Pəhləvi hökumətinin dörd mənfur xüsusiyyəti
Bizim inqilabımız pis bir hökumətin təxminən bütün xüsusiyyətlərinə malik olan bir rejim əleyhinə əzəmətli xalq hərəkatı idi. Bu rejim həm fəsadlı, həm asılı idi, həm zorla və çevriliş nəticəsində yaradılmışdı, həm də bacarıqsız idi. Mən bu dörd xüsusiyyəti qısa şəkildə izah etmək istəyirəm.
O hökumət əvvəla fəsad hökuməti idi; maliyyə fəsadı vardı, əxlaq fəsadı vardı, idarə fəsadı vardı. Maliyyə fəsadları barədə bunu demək kifayətdir ki, şahın özü və ailəsi bu ölkənin böyük iqtisadi işlərinin çoxuna şərik idilər. Onun özü, qardaşları və bacıları ən çox şəxsi sərvət toplamış şəxslər idilər. Rza xan özünün 16-17 illik səltənəti dövründə böyük sərvət topladı. Bilməyiniz pis deyil ki, bu ölkənin bəzi şəhərləri sənədlərə əsasən bütünlüklə Rza xana məxsus idi. Misal üçün, Fəriman şəhəri bütünlüklə Rza xanın mülkü idi. Bu ölkənin ən yaxşı torpaqları ona məxsus idi. O belə şeyləri və ləl-cəvahiratı sevirdi. Uşaqlarının tamahı isə daha böyük idi. Onlar hər növ sərvəti sevir və toplayırdılar. Ən yaxşı dəlili budur ki, onlar bu ölkədən getdikdə xarici banklarda milyardlarla dollar həcmində sərvət yığmışdılar. Bəlkə bilirsiniz, biz inqilabdan sonra şahın sərvətlərinin qaytarılmasını istədik və təbii ki, razılıq vermədilər. O zaman bu ailənin ümumi əmlakının təxmini miqdarı on milyardlarla dollar edirdi. Gedib dünyanın müxtəlif yerlərində sakin oldular və hamısı milyarderlərdən sayıldılar. Külli miqdarda olan bu pulları zəhmətlə əldə etməmişdilər, qanuni ticarətlə qazanmamışdılar. Bunlar onların qeyri-qanuni işlərinin gətirdiyi pullar idi. Zirvəsində bu qədər maliyyə fəsadı olan bu quruluş görün xalqla necə rəftar edirdi!
Əxlaqi baxımdan da fəsad içində idi. Qaçaq alveri ilə məşğul olan cinayətkar bandalar bu şəxsin qardaş və bacılarının tabeliyində idi. Əxlaq və cinsi məsələlər baxımından elə işlər vardı ki, insan deməyə və eşitməyə xəcalət çəkir. Bu xatirələrin bəzisini sonralar öz yaxınları və köməkçiləri yazıb nəşr etdirdilər.
İdarə fəsadı baxımından da vəziyyət acınacaqlı idi. İdarəçilikdə səlahiyyətlərə riayət etmirdilər. Özlərinə sadiqliyi və əcnəbilərin təhlükəsizlik və casus şəbəkələrinin əmrlərini meyar seçib lazımi adamları vəzifəyə təyin edirdilər. Görün zirvəsində rişvət alan, sərvət toplayan, qaçaqmalçılıqla məşğul olan və xalqa xəyanət edən adamların durduğu hökumət necə hökumət olar! İnsan bunları dəlil və əsaslarla demək istəsə, kitablar olar.
Onlar asılı idilər; xalqdan çox uzaq düşdüklərinə görə hakimiyyətlərini qorumaq üçün xaricilərə arxalanmağa məcbur olurdular. Rza xanı ingiltərəlilər hakimiyyətə gətirdilər. Bu, dəqiq və aydın məsələdir. Məhəmmədrzanı da ingiltərəlilər möhkəmlətdilər. Doktor Müsəddiqin hökuməti dövründən sonra amerikalılar çevriliş etdilər, İranı ingiltərəlilərin əlindən aldılar və özləri hökmranlıq etdilər. Bunlar bu ölkənin əksər işlərində qeyri-müstəqil idilər. Amerika müstəşarları və on minlərlə amerikalı məmur bu ölkənin ən mühüm hərbi, təhlükəsizlik, iqtisadi və siyasi mərkəzlərində həssas və çox gəlirli postlarda işləyir, əslində bütün işləri görür, onlara istiqamət verirdilər. Bu ölkənin təhlükəsizlik qurumunu amerikalılar və israillilər yaratmışdılar, siyasətdə ingilislərin, son zamanlarda isə amerikalıların fikirlərinə tabe idilər. Regional və qlobal sahədə, hətta iqtisadi sahələrdə, misal üçün, neftin qiymətində, satış formasında, xarici şirkətlərin İrandan neft almasında - bütün bu mühüm və həssas məsələlərdə onların istədiyi işi görürdülər. Əlbəttə, öz maraqlarını da nəzərə alırdılar, xaricilər üçün fədakarlıq göstərmirdilər, öz hakimiyyətlərini qorumaq üçün əcnəbilərə tam meydan verir, arxalanır, onlara bu ölkəyə və bu xalqa təcavüz etmək imkanı yaradırdılar.
Bu rejim zorla və çevriliş nəticəsində yaradılmışdı, çevrilişlə hakimiyyətə gəlmişdilər; həm Rza xan çevrilişlə gəlmişdi, həm də Məhəmmədrza. Çevriliş hökumətinin necə olması da bəlli məsələdir; özlərini zorla xalqa sırımışdılar, xalqın səsindən, fikrindən, istəyindən, mədəniyyətindən, məhəbbətindən və iradəsindən heç bir əlamət yox idi. Onlar xalqın iradəsinə, istəyinə, etiqadlarına, din və mədəniyyətinə əsla hörmət etmirdilər, xalqla heç bir səmimi və dost münasibətləri yox idi. Münasibət düşmən münasibəti, ərbab və rəiyyət münasibəti, ağa və nökər münasibəti idi. Hər halda, şahlıq idi. Sultanlığın və padşahlığın mənası budur: xalqın qarşısında heç bir öhdəlik götürməyən avtoritar hakimiyyət. Pəhləvi ailəsi bizim ölkəmizdə 50 il belə hökm sürdü.
Və nəhayət, bacarıqsız idilər. Keçmişdə istedadlardan istifadə olunmurdu, onlara diqqət yetirilmirdi. Yalnız özlərinin qanunsuz məqsədləri və istəkləri üçün onlardan istifadə edirdilər. Bəziləri buraxıb gedirdilər, çoxları da qalırdılar, lakin istedadlarında heç bir çiçəklənmə baş vermir və bir iş görülmürdü.
Məmləkəti xaraba vəziyyətdə buraxmışdılar. Müharibədən sonra bizim ən böyük işlərimizdən biri müharibənin xarabalıqlarını düzəltmək idi. Görürdük ki, müharibənin bu xalqın başına gətirdiyi fəlakət Pəhləvi sülaləsinin uzun illər hökuməti dövründə yaranandan azdır. Belə bir hökumət illərlə xalqa başçılıq etdi, 1962-ci ildə imamın fəryadı ucalanda isə xalqın qəzəbi partladı. On illər ərzində xalqın qəzəbi toplanmışdı. Bəziləri həmin vəziyyətə alışmış, bir çoxları isə qəzəblə dayanmışdılar. İmamın sözü qəlblərə oturdu. Bilin ki, imam bu nidanı ucaldan zaman hələ məşhur təqlid müctəhidi deyildi. Düzdür, Qumda alimlər, böyük şəxsiyyətlər, hövzənin müəllim və tələbələri arasında onun çox hörməti və tərəfdarı vardı, amma ölkə əhalisi arasında elə də tanınmırdı. Bu nida ucalanda isə düzgün və haqq olduğuna, xalqın istəklərinə və əslində İslama və dinə söykəndiyinə görə təbii olaraq dərhal hər yerə yayıldı, ağız-ağız gəzdi, qəlbləri doyurdu və imamı sevdirdi. Mübarizənin başlandığı 1962-ci ildə çox da tanınmayan böyük imamımız bir ildən sonra xalq tərəfindən elə sevildi ki, Tehranda 15 Xordad hadisəsi baş verdi və minlərlə insan imam üçün canını fəda etdi. Bu həmin fəryadın haqlı olduğuna görə idi.
