Q. M. Əsədova: Çox hörmətli sədr və iclas iştirakçıları! İlk növbədə mən qiymətli vaxtınızdan ayıraraq dissertasiya işinin müzakirəsində iştirak etdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm.
Dissertasiya işi giriş, dörd fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat, Muzey materiallarını əks etdirən illüstartiv albomdan ibarətdir.
Dissertasiyanın “Giriş” hissəsində mövzunun aktuallığı, xronoloji çərçivəsi, işlənmə dərəcəsi, nəzəri və metodoloji əsası, məqsəd və vəzifələri, eyni zamanda mənbəşünaslıq bazası şərh edilmiş, elmi yeniliyi, praktik əhəmiyyəti, aprobasiyası göstərilmişdir.
Birinci fəsildə Azərbaycan- Avropa əlaqələrinin xronologiyasına nəzər yetirilmişdir. Qədim, Orta əsrlər, Yeni dövrlərdə bu əlaqələrin səciyyəsi və bir- birinə nüfuzetmə dərəcəsi araşdırılmışdır. Bu prosesin xalqların qarşılıqlı surətdə məişət həyatında özünü büruzə verməsinə, təsirin ayrı- ayrı dövrlərdə zəifləməsinin və ya daha da qüvvətlənməsinin səbəblərinə aydınlıq gətirmək üçün əsasən tarixi, arxeoloji, numizmatik, fəlsəfi, publisistik mənbə və ədəbiyyatlara istinad edilmişdir. Əsaslandırılmışdır ki, Orta əsrlər dövründə Avropa mədəniyyətinin azərbaycanlıların məişətinə nüfuz edə bilməməsinin səbəbləri əsasən yerli xalqın mədəni cəhətdən daha üstün olmasından, güclü feodal dövlətlərin varlığından, o cümlədən islam təsəkkürünün hakim mövqe tutmasından qaynaqlanırdı.
Tədqiqatın “Azərbaycanlıların mənəvi dünyagörüşünün formalaşmasına Avropa mədəniyyətinin təsiri” adlandırılan II fəslində XIX əsr- XX əsrin əvvəllərində formalaşan ictimai münasibətlərdən və maarifdən, o cümlədən ədəbi mühit və musiqi sənətində baş verən yeniliklərdən bəhs olunmuşdur.
“Avropa mədəniyyətinin azərbaycanlıların maddi məişətinə təsiri” adlandırılan III fəsildə azərbaycanlıların geyim tərzində, süfrə mədəniyyətində, işıqlandırma vasitələrində müşahidə olunan yeniliklər təhlil edilmişdir. Burada mənbə qismində Milli Azərbaycan Tarixi Muzeyinin “Etnoqrafiya”, “Arxeologiya”, “Təsviri materiallar”, “Xüsusi” fondlarında saxlanılan Avropa istehsalı olan və yaxud yerli ustaların Avropa texnologiyası əsasında və ya mədəniyyətinin təsiri altında yaratdıqları maddi nümunələr tədqiqata cəlb edilmişdir. Geyimlər-kişi, qadın və uşaq geyimləri; mətbəx və süfrə qabları- çini və şüşə, metal qablar, dekor-suvenir tipli əşyalar istehsal edən Avropa sənayeçilərinin yerli bazara daxil olması və burada möhkəmlənməsi prosesinə aydınlıq gətirilir. Bu istehsalçıların Qafqazda o cümlədən, Azərbaycanda qısa müddətdə məşhurlaşmalarının, yerli istehlakçıların rəğbətini qazanmalarının səbəbləri araşdırılır, ümumilikdə Qərb mədəniyyətinin yerli məişətə təsirinin mexanizmindən bəhs olunur. Mənbələrin təhlili zamanı mövzu ilə əlaqədar olan tədqiqat əsərlərinə istinad edilmiş, müqayisələr və paralellər aparılmışdır.
Dissertasiyanın “Nəticə” hissəsində tədqiqatın əsas müddəaları, nəticələri göstərilmiş, ümumiləşdirmələr aparılmışdır.
Dostları ilə paylaş: |