Təsdiq edilmişdir 1 nömrəli əlavə Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi qaydalari



Yüklə 275,86 Kb.
səhifə10/14
tarix07.01.2017
ölçüsü275,86 Kb.
#4941
1   ...   6   7   8   9   10   11   12   13   14

təsdiq edilmişdir
8 nömrəli əlavə
Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert

şuralarının
ƏSASNAMƏSİ


  1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatları üzrə ixtisaslaşdırılmış ekspert şuralarının fəaliyyətini müəyyən edir.

1.2. Mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra – MBGE) mühafizəsi və səmərəli istifadəsi sahəsində elmi tədqiqat və elmi-təşkilati fəaliyyətləri ölkə səviyyəsində gücləndirmək və əlaqələndirmək, müasir elmi nailiyyətlərin öyrənilməsi və tətbiqi işini sürətləndirmək, müəyyən elmi istiqamətlər üzrə ölkənin aparıcı ekspertlərini səfərbər etmək, MBGE-nin toplanması, qorunub-saxlanması, bərpası, mübadiləsi, öyrənilməsi və səmərəli istifadəsi (bundan sonra – MBGE fəaliyyətləri) işinin daha səmərəli idarə olunmasına kömək etmək məqsədi ilə MBGE üzrə Elmi-Texniki Şuranın (bundan sonra – Elmi-Texniki Şura) nəzdində MBGE-nin öyrənilməsinin müəyyən istiqamətləri üzrə alim və yüksəkixtisaslı mütəxəssislərdən ibarət ixtisaslaşdırılmış ekspert şuraları (bundan sonra - ekspert şuraları) yaradılır.

1.3. Ekspert şuraları MBGE üzrə ümumi tədqiqat istiqamətləri və müəyyən məqsədlər (məsələn, biotexnoloji tədqiqatlar, mədəni bitkilərin yabanı əcdadları (MBYƏ), MBGE-nin fermer təsərrüfatları ilə birgə (on-farm) mühafizəsi və tədqiqi, MBGE-nin inventarlaşdırılması və sənədləşdirilməsi və s.) üzrə yaradılır.

1.4. Ekspert şuralarının üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

1.5. Ekspert şuralarının toplantıları Milli Əlaqələndirici İnstitut tərəfindən təşkil edilir.

1.6. Ekspert şuralarının fəaliyyətinə Elmi-Texniki Şura rəhbərlik və nəzarət edir.

1.7. Ekspert şuraları öz fəaliyyətlərini bu Əsasnaməyə, Elmi-Texniki Şuranın müəyyən etdiyi istiqamətlərə və tapşırıqlara uyğun olaraq qurur.


Ekspert şuralarının fəaliyyət dairəsi
2.1. Ekspert şuraları öz iclaslarında aşağıdakı məsələlərə baxır:

2.1.1. MBGE-nin elmi tədqiqat istiqamətləri üzrə başlıca milli prioritetlərin müəyyənləşdirilməsi, iş planlarının hazırlanması;

2.1.2. səlahiyyətlərinə uyğun sahələrdə elmi tədqiqat işlərinin nəticələrinin ümumiləşdirilməsi;

2.1.3. MBGE-nin mühafizə strategiyalarının hazırlanması, in situ (həmçinin, on-farm) şəraitində mövcud vəziyyətin qiymətləndirilməsi, ex situin situ inventarlaşdırma və sənədləşdirmənin aparılması;

2.1.4. MBGE-nin milli genefondunun, xüsusilə nadir və itmək təhlükəsində olan növlərin qorunması, tədqiqi və məlumat bazalarının yaradılması üzrə layihələrin və fəaliyyət planlarının hazırlanması, müzakirəsi və təqdim edilməsi;

2.1.5. MBGE üzrə tədqiqat işlərinə, layihə və proqramlara rəy verilməsi, tövsiyə və hesabatların hazırlanması;

2.1.6. MBGE üzrə elmi-metodiki vəsaitlərin, kitabların çapa hazırlanması və ya təklif edilməsi.

2.2. Ekspert şuraları elmi tədqiqat və təhsil müəssisələrinin, dövlət qurumlarının MBGE üzrə qaldırdığı problemləri müzakirəyə qəbul edir, rəy və təkliflər hazırlayır.

