Sədr: Təşəkkür edirəm. Daha kim çıxış etmək istəyir? Buyurun,
S. A. Nəsirova: Təqdim olunmuş dissertasiya işi Azərbaycan etnoqrafiya elminin aktual problemlərindən birinə həsr olunmuşdur. Qeyd etmək lazımdır ki, qarşılıqlı olaraq mədəniyyət- etnoqrafiya- məişət əlaqələrin tədqiqi vasitəsilə xalqın milli-mənəvi dəyərlərininin, tarixi köklərinin necə bu günki səviyyəyə qədər dəyişməsi prosesini öyrənmək mümkündür. İddiaçının əsasən Azərbaycan məişəti ilə bərabər qərb həyat tərzinin də paralel olaraq eyni dövrdə inkişaf etdiyini və dəyişdiyini sübut etməyə çalışması, tədqiqat prosesində məişətdə baş verən müsbət təsirlərlə yanaşı mənfi cəhətləri də əsaslandırması tədqiqatı yüksək səviyyədə apardığından xəbər verir. Hesab edirəm ki, 1813- cü ildə Gülüstan müqaviləsinin imzalanmasından sonra Cənubi Azərbaycanda qalan azərbaycanlıların və Gürcüstan Azərbaycanlılarının məişətində baş verən yenilənmə prosesini də tədqiqata cəlb etmək olar.
Beləliklə, dissertasiyanın yazılmasında onun müəllifi son dərəcə məsuliyyətlə çalışmışdır. Bütün bunları nəzərə alaraq, qeyd etmək istəyirəm ki, Q. M. Əsədovanın “Avropa mədəniyyətinin azərbaycanlıların məişətinə təsiri (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyası müdafiəyə buraxılmağa layiqdir.
Sədr: Şəxsən iştirak edə bilməsə də Məhəbbət xanım Paşayeva öz rəyini göndərmişdir. Həmin rəyin bəzi məqamlarını sizə oxumaq istərdim- “Avropa mədəniyyəti Azərbaycanlıların məişətinə təsir etməklə onu zənginləşdirsə də, bəzi məqamlarda yerli mütərəqqi ənənənənin unudulması ilə nəticələnməsi təəssüf hissi doğurur. Müəllif hesab edir ki, bu proses XIX əsrdən etibarən daha da sürətlənir. Əsas səbəb isə neft sənayesinin inkişafı ilə bağlı olaraq Avropanın diqqətinin Azərbaycanda köklənməsi, eyni zamanda Qərbdə baş verən elmi- texniki yeniliklərin tətbiqi, burjuaziya və ziyalıların apardıqları təbliğat və maarifləndirmə işi göstərilmişdir. Ümumiyyətlə, dissertasiya bütövlükdə qənaətbəxş səviyyədə yazılmışdır. Zəngin və ağır əməyin nəticəsi olan tədqiqat işində mövzu, əhatə olunmuş və qarşıya qoyulan vəzifələr yerinə yetirilmişdir. Müəllifin tədqiqat metodu onun bitkin bir alim kimi formalaşmasından soraq verir. Lakin dissertasiya işində nöqsanlar da mövcuddur. Bu nöqsan və tövsiyələri müəllifin diqqətinə çatdırmaq istərdik:
1. Dissertasiya işində orfoqrafik səhvlər mövcuddur;
2. Müəllif bədii ifadə vasitələrindən istifadə etmişdir ki, bu da işin elmi üslubuna uyğun deyildir;
3. Mövzunun aktuallığı kifayət qədər əsaslandırılmamışdır;
4. Qarşılıqlı olaraq Azərbaycan mədəniyyətinin də Avropa mədəniyyətinə təsirini tədqiqat işinin tərkibində araşdırmaq olardı;
5.Tədqiqat işinin müasir Avropa- Azərbaycan multikultural münasibətlərində rolu əsaslandırılmamışdır.
Yuxarıda göstərilən iradlar tövsiyə xarakteri daşımaqla əsərin elmi dəyərinə xələl gətirmir. Bir daha vurğulamaq istərdik ki, dissertasiya gərgin elmi axtarışların tamamlanmış nəticəsi olaraq Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə tam cavab verir, onun müəllifi tarix üzrə fəlsəfə doktoru dərəcəsi adı almağa layiqdir.
Dostları ilə paylaş: |