Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Çağanın fiziki inkişaf xüsusiyyətləri



Yüklə 277,04 Kb.
səhifə123/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   119   120   121   122   123   124   125   126   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

11. Çağanın fiziki inkişaf xüsusiyyətləri

Plan:

1. Çağada şərtsiz reflekslər

2. Çağalıq dövrünün mərhələlər üzrə inkişafı

3. Uşağın inkişafında yerimənin rolu

4. Çağada emosional hallar

Çağalıq dövrü uşağın anadan olduğu andan bir yaşa qədər müddəti əhatə edir. Uşaq şəxsiyyətinin formalaşması çağalıq dövründən başlayır, hətta ana bətninə düşdüyü gündən ona müəyyən amillər təsir edir. Odur ki, valideynlər uşaq ana bətninə düşdüyü andan onun düzgün fiziki və psixi inkişafı qayğısına qalmalıdırlar.

Anadan normal doğulmuş çağanın çəkisi orta hesabla 3200-3500 qram, boyu 50 sm, bədən quruluşu, onun müxtəlif üzvləri bir-birilə qeyri mütənasib nisbətdə, daha doğrusu, başı böyük, ayaqları gödək, gövdəsi isə uzun olur. Yeni doğulmuş uşağın beyninin çəkisi orta hesabla 360-400 qram olur və qabıqaltı mərkəzləri inkişaf etdiyindən şərtsiz refleksləri tənzim və idarə edir. Çağanın boyu birinci üç ayda 9 sm, ikinci üç ayda 8 sm, sonrakı altı ay ərzində cəmi 3,5 sm artır. Beləliklə, çağalıq dövründə uşaqların boyu orta hesabla 23-25 sm artır və bir yaşın sonunda 73-75 sm-ə çatmış olur. Boy artımı göstəriciləri 5 yaşda 100 sm-ə, 14-15 yaşda 150 sm-ə çatır.

Uşaqlarda dişlərin çıxma tempi düzgün inkişafın yaxşı göstəricisidir. Onların çoxunda dişlər 6-7 aydan çıxmağa başlayır. Əvvəlcə alt çənədə 2 kəsici diş, sonra üst çənədə 2 kəsici diş, bir qədər sonra yenə üst yan kəsici dişlər, ilin sonunda isə alt çənədə yan kəsici dişlər çıxmış olur. Beləliklə, bir yaşın sonunda uşağın 8 dişi olur.

Uşaq doğulduğu anda xarici mühitə uyğunlaşmaq üçün məhdud, şərtsiz reflektor xarakter daşıyan əmmə, müdafiə, bələdləşmə, tutmaq və bu kimi davranış formaları ilə diqqəti cəlb edir. Lakin bu davranış formaları hələlik uşağın ətraf mühitlə qarşılıqlı təsirini təmin etmək imkanına malik olmur. Uşağın ətraf aləmlə münasibəti bir qayda olaraq yaşlıların vasitəsilə həyata keçirilir. Ətrafdakılarla ünsiyyət və onlarla birgə hərəkət təzəcə doğulmuş uşağın inkişafı üçün zəruri şərait yaradır.

Psixoloqların tədqiqatları göstərir ki, çağanı daim dinamik olmayan şəraitdə saxladıqda onda hərəkətlərin kompensasiyası inkişaf edir. Belə ki, uşaq bədənini o tərəf, bu tərəfə çevirir, əllərini bükür, barmağını sovurur və beləliklə, bu hal möhkəmlənir, vacib hərəkətlərin inkişafına mane olur. Bunu nəzərə alaraq, uşağın zəruri hərəkətlərinin inkişafına şərait yaratmaq, hərəkətlərin ağıllı, bacarıqlı formalaşmasını təşkil etmək lazımdır.

Dörd-beş həftəlik uşaq görmə və eşitmə qıcıqlarının təsiri ilə öz hərəkətlərini dayandırır. 1-2 aylıqda onun impulsiv hərəkətlərində canlanma başlayır. 3-4 aylıqda uşaq əşyaları görəndə baxışlarını onun üzərinə yönəldir. 5-6 aylıqda uşaq bir neçə oyuncaqdan daha çox nəzərə çarpanını seçir. 7-8 aylıqda əşyaları fəal əlləşdirmə prosesi təşəkkül edir. 9-10 aylığında uşaq kiçik əşyanı iki barmağı ilə, böyük əşyanı isə bütöv əlini açmaqla tutmağa çalışır, eyni zamanda onda barmağı ilə göstərmə hərəkətləri müşahidə olunur. 11 aylığında əşyanı iki əli ilə əlləşdirir, hərəkətlərini bəsit formada planlaşdırmağa meyl edir.

Uşaq birinci ilin ikinci yarısında müəyyən əşyalardan tutaraq sürünməyi, iməkləməyi, ayağa qalxmağı, oturmağı öyrənir. Bu da körpənin sümük əzələ sisteminə təsir edərək onu möhkəmləndirir. İməkləməyə başlayan uşaq səkkiz aylığında əvvəl onu əhatə edən əşyalara söykənərək oturur, ayağa qalxır, sonra isə müstəqil halda oturur, ayağa qalxır, bir yaşda isə onun inkişafında mühüm rol oynayan yerimə başlayır. Beləliklə uşaq onu əhatə edən ətraf aləmdəki cisimlərin xassə və xüsusiyyətlərini qavramağa başlayır.

Çağalıq yaş dövründə uşaq həm əqli, həm də fiziki baxımdan sürətlə inkişaf edir, ətraf mühiti qavrayır, ünsiyyət tələbatı təşəkkül tapır, əşyalarla davranmağı öyrənir, yaşlılarla əməli və şəxsi ünsiyyət formalaşır. Bu dövrdə yaşlı adamlar uşağın ətraf aləmdəki əşyalarla ünsiyyətində vasitəçi rolunu oynayır. Yaşlılar olmadıqda çox vaxt uşaq onu əhatə edən əşyalara məhəl qoymur. Əksinə, yaşlıları yanında hiss etdikdə, onların iştirakı ilə ətrafdakı əşyalara daha çox maraq göstərir. Uşağın yaşlılarla ünsiyyəti tədricən birgə fəaliyyətə çevrilir.

Çağada emosional hallar daha qabarıq şəkildə nəzərə çarpır. Çağalıq dövründə xəstəlik, aclıq, yuxusuzluqla əlaqədar narazılıq hissi özünü büruzə verir. Belə ki, uşaq nədənsə narahat olanda dərhal əmmə hərəkətlərini dayandırır. Hərəkət nə qədər çox dayandırılırsa, narazılıq da bir o qədər davam edir. Bu dövrdə razılıq hissi də təzahür etməyə başlayır. Uşaq iki-üç aylığında onunla ünsiyyətdə olan adamlara müəyyən münasibət bəsləyir: onları gördükdə üzündə təbəssüm yaranır, sürətli əl-qol hərəkətləri edir, bələkdə olmayanda ayaqları da bu canlanmaya qoşulur. Uşağın bu cür hərəkətlərini adətən “canlanma kompleksi” adlandırırlar. Çağalıq dövründə uşaqda hərəki və hissi davranış aparıcı rol oynayır.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin