Emosional vəziyyətlər. İnsanda əmələ gələn, günlərlə, bəzən həftələrlə davam edən emosional hallar onun psixi sağlamlığına mühüm təsir göstərir. Onlardan bəziləri ilə tanış olaq.
1.Əhval. 2.Ehtiras. 3.Stress. 4.Affektlər. 5.Frustrasiya
1.Əhval-çox zəif cərəyan edən emosional halətdir. Məsələn, insan qəmgin, şad, əzgin, gümrah, qüssəli və s. əhvalda ola bilər. Əhvalın səbəbi bəzən tam aydın olmur. Çünki əhvalı çox zəif qıcıqlayıcılar belə deyişə bilər. Əhval insanın təsəvvür və düşüncəsinə, onların ətraf aləmə bəslədiyi münasibətə təsir göstərir. Adamda şad və gümrah əhval olduqda ətrafdakı hər bir şey insana xoş təsir bağışlayır, qəmgin olduqda isə əksinə, hər şey ona sönük və mənasız görünür. İnsan əhvalın qulu olmamalı, əksinə, həmişə mənfi əhvallara qarşı mübarizə aparmağı bacarmalıdır. İnsan öz əhvalını idarə etmək üçün onu törədən səbəbləri yaxşı bilməlidir. Əhvalı törədən səbəblər isə çoxdur. İnsan orqanizmində baş verən dəyişikliklər, insanın yaşadığı həyat şəraiti, lazımi iş yerinin olub-olmaması, eləcə də insanlar arasındakı qarşılıqlı münasibət əhvala ciddi təsir göstərir.
2.Ehtiras-qüvvətli, uzunmüddətli və dərin hissdir. Ehtiras insanın şüurunun, daxili qüvvələrinin cəmləşməsində, vahid məqsədə yönəlməsində öz əksini tapır. Ehtiras çox böyük qüvvəyə malik olur. Ancaq əsas məsələ ehtirasın nəyə, hansı obyektə yönəlməsindədir. Bu cəhətdən ehtiraslar mənfi və müsbət olur. İnsanın qumara, spirtli içkilərə, pula, varlanmağa və s. olan ehtirası mənfi ehtiraslardır. Elmə, musiqiyə, incəsənətə, zəhmətə və s. olan ehtiras isə müsbətdir. Mənfi ehtiraslar əsiri olan adamlar həyatda insanların nifrətindən başqa bir şey qazanmırlar. Əsas məsələ müsbət ehtirasları inkişaf etdirməkdir. İ.P.Pavlov ehtirasın böyük əhəmiyyətə malik olduğunu qeyd edərək, gənclərə müraciətində deyirdi: “Elm insandan həddən artıq gərginlik və çox böyük ehtiras tələb edir. Öz işinizdə, öz axtarışınızda ehtiraslı olun”. Buradan aydın olur ki, ehtiras insanın bütün rəftar və davranışına, fəaliyyətinə dərin iz buraxan qüvvətli hissdir.
3.Stress-təzyiq, gərginlik deməkdir. Stress insanın gözlənilməz, gərgin şəraitlə rastlaşarkən keçirdiyi emosional haldır. Yəni qəflətən təhlükəli vəziyyətdə və ya mürəkkəb şəraitdə təcili surətdə müstəqil qərar qəbul etmək, hərəkət etmək lazım olarkən insanda özünü büruzə verən haldır. Stress vəziyyətində adamlar çox vaxt ətraf cisimləri düzgün qavramırlar, hafizələri dolaşır. Bəzən isə tam çaşır, məqsədyönlü hərəkət edə bilmirlər. Fizioloji və psixoloji stress vardır. Fizioloji stress zamanı ürək-damar, tənəffüs sistemlərində dəyişikliklər baş verir, qanda biokimyəvi dəyişikliklər özünü göstərir. Psixoloji stress isə emosional və informasiya stresslərinə bölünür. İnformasiya yükü çox olduqda informasiya stressi əmələ gəlir, emosional stress isə təhlükəli, qorxulu, dərin inciklik şəraitində təzahür edir.
4.Affektlər-ruhi təlatüm, həyəcanlanma deməkdir. Affektlər coşqun surətdə əmələ gəlib, kəskin xarici ifadəyə malik olan hisslərdir. Onlar az müddətli, lakin qüvvətlə cərəyan edirlər. Qeyz, dəhşət, həddən artıq şadlıq, kədər, qəzəb və s. affektə misal ola bilər. Affekt anında bəzi adamlar qışqırır, kəskin hərəkətlər edir, danışığını itirir, ayrı-ayrı hallarda isə heç bir söz deyə bilmir, tutulur, bayılır və s. Bəzən affekt qəflətən, müəyyən partlayış kimi baş verir və tezliklə son həddə çatır, adam tez özündən çıxır. Affekt soyumağa başladıqda isə onun xarici təzahürləri və daxili təsiri yavaş-yavaş getməyə başlayır. Bu zaman adam əzgin, yorğun vəziyyətə düşür, ətrafdakı hadisələrə etinasız yanaşır, yuxulu kimi olur. Affekt halından yaxa qurtarmaq üçün onun nəticəsini göz qabağına gətirmək, onu dərk etmək lazımdır. Əlbəttə, affekt halının qarşısını almaq insanın iradi qüvvəsindən, şüurundan, mədəni rəftarından çox asılıdır.
5.Frustrasiya-aldanma, nahaq gözləmə, əhval pozğunluğu deməkdir. Frustrasiya insanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maneələrlə rastlaşdığı zaman düşdüyü psixi vəziyyətdir. Frustrasiya yalnız o zaman meydana çıxır ki, insanın narazılıq və ya təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün olur. Frustrasiya halında insanda dərin psixi sarsıntılar baş verir. Bunun qarşısını almaq üçün psixi gərginliyə dözüm tərbiyə edilməlidir. Şagirdlərdə frustrasiya halları müşahidə edildikdə, onlara maneələri aradan qaldırmağın daha səmərəli yollarını tapmaqda, çətinlikləri düzgün qiymətləndirməkdə kömək göstərmək, ən başlıcası isə özlərinə inam hissi aşılamaq zəruridir.
Dostları ilə paylaş: |