“525-ci qəzet”.13.02.2008
Qatı millətçiliyin cəbbəxanasındakı «Damokl qılıncı»
Qatı, təcavüzkar millətçilik forması olan şovinizm müxtəlif qaydalarda
təzahür edir. Ermənilərin şovinizmi digər xalqların ifrat millətçiliyindən həm də
başqa tip ifadə tərzlərindən istifadə etməsi ilə fərqlənir. Onlar əndazədən çıxan
iddialarının gerçəkləşməsi üçün mənsub olduqları milləti əzilən, daim iztirablara
məruz qalan kimi qələmə verməklə, təkcə özlərinə qarşı mərhəmət hissi oyatmaq
cəhdləri ilə kifayətlənməyib, eyni zamanda onlara guya qənim kəsilən bir xalqa
qarşı başqalarında, bəlkə də bütün sivilizasiyalı aləmdə nifrət yaratmaq məqsədini
güdürlər. Bunun üçün istənilən məkrli vasitə kara gəlir.
Erməni marginalları bu xalqa məxsus olan istənilən şəraitə uyğunlaşmaq
sahəsindəki qeyri-adi qabiliyyətdən sui-istifadə edərək asanlıqla etimad qazanmağa
müvəffəq olurlar, bəslənilən etibardan eyni uğurla sui-istifadə etməyi də bacarırlar.
Onlar buna mimikriya xüsusiyyətləri kimi yiyələnmişlər. Çox sayda tarixi faktlar
bunu təsdiq edir.
XVII əsrin əvvələlərində, daha dəqiq deyilsə 1604-1605-ci illərdə Persiya
şahı I Abbas zorla minlərlə ermənini Culfadan İsfahana köçürdükdə, bu ağır
köçdən sağ qalanlar şəhərdəki Yeni Culfa məhəlləsində məskunlaşmışdılar. Onlar
38
özlərini itirməyib, geniş kommersiya əlaqələri qurmağa başladılar. Yeni Culfanın
erməni tacirləri Avropa ilə, əsasən İngiltərə, İspaniya və Rusiya ilə, həmçinin
Şərqlə intensivləşən əlaqələrdə vasitəçi rolunu oynamağa başladılar. Həmin əsr
ərzində onlar böyük var-dövlət topladılar, çox sayda möhtəşəm kilsə binaları və iri
imarətlər tikdilər. Onlar xarici ölkələrə Persiya ipəyini ixrac edir, sakini olduqları
ölkəyə isə şüşə, saat, çeşmək, rəsm əsərləri və digər əmtəələrin idxalını həyata
keçirirdilər. Persiyalılar arasında bu müəyyən paxıllıq hissləri yaranmasına səbəb
olduğundan Nadir şah onları ifrat vergilərlə cəzalandırmağı qərara aldı və onun
tədbiri həmin kommersiyanın tədricən tənəzzül etməsi ilə nəticələndi.
XIX əsrin başlanğıcında Rusiya Qafqazın içərilərinə doğru irəliləməyə
başlayanda, 1828-ci ildə əhalisinin əksəriyyətini azərbaycanlıların təşkil etdiyi
İrəvan xanlığını da persiyalıların əlindən aldı və o vaxtdan etibarən erməni əhalisi
içərsində rusların təsiri və nüfuzu gücləndi. Tehran sarayında xidmət edən
ermənilər Rusiya ilə Persiyanın münasibətlərinin yaxşı məcraya yönəlməsinə yol
verməmək üçün hər cür vasitəyə əl atırdılar. Saraydakı hərəmxanada xacəlik edən
erməni əsilli Yaqub Mirzə qaçıb, Rusiya səfirliyində gizləndikdən sonra, şahın
hərəmləri olan erməni qadınları da onun təhriki ilə eyni qaydada rus səfirliyi
binasında özlərinə sığınacaq tapmışdılar. 1829-cu ildə baş verən bu hadisələr
persiyalılar tərəfindən namus məsələsi, ağır təhqir kimi qiymətləndirildi. Kütlə
səfirliyə hücum edib, bu vaxt elçi vəzifəsində işləyən görkəmli rus dramaturqu
A.S.Qriboyedovu qətlə yetirdi. Onun cəsədi at quyruğuna bağladılıb şəhərin
küçələrində sürüdüldü. Səfirin öldürülməsi kimi fövqəladə hadisənin yaratdığı
diplomatik çətinlikləri Persiya şahı taxt-tacın vəliəhdi vasitəsilə Rusiya çarı I
Nikolaya Persiya şahlarının ən böyük sərvəti olan «Şah almazı» daxil olmaqla,
bahalı hədiyyələr verməklə yoluna qoya bilmişdi.
Ümumiyyətlə, ermənilər XIX əsrdə Rusiya və Qərbi Avropa ilə sıx əlaqəyə
girdikdə, belə əməkdaşlıq onların mədəni inkişafına böyük təsir göstərdi. Rusiya
ilə Türkiyənin silahlı toqquşmaları erməni millətçilərinin bu vəziyyətdən sui-
istifadə etməsi üçün münbit şərait yaradırdı. XVIII və XIX əsrlərdə Rusiya ilə
Türkiyə arasında qısa fasilələrlə çoxlu müharibələr getmişdi.
Ermənilərin Türkiyə ərazisində yaşamasına gəldikdə X əsrin sonunda onlar
burada, Kilikiyada məskunlaşmışdılar. Səlcuqların hakimiyyəti dövründə
Gürcüstana, Polşaya və Qalisiyaya mühacirət edən ermənilərdən fərqli olaraq bir
qrup Kiçik Asiyaya üz tutmuşdu. 1453-cü ildə Konstantinopol şəhəri Osmanlı
türkləri tərəfindən tutulduqda Bizans dövlətinin tarixdən silinməsi ilə yanaşı
qaliblər şəhəri öz paytaxtlarına çevirdilər. Səkkiz il sonra Bursadakı erməni
Yepiskopu buraya köçdü və erməni millətinin Osmanlı imperiyasındakı lideri təyin
edildi. Türkiyədə ermənilərə daim yaxşı münasibət bəslənirdi, bu münasibət
müsəlman sakinlərə göstəriləndən bir qədər fərqli olsa da, burada onları islam
dininin qaydalarına uyğun olaraq zimmilər və ya «Kitab adamları» adlandırırdılar.
Sərt təqib edilən bütpərəstlərə nisbətən bu qrupa daxil olan xalqlara xeyli dərəcədə
yaxşı şərait yaradılırdı. Məhz belə münasibət nəticəsində ermənilər öz işlərinin
özləri tərəfindən idarə olunması hüququnu qazanmışdılar. Bu əslində burada
sonralar Avropa dövlətlərinin təbəələrinə şamil edilən «Kapitulyasiya» hüququnun
39
müjdəsi hesab oluna bilərdi. Belə şəraitdə XVI əsrin başlanğıcından erməni
əhalisinin sayı artmağa başladı.
