İstilik və soyuqluq duyğuları da uşaqda müəyyən qədər inkişaf etmiş olur. Uşaq isti və ya soyuq cisimlərə əllərini bir dəfə vurduqdan sonra əgər əli yanmış və ya üşümüşsə bir daha həmin cismə toxunmur. Uşaqda getdikcə lamisə duyğuları, yəni cisimləri əl ilə yoxlamağa yönəlmiş reaksiyalar da əmələ gəlir.
Çağada iybilmə duyğusu çox zəif olur. Onlarda iybilmə duyğusu burun boşluğunun yuxarı hissəsində olan hüceyrə qrupuna iyli maddələrin təsiri ilə əmələ gəlir. Az müddət ərzində uşaq anasını iyinə görə başqa adamlardan fərqləndirir.
Çağada dadbilmə duyğusu o biri duyğulara nisbətən yaxşı inkişaf etmiş olur. O, dilinə toxunan acı dərmanla qəndi bir-birindən ayırır, anadan olandan bir neçə gün sonra ana südünü mayedən fərqləndirir. Dadbilmə duyğusunun inkişafı böyük həyati əhəmiyyətə malikdir. Çünki uşaq qidaları qəbul edərkən dadbilmə duyğusu vasitəsilə onların yararlı olub-olmadığını müəyyənləşdirir.
Duyğuların kompleks halında inkişafı çağada diqqətin, qavrayışın, hafizənin, təfəkkürün, emosiya və iradənin inkişafına imkan verir.
Uşaq dünyaya gələrkən danışa bilmir, amma qıcıqlandırıcıların təsiri ilə bəzi reaksiyalara cavab verir, müəyyən səslər çıxarır. Psixoloji ədəbiyyatda uşağın nitq inkişafının üç əsas mərhələsi qeyd olunur.
Dostları ilə paylaş: |