Birinci bölmə: Ümumi hissə
Birinci fəsil: Fələstin məsələsinin əhəmiyyəti
Fələstin məsələsi - İslam dünyasının ən mühüm məsələsi
Fələstin məsələsi İslam dünyasının ən mühüm məsələsidir. İslam dünyasında heç bir beynəlxalq məsələ bundan üstün deyil. Çünki Fələstin və Qüds torpaqlarını işğal edənlərin İslam ümmətinin bu hissəsinə hökmranlığı İslam dünyasında bir çox nöqsan və problemlərin mənşəyi olmuşdur.4
Peyğəmbərin müqəddəs ruhunun uca aləmlərdə Fələstin məsələsinə görə qəmgin olması
Bu gün İslam cəmiyyətinin bədənində dərdli və dərin bir yara var. Burada oxunan ayə İslamın əziz Peyğəmbəri barədədir: “O sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!“5 Bu gün İslam dünyasının, ən böyük hissəsi Fələstin məsələsindən ibarət olan dərdi Peyğəmbərin müqəddəs ruhunu incidir. Bu gün Fələstin xalqının düşdüyü vəziyyətə görə Peyğəmbərin müqəddəs ruhu ilahi yaradılışın uca aləmlərində qəm-kədər içindədir. Bunun əlacı nədir? Çalışmaq və mücahidlikdir.6
Görün hegemonizm necə dişlə, caynaqla, qaniçənliklə və insaniyyətdən uzaq rəhmsizliklə dayanmışdır. Əgər bacarsa, özünün hegemon istəkləri üçün İslam xalqlarını və onların arzularını tapdayar. Bu gün Fələstin məsələsi İslam dünyasının ən böyük problemlərindən biridir və gələcəkdə də olacaq. Bir xalqı öz evindən, yaşayışından, ölkəsindən və torpağından didərgin salıb yerində muzdur və xəbis işğalçını oturtmaq məgər zarafatdır?! Ona hər növ kömək edir, bütün cinayətlərinə don geyindirirlər. Onun qolları dirsəyə qədər qana batıb. Bunlarla qane olmayıb müsəlmanlardan və ev sahiblərindən imza almaq istəyirlər ki, bu ev o işğalçıya məxsusdur və ev sahibinin bunda heç bir hüququ yoxdur. Bu işi görmək istəyirlər.7
İslam dünyasının ən təcili problemi
Bütün İslam dünyasında olan əziz qardaş və bacılar! Təcrübələrdən dərs alaq. Bizim böyük ümmətimiz bu gün İslam oyanışı sayəsində böyük qüdrətə malikdir. İslam ölkələrinin çoxlu problemlərinin həllinin açarı bu möhtəşəm toplumun iradə və birliyindədir. İslam dünyasının ən təcili problemi isə Fələstin problemidir.8
Bəşəriyyətin böyük müsibəti
Fələstin məsələsi indiki bəşəriyyətin böyük müsibətlərindən biridir. İnsana və insan haqlarına dair duyğusu olan və məzlum insanları müdafiədən dəm vuran hər kəs bu məsələ qarşısında iddialı olmalı, bunu öz problemi bilməlidir. Bəlkə də demək olar ki, Fələstin hadisəsi və müsibəti tarixdə bənzəri az olan hadisələrdəndir. Bizim bildiyimiz qədərincə, bir xalqa qarşı bu şəkildə böyük faciə tarix boyu az olmuşdur.
Siz insani faciələrdən hansını təsəvvür etsəniz, Fələstin faciəsində mövcuddur: günahsız insanlar öldürmək, didərgin salmaq, evsiz-eşiksiz qoymaq, işgəncə, əzab, həbs, sürgün, insan məqamına hörmətsizlik, bir xalqın bəşəri sərvətlərini məhv etmək, bir xalqa qarşı təzyiq, zülm, repressiya və qadağalar. Bəşəriyyətin qəlbini yaralayan və matəmə salan bütün bu müsibətlər son 45 ildə Fələstində həyata keçmişdir.
İnsan hüquqlarını müdafiədən dəm vuran şəxslər doğru deyirlərsə, gərək Fələstin xalqının hüquqlarından danışsınlar. Siz son 45 ildə Fələstin xalqı qədər işgəncə görən, əzab çəkən, əzizlərini əldən verən, hüquqları tapdanan bir xalq tanıyırsınızmı?! Necə olur ki, bu faciələrin biri dünyanın bir tərəfində bir qrup insana qarşı baş verdikdə insan hüquqlarının müdafiəçisi olduqlarını iddia edən şəxslər sinələrini sipər edir, danışır və addım atırlar, lakin Fələstin xalqına qarşı bütün bu faciələri görməzliyə vururlar?!9
Beytülmüqəddəsin əhəmiyyəti
Fələstin məsələsinin kənarında Beytülmüqəddəsin də böyük əhəmiyyəti var. Bu gün sionistlər tərəfindən bu müqəddəs şəhəri işğal etmək, udmaq və ondakı İslam əsərlərini məhv etmək üçün ceşidli təxribatlar aparılır. Lakin bu şəhər bütün müsəlmanlara məxsusdur və Qüdsün hamısı bütün Fələstinin paytaxtıdır. Müsəlmanlar düşmənlərin mənfur planlarının həyata keçməsinə qoymayacaq və onlarla mübarizə aparacaqlar.10
Fələstinin İslam dünyasının birinci problemi olmasına dəlillər
Bu gün Fələstin məsələsi İslam dünyasının birinci problemidir. Bu gün bütün İslam ümməti, xüsusən də bizim xalqımız və ölkəmiz kimi yaxın ölkələr bilməlidirlər ki, həm Fələstinə hakim olan, onu işğal edən sionistlər, həm də onların müdafiəçiləri Fələstin daxilindəki hadisələri işğalçı İsrail dövlətinin daxili məsələsi kimi göstərməyə çalışırlar. Lakin əsla belə deyil. Əgər Fələstin daxilində bir nəfər də qiyam etməsəydi belə, Fələstin məsələsinin özünə görə İslam dünyası sionistlərlə və onların müdafiəçiləri ilə düşmən olmalı idilər. İndi isə Fələstin xalqı da qiyam etmiş və özləri ayıq şəkildə meydana qoşulmuşlar.
Fələstin iki cəhətdən İslam dünyasının problemidir: Biri buna görə ki, Fələstin İslam torpaqlarının bir hissəsidir. İslamın bütün böyük məzhəbləri arasında heç bir fikir ayrılığının görünmədiyi və bütün fəqihlərin yekdil olduğu bir məsələ budur ki, əgər İslam torpaqlarının bir hissəsi İslam düşmənləri tərəfindən alınsa və ona İslam düşmənləri hakim olsalar, hamı o hissəni İslam torpaqlarına qaytarmaq üçün çalışmağa borcludur. Odur ki, dünyanın hər hansı bir yerində olan müsəlman xalqlar bunu özlərinə vəzifə bilməlidirlər. Sözsüz ki, çoxları bir iş görə bilmirlər. Amma kim bacarsa və necə bacarsa, çalışmalı və addım atmalıdır. Məhz buna görə siz görürsünüz ki, Böyük İmamın hər ilin ramazan ayının son cüməsinə təyin etdiyi Qüds Gününü bütün İslam dünyası yaxşı qarşılayır. Siz görəcəksiniz ki, Allahın lütfü və yardımı ilə bu il Qüds Günü bütün İslam dünyasında daha izdihamlı və təntənəli keçəcəkdir.
İkinci cəhət budur ki, ümumiyyətlə, yəhudi, daha doğrusu, sionizm dövlətinin İslam dünyasının bu nöqtəsində qurulması hegemonizmin uzunmüddətli bir məqsədilə həyata keçdi. Bu dövlət İslam dünyasının təxminən ürəyi olan həssas nöqtədə quruldu, İslam qərbini - yəni Afrikanı İslam şərqinə birləşdirir, Asiya, Afrika və Avropa arasında üç yolayrıcını təşkil edir. Bu dövlətin belə yerdə qurulması ozamankı müstəmləkəçilərin – birinci növbədə İngiltərə dövlətinin İslam dünyasına hökmranlığının davam etdirilməsi üçün lazım idi; yəni nə zamansa qüdrətli bir İslam dövləti yaransa, müstəmləkəçilərin, İngiltərənin, Fransanın və digərlərinin regiondakı nüfuzunun qarşısını ala bilməsinlər. Buna görə özlərinə bir baza düzəltdilər. Tarixi sənədlərə görə, orada sionizm dövləti qurmaq yəhudi xalqının arzusundan çox İngiltərə dövlətinin müstəmləkəçi istəyi idi. Bəzi sübutlar var ki, o zaman bir çox yəhudilər bu dövlətə ehtiyaclı olmadıqlarını və bunun onların xeyrinə olmadığını düşünüb uyğun təşəbbüsü dəstəkləmirdilər. Odur ki, bu bir yəhudi arzusu və ideyası deyildi, daha çox müstəmləkə və ingilis ideyası idi. Əlbəttə, sonralar dünya siyasətinin və hegemonizmin öncüllüyü ABŞ vasitəsilə İngiltərədən alındıqda, bu da müstəmləkə mirasının tərkib hissəsi kimi ABŞ-a çatdı. Amerikalılar da maksimum istifadə etdilər və indi də edirlər. Bu baxımdan, Fələstinin xilası və işğalçı sionizm dövlətinin məhvi region xalqlarının, o cümlədən, bizim əziz ölkəmizin maraqları ilə əlaqədardır. İnqilabın ilk günündən sionistlərə qarşı mübarizəni proqram seçənlər bu məqsədlə bu işi gördülər. Bu proqram ölkənin maraqlarına, İslam Respublikasının və İran xalqının ümumi maraqlarına uyğun seçilmişdir. Digər ölkələrdə də belədir. İslam ölkələrinin bütün aydın insanları, bütün azad siyasətçiləri, əlləri ABŞ hegemonizminin hənası ilə rənglənməyən bütün şəxslər İsraillə mübarizə aparmalı olduqlarını düşünür, bunu ölkələrinin maraqlarından sayırlar.11
İslam dünyasının ən mühüm məsələsi
Demək olar ki, bu iclas İslam dünyasının ən mühüm məsələsini araşdırır. Həqiqətən, bu gün müsəlmanların həyatında və İslam üfüqlərində heç bir məsələ Fələstin qədər əhəmiyyətli deyil. Qırx ildən artıqdır ki, müsəlmanları tədricən öz evlərinin bir hissəsinin işğalına vərdiş etdirmişlər. Təkcə müsəlmanların evini işğal etmək deyil, məsələ daha böyükdür. Məsələ bundan ibarətdir ki, İslamın beynəlxalq düşmənləri müsəlmanların evinin bir hissəsini onlara hücum etmək, onların istək və hərəkətlərinə qarşı mübarizə aparmaq üçün səngərə çevirmişlər.
Təəssüf ki, İslam dünyasında imkanı olanlar və bu barədə təsirli qərar çıxara bilənlər dildə olmasa da, əslində, onu unutmuşlar. Biz özümüzə gəlsək, görərik ki, bu, son dövrlərdə müsəlmanlara yönəlmiş ən böyük bəladır.12
Beytülmüqəddəs - əsas mərkəz
Əqsa intifazəsinin - qiyamının əsas mərkəzi Beytülmüqəddəsdir. Yəni Fələstin xalqının qəzəbinin partlamasına səbəb olan qığılcım sionistlərin Əqsa məscidinə hörmətsizliyi oldu. Fələstin xalqı müsəlmanların ən müqəddəs dini məkanlarından birini qorumaqda üzərlərinə düşən böyük missiyanı dərk edib səhnəyə çıxdı və sionist işğalçılar əleyhinə fədakarcasına müqavimət və mübarizənin müqəddəs məşəlini yandırdı.13
İslam oyanışının əsas mərkəzi
İranda İslam inqilabının qələbəsindən və son iki onillikdə İmam Xomeyni düşüncələrinin yayılmasından sonra İslam regionunda var qüvvəsi ilə İslam oyanışı hərəkatı başlanmışdır. Bu gün bu hərəkatın əsas mərkəzi Fələstin məsələsidir. Əqsa məscidi intifazəsi hətta Fələstinin coğrafi sərhədləri xaricində və Fələstin xalqından bayırda bütün müsəlman və ərəb xalqlarını səhnəyə çıxara bildi. İslam dünyasının qərbindən şərqinə qədər hər yerdə müsəlman xalqların milyonluq yürüşləri göstərdi ki, Fələstin xalqı onların dəstəyinə arxalana və eyni zamanda müsəlmanların birliyinin yaranmasında böyük rol ifa edə bilər.
Livanın qəhrəman insanlarının iradəsi və mərhum imamın tövsiyə və himayəsi ilə Livanda İslam müqaviməti formalaşanda İsrail Beyrutu - yəni Livanın paytaxtını işğal etmiş və bu ölkənin siyasi taleyini caynağına keçirmişdi. O zaman İslam müqaviməti “Qüdsə doğru irəli” devizini ucaldanda bəzi nadanlar onları sadəlövh adlandırıb tənə ilə soruşurdular ki, siz livanlılar öz ölkənizin paytaxtına girməyə qadir olmadığınız təqdirdə Qüdsə doğru necə gedə bilərsiniz?! Həmin tarixdən İslam müqavimətinin İsrail üzərindəki tarixi qələbəsinə qədər yalnız 18 il sürdü. Yəqin təsdiq edərsiniz ki, xalq mübarizələri tarixində 18 il çox zaman deyil.14
Bugünkü bəşəriyyətin ən mühüm problemi
Bu günün ən mühüm problemi son yarım əsrdə həmişə İslam dünyasının və bəlkə də bəşəriyyətin ən mühüm problemi olmuş Fələstin məsələsidir. Burada söhbət bir xalqın əzablarından, didərginliyindən, məzlumluğundan, bir ölkənin işğalından, İslam dünyasının ürəyində, şərq və qərbinin bir-birinə qovuşduğu nöqtədə xərçəng vəzisinin yaradılmasından, müsəlman Fələstin xalqının ardıcıl iki nəslini əhatə edən zülmdən gedir. Bu gün Fələstin torpağında xalqa arxalanan qanlı İslam qiyamı vicdansız, insaniyyətdən uzaq və cinayətkar işğalçılara həqiqi və ciddi təhlükəni xatırladır. Bu baxımdan, düşmənin üsulları həmişəkindən daha mürəkkəb və daha xəbərdaredicidir. Bütün dünya müsəlmanları bu məsələni daha ciddi saymalı, onun üçün düşünməli və çalışmalıdırlar.15
Fələstin və onun azadlığı barədə müzakirənin məqsədi
Fələstin məsələsində məqsəd Fələstinin xilasıdır; yəni İsrail dövlətinin məhvi. 1988-ci ildən öncəki torpaqlarla sonrakı torpaqlar arasında fərq yoxdur. Fələstin torpağının hər bir qarışı müsəlmanların evinin bir qarışıdır. Fələstin ölkəsində Fələstin xalqının və müsəlmanların hakimiyyətindən başqa hər hansı hakimiyyət işğalçıdır. Söz böyük və mərhum imamın buyurduğudur: “İsrail məhv olmalıdır!” Fələstin yəhudiləri İslam dövlətini qəbul edirlərsə, orada yaşasınlar. Söhbət antisemitizmdən getmir, müsəlmanların evinin işğalından gedir. Müsəlmanların başçı və rəhbərləri qlobal güclərin təsiri altında olmasaydılar, bu mühüm məsələni həll edə bilərdilər.16
İslamın bir parçası
Onlar işğal olunmuş Fələstinin bu üç həftədəki vəziyyətindən, gənclərin qiyamından, kişi və qadınların cəsarətindən, məzlum və qəzəbli xalqın uca iradəsindən çox qəzəblənmişlər və günahı daim onun-bunun boynuna atmaq istəyirlər. Xeyr, Fələstin qiyamının amili İslam Respublikası deyil, Livan xalqı deyil, fələstinlilərin özləridir. Fələstin qiyamının, intifazəsinin amili bu gün ümid və həvəslə meydana çıxmış bu gənc nəslin vücudunda qalaqlanmış əzab və qüssələrdir. Biz təbii ki, onları alqışlayırıq. Biz onları özümüzdən bilirik. Biz Fələstini İslam dünyasının bir parçası sayır, Fələstin xalqı, Fələstin gəncləri ilə qardaşlıq və doğmalıq duyuruq. Lakin intifazəni edən onlardır.17
Fələstin məsələsinin həll olunmaması
Onlar Fələstin xalqının və Fələstin ölkəsinin bitdiyini düşünməkdə səhvə yol verdilər. Fələstin yaşayır, Fələstin xalqı yaşayır. Bunun kənarında böyük bir işğal da mövcuddur. Dünyanın müxtəlif yerlərindən bir dəstəni toplayıb qondarma və yalançı bir xalq yaradıb, ona ad da qoyub, güc vasitələri ilə də təmin ediblər. Lakin Fələstin nəsli haqlı olaraq, bütün vücudu ilə dərk edir ki, bu qondarma varlıq bütün beynəlxalq hamilərinə rəğmən, məğlubedilməz deyil. Odur ki, meydana atılmışdır.
Dövrün mühüm məsələsi
Bu dövrün mühüm məsələsi Fələstindir. Böyük Fələstin və Beytülmüqəddəs intifazəsi davam edir. Fələstin xalqını özünün qəti haqqını tələb etməkdən zorla daşındıra biləcəklərini güman edən şəxslər səhv etmişdilər. Onlar Fələstin xalqını bu yoldan döndərə bilmədilər və bilməyəcəklər. Susdurmaqla, təzyiqlə və qorxutmaqla bu nəsli bir neçə gün məcburi sükuta vadar edə bilərlər, lakin sionistlərin işğal olunmuş Fələstin torpağında bundan sonra rahat hökmranlıq edəcəklərini düşünmələri heç zaman gerçəkləşməyəcək şirin röyadır.18
Fələstinin qeyri-fələstinlilərin taleyi ilə əlaqəsi
Fələstin məsələsi zarafat və başdansovdu bir şey deyil, bu gün İslam dünyasının ən əsas məsələsi və bütün İslam dünyasında qeyri-fələstinlilərin taleyi ilə əlaqəlidir. İslam ölkələrinin məmurları düşünməsinlər ki, Fələstin xalqını düşmənlərinin qanlı caynağında buraxsalar, İsrail onları udandan və həzm edəndən sonra – sözsüz ki, belə bir şey heç zaman baş verməyəcək - müsəlman hökumətləri rahat buraxacaq.19
Həcc İslam dünyasının diqqətini onun böyük məsuluyyətinə yönəldə bilər. Həcc İslam xalqlarını başa sala bilər ki, səhnədə olmaq və bu hadisədə qətiyyətli mövqe bildirmək onların öz maraqları ilə əlaqədardır. Bəzi adamlar elə bilirlər ki, Fələstin xalqını müdafiə etmək ölkələrin milli maraqlarından xaricdir. Bu, çox böyük səhvdir. Bir müsəlman xalq digər xalqlara arxalanmasa və onlar tərəfindən müdafiə olunmasa, asanlıqla düşmənin hücumuna məruz qalar. Əgər İslam dünyası birləşsəydi, bir xalq bu şəkildə məzlum olmazdı. Bu taleyin digər müsəlman xalqlar üçün də yaşanması mümkündür. Necə ki, bəzi yerlərdə yarandığını gördünüz. İslam birliyi İslam dünyasının və region xalqlarının düşmənlərinin və beynəlxalq soyğunçuların işini çətinləşdirir, onların istədikləri, seçdikləri və məsləhət gördükləri kimi bir müsəlman ölkəsinə və xalqına hücum etmələrinə icazə vermir. Deməli, İslam dünyasının Fələstin xalqını müdafiəsi əslində, İslam dünyasının müsəlman ölkələrinin hər birini müdafiə etməkdir. Bu onların hamısının xeyrinədir. Bu, kiçik məsələ deyil. Həcc onlara bu dərki, birliyi, əzmkarlığı və qərarı verir. Buna əsasən, həcc məsələsindən və Allahın bu böyük vacib əməlinin bütün imkanlarından dünya müsəlmanlarının və bütün İslam ölkələrinin vəziyyətinin yaxşılaşması üçün istifadə etmək çox önəmlidir. Bu sahədə nə qədər işləmək, çalışmaq və xidmət göstərmək mümkün olsa, dəyərlidir.20
İslamla müharibə
Bu gün aydın şəkildə görmək olar ki, bir hissəsi əleyhinə yox, bütün İslam ümməti əleyhinə böyük və hərtərəfli bir müharibə başlamışlar. Bu müharibənin həm iqtisadi, siyasi, mədəni, hərbi və təhlükəsizlik tərəfləri var, həm də bugünkü nəhəng təbliğat imkanlarına malikdir. Bu gün sizin Fələstində, İraqda, yaxud Əfqanıstanda müşahidə etdikləriniz təkcə bir xalqın əleyhinə müharibə deyil. Əgər Fələstinlə vuruşurlarsa, əslində, bu regionda İslamın varlığı ilə vuruşurlar. Əgər sionizm rejimini bütün vücudları ilə dəstəkləmək və gücləndirmək istəyirlərsə, İslam dünyasının birliyini və onun qüvvəsini böyük maneə ilə üz-üzə qoymaqdan ötrüdür. İslam dünyasının işğalında dalanlardan biri Fələstin, biri İraqdır. Onlar İslam dünyasını ələ keçirmək istəyirlər.21
Fələstinin müsəlmanların yadından çıxmaması
Fələstin və şanlı Qüds məsələsi elə məsələlərdən deyil ki, İslam dünyası onu unuda bilsin. Əgər nə zamansa Fələstin torpaqlarını işğal edənlər və onların beynəlxalq hamiləri Fələstin adını və Fələstin xalqını unutdura biləcəklərini düşünürdülərsə də, o gün daha arxada qaldı. Bu gün Fələstin xalqı bütün vücudu, bütün iradəsi ilə müqavimət meydanında dayanmışdır. Bu, Qüds işğalçılarının Fələstinin böyük və əhəmiyyətli mövqeyini əlli il öncədən daha artıq hiss etmələrinə səbəb olmuşdur. O gün onlar təsəvvür edirdilər ki, Fələstin yaddan çıxmış və unudulmuş bir yerdir. Fələstinin adını "xalqsız torpaq" qoyurdular. Əlbəttə, bu xam xəyalın yaranmasına bəzi səhlənkarlıqlar da kömək etmişdi. Bu gün belə deyil. Bu gün Fələstin xalqı möhkəm dayanmışdır. Müsəlman xalqların qəlbi də şanlı Qüds torpaqlarına və bütün Fələstin ölkəsinə qarşı İslam qeyrəti və təəssübü ilə doludur. Və İslam dünyası Fələstini heç zaman unutmamalıdır.22
İkinci fəsil: İslam Repsublikası və Fələstin məsələsi
Siyasi strategiya yox, etiqad məsələsi
İslam Repusblikasında Fələstin məsələsi bizim üçün bir taktika və ya siyasi strategiya deyil, etiqad, ürək, iman məsələsidir. Odur ki, bizimlə xalqımız arasında bu sahədə heç bir fərq yoxdur. Bizim Fələstin məsələsinə önəm verdiyimiz qədər xalqımız da - Fələstin məsələsinin nə olduğunu bilənlər, yəni xalqımızın böyük əksəriyyəti və bəlkə də hamısı eyni fikirdədir. Siz görürsünüz ki, Qüds Günündə inqilabımızın qələbəsinin ildönümündə olduğu kimi yürüşə çıxır, eyni duyğuları bildirirlər. Qüds Günündə də xalq ölkənin bütün böyük və kiçik şəhərlərində, kəndlərində xiyabanlara çıxır. Hava isti olsa da, soyuq olsa da, öz iştiraklarını və hisslərini göstərirlər.23
Bu münasibətlər, bu təhlillər və bu baxış nədən irəli gəlir? Əgər mən, İslam Respublikası quruluşu və İslam Respublikasındakı qərar mərkəzləri bu mövqeni seçir və elan ediriksə, bu? nədən irəli gəlir? Sırf siyasi bir baxışdanmı irəli gəlir? Xeyr, bu, din baxışından irəli gəlir.24
Deyirlər nə üçün İran Bəhreyn xalqını müdafiə edir. Biz hamını müdafiə etmişik. Biz 32 ildir Fələstin xalqını müdafiə edirik. Hansı ölkə, dövlət və xalq bu 32 ildə bu qədər müdafiə edib?! Məgər Fələstin xalqı şiədir?! Qəzzə üçün xalqımız nə qədər çalışdı! Bizim gənclərimiz hava livanına getdilər ki, Qəzzəyə yollansınlar. Qəzzəyə gedib İsrail əleyhinə vuruşmaq istəyirdilər, elə bilirdilər yol açıqdır. Yol bağlı idi və getmək olmazdı. Biz dedik ki, getməyin; qarşılarını aldıq ki, yolda sərgərdan qalmasınlar. Yol bağlı idi. Bizim xalqımız Qəzzəyə, Fələstinə, Misirə, Tunisə qarşı hər yerdə yaxşı münasibətini bildirib. Onlar ki, şiə deyildilər. Buna əsasən, söhbət şiə və sünni söhbəti deyil. Bədxah və xəbis adamlar Bəhreyn məsələsini şiə və sünni məsələsi kimi göstərməyə çalışırlar.25
Quruluşun ümumi siyasəti
39 - Aşağıdakı məsələlərə təkidlə milli təhlükəsizliyin möhkəmləndirilməsi və milli maraqların təmini məqsədilə regionda və beynəlxalq miqyasda İran İslam Respublikasının qüdrətinin, rolunun və mövqeyinin ucaldılması:
...39-6- Müsəlmanları və məzlum xalqları, xüsusən də Fələstin xalqını müdafiə.26
İranın qələbəsinin təkmilləşməsi
Biz Fələstin probleminin həllinin böyük güclərin diktə etdiyi yollarda olduğunu düşünmürük. Fələstin yarasının dərmanı yalnız sionizm dövlətindən ibarət xərçəng vəzisinin qoparılmasıdır və bu tamamilə mümkündür. Müsəlmanlar həcdə bu məsələ barədə düşünüb öhdəlik götürsünlər, bu yolda şüar və əməlin hər ikisini işlətsinlər. İran xalqı həmişəki kimi özünü fələstinli mübarizlərin yanında bilir və Fələstinin qələbəsi olmadan öz qələbəsini yarımçıq sayır.
Böyük və mərhum imam İranda mübarizənin başlandığı ilk gündən həmişə Fələstin məsələsinə öz amallarının başında yer verdi. Vəfatından sonra da siyasi və ilahi vəsiyyətnamədə bizimlə və dünyanın bütün müsəlmanları ilə o haqda danışdı. Bu, qəti bir vacib əməldir. Siz hacıların da üzərinə həmin vəzifə düşür. Əgər hamımız vəzifəyə əməl etsək, İslam bədəninin dərin yarası inşallah, sağalacaq. Allah bizimlədir!27
İmamın xətti
Mən imamın xətti adlandırdığımız və onun səmərəli həyatının on ilində İslam Respublikası quruluşunun hərəkətinin səciyyəsi olmuş bu xəttin, bu istiqamətin xüsusiyyətləri haqda başlıqları deyirəm: İmamın xətti - yəni ümmət imamının hakimiyyət üsulu, İslam Respublikası quruluşunu izah edən məsələ. İslam Respublikası müxtəlif xətlərlə reallaşa bilər. Bu xətləri düzgün səmtə yaxınlaşdıran, həm də imamın qəbul etdiyi və etiqad bəslədiyi amillər aşağıdakılardır:
...8. Qüdsü işğal etmiş işğalçı sionizm rejimi ilə mübarizəyə xüsusi diqqət. İsraillə mübarizənin imamın məntiqində, siyasi xəttində xüsusi yeri vardı. Ümmət imamının baxışında müsəlman xalqlar üçün güzəştə getməyin əsla mümkün olmadığı məsələlərdən biri də sionistlərlə mübarizə idi. Çünki Böyük İmam bu qəddar rejimin dağıdıcı rolunu inqilabdan illər öncə tam dərk etmişdi.
Biz zülmə, hegemonluğa və xalqlara qarşı təzyiqə müxalifik, böyük güclərin zorakılığına və hegemonluğuna qarşı çıxırıq. Biz İsraillə sazişə qarşıyıq. Biz məzlum Fələstin xalqını bütün imkanlarla müdafiə edirik, sionistlərin təzyiqi altında qalmış Livan xalqını müdafiə edirik. Biz ayıq İslamı və dünyanın hər hansı bir yerində İslam kimliyinə qayıtmış xalqları müdafiə və himayə edirik. Bu gün Şərq gücünün dağılıb məhv olmasından sonra ABŞ dünyada rəqibsiz böyük güc olmuş və qürura uğramışdır. Onlar böyük bir səhvə düçar olmuşlar: elə bilirlər ki, dünyanı öz istək və iradələrinə uyğun idarə edə biləcəklər. Onların dünyaya təklif etdikləri yeni düzən ABŞ-ın, ondan sonra da digər güclərin mərkəzliyi, bütün dünyaya, bütün ölkələrə, bütün xalqlara, dünyanın bütün mühüm qaynaqlarına, bütün həssas su yollarına hökmranlığı deməkdir. Onlar elə bilirlər ki, dünyanın taleyi öz əllərindədir. Bu gün daha qarşılarında Şərq bloku və keçmiş SSRİ olmayan hakim güclər elə bilirlər ki, dünya və onun siyasəti bütövlükdə onların əlində olmalıdır. Onlar bu yolda hər bir maneə ilə mübarizə aparırlar.28
İmamın hərəkatının qlobal olması
İmamın xəttinin aydın nöqtələrindən daha birisi hərəkatın qlobal olmasıdır. İmam hərəkatı qlobal sayır və bu inqilabın bütün müsəlman, hətta qeyri-müsəlman xalqlara məxsus olduğunu deyirdi. İmam bundan çəkinmirdi. Bu, ölkələrin işlərinə qarışmaq deyil. Biz bunu etmirik. Bu, inqilabı dünənki müstəmləkəçilərin üsulu ilə ixrac etməkdən fərqli bir şeydir. Biz bu işi görmürük, belə adamlar deyilik. Bunun mənası odur ki, bu ilahi hadisənin gözəl ətri dünyaya yayılmalı, xalqlar vəzifələrinin nə olduğunu anlamalı, müsəlman xalqlar kimliklərinin necə və harada olduğunu bilməlidirlər. Bu qlobal baxışın bir nümunəsi imamın Fələstin barədə mövqeyidir. İmam açıq-aşkar buyururdu ki, İsrail xərçəng vəzisidir. Xərçəng vəzisini nə edirlər?! Vəzini kəsməkdən başqa müalicə yolu varmı?! İmam heç kəsdən çəkinmirdi, məntiqi bu idi.29
İnqilabın fələstinlilərdə ümid yaratması
Bu inqilab İslam və ərəb dünyasında ümid oyatdı. Bizim inqilabımız qələbə çalanda ərəb və İslam dünyası ümumi şəkildə bir durğunluq, sükut və ümidsizlik halında yaşayırdı. Sionistlər öz işlərini görmüş və hamını qorxutmuşdular. Heç bir xalq ümid qapısının açılacağını güman etmirdi. Birdən möhtəşəm qurtuluş darvazası açıldı və xalqlar ümidləndilər. Sionistlər Fələstini yediklərini və işin bitdiyini güman edirdilər. Amma siz baxın, bu gün Fələstin xalqı bütün vücudu və bütün qüvvəsi ilə səhnədədir, çoxlu təzyiqlərə rəğmən, möhkəm dayanmışdır. Bu yalnız İsrailin məğlubiyyəti deyil, həm də ABŞ-ın və dünyaya hakim olan bütün sionist qüvvələrin məğlubiyyətidir. Fələstin ərazisində mühasirə olunmuş silahsız bir xalq onların hamısını aciz qoymuşdur. Livan xalqını oyadan amil bu ümidvarlıq hissi idi. Bizim inqilabımızın baş verdiyi günlərdə Livanda qovğa idi, sionistlər istədikləri işi görürdülər: hücum edirdilər, öldürürdülər, təcavüz edirdilər, təyyarələri Livan səmasına gəlib-gedirdi, sanki öz ölkələrinin səmasıdır. Əvəzində Livan təşkilatları bir-birinin canına düşmüşdülər. İnqilabın qələbəsinə yaxın mərhum Doktor Çəmrandan iki saatlıq bir kaset gətirmişdilər. Mən Məşhəddə onu dinlədim. Özü Livanda idi və orada Livan xalqının faciələrinin təfərrüatını izah edirdi. İndi Livan xalqı elə bir həddə çatmışdır ki, sionistlərin bu regiona gəlmələrindən bu yana İsrailə heç bir ərəb dövlətinin vurmadığı zərbəni vurur. İki il öncə onları geri çəkilməyə məcbur etdilər. Bir neçə həftə öncə də sionistlərin qarşı çıxmasına rəğmən, özlərinin bir neçə yüz məhbusunu azad etdilər, qüdrətlə bayram keçirdilər. Əgər bir xalqın qəlbində ümid olmasa, bu hallar qarşıya çıxmaz. Bu ümidi siz verdiniz. Bu gün bu ümidlər bütün İslam və ərəb dünyasında nəzərə çarpır.30
Dostları ilə paylaş: |