Türkiyədə XIX əsrdə aparılan islahat tədbirlərindən digər əhali qrupları kimi
ermənilər də faydalanmamış qalmadılar. 1863-cü ildə Osmanlı hökuməti xüsusi
Erməni Konstitusiyasını tanıdı. Lakin ölkədə sosial tərəqqinin ləng getməsi
cəmiyyətin bütün hüceyrələrinə öz neqativ təsirini göstərdi. Tənəzzülə uğramaqda
davam edən imperiya ölkədə sabitliyi qorumaq üçün zorakılığa əl atmaqdan da
çəkinmirdi. Bu vaxt ermənilər də müəyyən təhqirlərə məruz qalırdı.
1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra, bu müharibə
cəbhələrində Rusiyanın tərəfində bu ölkədə yaşayan ermənilər də iştirak edirdi,
Rusiya San-Stefano müqaviləsində bir şərt kimi təkid etdi ki, sultan erməni
təbəələri içərisində islahatlar aparsın və kürdlərin zorakılığından onların mühafizə
edilməsi barədə qarantiya versin. Bu tələb 1878-ci ildə keçirilən Berlin
konfransında yenidən təkrar olundu və beləliklə «Erməni məsələsi» beynəlxalq
siyasət faktoruna çevrildi. Bu məsələdə Böyük Britaniya xüsusi maraq güdürdü.
Konfransda iştirak edən baş nazir Bencamin Dizraeli təkcə Kipr adasını türklərin
əlindən alıb Böyük Britaniyanın müstəmləkəsinə çevirməklə kifayətlənmədi, həm
də San-Stefano müqaviləsi vasitəsilə Türkiyənin mənafelərinin ziddinə Rusiyanın
ələ keçirməyə müvəffəq olduqlarının demək olar ki, hamısının ləğvinə nail oldu.
Qəribə hal orasında idi ki, bütün məsələlərdə Rusiyanın mənafelərinə zərbə
vurmağa çalışan Dizraeli erməni məsələsində məhz Rusiyanın təklifini müdafiə
etmiş, Türkiyə mənafelərinə məhəl qoymamışdı.
Qərbi Avropa dövlətlərinin Rusiyaya qarşı Osmanlı imperiyasının dəfələrlə
müdafiəsinə qalxmasına baxmayaraq, «Avropanın xəstə adamı» adlandırmaqla onu
iflasa uğratmaq cəhdlərindən də əl çəkməməsi erməni millətçilərinin fəallaşmasına
şərait yaradırdı. 1887-ci ildə əslində millətçilik ideologiyasından o qədər də uzağa
getməyən «Honçak» («Əl zəngi») partiyası, 1890-cı ildə isə daha çox Daşnaklar
adı ilə tanınan millətçi «Daşnaksütyun» («Konfederasiya») partiyası yaradıldı və
ermənilərin daha geniş islahatlar aparılması barədəki artan tələbləri qarşısında bu
dəfə Türkiyə və Rusiya hökumətlərinin hər ikisi onlara qarşı repressiv tədbirlərə əl
atdılar. 1895-ci ildə sultan II Əbdülhəmid islahatlar aparmaq barədə Britaniyaya,
Fransaya və Rusiyaya vəd verməyə məcbur edildikdən sonra əyalətlərdə ardıcıl
olaraq iri qırğınlar baş verdi. 1896-cı ildə Osmanlı Bankının 26 gənc daşnak
tərəfindən tutulmasının ardınca paytaxtda da qırğınlar baş verdi. 1897-ci ildə
Rusiyada isə çar II Nikolay yüzlərlə erməni məktəbini, kitabxanasını və qəzet
redaksiyalarını bağlatdı, 1903-cü ildə o, erməni kilsəsinin mülkiyyətini müsadirə
etdi.
Ermənilərin, tarixdə ən böyük bədbəxtlik hesab etdikləri hadisə isə Birinci
Dünya müharibəsi başlandıqdan sonra cərəyan etdi. Müharibə gedən vaxt, 1915-ci
ildə, bundan yeddi il əvvəl sultanı devirmiş gənc türk hökuməti loyallıq barədəki
vədinin əksinə, Dardanel kampaniyası başlananda öz düşmənləri arasında dostlara
malik olan Türkiyə ermənilərini təhlükəli xarici element hesab etdi. Şərq
cəbhəsində vuruşan Rusiya ordusu sıralarında olan qohumları ilə də Türkiyə
ermənilərinin əlaqələri var idi. Britanika Ensiklopediyasında (1976-cı il nəşri)
40
göstərildiyi kimi bu vaxt hökumət qərara aldı ki, ümumi sayı 1.750 min nəfərə
yaxın olan bütün erməni əhalisini Suriya və Mesopotamiyaya deportasiya etsin.
Kembric Ensiklopediyasında (1997-ci il nəşri) isə Birinci Dünya müharibəsi
illərində ümumi erməni əhalisinin üçdə ikisinin türklərin deportasiya etməsi qeyd
olunur, bu isə deportasiya edilənlərin sayının 1,2 milyona yaxın olduğunu göstərir.
Bu deportasiya cəzası üçün səbəb də tapılmışdı. Erməni millətçiləri öz
qəyyumları olan Rusiyanın və Böyük Britaniyanın xeyrinə fəaliyyət göstərirdi. Bu
təhlükə istənilən əlverişli şəraitdə daha geniş və real cizgilər almaya bilməzdi.
Müharibə aparan dövlətlərdə ədalətsizlikdən xəbər verən deportasiyaya əl atılması
adi hal hesab olunur. Türkiyə, Almaniya və Avstriya – Macarıstanla birlikdə
Antantaya – İngiltərə, Fransa və Rusiyanın ittifaqına qarşı vuruşurdu. Ermənilərin
vuruşan ölkə daxilində, müasir dillə desək, «beşinci kolonna» təşkil etməsi
ehtimalının gerçəkləşməsinə imkan verilməsi Türkiyənin vuruşan qüvvələrinə
arxadan zərbə vurmaq xarakteri daşımaqla, onun məğlub olması ehtimalını xeyli
artıra bilərdi.
Milli mənsubiyyətinə görə adamların deportasiya edilməsi İkinci Dünya
müharibəsi ərzində də baş vermişdi. Sovet İttifaqında mövcud olan Alman Muxtar
vilayəti ləğv edilərək, onun əhalisi Volqaboyundan Qazaxıstana köçürülmüşdü.
