmiş, sonra aldandıqlarını anlamışdılar. XIII əsrin sonunda kralın həmin oğlu
ilk dəfə Uels prinsi tutulunu qəbul etmiş və o vaxtdan indiyədək taxt-taca iddialı
olan prins bu titulu daşıyır. Bir şotland yazıçısının yazdığı kimi İngiltərəyə
hökmranlıq edənlər arasında Oliver Kromvelldən başqa əslən ingilis olan heç kəs
olmamışdı. Birinci dünya müharibəsi illərində Britaniya Almaniya ilə müharibə
apardığından kral V Corc öz alman soyadının Böyük Britaniya taxt-tacına uyğun
gəlməməsinə görə ondan imtina etmiş və özündən başlayan sülaləni Vindzor
sülaləsi adlandırmışdı.
İngiltərə və Şotlandiya şəhərlərindəki heykəllərə əsasən bu xalqların tarixini
açılmış kitab kimi oxumaq olar. Onlar hətta başqa xalqlardan olan həmyerlilərinə,
həmçinin müttəfiqlərinə ehtiramla yanaşmaqda xəsislik göstərmirlər. Londonda
Birinci dünya müharibəsinin qəhrəmanı, Fransa marşalı Ferdinand Foşun heykəlini
gördükdə xeyli təəccübləndim. Düzdür, müharibənin son dövründə o, mütəffiq
qüvvələrin baş komandanı olmuşdu. Və müharibə bitəndən on il sonra vəfat
etdikdə Napoleonun cəsədi saxlanılan Əlillər evində dəfn edilmişdi. Minnətdar
ingilislər müharibənin qələbə ilə başa çatmasında dəyərli xidmətləri olmuş bu
sərkərdənin xatirəsinə məhz belə yüksək qiymət vermişdilər. Mançestrin
mərkəzində isə İngiltərənin baş naziri olmuş, London polisini yenidən təşkil
etdiyinə görə ictimai asayişin müdafiəçilərinin «Pilçilər» və ya «Bobbilər» kimi
onun adını daşıdıqları və atdan yıxılıb ölən Robert Pilin heykəli qoyulmuşdur.
Ondan bir qədər aralıda şəhərin küçələrinin birində dayanıb gəlib-gedənlərə tamaşa
79
edən bürünc heykəl diqqəti cəlb edir. Bu utopik sosializmin banilərindən biri olan
Robert Ouendir. Digər nəzəriyyəçi həmkarlarından-Tommazo Kampanelladan,
Morellidən, Mablidən, Sen-Simon və Şarl Furyedən fərqli olaraq Robert Ouen
pratiki olaraq sosial islahatçı kimi tanınırdı. 1840-cı ildə Lankaşirdəki Lanark
pambıq fabrikalarının meneceri və həmmülkiyyətçisi olmuşdu. Və burada sosial
rifah proqramını tətbiq etmiş və «icma modelini» qurmuşdu. Onun sosialist
nəzəriyyəsi digər eksperimental icmalarda da sınaqdan keçirilmişdi. Lakin
bütövlükdə uğursuz nəticə ilə üzləşmişdi.
Elmi marksizmin banilərindən biri olan Fridrix Enğelsin fabrikaları da
Mançester şəhərində yerləşirdi və o özü çox vaxt burada yaşayırdı.
Londonun Hayget qəbiristanlığında isə Karl Marksın qəbirüstü büstü ucalır.
Marks ömrünün xeyli hissəsini bu şəhərdə yaşamış və burada, özü də Britaniya
Muzeyinin kitabxanasında «Kapital» əsərini yazmışdı. O, peyğəmbərcəsinə qeyd
edirdi ki, kütlələr bu ideyaya sahib olduqdan sonra o, maddi qüvvəyə çevriləcəkdir.
Həqiqətən də marksizimlə silahlanmış bolşeviklərin rəhbərliyi altında Rusiyada
sosialist inqilabı qalib gəldi, yeni cəmiyyət qurulmağa başladı. Sonralar isə
dünyada sosializm sistemi meydana gəldi. Dünya iki qütbə bölündü. Əvvəlki
qütblər isə imperiyalarda və müstəmləkələrdə təmsil olunurdu. Lakin real
sosializmin ömrü uzun olmadı, bir əsrdə doğulub, onda da süquta düçar oldu.
SSRİ-nin iflasa uğraması və dağılması ilə dünya sosializm sistemi sıradan çıxdı,
onun yerində Kuba və Şimali Koreya kimi xırda qəlpələr qaldı.
İngiltərə Sənaye inqilabı vasitəsilə digər bir quruluşu kaptalizmi meydana
gətirmişdir. Bu cəmiyyətdəki istismarı ifşa edərkən Marks öz «Kapital»ında faktiki
sübutlar kimi fabriklərdə istehsal və əmək şəraitini yoxlayan nəzarətçilərin yazılı
məlumatlarına geniş yer vermişdi. Sosializmdən fərqli olaraq kapitalizm öz
qüsurlarına və eybəcərliklərinə heç də aludə olmurdu, vurulmurdu, onları ört-
basdır etmir, diqqətdən yayındırmırdı. Əməyin, istehsalın təşkilində aparılan
islahatlar yolu ilə bu anadangəlmə ləkələrindən azad olmağa çalışırdı və buna
tədricən nail olurdu. Hələ 1880-ci illərdə Bismark Almaniyada işçilərin sosial
müdafiəsinə dair geniş tədbirlər həyata keçirmişdi. İngiltərədə isə 1911-ci ildə ilk
dəfə işsizlik üzrə sığorta tətbiq edilmişdi.
Kapitalizm öz dayaqlarına, ona həyat verənlərə qayğı göstərməyə
başladıqda, bu işdə elmi-texniki tərəqqinin, texnoloji inqilabın da rolu heç də az
deyildi, kapitalla əmək arasındakı ziddiyyətlər azaldı, antoqonizimdən uzaqlaşdı.
Kapitalın əməyə göstərdiyi qayğı, onun özünün daha sürətlə böyüməsinə,
çiçəklənməsinə şərait yaratdı. Sosializm isə ümumən sosial güzəştlər bünövrəsi
üzərində qurulsa da, işsizliyi hər cür, hətta səmərəsiz yollarla aradan qaldırsa da,
əhalinin sosial rifahını əsaslı qaydada yaxşılaşdıra bilmədi, bu mübarizə
müstəvisində kapitalizmə hərtərəfli uduzdu. Maddi rifahı yüksəltmək şüar və
arzudan o tərəfə keçə bilmədi, ərzaq təminatındakı çətinliklər və məhdudiyyətlər
vaxtaşırı, əslində ardıcıl olaraq təkrar olduğundan bir vaxtlar müqqədəslik haləsinə
bürünmüş məqsədlər də gözdən düşdü, öz saf əhəmiyyətini itirdi, ehtiyac seli
təsadüfən baş qaldıran azacıq xoşbəxtlik nişanələrini silib yoxa çıxardı.