İmam xalqa İslamın təlimlərini bəyan etdi, hökumətin, insanın mənasını açıqladı, nə baş verdiyini və xalqın nə etməli olduğunu izah etdi. O, insanların deməyə cürət etmədiyi həqiqətləri gizlicə, proklamasiya formasında, qrup və partiyaların bağlı otaqlarda öz tərəfdarlarına bəyan etdiyi tərzdə yox, ümumi xalq üçün açıq şəkildə və anlaşılan dillə bəyan etdi. Buna görə xalq müsbət cavab verdi. Düzdür, imamın başladığı gündən inqilabın qələbə çaldığı günə qədər ağır on beş il sürdü. İmamın şagirdləri, dostları, yetirmələri, adi camaat, cəmiyyətin aydın insanları bu sözün dərinliyini və ruhunu dərk etdilər, onu qəbul etdilər, müxtəlif yerlərdə, müxtəlif məclislərdə və müxtəlif təbəqələr arasında söylədilər. Bu sözlərin çox deyilməsi və arxasında durulması böyük problemlər yaratdı - minlərlə insan şəhid oldu, bundan bir neçə dəfə artıq adam işgəncələrə məruz qaldı, çox çətin dövr keçdi. Bəzi adamlar bu on beş il ərzində bir gecə evlərinə rahat və təhlükəsiz gedə bilmədilər, bir gün arxayınlıqla evlərindən çıxmadılar. Çətinliklər bitdi və imam bütün bu dövrdə şücaətli və hikmətli mürşid kimi rəhbərlik edirdi. Nəhayət son bir-iki ildə bu xalqın etiraz dalğaları yarandı. İnsanlar harada dini və ilahi məqsədlərlə və maddi maraq güdmədən meydana atılsa, heç bir güc onların qarşısında dayana bilməz. İmamın buyurduğu kimi, onlar bütün dəm-dəsgahlarına rəğmən, bizim əliboş xalqımızın önündə dura bilmədilər. Bu inqilab baş verdi və qələbə çaldı.
Mübarək Şəfəq ongünlüyünün ikinci günündə gənclərlə sual-cavab məclisindəki söhbətlərdən: 1999.
İslamın və imamın şəxsi xüsusiyyətlərinin inqilaba təsiri
Qeyd etdiyiniz kimi, Pəhləvi rejiminə qarşı mübarizə qədimdən başlanmışdı - yəni Rza xanın dövründən və 1935-ci ildən. Düzdür, mərhum Müdərris mübarizəyə daha öncə başlamış, amma şəhid edilmişdi. 1935-ci ildə Məşhəddə din alimlərinin böyük hərəkatı başlandı, mərhum Ayətullah Qumi və onun bir qrup alim yoldaşı mübarizə apardılar. Rza xanın dövrünün sonlarında qeyri-dini qruplar toplanıb mübarizəyə başladılar. Sonra qırxıncı illərdə bir tərəfdən partiya və qrup mübarizələri və digər tərəfdən din alimlərinin və xalqın hərəkatı başlandı. Sonrakı illərdə də həmçinin çoxlu mübarizələr baş qaldırdı. Sözsüz ki, bu mübarizələrin hamısının təsiri oldu. Amma qeyd etdiyiniz kimi, bunların heç biri kütlələri səfərbər etmək gücünə malik deyildi, mübarizəni kiçik və xüsusi çevrələrdən bütün xalqın içinə çəkə bilmədilər. İmamın qələbəsinin sirri də bu idi ki, bu böyük hünəri göstərə və böyük möcuzəni edə bildi, mübarizəni xalq səviyyəsinə gətirdi. Bəs bunun səbəbi nə idi? Səbəblərin bəzisi böyük imamımızın şəxsi xüsusiyyətlərinə qayıdır; onları da deyəcəyəm. Lakin əsas səbəb imamın uca məqamlı və etimadlı bir ruhani mövqeyində durub İslamdan danışmasından ibarət idi. İslam xalqın ümumi inancı idi və indi də belədir. Bu, dini hərəkətin və dini məqsədin xüsusiyyətidir.
Dini məqsədlər maddi və partiya məqsədlərindən fərqlənir. Maddi və partiya məqsədlərində daha çox hakimiyyətə gəlmək məsələsi var. Mübarizəyə qoşulan şəxslərin hər biri özləri üçün bir mövqe və yer tərif edirlər: gələcək quruluşda biz nə etməliyik, hansı işdə çalışmalıyıq. Dini hərəkətdə isə bunlar yoxdur, hamı vəzifəsini yerinə yetirməyə çalışır. İmam İslama arxalandı və İslamın ucalığını bəyan etdi. Xalq hərəkətinin dərinliyi buradan başlandı. Çünki bütün xalq öz imanı ilə mübarizəyə qoşulmuşdu. Siz görürdünüz ki, misal üçün, filan kənddə xalq hadisələrə reaksiya verir. İndi siz görün bir siyasi partiya ucqar bir kəndin əhalisini öz tərəfdarı etmək istəsə, nə qədər çalışmalı və onları bir-bir özünə cəlb etməlidir. İmam bu tipli işlər görmürdü, lakin müraciət etdiyində onlar inamla meydana qoşulurdular. Böyük şəhərlərdə də belə idi, paytaxt Tehranda da. Yəni əsas İslam məsələsi idi və imam İslama arxalanırdı. Düzdür, digər xüsusiyyətlər də vardı. İmam prinsipcə xalqdan olan bir şəxs idi və xalqa güvənirdi. Mənim yadımdan çıxmır, bizim böyük imamımızın hələ o qədər də tanınmadığı və məşhurlaşmadığı 1962-ci ildə Qumda tədris əsnasında etdiyi söhbətlərinin birində o dövrün hökumətinə müraciətlə demişdi ki, əgər misal üçün, filan rəftarınızı davam etdirsəniz, mən Qumun bu ucsuz-bucaqsız səhrasını xalqla dolduraram. Hamı təəccüb edirdi ki, imam Qumda bir məscidin küncündə oturduğu halda xalqa necə bu şəkildə arxalanır, inanır və xalq sarıdan arxayındır. Bir neçə aydan sonra, yəni 63-cü ildə imamın Feyziyyə mədrəsəsindəki bəlli çıxışından iki gün sonra Tehranda 15 Xordad hadisəsi baş verdi, xalq qana boyanmış halda tankların, avtomatların və tüfənglərin qarşısında dayandı.
Qeyd etdim ki, imamın şəxsi xüsusiyyətlərinin rolu böyük idi. İmam sözün həqiqi mənasında polad iradəli bir kişi, öz yoluna tam inamı olan bir şəxs idi. Quranda deyilir ki, Peyğəmbər (s) ona nazil olana iman gətirmişdir.1 Onun da öz yoluna imanı vardı, doğruçu və açıq danışan kişi idi, siyasətbaz adam deyildi, çox ağıllı və uzaqgörən idi. Sayıqlıq, uzaqgörənlik və sonrakı addımları görmək qabiliyyəti imamda çox yüksək həddə idi. O, işgüzar və yorulmaz idi. Yada salmanız pis olmaz ki, imam bu mübarizələrə 63 yaşında başladı. Yaxşı xatırlayıram, o, 1962-ci ildə etdiyi çıxışında dedi ki, mənim 63 yaşım var; əgər məni öldürsələr, Peyğəmbərin (s) və Əmirəlmömininin (ə) dünyadan köçdüyü yaşda ölmüş olacağam. 63 yaşlı kişi gəncləri həvəsləndirir, onlara qüvvə və yüksək əhval-ruhiyyə verirdi. O, Tehrana daxil olanda, 1 fevral hadisələrində və sonra inqilab qələbə çalanda təxminən 80 yaşlı bir kişi idi. Təqaüd, yorğunluq və bikarlıq yaşında olan qoca bir kişi belə həvəslə, gənclərə xas yüksək ruhiyyə ilə çalışırdı. Buna əsasən, imamın şəxsi xüsusiyyətləri - İslama, dinə, imana və xalqa güvənməsi çox təsirli idi.
Mübarək Şəfəq ongünlüyünün ikinci günündə gənclərlə sual-cavab məclisindəki söhbətlərdən: 1999.
İmamın inqilabçı kadrlar yetişdirməsi
İmam mübarizəsini başlayanda mən deyə bilmərəm ki, misal üçün, 62 və 63-cü illərdə onun lazımi kadrları vardı. Lakin o, kadr yetişdirməklə məşğul olurdu. Siz bilirsiniz ki, imam Qum Elm Hövzəsində görkəmli bir elmi şəxsiyyət idi. Onun ətrafında ləyaqətli və mömin gənclər vardı. Onun digər təbəqələrlə də əlaqəsi vardı. İmam öz müraciət və sözləri ilə sözün həqiqi mənasında insanları tərbiyə edib yetişdirirdi; həm düşüncə cəhətindən, həm mənəvi və əxlaqi cəhətdən. Dəyərli və layiqli bir kadr mütləq idarəetmə dərsi oxuyan, yaxud politoloji kurslar keçən yox, məqsədləri yaxşı anlayan, yolları yaxşı seçən, yaxşı qərar verən və yaxşı addım atan şəxsdir. Bu ardıcıl tərbiyələrlə baş verir. İmamın vasitəsi ilə bu iş onun ətrafında təbii şəkildə baş verirdi; xüsusi dərs sinfində yox, rəftarlarla, müraciətlərlə və davranışlarla. Lakin bundan əhəmiyyətlisi odur ki, imam xalq səviyyəsində kadrlar hazırladı. İmamın kadr hazırlaması da partiyaların kadr hazırlaması kimi deyildi. Partiyalar filan vəzifəni və işi tapşırmaq üçün xüsusi formada kadrlar yetişdirirlər, imam isə gəncləri yetişdirirdi, onlarda özünəinam yaradırdı. İmam əvvəldən gənclərin üzərində xüsusi təkid göstərirdi və bu öz bəhrəsini verdi.