Azərbaycanda yaşayan dinc almanlar da Xəzərin o tayındakı uzaq ərazilərə sürgün
edilmişdi. Şimali Qafqazda yaşayan çeçenlər, inquşlar, balkarlar, qaraçaylar,
Gürcüstanda yaşayan Mexseti türkləri, həmçinin kalmıklar işğalçı almanlara qarşı
guya rəğbət bəslədiklərinə görə bütünlüklə Mərkəzi Asiyaya, Sibirə, Şimala sürgün
edilmişdilər. Hətta ən demokratik ölkə sayılan Amerika Birləşmiş Ştatlarında
yaşayan mülki yaponlar elə bir əsas olmadan, Yaponiya Pyorl-Harboru
bombardman etdikdən sonra ona qarşı elan edilən müharibə gedişində öz yaşayış
yerlərindən köçürülməklə məcburi qaydada nəzarətdə saxlanmışdılar, interner
edilmişdilər. Türkiyə də erməniləri öz imperiyasının, bilavasitə məğlubiyyətlə
üzləşdiyi müharibə teatrından uzaqda yerləşən hissələrinə köçürmüşdü.
Əlbəttə, belə sürgün, məcburi köçürülmə əməliyyatı həyata keçirilərkən
dəhşətli haqsızlıqların, birbaşa cinayət xarakterli hadisələrin baş verməsini inkar
etmək olmaz. Bu vaxt günahsız insanlar məhkəmənin hökmü olmadan hər cür
mənəvi və fiziki zərbələrə məruz qalır, yolda əzab çəkən və yeni ağır şəraitə dözə
bilməyən adamların xeyli hissəsi öz həyatları ilə vidalaşmalı olur. Beynəlxalq
konvensiyaların tələbinin ziddinə olaraq mülki dinc əhaliyə qarşı milli
mənsubiyyətinə görə internerin tətbiqi insan haqlarının kütləvi qaydada pozulması
nümunəsi hesab edilməlidir.
Ermənilərin deportasiyası da amansızlıqla müşayiət olunan bir qaydada
həyata keçirilirdi. İri məsafələri qət edən uşaqların, qadınların, qocaların bu ağır
sınağa dözə bilməməsi çox sayda ölümlə nəticələnməyə bilməzdi. Yaşayışa
yaramayan, pis hazırlanmış səhra regionlarında adamların sağ qalma şansı da
olduqca az idi. Ona görə də bu deportasiyanı çoxları ölüm hökmü, məsələnin «son
həlli» kimi qiymətləndirirdilər. Bu vaxt 600 minə yaxın erməninin ölümü baş
verdi, onların sürgün marşrutunda qırğına məruz qalması və səfər vaxtı aclıqdan
ölməsi faktları var idi. Yol boyu sürgün edilənlərə kürdlərin və dini fanatiklərin
41
həmlələri də baş verirdi. Sağ qalanlardan və ya qaçıb canını qurtaranrlardan çoxu
Suriyada məskunlaşdı və ya Fransaya, Birləşmiş Ştatlara, sonralar isə SSRİ-yə
mühacirət etdi.
Erməni xalqının bu faciəni yaşadığını inkar etmək ədalətsiz münasibət
olmaqla, ümumiyyətlə mümkün də deyildir. Lakin erməni millətçilərinin həlak
olanların sayını 1,5 milyon kimi qələmə verməsi də həqiqətə uyğun olmamaqla,
qərəzsiz elmi mənbələr tərəfindən həqiqi miqyas göstərilməklə təkzib edilir. Faşist
Almaniyasının yəhudilərə qarşı həyata keçirdiyi Holokost dəlillərlə təsdiq olunur,
ölüm düşərgələri şəbəkəsi və yüz minlərin həyatına son qoyan qaz kameraları bu
dəhşətli cinayətin maddi sübutlarıdır. Ermənilərin 1915-ci ildəki deportasiyasını
Holokostla müqayisə etmək dəhşətin miqyasını şişirtmək məqsədini güddüyündən,
çox sayda şübhələrin meydana gəlməsinə səbəb olur. Əslində həqiqətdən hansısa
məqsədlər naminə yayınma, yüz minlərlə həlak olanların xatirəsinə heç də onların
layiq olduqları hörmətin bəslənilməsindən xəbər vermir. Bu hadisə barədə verilən
məlumatlarda iki əks tərəfin bir-birinə zidd olan məlumatları səslənir. Ona görə də
bu hadisə öz mahiyyətindən daha çox siyasi möhtəkirlik mövzusuna çevrilmişdir.
Ən düzgün yol, 1915-ci ildə baş verən hadisənin hər iki tərəfin tarixçilərindən
təşkil edilmiş mötəbər komissiya vasitəsilə öyrənilib, onların bu barədə sənədlərə,
həqiqətə əsaslanan rəyi olardı. Təəssüf ki, Ermənistan rəhbərliyi Türkiyə
hökumətinin bu barədə dəfələrlə səsləndirdiyii təkliflərinə, onları qulaq ardına
vurmaqla cavab verir. Faciədən hansısa siyasi məqsədlər üçün istifadə edilməsi,
yenidən kin və düşmənçilik toxumunun səpilməsinə xidmət etməklə yanaşı,
ömrünü vaxtsız başa vuran günahsız insanların acı talelərindən sui-istifadə etmək
cəhdlərindən başqa bir şey deyildir.
Qatı erməni millətçiləri stereotiplərə böyük aludəçilik göstərir, çox vaxt
özləri də onların girovuna çevrilirlər. Rəqəmlərin şişirdilməsi, əzabkeş xalq
obrazının formalaşdırıması da belə köhnə klişelərdən biridir. «Genosid» məfhumu
erməni şovinistlərinin ən kəsərli silahına çevrilmişdir və bu, xalqlar arasındakı
münasibətləri normallaşdırmaq cəhdləri üçün gilyotina rolunu oynayır. Anbaan
onlar bu silahı itiləyib sazlamaqla məşğul olurlar. Düşmən saydıqları millətin başı
üzərində belə qeyri-adi Damokl qılıncını asmaqla, dünyanı da buna inandırmağa
çalışmaqla, onlar öz qonşuları olan xalqlarla kin, nifrət mühitində yaşamağa,
atmosferi qatı millətçilik dumanı ilə zəhərləməyə üstünlük verirlər.
Daşnak ideologiyasının daşıyıcıları və onlara ruporluq edənlər (ingilislər
belələrini daha uğurlu ifadə kimi «mouthpiece» - «qəlyan muştuğu» adlandırırlar),
beynəlxalq aləmdəki fəaliyyətləri az-çox bəhrə verdikcə, daha cəsarətli addımlara
keçirlər. İyirmi ölkədə ermənilərə qarşı türklərin genosid həyata keçirməsi
versiyası tanınmaqla, məhkum edilmişdir. Onların sırasına Fransa, Rusiya kimi
dövlətlər də daxildir. Həmin ölkələrin parlamentləri genosidin baş verməsi barədə
qərarlar qəbul etmişlər. Amerika Birləşmiş Ştatlarının Konqresi ilbəil ermənilərin
genosidə uğradılması məsələsini gündəliyə çıxarmaqla NATO-nun tərkibində öz
müttəfiqi olan Türkiyəyə qarşı həyata keçirdiyi təzyiqin şiddətini azaltmamağa
çalışır. Bu məsələdən öz uzağa gedən məqsədləri üçün istifadə edən dövlətlər
əslində az qala bir əsr bundan əvvəl baş vermiş faciənin mahiyyətinə hərtərəfli
42
varmadan tarixi hadisə barədə arbitr rolunu oynamaq eşqinə düşürlər. Bununla
onlar erməni millətçilərinin dəyirmanına su töksələr də, əslində heç də bu xalqın
ümdə mənafeyindən çıxış etmirlər, əksinə onun bu məsələ ilə əlaqədar beynəlxalq
aləmdəki olduqca kövrək mövqeyini qərəzli şəkildə müdafiə etməklə birbaşa
haqsızlığa yol verdiklərini nümayiş etdirirlər.
Belə himayədarlara xatırlatmaq heç də pis olmazdı ki, Ermənistan özünü
qurban qismində qələmə versə də, XX əsrin sonunda bu «yazıq göyərçin» quzğuna
çevrilib, təcavüzkarlığa qurşanaraq, qonşusu olan suveren Azərbaycan
respublikasının torpaqlarını zəbt etməyə girişdi. Həmin ərazilər on altı ildən artıq
bir
müddətdə
işğal altında saxlanmaqda davam edir. Təcavüzkarın
cəzalandırılmasına çalışmamaq, əslində onu həvəsləndirmək məqsədini güdür, bu
isə nüfuzlu dövlətlərə heç də hörmət gətirmir.
Ermənistanın militarist rəhbərliyi öz xalqına qarşı elmi və obyektiv tarixi
tədqiqat vasitəsinə təsdiqini tapmamış «genosid» şüarını hinduizm rituallarında
istifadə edilən mantraya çevirdikləri halda, elə bu vaxt silahlı qüvvələrini müstəqil
dövlətin ərazilərini zəbt etməyə göndərdikdə çoxlu qanlar axıtdığını, minlərlə
ailələri dəhşətli
faciələrlə üzləşdirdiklərini yaddan çıxarmamalıdır. Onlar Azərbaycanda dinc
əhalinin qırğınını təşkil etməkdən də çəkinməmələri ilə yanaşı qanlı əllərini ən azı
etirafla yuyub təmizləmək qayğısına da qalmırlar. 1992-ci ilin fevralında dinc
Xocalı şəhəri erməni silahlı dəstələri tərəfindən xaincəsinə edilən hücuma məruz
qaldı, gecə vaxtı keçirilən bu quldurluq əməliyyatında yüzlərlə qoca, qadın, uşaq
həlak oldu. Deyəsən bu quldurlara da Yaponiyanın baş naziri Sudzukinin 1945-ci
ildə amerikanlar barədə öz əsgərlərinə «sakit nifrətlə öldürün» sözləri kimi eybəcər
bir əmr verilmişdi. Qaçıb həyatını hifz etməyə çalışanlar - uşaqlar və qadınlar əsir
götürüldü. Xocalı qətliamı XX əsrin sonunda baş verən ən ağır faciələrdən biri
olmaqla, erməni quldurlarının insanlıq əleyhinə etdiyi cinayət hesab olunmalıdır.
Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda və bu əyalətlə qonşuluqda
yerləşən, azərbaycanlıların yaşadığı yeddi rayonu işğala məruz qoyduqda onlarla
şəhəri, yüzlərlə kəndi xarabazara çevirmişlər. İndi həmin yaşayış məntəqələrinin
əksəriyyətində canavarlar ulayır, bayquşlar yuva salmışlar. Günahsız, dinc
azərbaycanlıların qanını axıdan qatillər özlərini qəhrəman qiyafəsində görür.
Ermənistan hökuməti də bu quldurlara xüsusi ehtiram nümayiş etdirir.
Qatı erməni millətçilərinin rəmzə, bayrağa çevirdikləri, az qala müqəddəslik
haləsinə bürüdükləri bir sıra qaniçənlər Azərbaycanın yaşayış məntəqələrini viran
qoymaq, dinc əhalinin həyatını biçməkdə şöhrət tapmışlar. Ermənilərin milli
qəhrəmanı hesab edilən Adranik Ozanyan 1918-1919-cu illərdə Naxçıvanda və
Zəngəzurda kütləvi qətllər, zorakılıq və müsəlman əhalisinə münasibətdə etnik
təmizləmə aparılmasının təşkilatçısı kimi məsuliyyət daşıyır. 1918-ci ilin
avqustunda o, Zəngəzurdakı Zabux dərəsində Sultan bəyin başçılıq etdiyi
könüllülər dəstəsi tərəfindən biabırçı məğlubiyyətə uğradılıb mühasirəyə alındıqda,
qaçıb canını qurtarmışdı. Sonrakı aylarda o, daha dəhşətli cinayətlərə başçılıq
etmişdi. Noyabr ayının son günlərində Andranik Zəngəzurda və Qarabağda 150
müsəlman kəndini dağıtmış, oradan qaçqın düşənlər Ağdamda sığınacaq tapmışdı.
43
O vaxtkı məlumatlarda bildirilirdi ki, dekabr ayında ingilislərin və fransızların
tələbi ilə müsəlman qoşunları geri çəkildikdə, Andranik qonşuluqdakı müsəlman
kəndlərinə hücum edib, cinsinə və yaşına məhəl qoymadan adamları vəhşicəsinə
öldürtdürdü. Bu vaxt qətlə yetirilənlərin cəsədləri də təhqir edilirdi. Həmin ayın 9-
da 12 kənd yandırılmışdı. Məhz bu vəhşiliklərə görə həmin regionların
azərbaycanlı əhalisinin sonrakı nəsilləri Andranikin xatirəsini lənətlə yad edirlər.
