Əliyev Ə. T.- Q. M. Əsədovanın “Avropa mədəniyyətinin azərbaycanlıların məişətinə təsiri (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” mövzusunda dissertasiya işi yüksək elmi səviyyədə yazılmış bir tədqiqat işidir. Qeyd etmək istəyirəm ki, dissertasiya işi ilə tanış olan zaman aydın olur ki, tədqiqat aparılarkən tarixi əsərlərdən, yazılı qaynaqlardan, folklor materiallarından istifadə edilmişdir. Tədqiqat kompleks şəkildə, müxtəlif dövrlərlə müqayisələr verilməklə aparılmışdır. Bir müsbət cəhəti də qeyd etmək istəyirəm ki, dissertasiyada nəzəri mülahizələrə yetərincə yer verilmişdir. Bəzi tənqidlər oldu ki, işin icrası zamanı bədiilik müşahidə olunur. Buna cavab olaraq demək istəyirəm ki, etnoqrafik tədqiqatlar xalqın ruhunu əks etdirən əsərlərdir. Xüsusilə işin icrası zamanı ədəbiyyat və folklora müraciət olunaraq tədqiqat yerinə yetirildiyindən bədiilik əsərin elmiliyinə heç bir qüsur yetirmir əksinə onun oxunaqlığını təmin edir. Beləliklə, Q. M. Əsədovanın “Avropa mədəniyyətinin azərbaycanlıların məişətinə təsiri (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” adlı dissertasiya işi haqqında yüksək fikirdəyəm və onun müəllifinin tarix üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün müdafiəyə buraxılmasını məsləhət görürəm.
Sədr- Q. M. Əsədovanın dissertasiya işi ilə tanış olmuşam və onun yüksək elmi səviyyəyə cavab verməsi ilə bağlı burada səslənən bütün fikirlərlə tam razıyam. Tədqiqat işi Azərbaycan etnoqrafiya elminin aktual bir probleminə həsr olunmuşdur. Doktorantın yüksək bacarığı nəticəsində mükəmməl bir tədqiqat işi meydana çıxmışdır. Nəşr etdirdiyi elmi məqalələri də tədqiqat işinin tam məzmununu əhatə edir. Mövzu nəzəri mövzudur. Mövzuya tarixi- etnoqrafik cəhətdən yanaşma müəllifin tarixi baxımdan geniş istedadından xəbər verir. Mövzu Azərbaycançılıq ideologiyası baxımından da tam olaraq dövlət siyasətini dəstəkləyir. Beləliklə, Q. M. Əsədovanın “Avropa məişətinin azərbaycanlıların məişətinə təsiri (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” mövzusunda fəlsəfə doktoru dissertasiya işinin Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyaları qarşısında irəli sürdüyü tələblərə cavab verir və və onun müəllifi müdafiəyə buraxılmağa layiqdir. İclasın qərarını səsə qoyaraq, bu təklifə münasibət bildirməyinizi xahiş edirəm.