2.3. Ekspert şuraları MBGE üzrə elmi tədqiqatların nəticələrini ümumiləşdirərək dərc etdirir.
Ekspert şuralarının tərkibinin formalaşdırılması
3.1. Ekspert şuralarının tərkibi Elmi-Texniki Şura tərəfindən müvafiq elmi tədqiqat istiqamətlərində fəaliyyət göstərən aparıcı alim və mütəxəssislər arasından seçilir.

3.2. Ekspert şuralarının rəhbərləri və onların müavinləri şuraların iclaslarında sadə səs çoxluğu ilə 2 (iki) il müddətinə seçilir.

3.3. Ekspert şuralarının rəhbərləri müvafiq şuraların adından çıxış edir, Elmi-Texniki Şura qarşısında illik hesabat verirlər.
Ekspert şuralarının iş rejimi
4.1. Ekspert şuralarının iş qrafiki Elmi-Texniki Şurada müzakirə və qəbul edilir.

4.2. Ekspert şuralarının daxili reqlamenti müvafiq şuraların iclaslarında müəyyən edilir.


___________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 13 noyabr

tarixli 259 nömrəli qərarı ilə

təsdiq edilmişdir
9 nömrəli əlavə
Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının
ƏSASNAMƏSİ


  1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının fəaliyyətini müəyyən edir.

1.2. Mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra – MBGE) mühafizəsi və səmərəli istifadəsi sahəsində elmi tədqiqat və elmi-təşkilati fəaliyyətləri ölkə səviyyəsində gücləndirmək və əlaqələndirmək, müasir elmi nailiyyətlərin öyrənilməsi və tətbiqi işini sürətləndirmək, müəyyən bitkilər və bitki qrupları üzrə ölkənin aparıcı alim potensialını səfərbər etmək, MBGE-nin toplanması, qorunub-saxlanması, bərpası, mübadiləsi, öyrənilməsi və səmərəli istifadəsi (bundan sonra – MBGE fəaliyyətləri) işinin daha səmərəli idarə olunmasına kömək etmək məqsədi ilə MBGE-nin mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura (bundan sonra – Elmi-Texniki Şura) nəzdində, prioritet bitkilər və bitki qrupları üzrə alim və yüksəkixtisaslı mütəxəssislərdən ibarət olmaqla, MBGE-nin mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qrupları (bundan sonra – işçi qrupları) yaradılır.

1.3. İşçi qrupları prioritet mədəni bitkilər və bitki qrupları üzrə yaradılır.

1.4. İşçi qruplarının üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.

1.5. İşçi qruplarının toplantıları Milli Əlaqələndirici İnstitutda, digər elmi tədqiqat institutlarında və s. keçirilir.

1.6. MBGE sahəsində fəaliyyət göstərən işçi qruplarının fəaliyyətinə Elmi-Texniki Şura və Milli Əlaqələndirici İnstitut rəhbərlik və nəzarət edir.
MBGE üzrə işçi qruplarının fəaliyyət dairəsi
2.1. İşçi qrupları öz iclaslarında aşağıdakı məsələlərə baxır:

2.1.1. mədəni bitkilərin və bitki qruplarının toplanması, qorunub-saxlanması və istifadəsi üzrə başlıca milli prioritetlərin və tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi;

2.1.2. MBGE-nin ex situin situ şəraitlərdə mövcud vəziyyətinin qiymətləndirilməsi, inventarlaşdırmanın aparılması və hesabatların hazırlanması;

2.1.3. MBGE üzrə milli kolleksiyaların, məlumat bazalarının yaradılması üzrə təkliflərin hazırlanması və müzakirəsi;

2.1.4. milli kolleksiyaların zənginləşdirilməsi, nadir və itmək təhlükəsində olan MBGE-nin mühafizəsi üzrə fəaliyyətlərin müzakirəsi və tövsiyələrin verilməsi;

2.1.5. kolleksiyalarda, kataloqlarda, məlumat bazalarında boşluqların müəyyənləşdirilməsi və doldurulması üzrə tövsiyələrin verilməsi;

2.1.6. özək kolleksiya siyasətinin hazırlanması, müzakirəsi və həyata keçirilməsi;

2.1.7. müvafiq elmi tədqiqatların koordinasiyası, tədqiqat işlərinə, layihə və proqramlara rəy verilməsi;

2.1.8. müvafiq bitkilərin və bitki qruplarının milli və regional statusunun, sosial-mədəni və iqtisadi dəyərinin müəyyənləşdirilməsi;

2.1.9. MBGE üzrə milli kataloqların, deskriptor siyahılarının, elmi-metodiki vəsaitlərin, kitabların çapa hazırlanması və ya təklif edilməsi;

2.1.10. MBGE üzrə layihələrin hazırlanması və təqdim edilməsi.
MBGE üzrə işçi qruplarının tərkibinin formalaşdırılması
3.1. İşçi qruplarının tərkibi AMEA-nın Aqrar Elmləri Bölməsi, Milli Əlaqələndirici İnstitut, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar qurumlar, Elmi-Texniki Şura tərəfindən irəli sürülmüş namizədlər arasından seçilir.

3.2. İşçi qruplarının tərkibi Elmi-Texniki Şura tərəfindən təsdiq edilir.

3.3. İşçi qruplarının rəhbərləri və onların müavinləri qrupların iclaslarında sadə səsvermə yolu ilə 2 (iki) il müddətinə seçilir.

3.4. İşçi qruplarının rəhbərləri qrupların adından çıxış edir, Elmi-Texniki Şura qarşısında illik hesabat verirlər.


MBGE üzrə işçi qruplarının iş rejimi
4.1. İşçi qruplarının ümumi iş qrafiki Elmi-Texniki Şurada təsdiq edilir.

4.2. İşçi qruplarının daxili reqlamenti qrupun iclasında müəyyən edilir.


_________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 13 noyabr

tarixli 259 nömrəli qərarı ilə



təsdiq edilmişdir
10 nömrəli əlavə
Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri


  1. Ümumi müddəa

1.1. “Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri” “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatları (bundan sonra – MBGE) banklarının hüquq və vəzifələrini müəyyən edir.


2. MBGE banklarının yaradılması
2.1. MBGE bankları (bundan sonra – genbanklar) aşağıdakı istiqamətlər üzrə yaradıla bilər:

2.1.1. müəyyən tədqiqat, təlim, seleksiya proqramlarında istifadə və qanunvericiliklə qadağan edilməmiş digər məqsədlərlə kolleksiya sahibləri tərəfindən öz vəsaitləri hesabına yaradılan genbanklar;

2.1.2. məqsədli layihələr əsasında elmi tədqiqat müəssisələri tərəfindən yaradılan genbanklar;

2.1.3. müvafiq elmi tədqiqat müəssisələrinin, seleksiya mərkəzlərinin, mülkiyyət formasından asılı olmayaraq toxumçuluq və bitkiçilik sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində qanunvericilikdə nəzərdə tutulan maliyyə mənbələri hesabına yaradılan ixtisaslaşdırılmış genbanklar.