Bibliyadakı «Xoşbəxtlik torpağı» kimi nəzəriyyənin vəd etdiyi parlaq gələcəyin
80
aldadıcı parıltısı da sönməyə başladı və bu ilğım artıq şüurlara və ürəklərə təsir
göstərmək gücündə deyildi. Real sosializm özünün hədd bilməyən iddialları və
olduqca cılız imkanları ilə gözdən düşdü, özünün «gil ayaqlar üzərində gəzən
Koloss» olduğunu biruzə verdi. Əvvəllər bütün çətinliklərə dözüm təlqin edən
məslək möhkəmliyi də ovxalanıb, küləyin sovura biləcəyi toz təpəsinə çevrildi.
Böyük dövlət dağıldıqdan sonra, onun xarabalığı üzərində baş qaldıran yeni
dövlətlər həm irsdən gələn, həm də zəifliyindən sirayətləndiyi problemlər
xəstəliyinə tutuldu, bədbəxtlikdən həm də buna milli münasibətlər zəminində
yaranan və başqasının ərazisinə yiyələnmək məkrindən əmələ gələn silahlı
münaqişələr əlavə olundu.
İngiltərə, bəxti gətirilməyin bariz sübutu kimi ancaq bir qanlı inqilabla
üzləşməli oldu, vətəndaş müharibəsindən başlanğıcını götürən bu münaqişə tarixdə
ilk dəfə kralın boynunun vurulması ilə nəticələndi. Lakin 100 min nəfərin qurban
getməsinə səbəb olan həmin faciəli dövr heç iki onillik də davam etmədi və ölkə
yenidən əmin-amanlıq bəxş edən monarxiya sisteminə qayıtmalı oldu. Fransada isə
bir əsr yarım sonra baş verən inqilab öz sələfindən kralı edam etməyi qəbul etsə də,
daha qanlı xarakter daşıdı. Ölkə sarsıntılara məruz qaldı, inqilabın meydana
gətirdiyi gilyotinadan da betər olan Avropa üçün Napoleonu siyasət və müharibə
səhnəsinə atması ilə qitənin torpaqlarının qanla suvarılmasına yol açdı. Sonra
Napoleon ordusunun acı məğlubiyyətləri dövrü gəldi və Fransa da şimal qonşusu
kimi monarxiya xilas kəmərinə əl atsa da, inqilabın caynaqları XIX əsrin sonrakı
onilliklərində onun boğazını boğmaqda davam etdi. İngiltərə isə hər cür təhlükələrə
baxmayaraq daxilindəki sabitliyi qoruyub saxlaya bildi.
İngilislərin məişət qaydaları da keçmişi kimi digər avropalılarınkından və
amerikanlarınkından fərqlidir. Bu qaydalar zaman keçdikcə belə qüvvədə
qalmaqda davam edir. Adi bir cəhəti götürək: su kranının altındakı tasda hökmən
ortadakı deşiyi qapamaq üçün klapan vardır. Kranın özü də olduqca gödəkdir və az
qala yanındakı tas divarına dəyir. Bu isə əli-üzü yumaqda xeyli çətinlik törədir,
çünki ovucu su ilə doldurmaq mümkün olmur. Bu ondan irəli gəlir ki, ingilislər
bizim kimi krandan gələn su ilə əl-üzlərini yumurlar, onlar tasın aşağıdakı deşiyini
bağlamaqla onu su ilə doldurur və onda əl-üzlərini yuyurlar. Suya sabun köpüyü və
əlavə nə qatılsa da fərqi yoxdur, onlar bunu çirkli hesab etmirlər, həmin su ilə
yuyunmaqda davam edirlər. Yuyunma qurtardıqdan sonra deşik açılır və çirkli su
axıdılır. 1960-cı illərdə keçmiş baş nazirin jurnalist oğlu – Ralf Çörçill Moskvaya
gələndə «Rusiya» mehmanxanasında yaşayırmış, nömrəsində vacib sanitariya
qurğusu xarab olduğuna görə hay-küy qaldırıbmış. Vətəninə döndükdən sonra
tənqidi yazı yazmış, rusların çox geri qaldıqlarını həm də onunla əsaslandırıbmış
ki, burada hətta tasdakı deşiyi bağlamaq üçün klapan da yoxdur və onlar bu
çatışmazlığa əhəmiyyət də vermirlər.
Bəlkə də bəzilərinə bu qeydlər əhəmiyyətsiz məsələ kimi görünə bilər. Lakin
məişət qayğıları xalq haqqında çox şeyləri deyir. Çörçill özü də Amerika haqqında
demişdi: «Burada tualet kağızı çox nazik, qəzetlər isə çox qalındır».
Amerikalılar isə İngiltərə müstəmləkəçiliyinə qarşı inqilabi mübarizə
apardıqlarından həmin xalqa xas olan çox şeydən həmçinin imtina etmək
81
istəyirdilər. İngilislər sol əldəki çəngəl və sağ əldəki bıçaqla yeyirlər. Amerikalılar
kralla mübarizə əlaməti kimi ingilislərin xörək yemək qaydasını məqbul saymayıb,
əvvəlcə xörəkdəki tikələri və tərəvəzi sağ əldəki bıçaqla xırdalayır, sonra həmin ələ
götürdükləri çəngəlin köməyi ilə onları yeyirdilər və indiyədək bu qaydanı
qoruyub saxlayırlar.
İngilislər qidalanmağa xüsusi qayğı göstərirlər, gündə beş dəfə qida qəbul
etmək üçün xırda naharlara «lunch», «five-o`clock» adlarını uydurmuşlar. İngilis
yeməyi sevdiyindən ondan ləzzət alır. Qatarla yola çıxdıqda belə hətta qısa müddət
üçün özlərinə qəlyənaltı götürür, yaxud da ki, vaqonların birində olan bufetdən
biskvit, şirələr, sular alıb, yol boyu bu ehtiyatın axırına çıxmaqla əylənirlər. Bu
ölkədə XIX əsrdə yaşamış fransız yazıçısı bir qədər yumor hissi ilə yazırdı ki, əgər
fransızlar və ruslar da ingilislər kimi çox yesəydilər, qısa müddətdən sonra yəqin
ki, Fransa və Rusiya aclıqla üzləşərdi. İngilislər spirtli içkilərə də laqeyd deyillər,
onlar pivəni və eyli çox sevirlər və pablar həmişə adamlarla dolu olur. Vaxtilə eyl
heç də çörəkdən az qiymətləndirilmirdi. 1620-ci ilin noyabrında «May Flower»
gəmisində Şimali Amerikanın Massaçusets yarımadasında məskunlaşmağa gəlmiş
ingilislərin yaratdıtı kiçik koloniyanın qubernatoru Uilyam Bredford yazırdı ki,
onlar çörəkdən də çox eylin məsarifinə ciddi nəzarət edirdilər. Çünki yeni sakinlər
üçün bu daha qiymətli ərzaq hesab olunurdu. Lakin ümumən götürüldükdə müasir
ingilislərdə tünd içkiyə münasibətdə təəccüb ediləcək bir ayıqlıq vardır. Şəhərlərin
küçələrində sərxoş adama rast gəlmirsən, qatarda da spirtli içki içilməsi gözə
dəymir.
Vaxtilə pambıq parça sənayesinin mərkəzi sayılan Mançesterin və onu əhatə
edən şəhərlərdən ibarət olan dairənin iqtisadi əhəmiyyəti onu təkcə Böyük
Britaniyanın ikinci şəhəri etmədi, bu illər həm də onun «qızıl dövrü» idi. Sənaye
inqilabı buranı həm də xeyli dərəcədə viranə qoymuşdu. Ona görə də şəhər XX
yüzillikdə sənaye problemləri ilə üzləşməli oldu. İndi isə toxuculuq fabriklərindən
əsər-əlamət yoxdur, onun iri binaları müxtəlif məqsədlər üçün istifadə edilir. Şəhər
təmizliyi, səliqə-səhmanı ilə seçilir. Bircə şeydə, «müşahidə çarxında» şəhər
Londonun Temza sahilini xatırladır. Bu şəhərdə biz köhnə dostumuz Şəmil Yusifin
ailəsinin göstərdiyi səmimi qonaqvərlərlikdən həzz aldıq. Bu ailə ingilislər kimi
ikimərtəbəli evdə yaşayır, çünki bu ölkədə mənzildə yaşamağı sevmirlər, ayrıca
evə üstünlük verirlər. Yəqin ki, «mənim evim-mənim qalamdır» zərb-məsəli
ingilislərin öz evinə bağlılığı ilə yanaşı, əsas şərt kimi bu evin ayrıca olmasını, qala
kimi öz ərazisinə malik olmasını nəzərdə tutur. Burada bağda işləmək hər bir
adamın əyləncə vaxtının dörddə birini təşkil edir. Mançestrdəki azərbaycanlının
evinin qabağında gül-çiçək olan sahə, arxasında isə ev sahibinin xüsusi ciddi-
cəhdlə becərdiyi göyərti ləkləri vardır və süfrəyə milli xörəklərlə yanaşı bu tər
göyərti xüusi gözəllik verir.
Mançestr dairəsində olan Aterton şəhərində bir mənzərə diqqətimizi cəlb
etdi. Məktəb binasının qırmızı rəngli bişmiş kərpicdən olan fasadından Azərbaycan
bayrağı asılmışdı. Maraqlandıqda məlum oldu ki, ailənin kiçik qızı Cəmilə
məktəbdə yaxşı oxuduğundan və fəallığı ilə seçildiyindən onu fərqləndirmək
mükafatı kimi qızın öz təklifi nəzərə alınmış, bayrağın nümayişi forması
82
seçilmişdi. Ailənin böyük oğlu olan Elnur isə 2007-ci ildə Atertonun bələdiyyə
seçkilərində namizəd kimi iştirak etmiş və şəhərin ən populyar sakinlərindən birinə
çevrilmişdir. O, leyboristlər partiyasının yerli təşkilatının nüfuzlu üzvlərindən
biridir, şəhərdə isə bu partiya ənənəvi olaraq daha böyük elektorat kütləsinə
malikdir.
Bütün İngiltərədə bizi məftun edən cəhətlərdən biri gül-çiçəklərin bolluğu
idi, yaşıllıq isə ölkənin canında, qanındadır. Burada çiçəksiz, gülsüz ev, küçə,
ictimai bina demək olar ki, yoxdur. Evlərin divarından asılmış və səliqə ilə
düzülmüş səbətlərdəki çiçəklər bir estetik mühit yaradır, ovqatı gözəllik ruhunda
sazlamağa kömək edir. Gül-çiçək olan yerdə zibilə, səliqəsizliyə rast gəlmək
mümkün deyildir. Adəmlə Həvva vaxtilə Edem bağından qovulduqda zaman və
məkan məsafəsini qət edib İngiltərəyə düşsəydilər, əfv edildiklərini, yenidən
yerüstü cənnətə qaytarıldıqlarını güman edərdilər.
Ümumiyyətlə, bu ölkədə peyzaja çox böyük diqqət və qayğı göstərilir, onlar
heç də xaotik olaraq meydana gəlməmişlər, həmin landşaftlardan, mənzərələrdən
çoxunun lahiyələrini böyük ingilis bağ və park memarları vermişlər. Ölkəyə
dünyanın hər tərəfindən çox növdə ağac, kol və çiçəklənən bitki gətirilmişdir və
onlar yerli növlərlə yanaşı ölkənin bağlarında becərilir, mühitə əlavə gözəllik verir.
Mançestrin yerləşdiyi şimali-qərb regionu daha rütubətli və tutqun havaya
malikdir. Hələ qədim Roma tarixçiləri İngiltərə iqliminin «xoş olmayan, tez-tez
təkrar olunan yağışlı və dumanlı olması»nı qeyd etməklə pisləyirdilər, həm də çox
soyuq olmadığını qeyd edirdilər. Kral II Çarlz isə əksinə deyirdi ki, İngiltərə
iqlimli dünyada ən yaxşı iqlimdir – «beş gündən savayı adam il boyu açıq havada
bütün işini görə bilir». Doktor Semyuel Conson isə bunu nəzərə çatdırırdı ki, «iki
ingilis görüşdükdə ilk söhbət havadan gedir». Bu ölkədə hava mövsümdən-
mövsümə deyil, gündən-günə, hətta saatdan-saata dəyişir. Mançestrdə yağışın nə
vaxt başladığını və kəsdiyini dəqiq müəyyən etmək də çətindir, axı heç kəs
çoxluğuna görə göz qırpmanın nə vaxt baş verdiyinə əhəmiyyət vermir.
Mançestrdə heyrətamiz bir müasir memarlıq məbədi ilə tanış olduq. Bu
Trafford sentrdə yerləşən supermarket binasıdır. Bu tikili yaşca cavan olsa da,
klassik üslubda inşa edilmişdir, onun interyeri qədim yunan və Roma
arxitekturasının inciləri ilə doludur. Əsasən korinf və ion üslubunda ucaldılan
sütunlar, mərmər örtüklərdən ustalıqla istifadə edilməsi, döşəmədəki freskalar
buraya xüsusi gözəllik verir. Uca tavana qədər ucalan süni palmalar bu füsunkar
mənzərəni tamamlayır. Bu bina köhnə üsluba pərəstişin və zənginliyin vəhdətindən
yaranmış bir möcüzədir.
Ticarət şəbəkələrində mal bolluğuna və əmtəələrin keyfiyyətinə gəldikdə,
İngiltərə bu sahədə də öz köhnə ənənələrini və tələblərini qoruyub saxlayır.
Görkəmli rus yazıçısı İ.A.Qonçarov 1852-ci ildə «Pallada» freqatında Yaponiyaya
səfər edərkən yolüstü Londonda dayandıqlarını və şəhərin mağazalarında satılan
paltarların çeşid bolluğundan heyrətləndiyini qeyd edir, Peterburqun ticarət
bazarının kasıblığı və kasadlığı ilə müqayisədə bu təzad onun təəccübünə səbəb
olur. Həmin təəssüratlarını yazıçı səfərə çıxdığı gəminin adı ilə adlandırdığı yol
qeydləri kitabında qələmə almışdır. Bir əsr yarım vaxt keçdikdən sonra çox şey
83
dəyişsə də, ingilisin malların bol çeşidinə və yüksək keyfiyyətinə olan tələbatı
zəifləməmişdir, bəlkə də yüksəlmişdir.
«Mançestr Yunayted» klubunun özəl “Old Trafford” stadionu futbola burada
olan məhəbbətin əyani bir təzahürü olmaqla bizi heyran qoydu. Stadion
kreslolarının rəngarəngliyinə görə gözəl mozaikanı xatırladır. Tribunalardan
yuxarıda isə kabinələr sıralanır və bu restoran bölmələri əvvəldən sifarişlə
götürülür və varlılar futbola baxmağı digər əyləncə ilə birləşdirirlər. Stadionda
mağaza, restoran və kafelər şəbəkəsi fəaliyyət göstərir. Mağazada Azərbaycandan
gələn qonaq olduğumuzu bildikdə bizə klubun şarfını və kepkasını bağışladılar.
Stadionun fasadını ikinci mərtəbə hündürlüyündə qoyulmuş klubun ilk
prezidentinin heykəli bəzəyir. Stadionun qarşısında yolun o tərəfində isə XX əsrin
ikinci yarısının ən məşhur futbolçuları olan Bestin, Lounun və Bobbi Çarltonun
qrup şəklində heykəli qoyulmuşdur. 1971-ci ildə İngiltərə yığmasının tərkibində
Bestin Moskvadakı oyununa tamaşa etmişdim, Bobbi Çarlton isə Tofiq
Bəhramovun hakimliyi hesabına vurulmuş hesab edilən qolun müəllifi kimi dünya
çempionu olmuşdu. Futbolu ingilislərin sevdiyini demək, bu ehtiras barədə heç nə
deməməyə bərabərdir. Xalqın futbola münasibəti komandaların oyun ustalığının
yüksək səviyyəsinə səbəb olan əsas amillərdən biridir. Premyer-liqada oynayan
komandalar dünyanın ən məşhur komandaları ilə mübarizə aparmaq gücündədir.
«Mançester Yunayted» isə keçən il həm çempion olmuş, həm də Avropa kubokunu
almışdı. Bu ölkədə futbola oyun kimi deyil, milli rəmz, qürur şəklində yanaşırlar.
Axı İngiltərənin adı siyasi, iqtisadi və sosial məsələlərdə ayrıca tanınmır, burada
hər şey Birləşmiş Krallığın ümdə səlahiyyətindədir. İngiltərə yalnız idman
sahəsindəki fəaliyyəti ilə ayrıca tanınır. Ölkənin futbol komandası 1966-cı ildə
dünya çempionu olmuşdu. Bu ölkədə bir sıra idman oyunları, o cümlədən futbol
icad edilmişdir. İngilislərin bu yaradıcılığını tarixdə ilk dəfə Olimpiya oyunları
keçirən qədim yunanların insanın fiziki kamilliyinə göstərdikləri diqqətin davamı
kimi saymaq olar.
İngilislər siyasətlə yaxından maraqlanır, dünyada baş verən hadisələri
nəzərdən qaçırmırlar. Xüsusən ziyalılar Azərbaycanın ərazi bütövlüyünə təcavüz
barədə tutarlı məlumatlara malikdirlər. Onlar Azərbaycan dövlətinin düzgün xarici
və daxili siyasət apardığını söhbətlərdə dəfələrlə qeyd edirdilər və ərazi
bütövlüyünün bərpa edilməsini beynəlxalq hüququn tələbi kimi qəbul edirlər.
Lakin Gürcüstan-Cənubi Osetiya-Rusiya münaqişəsindən sonra Qafqazda qanlı
müharibə vəziyyətinin yenidən yaranmasını məqsədəuyğun hesab etmir, bizim
ölkəyə dialoq yolu ilə öz haqq işinin təntənəsinə çatmağı, münaqişəni birdəfəlik
həll etməyi arzulayırdılar. Onlar regionda Azərbaycanın böyük iqtisadi yüksəlişə
nail olduğunu xüsusi vurğulayırdılar. «Britiş Petroleum» şirkətinin – bu Britaniya
konserninin Azərbaycanda neft hasilatındakı geniş iştirakını olduqca yüksək
qiymətləndirirlər. Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın
genişləndirilməsinə və möhkəmləndirilməsinə bu ölkə olduqca böyük maraq
göstərir.
İrland dənizinin sahilində yerləşən Liverpul şəhəri şimali-qərbi İngiltərənin
mərkəzi olmaqla iqtisadi və mədəni təsir xüsusiyyətlərinə görə mühüm əhəmiyyət
84
kəsb edir. Amerika ilə kommersiya əlaqələri genişdəndikdə Liverpul Britaniyanın
ikinci mühüm limanına çevrilmişdi. Buradan manufaktura mallarını Qərbi
Afrikanın qul ovlanan ərazilərinə canlı əmtəə ilə dəyişilməyə göndərirdilər, qullar
isə öz növbəsində Vest İndiyada şəkərə, patkaya, ədviyyata və digər bitki mənşəli
məhsullara dəyişdirilirdi. Liverpul bu üçbucağa başçılıq etməklə ondan böyük
iqtisadi fayda götürürdü. Bu şəhər olduqca yaraşıqlıdır, təpədən dəniz sahilinə tərəf
enir. Piyadalar üçün ayrılmış küçələr çoxdur, onlarda gəzdikcə binaların
arxitektura gözəlliyini bol-bol seyr edirsən və gəlib dəniz kənarına, köhnə liman
olan yerə çıxırsan. Vaxtilə burada dənizçilər kütləsi dolaşırdı. Yalnız bədənini
satmaq istəyən qadınlar sayca onlardan az olurdu. Bu şəhərdə dənizçilər bir günün
ərzində evlənir və boşanırdılar. Həmin nikahların ömrü bir günlük
kəpənəklərinkindən də az olurdu.
Şəhərin nəqliyyat hərəkət etməyən küçələrilə xeyriyyə məqsədilə pul
toplamaq üçün müxtəlif alətlərdə çalan musiqiçilərə, marslıların paltarını geyinmiş
və üzünə gümüşü boyaq çəkilmiş cavanların robota bənzəyən hərəkətləri ilə
uşaqları əyləndirməsinə addımbaşı rast gəlirsən. Adətən onlar universitet və ya
kollec tələbələridir. Təhsil haqqını ödəmək üçün onların bir çoxu restoranlarda,
kafelərdə ofisiant işləyirlər. Belələrinin içində Şərqi Avropa ölkələrindən
gələnlərə, xüsusən polyaklara və çexlərə daha çox rast gəlmək olur. Azərbaycanlı
tələbələr isə belə fəaliyyət növünü özlərinə sığışdırmırlar.
Ölkəmizdən İngiltərəyə təhsil almağa gələn gənclərin sayı çoxdur. Onların
əksəriyyəti zəhmətsevərlikləri, biliyə həvəsləri ilə seçilirlər, ən yaxşı cəhət
orasındadır ki, davranışlarında ağılsız hərəkətlərə yol vermirlər. Onlar doğma
evlərindən kənarda olsalar da, Vətəni heç vaxt unutmurlar, burada baş verən
hadisələrə böyük maraq göstərirlər. Bu sahədə onlara İnternet və yerli televiziya
kanallarımız yaxından köməklik göstərir. Elektron poçtu vasitəsilə onlar
mətbuatımızı izləyirlər, «525-ci qəzet»in obyektivliyini xüsusi qeyd edir, onun
müəlliflərinin çoxunu yazılarından tanıdıqlarını bildirirdilər.
İngiltərə cəmiyyətində irqi, dini, milli tolerantlıq tərifəlayiqdir. Londonda iri
yəhudi məhəlləsi vardır. Bir vaxtlar ölkədən qovulmuş yəhudilərə sonralar Oliver
Kromvell qayıdıb yenidən orada yaşamağa icazə vermişdi. Şəhərin kənarında
əsasən hindlilər, pakistanlılar, zəncilər, türklər, əfqanlar yaşayırlar. Onlar ya ticarət
obyektlərində, ya da kiçik emalatxnalarda işləyirlər. Ayrı-ayrı dinlərə sitayiş
edənlər öz ibadətlərini sərbəstcəsinə qılır, dini və milli bayramlarını imkan
daxilində təntənə ilə qeyd edirlər. Müsəlmanlara gəldikdə Bolton şəhərində
pakistanlıların tikdirdiyi, qızıl suyuna çəkilmiş və üzərində ayın silueti olan iri
qübbəli məscid möhtəşəmliyi ilə seçilir. Türklər supermarketlərində və
restoranlarında öz ölkələrində istehsal edilmiş ərzaqları və milli xörəkləri satırlar.
Londonda dünyanın istənilən mətbəxi, Asiya xalqlarının xörəkləri ilə tanış olmaq
imkanı qeyri-məhduddur. Britaniya imperiyasının izləri başqa sahələrdə itsə də, öz
mövcudluğunu mətbəxlərin müxtəlifliyində qoruyub saxlayır.
Düzənlik İngiltərədən çıxıb, daxil olduğun dərəli-təpəli, dağlıq Şotlandiya
ərazisi tam başqa təsir bağışlayır. Qatarla Mançestrdən Edinburqa gedəndə yol
boyu yabanı çiçəkləri seyr edirsən. Yamyaşıl otlaqlarda qara, ala-bula inəklər, ağ
85
uzun yunlu, o qədər də böyük olmayan qoyunlar aramla otlayır. Ser Valter Skott
yazırdı ki, düzənlik qoyunları sürü şəklində yan-yana otladığı halda, dağ qoyunları
ayrılıqda, bir-birindən aralı otlayır. Mənşəcə şotland olan bu yazıçı öz qoyunlarını
ingilslərinkindən fərqləndirmək üçün bəlkə də belə fikri irəli sürmüşdü. Onun
müşahidələrini təkzib etməkdən uzağam, lakin İngiltərədə də qoyunların və
inəklərin sürü və ya qrup şəklində otladığını bir dəfə də olsun görmədim. Onlar
əcdadlarına xas olan öz ərazisini qoruyub saxlamaq irsini saxlayırmış kimi bir-
birinə çox yaxınlaşmaq meylindən uzaqdırlar.
Şotlandların paytaxtı Edinburq Şimalın Afinası adlanır. Bu şəhər XVIII
əsrdə və XIX əsrlərin əvvəlində ədəbiyyat və incəsənət mərkəzi kimi şöhrət
tapmışdı və indi də öz yaxşı ənənələrini qoruyub saxlayır. Burada üç həftə ərzində
yay festivalları keçirilir, şəhərə teatra, baletə, rəssamların əsərlərinə baxmaq,
musiqiyə qulaq asmaq üçün on minlərlə adam gəlir. Bu festivallar milli musiqi
alətinin sədaları altında başa çatır. Biz kilsənin qarşısındakı çəmənlikdə həmin
tuluq zurnasında, ingilislər buna «bagpipe» - «tuluq tütəyi» deyirlər, çalan
musiqiçilər qrupunun ifa etdikləri şotland melodiyalarına qulaq asdıq. Musiqiçlərin
hamısı milli geyimdə idi, əyinlərində yun parçadan, tartan-dan tikilmiş yubka
formalı gödək geyim olan klit var idi. Kliti vaxtilə şotland polku əsgərinin əynində
də görmək olardı. Dağlardan və adalardan Edinburqa gələnlər də bu geyimdə
olurdu.
Edinburq qaya üzərində ucaldılmış qalası ilə məşhurdur. Qəsrdə indiyədək
qalan ən köhnə tikinti XI əsrə aiddir. Həmin əsrin sonunda Şotlandiya kralı
Malkolmu Şeksprin pyesində mənfur qatil kimi təsvir edilən, «əlinin qanını
okeanların yuya bilmədiyi» Makbet öldürmüşdü. Malkolmun Sakson kraliçası
müqəddəs Marqaret qəsrin ərazisində kiçik, kvadrat şəkilli kilsə ucaltmışdı. Kral I
Robert Bryus hərbi məqsəd naminə qəsri tikməyə göstəriş vermişdi. Həmin vaxt bu
kilsəyə toxunulmamışdı. Qəsrlə üzbəüz, vadinin ön tərəfindəki küçədə məşhur
səyyah David Livinqstonun heykəli qoyulmuşdur. O, dünyanın ikinci ən böyük və
gözəl şəlalələrindən biri olan Afrikadakı Zambezi çayındakı Viktoriya şəlaləsini
XIX əsrin ortalarında kəşf etmiş və şəlaləni tax-tacda olan kraliçanın adı ilə
adlandırmışdı. Başqa bir küçədə isə məşhur sərkərdə, Vaterlooda Napoleon
üzərində qələbə çalmış lord Vellinqtonun heykəli ucalır.
Şotlandlar viski ilə məşhur olsalar da, onlar dünyaya «tartan» - bizdə
şotlandka kimi tanınan yun parçanı bəxş etmişlər. Edinburqdakı bir mağaza –
muzeydə bu parçanı toxuyan dəzgah quraşdırılmışdır və ondan hazırlanan geyim
şeyləri satılır.
Şotlandlar əyilməzliyi, mübarizliyi ilə tanınan xalqdır. Qədim romalılar ilk
dəfə adanı işğal edərkən yalnız şimalda, Kaledoniyada (Şotlandiyanın qədim
adıdır) yaşayan tayfalar onlara şiddətli müqavimət göstərmişdir. Ona görə də bu
ərazi romalıların ağalığından kənarda qalmışdı. Bunu nəzərə alaraq sonralar şimali
İngiltərə ilə cənubi Şotlandiya arasında Hadrian və Antonin sədləri tikilmişdi.
Adanın bir hissəsinin işğal altında olması isə dörd yüz ilə qədər çəkmişdi.
Uinston Çörçill özünün «İngilis dilli xalqların tarixi» adlı çoxcildli əsərində
şotlandlara olduqca mənfi xarakteristika verir. Bu xalq cəsarəti, itaətə nifrəti, bəzi
86
hallarda dəlisovluğu ilə seçilir və bu keyfiyyətlərə hansı prizmadan baxılması heç
də əhəmiyyətsiz məsələ deyildir. Dünyada dağlıq ərazilər, daha uca dağ silsilələri
olduğu, onlarda çox sayda xalqlar məsukunlaşdıqları halda yalnız şotlandları və
Qafqaz xalqlarını ingilislər «highlander» - «dağlılar» adlandırırlar. Onların yəqin
ki, bir çox xüsusiyyətləri oxşar olduğuna görə, belə ad altında tanınırlar.
Şotlandların inadkarlığı, azad ruhu onların mübarizəsinə yenilməzlik və ardıcıllıq
verən başlıca amil rolunu oynamışdır.
Şamil müəllimin Mançester ətrafı şəhərlərdə – Viqanda, Boltonda, həmçinin
Liverpul və Edinburqda bizi müşayiət etməsi bu səyahətlərə xüsusi zənginlik
verirdi. Onun bu ölkəni belə yaxşı tanımasına biz heyran olmuşduq.
İngilislərin iftixar mənbəyi onların ədəbiyyatı, xüsusən poeziyada və
dramaturgiya janrında qazanılan nəaliyyətlərinə qiymət verilərkən rəssamlıq və
musiqi sahəsindəki yaradıcılığın müqayisəli şəkildə zəif olduğu iddiası irəli sürülür
və bu fikir həqiqətdən o qədər də uzaq deyildir. Rəngkarlıqda dünya şöhrətli
rəssamlar azdır. Klassik musiqidə isə ingilis bəstəkarlarının töhfəsi o qədər də
yüksək qiymətləndirilmir. Ümumiyyətlə, bütün incəsənət növlərində incilər
yaratmış xalqlar azdır. Hollandlar və flamandlar rəssamlıqda böyük məktəblərə
malik olsalar da, ədəbiyyatlarında və musiqilərində həmin səviyyədəki əsərlərlə
öyünə bilməzlər. ABŞ-da ilk simfoniyanı çex bəstəkarı Antonin Dvorjak yazmışdı.
ABŞ-ın dövlət himninin musiqisi ingilislərin süfrə başında oxuduqları şən
mahnının melodiyasından götürülmüşdür. Riçard Nikson bunu 1972-ci ildə
Pekində ilk prezident kimi rəsmi səfərdə olarkən təyyarə meydanında himn
oxunarkən duymuş və sonra bu hadisəni kitabında utandırıcı bir hal kimi qeyd
etmişdi. İngilislər isə XX əsrdə musiqi yaradıcılığında iri bir addım atmışlar.
Liverpulda 1960-cı ildə yaranan «Bitlz» qrupu bu şəhəri dünya populyar
musiqisinin mərkəzinə çevirdi və on il ərzində böyük heyrət ünvanı olaraq qaldı.
Sonralar isə meydana ser Elton Con öz mahnıları ilə gəlmişdi.
İngilislər musiqiyə, teatr tamaşalarına böyük aludəçilikləri ilə seçilirlər.
Londonda onlarla teatr fəaliyyət göstərir. Şəhərin simfonik orkestrinə dünya
şöhrətli dirijor, milliyyətcə osetin olan Valeri Gergiyev başçılıq edir. Böyük
Britaniyanın xarici işlər naziri Devid Millibendin xanımı bu orkestrin
musiqiçisidir. Ölkədə mədəniyyətə bəslənən qayğıya cavab olaraq Avropa İttifaqı
2008-ci ildə Liverpul şəhərini Avropanın mədəni mərkəzi elan etmişdir.
İngilislər ənənələrini sədaqətləri ilə fərqlənirlər. Bu sahədə onları yaponlarla
müqayisə etmək olar. Klassik irsə də böyük qayğı ilə yanaşır, keçmiş dövrün
nişanələrini qoruyub saxlayırlar. Londonda mərkəzin klassik üslubdakı ansamblına
xələl gətirən az sayda şüşə və betondan tikilmiş binalara rast gəlmək mümkündür.
Səfərimizin başa çatmaq ərəfəsində köhnə qonşumun təkidi ilə Vindzor
sarayını görməyə getdik. Vindzor qəsrinin əsasını I Uilyam qoymuşdur, XVI
əsrdən isə əvvəllər istehkam rolunu oynayan qəsr saray kimi istifadə olunmağa
başlanmışdır. Bu qala İngiltərə tarixinin dilsiz şahidlərindən biridir, onun hər
daşında Şekspirin sözləri ilə desək «yaddaş cədvəli» yazılmışdır.
Qəsrin ətrafında, Temza çayının sahilində meydana gələn şəhər də bu adı
götürmüşdür, indi taxt-tacda olan sülalə də həmin adı daşıyır. Şəhər Berkşirdəki
87
İtonla birləşir, burada yaşı az qala altı əsrə çatan, məşhur İton kolleci yerləşir.
Qalaya daxil olarkən Uels prinsi Çarlz qulaqlara birləşdirilən radio qurğusu
ilə adamları salamlayır və kraliça II Elizabetin bazar günü istirahətini burada
keçirdiyini vurğulayır. Sarayın otaqları məşhur rəssamların əsərləri ilə, qiymətin
şpalerler və qobelenlərlə bəzədilmişdir. Buradakı tarixi şəxsiyyətlərin büstləri
içərisində Uinston Çörçillin ağ mərmərdən toxunmuş büstü diqqəti cəlb edir.
Sarayın ən iri salonu ziyafətlər təşkil etmək üçündür və beş yüzə qədər qonaq
nisbətən ensiz stolun arxasında oturmaqla ziyafətin işirakçısına çevrilmək şərəfinə
nail olur.
Bu daş labirintdən İngiltərə siyasətinin ən mühüm qərarları çıxmış, ölkənin,
bəzən dünyanın taleyində müəyyən dəyişikliklərə səbəb olmuşdu. Bu qərarlar
dövlət mənafeyinin birinci əlaməti və axırıncı təsdiqi kimi atılacaq addımların
başlancığını əks etdirirdi. Burada ilk dəfə qəsr yaradan I Uilyam artıq Normandiya
hersoqu Robertin haramzada oğlu olduğunu unudaraq, ancaq 1066-cı ilin Milad
bayramı günü taclandığını xatırlayırdı. Onun oğlu kral I Henri Normandiyanı işğal
etməsinə görə ilk dəfə kral iqamətgahı kimi istifadə etdiyi bu sarayda şadlanırdı.
VIII Henri yeni eşq macərasına düşəndə və ya növbəti arvadından yaxasını
qurtarmağa çalışanda burada düşünüb, bəzən ən dəhşətli qərarlarını qəbul edirdi.
Növbəti sakin Mariya protestantlara qənim kəsilməklə yanaşı, özünə təlqin etdiyi
saxta hamiləliyinin möcüzəsinin yekununu təşvişlə, mamaçıların əhatəsində
gözləyirdi. Kraliça I Elizabet sevdiyi Lester qrafı Robert Dadlinin xəyanətindən
agah olduqda qızğın hisslərini burada cilovlaya bilmişdi. I Ceyms yalnız iki ildən
sonra sarayını Edinburqdan Londona köçürdükdə burada Frensis Bekonun onun
haqqındakı panegirik qaydasındakı yazısı ilə tanış olmuşdu. I Çarlz özünə qarşı
təhlükəni görsə də, onu lazımınca qiymətləndirmədiyindən edam kürsüsündə
həyatla vidalaşmışdı. II Çarlz daha ehtiyatlı hərəkət etmək yolunu tutmuşdu. Onun
qardaşı II Ceyms isə protestantlara qarşı mübarizə üçün Fransa kralı XVI Luidən
rüşvət almaqda ittiham edilmiş və üç il taxt-tacda olduqdan sonra ölkədən
qaçmışdı. Sonra onun kürəkəni Oranc prinsi Uilyam İngiltərəyə müdaxilə etməyə
dəvət edilmiş, arvadı Mariya ilə birgə krallıq etmişdi. Mariyanın taxt-taca sahib
olan bacısı Anna 1707-ci ildə İngiltərə və Şotlandiyanı birləşdirməyə nail olduğu
və ispan irsi uğrunda müharibəni İngiltərənin xeyrinə başa çatdırmağı ilə öyünə
bilərdi. Daha bir kraliça kimi tarixdə iz qoyan Viktoriya isə əri prins Alberti məhz
Vindzor sarayında qarın yatalağı xəstəliyindən itirmişdi. Sevimli ərinin vəfatından
çox məyus olan bu qadın hər gecə Albertin paltarını çarpayının yanında qoyurdu.
Yataqda isə daim başının üstündə ərinin fotoşəkli dururdu, bu Albertin öldükdən
sonra çəkilmiş şəkli olmaqla, başını və sinəsini təsvir edirdi. Axı Viktoriyanın əri
Albert dünyaya gözünü Vindzorda yummuşdu. Çox hadisələrə şahid olmuş
Vindzor sarayı bəzi sirlərini buraya qədəm basanlarla da beləcə bölüşməli olur,
daha doğrusu yada salır.
Sonra biz Vindzor şəhərinin kənarında çəkilmiş kanalda gəmidə iki saatlıq
üzməkdən ibarət olan əla istirahət növü ilə tanış olduq. Sahil boyu hər iki tərəfdə
yaşıllıqlar, iri gövdəli ağaclar kanalın sularında əks olunur. Kanalın ən böyük
bəzəyi isə onda olan saysız-hesabsız qu quşları və ördəklərdir. Limanda qu quşları
88
daha çoxdur. Elə bil ki, qu quşu-cəngavər Lohenqrin özünə ordu düzəltmişdir.
Gəmi uzaqlaşdıqca arabir onlar yenə gözə dəyir. Vaqifin Kür qırağında yaşılbaş
sonanın olmamasından gileylənməsi yadıma düşdü. Çox heyifsləndim ki, bu qədər
sonalar bolluğunda bircə dənə də olsun qara, əslində lələkləri gümüş rənginə çalan
Avstraliya qu quşları yox idi.
Londona qayıtdıqda isə bizi İlqarın evində təşkil edilən məclis gözləyirdi.
Məclisi daha ürək açan edən buraya çox sayda azərbaycanlının dəvət olunması idi.
Onlardan çoxu tələbədir və həm də haradasa işləyirlər. Azərbaycanın gənc nəsli bu
xalqın daha nikbin gələcəyi barədə inam yaradır, çünki onlar yad ölkədə baş
çıxarmağı bacarır, həm də xalqımızın adını yüksək tuturlar.
İngiltərə ilə tanışlıq başa çatanda bütün təəssüratları çözələyir, daha çox
yadda qalanlara üstünlük verməli olursan. İngilislərin hörmətə layiq
xüsusiyyətlərindən biri onların təmkinli olması, yersiz emosiyalardan, çılğınlıqdan
uzaq olmalarıdır. Onlar ən çətin anda belə özlərini itirmirlər, ləyaqət hissini
qoruyub saxlayırlar. Londonu faşist bombardmanları dağıdanda, Koventri şəhərini
xarabazara çevirəndə belə ingilislər fəryad qoparmır, faciəni də soyuqqanlıqla
ötüşdürməyi bacarırdılar. Başqa ölkələrin səmasında uçarkən vurulub əsir düşmüş
ingilis təyyarəçilərinin dəhşətli anda belə özlərini itirməməsi, zəiflik göstərməməsi
və qürurunu hifz edib saxlaması fransız və italyan filmlərindən bizə tanışdır.
Antik erada dünya dövlətinə çevrilmiş qədim Romanın vətəndaşları
Tsitseronun dili ilə öz dövrlərini və onun qaydalarını lənətləndirdikləri halda,
ingilislər Hitler Almaniyası ilə müharibədə ən ağır sınaqlarla üzləşdikdə belə bu
dövrə nifrət yağdırmaqdansa, son nəfəri qalan qədər düşmənlə quruda, suda,
havada vuruşacaqlarına and içərək, qələbəyə möhkəm inam nümayiş etdirməyə
üstünlük verirdilər. İngilisi başqalarından fərqləndirən onun güclü iradəsi, təmkini,
soyuqqanlılığıdır. İngilis səliqə-səhmana da çox diqqətlidir, qaydalara riayət
etməkdə isə nümunə rolunu oynaya bilər. Burada yalnız futbol fanatları istisna
təşkil edir.
İngiltərə adama nikbin hisslər təlqin edir. Fransız həmmüəllifləri öz oxunaqlı
detektiv romanlarını «Londonu görmək və ölmək» adlandırmışdılar və şəhərin
dumanını cinayətləri ört-basdır edən mühit kimi təsvir etmişdilər. Yay olduğuna
görə biz London dumanı ilə təmasda ola bilmədik. Lakin bu şəhər heç də pessimist
fikirlər oyatmır. Yağışın tez-tez mane olmaq istədiyi günəş daim bizi müşayiət
edirdi. Sifətlərdə isə çılğınlıqdan, ümidsizlikdən əsər əlamət yoxdur, deyəsən
ingilislər qəm yükünü heç vaxt özləri ilə küçəyə çıxarmırlar. Ona görə də mühitin
yalnız nəcib təsirinə məruz qalırsan. Böyük Britaniya haqqında ən vacib təəssürat
bundan ibarətdir. Azad ruh olan yerdə bu ab-hava başqalarını da sirayətləndirir.
Günəş şüası su damlasında əks olunan kimi, ingilislərlə hər təmasda onların
başqalarına xoş münasibəti, səmimiyyəti, hörməti nəzərə çarpır və bu ümumən
milli əxlaq dəyərləri barədə çox şey deyə bilir. İngiltərə ilə render vous məhz belə
düşüncələr oyatdı.
İngiltərə təkcə keçmişi ilə öyünmür, həm də gələcəyinə böyük ümidlə baxır.
Toni Bler 1997-ci ildə Böyük Britaniyanın baş naziri vəzifəsinə başladıqda öz
ölkəsi üçün ambisiyalı kurs müəyyən etmişdi: «XXI əsrin model millətindən nə
89
artıq, nə də aşağı olmaq. Biz heç vaxt ən böyük dövlət ola bilmərik. Biz heç vaxt
yenidən ən qüdrətli ola bilməyəcəyik. Lakin biz daha yaxşı ola bilərik. Həyat üçün,
uşaqların tərbiyəsi, tam dolğun həyat üçün, burada qocalmaq üçün ən yaxşı yer ola
bilərik». On bir il sonra yeni baş nazir Qordon Braun lideri olduğu leyboristlərin
qurultayında çıxış etdikdə bu ideyanı bütünlüklə təkrar etmişdir. Olduqca humanist
arzudur, xalqın və ölkənin potensialı onun çin olacağına ümid verir. Böyüklüyün,
başqalarından fərqlənməyin nə olduğunu bilən bu xalq yeni dövrdə ən yaxşı
olmaqla öz imkanlarını açıb göstərəcəkdir.
İngiltərəni anlamaq uçün onu dərk etmək lazımdır. Dərk etdikdən sonra bu
xalqı, onun yaşadığı ölkəni daha yaxından tanimağa başlayırsan. Vaxtilə
İngiltərənin böyük dövlət xadimlərindən biri olan lord Palmerston sonralar dillərə
düşmüş bir ifadənin müəllifidir : “İngiltərənin daimi dostu və daimi düşməni
yoxdur, onn yalnız daimi mənafeləri vardır”. Bu aforizm aksioma xarakteri daşıyır.
Bu ölkəyə az-çox bələd olan adam kimi cəsarət edib onu da qeyd edərdim ki
İngiltərənin daim qorunub saxlanan və eroziyaya uğramayan ləyaqəti vardır.
Zaman, qaydalar dəyişsə də İngiltərə öz potensialına əsaslanan ləyaqətini qoruyub
saxlayır. Onun siyası “məni” dəyişikliyə məruz qalmır. Ləyaqət isə həqiqi uğura
daim düzgün yol açan ən başlıca əxlaqi dəyər və xüsusiyyət hesab olunmalıdır.
Dostları ilə paylaş: |