Mübarək Şəfəq ongünlüyünün ikinci günündə gənclərlə sual-cavab məclisindəki söhbətlərdən: 1999.
Tağut dövründə keçirilən formal parlament seçkiləri
Parlamentin millət vəkillərinin toplaşdığı, xalqın iradəsinin təmsil olunduğu və qanunların sayəsində həqiqətən ölkəni idarə edən bir qurum olduğunu söyləmək bir şeydir, bunlara əməl etmək, bunları həyata keçirmək isə başqa bir şey. Biz fəxr edirik ki, İslam Respublikasında ikincini etmişik. Çünki bu sözlər dünyanın hər bir yerində və hər zaman deyilir. Məşrutədən sonra bizim ölkəmizdə də bu sözlər deyilirdi, məclis, qanun, seçki və sair məsələlərdən danışırdılar, lakin həqiqətlə baş verənlər arasında böyük fərqlər vardı. Bizim xalqımız Məşrutə dövründən İslam inqilabının qələbəsinə qədər ölkənin qanunverici hakimiyyətində iştirakını təcrübə etməmişdi. Bəlkə Milli Şura Məclisinin əvvəllərində ikiillik bir, yaxud iki parlamentdə - misal üçün, ikinci və üçüncü məclisdə, o da eyib və nöqsanlarla birgə müəyyən mənada bunu görmüşdü. Lakin kağız üzərində, havada olanlar da yavaş-yavaş bitdi. Belədir, azğınlıq dərinləşəndə xalq özünü hətta dildə də həqiqəti söyləməyə borclu bilmir. Təhlükə bundadır. İnqilabın qələbəsindən öncə belə idi.
Uzun illər hətta xalqın adını çəkmək, bu məsələləri iddia, onarla fəxr etmək də yox idi, hər şey formal, yalançı və süni idi. Həm Rza xanın dövründən və Məhəmmədrzanın dövrünün sonlarından ibarət olan açıq diktatura dövründə, həm də diktaturanın bir qədər örtülü və gizli olduğu orta dövrdə xalqın iradəsi yox idi; parlament mövcud deyildi, millət vəkili yox idi, deputat əmr və təyinatla seçilirdi. İnsan o dövrün tarixini oxuyanda - bir hissəsini özümüz sonlarda müşahidə etdik – necə olduğunu görür. Seçkilərin vaxtı çatmazdan bir müddət öncə özlərini hökumətin siyahısına salmaq üçün hazırlıq görülür, işlər başlanırdı, israrlar, yalvarışlar, yaxınlaşmalar, yaltaqlıqlar edilirdi, utanmadan açıq şəkildə hökumətin və sarayın siyahısından danışırdılar.
İslam Şurası Məclisinin deputatları və məsul işçiləri ilə görüşdəki çıxışdan: 1999.
İmamın universitetə və tələbəyə ümidi
Tələbələrin və universitet mənsublarının inqilabın böyük rəhbərinin xatirəsinə keçirdikləri xüsusi toplantı, mənalı hərəkət, ölkənin universitet toplumu ilə o zəkalı müəllimin və müqəddəs ruhun amal və dərsləri arasında güclü əlaqənin təzahürüdür. Bu rabitə birtərəfli deyil. İmam da İslam hərəkatı, xüsusən onun qələbə dövrü başlayandan universitetə və tələbəyə inqilabın və ölkənin gələcəyini qurmaqda mühüm amil kimi baxırdı, ona iman, eşq və hikmətdən irəli gələn önəm verirdi. İmama görə universitet yalnız elm öyrədən yox, həm də ölkəni idarə edəcək ən əsas kadrları yetişdirən mərkəz və tələbə yalnız elm öyrənən gənc yox, həm də həvəskarlığın, aktivliyin, yaradıcılığın və amalçılığın timsalıdır.
İstər İslam mübarizələri zamanı, istər inqilabın qələbəsindən sonra bəzi qruplaşmaların fitnələrinə qarşı mübarizədə və sonra müqəddəs müdafiə illərində tələbənin və universitetin rolu mərhum imamın universitet mənsublarına baxışının düzgünlüyünü sübuta yetirdi, o hikmətli alimin müstəqil, yaradıcı, öncül, İslam və inqilab dəyərlərinə sadiq bir universitet yaratmağa göstərdiyi əhəmiyyətin yersiz olmadığı aydın oldu.
İslam Respublikasının yaranmasından öncəki əlli ildə ölkə universitetlərinə rəhbərlik edən şəxslər inqilabın universitetin qarşısında qoyduğu məqsədlərin əksinə gedirdilər. Onların ideal universiteti yalnız elmdə yox, hətta düşüncədə, mədəniyyətdə və arzularda da Qərbdən asılı, Qərbin şagirdi və ona tabe olan universitet idi. Qərbdə geniş yayılmış fərziyyə və nəzəriyyələrdən təsirlənmək, yalnız elm və texnologiyada yox, hətta əxlaqda, siyasətdə, incəsənətdə, rəftarda və adət-ənənələrdə də onlara qeyd-şərtsiz tabe olmaq asılı və fəsadlı Pəhləvi quruluşunun universitet üçün bəyəndiyi, proqram hazırladığı və icra etdiyi əsas məsələlər idi. O rejimin ümumi proqramında universitet İranın öz dini və milli kimliyindən uzaqlaşmasına doğru hərəkətinin öncülü olmalı idi.
Şübhəsiz, azğın rejimin əlli ildən artıq sürən hakimiyyəti dövründə ölkənin elmi gerliyinin günahının mühüm bir hissəsi ölkə universitetini elə yetişdirən və onun üçün proqram hazırlayan şəxslərin üzərinə düşür. O rejimin belə bir təfəkkür sayəsində yetişmiş vəzifəli şəxslərinin ləyaqətsizliyinin böyük hissəsi də onlara məxsusdur.
İslam inqilabı universitetin istiqamətini birdən-birə dəyişdirdi, özünəinamı, yaradıcılığı, müstəqilliyi, İslam dəyərlərinə sadiqliyi, elmi cihadı, əsirlik və tabelikdən azadlığı onun əsas istiqaməti etdi.
Universitet mənsublarının və tələbələrin həzrət İmam Xomeyninin xatirəsinə həsr olunan xüsusi toplantısına müraciətdən: 1999.
İmamın həmişəyaşar dərsləri
Burada bir məsələni diqqətdə saxlamaq lazımdır ki, bizim böyük imamımızın xatirəsini uca tutmaq yalnız keçmişə hörmət ifadə etmək deyil, onun öz inqilabı, qiyamı, davranışı, dərsləri və vəsiyyəti ilə İran xalqına və dünyanın bütün müsəlmanlarına göstərdiyi xətt və yol üzərində təkidlə dayanmaq deməkdir. İmam bizim xatirələrimizdə və cəmiyyətimizdə bir örnək, müəllim və rəhbər kimi yaşayır. Onun cismi bizimlə deyil, amma düşüncəsi, yolu, dərsi bizimlədir və bu dərs İran xalqının və bütün dünya müsəlmanlarının ehtiyacı olan dərsdir. Onların buna dünən də ehtiyacları vardı, bu gün də var. İmamın dərsi, yolu və xətti yaşayır. İmamın tövsiyələri hamının gözü önündədir. Əgər biz bu dərsi dünya müsəlmanları üçün xülasə etmək istəsək, bu əsl İslama – xalqlara hər şeyi ərməğan edən İslama qayıdışdan ibarətdir.
İslam dini xalqlara müstəqillik və azadlıq verir; həm diktatura və avtoritorizmdən, xurafat və cəhalətlərdən, cahil təəssübkeşlikdən və azğın fikirlərdən azadlıq verir, həm də hegemonluğun iqtisadi və siyasi istismarından. İslam dini xalqlara ictimai ədalətlə birgə olan rifah və iqtisadi inkişaf verir. Xalqın müxtəlif təbəqələri arasındakı fərqi artıran iqtisadi inkişaf İslamın nəzərdə tutduğu inkişaf deyil. Bu gün Qərb ölkələrinin dünya xalqlarına hazırladığı, cəmiyyətin bəzi təbəqələrini rifaha qovuşduran, iqtisadiyyatı rövnəqləndirən, bəzi təbəqələri isə yoxsullaşdıran, zəiflədən və sıxıntıya salan iqtisadi proqramı İslam bəyənmir. Ədalətlə, bərabərliklə və qardaşlıq ruhu ilə yanaşı olan iqtisadi rifaha məhz İslamın sayəsində nail olmaq mümkündür. Bu gün müsəlman xalqların problemi nədir? Dünyanın o başından müsəlman xalqlara hökmranlıq edən istismarçı və hegemon güclərin varlığı. Bu güclər müsəlmanların həyatına müdaxilə edir, onları yoxsulluq, zəiflik və ixtilaf içərisində saxlayır, sərvətlərindən qanunsuz istifadə edirlər. Müstəqilliyin, azadlığın və insani heysiyyətin olmaması, elmdə və həyatın müxtəlif sahələrində gerilik də müsəlman xalqların problemlərindəndir. Bütün bu problemlər İslama qayıdışla, əməllə və İslam hakimiyyəti sayəsində aradan qalxa bilər.
Bizim böyük imamımızın müsəlmanlara mesajı əcnəbiləri, müsəlmanların və İslamın düşmənlərini rədd etmək idi. Bu gün problemlər bunlardır. İran xalqı bu yolu sınamış, özünü rəzillikdən, gerilikdən və böyük güclərə asılılıqdan xilas etmişdir. Biz iddia etmirik ki, ölkəmizdə tam İslam quruluşu yaratmışıq; biz iddia edirik ki, buna çalışmışıq və tam İslam hakimiyyətinin reallaşması üçün sonacan mübarizə aparacaq, çalışacağıq. İran xalqı böyük güclərin təhdidi qarşısında geri çəkilmir. İran xalqı və ölkənin məmurları imamın tövsiyələrini özlərinə böyük və yolaçan tövsiyələr bilirlər. İslam quruluşu və İslam xətti budur.
Həzrət İmam Xomeyninin vəfatının onuncu ildönümü tədbirində iştirak edən yerli və xarici qonaqlarla görüşdəki çıxışdan: 1999.
İmamın şəxsiyyətinin əsas cəhətləri
1. Təqva
Bizim böyük imamımız təqvalı şəxs idi. Sizin hamınız təqvanı özünüzə proqram seçin ki, ilahi rəhmət qapıları sizin də üzünüzə açılsın. Təqva ilahi rəhmət və hidayəti təqvalı insana və cəmiyyətə sarı yönəldir. Peyğəmbərlərin və onların canişinlərinin ilk və son tövsiyəsi ilahi təqvadır.
Birinci xütbədə uzun zaman bu böyük insanın bir şagirdi və ardıcılı olaraq hiss etdiyim, gördüyüm və bütün vücudumla gəldiyim qənaəti siz əzizlərə, xüsusən də gənclərə çatdırmaq istəyirəm. İmamın barəsində çox danışmışıq. Hamı – dost və düşmənlər, iranlı və qeyri-iranlılar, müsəlman və qeyri-müsəlmanlar bu böyük insanı tərifləyiblər. Bunlara dair sözümüz yoxdur. Onun əzəməti, məqamı və ucalığı hamıya aydındır. Lakin bu ümumi bir sözdür. Mən düşünürəm ki, bu böyük insanın bizim qarşımızda açdığı fəxr və şərəf yolu ilə bu gün qüdrətlə və həvəslə gedən gənc nəslimiz öz imamı haqda daha artıq bilmək istəyir. Mən öz təsəvvürlərimi deyəcəyəm. Yəni təxminən otuz il müddətində imamı yaxından tanımışam və hər bir dövrdə bu əzəmətli şəxsiyyətin bir cəhətini müşahidə etmişəm. Mənim gənclik dövrümdən onun vəfatına qədər sürən bu 31 ilin 14 ilində o, sürgündə olub, biz zahirən ondan uzaq olmuşuq, lakin onda da imamın yolunda idik, ondan ayrılmamışdıq, həmin 14 ildə də əslində imamla idik.
Siz əzizlərə bir məsələni deyim. İmamın şagirdləri və imamı tanıyanlar onu olduqca çox sevsələr də, imam haqda deyilənlər sevgidən qaynaqlanmır. Sevginin də qaynağı imamda olan həmin xüsusiyyətlər idi. İkinci məsələ budur ki, bu şəxsiyyət öz üstün cəhətlərini kiməsə göstərməyə əsla can atmır, çalışmırdı. Nə zaman və harada şəriət vəzifəsi onu bir hərəkətə vadar edirdisə, şəxsiyyətinin bir cəhəti aşkara çıxırdı.
Mən 1958-ci ildən başlayıram. Həmin ildə mənim özüm Quma getdim və imamı birinci dəfə yaxından gördüm. Ondan öncə Məşhəddə eşitmişdik ki, Qumda gənclərin bəyəndiyi görkəmli və böyük bir müəllim var. Quma daxil olan gənc tələbə müəllim axtarır. Elm hövzələrində müəllim seçimi məcburi deyil, hər bir tələbə öz zövqünə uyğun olan və bəyəndiyi müəllimi seçir. İlk anda gənc və həvəskar tələbələri özünə cəlb edən müəllim, şagirdlərinin arasında Hacıağa Ruhullah kimi tanınan kişi idi. Əxlaqlı, dərs oxuyan və həvəskar gənclər onun dərsinə toplaşmışdılar. Biz belə bir şəraitdə Quma daxil olduq.
2. Fiqh və üsul elmlərini dərindən mənimsəmək
O, fiqh və üsulda mütəxəssis və elmi yenilikçi idi. Mən ondan öncə Məşhəddə böyük bir müəllimi, yəni görkəmli fəqihlərdən olan mərhum Ayətullah Milanini görmüşdüm. Qumda elmi hövzənin rəisi, həm də imamın müəllim olan mərhum Ayətullah Bürucerdi də vardı, digər böyüklər də var idilər. Lakin həvəskar, çalışqan və istedadlı gənclər üçün maraqlı və cəlbedici dərs imamın fiqh və üsul dərsi idi. Yavaş-yavaş köhnə tələbələrdən eşitdik ki, bu insan həm də böyük filosofdur, onun fəlsəfə dərsi Qumda birinci fəlsəfə dərsi olmuşdur, lakin indi fiqhi tədris etməyi tərcih edir. Sonra eşitdik ki, bu insan həm də əxlaq müəllimi olmuşdur. Bəzi şəxslər onun əxlaq dərsində iştirak edirdilər və o, gənclərdə əxlaqi dəyərləri gücləndirməyə çalışırdı. İllər uzunu dərslərin arasında biz bunu yaxından gördük. Lakin buraya qədər, daxili naməlum xüsuiyyətlərlə dolu olan bu böyük şəxsiyyət o zaman xalqın əksəriyyəti üçün yalnız bir alim, şagird yetişdirən müəllim, tələbə və şagirdlərin əxlaq ustadı kimi tanınırdı.
1961-ci ildə təqlid müctəhidi olan Ayətullah Bürucerdi vəfat etdi. Təqlid müctəhidliyi irəli sürülən böyük alimlər vardı. Hər birinin dostları onların adlarını çəkirdilər. Bu zaman bu kişi üçün verdiyi əxlaq dərsinin təkcə dildə və digərlərinə öyrətməkdən ibarət olmadığını sübut etməyə şərait yarandı. Onun özü nəfsi paklama dərslərinə ilk əməl edən olmuşdur. Hamı gördü, anladı və təsdiq etdi ki, bu kişi məqama, şöhrətpərəstliyə, hətta təqlid müctəhidliyindən ibarət olan ruhani və mənəvi bir rəsiliyə də arxa çevirir, vəzifə, dərəcə və şəxsiyyət üçün əsla çalışmır, hətta digərləri çalışmaq istədikdə də bacardığı qədər mane olur.
3. Sayıqlıq və uzaqgörənlik
Mərhum Ayətullah Bürucerdinin vəfatından təxminən il yarım ötdükdən sonra İslam hərəkatı başlandı, 1962-ci ilin sonlarında bu şəxsiyyətin başqa bir cəhəti aşkar oldu. Bu, sayıqlıq, uzaqgörənlik və adətən diqqətdən kənarda qalan məsələlərə diqqət, digər tərəfdən isə dini qeyrət idi. O zaman dövlətin qərar qəbul edərək seçilmiş şəxsdə müsəlman olmaq şərtini və Qurana andı götürdüyünü çoxları eşitdilər, lakin bunun əhəmiyyətinə çox da diqqət yetirmədilər; halbuki böyük əhəmiyyətə malik idi. Səbəbi bu idi ki, Milli Şura Məclisi təyinatlı bir parlament olsa da, onu özləri təşkil etsələr də, yalnız özlərinin qəbul etdiyi namizədlər seçilsə və əslində xalqın seçim haqqı olmasa da, o rejim birliklərə aid qərarları və bu müsəlmanlıq şərtini həmin parlament zamanı irəli sürməyə cürət etmədi, reaksiyadan qorxub, parlament olmayan zamana saxladılar. O zaman parlamenti buraxmışdılar, parlament yox idi, bunu qapalı şəraitdə qəbul etdilər. Bu, məsələnin arxasında çoxlu plan və məqsədlərin durduğunu göstərirdi. Bunu heç kəs anlamırdı, lakin imam anladı və etirazını bildirdi. Din qeyrəti onu bu məsələdə önə keçməyə və zahirən kiçik olan bu antiislam əməli ilə mübarizəyə başlamağa vadar etdi.
4. Vəzifəyə əməl etmək
Burada mühüm bir məsələ var: Böyük İmam hətta mübarizə məsələsində də önə keçmək istəmədi. Onun özü bizə danışırdı ki, hərəkat başlayan zaman həmin dövrün məşhur təqlid müctəhidlərindən və onunla bir səviyyədə olan alimlərdən biri ilə birgə mərhum Ayətullah Hairinin evində söhbət etmişdilər. Ona demişdilər ki, siz qabağa düşün, biz də arxanızca hərəkət edəcəyik. İmamın məqsədi bu idi ki, vəzifə yerinə yetirilsin, üzərində hiss etdiyi vacib əməli yerinə yetirsin, irəliyə keçmək barədə fikirləşmirdi. Əlbəttə, digərlərində bu işə qoşulmaq üçün yetərli bacarıq və cürət yox idi, onlar imama çatmazdılar. Bu hərəkatın rəhbərliyi təbii şəkildə imamın üzərinə düşmüşdü. O bu mübarizəyə başladı və xalqa arxalandı. O zamana qədər elmi hövzə böyüklərindən və təqlid müctəhidlərindən heç kəs güman etməzdi ki, elə qapalı bir dövrdə dini hərəkət bu şəkildə xalqın dəstəyini qazana bilsin. İmam isə dedi ki, mən bu xalqın dəstəyi ilə hərəkət edirəm, xalqı Qumun çölünə çağıraram. O bilirdi ki, xalqı çağırsa, bütün İrandan toplaşıb, ovaxtkı hökumət və mənfur rejim üçün qarşısıalınmaz və əzəmətli bir izdiham yaradarlar.
5. Rəhbərlik bacarığı və siyasi cəsarət
Burada bu insanın şəxsiyyətinin yeni bir cəhəti aşkara çıxdı: rəhbərlik qabiliyyəti, siyasi cəsarət, düşmənin işlərinin xırdalıqlarından xəbərdar olmaq, düşmənlərin məqsədlərinə qarşı sayıqlıq. Bu cəhət əməldə göründü. 1963-cü il, yəni mübarizənin ikinci ili çatdı. Bu il kəskin tədbirlər, təzyiqlər və qətllər ili idi. Orada imam İran xalqının ümid səmasındakı bir günəş kimi parladı, fədakar bir insan kimi meydana çıxdı, bir vulkan kimi püskürdü. Bütün dünyaya məxsus adam, bir vətən adamı və İslam adamı üçün lazım olan bütün hisslər onda toplanmışdı: lazımi şücaəti var, xalqı səfərbər etmək qabiliyyəti var, açıq mövqeyi var. İstər komandosların Feyziyyə mədrəsəsinə və Qum Elm Hövzəsinə hücum etdiyi 63-cü ilin yazında, istərsə də imamın əzəmətinin göründüyü 63-cü ilin yayında İran xalqı qəfildən hiss etdi ki, arxası, dayağı, ümid bəsləyə biləcəyi bir əzəmətli zirvə var. İmam 15 xordadda (5 iyunda) səhnədə belə göründü.
6. Fədakarlıq və təhlükədən qorxmamaq
Bu hadisədən sonra həbs, sürgün və təzyiqlər başlandı. İmam o zaman gənc deyildi. Gənc olduğumuzdan bizim üçün həbsə düşmək və çətin hadisələr çox da ağır gəlmirdi, daha çox əyləncəyə bənzəyirdi. Lakin imam mübarizənin başlandığı zaman 63 yaşında idi. Bu kişi 63 yaşında öz hissləri ilə bir xalqın hisslərini coşdura bilirdi. O yaşda olan bir şəxs üçün həbsə düşmək və sürgün olunmaq asan iş deyildi. Lakin onda bu fədakarlıq və təhlükələri qəbul etmək duyğusu aşkarlandı. Bu da yeni bir cəhət idi. Yəni böyük amalları və dini vəzifəsi yolunda heç bir problem ona mane ola bilmirdi. Bu, imamın 14 ilə qədər əvvəlcə Türkiyəyə, sonra isə İraqa sürgünü ilə nəticələndi.
7. İslam quruluşu ideasını yaratmaq
İmamın sürgün dövründə zamanımızın həqiqətən müstəsna və bənzərsiz adamının şəxsiyyətinin yeni bir cəhəti aşkara çıxdı. İnsan böyük şəxsiyyətlərin həyatında nadir hallarda bu cəhətlərin bəzisini müşahidə edir. Əvvəla o bir siyasi texnoloq və nəzəriyyəçi mövqeyində durub heç bir real anoloqu olmayan yeni bir hökumətin və quruluşun layihəsini hazırlayır. O, müasir dünyanın ehtiyaclarını və dünyada irəli sürülən məsələləri nəzərə alıb bir İslam quruluşu təqdim edir və bunların hamısı o quruluşun layihəsini təşkil edir. İkincisi isə bu insan İranda olmasa da, 14 il ərzində uzaqdan İrandakı İslam mübarizəsinə və İslam hərəkatına sözün həqiqi mənasında rəhbərlik etdi. Bu 14 ildə, xüsusən də son bir neçə ildə - yəni 70-71-ci illərdən 75-76-cı illərə qədər çoxlu şiddət və repressiya vardı. Siyasi və qeyri-siyasi olan müxtəlif gizli mübariz qruplar, qruplaşmalar və siyasi partiyalar yaranır, hamısı rejimin təzyiqləri altında dağılıb gedir, yaxud təsirsiz olurdu. Onların bəzilərinin beynəlxalq siyasi dayaqları da vardı, Şərq və Qərb blokuna, xüsusən də Şərq blokuna bağlı idilər, oradan idarə olunur və yardım alırdılar. Lakin imamın hərəkatı partiya təşkilatına söykənmirdi. Ölkə daxilində imamın heç bir partiyası yox idi. Onun şagirdləri, dostları, fikri ilə tanış olanlar və xalq vardı. İmam da bəyanat yayanda xüsusi dostlarına və tanışlarına müraciət etmirdi. O bütün xalqa müraciət edirdi. O, xalqla və kütlələrlə danışırdı, onları yönəldirdi. 14-15 il boyunca uzaqdan İslam fikrinin və İslam hərəkatının bu mənbəyini əvvəlcə beyinlərdə dərinləşdirə, sonra isə cəmiyyət səviyyəsində genişləndirə bildi, gənclərin qəlbini, beynini və imanını ona yönəltdi və belə əzəmətli bir inqilab üçün şərait yarandı. Çoxları ölkə daxilində böyük, ixlaslı və fədakar işlər görürdülər. Lakin əgər imamın mərkəzliyi olmasaydı, bu işlərin heç biri olmayacaqdı, hamısı məğlubiyyətə uğrayacaqdı, bu insanların hamısı yorulacaqdılar. Yorulmayan şəxs o idi, digərləri də ondan güc və qüvvə alırdılar. Sonra 14 il müddətində bir inqilabi hərəkətin və böyük bir hərəkatın rəhbərliyi və onu bütün dolanbaclardan keçirmək işi onun vasitəsi ilə baş tutdu. Elə oldu ki, qeyri-dini və antidin fikirlər təcrid olundu, kənara qovuldu, İslam fikri, bu məntiqli, möhkəm və güclü təfəkkür digər fikirlər üzərində öz qələbəsini günbəgün möhkəmləndirdi. Bütün mühüm hadisələrdə imamın rolu duyulurdu. 1968-ci ildə imam fiqhin mərkəzi olan Nəcəfdə güclü fiqh dəlillərinə əsaslanan Fəqih hakimiyyəti nəzəriyyəsini irəli sürdü.
Əlbəttə, Fəqih hakimiyyəti prinsipi şiə fiqhinin qəti məsələlərindəndir. İndi bəzi savadsızlar deyirlər ki, Fəqih hakimiyyəti nəzəriyyəsini imam irəli sürdü, digər alimlər onu qəbul etmirdilər. Bu, məlumatsızlıqdan irəli gəlir. Fəqihlərin sözləri ilə tanış olan şəxs bilir ki, Fəqih hakimiyyəti məsələsi şiə fiqhində aydın məsələlərdəndir. İmam bu fikri bugünkü dünyada, müasir siyasi məktəblərdə mövcud olan yeni və əzəmətli üfüqlərə əsasən tənzim edib, köklü, möhkəm, dəlilli və keyfiyyətli formaya saldı; elə şəklə saldı ki, günün siyasi məsələləri, siyasi məktəbləri ilə tanış olan və nəzər sahibi olan hər bir insan üçün dərk və qəbulediləsi olsun.
8. Ruhi böyüklük
Mənim əzizlərim! Həmin 14 ildə, xüsusən də son illərdə İranda İslam mübarizləri tənhalıq hiss etmirdilər, imamın həmişə onlarla əlaqədə olduğunu duyurdular. Övladının vəfatı zamanı bu əzəmətli şəxsiyyətin başqa bir cəhəti aşkara çıxdı. Çoxları böyükdürlər, alimdirlər, şücaətlidirlər, lakin bu əzəmətin daxili hisslərinə və ürəklərinin dərinliyinə qədər uzandığı şəxslər çox deyillər. Dəyərli və alim övladı dünyadan köçərkən - onun oğlu da əslində dəyərli bir oğul, görkəmli alim və gələcəyin ümidi idi - səksənə yaxın yaşı olan qoca bir kişidən eşidilən cümlə bu oldu: “Müstafanın ölümü Allahın gizli mərhəmətlərindəndir”. O bunu ilahi mehribanlıq və Allahın gizli lütfü sayır, Tanrının ona mərhəmət göstərməsi kimi qəbul edirdi; özü də gizli mərhəmət. Görün bunun üçün insan necə əzəmətli olmalıdır. İnqilab dövründə bu böyük insanın belə çətinlik və əziyyət çəkməsinin və möhkəm dağ kimi dözməsinin kökü həmin mənəvi əzəmətdir; bir əzizinin ölümü zamanı belə rəftar edir. Sonra da onun İraqdan sürgün edilib Küveytə, sonra isə Fransaya mühacirəti başlandı. Buyurdu ki, əgər mənə hansısa bir ölkədə qalmaq icazəsi verməsələr, bir-bir hava limanlarını gəzib bütün dünyaya sözümü çatdıracağam. O əzəmət, şücaət, dözümlülük, misilsiz möhkəmlik, ilahi və peyğəmbərcəsinə rəhbərlik qabiliyyəti burada yenə özünü göstərdi. Bu da onun şəxsiyyətinin yeni bir cəhəti idi. Sonra onun İrana gəlişi, bəlli hadisələrlə qarşılaşması və İslam Respublikası quruluşunu təşkil etməsi baş verdi.
Tehranın cümə namazı xütbələrindən: 1999.
İnqilabın həqiqi və müsbət bir iş olması
İnqilab zehnə, düşüncəyə və xəyala aid olan bir məsələ deyil, real məsələdir. İnqilab ümumi bir hərəkət, bu xalqın özünü həqiqi qurtuluşa və səadətə çatdırması, dünyanın zülm altında olan ölkələrini ortaq problemlərindən xilas etməsi üçün seçdiyi yoldur. İnqilab bu xalqı və ölkəni başıuca etmək, rifaha, maddi və mənəvi üstünlüklərə, maddi və mənəvi tərəqqiyə və təkamülə sahib etmək istəyir. İnqilab əcnəbilərin istismarına son qoymaq, bir müddət bu ölkəni və xalqı salmaq istədikləri rəzilliyin və xarlığın kökünü kəsmək, əcnəbilərin və düşmənlərin istismarından yaranan fəlakətlərin təsirlərini aradan qaldırmaq istəyir. Bu, inqilabdır. Bəzi şəxslər özlərinin qərəzli təbliğatları ilə inqilabın adını, məfhumunu və kimliyini pis təqdim etmək, inqilab anlayışını parlaq, gözəl və şərəfli bir məfhumdan adi və bacardıqları təqdirdə mənfi bir məfhuma çevirmək istəyirdilər. Hətta İslamın, inqilabın və İranın düşmənlərinin verdiyi xətlə inqilab məfhumunun mənfi bir məfhum olduğunu yeritməyə çalışan şəxslər də vardı. Bəli, uzun illər bir ölkəni caynağına keçirənlər üçün inqilab təbii ki, ən böyük bəladır. Onlar üçün inqilabdan mənfi bir şey yoxdur. Özünü yüzillik və yüzəlliillik maddi, mənəvi, mədəni və iqtisadi istismardan xilas etmək istəyən xalq üçün isə inqilab şəfalı dərman, ilahi nemət və yeganə yoldur.
İslam İnqilabının Mühafizəçiləri Korpusunun komandirləri ilə görüşdəki çıxışdan: 1999.
Həzrət İmam Xomeyninin şəxsiyyətini yenidən öyrənmək
Əziz İran xalqı!
Dünya ölkələrinin hər hansı birində nə zaman bir insan elm, ağıl və yüksək düşüncə ilə, yaxud iman, təqva, zahidlik və güclü imanla, yaxud şücaət, igidlik və güclü iradə ilə, yaxud uzaqgörənlik və siyasi püxtəliklə böyük bir işə başlasa, möhkəm və dözümlü şəkildə müqəddəs məqsədi izləsə, şübhəsiz, öz ölkəsini, xalqını və bəzən bütün bəşəriyyəti böyük nailiyyətlərə və daimi inkişaflara çatdırar. Adları tarixin məşhurları sırasında çəkilənlər bu xüsusiyyətlərin bəzisinə malik olmuşlar.
Müasir dövrün böyük qəhrəmanı - yəni İmam Ruhullah Xomeyni isə bu xüsusiyyətlərin hamısına, özü də adətən əlçatmaz və bənzərsir bir həddə malik olmuşdur. O, zahid alim, təqvalı ağıl sahibi, siyasətçi həkim, aydın bir mömin, şücaətli və sayıq bir arif, ədalətli hakim və fədakar mücahid idi. O, fiqh və üsul alimi, filosof, arif, əxlaq müəllimi, ədib və şair idi. Hövzənin ən yüksək tədris kürsüsü, ən izdihamlı və ən səmimi elmi toplantıları uzun illər ona məxsus olmuşdur.
Allahın bəxş etdiyi dəyərli xislətləri Quran təlimlərindən öyrəndiyi, qəlbini və ruhunu zinətləndirdiyi təlimlərlə birləşdirərək əzəmətli, cazibədar və təsirli bir şəxsiyyət yaratmışdı. Böyük şəxsiyyətlər, məşhur dini, siyasi və ictimai islahatçılar əsri olan son bir əsrin dəyərli şəxsiyyətlərinin hər biri onun qarşısında daha az cəlbedici, təkyönümlü və kiçik görünürdülər.
Onun çalışdığı, öz imanı, Allaha arxalanması, ağlı və dözümü ilə nail olduğu iş də özü kimi böyük, inanılmaz və heyrətamiz idi.
Siyasi həyatının bütün mərhələlərində parlaq şəxsiyyəti gözqamaşdıran və spesifik idi; həm Qumda dini təqlid müctəhidi kürsüsündən ucalan peyğəmbərcəsinə fəryadı ilə asılı və azğın Pəhləvi rejimini və onun amerikalı hamilərini mübarizəyə çağırdığı, şahın və köməkçilərinin zülmünü, istibdadını, rüşvətxorluğunu və dinlə mübarizəsini xalqın qəzəb tufanına məruz qoyduğu gün, həm də onbeşillik sıx və əzablı mübarizədən sonra İran xalqının böyük fədakarlığı ilə İslam quruluşu yaratdığı, fəsad dolu xəyanətkar və bacarıqsız rejimin kokünü kəsdiyi gün.
O, bütün hallarda öz dəyərli vücudunda dərin hikmət və ağlın kənarında iman, şücaət və fədakarlıq zirvəsi nümayiş etdirdi.
O, İranı yaxşı tanıyırdı; həm onun həssas və təyinedici coğrafi və geosiyasi mövqeyini, çoxlu təbii və insani potensialını, böyük istək, məqsəd və arzularını, həm də son 150 ildəki məşəqqətli tarixini, əcnəbi soyğunçular tərəfindən istismar edilməsini, Pəhləvi ailəsinin və ona bağlı min ailənin xəyanətini, fəsadını, azğınlığını, zorla yaradılan yoxsulluğu, elm, sənaye və əxlaq geriliyini, ən üstünü, onun böyük, köklü, rəşadətli və imanlı xalqını.
O, dünyanın, müstəmləkəyə çevrilmiş xalqların, hegemon dövlətlərin, həqiqət təşnəsi olan sərgərdan gənc nəslin, xüsusən də müsəlman ölkələrin və İslam ümmətinin acınacaqlı vəziyyəti ilə tanış idi, buna görə dərd çəkirdi, qəmli Fələstin məsələsi onun böyük qəlbini incidirdi.
Dini vəzifə hissi onu elə böyük və tarixi mübarizəyə vadar etdi ki, tarixin müstəsna şəxslərindən başqa heç kim ona qoşulmamış və kiçik bir hissədən başqa heç kim qalib çıxmamışdı.
O, iqtisadi, əxlaqi və elmi geriliyə, tənəzzülə və yoxsulluğa salınmış İranı azğın rejimin caynağından xilas etmək barədə düşünür və bunun yeganə yolunu İslama qayıdışda, ölkədə siyasi İslam quruluşu yaratmaqda və ilahi dəyərlərin hakimiyyətində görürdü.
O bu yolu açmaqla İslam ümmətinə real bir örnək göstərdi, İslam dünyasında müsəlmanların İslam kimliyinin yenidən dirçəlməsinin ilk mübarək məhsulu olan yeni bir cərəyan yaratdı.
Öz mübarizəsinə birinci addımdan Allahın adı və xalqın çoxlu təbəqələrinin köməyi ilə başladı, onlarla danışdı, onların imanını, ağlını, və iradəsini yardıma səslədi. Heç zaman iddialı partiya və qruplara sarı getmədi, onların məqsədlərinə çox zaman şübhə ilə yanaşdı, siyasi bazarlıqlarından üz çevirdi. Xalqla həmişə səmimi və xeyirxah danışdı. Agah bir müəllim və mahir bir bələdçi kimi uzun mübarizə yolunda öz ağlını, hikmətini və dərkini yolçuların ixtiyarına buraxdı.
İran xalqının mübarizəsinin dünyanın inanmadığı şəkildə qələbə çaldığı və bütün İran xalqının onun rəhbərliyini ürəkdən qəbul etdiyi zaman öz rəftarı ilə bu ölkənin siyasi tarixində ən böyük dəyişikliyə imza atdı: zalım və dünyapərəstlərin avtoritar hakimiyyəti olan şah üsul-idarəsini Allah bəndələrinin ilahi və xalq hakimiyyət üsulu olan imamətlə əvəzlədi, öz iqtidarını ədalətlə zinətləndirdi, hamının qəbul etdiyi üstünlüyünü bəndəlik və təvazökarlıqla nurlandırdı, sərvətliliyi və varlılığı zahidliklə müalicə etdi, Allahın yolunu və Allaha bəndəliyi bir an da tərk etmədi, üzərində ağır əmanət məsuliyyəti olduğundan öz ruhuna diqqəti daha da artırdı, ürəkdən gələn sözü, Allahı yada salan, Ona təzim edən qəlbi və dindən ilham almış rəftarı onun paklığına və mənəviyyatına aşiq olan İran xalqının düşüncəsinə və beyninə ilahi dərk, hikmət və tədbirin çağlar bulağını cari etdi, dövlət rəsmilərini, məmurları və adi xalqı güclü düşmən və hiylələrlə mübarizəyə, yaradılan böyük problemlərin həllinə hazırladı.
Böyük İmamın mübarək həyatının onillik dövrü İslamın siyasi quruluşunun yarandığı, dünya müsəlmanlarında İslam kimliyinin dirçəldiyi və ölkəmizdə İslam bayrağının ucaldığı dövrdür; İranın müstəqilliyi, azadlığı, xalqın ucalığı, milli qüruru, inkişaf və tərəqqiyə doğru misilsiz irəliləyişi dövrüdür; inqilabi coşqu, siyasi şüur, ölkəni qorumaq və qurmaq üçün hərəkət dövrüdür; İranın dünya miqyasında başucalığı və beynəlxalq hadisələrə təsir göstərmə dövrüdür; ölkəmizin tarixində yeni yolun başlandığı dövrdür. Müsəlman İran bunu davam etdirib maddi və mənəvi inkişaflara nail olacaq.
Hikmətli və müdrik imam bu yolu bəzi əlamətlərlə müəyyən etmiş, yüzlərlə yolaçan tövsiyə əsnasında ölkənin məmurlarına və bütün İran xalqına aydın şəkildə izah etmişdir.
İmam Xomeyninin anadan olmasının yüzüncü ildönümü münasibəti ilə müraciətdən: 1999.
İmamın üç xüsusiyyəti: biliklilik, dindarlıq, qorxmazlıq
Bütün xüsusiyyətlərindən əlavə, çox güclü və mühüm üç xüsusiyyəti bu böyük şəxsiyyətdə qəribə gözəllik və təsir yaratmışdı.
Birinci xüsusiyyət ağıllılıq və biliklilikdən ibarət idi. O, bilikli, ağıllı və dərin bir insan idi. Onda sözün həqiqi mənasında bilik gövhəri vardı. Onun bütün hərəkətlərində bu biliklilik və ağıllılıq əlaməti görünürdü. Onun özünün mütəxəssis olduğu elmlərdə - fəlsəfədə, fiqhdə, irfanda, üsulda və əxlaqda da bu bilik, dərinlik və parlaq ağıllılıq gövhəri göründü, yeni söz ortaya qoydu, keçmiş sözləri təkrarlamaqla kifayətlənmədi.
İkinci xüsusiyyət aydın dindarlıq və iman idi. O, ibadət adamı, lakin qapalılıqdan və durğunluqdan uzaq idi. O, dini mövzularda aydın düşüncəli və yenilikçi idi, amma yenilikçilərin laqeydliklərindən uzaq idi. Çoxları dini məsələlərdə yeni söz ortaya qoyurlar, amma bu yeni söz onların İslam mətnlərinə laqeydlik və biganəliklərinin əlamətidir, dinin yox, onların sözüdür. İmamın aydınlığı və yenilikçiliyi isə dinə və dinin əsaslarına dayanırdı. Odur ki, İslamın etiqad, əxlaq və fiqh məsələlərində ortaya qoyduğu yeni sözü qarşısında bu elmlərin ən böyük mütəxəssis və alimləri təslim olur, onu prinsiplərə söykənən əsaslı bir söz kimi qəbul edirdilər. Buna əsasən, o, dindar və ibadət adamı idi, amma eyni zamanda aydın baxışlı, ayıq idi, ağlını işlədirdi, etiqadi və əməli məsələlərdə geniş üfüqlərə baxırdı. O, Peyğəmbər (s) və imamlar dövrünün dindarlığını yada salırdı.
Üçüncü xüsusiyyəti onun qorxmazlığı, igidliyi və fədakarlığı idi. O özünün haqq, dünyanın isə batil dediyi yerdə həmin dünya ilə mübarizəyə hazır idi. O öz bəyanatlarının birində buyurdu: “Əgər beynəlxalq hegemonluq bizim dinimizi təhdid etsə, biz də onun bütün dünyasını təhdid edəcəyik”. O doğru deyirdi, bütün dünyanın qarşısında dayana bilirdi. Necə ki, 1962-ci ildə Qumda hərəkata başlayanda əvvvəldə heç kimi yox idi. Əlbəttə, mömin və pak insanlar dərhal dəstə-dəstə ona qatıldılar. İşə başlayanda isə yalqız idi, yalqızlıq hissi keçirirdi də, amma bu cəsarətə malik idi. İnsan elə bir işə qoşulur ki, qarşısında böyük güclər, hərbi qüvvələr, təhlükəsizlik qüvvələri var, vicdan, din və heç bir mülahzə yoxdur. Arxalarında da qlobal güclər və hegemonluq durur. Belə bir işə qoşulmağın birinci şərti ölümdən qorxmamaqdır və o öz canından keçmişdi, bütün təhlükələri qəbul etməyə hazır idi. Yəni onun üçün canın və digər məsələlərin əhəmiyyəti yox idi. Bəzi adamlar deyirlər ki, biz canımızdan keçdik, əməldə isə quru və boş bir hörmətdən də keçmirlər; puldan, ləzzətdən və ehtirasdan da keçmirlər. Belə adamlar candan keçə bilərlərmi?! O isə doğru deyirdi, həqiqətən canını verməyə hazır idi.
O, bu üç xüsusiyyətlə meydana atıldı. Əlbəttə, imamın müsbət cəhətləri olduqca çoxdur, amma bu üç xüsusiyyət bir-birinə bağlı, bir-birinə qarşı açıq və harmonik təsirli olduğundan mən bunları seçdim.
O bu yolu keçib qələbənin yaxınlığına, yəni 1978-ci ilə çatdı. İndi imam böyük bir hadisə qarşısında qalmışdır. Bu hadisə bir xalqın bütün vücudu ilə himayə etdiyi İslam hərəkatının qələbəsidir. Bu qələbə yalnız azğın və mürtəce bir rejim üzərində qələbə deyildi, həmin rejim ozamankı hegemon güclərin təxminən hamısı tərəfindən himayə olunduğuna görə onların hamısı üzərində qələbə sayılırdı. O bu məmləkəti İslamın üsulu, fikri və proqramı ilə idarə etmək istəyir. Onun qarşısında nə var? İki yüz ilə yaxın bir müddətdə müxtəlif cəhətlərdən təzyiq altında saxlanan, bütün üstün xüsusiyyətlərini sıradan çıxarmağa, zəiflətməyə və məhv etməyə çalışdıqları böyük bir xalq. Əgər son iki yüz ilin tarixinə müraciət etsəniz, imamın işinin əhəmiyyətini daha yaxşı dərk edərsiniz. Mən təkidlə tövsiyə edirəm ki, gənclər bu tarixi öyrənsinlər. Təbliğat qurumları da bu müddətdə ölkənin başına gətirilən həqiqətləri xalqa izah etsinlər. Məncə bu sahədə az iş görülmüşdür.
Tehranın cümə namazı xütbələrindən: 1999.
Acı müstəmləkə illərinin rəvayəti
İngiltərə məmuru olan ser Con Mülküm 19-cu əsrin əvvəllərində Hindistandan İrana daxil oldu. O zaman, yəni Fətəli şah Qacarın hökuməti dövründə ingilislər saray adamları və azğın siyasətçilər üçün aldadıcı və qiymətli hədiyyələrlə İrana daxil oldular, İngiltərə müstəmləkəçiliyi, yaxud başqa sözlə desək, İngiltərənin dağıdıcı nüfuzu - çünki İran adətən başa düşülən şəkildə müstəmləkələşmədi, ondan da pisi baş verdi - İran hökumətlərini güclü əllərində saxladı və onların vasitəsilə istədiyi işi gördü. O zamandan inqilabın qələbə çaldığı günə qədər təxminən 170-180 il ötdü. Bütün bu müddətdə, bütün böyük qlobal güclər, hərbi, siyasi, iqtisadi, mədəni və əxlaqi qüvvələr bu tarixi, köklü, mədəniyyətli, qorxmaz və böyük xalqın üzərində işləyib, onu böyük gücləri heç bir təhlükə ilə təhdid etməyəcək qədər zəif, kiçik, ümidsiz və məyus etdilər. İmam belə bir reallıq qarşısında qaldı. Əlbəttə, bu 170-180 ilin əsas hissəsində İranda İngiltərə, 1963-cü ildən sonra Amerika, ortalarda da Rusiya dövlətinin nüfuzu, rus və ingilis rəqabətləri olmuşdu; Qacarlar dövründə bir cür, Pəhləvi rejimi dövründə isə qat-qat təhlükəli və ağır formada.
Onlar bu xalqa qarşı bacardıqlarını etdilər. Nəticəsi bu oldu ki, imamın qarşısında siyasi baxımdan asılı və tabe olan bir ölkə mövcud idi. O zaman Amerika hökuməti nəyi iradə etsəydi, İranda icra olunurdu, iqtisadi sahədə, neft sahəsində, təyinatlarda, hökumətlərdə - filan hökumət gəlsin, filan hökumət gəlməsin - beynəlxalq münasibətlərdə, xalqa məcburən verilən adət və rəftarlarda, universitet sahəsində istədikləri işi görə bilirdilər. Biz bütünlüklə tabe və asılı, iqtisadi baxımdan da tamamilə istehlakçı və yoxsul idik. Hər şeyi idxal etməli idik. Mən bir dəfə dedim, amma bəziləri inanmadılar; inanın ki, bel dəstəyini bizim ölkəmizə idxal edirdilər, dərzi iynəsini idxal edirdilər, müxtəlif ərzaq məhsullarını idxal edirdilər, sənaye məhsullarını idxal edirdilər. Biz tamamilə istehlakçılıq idik. Yəni bu xalqın, bu istedadların, bu beyinlərin və bu gənclərin öz ehtiyaclarının bir hissəsini özlərinin istehsal etmək qüvvəsi və imkanı yox idi; "xaricə ehtiyacımız yoxdur" - deyə bilmək imkanı yox idi. Ölkəyə bir sənaye, misal üçün, maşınqayırma, yaxud dəmirəritmə sənayesi gətirildikdə çox yarımçıq gətirilirdi, özü də başdan-ayağa asılı şəkildə. Satdıqları mütərəqqi və model cihazların, misal üçün, hərbi təyyarələrin təmirinə icazə vermirdilər. Bu iş xaricdə görülməli idi. İqtisadi baxımdan yüz faiz asılı və istehlakçı, elmi baxımdan təxminən sıfır həddində idik. Bu xalqın yeni dünya elmlərinə dair heç bir təzə sözü yox idi. Universitetlər kəmiyyət baxımından da çox az idi. Pəhləvi rejiminin sonlarında ölkədə indikinin təxminən onda biri qədər tələbə var idi. Əgər bir sinifdə bir dərs deyilsəydi də, hər bir sahədə - istər humanitar elmlərdə, istər texnika və sənaye elmlərində, istər təbii elmlərdə deyilən sözlər digərlərinin sözləri idi, heç bir elmi yenilik yox idi. Milli sərvət sarıdan talanmışdıq; özləri istədiyi qiymətə nefti, mədənləri, hər şeyi aparırdılar. İctimai baxımdan, yoxsul və zənginin vəziyyəti baxımından ölkə çox bərbad vəziyyətdə idi. Bu ölkədə elektrik enerjisi, içməli su və bu kimi imkanlar görməyən, bunlara ümidvar da olmayan minlərlə və bəlkə on minlərlə kənd vardı. Yalnız Tehrana və bir neçə böyük şəhərə baxırdılar, o da bəlli formada. Tehran o zaman dünyanın ən çirkin və ən çirkli paytaxtlarından biri sayılırdı. Təkcə özlərinə qulluq edirdilər, özlərinin harada ayaq yerləri var idisə, orada aeroport da var idi, rifah imkanları da. Amma özlərinə lazım olmayan yerlər ümumiyyətlə başlı-başına buraxılmışdı. Təbəqələr arasındakı fərq özünün pik həddinə çatmışdı.
Əxlaqi baxımdan işləri fəsad yaymaq idi. İnqilabdan öncə - altmışıncı illərin sonlarında və yetmişinci illərin əvvəllərində gənclər üçün etdiyim çıxışlarda dəfələrlə nümunə və faktlar göstərib deyirdim ki, cinsi özbaşınalıq, hicabsızlıq və pozğunluq baxımından bizim ölkəmizdə olan vəziyyət Avropa ölkələrində də yoxdur. Doğrudan da yox idi; mənim məlumatım vardı. Düzdür, Avropa ölkələrində hansısa fəsad mərkəzinin olması mümkün idi. Amma orada xalqın həyat tərzi, misal üçün, qadınların vəziyyəti, geyimi və rəftarı bizim xüsusən bəzi şəhərlərimizin vəziyyətindən yaxşı idi. Əxlaq baxımından xalq müxtəlif bəlalara düçar olmuşdu; təkcə ehtiras məsələlərində yox. Onların vasitəsilə insanların bir-birləri ilə münasibətləri, xalqın etimadı bütünlüklə zədələnmişdi. Qəsdən bu hala salmışdılar. Xalqın həvəssiz, hövsələsiz, ümidsiz olmasını istəyirdilər. Bir xalqı inkişaf etdirən xarakterlər ümid, aktivlik və ciddilikdir. Ümidsiz olan, öz gələcəyindən məyus olan və özünü təhqir edən xalq inkişaf etməz. Hansı məhsulun daxildə istehsal olunduğu deyilirdisə, "dəyəri yoxdur" demək idi. Təhsilli şəxslər və digərləri bir-birinə deyirdilər ki, iranlı palçıq aftaba da düzəldə bilmir. Yəni inkişaf etmiş elmi nəsil də bu ölkənin elmi gələcəyinə ümidsiz idi. Bu, sözügedən əxlaq problemidir.
Biz dünyanın elm və sivilizasiya karvanından geridə, ən mürtəce hökumətlərdən birinə malik idik. Hakimiyyət sülalə hakimiyyəti idi: bir nəfər ölür, hansı yaşda, hansı şəraitdə və hansı xüsusiyyətdə olursa-olsun, xalq onun övladını özünün mütləq hakimliyinə qəbul etməyə məcbur olurdu. Nə elm, nə təqva, nə ağıl - heç bir şey meyar deyildi. Belə bir rejimi İranda konstitusiyaya salmışdılar; Rza xanın çəkmələri və onun məmurlarının iti baxışları altında bu Tehranda qəbul olunmuş konstitusiyaya. İran dünyada xar edilmişdi. Beynəlxalq toplantılarda bir fikir sahibi, bir şəxsiyyət kimi İranın adı çəkilmirdi, digərlərindən sədəqə alan və sınaq yeri olmuşdu. Bəzi iqtisadi və digər nəzəriyyələri burada sınaqdan keçirirdilər ki, görsünlər nəticəsi nə olacaq; maddi baxımdan yoxsul, mənəvi baxımdan yoxsul, siyasi baxımdan yoxsul, şəxsiyyət baxımından yoxsul idi. İmam belə bir cəmiyyət və belə bir ölkə qarşısında qalmışdı.
Burada çox mühüm bir məqam var. O da budur ki, İran xalqı böyük və istedadlı xalqdır. O vəziyyət sonradan yaradılmış bir şey idi. İmamın fəryadı ucalanda xalq hərəkətə gəldi. Düzdür, imamın başladığı gündən bu əzəmətli okeanın dalğalandığı və coşduğu günə qədər on beş il çəkdi - əziyyətli on beş il. Lakin xalq əsil-nəsəbli, köklü, istedadlı, qeyrətli, mədəniyyətli və dindar xalq idi, özünü uyuşdurucu və yuxulu vəziyyətdən xilas edib ayağa qalxa, mübarizə dövründə, xüsusən də son bir-iki ildə öz şəxsiyyətini göstərə bildi. Bu müsbət cəhət idi. Lakin uzun illər bu ölkədə məcburən yaradılan və öz təsirlərini buraxan reallıqlar imamın qarşısında idi. İndi imam bu cəmiyyəti gözəl və ideal formada qurmaq istəyirsə, nə etməlidir? Görün bu nə qədər mühümdür, zarafat deyil. Siz elə bir yerə getmisiniz ki, materiallar var, imkan var, yer var, lakin bina uçulub-dağılmışdır. Bu materiallarla bu yerdə uca, əzəmətli və əbədi bir bina tikmək istəyirsiniz. Hər mühəndis bu işi görə bilməz. Burada həmin əzəmətli kimlik və şəxsiyyət özünü göstərir. İmam bu xalqa, bu ölkəyə, bu səhnəyə və bu materiallara baxdı. O, İslamı tanıyırdı, İslam amallarını və İslam hökmlərini də bilirdi. İslam materialları və bu xalqın əli ilə əzəmətli, müstəqil, başıuca, xoşbəxtliyə və inkişafa aparan və keçmişin nöqsanlarını düzəldən bir hökumət qurmaq istəyirdi. O bu xalqda hər şeydən çox nəyə diqqət yetirməli idi? Prioritet nə idi?
Tehranın cümə namazı xütbələrindən: 1999.
Dostları ilə paylaş: |