1915-ci ildə Türkiyə erməniləri deportasiyanın dəhşətlərini öz talelərində
sınamışdılar. Bu bədbəxtliyi yaşayan xalq digərləri üzərində həmin məhvedici
təcrübəni aparmaq kimi eybəcər fəaliyyətin məsuliyyətini üzərinə götürməyi özünə
rəva bilməməli idi. Lakin yeddi on illiklərdən sonra, 1988-ci ilin şaxtalı, qanlı
qışında Andranik ənənələrinin davamı kimi Ermənistanda yaşayan yüzminlərlə
əhali öz doğma yurd-yuvalarından, əcdadlarının məskunlaşdığı torpaqlardan
qovulmuş, bu vaxt qaçqınlar yüksək dağ silsilələrini aşmağa məcbur olduqda
böyük itki vermiş, sağ qalanlar kütləsi isə öz mülkiyyətlərindən büsbütün məhrum
edilməklə, acınacaqlı vəziyyətə düşmüşdü. Milli ədavətin qızışdırılmasına hər
vəchlə can atan erməni ideoloqları Azərbaycanda yaşayan ermənilərin
əksəriyyətinin də firavan həyat keçirdikləri məskənlərindən didərgin düşməsinə
şərait yaratmışdılar. Qatı millətçilərin yandırdığı bədbəxtlik tonqalının alovlarının
dilləri bu adamları da qarsmaqdan yan keçməmişdi.
Sonralar isə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal
etdikcə əlavə yüzminlərlə məcburi köçkünlər kütləsi meydana gəlmişdi və 1993-cü
ildə qaçqınlarla birlikdə onların ümumi sayı bir milyon nəfərə yaxın idi. İlk illərdə
onlar ağır həyat şəraiti ilə üzləşmiş, il boyu yaşamaq üçün yararsız olan çadırlarda
və dəmir yol vaqonlarında yaşamağa məcbur olmuş, tələbə yataqxanalarında
kommunal mənzillərdə olan kimi hər cür xəstəliyin yaranmasına şərait yaradan bir
sıxlıqda yerləşdirilmişdirlər. «Əzabkeş» bir xalqın ona heç bir pisliyi keçməmiş
azərbaycanlılara bəxş etdiyi iztirab, bədbəxtlik «ərməğanı» belə dəhşətlərdən ibarət
idi.
Bütün bu əməllərinə görə indi də Ermənistanı Qafqazın «xəstə adamı»
adlandırmaq olardı. Axı, doğrudan da özünü qəddarlığın qurbanı hesab edən, öz
qonşusu olan dinc xalqa qarşı amansızlıq nümayiş etdirən, nifrət letargiyasından
ayıla bilməyən qatı millətçilərin meydan suladığı bir ölkəyə düzgün diaqnoz
qoymaq məgər məqbul hesab edilməməlidirmi? Qoy bu adamlar tarixə saxtakarlıq
prizmasından baxmayıb, obyektivlik baxış bucağından yanaşsınlar, özlərinə qarşı
olan haqsızlıqlara görə yanırlarsa, onu da etiraf etsinlər ki, əslində bu haqsızlığın
meydana gəlməsində onlar özləri də fitnəkarlıqları ilə az rol oynamamışlar.
Görəsən öz qaniçənliyindən əziyyət çəkən digərlərinin hansı Şekspir faciələrini
yaşadıqlarını onlar dərk etmirlərmi? Axı özünə ədalət umanlar, başqalarının da
bundan məhrum edilməsinə razı olmamalıdırlar.
Tarix düzgün, obyektiv araşdırıldıqda həqiqət bütün çalarları ilə üzə çıxır,
qatı millətçilikdən kor olmayanlar bu faktoru nəzərə almaq əziyyətinə azacıq
qatlaşsalar, ağılsız iddialardan düzəltdikləri «Damokl qılıncı» ilə başqa xalqları
hədələməkdən vaz keçməli olardılar.
Lakin şovinizm «uğurları» ilə sevindikcə, öz fəaliyyət və ideologiya
44
spektrlərini genişləndirməyə can atır. Qatı erməni millətçiləri şovinizm hisslərini
təsirli virus kimi daha sirayətləndirici etmək üçün tarixi saxtalaşdırmaqla yanaşı
rəvayətlər uydurmağa, əlavə sitayiş bütləri tapmağa da xüsusi həvəs göstərirlər. Bu
sahədə onların ilhamı, təxəyyülü hədd tanımır, istənilən yalan köməyə gəldiyindən
onlar vasitələrin biabırçı olmasında da bir qəbahət görmürlər. Başqa xalqlara
həqarətlə baxmaq xüsusi igidlik nümunəsi hesab olunur. Yazıçı Xaçatur
Abovyanın «Ermənistan yaraları» romanında Yerevanda XIX əsrin birinci
yarısında erməni kübar ailələrində Azərbaycan dilinin doğma dili sıxışdırıb
çıxarması barədə haray qaldırmaqla yanaşı, burada yaşayan müsəlmanların imam
Hüseynin qətlinə həsr olunmuş dini matəm günlərində, aşura vaxtı ağı demələrini,
şaxsey-vaxseylərini istehza obyekti kimi təsvir edir. Millətçiliyin məşhur ideoloqu
sayılan, həmin əsrdə yaşayıb, yaratmış Raffi öz əsərlərinin birində Şərqdə geniş
yayılmış zərb-məsəldə «it» sözünü gizlədilməyən nifrət bəslədiyi xalqın adı olan
«kürd» ismi ilə əvəz edərək «Kürdlə dostluq et, ancaq çomağı yerə qoyma» kimi
ifadə etməklə, əslində milli təhqirə keçməkdən də çəkinməmişdir. Şairə Silva
Kaputikyan miladdan əvvəl IX əsrdə yaşamış məşhur Assuriya çariçası, Nineviya
və Babil də daxil olmaqla ölkəsində çoxlu şəhərlər salmış Semiramidanın (Sammu-
ramatın) guya erməni oğlana vurulduğunu, bu eşqi naminə hər cür fədakarlığa
hazır olduğunu uydurub, bu mövzuda poetik əsər yaratmışdır. Daha çox jurnalist
kimi tanınan Zori Balayan özünün qatı millətçilik zəhərində yoğrulmuş «Ocaq»
kitabında azərbaycanlıları cəhalət nümunəsi kimi təqdim etmək üçün uydurduğu
savadsız molla obrazı ilə siyasi diskussiyalara girib daim qalib çıxdığını fərəhlə
qələmə almışdır. O, üç ölkənin ərazisindən keçərək Azərbaycanda Kürə tökülən
Araz çayını ermənilərin milli çayı kimi qələmə verməyi də özünə rəva bilir.
Tarixin atası Herodot Misiri «Nilin hədiyyəsi» hesab edirdi, bu prinsipdən
yanaşılsa onda azərbaycanlılar Arazı özlərininki hesab etməlidir. Nil daşması ilə
əhalini ərzaqla təmin etmək üçün Misirin torpaqlarını münbitləşdirdiyi kimi, Araz
da əsasən Azərbaycan torpaqlarını suvarma suyu ilə təmin edir. Kitab nabələd
oxucuda belə təsəvvür yarada bilər ki, Azərbaycan xalqı savadsız, cahil molla
kütləsindən başqa bir şey deyildir.
Bir sözlə millətçilərin gözündə İisusun dediyi kimi bütün insanlar deyil,
yalnız ermənilər Yer üzünün duzudur, onlarla müqayisədə başqa qonşu xalqlar çox
aşağıda dayanırlar.
Onlar xristian dinini dünyada ilk rəsmi din kimi, qəbul edən xalq
olduqlarını, bu sahədə Roma imperatoru Konstantini qabaqladıqlarını iddia etsələr
də, bu dini öz inhisarlarına keçirə bilməmişlər. Əks təqdirdə, iudaizm Allah
tərəfindən israilliləri bütün bəşəriyyətə işıq olmaq üçün seçdiyi iddiasını onlar da
mütləq özlərinə aid edərdilər. Yaxşı ki, yəhudilərdən fərqli olaraq onların özünün
nə Bibliyası, nə də bunu əsaslandırmağa imkan verən dini ehkamları vardır.
Yəhudilərin işıq kimi seçilməsi ideyası bəzən yarızarafat, yarıciddi şəkildə də
işlənir. Böyük Britaniyanın xarici işlər naziri Ernest Bevin 1947-ci ildə Fələstində
öz dövlətlərini yaratmağa hazırlaşan nüfuzlu yəhudi xadimlərini qəbul edərkən,
müharibədən sonrakı dövrün enerji qıtlığına görə qəflətən otaqda işıq söndü. Bu
vaxt xidmətçilər yanan şamları olan şamdanları içəri gətirdikdə ev sahibi olan
45
Bevin dedi:
- Şama ehtiyac yoxdur, axı burada israillilər oturub.
İngilis dilində «izrailajts» kəlməsi hərfi mənadadı, iki – «israil» və «işıq»
sözünün birliyindən ibarətdir. Diplomat da ifadədəki «işıq» sözünü vurğulamışdı.
Əgər erməni millətçilərinin əlinə dindən gələn bir fürsət düşsəydi, onlar sadəcə
«işıq» olmaları ilə də razılaşmazdılar, özlərini yer üzərində doğan, hər şeyə həyat
verən Günəş adlandırmaqdan da çəkinməzdilər.
Qatı erməni millətçilərinin nifrət bəslədiyi xalqlardan biri olan
azərbaycanlılara isə, heç bir mübaliğəyə yol vermədən demək olar ki, şovinizm
hissləri yaddır. Azərbaycanda çox sayda milli azlıqlar titul millətlə birlikdə bütün
vətəndaş hüquqlarından tam şəkildə və maneəsiz istifadə edirlər. Ermənistanda isə
az sayda kürdlər və ruslar istisna olmaqla başqa millətlərin nümayəndələri yaşamır,
bura artıq monoetnik bir ölkəyə çevrilmişdir. XX əsrin əvvəllərində təkcə paytaxt
Yerevanda azərbaycanlılar sakinlərin yarıdan çoxunu təşkil etdiyi halda bütöv
Ermənistanda əsrin sonunda, demək olar ki, artıq azərbaycanlılar yaşamırdı.
Qəribədir, ermənilər bütün dünyaya səpələnmişlər, lakin öz dövlətlərində
başqa xalqın nümayəndələrinin yaşamasını məqbul hesab etmirlər. Türkiyə
ermənilərinin deportasiyasından başqa, heç kəs bu millətin nümayəndələrinə
zorakılıq tətbiq etməsə də Ermənistan özünün vətəndaşları olan azərbaycanlıları öz
doğma yurd-yuvalarından didərgin salmaqla, kütləvi qaydada etnik təmizləmə
siyasətini həyata keçirmiş, bu vaxt ən biabırçı zorakılıqlardan da çəkinilməmişdir.
Qədim yunan mifində Kadmın torpağa əkdiyi dişlərdən silahlı döyüşçülər
çıxdığı kimi, erməni millətçilərinin səpdiyi düşmənçilik toxumundan da müharibə
odu alovlanmağa başladıqda, onun ziyanını ermənilər heç də azərbaycanlılardan az
görmədilər. Hər bir müharibədə olduğu kimi əsas qurbanlar günahsız insanlar oldu.
Məhz buna görə də Azərbaycandakı yaşayış yerlərini tərk edən ermənilərin
böyük
əksəriyyəti indiyədək özlərinin birgə yaşadığı, dostluq etdiyi
azərbaycanlılara görə nostalji hisslərini gizlətmirlər, bu nifaqa, münaqişəyə rəvac
verənlərə nifrin yağdırırlar. Aldadılan ermənilərin çoxu Vətən hesab etdikləri
Ermənistanda özlərinə yaşamaq üçün yer tapa bilmədiklərindən, Rusiyaya və digər
ölkələrə yayılmağa məcbur oldular.
Azərbaycanlılara yersiz tərif deməyə də ehtiyac yoxdur. Heç kəs
azərbaycanlıları yer üzərində yaşayan mələklər hesab etmir. Onların içərisində də
nakəslərə, birgə yaşayış qaydalarına əməl etməyənlərə rast gəlmək olar. Lakin
onların hətta eybəcər sayılan hərəkətlərində milllətçilikdən irəli gələn hisslər
yoxdur, törətdikləri nalayiqliklər millətçilik çalarlarından məhrumdur və belə
eybəcərlikdən başqalarına deyil, daha çox məhz azərbaycanlıların özlərinə ziyan
dəyir.
Sadə, zəhmətkeş erməni də millətçilərin müdhiş təbliğatına uymayana qədər
başqa millətlərə loyallığını saxlayırdı, qardaş münasibətinə başqa cür cavab
verməyi yolverilməz hesab edirdi. Ona görə də iki xalq onilliklər ərzində
qonşuluqda və birgə məkanlarda münaqişəsiz yaşamış, vahid ailənin üzvü kimi
dolanmışdılar. Azərbaycanda erməni əsillilər mühüm dövlət vəzifələrinə heç bir
məhdudiyyət qoyulmadan irəli çəkilirdi,
46
hökumətin tərkibində və parlamentdə samballı qaydada təmsil olunurdular.
Yalnız millətçi erməni ziyalıları fəaliyyətlərini genişləndirib, xalqın xeyli
hissəsinin şüurunu zəhərləməyə müvəffəq olduqda, onlar əvvəlki mövqelərindən
tədricən uzaqlaşmağa, dünənki dostundan, qonşusundan yadlaşmağa başladılar.
Erməni millətçilərinin başladığı qanlı və uzun müddət davam edən müharibə,
həmin vaxtadək mehriban şəraitdə yaşayan iki xalqı öz iradələrindən asılı
olmayaraq üz-üzə qoydu.
Buradan belə bir yanlış nəticə hasil ola bilər ki, artıq ermənilərlə
azərbaycanlılar barışmaz düşmənə çevrilmişlər. İki dövlətin rəhbərliyi arasında
gedən danışıqlar indiyədək elə bir nəticə verməsə də, yenə də ümid verir ki, davam
edən bu münaqişəyə birdəfəlik son qoyulacaqdır. Müharibənin iyrənc nəticələri
aradan qaldırılsa, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa, bu iki xalq yenidən
bir-birini anlamağı, bağışlamağı və qonşuluqda mehriban yaşamağı bacarar.
Müstəqil Azərbaycan Respublikası BMT-yə qəbul olunarkən onun ərazi bütövlüyü
öz təsdiqini bir daha tapmışdır. Həmin sərhədlər daxilində bu ərazi suverenliyi
hökmən bərpa olunmalıdır ki, haqq, ədalət qalib gəlsin, Azərbaycana dəyən böyük
maddi və mənəvi ziyanın bir hissəsi, heç olmazsa, bu yolla kompensasiya edilsin.
Azərbaycanlılar sülhsevər, dinc xalqdır, bu qiymətdə elə bir hiperbola
əlaməti də yoxdur. Bu xalq hansısa hərb səhnəsindəki qələbəsi ilə öyünməkdən
uzaqdır, çinlilər kimi hərbə, militarizmə ümumiyyətlə mənfi münasibət bəsləyir.
Lakin azərbaycanlılar torpağa çox bağlı olduqlarından, onu müqəddəs hesab
etdiklərindən, onun itirilmiş hər qarışı üçün ölüm-dirim savaşına girməyə də
hazırdırlar. Onlar ərazi bütövlüyünün bərpasına can atırlar, lakin buna nail olmağın
dinc vasitələrinə üstünlük verirlər və danışıqların nəhayət bir nəticə verəcəyinə
ümidlərini kəsmirlər. Bununla yanaşı Azərbaycan heç kəsə ərazi iddiaları irəli
sürmür, hətta XX əsrin əvvəllərində əldən verdiyi torpaqların qaytarılmasını da
tələb etmir.
Böyük Danimarka nağılçı-yazıçısı Hans Kristian Andersen dinc həyat
tərzinə, sülhsevərliyinə görə öz xalqını hacıleyləklərə bənzədirdi. Bu bənzətməni
azərbaycanlılara da aid etmək olar. Lakin axırıncılar torpağa bağlı olduqlarından
köçəri quşlara bənzəmirlər, baxmayaraq ki, əcdadlarının xeyli hissəsi nomad,
köçəri olmuşdur. Hər il öz yuvasına qayıdan hacıleyləklər kimi onlar da yurd-
yuvasından, doğma ocağından kənara getmək istəmir, onu tərk etməyi az qala faciə
kimi qiymətləndirirlər. Bu xalqı fərqləndirən cəhətlərdən biri şovinizm xəstəliyinə
qarşı immunitetə malik olmasıdır, başqa etnosun nümayəndələrinə hörmətlə, bəlkə
də məhəbbətlə yanaşımasıdır və buna adekvat cavab gözləməkdə də heç də səhv
mövqe nümayiş etdirmir. Dahi Nizami özünün məşhur poemasında qəhrəmanının
yaşadığı dövrün, yeddi böyük xalqının gözəllərini vəsf etmişdir. Bəstəkar Qara
Qarayev, «Əzablı yollarla» baletini öz azadlığı uğurunda mübarizə aparan Cənubi
Afrika Respublikasının zəncilərinə həsr etmişdi. Fikrət Əmirov isə ərəblərin
folklor incisinə balet musiqisi yazmışdı.
Əlbəttə, müharibə azərbaycanlıların da milli hisslərinə öz təsirini
göstərməmiş qalmamışdır, onları xeyli cilalamışdır. Lakin illuziyalardan uzaq olan,
praqmatik bir xalq kimi o dərk edir ki, düşmənçilik əbədi xarakter daşıya bilməz,
47
əsrlər boyu davam edə bilməz. Vaxtilə Avropada Yüzillik, Otuzillik müharibə
aparan, XX əsrdə iki dünya müharibəsində, bir-birilə döyüş cəbhəsində vuruşan
xalqlar indi 27 dövləti birləşdirən və Avropa İttifaqı adlanan sülh evində
yaşayırlar. Viktor Hüqo kimi dahilər hələ bir əsr yarım bundan əvvəl belə birliyin
mövcudlğunu aruzlayırdı və bu arzu artıq həqiqətə çevrilmişdir. Avropa İttifaqı bir
çox cəhətlərinə, atributlarına görə vahid dövləti xatırladır. Belə bir vaxtda niyə
Qafqaz XXI əsrin əvvəlində də tüstülənən müharibə ocağı kimi qalsın? Avropada
ən narahat region sayılan Balkanlarda da milli münaqişələr, hərbi toqquşmalar
böyük dövlətlərin müdaxiləsi hesabına kəsildiyi bir vaxtda niyə ərazicə nisbətən
kiçik olan Cənubi Qafqazda möhkəm sülhü bərpa etmək mümkün olmasın? Kim
qonşu ölkəsini Troyaya, Karfagenə çevirmək istəyirsə, birinci növbədə özünə qəbir
olmasa da, ən azı quyu qazır. Belə bəd fikirdən və əməldən nə qədər gec deyilsə
çəkilinsə, həmin xalq hamıdan çox özünə xeyir vermiş olardı.
Dünyanın Türkiyəni məhkum etməsinə fasiləsiz olaraq cəhd göstərən erməni
millətçilərinin canfəşanlığına gəldikdə, bunun özü də qeyri-real görünən və bir
qədər avantüra xarakteri daşıyan məqsəddir. Avantüradan, düşmənçiliyi bərpa
etməkdən birinci növbədə bu üsula əl atanlar zərər çəkirlər.
Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti Osmanlı
imperiyasının xarabalıqları üzərində qurulmaqla, onun pis əməllərindən, yararsız
irslərindən uzaqlaşdı, dünya dövlətləri ailəsinə tam fərqli mahiyyətdə qəbul
olundu. Ermənistan «genosid» iddiası ilə müasir Türkiyəni gözdən salmağa can atır
və demokratik dövlətə çevrilən bu ölkəni Osmanlı imperiyası ilə bir müstəviyə
qoymaq məqsədini güdür. Bu millətçilərin fitnəkarlığı olub, bunu onlar öz məkrli
məqsədlərinə çatmağın yollarından biri hesab edirlər. Erməni xalqına da yəqin
başqaları kimi dinc şəraitdə yaşayıb, yaratmaq, lazımdır. Məkrlə, hərbi yolla nəyə
nail olunursa, gec-tez qəsb edilən hər şey itirilir. Napaleon Avropada qanlı
müharibələr yolu ilə öz imperiyasını yaratmaq istəyirdi, öz ömrünü uzaq adada
tənhalıqda başa vurmalı oldu. XX əsrin ikinci yarısında isə onun bu arzusu öz
mahiyyətini və həyata keçmə vasitələrini dəyişərək, bir damcı da qan axıdılmadan
öz gerçəkləşməsini tapdı. Çox istərdik ki, Qafqaz da Avropanın bu taleyini yaşamış
olsun, əslində bəlkə də buna məhkumdur. Bu nəcib arzunun həyata keçirilməsini
gecikdirməyə çalışanlar bu ərazidə yaşayan xalqlara xəyanətə bərabər bir xidmət
göstərmiş olurlar.
Erməni millətçilərini bütöv erməni xalqı ilə eyniləşdirmək düzgün deyildir.
Heç şübhə yoxdur ki, sadə, zəhmətkeş erməni digər bəşər övladları kimi
müharibəyə qətiyyən can atmır, dinc şəraitdə öz əməyi ilə firəvan yaşamaq istəyir.
Axı ağlı başında olan hər bir adam anlayır ki, XXI əsrdə hətta fövqəl dövlət belə
dünyada ağalıq etmək kimi sərsəm fikirdən uzaqlaşırsa, çoxqütblü dünyanın
mövcudluğunu qəbul etmək məcburiyyətində qalırsa, iqtisadi cəhətdən zəif,
müqayisəli şəkildə götürdükdə cılız potensiala malik olan Ermənistan avanturist
məqsədlərinin heç birinə çata bilməz, öz xülyaları ilə yaşamağa üstünlük versə də,
onların reallaşmasına təxəyüllündə də nail ola bilməz. Bircə onu əlavə etmək lazım
gəlir ki, bu məqamda yalnız sağlam təxəyyüldən, düşüncədən söhbət gedir.
Rablenin məşhur əsərinin qəhrəmanı Panurq acgöz taciri cəzalandırmaq
48
üçün ən iri qoçu baha qiymətə alıb, onu üzdükləri gəminin göyərtəsindən dənizin
sularına atdıqda, bütün sürü özünü qoçun arxasınca tulladı və tacir bir andaca
bütün sərvətini itirdi. Millətçi ideoloqlar öz arxasınca ardıcılarının hamısını suları
zəhərdən ibarət olan kin dənizinə atmaq kimi ağılsız bir iş görürlər. Millətçilik
xəstəliyinə tutulanlar, doktor Consonun vaxtilə ifrat vətənpərvərlik barədə dediyi
«əclaflıq
sığınacağına» qısılmaqda rahatlıq tapırlar. Xalq quzğunların
caynaqlarından xilas olmaq yolunu aramalı, öz gələcəyinin ziddiyətsiz inkişaf
istiqamətini tapmalıdır.
Heç kəs hansı bir millətə mənsub olduğunu gizlətmir, valideynlərdən əxz
edilən genlər, mühüm roy oynayan irsiyyət xüsusiyyəti həm də millətin davam
etməsində və sayca böyüməsində az əhəmiyyət kəsb etmir. Lakin hər bir
sivilizasiyalı adam millətə mənsubluqdan başqa, bəşəriyyətin bir hissəsi, Allaha
bənzər və onun obrazında dünyaya gələn insan olduğunu da unutmamalıdır.
Xeyirlə şərin mübarizəsində adam hansı millətə mənsub olduğundan daha çox
insan olduğunu, bəşər övladı olduğunu əsas götürməlidir, məhz insan kimi xeyirə
xidmət etməlidir. Şərə xidmət isə milli mənafe ibarələri altında gizlədilsə belə,
əslində doğma millətə sədaqət nümunəsi olmayıb, İblisə sitayişdən irəli gəlir.
Qədim Romanın nəcib imperatorlarından biri olmuş, böyük filosof Mark Avreli
yazırdı ki, o, bir Antonin kimi romalıdır, ancaq bir insan kimi dünya vətəndaşıdır,
qədim yunanlar «dünya vətəndaşlığını» xüsusi «kosmopolit» sözü ilə ifadə
edirdilər. Həqiqi milli hisslərə xələl gətirmədən biz dahi filosofdan öyrənməliyik,
hər şeyin ölçüsü hesab edilən insan adını yüksək tutmağı bacarmalıyıq. Millətçilik
hissləri ilə möhtəkirlik edənləri isə «filusoflar» adlandırmaq daha düzgün olardı,
fransız dilində «filou» («filu») sözü fırıldaqçı, dələduz mənasını verir. Allah, qoy
hər bir milləti onu belə şərə sürükləyənlərdən hifz etsin!
İrqçiliyin, millətçiliyin acı tarixi təcrübəsi onun heç vaxt nəticə etibarilə
qalib gələ bilməyəcəyini göstərir. Ən qatı irqçilik, millətçilik ideologiyası olan
Natsizm qısa müddətdə böyük bir xalqın beynini zəhərləyə bildi, onun başladığı
müharibə Avropanı qan dənizinə döndərdi, ancaq yarandığı ölkəni, doğma millətini
də böyük fəlakətlərə düçar etdi. Natsizm insanlığa qarşı cinayət kimi məhkum
edildi. Başqa xalqlara nifrət bəsləməkdən qidalanan qatı millətçiliyin bütün
nümunələri gec-tez öz acı məğlubiyyətləri ilə üzləşəcək, onlar hansısa döyüşü uda
bilərlər, başladıqları müharibə onların iflası ilə nəticələnəcəkdir. Bu ümid təkcə
tarixin ibrət dərslərinə deyil, həm də bu virusdan əziyyət çəkən millətlərin sağlam
düşüncəyə yiyələnib, fəlakətli yoldan uzaqlaşacağına əsaslanır. Ümid gözü daha
yaxşı görür, millətçilik və onun istifadə etdiyi məkr, yalan silahı da onu kor etməyə
qadir deyildir.
Dostları ilə paylaş: |