3. Genbankların vəzifələri
3.1. Genbanklar “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məsələlər də daxil olmaqla aşağıdakı vəzifələri daşıyır:

3.1.1. mədəni bitkilərin kolleksiyalarında təyinatına görə boşluqların müəyyən edilməsi, nəzarətdə saxlanılması, toplanma üzrə prioritetlərin müəyyənləşdirilməsi;

3.1.2. mədəni bitkilərin genefondunun zənginləşdirilməsi istiqamətində fəaliyyət planına malik olmaq və zənginləşdirilmə üçün qanunvericilikdə nəzərdə tutulan üsullardan istifadə edilməsi;

3.1.3. MBGE-nin hüceyrə plazması nümunələrinin baza, aktiv (işlək), əvəzedici (dublikat), özək, DNT və RNT kolleksiyalarının xüsusi orta və uzunmüddətli saxlanma şəraitində davamlı və təhlükəsiz mühafizəsinin və bunun üçün standartlara uyğun saxlanma şəraitinin təmin edilməsi;

3.1.4. MBGE-nin hüceyrə plazması nümunələrinin mövcud vəziyyətinin mütəmadi monitorinqinin aparılması, təhlükə altında olan nümunələrin müvafiq standartlar əsasında bərpası və çoxaldılması;

3.1.5. MBGE kolleksiyalarının kompyuterləşdirilmiş inventarlaşdırıl-ması və daimi qeydiyyatının aparılması;

3.1.6. mədəni bitkilərin Genbankının tərkibinin və orada mühafizə edilən hüceyrə plazması nümunələrinin hər hansı hərəkətinin əks olunduğu məlumat bazalarının yaradılması, daim yeniləşdirilməsi, ölkədaxili və beynəlxalq şəbəkələrə qoşulması;

3.1.7. mədəni bitkilərin Genbankında saxlanılan nümunələrin dublikatlarının və onlara aid bütün məlumatların Milli Genbanka verilməsi;

3.1.8. mədəni bitkilərin genetik ehtiyatlarının səciyyələndirilməsi, qiymətləndirilməsi, istifadə üçün tövsiyələrin verilməsi;

3.1.9. hüceyrə plazması nümunələri ilə mübadilə;

3.1.10. kolleksiyalarda saxlanılan nümunələrin mühafizə şərtlərini pozmadan istifadəçilər tərəfindən əldə edilməsini təmin etmək;

3.1.11. MBGE-nin təbliği.


4. Genbankların hüquqları
4.1. Mədəni bitkilərin genbanklarının “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məsələlər də daxil olmaqla aşağıdakı hüquqları vardır:

4.1.1. MBGE-nin hüceyrə plazması nümunələrinin xüsusi təyinatlı kolleksiyalar üzrə toplanması, həmçinin elmi mübadilə və introduksiya yolu ilə bitki genefondunun zənginləşdirilməsi;

4.1.2. MBGE üzrə Elmi-Texniki Şuradan, ekspert və işçi qruplarından, Milli Əlaqələndirici İnstitutdan, Milli Genbankdan elmi-metodiki kömək istəmək;

4.1.3. etibarlı saxlanması üçün lazım olan həcmdən az toxum və digər əkin materialına malik bitki nümunələrinin bərpasından və artırılmasından başqa hər hansı digər məqsədlərlə genbankdan çıxarılmasından imtina edilməsi;

4.1.4. ölkə daxilində və ya xaricdə olan digər genbank və ya təşkilatla səlahiyyətləri çərçivəsində müqavilələrin bağlanması, birgə layihələr üzrə tədqiqat işlərinin aparılması, təlimlərin keçirilməsi;

4.1.5. xüsusi təyinatlı kolleksiyalardakı boşluqları doldurmaq və ya hər hansı digər məqsədlərlə digər yerli və xarici genbanklardan bitki nümunələrinin müqavilə əsasında sifariş verilməsi;

4.1.6. hər hansı digər genbank və ya təşkilatla birgə ekspedisiya yolu ilə toplanmış bitki nümunələrinin iştirakçılar arasında bərabər miqdarda bölünməsi;

4.1.7. MBGE üzrə beynəlxalq əməkdaşlıqda milli və beynəlxalq layihələrdə təşkilat statusu ilə və ya əməkdaşlarla iştirak;

4.1.8. əməkdaşlarının beynəlxalq təşkilatlar, eləcə də mədəni bitkilərin genetik ehtiyatları üzrə Milli Əlaqələndirici İnstitut tərəfindən təşkil edilən beynəlxalq və ümumrespublika təlim kurslarında və seminarlarda iştirakı;

4.1.9. genbank nümunələrinin kataloqlarının və digər çap materiallarının dərc etdirilməsi;

4.1.10. mədəni bitkilərin genbank fəaliyyətlərindən mövcud qanunvericilik çərçivəsində qazanc əldə edilməsi;

4.1.11. mədəni bitkilərin genetik ehtiyatlarının hüceyrə plazması nümunələrinin istifadəsindən əldə edilən gəlirdən mövcud qanunvericilik çərçivəsində royalti tələb edilməsi;

4.1.12. əldə edilən büdcədənkənar vəsaitin daxili ehtiyaclar üçün, işçilərin mükafatlandırılması da daxil olmaqla, mövcud qanunvericilik çərçivəsində xərclənməsi.
5. Nəbatat bağları və dendroloji parkların hüquq və vəzifələri
5.1. Azərbaycan Respublikasında MBGE banklarının hüquq və vəzifələri nəbatat bağları və dendroloji parklara da şamil edilir.
6. Azərbaycan Respublikasının Milli Genbankının hüquq və vəzifələri
6.1. Azərbaycan Respublikasının Milli Genbankının hüquq və vəzifələri “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Milli Genbankın Əsasnaməsi, genbankların hüquq və vəzifələri və digər müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

___________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 13 noyabr

tarixli 259 nömrəli qərarı ilə



təsdiq edilmişdir
11 nömrəli əlavə
Azərbaycan Respublikasının Milli Genbankının



ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının mədəni bitki genefondunun mühafizə edildiyi Milli Genbankın yaradılması və fəaliyyəti prosesində yaranan hüquqi, təşkilati və iqtisadi münasibətlərin əsaslarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının Milli Genbankı (bundan sonra - Milli Genbank) Azərbaycan Respublikasının milli sərvətidir və bütün infrastrukturu ilə birlikdə xüsusi mühafizə olunan dövlət təbiət obyekti statusuna malikdir.

1.3. Milli Genbankın əsas vəzifəsi ümummilli dəyərə malik mədəni bitkilərin və onların yabanı əcdadlarının hüceyrə plazması nümunələrinin sənədləşdirilərək milli kolleksiyalara cəlb edilməsindən, onların etibarlı qorunub-saxlanılmasından, bərpasından, artırılmasından, hərtərəfli öyrənilməsindən, elmi və digər məqsədlər üçün yayılmasından, məlumat bazasının yaradılmasından və səmərəli istifadəsinin təşkilindən ibarətdir.

1.4. Milli Genbankda xüsusilə genetik eroziya və nəsli kəsilmək təhlükəsində olan növlər, növmüxtəliflikləri, formalar, xalq və elmi seleksiya sortları, seleksiya proqramları üçün əhəmiyyət daşıyan hüceyrə plazması nümunələri, sabit seleksiya xətləri, qiymətli əlamətlərin daşıyıcıları olan tədqiqat materialları toplanılır və mühafizə edilir.

1.5. Milli Genbank Milli Əlaqələndirici İnstitutun struktur vahidi və mədəni bitkilərin milli kolleksiyalarına malik elmi tədqiqat müəssisəsidir.
2. Milli Genbankın vəzifələri
2.1. Milli Genbankın vəzifələri aşağıdakılardan ibarətdir:

2.1.1. mədəni bitkilərin milli kolleksiyalarında təyinatına görə boşluqların müəyyən edilməsi, toplanma üzrə prioritetlərin və ehtiyacların müəyyənləşdirilməsi və nəzarətdə saxlanılması;

2.1.2. mədəni bitkilərin milli genefondunun zənginləşdirilməsi istiqamətində fəaliyyət planının qəbul edilməsi və bu planın yerinə yetirilməsi üçün qanuni üsullardan (o cümlədən, toplama, elmi mübadilə və introduksiya) istifadə edilməsi;

2.1.3. mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra – MBGE) hüceyrə plazması nümunələrinin milli baza, aktiv (işlək), əvəzedici (dublikat), özək, DNT və RNT kolleksiyalarının xüsusi ortamüddətli və uzunmüddətli saxlanma şəraitində davamlı və təhlükəsiz mühafizəsinin və bunun üçün standartlara uyğun saxlanma şəraitinin təmin edilməsi;

2.1.4. ölkədə mövcud olan bütün genbank və digər kolleksiyalarla əlaqələrin yaradılması və onların fəaliyyətinə elmi-metodiki kömək göstərilməsi;

2.1.5. MBGE-nin kolleksiyalarda mühafizəyə qoyulmuş hüceyrə plazması nümunələrinin mövcud vəziyyətinin (genetik tamlığının, cücərmə faizinin) və saxlanma şəraitinin mütəmadi monitorinqinin aparılması, təhlükə altında olan nümunələrin müvafiq standartlar əsasında bərpası və çoxaldılmasının təmin edilməsi;

2.1.6. MBGE-nin bütün ölkə üzrə kolleksiyalarının qeydiyyatının aparılması və onların kompyuter məlumat bazasına daxil edilməsi;

2.1.7. mədəni bitkilərin Milli Genbankının tərkibini və orada mühafizə edilən hüceyrə plazması nümunələrinin bütün hərəkətlərini əks etdirən lokal məlumat bazasının, eləcə də ölkədə mövcud olan bütün kolleksiyaları əhatə edən Mərkəzi Məlumat Bazasının yaradılması, idarə olunması, daim yeniləşdirilməsi, beynəlxalq şəbəkələrlə inteqrasiyası;

2.1.8. Milli Genbankda saxlanılan prioritet kolleksiyalara aid nümunələrin dublikatlarının beynəlxalq genbanklarda mühafizəsinin təşkili;

2.1.9. xarici genbanklarda saxlanılan Azərbaycan mənşəli nümunələrin geri alınaraq bərpası və milli kolleksiyalara daxil edilməsi;

2.1.10. MBGE sahəsində elmi tədqiqatların aparılması, mədəni bitki müxtəlifliyinin genetik identifikasiyası və pasportlaşdırılması, istifadə üçün tövsiyələrin verilməsi;

2.1.11. milli kolleksiyalarda saxlanılan nümunələrin mühafizə şərtlərini pozmadan istifadəçilər tərəfindən (sifariş verilməklə) əldə edilməsinə kömək göstərilməsi;

2.1.12. milli genefondun, MBGE-nin təbliği, sərgilərin təşkili, təlim, tövsiyə, təşviqat, metodiki xarakterli materialların çapı və yayılması;

2.1.13. milli seminarların, təlim kurslarının təşkili, mədəni bitki genetik ehtiyatlarının mühafizəsi sahəsində elmi kadrların və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək verilməsi.


3. Milli Genbankın hüquqları
3.1. Milli Genbankın “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məsələlər də daxil olmaqla aşağıdakı hüquqları vardır:

3.1.1. MBGE-nin hüceyrə plazması nümunələrini xüsusi təyinatlı milli kolleksiyalar üzrə mərkəzləşdirilmiş şəkildə toplamaq, bitki genefondunu elmi mübadilə və introduksiya yolu ilə zənginləşdirmək;

3.1.2. MBGE üzrə beynəlxalq təşkilat, şəbəkə və genbanklardan, Elmi-Texniki Şuradan, ekspert və işçi qruplarından elmi-metodiki kömək əldə etmək;

3.1.3. MBGE-nin Milli Genbankda mühafizə edilən hüceyrə plazması nümunələrinin sifarişlərinə mühafizə edilən toxum və digər əkin materialının həcmini nəzərə almaqla, müsbət və ya mənfi cavab vermək;

3.1.4. Milli Əlaqələndirici İnstitutun ölkə daxilində və ya xaricdə olan digər genbanklarla və ya təşkilatlarla birgə həyata keçirdiyi layihələr üzrə tədqiqat işlərini aparmaq, əməkdaşlarının yerli və xarici təlimlərdə iştirakını təmin etmək;

3.1.5. kolleksiyalardakı boşluqları doldurmaq, seleksiya proqramlarının ehtiyaclarını ödəmək və ya hər hansı digər məqsədlərlə beynəlxalq genbanklardan və xarici ölkə genbanklarından bitki nümunələrini müqavilə əsasında sifariş vermək;

3.1.6. Milli Genbankda olmayan və ya burada miqdarı məhdud olan nümunələrin dublikatlarını həmin nümunələrin saxlandığı kolleksiyaların sahiblərindən əvəzsiz almaq;

3.1.7. Azərbaycan Respublikasında keçirilən hər hansı daxili və ya beynəlxalq ekspedisiyalarda toplanmış bitki nümunələrinin ya ekspedisiyadan dərhal sonra, ya da bərpa və artırılmadan sonra Milli Genbanka verilməsini tələb etmək;

3.1.8. MBGE üzrə beynəlxalq və ümumrespublika təlim kurslarında və seminarlarda iştirak etmək;

3.1.9. Milli Genbankın kolleksiyalarını əks etdirən kataloqları və digər çap materiallarını, elmi əsərləri dərc etdirmək;

3.1.10. MBGE üzrə genbank fəaliyyətlərindən mövcud qanunvericilik çərçivəsində qazanc əldə etmək;

3.1.11. MBGE-nin Milli Genbankda saxlanılan hüceyrə plazması nümunələrinin istifadəsindən əldə edilən gəlirlərdən mövcud qanunvericilik çərçivəsində royalti (alınan qazancın müəyyən hissəsi) tələb etmək;

3.1.12. əldə edilən büdcədənkənar vəsaiti daxili ehtiyaclar üçün, işçilərin mükafatlandırılması da daxil olmaqla, mövcud qanunvericilik çərçivəsində xərcləmək.
4. Milli Genbankın elmi tədqiqat fəaliyyəti
4.1. Milli Genbankın elmi tədqiqat fəaliyyəti kompleks tədqiqatların təşkili yolu ilə, beynəlxalq standartlara müvafiq olaraq həyata keçirilir və milli mədəni bitki genefondunun qorunub saxlanması, bərpası və səmərəli istifadəsi məqsədi ilə təbii proseslərin dinamikasının öyrənilməsinə yönəldilir.

4.2. Milli Genbankın elmi tədqiqat mövzuları Milli Əlaqələndirici İnstitut tərəfindən müəyyən edilir.

4.3. Milli Genbank elmi tədqiqat işlərinin təşkili və aparılması məqsədi ilə elmi işçi ştatları ilə təmin edilir.

4.4. Milli Genbankda herbari fondu yaradılır.


5. Milli Genbankın maliyyələşdirilməsi
5.1. Milli Genbank dövlət vəsaiti, fiziki və hüquqi şəxslərin ianələri, qrantlar, genbank nümunələrinin istifadəsi və paylanılması, göstərdiyi xidmətlər müqabilində əldə edilən gəlirlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşir.

5.2. Əldə edilən büdcədənkənar vəsait mövcud qanunvericilik çərçivəsində Milli Əlaqələndirici İnstitutun rəhbərliyi tərəfindən Milli Genbankın daxili ehtiyacları üçün (işçilərin mükafatlandırılması da daxil olmaqla) xərclənir.


6. Milli Genbankın qorunması
6.1. Milli Genbankın qorunması Milli Əlaqələndirici İnstitutun mühafizə xidməti tərəfindən həyata keçirilir və bu işə Milli Genbankın və Milli Əlaqələndirici İnstitutun rəhbərliyi məsuliyyət daşıyır.

6.2. Milli Genbankın qorunması MBGE-nin milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi Qaydalarına uyğun olaraq həyata keçirilir.

6.3. Milli Genbankın mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarına yol vermiş təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 13 noyabr

tarixli 259 nömrəli qərarı ilə


Yüklə 275,86 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin